Yuxarıya
skip to main content

Tarixdə ən çox istinad edilən sosioloqlar

24.09.2019
 

Sosiologiyanın təməl mövzusu sosial dəyişmə ilə bağlıdır.

 

Bütün görkəmli sosioloqlar sosial dəyişiklik nəzəriyyəsini və konsepsiyalarını sistemləşdirdikləri üçün adları sosiologiya tarixində yer almışdır. İbn Haldundan dövrümüzə qədər bir çox görkəmli sosioloqlar əhəmiyyətli tədqiqatları və əsərləri ilə sosiologiya tarixini yazmışdır. Sosiologiya elminin banisi fransız filosofu Ogüst Kont sayılır.

 
Lakin sosiologiyanın inkişafına daha çox töhfə verən digər üç şəxs Karl Marks, Maks Veber və Emil Durkhaym olmuşdur. Məhz buna görə bu üç şəxs sosiologiyanın "ataları" hesab edilir. "Google Scholar"-a görə, tarixdə ən çox istinad edilən sosioloqların sırasında ilk sırada sosiologiyanın banilərindən olan Ogüst Kont (1798-1857), Karl Marks (1818-1883), Emil Durkhaym (1858-1917) və Maks Veber (1864-1920) deyil, Pyer Burdye (Pierre Bourdieu 1930-2002) gəlir. Ən çox istinad edilən sosioloqların sırasında sosiologiyanın hər iki kateqoriyası üzrə nəzəriyyəçilər yer alır [1].
 
Bu baxımdan qeyd etmək lazımdır ki, sosiologiya elminə töhfə vermiş və hal-hazırda da bu sahədə çalışan sosioloqlar iki kateqoriyaya bölünürlər: klassik və müasir sosioloji nəzəriyyəçilər. Klassik nəzəriyyəçilərə sosiologiya elminin yarandığı vaxtdan XX əsrin əvvəllərinədək olan dövrdə fəaliyyət göstərən şəxslər aid edilir. Müasir nəzəriyyəçilər qrupuna isə İkinci Dünya müharibəsinin başlandığı dövrdən indiki dövrə qədər olan şəxslər daxildir. Bu qrupa Talkot Parsons, Entoni Giddens, Pyer Burdye, Yurgen Habermas, Stenli Koen, Yudit Batler, Silviya Uolbi və başqaları daxildir. Ancaq aşağıdakı siyahıda bu sosioloqların hamısı yer almır. Yuxarıda qeyd edildiyi kimi, "Google Scholar"-a görə, tarixdə ən çox istinad edilən sosioloqların siyahısında ilk pillədə Pyer Burdye yer alır. O, həmçinin dünya üzrə ən çox kitabları satılan sosioloqlardan biri hesab edilir. Beləliklə, "Google Scholar"-a görə, tarixdə ən çox istinad edilən sosioloqlar aşağıdakılardır [2].
 
● Pyer Burdye (1930-2002). (Sosiologiya, Avropa Sosiologiya Mərkəzi, Kollej de Frans ("Collège de France"). İstinad: 417 009. İstiqamət: Sosiologiya.)
 
Birinci Dünya müharibəsindən sonra ən yaradıcı və məhsuldar tədqiqatçılardan hesab edilən Burdye müasir sosiologiyanın əsas nəzəriyyəçilərindən və poststrukturalizmin ən parlaq nümayəndələrindən biridir. Pyer Burdye ən sistematik və əhatəli epistemoloji təşəbbüsün, “simvolik kapital” və “simvolik şiddət”, “habitus”, “sosial mühit” kimi anlayışların sahibidir. Avrupa Sosiologiya Mərkəzinin qurucusu olan Burdyenin kitabları sosiologiyada ən çox müraciət edilən əsas əsərlərdən sayılır. Onu da qeyd edək ki, Burdye vətəndaş mövqeyinə və “Dünyanın yoxsulluqları”, “Hərəkət üçün səbəb” kimi kitablarına görə bəzi alimlər tərəfindən kəskin tənqid edilmişdir.
 
● Karl Marks (1818-1883). (Bonn, Berlin və Yen Universiteti. İstinad: 204 514. İstiqamət: İqtisadi nəzəriyyə, sosiologiya, fəlsəfə və iqtisadiyyat, marksizm sosiologiyası.)
 
Karl Marks alman filosofu, siyasətçisi, sosioloqu, iqtisadçısı və yazıçısıdır.
 
   
Marksizm nəzəriyyəsinin banisi, "Kommunist Partiyasının Manifesti" və "Kapital" əsərlərinin müəllifidir. Sosiologiya elminin yaranmasında və inkişafında göstərdiyi mühüm xidmətlərinə görə Veber və Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan 3 şəxsdən biri sayılır. 
 
● Maks Veber (1864-1920). (Münhen Lüdviq-Maksimilian Universiteti, Frayburq Universiteti, Heydelberq Universiteti və Vyana Universiteti. İstinad: 189112. İstiqamət: Sosiologiya, tarix, iqtisadiyyat, hüquq siyasəti.) Alman sosioloqu və tarixçisidir.
 
 
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən Veberin ən böyük və populyarlıq qazanmış əsərləri "Protestant işçi etikası", "Kapitalizm ruhu, iqtisadiyyat və cəmiyyət", həmçinin sosioloji metodologiya, idarəçilik və din haqqındakı əsərləridir. Yuxarıda da qeyd edildiyi kimi, Maks Veber sosiologiya və sosial elmlərin inkişafında müstəsna xidmətlərinə görə Karl Marks və Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan şəxslərdən biri sayılır. 
 
● Ervinq Qoffman (1922-1982). (Sosiologiya, Pensilvaniya Universiteti. İstinad: 175274. İstiqamət: Sosiologiyanın simvolik qarşılığı.)
 
Ervinq Qoffman Toronto və Cikaqo Universitetlərində oxuduqdan sonra Edinburq Universitetində Sosial antropologiya kafedrasında işə başlayıb. 1949-1951-ci illərdə Şetland adaları sahəsində apardığı tədqiqatlarından sonra Qoffman ilk böyük işi olan “Gündəlik həyatda özünü təqdimetmə” adlı tədqiqatını nəşr etdirir.
 
Həmçinin o, Milli Psixi Sağlamlıq Mərkəzində apardığı tədqiqatlarını 1961- ci ildə "Dəlixanalar" adlı məşhur kitabında təqdim edir. 1962-ci ildə Kaliforniya Universitetində sosiologiya professoru, 1968-ci ildə Pensilvaniya Universitetində Benjamin Franklin adına antropologiya və sosiologiya kafedrasının professoru təyin edilir. 1981-ci ildə Ervinq Qoffman sosiologiya sahəsində ən yüksək dərəcə olan Amerika Sosiologiya Assosiasiyasının prezidenti ünvanını əldə edir.
 
● Robert Kinq Merton (1910-2003). (Sosiologiya, Kolumbiya Universiteti. İstinad: 111 273. İstiqamət: Anomilərin kriminologiyası və sosiologiyası.)
 
Robert King Merton karyerasına müəllimlik fəaliyyəti ilə Harvardda (1936-1939), daha sonra isə Tuleyn Universitetində (Yeni Orlean, 1933-1941) başlamış, 1941-ci ildə o peşəkar fəaliyyətini Kolumbiya Universitetində davam etdirmişdir. Burada o, 1942-ci ildən 1970-ci ilə qədər Sosial Tədqiqatlar Bürosunun müdir müavini vəzifəsində çalışmış, 1976-cı ildən isə Sosial Elmlər Mərkəzinə rəhbərlik etmişdir. 1986-cı ildən etibarən Hent Universitetinin (Belçika) professoru olmuşdur. 1957-ci ildə Amerika Sosiologiya Assosiasiyasının prezidenti seçilmiş, 1975-1976-cı illərdə Elmin Sosial Tədqiqi Cəmiyyətinin prezidenti olmuş, 1971-ci ildən 1979-cu ilə qədər C.S.Qudqenxeymin Xatirə Fondunun yaradılmasına dair Məsləhət Şurasının sədri kimi fəaliyyət göstərmişdir. Merton 1936-cı ildə Harvarddakı fəaliyyəti dövründə sosial adaptasiyanın müxtəlif növlərinin ayırd edilməsinə əsaslanan kənar davranış nəzəriyyəsini işləyib hazırlamışdır.
 
Mertonun əsas elmi işlərindən biri də 1949-cu ildə işıq üzü görmüş fundamental kollektiv əsər olan “Sosial nəzəriyyə və sosial struktur”dur. Burada o, sosial nəzəriyyə ilə empirik tədqiqatlar arasında qarşılıqlı münasibətləri təyin edərək cəmiyyətdə struktur-funksional yanaşmanın təkmil formasını davam etdirmiş, aşkar və latent funksiyalar, disfunksiyalar anlayışlarını yaratmışdır.
 
Merton sosiologiya elmi sahəsində “puritan” düşüncə ilə elmin tərəqqisi arasındakı əlaqəni öyrənmişdir. O, ilk dəfə olaraq disfunksiya anlayışını sosiologiyaya daxil edərək, aşkar və gizli sosial funksiyaları müəyyən etmişdir.
 
● Emil Durkhaym (1858-1917) (Sosiologiya, Paris Universiteti, Sorbonn. İstinad:109495. İstiqamət: Sosiologiya, fəlsəfə, antropologiya, din)
 
Sosiologiya elminə müstəsna töhfələr vermiş dahi fransız sosioloqudur və elə buna görə də sosiologiyanın “atalarından” biri hesab edilir. E. Durkhaymın "Suicide", "Division of Labour" və "The Elementary forms of Religious Life" əsərlərində tarix boyu hər bir cəmiyyətdə mövcud olmuş və indiki dövrdə də müşahidə edilən xaos, özbaşınalıq, intihar, birliyin olmaması kimi ciddi sosial problemləri araşdıraraq onları anlamağa və həlli yollarını tapmağa yol göstərmişdir.
 
Dinin insanları pis əməllərdən çəkindirən və onları birləşdirən ən əsas amil olduğunu apardığı araşdırmalarla sübut edən Durkhaym cəmiyyətdəki problemlərin kökünün dinsizlik, birliyin pozulması, eqoizm və maddiyyatın mənəvi dəyərləri üstələməsindən yarandığını qeyd etmişdir.
 
● Teodor Adorno (1903-1969). (Sosiologiya, Frankfurt Məktəbi. İstinad: 108 522. İstiqamət: Sosiologiya.)
 
Theodor W.Adorno alman filosofu, sosioloqu, bəstəkarı və musiqi nəzəriyyəçisi, Frankfurt Tənqidi Məktəbinin təmsilçisidir 1921-ci ildə Frankfurt Universitetinə qəbul olmuş, burada fəlsəfəni, sosiologiyanı, psixologiyanı və müsiqi nəzəriyyəsini öyrənmişdir. 1924-cü ildə Edmund Husserlin fenomenoloji nəzəriyyəsinə həsr olunan dissertasiyasını müdafiə etmişdir. 1925-ci ildə Venaya köçmüş, burada bəstəkarlıq və fortepiano dərsləri almışdır.
 
Frankfurta qayıtdıqdan sonra universitetdə dərs demiş, nasistlər hakimiyyətə gələndən sonra 1934-cü ildə Böyük Britaniyaya, 1938-ci ildə isə Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir. 1949-cu ildə yenidən Frankfurta qayıtmışdır. Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqələrdən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların “demokratik” və ya ”avtoritar“ hakimiyyətə nə dərəcədə meyilli olduqlarını öyrənmişdir. Bu araşdırmaların nəticəsi olaraq "Avtoritar şəxsiyyətin öyrənilməsi" (1950) əsəri meydana gəlmişdir.
 
Bu əsər o zamanın nasist Almaniyasında baş verən hadisələrin təsirilə yazılsa da, insan təbiətinin və davranışlarının öyrənilməsində əvəzsiz mənbədir. Lakin "Avtoritar şəxsiyyətin öyrənilməsi" kitabında diqqət mərkəzinə gətirilən məsələlər təkcə Adof Hitlerin şəxsiyyəti və Üçüncü Reyxin varlığı ilə məhdudlaşmır, burada ümumən insan şəxsiyyətinin avtoritar təbiəti araşdırılır. Əsər özünün əhatə dairəsi və tarixi dəyər daşıması ilə unikaldır. Bu baxımdan Adornonun gəldiyi nəticələr bu günə qədər öz əhəmiyyətini saxlamaqdadır. Adornonun müzakirə və tənqidlərə səbəb olan işlərindən biri də Maks Horkheymerlə birlikdə yazdığı “Mədəniyyət sənayesi” konseptidir. Bu, Frankfurt məktəbinin iki böyük üzvü olan Teodor Adorno və Maks Horkheymer tərəfindən sosial, mədəniyyət və media sahələrinə bəxş edilmiş tənqidi konseptdir. Konseptə əsasən Adorno və Horkheymer mediaya və mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşlər.
 
● Talkott Parsons (1902-1979). (Sosiologiya, Harvard Universiteti. İstinad: 104917. İstiqamət: Sosiologiya.)
 
1924-cü ildə məzun olduğu Amherst Kollecində fəlsəfə və biologiya üzrə təhsil almış, 1925-ci ildə isə London İqtisadiyyat Məktəbinə daxil olmuşdur. Parsons bir il sonra Heydelberq Universitetinə qəbul olur və burada onun intellektual düşüncəsinə əhəmiyyətli dərəcədə təsir edən Maks Veberin ideyaları ilə tanış olur. P. Talkottun "son alman düşüncəsində" kapitalizmin təhlili üzrə doktorluq dissertasiyası 1927-ci ildə qəbul edilir. Eyni ildə Harvard Universitetində iqtisadiyyat, 1931-ci ildən sosiologiya üzrə dərs deməyə başlayır. 1944-cü ildə sosiologiya professoru, 1946-1956-cı illərdə isə sosial münasibətlər fakültəsinin müdiri olmuşdur. 1949-cu ildə Amerika Sosiologiya Assosiasiyasının prezidenti seçilir. Harvard Universitetində təqaüdə çıxanadək, yəni 1974-cü ilə qədər fəaliyyət göstərmişdir.
 
Parsons əsasən klinik psixologiya və sosial antropologiyanı sosiologiya ilə birləşdirən akademik vasitə olduğunu nümayiş etdirdi. Parsons, “fəaliyyət”ə (action) olan böyük marağı əsasında genişmiqyaslı sistemlər və ictimai asayiş, inteqrasiya və balans problemləri kimi sahələri tədqiq etmişdir. Parsonsa şöhrət gətirən işlərindən ən klassik olanı "Sosial sistem ("The Social System")" əsəridir.
 
Ceyms S. Koulman (1926-1995) sosiologiya, Cikaqo Universiteti İstinad: 102 047 İstiqamət: Sosioloji təhsil Rəqəmsal seçim nəzəriyyəsinin əsas nümayəndələrindən olan amerikalı sosioloq Ceyms S. Koulman kollektiv qərarlar yaratmaqda insan davranışını təhlil etmək üçün konseptual izahat və formal metodların inkişafına mühüm töhfə vermişdir. Ona şöhrət gətirən və “Koulman hesabatı”nın (1966) əsasını təşkil edən Amerika Birləşmiş Ştatlarında təhsildə qeyri-bərabərlik və irqi ayrı-seçkilik tədqiqatları olmuşdur.
 
● Alejandro Portes (1944) (Sosiologiya, Prinston Universiteti İstinad: 73441 İstiqamət: Sosioloji köçün inkişafı, miqrasiyanın sosial sərmayəsi) Kuba əsilli amerikan sosioloqudur. Amerika Milli Elmlər Akademiyasının, Himayadarlar Şurasınınin və İMDEA (3) İctimai Elmlər İnstitutunun Elm Komitəsinin üzvüdür. 1999-cu ildə Amerika Sosiologiya Assosiasiyasının prezidenti vəzifəsində çalışıb.
 

 

 
[1]https://scholar.google.com/citations?hl=en&view_op=search_authors&mauthors=label:sociology
[2] https://www.socjobrumors.com/topic/top-10-most-cited-sociologists-in-history-data-from-google-scholar
[3] http://www.imdea.org/presentation [4] http://www.imdea.org/

 

Elnarə Qəribova
Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.