Məqalələr

Strateji ağıl oyununda ənənəvi debüt

avatar
Elnarə Qəribova
2019-10-07

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.

Şahmat qədər qədim və maraqlı tarixə malik idman növü azdır. Fərziyyələrə əsasən, ilk dəfə Hindistanda yaranan şahmat, tədricən İranda, şərqdə və ərəb ölkələrində, daha sonra isə Avropa və bütün dünyada geniş yayılıb. Ölkəmizdə bu oyunun mövcudluğu  haqqında məlumat VI əsrə aid olduğu halda, Avropada bu oyun barədə ilk məlumat 1010-cu ilə aiddir. Şahmat tarix boyu bir neçə dəfə dəyişikliyə məruz qalsa da, müasir formasını 1497-ci ildə həmin dövrdə şahmatla bağlı ilk kitabın müəllifi Luçena sayəsində alıb. O, bu idman növünün yeni qaydalarını müəyyənləşdirib. O vaxtdan bəri şahmat sözügedən şəxsin müəyyənləşdirdiyi qaydalarla oynanılır.

 

Azərbaycanda bu  "zəka oyunu"nun yayılması və inkişafını mərhələlərə ayırsaq üç tarixi dövrdə əks etdirə bilərik:

 

  • Qədim və orta əsrlər dövrü;
  • SSRİ dovrü;
  • Müstəqillik dövrü.

 

Qədim və orta əsrlər dövrü

 

Şahmatın Azərbaycanda da qədim ənənəsi var. Geniş yayılan bu zəka oyunu zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Tarixçilərin fikrincə, Azərbaycanda şahmat haqqında ilk məlumat VI əsrə aiddir. Xüsusən o dövrlərdə Gəncə, Naxçıvan, Şamaxıda bu oyuna qarşı maraq olduğu qeyd olunur. Tarixə nəzər yetirdikdə, görünür ki, Azərbaycanda şahmatla ilk peşəkar məşğul olan şəxslərdən biri IX əsrdə yaşamış Cəlaləddin Naxçıvani olub. Naxçıvaninin ustalğına dair heyrətamiz faktlar həmin dövrə aid bədii ədəbiyyatda böyük heyranlıqla tərənnüm edilir. Həmçinin XI əsrdə yaşamış görkəmli şair Xaqani Şirvani saraylarda satranc/şahmat oyunlarının təşkilindən danışır. XII-XVI əsrlərdə yaşamış böyük Azərbaycan şairləri Nizami  Gəncəvi (XII əsr), Məhsəti  Gəncəvi (XII əsr),  Nəsimi (XIV sonu - XV əsrin əvvəlləri) və Fizuli (XVI əsr) dərin düşüncəyə əsaslanan bu  oyun  haqqında  dəyərli  fikirlər  söyləmişlər. Şahmat motivlərinin əsərlərində əks olunması onun həmin dövrlərdə Azərbaycanda populyarlığını sübut edir. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və digər orta əsr müəlliflərinin əsərlərində satrancın/şahmatın saraylarda məşhurluğundan, şahların bu zəka oyununa marağından bəhs olunur. Gözəl  rübailər müəllifi M.Gəncəvi üçün isə şahmat  fəlsəfə idi.  Şairənin əsərlərində şahmat onu  Allaha  qovuşduran vasitələrdən biri kimi qeyd olunur.

 

Klassik dünya ədəbiyyatının banilərindən biri sayılan, məşhur fransız yazıçısı Aleksandr Düma isə öz qeydlərində Azərbaycanda səfərdə olarkən Xurşidbanu Natəvanın şahmata olan marağından danışır və onunla şahmat oynaması barədə yazır.

Zaman-zaman Azərbaycanın görkəmli mütəfəkkirləri və dahiləri bu idman növünə xüsusi diqqətlə yanaşıblar. Təsadüfi deyil ki, görkəmli mütəfəkkirlərimizdən yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubunda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdi.

 

 

SSRİ dövrü

 

Azərbaycanda şahmat ənənəsini tarixi mərhələsinin ikincisi olaraq bu  dövrün-müasir şahmat tarixinin XX əsrin əvvəllərindən başladığını qeyd etmək lazımdır. 1920-ci ildə Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum Azərbaycan Şahmat Federasiyası (AŞF) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1992-ci ildə AŞF, Beynəlxalq Şahmat Federasiyası (FIDE)-ye üzv olmuşdur. Azərbaycanda şahmat üzrə ilk turnir 1926-cı ildə Bakı çempionatı adı ilə keçirilib. 1934-cü ildə isə ilk dəfə şahmat idman növü üzrə Azərbaycan çempionatı təşkil olunub. İstedadlı şahmatçı S.Xəlilbəyli 50-ci illərin sonunda SSRİ idman ustası adına layiq görülmüş ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.

 

Azərbaycanda şahmat ənənələri həmişə güclü olub. Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda şahmatın inkişafına xüsusi qayğı göstərilib. Həmin illərdə SSRİ tərkibində olmasına baxmayaraq, müttəfiq respublikalardan birinin rəhbəri Heydər Əliyev tərəfindən şahmatın bütün ölkə boyu dərindən öyrənilməsi və yayılması üçün 60-a yaxın uşaq-gənclər şahmat məktəb və klubları açıldı, şahmata maraq kütləvi xarakter aldı və Azərbaycanın qazandığı nailiyyətlər həmin illərdə ən yüksək nöqtəyə çatdı.Bu isə şahmatın inkişafına daha da böyük təkan verdi. 

 

Həmin illərdə Azərbaycan şahmat məktəbi dünyada məşhur olan bir çox görkəmli nümayəndələri yetişdirib. SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazanan Fikrət Sideifzadə, Elmar Məhərrəmov, Aydın Hüseynov, Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova da Azərbaycanda şahmata göstərilən dəstəyin bariz nümunələridir. Onu da qeyd edək ki, Bakıda anadan olan və böyüyən şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysteri Harri Kasparov da onu yetişdirən məktəbə və dünyaya gəldiyi torpağa qarşı sonralar göstərdiyi dönüklüyə baxmayaraq, tərcümeyi-halının “Bakı səhifələri”ni bütün ömrü boyu  çiyinlərində daşığama məhkumdur.

 

 Ümumiyyətlə, bir çox sahələr kimi şahmat baxımından da Azərbaycan SSRİ dövründə özünəməxsus üstün yerini əldə etməyi bacarıb. Belə ki, sadalanan uğurlarla yanaşı, dünya şahmatçıları arasında qadın beynəlxalq qrossmeyster adı 1976-cı ildən verilməyə başlandığna görə ilk həmin adı qazanan Azərbaycanın yetirməsi Tatyana Zatulovskayadır. Bunu, qadınlar arasında dərəcə olsa belə, Azərbaycan qrossmeyster məktəbinin başlanğıcı da hesab etmək olar. Kişi şahmatçılar arasında ilk qrossmeysterimiz isə 1978-ci Vladimir Bağırovdur. 1980-ci ildə gələcək dünya çempionu Harri Kasparov da bu ada yiyələnir. Azərbaycan şahmat məktəbinin daha bir nümayəndəsi Vladimir Makoqonov həmin titulu 1987-ci ildə əldə edir.
Bütün bu adlar SSRİ dövründə  olması qətiyyən böyük zəka və az qala dövlət idarətemə sənətinə yaxın sayılan şahmat epopeyamızın şanını-şöhrətini  qətiyyən azaltmır.

 

Müstəqillik dövrü

 

Şahmat ənənəsinin üçüncü dövrü müstəqilliyini yenidən bərpa edən Azərbaycan üçün daha uğurlu başladı. Həmin illərdə ölkəmiz strateji zəkanı əks etdirən bu qədim Şərq oyununun inkişafının geniş vüsət aldığı coğrafi məkanlardan birinə çevrilərək, dünyada öz məktəb nümunəsini yaradan bir coğrafi məkana çevrildi.

 

Müstəqilliyimizin ilk illərində şahmatçılarımzın sırası genişlənməsi ilk qroyssmeysterler olaraq, qadınlar arasında  bu dərəcə 1991-ci ildə Aynur Sofiyevanın, kişilər arasında isə 1991-ci ildə Elmar Məhərrəmovun parlaq qələbələri ilə bağlıdır.

 

Müasir dövrdə Azərbaycan dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Emil Sutocskiy kimi nəhəng zəka sahiblərini bəxş edib. Onu da qeyd edək ki,  müstəqil Azərbaycan Respublikasının ilk kişi qrossmeysteri Elmar Məhərrəmovun peşəkarlığına, yüksək istedadına  macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" (Genius in the Background") adlı kitabının doqquzuncu fəslində geniş yer verilib.Həmin fəsil bütövlükdə Elmara həsr olunub.

 

Baxmayaraq ki, həm SSRİ, həm də müstəqillik dövründə ilk qroyssmester adını qadın şahmatçılarımız alıb, şahmatda, hələ ki, ən böyük uğurlarımız  kişilərdən ibarət komandamızın aktivindədir. 2007-ci ildə Krit adasında təşkil olunan Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçıları, Serbiyanın Novı Sad şəhərində keçirilən 2009-cu il Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 2013-cü ildə isə Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan qitə birinciliyində Azərbaycan komandası növbəti dəfə ən güclü komanda adına layiq görülüb. 2012 və 2014-cü illərdə isə kişilərdən ibarət “SOCAR-Azərbaycan” klubu Avropa çempionatlarında 2 dəfə qalib adını qazanıb. Əlbəttə ki, ənənəvi debütlərin sırası genişdir, bu zəfərlərin sırasında sonuncu qalibiyyət sadalananlar qədər ruhlandırıcıdır. Belə ki, 4 oktyabr 2019-cu il tarixində Xanti-Mansiskdə Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi Dünya Şahmat Kubokunun final matçının 5-ci oyununda Azərbaycan komandası qələbə qazanaraq kuboku əldə edib.

 

Azərbaycan bu idman növündə mötəbər yarışların təşkilində də yaxından iştirak edib. 2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatı, bir il sonra isə Naxçıvanda dünya çempionatı keçirilib. 2005-ci ildə Şəkidə, iki il sonra isə Bakıda dünyanın güclü qadın şahmatçılarının iştirakı ilə beynəlxalq turnirlər təşkil olunub. 2008-ci ildə Beynəlxalq Şahmat Federasiyası Qran-Pri turnirlər silsiləsinin ilk mərhələsini Bakıya həvalə edib. 2016-cı ildə isə ölkəmizdə bu idman növündə ən mötəbər yarış hesab olunan Şahmat Olimpiadası start götürüb. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə sentyabrın 20-də onuncu “Baku Оpen 2019” beynəlxalq şahmat festivalına start verilib.

 

Şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikada şahmata göstərilən marağı daha da artırıb. Hazırda respublikada fəaliyyət göstərən 70 yaxın uşaq-gənclər şahmat məktəblərində 40 mindən çox uşaq və yeniyetmə məşğul olur.

 

Dövlət tərəfindən göstərilən yüksək qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır.Dövlət müstəqilliyimiz yenidən bərpa etdildikdən sonra keçən müddət ərzində Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələr əldə ediblər,  90-dan çox medal, o cümlədən, 40-a yaxın qızıl medal qazanıblar. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası,  16 FİDE hakimi  və 15 beynəlxalq hakim vardır. FİDE-nin 2009-cu ilin aprelində elan etdiyi reytinq cədvəlində Azərbaycan 153 ölkə arasında 5-ci yerdə qərarlaşıb.

 

Xalqın intellektual səviyyəsini nümayiş etdirən idman növü kimi şahmat Azərbaycanın dünyada daha geniş tanınmasında mühüm rol oynayır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda etimadın artması kimi qiymətləndirilə bilər.

 

Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlət sayılır.  Şahmatçılarımızın uğurları və şahmat sahəsindəki mövcud potensial onun gələcək inkişaf perspektivlərininin təmin edilməsi istiqamətində konkret tədbirlərin görülməsi, ölkədə şahmatın daha da inkişaf etdirilməsi və beynəlxalq yarışlarda yeni nailiyyətlərin qazanılmasını təmin etmək məqsədi ilə "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" həyata keçirildi.

 

Bu proqramın əsas məqsədi şahmat sahəsində sistemli dövlət siyasətinin yürüdlməsi, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər mütəxəssislərinin hazırlanmasını təmin etməklə ölkənin beynəlxalq miqyasda rolunun artırılmasından ibarət idi.

 

 

Onu da qeyd etmək lazımdır ki, FİDE-nin 2019-cu il oktyabr ayı üçün açıqladığı reytinq siyahısınin ilk onluğuna Azərbaycan daxildir və artıq bu hal ənənəyə çevrilir. Bu reytinq siyahısında Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci pillədə, Teymur Rəcəbov 2758 xalla 15-ci,  Qədir Hüseynov isə 2660 xalla  86-cıdır. Arkadi Naydiç isə "100-lük"dən kənarda bərqarar olub. Qadınlar arasında isə Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıb.

 

4 oktyabr 2019-cu il tarixində Khanty-Mansiysk-də Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi Dünya Şahmat Kubokunun final oyununda kuboku qazanan Teymur Rəcəbovun qələbəsi Azərbaycan şahmat məktəbinin inkişafının  dünya müstəvisində növbəti parlaq səhifəsidir. Bu qələbə yarım sərdir davam edən uğur səlnaməsinin davamıdır.

 

Teymur Rəcəbov Dünya Kubokunun iştirakçıları arasında ən güclüsü olması ilə Azərbaycan şahmat məktəbinin tarixin fərqli dövrlərində formalaşan ənənəvi zəfərin məkanı olduğunu sübut etdi. Rəcəbov bunu bütün mərhələlərdə nümayiş etdirdi. Azərbaycan şahmat komandası daha əvvəl də 3 dəfə komandalar arasında Avropa çempionu olmuşdur. Şəhriyar Məmmədyarovun rapid üzrə dünya çempionu olması və Rəcəbovun qeyd edilən son nailiyyəti ilə hazırda komandamız qitə çempionu ranqındadır. 

 

Qeyd etmək lazımdır ki, gənc istedad Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda yüksək ustalıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığı qələbə ilə  Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi Azərbaycan ölkə idmanının tarixinə düşüb. Bu Azərbaycan şahmatının  növbəti qızıl dövrüdür.

 

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI