Məqalələr

Sürət əsri və yeni qütbləşmə

avatar
Sübhan Padarsoy
2020-02-25

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.

F.Fukuyama tərəfindən “tarixin sonu”nun elan edilməsinin çox “qaba və xam” göründüyünü bildirən fransız kultural nəzəriyyəçisi və filosofu P.Virilo, “coğrafiyanın sonundan” böyük bir əminliklə bəhs edilə biləcəyini bildirmişdi. Bir coğrafi hüdud fikrini “həqiqi dünyada” irəli sürmək getdikcə çətinləşir və məsafələr bir problem olma xarakteristikasını tədricən itirir. Əslində “uzaqlıq” obyektiv, fərdilikdən ayrılmış fizki bir “data” olmaqdan daha çox sosial bir məhsuldur; məsafə qət ediliş sürətinə uyğun olaraq dəyişir. Kollektiv identikliklərin formalaşdırılması, ayrılması və davam etdirilməsinin digər bütün sosial səbəbləri (ölkə hüdudları və ya kultural sərhədlər) bu sürətin sadəcə ikincidərəcəli təsirləri olaraq görülür.

Qeyd edilən bu determinasiya “sərhədlərin keçərliliyinin” niyə bir qanun kimi əksər hallarda siniflərə görə müəyyən edilən bir fenomen olduğunu da göstərir. Bu gün olduğu kimi, keçmişdə də varlı və güclü seçilmişlər təbəqəsi məskunlaşdıqları torpaqlardakı əhalinin yerdə qalanına nəzərən kosmopolitikliyə hər zaman daha çox meylli olublar. Onlar hər zaman özlərinə məxsus bir mədəniyyət yaratmaq tərəfdarı olublar. Seçilmişlər özləri eyni sərhədlər daxilində yaşayan amma seçilmiş olmayanlar ilə müqayisədə öz sərhədlərindən kənardakı digər seçilmişlər ilə daha çox şey bölüşürlər. Modern dünyanın ən güclü seçilmişlərinin sözcüsü olan Bill Klintonun tarixdə ilk dəfə “daxili və xarici siyasət bir fərqin qalmadığını” elan edə bilmə səbəbi də elə bundan qaynaqlanır. Seçilmişlərin həyatında “bura” və ya “ora”, “daxili və ya xarici”, “yaxın və ya uzaq” fərqliləşmələrinin bir anlamı qalmayıb. Ünsiyyətdə zaman probleminin ortadan qalxması və dərhal – “elə indi” dimensiyasına endirilməsi ilə məkan və onun simvolları ən azından elektron mesaj və görüntü sürətilə hərəkət edə bilənlər üçün bir problem olmaqdan çıxıb. “Daxili” və xarici”, “bura” və “ora”, “yaxın” və “uzaq” antilogiyaları bizi çevrələyən dünyanın müxtəlif qisimlərinin adaptasiya edilmə, əhliləşdirilmə və bilinən olma ölçüsünü göstərirdi.

Yaxın - əl altında, vərdiş edilmiş, açıq və dəqiq bir şəkildə bilinən, hər gün görülən, qarşılaşılan, interaksiyaya daxil olunan və gündəlik fəaliyyətlərimiz ilə iç-içə keçmiş bir fenomen və ya bir kimsədir. “Yaxın” insanın özünü özündə hiss edə bildiyi yer, necə danışıb, necə davranacağını nadirən bilmədiyi bir məkandır. “Uzaq” isə insanın bəzən daxil olduğu və ya heç daxil ola bilmədiyi, içərisində insanın təxmin edə bilmədiyi və ya qavramadığı şeylərin meydana gəldiyi, buna görə də necə reaksiya verəcəyini bilmədiyi bir məkandır. Uzaq, insanın haqqında çox az şey bildiyi, çox şey gözləmədiyi və qayğı göstərmə məsuliyyəti hiss etməyəcəyi şeyləri özündə ehtiva edən bir məkandır. İnsanın özünü “uzaq” bir məkanda tapması cəsarətqırıcı bir təcrübədir. “Uzaqlara açılmaq” idrak sərhədlərini aşmaq, yersiz və dayanıqsız qalmaq, eləcə də sıxıntılar və qorxuların meydana çıxması deməkdir. Bu xüsusiyyətlərinə görə, “uzaq-yaxın” təzadının başqa bir həyati dimensiyası da var. Bu, müəyyənlik və qeyri-müəyyənlik, güvən və tərəddüd arasındakı bir dimensiyadır. Qabiliyyət və cəsarət istəyən “uzaqlıq” –dan fərqli olaraq “yaxınlıq” məfhumu bir əndişəsizlik və tərəddüdsüzlük təcəssümüdür.

 

Kommunikasiya vasitələrinin davamlı dəyişikliyi və təkmilləşməsi modern tarixə damğasını vurub. Bir yerdə sabitləşmiş hər bir sosial və kultural “bütövlüyün” aşınması və zəifləməsi tipik olaraq modern bir prosesdir və bunu təhrik edən hər şeydən əvvəl sürətli nəqliyyat vasitələrinin istifadəyə qoyulması idi. Hərəkət qabiliyyətinin bütün texniki faktorları arasında informasiya nəqli xüsusilə böyük bir rol oynayıb. Bu fiziki bədənlərin hərəkətini zəruri etməyən, etsə də bu zərurətin çox kiçik və önəm kəsb etmədiyi bir kommunikasiya növüdür. Texnoloji vasitələrin mütəmadi və qərarlı olaraq inkişaf etdirilməsi informasiyanın öz bədəni daşıyıcılarından müstəqil olaraq bir yol almasını təmin edib. Bunlar “göstərən”-i “göstərilən”-in təsirindən xilas edən vasitələr idi. İnformasiya daşıyıcıları və obyektlərinin hərəkətinin informasiyanın hərəkətindən ayrılması hərəkətin sürətindəki fərqliləşmələrə də yol açdı. İnformasiyanın hərəkəti bədənlərin bir yerdən digər bir yerə daşınmasında çatılan sürətdən daha çox sürət qazandı. Nəticədə, kompüterlər vasitəsilə qurulan World Wide Web-in (www) ortaya çıxması ilə informasiya məsələsində səyahət anlayışı keçərliliyini itirdi və informasiya (həm nəzəriyyədə, həm praktikada) hər yerdə eyni anda istifadə edilə bilmə xarakteri aldı.

          

Yaxın tarixdə baş verən bu inkişafın ümumi nəticələri də heybətli olub. Onun sosial birləşmə və ya ayrılma (assosiasiya və ya dissosiasiya) üzərindəki təsiri incələnmiş və ya köklü şəkildə təhrif edilib.  Çəkicin gücü çəkic qırıldığı zaman diqətimizi çəkdiyi kimi, zamanın, məkanın və onları bir formaya salan, əbədilik və ya keçərlilik qazandıran vasitələrin həyatımızda oynadığı rolu hərmişəkindən daha açıq bir formada görür, sosio-kultural və siyasi bütövlüklərin yox olmasına şahidlik edirik. Kiçikmiqyaslı cəmiyyətlər içindəki ünsiyyət tamamilə üz-üzə ünisyyət xarakteristikasına sahib olub. İnformasiyanın daxili hərəkəti – gedib-gəlməsi – üçün zəruri olan zaman nəhəng böyüklükdə idi. Artıq başa düşürük ki, “sıx bir şəkildə bir-birini qucaqlamış” o toplumları var edən məhz bu uçurum idi. Modernizm əsrində bu toplumların kövrəkləşməsi və qısaömürlü olmaları isə hər şeydən əvvəl bu uçurumun daralması və ya tamamilə aradan qalxması nəticəsində ortaya çıxdı. Hər ikisi də eyni anda olduğu zaman toplumlararası mübadilə qarşısında toplumdaxili ünsiyyətin heç bir əhəmiyyəti qalmır. Maykl Benedikt retrospektiv olaraq kəşf etdiyimiz şeyi və səyahət sürəti ilə sosietal bağlılıq arasındakı yaxın münasibətə dair yeni anlayışı belə xülasələndirir: “Demək olar ki, eynizamanlı və sıfır xərcli təbii, səsli ünsiyyətin kiçik toplumlarda mümkün etdiyi birlik formaları daha geniş miqyaslardakı toplumlarda dağılır. Hər miqyasda sosietal bağlılıq konsensusun və ortaq biliyin nəticəsidir. Əgər davamlı bir aktuallaşdırma yoxdursa, bu uyğunluq əsasən, ciddi bir mədəni təhsillə - mədəniyyətin hafizələrdə buraxdığı izlə bağlıdır. Bunun əksinə, sosietal elastiklik isə ucuz ünsiyyətlə və unutma ilə əlaqəlidir. Unutmanın asanlığı və ünsiyyətin ucuzluğu eyni şərtin iki aspektindən başqa bir şey deyildir və bir-birlərindən ayrı olaraq düşünülə bilməz. Ucuz kommunikasiya yeni informasiyanın sürətlə öz yerinə çatması anlamına gəldiyi qədər, əvvəlki informasiyanı sıxışdırması və özünə yer etməsi anlamına da gəlir. “Wetware” qabiliyyətləri Paleolit dövrlərdən bəri dəyişmədən qalmaqla öz essensiyasını qoruyub, ucuz informasiya isə hafizəni bəsləyib sağlamlaşdırmaqdan daha çox hafizənin üzərinə axın edərək onu boğmaqdadır. İnformasiyanı lokal miqyasda yaymanın maliyyəti ilə planetar miqyasda yaymanın maliyyəti arasındakı fərqin azalması modern əsrin ən nəzərəçarpan yeniliyidir. Nəticədə, diqqət çəkmək, hafizəyə girmək və hafizədə qalmaq üçün hər növ hay-küyü qaldıran informasiyanın çox fərqli və muxtar mövqelərdən gələ biləcəyi, dolayısı ilə bir-birilə uzlaşmayan və ya bir-birini yox edən mesajlar verə biləcəyi deməkdir. Bu mesajlar hardware və “software”dən yoxsul, yalnız “wetware”ə inanan cəmiyyətlər içərisində sərbəst bir şəkildə dövr edən, bir-birini təkrarlayaraq konsolidasiya edilən və seçici əzbərləmə prosesinə yardım edə bilən mesajlarla daban-dabana ziddir. Timoti Lyuk vurğulayır ki, ənənəvi məkan sivilizasiyları adi insan bədənlərinin əsasən mediyasiyasız ola bilmələri ətrafında formalaşıb. “Ənənəvi fəaliyyət anlayışında fəaliyyətləri təsvir etmək üçün orqanik metaforalara müraciət edilir: toqquşma burun-buruna, mübarizə çiyin-çiyinə, ədalət gözə-göz və dişə-dişdir. Həmrəylik və dostluq qol-qola hərəkət edir, insanlar üz-üzə, dəyişiklik addım-addım və yavaş-yavaşdır. Lakin bu reallıq, toqquşmların həmrəyliklərin, mübarizələrin, görüşlərin insan gözü və qol gücünün əsla kifayət etməyəcəyi həddlərə qalxmasına icazə verən vasitələrin müdaxiləsi ilə ağılasığmaz bir şəkildə dəyişdi. Məkan, işlənmiş, mərkəzləşdirilmiş, təşkil olunmuş və normallaşdırılmış hala gətirildi və hər şeydən daha mühümü, insan bədəninin məhdudiyyətlərindən qoparıldı. Dolayısı ilə, artıq “məkanı düzənləyən” şey texnoloji həcm, texnoloji sürət və texnoloji istifadə xərci oldu. Bu cür texnologiyaların əks etdirdiyi məkan təməl şəkildə fərqlidir: bu məkan Allahın bir möcüzəsi deyil, insan əli ilə inşa edilib, təbii deyil, sünidir, və rasionallaşdırılıb. İnşa edilmiş modern məkan sərt, qatı, qalıcı və müzakirəedilməz xarakterə sahibdir. Onun əti polad və sementdən, damarları isə dəmiryolları və avtomobil yolları şəbəkəsindən ibarətdir. Modern utopik yazarlar sosial düzən ilə arxitektural düzən sosial vahidlər və kateqoriyalar ilə bir yurda əsaslanan vahidlər ilə kateqoriyalar arasında heç bir fərqliləşmə aparmadan düzənli bir cəmiyyətin açarı məkanın doğru düzənlənməsində gizlidir – deyirdilər. Qlobal informasiya şəbəkəsinin gəlişi ilə birlikdə bir yurda əsaslanan və şəhər planlaşdırıcıları tərəfindən planlaşdırılmış məkan üzərinə üçüncü – kibernetik məkan yerləşdirildi. Bu məkanın komponentləri məkan ölçülərindən tam olaraq yoxsuldur. Bundan sonra artıq insanları fiziki əngəllər və ya zaman uzaqlıqları ayıra bilməz. Kompüter terminalları ilə video monitorlarının bir-birinə bağlanması sayəsində “bura” ilə “ora” arasındakı təzad öz mahiyyətini tamamilə itirib. Lakin, hələ də bəzi insanlar fiziki əngəllər və zaman uzaqlıqları ilə bir-birindən ayrılır. Bu ayrılma daha mərhəmətsiz və psixoloji təsirləri baxımından daha dərindir.

        

Zaman-məkan məsafələrinin texnologiya vasitəsilə sıfırlanması insanlığın mövcud şərtlərini homogenləşdirməkdən daha çox qütbləşdirməyə doğru meyillənib. Bəzi insanlar üçün mövcud situasiya fiziki əngəllərdən misligörünməmiş dərəcədə bir qurtuluş, qeyri-məhdud hərəkət qabiliyyətinin müjdəçisidir. Heç bir şey ifadə etməyən məsafələr ilə bir-birindən ayrılmış lokallıqlar da öz anlamını itirib. Bəziləri lokallıqdan ürəkləri istədiyi zaman qopub gedə bildikləri halda, digərləri üzərində oturduqları yeganə torpağın ayaqları altından necə sürüşüb getdiyini ümidsizcə seyr edirlər.

 

 

İnformasiya artıq daşıyıcılarından müstəqil şəkildə hərəkət edir və insani münasibətləri yenidən düzənləmək üçün bədənlərin fiziki məkan içərisində yer dəyişdirməsi son dərəcədə qeyri-zəruridir. Bu, fiziki olmaqdan çıxarılmış gücün yeni ağırlıqsızlığıdır. Seçilmişlər daha böyük sürətlə məkanda səyahət edər amma ördükləri güc şəbəkəsinin uzunluğu və sıxlığı bu səyahətdən asılı deyil. Gücün xüsusilə də maliyyə formasının yeni “bədənsizliyi” sayəsində güc sahibləri tamamilə yurdsuzlaşıblar (deterritorializasiya). Modern elektronik vasitələr ilə dəstəklənən kiberməkanda meydana çıxan “yeni azadlıq” üçün deyilən ortaq mədhiyyələrdə bu yeni gücün dünyəvi olmadığı bildiririlir.    

 

Kiberməkanda bədənlərin önəmi yoxdur, amma bədənlərin həyatında kiberməkanın vazkeçilməz bir əhəmiyyəti var. Kiberməkan cənəttindəki hökmlərin doğruluğu sorğu-sual edilə bilməz. Kiberməkanın gücündən faydalanan güclülərin bədənləri nə güclü olmaq, nə də ağır silahlardan istifadə etmək ehtiyacındadır. Onlar üçün zəruri olan tək şey kiberməkana nəql edildiyi üçün sosial anlamından məhrum edilmiş və sadəcə fiziki bir sahəyə endirilmiş lokallıqdan  xilas olmaqdır. Bu təcridin təhlükəsizliyini təmin etmək də digər bir ehtiyacdır. Son nəticədə, gücün yurduszlaşması ilə yurdun həmişəkindən daha qatı bir şəkildə strukturlaşdırılması birlikdə irəliləyir. Təcridi seçən seçilmişlər bu uğurda (özlərini təcrid etmək üçün) bol-bol pul ödəyirlər. Olduqları yerə həbs edilmiş (təcrid edilmiş) digərləri isə bu şərtlərin ağır mədəni, psixoloji və siyasi bədəllərini ödəməyə məcbur qalıblar. Onlar modern əsrin ilk dövrlərdəki gettolarının çağdaş bənzərlərində yaşamağa məhkumdurlar.

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI