Məqalələr

Uşaqlarımızın izlədiyi cizgi filmləri... (Birinci Hissə)

avatar
Sübhan Padarsoy
2019-12-22

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.

İnsanların emosional və intellektual olaraq formalaşması hər millətin siyasətçiləri, akademikləri, ziyalıları və yazarları üçün önəmli bir məsələdir. Buna görə də, dövlətlər üçün başda təhsil siyasəti olmaqla tədris proqramları, dərs kitabları, televiziya və internet “ideal insanı” ortaya çıxarmaqda mühüm alətlər hesab edilir. Faşist Almaniyası və Sovet Rusiyasından bilirik ki, cizgi filmləri bir “ideal insan” tipinin yetişdirilməsində çox güclü rola və təsir gücünə malikdir. Dolayısı ilə cizgi filmləri əxlaqi və intellektual yaxud da küt və aqressiv kütlənin formalaşmasında müstəsna əhəmiyyətə sahibdir.

Sosiallaşma prosesində və onun nəticəsində şəxsin qazandığı bilik, təcrübə və bacarıqlar onun cəmiyyətə inteqrasiyasında, cəmiyyətin əxlaq normaları və qanunlarını dərk etmələrinə yardım edən faktordur. Sosiallaşmanın bütün həyat boyu davam etməsi faktına rəğmən, həyatın ilkin uşaqlıq mərhələsində uşağın genetik və bio-psixoloji xüsusiyyətlərinə görə bu daha mühüm prosesdir. Sosiallaşma ailə, məktəb, dini prinsiplər tərəfindən reallaşdırılır. Lakin modern sosiallaşma prosesində televiziya, sosial şəbəkələr və müəyyən ideyaların yayılmasında və audio-vizual transmissiyasında ən effektiv vasitələrdir. Cizgi filmləri televiziyanın effektiv alətləri arasında xüsusi yer tutur. Onlar uşaqların dünyanı qavrama tərzləri, böyümələri və dəyərlər formalaşdırmaları üzərində ciddi təsirə malikdir. Miçiqan universitetinin professorları Kaila Bruks və Bred Buşman qeyd edirlər ki, öyrənmə həvəsi heç vaxt sönməyən uşaq vaxtının çox hissəsini məktəb və bağça kimi ənənəvi strukturlardan daha çox televiziyada keçirməklə öyrənir. Onlar bildirirlər ki, Amerikada 2-5 yaş arası uşaq həftədə 32, 6-11 yaş arası uşaq 28 saat cizgi film izləyirlər. 8-18 yaş arası uşaqların 71 faizinin separat televiziya sistemi mövcuddur. Onların aşkara çıxardığı digər bir fakt ondan ibarətdir ki, 7-12 yaş arası uşaqların 53 faizi valideyn nəzarəti olmadan televiziya izləyicisidir.  

           

Öyrənmə məsələsində uşaqların ənənəvi və akademik mənbələrdən daha çox cizgi filmlərinə meyillənməsinin başlıca səbəbi onlardakı audio-vizual effektlər, rəng solyusiyaları və ssenarilərdir. 2007-ci ildə Rusiyada məktəblərin birində şagirdlər və valideynlər arasında aparılan sorğu zamanı respondentlərin 56 faizi əcnəbi cizgi filmlərini, 14 faizi isə rus cizgi filmlərini üstün tutduqlarının bildiriblər. Habelə valideynlərin 33 faizi uşaqların cizgi film seçimlərinə məhdudiyyət qoyduqlarını, 67 faizi isə bu seçimə qarışmadıqlarını bildirib. Sovet erasının cizgi filmləri (Soyuzmutfilm) SSRİ və ondan kənarda xeyli populyar idi. Hətta SSRİ-in dağılmasından sonra da bu cizgi filmləri post-Sovet ölkələrində öz populyarlığını qoruyub saxlayır. Lakin 2015-ci ildə Rusiyada Sovet cizgi filmlərinin bir hissəsi qeyri-adekvat həyat tərzlərinin propaqandasını özündə ehtiva etdiyi səbəbi ilə qadağan edildi. 

           

Bred Buşman qeyd edir ki, cizgi filmlərindəki zorakılıq səhnələri uşaqların onun effekti və nəticələrini dərk etməsində çətinliklər yaradır. Məsələn, qəhrəmanın başına düşən ağır bir obyekt izləyicini güldürür, çünki qəhrəman zərər görmür. Bunu izləyən uşağın zehnində fəaliyyət və onun nəticəsinin dərki arasında kəskin paroksizm baş qaldırır. Zorakılığa həddən çox məruz qalma uşaqların dünyanın təhlükəli bir yer olduğuna inanmalarına səbəb olur. Onlar zorakılığın qurbanı olacaqları ehtimallarını həddən ziyadə şişirtməklə daimi olaraq əndişə və stress yaşayırlar. Buşman qeyd edir ki, biz özündə zorakılığı ehtiva edən bir proqram izlədiyimiz zaman izlədiyimizin perseptual və koqnitiv təmsilini yaddaşımızda depolayırıq. Topladığımız yaddaşımıza oxşar real bir situasiyada olduğumuz zaman isə yaddaş və onun daşıdğı zorakılıq hekayələri aktivləşdiyi üçün aqressiv davranışlar ortaya çıxır.

           

Müasir dövrdə film sənayemiz inkişaf edir, yerli serialların sayı günü-gündən artır, amma cizgi filmlərimiz hələ də barmaqla sayılacaq qədərdir. Sovet dövrü insanının rəngsiz, ağ-qara televizorda sevərək, doymadan izlədiyi iki cizgi filmi vardı: "Nu, poqodi" və "Kot Leopold". Dovşanın çevikliyi, gücü olmasa da hər çətinlikdən hiyləylə çıxma bacarığı, onu istənilən situasiyadan çıxış yolu olduğuna inandırıb. Leopoldun isə başına oyun açan siçanları hər dəfə bağışlamağı, barışmağa, mehriban olmağa səsləməyi ona mərhəmət hissinin aşılanmasında önəmli rol oynayırdı.

           

Cizgi filmləri uşaqları həm əyləndirər, həm öyrədər, həm də xəyal dünyalarını qurar. Lakin təəssüflər olsun ki sadalanan müsbət keyfiyyətlər heç də hər cizgi filmi üçün keçərli deyil. Çünki həm televiziyada, həm də internetdə cizgi filmlər və videolar uşaqların inkişafına son dərəcə neqativ yöndə təsir etmək gücündədir. Bu gün cizgi filmlərindəki gizli mesajların uşaqlara necə təsir etdiyini bir çox ailələr bilmir. Fərqinə varılmadan televiziya başına tərk edilən uşaqlar bu mesajlar ilə hipnotizasiya edilir. Bu filmlərdəki gizli mesajların bir çoxunda yüksək dərəcədə aqressivlik, terror və cinsi aberrasiyalar önə çıxarılır. Hətta Adolf Hitlerin belə mesajının verildiyi cizgi filmlər var.

           

Cizgi-roman dövrünün ən önəmli tiplərindən olan “Red Kid” həm dünyada, həm də Azərbaycanda gənc və orta nəsil tərəfindən çox yaxından tanınır. Red Kid kölgəsindən daha sürətli silah çəkən bir kovboydur. Davamlı olaraq ələ keçirməyə çalışdığı pis xarakterlər isə Dalton qardaşlardır. Film haqqında səthi aldatmacaya inansaq bu cizgi film haqqında “pislik və pislər uduzar, yaxşılıq və yaxşılar qalib gələr” fikri söyləniləcək. Əslində isə bu o qədər səthi deyil. Məsələyə daha dərindən yanaşdıqda onu görə bilərik ki, Qərbdəki “azad uşaqlar” və çökmüş ailə sistemi ilə Red Kid-in bir bağlılığı var. Red Kid əslində ciddi psixoloji nizamsızlıqları olan birisidir və onun bir ailəsi yoxdur, heyvanlardan başqa heç kimlə dostluq qurmur (Qərbdən bizə təlqin  edilən “uşaq yerinə, it düşüncəsinə” nə qədər yaxın olduğu bu perspektivdən müşahidə edilə bilər). Hər zaman yalnız hərəkət edir. İşləri bitdikdən sonra atı ilə heç kimin olmadığı yerlərə gedir və oralarda sərasər yaşayır. Dalton qardaşlar isə nə olur olsun, bir-birlərindən ayrılmır, bandit olmalarına rəğmən, analarından çox qorxurlar və heç bir halda onun sözünə bir cavab vermirlər. Ən böyükləri Co Dalton isə anasının yanında danışmr belə, anaya sayğıda heç bir qüsur yoxdur. Yaxşı xarakter olaraq cizilən Red Kidin isə nə ailəsi, nə də uşaqları var. Bir ailə olan və ailəyə sayğı göstərən Dalton qardaşlar isə mənfi xarakterdə təsvir edilib. Ailəyə qarşı olan yalnızlığı və “azadlığı” qəbul edən xarakter isə müsbətdir. Ailəsinə qarşı gəlib, evdən ayrılan uşaqların hekayələri Qərbdə, əsasən də Amerikada yayımlanan proqramlarda aşkarca görünən motivlərdir.

 

Bəzi cizgi filmlərində aşkar şəkildə zorakılıq halları müşahidə edilir. Əslində, bu hallar əyləncə xarakteri daşıyır, amma bu filmlər onları seyr edən uşaqlarda aqressiya yarada və ya həmin hərəkətləri təkrar etmək kimi vərdişlər formalaşdıra bilər. Bu baxımdan hazırda telekanallarda daha çox yayımlanan cizgi filmlərində zorakılıq elementlərinin mövcud olduğu vurğulanmalıdır. Əcnəbi istehsallı cizgi filmlərinin çəkildiyi ölkələrin psixologiyasına uyğundur, bu səbəbdən də Azərbaycan məkanına uyğunlaşmadığı üçün onun sosial və mental təsirləri çox destruktiv olmaq gücündədir. Eyni zamanda, xarici ölkə istehsallı cizgi filmlərinin çox yayımlanmasına səbəb kimi yerli cizgi filmlərinin azlığı da qeyd edilməlidir. Dövlət maliyyə ayırır, il ərzində 3 cizgi filmi çəkilirsə, onun 1-i heç olmasa vətənpərvərlik mövzusunda olmalıdır. Bu gün internetin imkanları genişdir, biz ondan istifadə edib uşaqlarımıza daha keyfiyyətli animasiya filmləri təqdim edə bilərik. Amma yenə də yerli cizgi filmləri azdır, istehsal üçün maliyyə imkanları çatışmır, telekanallar da uşaq saatını doldurmaq üçün xarici ölkə istehsallı cizgi filmlərinə üstünlük verir.  

 

Lakin onu qeyd edək ki, vaxtilə Azərbaycan istehsallı cizgi filmlərinin böyük bir siyahısını qeyd etmək mümkündür. Sovet dövründə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası xeyli sayda milli cizgi filmləri istehsal edib. 90-cı illərdə "Azanfilm" markası altında 19 cizgi filmi çəkilib. Bunların arasında "Bir dəfə haradasa...", "İthaf", "Oda", "Sərkəyin dastanı", "Göyçək Fatma", "Karvan", "Güzgü", "Dəniz gəzintisi", "Ümid", "Söhbətül-əsmar " (rejissor: E.Hami), "Şüəla" maraqlı və baxımlı, ekranlaşdırılmalı olan əsərləridir. Bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmiş "Karvan" cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır. İkinci novellada Şərq və qadın mövzusuna toxunulub. Üçüncü novella 20 Yanvar və Xocalı faciəsindən bəhs edir. Bu filmin ssenari müəllifi Vaqif Səmədoğludur.  Sadəcə, biz onlardan yalnız bir neçəsini izləyə bilmişik. "Tıq-tıq xanım”, "Tülkü Həccə gedir”, "Cırtdan”, "Qız qalası”, "Meşəyə insan gəlir” və s. İnsanlar həmin cizgi filmlərini görməyib. Bəlkə televiziyalar da bundan xəbərsizdir. Televiziyalara indi "Maşa və ayı”, yaxud "Buz dövrü”, ya da "Qar kraliçası”, "Kral Aslan” kimi cizgi filmlərini efirə verməyi üstün tutur. Xüsusən də, Amerika istehsalı olan bir çox cizgi filmlərində uşaqların təhtəlşüuruna yönəlmiş cinsi impuls verildiyi və bunun çox erkən seksualizasiyaya, cinsi yetkinliyin erkən yaşda başlamasına səbəb olduğu bildirilir. Əfsus ki, bu məsələlər çox az insanı düşündürür. Lakin nəzərə almalıyıq ki, Azərbaycan kino sənayesinin tarixinə baxsaq xeyli sayda yerli istehsalın məhsulu cizgi filmlər qarşımıza çıxa bilər. Məsələn, AzTV-nin çox zəngin arxivi var. Yəni milli cizgi filmlərimiz heç də az deyil. Kifayət qədərdir, hətta xeyli saydadır. Sadəcə, telekanalların niyə məhz bu cizgi filmlərini efirə vermədikləri naməlum olaraq qalır. Bu, hərtərəfli olaraq daha az xərc tələb edən bir prosesdir. Dublyaja nə vaxt, nə də maliyyə sərf olunar, nə də yad ideologiyalar uşaqlarımızın beynini korlayar. Uşaqlarımız milli ruhda böyüyər, ana dilində cizgi filmi izləyər. Hazırda bəlkə də ailələrin 90 faizində ya Rusiya, ABŞ istehsalı, ya da Türkiyə istehsalı cizgi filmlərinə baxılır. Bura "Pepe”, “Kayu”, “Luntik”, “Maşa və Ayı” kimi cizgi filmlər daxildir, ABŞ istehsalı bir cizgi filmi var - "Ben-ten”. Orada aşkar satanizm təbliğ edən kadrlar mövcuddur. O cizgi filmindəki dəhşət saçan səhnələrdən bir uşaq nə əxz edə bilər? "Maşa və ayı”da zorakılıq elementlərinin olduğunu söyləmək olmaz. Sadəcə, orada dəcəl, "yaramaz” bir qızcığazdır. Lakin bu cizgi filmi haqqında da fikirlər birmənalı deyil. Estoniyanın Tallin universitetinin professoru Pitir Hobemagi qeyd edir ki, bu cizgi filmində ayı obrazı Rusiyanın rəmzi rolunu oynayır, ümumilikdə bu personajın və cizgi filminin hədəfi uşaqlarda Rusiya haqqında müsbət münasibət formalaşdırmaqdır. P.Hobemagi bildirir ki, bu cizgi filmi Estoniyanın milli təhlükəsizliyi üçün risklər yaradır. Buckingham universitetinin təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Antoni Qlis Times-a deyib: "Maşa dikbaş və ipə-sapa yatmayandır, lakin həm də qətiyyətliliyini göstərir. O, başından yuxarı tullanmağa çalışır. Onda Putinə məxsus cizgiləri görmək gözlənilməz olmazdı". Rusiya dövlət nəşrləri isə Qərb mediasında "patoloji rusofobiyanın" müşahidə edildiyini yazmaqla yanaşı, Qərbdə istehsal edilən "Harry Potter" və "Teletubbies" kimi filmlərin Rusiyanın gənc nəslinə qarşı düşünülmüş bir konspirasiya olduğunu yazırlar. ABŞ-da çəkilmiş "Simpsons" cizgi filmini müxtəlif ölkələrdə tənqid edənlər kifayət qədərdir. Rusiya Dumasının deputatları bu filmi "zorakılıq və aqressivliyi təbliğ etdiyinə və uşaqlarla valideynlər arasında nifaq yaratdığına" görə tənqid ediblər. Bu filmi mühafizəkar amerikalılar da tənqid edib. ABŞ-ın keçmiş Birinci xanımı Barbara Buş müsahibələrindən birində "Simpsons" cizgi filmini həyatında gördüyü ən "axmaq film" adlandırıb.

 

YouTube kanalında bu cizgi filminin 4 milyondan çox abunəçisi olan və bütün seriyalarına baxış sayının ümumilikdə 40 milyardı keçdiyi  “Maşa və Ayı”  çox güman ki, sovet illərində çəkilmiş cizgi filminin yeni, müasir variantıdır. Sovet vaxtı bir cizgi filmi vardı, Maşa adlı balaca qız ayının daxmasına gəlir. Yemək hazırlayır, daxmanı silib-süpürür, yığışdırır və s. Hazırkı cizgi filmi isə müasir zamana uyğunlaşdırılıb. Düzdür, "Maşa və ayı” da yad beynin məhsuludur, amma belə cizgi filmləri ilə böyük bir nəsil yetişdi. Və belə cizgi filmləri zorakılığı və ya aqressivliyi təbliğ etmirdi. Əksinə, bu cizgi filmlər yaxşılıq etməyi, böyüyə hörməti, heyvanları, canlıları sevməyi, dünyanı sevməyi öyrədirdi. Sovet illərində çəkilmiş bütün cizgi filmlərində daha çox müsbət keyfiyyətlərin aşılandığı da bir reallıqdır. Doğrudur, müasir cizgi filmləri çox baxımlı və yüksək səviyyədə çəkilir. Lakin bu cür əcnəbi filmlər adətən öz ölkələrinin uşaqlarının psixologiyasına uyğun çəkilir. Həmçinin mütəxəssislər də qeyd edir ki, bu filmləri çəkən film və şirkətlərin özlərinin hədəf və məqsədləri var. Əcnəbi cizgi filmlərə gəldikdə isə son illər silahlı döyüşlər, yad planetlilərin hücumları, aqressiya və zorakılıq doğuran əcnəbi filmlərin nümayişi az qala adiləşib, normal hal kimi qarşılanır. Halbuki bu filmlər uşaq psixologiyasına, tərbiyəsinə, mədəni şəxsiyyət kimi yetişməsinə çox mənfi təsir göstərir. Nəticədə isə bu cür zorakılıq, aqressiya təsiri altında olan uşaq yeniyetmələşəndə, gəncləşəndə zorakı, qəddar, bəzən kriminal təfəkkürlü birinə çevriləcək. Biz son illərdə xüsusilə yeniyetmə və gənclər arasında depressiv, aqressiv davranışların hər gün şahidi oluruq. Bunun bir səbəbi də onların hər gün baxdığı şiddət saçan filmlər, animasiyalar, kompüter oyunlarıdır. Niyə oğullarımız əsəbpozucu musiqilərin fonunda normalda qorxaq, amma qolundakı saatın sayəsində güclü birinə çevrilən Ben Tenə, qızlarımız kəpənək qanadlı, narıncı saçlı, yarıçılpaq Vinkslərə bənzəmək istəsinlər? Niyə uşaqlarımıza ancaq texniki çevrilmələr sayəsində bacarıqlı olduğu aşılanan cizgi filmlərinə baxmağa icazə veririk? Bəyəm bizim həsəd aparılacaq, öz fiziki və əqli gücü ilə uğur qazanan qəhrəmanlarımız yoxdur?

PAYLAŞ

Oxşarlar

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

27 İyul 2020

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, re… ƏTRAFLI

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

27 İyul 2020

Dünyada qlobal imperializmin ən strateji dayaqlarının həyati təhlükəsizlik uğrunda epidemik cəbhələrdən asılılığının davam etdiyi vaxtda liderlik … ƏTRAFLI