Yuxarıya
skip to main content

Sovetin “dini”

04.10.2019

 

Qəribə də olsa bu gün insanlar arasında həm də sovet dindarlığını nümunə olarq qeyd edənlər var. Bəzilərinə görə, qadağalar dönəmində müsəlmanlıq və dindarlıq daha səmimi və içdən gəlib. Buna görə də sovet dövrünün dindarlığının qadağa zamanında az sayda insanın, səmimi şəkildə dinə bağlılıqlarını, Allah qarşısında vəzifəsini yerinə yetirdiyini düşünür. Burda qismən həqiqət payı var. Amma bu saflıq və səmimiyyət həm də dindar sayın az olması, kütləvi dindarlığın, eləcə də təriqət və məzhəblərin geniş yayıla bilməməsinə borcludur. 

 

Bütün hallarda SSRİ zamanında formal da olsa dini qurumlar, məscidlər fəaliyyət göstərirdi. Hətta qadağaların ən sərt dövrlərində respublikada 18 məscid – 2-si paytaxtda olmaqla – fəaliyyət göstərir, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi ölkə müsəlmanlarının və Zaqafqaziya müsəlmanlarının dini rəhbərliyini həyata keçirirdi. Azərbaycandan gənclər Orta Asiyanın İslam dini təhsil müəssisələrinə oxumağa göndərilirdi. Bütün bunlar ümumi formada ifadə etmiş olsaq bir sovet dindarlığı formasını ortaya çıxarmışdı. Amma bu proses xeyli mürəkkəb olub, bir neçə mərhələdən keçib. Bu yazıda “yaxın tarixdə” dini siyasəti və Azərbaycanda dindarlıq mövzusunu araşdırmağa çalışacağıq.

 

İlkin sovet dindarlığı

 

Məlum olduğu kimi, 1917-ci ildə “Şərqin bütün müsəlmanlarına” çağırış edən[2] sovet rəhbərliyi dinlərə və o cümlədən İslama qarşı o qədər də düşmən münasibət göstərmirdi. Baxmayaraq ki, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq (Məşixat) təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır[3]. Azərbaycan dini fəaliyyəti isə Ufada (Başqırdıstan) yerləşən Mərkəzi Ruhani İdarəsinə tabe etdirilir.

 

1920-ci ildə sentyabrın 1-də Bakıda 37 ölkədən 1891 nümayəndənin iştirakı ilə Şərqin Məzlum Xalqlarının Birinci Qurultayı keçiriləndə sovetlər müsəlman şərqi ilə yaxşı əlaqələr qurmaq istəyirdi. 7 gün davam edən qurultay azadlıq və istiqlaliyyət uğurunda mübarizədə Şərq xalqlarının birliyinin zəruri olduğunu göstərirdi[4].

 

Ancaq tezliklə bu dost münasibət dəyişdi və 1923-cü ildən sonra tədricən dini qadağalar başladı. 19 may 1921-ci ildə Azərbaycan SSR ilk konstitusiyasında dinin dövlətdən ayrı olduğu, ancaq vətəndaşlara dini etiqad azadlığı tanınırdı[5]. Lakin cəmisi 2 ildən sonra SSRİ Dövlət Siyasi İdarəsinin 6 nömrəli məxfi sərəncamı əsasında Azərbaycan Fövqəladə Komissarlığı “Azərbaycan SSR-də müsəlman dinini parçalamaq planı” hazırlayır[6]. 1924-cü il yanvarın 8-də “Din əleyhinə komissiya” yaradılır[7] və ölkənin hər yerində “Allahsızlar ittifaqı” və “Mübariz allahsızlar ittifaqı” təşkilatları yaradılır və həmin il ilk dəfə olaraq Aşura və Məhərrəmlik mərasimləri qadağan olunur (Səmədov, 2009, 35).

 

Ancaq dini qadağalar bəzən sərt etirazlar doğurduğu üçün sovet hökuməti geri çəkilməli olurdu. Məsələn, sovetlərin ilk illərində Aşura və Məhərrəmlik mərasimləri qadağan olunsa da, baş verən etirazlardan sonra 1923-cü il avqustun 1-də verilmiş xüsusi dekretlə[8] bu qadağa ləğv edilir. Lakin Aşura və Məhərrəmlik mərasimləri məscidlərdə və açıq meydanlarda deyil. daha çox qapalı yerlərdə qeyd olunsa da, din xadimlərinin də iştirakı ilə Aşura mərasimlərinin qeyd olunmasına qarşı təbliğat aparılır. 1925-ci ildən sonra isə Aşuraya qarşı kampaniya bütövlükdə İslama qarşı kampaniyaya çevrilir.

 

1927-ci ildən başlayaraq dinə hücumlar kütləvi xarakter alır və ilk dəfə İslamın atributu hesab olunan çadraların açılması kampaniyası başlayır. Buna paralel olaraq məscidlərin qapadılması prosesi başlayır. 1917-ci ildə Azərbaycanda olan 3 min məscid olduğu halda 10 il sonra məscidlərin sayı 1700 məscid fəaliyyət göstərib[9]. Məscidlərin qapadılması bundan sonra daha da sürətlənir. 1929-cu ildə bir il ərzində Azərbaycanda 400 məscid bağlanır. Onların bir qismi klub və ya mədəni-maarif mərkəzinə çevrilir. 1933-cü ildə isə ölkədə artıq 17 məscid açıq olur, digərləri isə bağlanır, sökülür və ya təyinatı dəyişdirilir.

 

1929-cu ildə SSRİ hökuməti “Dini Birliklər Haqqında” qərar qəbul edir və bu qanun SSRİ dağılana qədər fəaliyyət göstərir. Bu qərarda göstərilir ki, “dini cəmiyyətlər dindarların, əsasən ibadət binalarının hüdudlarında dini tələbatlarının ödənilməsindən başqa hər hansı başqa fəaliyyətlər məşğul olmaq hüququna malik deyillər”. Eyni zamanda SSRİ ərazisində dini təbliğat rəsmən qadağan edilir. 1934-38-ci il repressiyaları zamanı minlərlə din xadimi, o cümlədən, Mirməhəmməd Kərim Ağa və daha neçə-neçə nüfuzlu din xadimi və ruhani edam edilir (Orucov, 2012, 170). Bu repressiyalar zamanı həm də bir çox təriqətlər də məhv edilir.

 

Bolşevikləri imana gətirən müharibə

 

Baxmayaraq ki, repressiya və qadağalar sonrakı illərdə də davam etdi. Ancaq İkinci Dünya Müharibəsi SSRİ-də dini sahədə dönüşə səbəb olur. Bunun bir sıra səbəbləri vardı. Yeri gəlmişkən,tarixi məlumatlara əsasən 1943-cü ildə Tehran konfransından qayıdan Stalin ilk dəfə Bakıda “Göy Məscid”in ibadətə açılmasıan icazə verir[10].

 

Ehtimal ki, Tehran konfransında İranın taleyini müəyyən edən danışıqlar zamanı Stalinin Şərqə açılım, həmçinin Cənubi Azərbaycanı birləşdirmə planı olub və bu planın həyata keçirilməsi üçün təbii ki, din sahəsində yumşalmağa ehtiyac vardı. Çünki İranda yaşayan azərbaycanlılar üzərində din amili çox güclü təsirə malik idi, onların ateist və dini qadağan edən bir ölkəyə birləşməsi problem ola bilərdi. Buna görə də sovetlərin antidin obrazını yumşaltmağa ehtiyac yaranmışdı.

 

 

Ancaq sovetlərin din sahəsində yumşalmasının əsas səbəbi nasizmə qarşı müharibə idi. Məsələ ondadır ki, Hitler Almaniyası din faktoruna xüsusi önəm verir, müsəlmanlara ibadət və ayinləri keçirmək azadlığı verirdi. Bu səbəbdən də sovet müsəlmanlarının bir çoxu qarşı tərəfə keçərək ateist sovetlərə qarşı vuruşurdu. Hələ 1941-ci ildə Almaniya tərəfə keçən 280 min sovet hərbçisinin 170 mini müsəlman olub. Onların içərisində həm də azərbaycanlılar olub. Hansı ki, Azərbaycan legionlarında birləşmişdilər. Şimali Qafqaza qədər irəliləyən alman qüvvələrinə yerli müsəlmanlar da müqavimət göstərmirdi.

 

Bunu hiss edən sovet hakimiyyəti din siyasətini dəyişir. Artıq 1942-ci ilin əvvəlində SSRİ-də fəaliyyət göstərən “Ateist” nəşriyyatının “Allahsız” qəzeti, “Antidin” jurnalının fəaliyyəti dayandırılır (Səmədov, 2009, 36).

 

Beləliklə, sovet hakimiyyəti məcbur qalaraq dini fəaliyyətlərə icazə verməli olur. Yumşalma nəticəsində SSRİ ərazisində dini idarələr bərpa olunur. 1944-cü il aprelin 14-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (ZMRİ) yaradılır. Mayın 25-28-də isə ZMRİ-nin ilk qurultayı keçirilir və Axund Ağa Əlizadə Şeyxülislam seçilir. Eyni zamanda 1943-cü ildə SSRİ Xalq Komissarları Soveti yanında Rus-Pravoslav Kilsəsi üzrə Şura, 1944-cü il mayın 19-da isə SSRİ Xalq Komissarları Sovetinin 572 nömrəli qərarı ilə digər regionlarda başqa dinləri əhatə edən Dini İşlər üzrə Şura yaradılır (Məmmədov, 2019, 206).

 

SSRİ hökuməti yanında təsis edilmiş dini işlər şuralarının səlahiyyətinə dini duruma və dindarlara nəzarət vəzifəsini təmin etmək daxil idi. Dini işlər üzrə Şuranın Azərbaycan bölməsi müvəkkil qismində 1944-cü il iyulun 9-da təsis edilib. Dini İşlər Şurasının Azərbaycan SSR üzrə ilk nümayəndəsi Bəybala Şahbazbəyob təyin olunub (yenə orda).

 

O dövrün məlumatlarına əsasən müəyyən yumşalma qeydə alınıb, bəzi məscidlərin fəaliyyətinə icazə verilib. Ən mühüm isə məhdud sayda da olsa müsəlmanların dini vəzifə olan Həcc ziyarətinə getməsinə icazə verilib. 1945-ci ildən 1990-cı ilədək SSRİ-də 900 sovet vətəndaşı Məkkəyə ziyarətə gedib. Sovet İttifaqı 1945-1990-cı illərdə hər il cəmi 25 nəfəri Həccə göndərmək üçün kvota ala bilmişdi[11].

 

 

Sovet zamanı İslam dini təhsili müəssisələri Orta Asiyada fəaliyyət göstərib. Buxara “Mir-Ərəb” mədrəsəsi orta, İmam Əl-Buxari adına Daşkənd İslam İnstitutu isə ali dini təhsil verib. Ancaq Azərbaycanda 1950-ci illərdə başlayan yenidən dini təzyiq mühitində din xadimlərinin sayı kəskin azalıb. 1980-ci illərdə ölkədə rəsmi qeydiyyatda olan ruhanilərin sayı 120 nəfərdən bir qədər çox olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili varmış[12]. Lakin qeyri-rəsmi ruhanilərin sayı daha çox olub. Ölkədə daha “kütləvi dini təhsil” isə evlərdə verilirdi[13]. Məsələn, Şeyxülislam Allahşükür Paşazadə xatırlayır[14] ki, 60-70ci illərdə cənub bölgəsində Şeyx Qüdrət, Şeyx Qələm, Molla Müzəffər, Şeyx Bəşir, Şeyx Məhəmməd, İmam Axund Lənkəranlı, Molla Muqeyib, Molla Hüseyn, Molla Rəhmət, Molla Cəbrayıl, Molla Baba Rüdəkəranlı kimi axundlar, din alimləri sovet Azərbaycanında dinin işığını sönməyə qoymadılar, bütün çətinliklərə baxmayaraq, təqib, təcridlərə rəğmən qəlblərdəki közü qoruyub saxladılar, ruhani bulağının qurumasına yol vermədilər.

 

Azərbaycanda rəsmi dini idarə fəaliyyətini bərpa edəndə ölkədə cəmisi 11 məscid fəaliyyət göstərib, sonrakı illərdə isə bu məscidlərin sayı bir qədər artaraq 17-ya çatıb[15].

 

Eyni zamanda 1950-ci illərdən sonra İslama qarşı mübarizə davam edib. rəsmi sənədlərə əsasən 1948-ci ildən 1976-cı ilə qədər olan dövrdə Azərbaycanda İslam əleyhinə 96 kitab yazılıb, hər il 15 minə yaxın məruzə oxunub.

 

SSRİ Nazirlər Sovetinin 1965-ci il 8 dekabr tarixli qərarı ilə SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurası yaradılır. Şuranın əsasnaməsində qeyd olunurdu ki, bu qurum sovet dövlətinin din sahəsindəki siyasətini həyata keçirir. Şura yerli sovet orqanlarının təqdimatı əsasında dini təşkilatları qeydə almaq və qeydiyyatdan çıxarmaq hüququna malik idi.  

 

Sovetlərə “islam təhlükəsi”

 

İkinci Dünya Müharibəsindən 1979-cu ilə qədər olan 35 il ərzində SSRİ hakimiyyəti din üzərində nəzarəti zəiflətmədi, əksinə Stalindən sonra başlayan kommunizm quruculuğu dövründə dinə təzyiq daha da artdı. Ancaq həmin dövrdə SSRİ həm də müsəlman dünyası ilə geniş əlaqələrə malik idi. Bu səbəbdən də dövlət İslam mərkəzlərinin fəaliyyətini qoruyub saxladı. Üstəlik SSRİ-də bir neçə beynəlxalq din konfransı keçirilib. 1970-ci ildə Daşkənddə Ümumdünya müsəlman din xadimlərinin “Sülh uğurunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyəti” adlı konfransı[16], 1977-ci ildə Moskvada Din Xadimlərinin Ümumdünya Konfransı və daha bir neçə beynəlxalq konfrans keçirilib. Bu cür konfranslar. eləcə də sovet din xadimlərinin müsəlman ölkələrinə səfərləri SSRİ-nin müsəlman ölkələri ilə əlaqələrinin yaranmasında vasitəçi olurdu.

 

Ancaq 1979-da baş verən iki hadisə sovetləri dini proseslərə daha yaxından maraqlanması, bir mənada proseslərin içinə daxil olub, narahat olmasına səbəb oldu. Birinci hadisə 1979-cu il fevralın 11-də baş verən İran İslam inqilabı idi. SSRİ-nin nəhəng cənub qonşusu, Xəzərdə dəniz sərhədləri olan İranda inqilab baş vermiş və hakimiyyətə islamçılar gəlmişdi. İranın Azərbaycanla tarixi, etnik və məzhəbi bağları vardı, eləcə də SSRİ dövründə Bakıda İran konsulluğu belə fəaliyyət göstərir, ölkənin cənub rayonlarında İran radioları dinlənilirdi. Bu hadisə SSRİ dini idarələri və xüsusi xidmət orqanları üçün əlavə problem idi. Azərbaycanda dindar əhali arasında İran inqilabına simpatiya bəsləyən adamlar vardı.

 

İkinci mühüm hadisə isə SSRİ-nin 1979-cu ilin dekabrında Əfqanıstana hərbi müdaxiləsi idi. Sovet hakimiyyəti Əfqanıstandakı sovet müttəfiqi hakimiyyəti qorumaq üçün bu ölkəyə müdaxilə etmişdi. Sovet işğalına qarşı Əfqanıstanda cihad hərəkatı elan olunub[17], dünyanın müxtəlif nöqtələrindən islamçı könüllülər “ateist” sovet ordusuna qarşı savaşmaq üçün Əfqanıstana axışmışdı. Bu zaman sovetlərin müsəlman düşməni olmadığı imicini yaratmaq üçün müsəlman ruhanilərin köməyinə müraciət olunub. ZMRİ-nin o zamankı sədri Şeyxülislam Allahşükür Paşazadə dəfələrlə Əfqanıstana gedib oradakı siyasi və ruhani liderlərlə şəxsən danışıqlar apararaq 200 nəfərdən çox müsəlman əsilli sovet əsgərlərinin əsirlikdən azad edilməsinə nail olub, sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi şöhrət və nüfuz qazanıb[18].

 

Nəhayət, 3-cü məqam SSRİ- və o cümlədən Azərbaycana gəlib təhsil alan müsəlman ölkələrindən olan tələbələrin dini fəaliyyətləri. Bu tendensiya daha çox nisbətən yumşalma dövründə - 1985-ci il “yenidənqurma” illərindən sonra hiss olunmağa başlayıb. Təsadüfi deyil ki. Azərbaycanda ilk xarici missionerlər məhz müsəlman ölkələrindən gəlib Bakıda təhsil alan tələbələr[19] olub.

 

Bu dövrdə artıq sovet hakimiyyəti din üzərindən aktiv fəaliyyət həyata keçirirdi. 1986-cı ildə Bakıda dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndənin iştirakı ilə “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirilib. 1980-ci illərdə artıq ölkədə 22 məscid fəaliyyət göstərirdi, ruhanilərin sayı isə 200-ə çatmışdı (Məmmədov, 2019, 205). Bu dövrdə yumşalma yerli ziyarətgahlara axını da artırmışdı. Həmin vaxt ölkədə 300-ə yaxın pir və ziyarətgah olub ki, onun da 100-ə yaxını mütəmadi ziyarət edilirdi.

 

1986-cı ildə Quranın 10 min tirajla çap olunması SSRİ-də din sahəsində yumşalmanın dah bir nümunəsi idi. 1980-ci illərin sonları isə artıq SSRİ-nin süqutuna səbəb olacaq milli-azadlıq hərəkatı din azadlığı dalğasını da özü ilə gətirdi. Bu isə yeni dövrün başlanğıcı idi.

 

Nəticə

 

Hər nə qədər “dinsiz hökumət” dövrü olaraq xatırlansa da, SSRİ dövründə din Azərbaycanda yaşadı. Hətta ən kəskin qadağalar dövründə sadə insanlar dini yaşatdı, SSRİ hakimiyyəti özü də dinə qarşı uzun zaman və kəskin mübarizə apara bilməyib. İkinci Dünya Müharibəsində alman təhlükəsi, daha sonra Yaxın Şərq və müsəlman aləminə açılması sovet rəhbərliyini dinlə yumşaq davranmasına səbəb olub. İnsanlar isə dini hətta ən sərt qadağalar dövründə yaşadıb, imanlarına sadiq qalıblar. Sovet təcrübəsi bizim üçün həm də keçilmiş yol kimi dinin inkarolunmaz reallıq olduğunu, onunla mübarizədən daha çox onunla yanaşı getmənin daha faydalı olduğunu öyrətdi.

 

 

Mənbələr

 

  1. Orucov Hidayət. Azərbaycanda din: Ən qədim dövrdən bu günədək. Bakı: CBS

Polygraphicproduction, 2012.

  1. Quluzadə Musa, Azərbaycan SSRİ-də dövlət-din münasibətləri (1920-1991-ci illər) Bakı: 2006.
  2. Azərbaycan İlahiyyat İnstitutu, Din Araşdırmaları Jurnalı, №1(2), iyun, 2019. Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət-din münasibətləri, i.f.d. Ceyhun Məmmədov.
  3. Səmədov Elsəvər, Azərbaycanda din-dövlət münasibətləri və dini təhsilin formalaşması, Bakı: 2009
  4. Məmmədov Ceyhun, “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”, Bakı: 2019

 


 

Kənan Rövşənoğlu
Dinin tarixi və müasir dünyadakı yerinə dair elmi araşdırmaların, populyar məqalələrin müəllifidir. Regional dövlətlərin media orqanları ilə daimi əməkdaşlıq çərçivəsində böyük təcrübə qazanıb.