Məqalələr

Valday tribunası və BMT kürsüsü: işarələr savaşı

avatar
İlyas Hüseynov
2019-10-08
BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.

 

 

Ötən gün Soçidə keçirilən “Valday” Beynəlxalq müzakirə klubunun 16-cı illik toplantısında plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm beynəlxalq, həm də yerli siyasi təhlilçilərin böyük marağına səbəb olub. Bütün dövrlərin ən parlaq nitqləri sırasında yer alacaq bu çıxışı bütövlükdə Azərbaycan xalqının etiraz səsi kimi də qiymətləndirmək olar. Ona görə də Prezident İlham Əliyevin çıxışı təhlükəsizlik üzrə aparıcı beynəlxalq ekspertlərin, akademik dairələrin və infomasiya texnologiaya üzrə mütəxəssislərin  çox yüksək qiymətini alıb.

 

24-30 sentyabr tarixlərində Nyu-Yorkda baş tutan BMT Baş Assambleyasının 74-cü sessiyası, oktyabrın 1-də Yerevanda yekunlaşan Avrasiya İqtisadi Birliyinin Beynəlxalq İqtisadi Forumunun (Evrazes) iclası və 30 sentyabr – 3 oktyabr tarixlərində Soçidə keçirilmiş “Valday” Beynəlxalq müzakirə klubunun 16-cı illik toplantısının nəticələrini təhlil və müqayisə etmək üçün böyük faktoloji baza toplanıb. Müqayisə üçün qeyd edək ki, Nyu-Yorkda, Yerevanda və Soçidə keçirilmiş tədbirlər formaca və məzmunca bir-birindən fərqli olsalar da ölkəmiz üçün böyük əhəmiyyət daşıyırdılar. Dünyada sülhün və təhlükəsizliyin qorunması, dünya siyasətinə və müasir beynəxalq münasibətlərə təsiri baxımından da bu tədbirlərləri müxtəlif meyarlara görə fərqləndirmək mümkündür.    

 

“Valday” Beynəlxalq müzakirə klubu “düşüncə mərkəzi” kimi

 

Bu gün analitik mərkəzlərin dünya siyasətinə təsiri danılmaz fakt olaraq qalır. Dövlət o zaman güclü olur ki, onun ideya istehsal edən “düşüncə mərkəzləri” həmin dövlətin gələcək müqəddəratını müəyyən edir. Qərbin böyük gücləri bu tezisi hələ ötən əsrin əvvəllərindən dəqiq müəyyən ediblər. Analitik Mərkəzlər, “beyin mərkəzləri”, “düşüncə mərkəzləri”, “beyin fabrikaları” (ingiliscə “think tanks”, “brain trust”), Ekspert Analitik Mərkəzlər və elmi-tədqiqat mərkəzləri öz səylərini əsasən humanitar sahədə – siyasət, iqtisadiyyat, sosiologiya, hüquq və s. istiqamətlərdə birləşdirirlər.   

 

“Beyin mərkəzləri” geniş iqtisadi, sosial, siyasi, ekoloji və təhlükəsizlik mövzularında siyasətçilərin və ictimai fikir müəlliflərinin maariflənməsinə və onlara təsir göstərən yönəlmiş orijinal tədqiqat və tədris proqramları həyata keçirirlər. Bundan əlavə, onlar ictimai nəzarət aləti rolunu oynayır və buna görə cəmiyyətin məqsəd və dəyərlərinə təsir göstərirlər. “Beyin mərkəzləri” fenomeni Qərb dünyasında daha çox inkişaf edib. Əsas fəaliyyət sahələrinə görə, “beyin mərkəzləri” aşağıdakı kimi təsnifləşdirilir:

 

  • Tədqiqat və nəşr;
  • Lobbiçilik;
  • İnsan hüquqları;
  • Mədəniyyətşünaslıq;
  • Hədəfli

 

“Beyin mərkəzləri”ni (qanunvericilik, icra, məhkəmə və KİV-dən sonra) hətta beşinci hakimiyyət də adlandırırlar. ABŞ-ın Pensilvaniya Universitetində hər il dünya üzrə fəaliyyət göstərən 6,5 min “düşüncə fabrikləri” ilə əlaqədar araşdırma aparılır və bunun nəticəsi olaraq ayrı-ayrı bölgələrə və istiqamətlərə görə aparıcı mərkəzlərin siyahısı daxil edilən hesabatlar dərc edilir (“The Global Go To Think Tanks Report"). Ən məşhur “düşüncə mərkəzləri” arasında “Brukinqs İnstitutu”nun (ABŞ), “Çetham Hous”un (Böyük Britaniya), “Beynəlxalq sülh üçün Karneqi Fondu”nun (CEİP) (ABŞ), “Beynəlxalq münasibətlər üzrə Şura”nın (CFR) (ABŞ), “Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi”nin (CSİS) (ABŞ), “RAND Korporasiyası”nın (ABŞ) və “Beynəlxalq Böhran Qrupu”nun (İCG) (Belçika) adını çəkə bilərik. Göründüyü kimi dünyanın aparıcı “beyin mərkəzləri” Qərb ölkələrini təmsil edirlər. Rusiya da qlobal trendlərdən geri qalmaq istəməyərək “düşüncə mərkəzləri” təsis edir bu mərkəzlərin hazırladığı analitik hesabatları dövlət siyasətinə çevirir. Rusiyanın nüfuzlu beyin mərkəzləri arasında “Karnegi Moskva Mərkəzi” və Rusiya Elmlər Akademiyasının “Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu” daha məşhurdur.

 

“Valday” Beynəlxalq Müzakirə klubu, ekspert analitik mərkəzdir və 2004-cü ilin sentyabrında “Velikiy Novqorodda” yaradılıb. Qeyd edək ki, “Valday” Beynəlxalq Müzakirə Klubu Rusiyanın xarici və daxili siyasətinin öyrənilməsi üzrə ixtisaslaşmış və tanınmış mütəxəssislərin yığıncağıdır. Klub “RİA Novosti”, Xarici və Müdafiə Siyasət Şurası, "The Moscow Times" qəzeti, "Rusiya Qlobal İşlərdə" və "Russia Profile" jurnallarının təşəbbüsü ilə təsis edilib. Klubun ilk konfransı Velikiy Novqorod şəhərinin yaxınlığında yerləşən Valday gölünün yaxınlığında keçirildiyinə görə “Valday” klubu adını almışdır. Klubun əsas vəzifələri sırasında təşkilatçılar bəyan edirlər ki, beynəlxalq münasibətlər, siyasət, iqtisadiyyat, təhlükəsizlik, enerji və digər sahələrdə mövcud dünya problemlərini müzakirə edərək, 21-ci əsrdə dünya nizamında əsas meyl və prosesləri proqnozlaşdıran ekspertlərin, siyasətçilərin, ictimai xadimlərin və jurnalistlərin açıq dialoqunu təşviq edirlər. “Valday” klubunun – Asiya, Orta Şərq və Avro-Atlantik dialoqları adı altında regional konfransları keçirilir. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Klubun xüsusi iclası keçirilir. 2014-cü ildən bəri, mövcudluğunun ikinci onilliyinə daxil olduqdan sonra Klub “dünyaya Rusiya haqqında məlumat ver” formatından qlobal gündəmin formalaşdırılması üzrə praktik yönümlü işə, Rusiyadakı vəziyyəti öyrənməkdən dünyanın siyasi və iqtisadi problemlərinin qiymətləndirilməsinə qədər inkişaf edib.

 

 

2011-ci ildə Klubun fəaliyyətini genişləndirmək və fəaliyyətinin yeni sahələrini təşkil etmək məqsədi ilə “Valday” Beynəlxalq Müzakirə Klubunun İnkişafı və Dəstəyi Qeyri-kommersiya təşkilatı Fondu təsis edilmişdir. Fond elmi-tədqiqat və informasiya və təbliğat, regional iş və tematik proqramları həyata keçirir. 2014-cü ildən “Valday” klubunun Fondu Klubun bütün layihələrinin tam idarə edilməsini öz üzərinə götürüb. Fondun təsisçiləri bunlardır: Xarici və Müdafiə Siyasəti Şurası (SVOP), “Rusiya Xarici İşlər Şurası” qeyri-kommersiya tərəfdaşlığı, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti), “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti. Fondun fəaliyyətinin idarəedici orqanı Fondun Şurasıdır.

 

“Valday” Klubunun intellektual potensialı Rusiyada və xaricdə yüksək qiymətləndirilir. Mövcud olduğu illər ərzində klubda 1000-dən çox beynəlxalq elmi ictimaiyyətinin nümayəndəsi, habelə dünyanın 74 ölkəsindən dövlət və hkumət başçıları iştirak etmişlər. Son illər dünyanın aparıcı mütəxəssislərinin görüş məkanına çevrilən klub öz tədqiqatlarında qlobal siyasətə və iqtisadi proseslərin öyrənilməsinə xüsusi diqqət yetirir.

 

“Valday” Müzakirə Klubunun XVI illik yığıncağı və yenə də Şərq məsələsi

 

Bu ilin 30 sentyabr – 3 oktyabr tarixlərində Soçidə “Şərqin Şəfəqi və yeni siyasi sistem” mövzusunda keçirilən “Valday” Müzakirə Klubunun XVI illik yığıncağı bir sıra ziyarət sessiyaları, yeni dialoq formatları və şərq istiqamətinə həsr olunmuş tədbirlərdən ibarət illik iş proqramının kulminasiyası idi. Tədbirin əsas məqsədi Şərqin dünya nizamına təsiri, dünya siyasətində Asiyanın rolu və getdikcə artan çəkisi, fərqli quruluşa və dünyagörüşə malik dövlətlərin ön plana çıxması və s. mürəkkəb məsələlərə aydınlıq gətirmək idi.

 

İllik toplantıya belə mövzuların seçilməsi, Rusiyanın bu geosiyasi məkanda mövqeyinin güclənməsi, xarisi siyasətin şərq vektoruna daha çox ağırlıq vermək istəyi, artan rəqabət şəraitində öz gücünü artırmaq istəyi ilə izah olunur. Üstəlik, dünya oyunçuları Şərq bölgəsini yaxın onilliklərin əsas “böyük oyunu” üçün bir sahə hesab edirlər.

 

2015-ci ildən sonra Rusiya Yaxın Şərqdəki hadisələrin əsas iştirakçısına çevrilib. “Valday” forumunda Suriya nizamlanmasının nailiyyətləri və problemləri və bunun bütün bölgəyə təsiri də müzakirə olunan mövzulardan olub.

 

Rusiya Asiya qitəsini vahid “Avrasiyaçılıq konsepsiyası” üzərindən nəzərdən keçirdiyi üçün buraya daha böyük diqqət ayırır. 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Uzaq Şərqin inkişafı “21-ci əsr üçün milli vəzifə” elan edildiyindən sonra Rusiyanın böyüməkdə olan Asiyaya çevrilməsi xarici və daxili siyasətin əsas təkanlarından oldu.

 

Bu il klubun qonaqları geniş coğrafi əhatə dairəsinə malik, zəngin bir proqramda iştirak ediblər. Əsas mövzular aşağıdakı kimi olub:

 

  • Yaxın Şərq dünya siyasətinin laboratoriyası kimi
  • Dini ekstremizm problemləri və onun siyasətə təsiri
  • Böyük Avrasiya geoiqtisadi məkanın yeni formasının təşkili kimi
  • Asiya necə işləyir? Asiya-Sakit okean regionu, Hind-Sakit okean regionu və digər alt quruluşlar
  •  Qlobal iqtisadiyyata irəliləyiş istiqaməti: Asiya inkişaf drayveri yoxsa qarşıdurma məkanı kimi?
  • Xalqların köçürülməsi: miqrasiyanın təsiri altında dünyanın dəyişməsi

 

Yeni istiqamətlə həsr olunmuş mövzuların bu il ilk dəfə olaraq proqrama daxil edilməsi illik yığıncağın önəmini daha da artırıb: “Dünya enerji bazarları: qeyri-sabitliyin qarşısını almaq və maraqlar balansını necə təmin etmək olar”, “Rusiya və İslam dünyası: qarşılıqlı rol və ikitərəfli təsir”, “Afrika: perspektivlər, imkanlar, risklər, təhdidlər”.

 

İclas “Valday” elmi aparatı tərəfindən hazırlanan dünyadakı vəziyyətə dair yeni illik hesabatın ənənəvi təqdimatı ilə başlayıb. “Valday” hesabatı beynəlxalq münasibətlərin vəziyyətinin göstəricisidir və bu il müəlliflər hadisələrin gedişatını təhlil edərək diqqətəlayiq bir fərziyyə irəli sürüblər.

 

“Valday” klubunun illik iclasında Rusiya Federasiyasının bir sıra hazırki nazirləri və regional rəhbərləri, habelə beynəlxalq rəsmilər, tanınmış siyasi və ictimai xadimlər, beynəlxalq münasibətlər, regionşünaslıq, hərbi tədqiqatlar, geosiyasət, iqtisadiyyat və digər sahələr üzrə aparıcı xarici və rus mütəxəssislər müntəzəm sessiyaların məruzəçiləri kimi iştirak ediblər.

 

Plenar sessiyada nüvə müharibəsi təhlükəsi və bu istiqamətdə təhdidlər müzakirə olunub. Vladimir Putin ABŞ hökumətinin “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakı dayandırmasından sonra vəziyyətin daha da pisləşdiyini bildirib.

 

İllik toplantısı çərçivəsində “Valday” klubunun mükafatının qalibi (18 namizəd arasından) Çikaqo Universitetinin siyasi elmlər üzrə professoru Con Cozef Mirşaymer olub. “Valday” klubunun akademiyası onun təltif olunmasında “Böyük yanılma. Liberal xəyallar və Beynəlxalq reallıqlar” (The Great Delusion: Liberal Dreams and International Realities) kitabının böyük rolu olduğunu qeyd edib.   

 

Bu mükafat 2016-cı ildən təsis edilib. Mükafat dünya siyasətində baş verən dəyişiklikləri və meyilləri anlamaqda və izah etməkdə mühüm töhfələrə görə verirlir. Qeyd edək ki, 2017-ci ildə Suriyada barışıq əldə etmək üçün gördüyü işlərə görə bu mükafata akademik Vitaliy Naumkin layiq görülüb. Keçən il isə “Valday” klubunun mükafatını ingilis tarixçisi, Rusiya İmperiyası tarixinə dair əsərlərin müəllifi Dominik Liven alıb. Bu mükafatı ona Rusiya tarixinin öyrənilməsindəki elmi töhfəsinə görə verildiyi bildirilir. “Valday” mükafatının təsirindən ilhamlanan D.Liven hazırda yeni kitabı üzərində işləyir. Gələn il nəşr olunacaq kitab Avrasiya meydanlarında XX əsrə qədər hökmranlıq edən imperatorlara həsr ediləcək.   

 

Prezident İlham Əliyevin parlaq çıxışı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” klubunun növbəti yığıncağına dəvət alması çox mühüm əhəmiyyət kəsb edən məsələdir. “Valday” klubunun illik iclaslarında nüfuzlu dövlət və hökumət başçıları, mötəbər rəsmi şəxslər iştirak edir. Eyni zamanda, bu klub dünyada baş verən iqtisadi, siyasi və hərbi məslələrlə bağlı diskussiya məkanıdır. Burada dünyanın siyasi gündəmi ilə bağlı olan çıxışlar edilir, bir sıra mühüm görüşlər keçirilir. Bu səbəbdən Prezident İlham Əliyevin belə bir yığıncağa dəvət alması mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının orada bir sıra görüşlərdə iştirak etməsi ondan xəbər verir ki, İlham Əliyevin nüfuzu təkcə MDB məkanında deyil, eyni zamanda, dünyada müsbət, həddən artıq böyük reytinqə malikdir. Bu gün Azərbaycan dünyada və Avropada enerji təhlükəsizliyinə təhdidin qarşını alan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı bir dövlət kimi tanınır. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına görə çox əhəmiyyətli bir dövlətə çevrilib və balanslı siyasəti ilə heç bir hərbi bloka qoşulmadan öz siyasətini doğru istiqamətdə aparır.

 

 

 

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün istənilən platformadan məharətlə istifadə edir. Konfransın mövzusundan asılı olmayaraq, Azərbaycan Prezidenti çıxışını Qarabağ probleminə həsr etdi. Yalnız çıxışının giriş hissəsində Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişaf istiqamətlərinə toxundu.

 

Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirləri Azərbaycanın ən ağrılı problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün vasitə hesab edir. Eyni zamanda “beyin mərkəzlərində” çıxışları zaman əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə çəkir. 2009-cu ilin iyul ayında Böyük Britaniyada səfərdə olan Prezident İlham Əliyev Beynəxalq Araşdırmalar üzrə Kral İnstitutunda ("Chatham House") çıxışı zamanı siyasi səylərə rəğmən, məsələnin hərbi üsulla həllini istisna etmədiyini bildirmişdi: “Bu, bizim sülhsevər siyasətimizin parlaq göstəricisidir. Çünki 15 ildir ki, bizim torpaqlar işğal altındadır, bizim qaçqınlar və məcburi köçkünlər bu işğalın əzab-əziyyətini çəkirlər, amma biz əvvəlkitək danışıqlar aparırıq. Bu açıq-aydın göstərir ki, Azərbaycanın məsələyə yanaşması siyasi nizamlanmaya əsaslanır. Eyni zamanda, təəssüflər olsun ki, bu gün mən məsələnin hərbi üsulla həllini istisna edə bilmirəm”.

 

1962-ci ildən etibarən keçirilən Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev mütəmadi olaraq iştirak edir. 2016-cı ildə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı Ermənistan XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsində günahlandırması ilə bağlı ittihamlarına dair sualına cavabında Prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirib: “Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub.Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğak olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkəyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”.

 

Nüfuzlu diplomatların, peşəkar hərbçilərin, tanınmış ekspertlərin, media nümayəndələrinin və Rusiyanın rəhbərliyində təmsil olunan bir sıra şəxslərin qarşısında Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə açıqladı. Münaqişənin səbəblərinə tarixi ekskursiya edən Azərbaycan Prezidenti bir daha Dağlıq Qarabağ və ətraf rayonlardan deyil, həm də Ermənistandan qovulan azərbaycanlı qaçqınlar problemini bir daha gündəmə gətirdi.

 

İlham Əliyevin çıxışı təhlükəsizlik üzrə aparıcı beynəlxalq ekspertlər tərəfindən dinlənilib.

 

Dövlət başçısı beynəlxalq hüquq və dünyanın təhlükəsizliyinin qarantı kimi ağır öhdəliyi öz üzərinə götürən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi və erməni təcavüzünə hüquqi qiymət verilməsini tələb edən dolğun və məzmunlu məruzə etdi. O qeyd etdi ki, Dağlıq Qarabağın işğalı faktı BMT tərəfindən təsdiqlənib və Ermənistanın işğalçı ordusunun geri çəkilməsini tələb edir. Bu qərarların Ermənistan tərəfindən icra edilmədiyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların yerinə yetirilməsi/implimentasiyası məsələsində ciddi problemlərin olduğu və ikili standartların müşahidə edildiyi diqqətə çatdırıldı. Münaqişə başlayana qədər Dağlıq Qarabağda əhali nisbətinin 75% azərbaycanlılardan 25% ermənilərdən ibarət olduğu, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyi Prezident İlham Əliyev tərəfindən xüsusi olaraq vurğulandı. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ziddiyyətli və populist açıqlamalarına da toxundu. Ermənistanın rəhbərliyinin “Dağlıq Qarabağ xalqı” ifadəsi işlətməsinin yanlış olduğu və münaqişə başlayana qədər Dağlıq Qarabağ əhalisinin azərbaycanlılardan və ermənilərdən ibarət olması beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı. Prezident bildirdi ki, ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması Azərbaycanın haqlı mövqeyidir. Xüsusən Paşinyanın Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavab olaraq Prezident İlham Əliyev “Valday” tribunasından qəti şəkildə bildirdi ki, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

Valday konfransı nəinki yalnız milli informasiya məkanında, eləcə də regional və beynəlxalq xəbər fəzasında 2016-cı ilin aprel müharibəsi  effektini doğurdu. Nəzərə alsaq ki, Rusiyada yaşayan milyonluq erməni millətinin bu ölkənin müxtəlif sahələrində üst və aşağı mövqe tutan hər bir nümayəndəsi Soçinin yüksək coğrafi zirvəsindən elə həmin əzəmətdə ətrafa yayılan həyat manifestini bir liderin haqqı deyən dilindən eşitməli oldu.Əsrlər boyu 3-cü Romada əyləşib özlərinə tarix və tale yazan bir xalq üçün bu yeni hadisə idi. Gülüstan və Türkmənçaydan sonra 21-ci əsrdə üzü Terek boyunca uzanan və bir vaxtlar Qafqazın taleyi üçün həlledici xarakter daşıyan hərbi tarixindən fərqli bir səhifələri açılır. Onu başa düşən və açılan səhərlərin gətirdiyi Rusiya-Azərbaycan dostluğunu bu dəfə 3-cü bir millətin əlləri ilə pozmaq mümkünsüzlüyünü indi çoxları dərk edir.

 

Azərbaycan Valdayda özü idi. Heç bir paytaxtın və geoplotik mərkəzin forpostu olmayan əmin və etibarlı bir dövlət. ”Şərqin incisi” adını tabloya-gündəliyə və deməli, Kremlin gələcək baş siyasətinə daşıyanlar zamanın hansı çağırışları irəli sürdüyünü yaxşı dərk edirlər. Nəinki 200 illik tarixə, eləcə də 90–cı illər yaxın keçmişə dayanan kin və küdurəti, embarqo və hərbi təcavüzləri inkar edən bir siyasəti Bakı-Moskva oxuna daşıyan liderlər mənsub olduqları xalqların sabahı üçün yalnız sülh, çiçəklənmə və qardaşlıq vəd edirlər!

 

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI