Yuxarıya
skip to main content

Sovet dövrünün sosial-mədəni nailiyyətləri: imtina etmək, yoxsa qorumaq?

24.09.2019

XX əsr Azərbaycan mədəniyyətinin böyük bir mərhələsi sovet dövrünə düşür. Bu dövrün Azərbaycan tarixində qiymətləndirilməsi hələ də tam obyektivlikdən uzaqdır: sovet illərini yalnız qara rəngdə görənlər də, bu dövrü yalnız möhtəşəm yüksəliş illəri kimi vəsf edənlər də eyni dərəcədə haqlı, eyni dərəcədə yanlış düşünürlər. 70 illik zaman kəsiyində elm, maarif və incəsənətin dövlət himayəsi nəticəsində əldə etdiyi yüksək inkişaf səviyyəsi paradoksal şəkildə bu sahələrdə əvəzedilməz itkilər, mənəvi və fiziki repressiyalar, kobud müdaxilələrlə müşayiət olunan dəhşətli hadisələrlə birgə mövcud olub.

 

Sovet totalitar rejimində mədəniyyət proseslərinin axarı 20-50-ci illərin 2-ci yarısınadək radikal-aqressiv metodlarla tənzimlənib. 20-ci illər keçmişin mədəni irsinə inkarçı münasibət (Muğam operaları və tara qarşı hücumlar, Üzeyir Hacıbəyova qarşı mənəvi terror və ittihamlar), 30-cu illər repressiyalar dalğası, 40-ci illər dəqiq ideoloji və bədii ölçüləri müəyyənləşdirən, mənəvi repressiyalara start verən qərarlar, 50-ci illər əvvəlki illərin xofu və dərsi ilə tərbiyələnmiş ciddi “daxili senzura” mexanizmi, 60-ci illər isə ədəbiyyat və incəsənətdə, xüsusilə də musiqidə rəsmi dəyərlərə müxalif yeni istiqamətlərin mövcudluğunun mümkünlüyü ilə xarakterizə olunur. Bu proseslər, əslində, cəmiyyyətin bütün ziyalı təbəqəsinin həyatında az və ya çox dərəcədə müşahidə edilirdi.

   

20-ci illərdə bütün sovet bədii məkanında Ppoletkult ideologiyası, trotskizm və leninizmə əsaslı ifrat solçuluq təmayülü geniş vüsət almaqda idi. Düzdür, sovet rəsmi dairələri ən yüksək səviyyədə proletkultun mədəniyyət siyasətini kəskin tənqid etdi və dövlətin baş ideoloqu V. İ. Lenin partiyanın adından bu mövzuda xüsusi bir məqalə də yazdı. Lakin proletkultun əsas tezisi – “proletariatın mədəniyyəti sinfi mədəniyyətdir” formasını dəyişsə də, dəyərlər sisteminin təməl daşı olaraq qaldı. Milli respublikalarda bu siyasət təkcə mədəniyyət işi deyil, gələcək siyasi məqsədlərə hədəflənmiş mühüm strategiyanın kifayət qədər güclü taktikası oldu. Keçmişləri, mədəni irsi,  bədii təfəkkürü müxtəlif olan insanları ümumi məxrəcə gətirərək vahid sosialist, proletar mədəniyyəti yaratmaq üçün məhz keçmişlər, köklər mütləq təftiş olunmalı və yenidən konseptuallaşdırılmalı idi. Bu isə 20-30-cu illərdə bütün sosial həyat,  o cümlədən mədəniyyət sahəsində gedən proseslərdə də təzahür edirdi. Onları təsnifləndirməyə çalışaq. Mədəniyyət və mədəni yaradıcılıq da elə bu kontekstdə - 20-30-cu illərin sosial-siyasi kontekstində, tarixi proseslər baxımından işıqlandırılmalıdır.

 

Keçmişin mədəni irsinin, ümumiyyətlə sovet dövrünə qədərki irsin inkar edilməsi. Bu inkar sinfi, siyasi perspektivdən, sinfi münasibətlər meyarı ilə əsaslandırıldı.

 

Azərbaycan mədəniyyətinin ümumşərq, müsəlman incəsənəti ilə bağlı səhifələrini “İran-Fars” adı ilə bir kənara atmaq təşəbbüsləri irəli sürüldü.

 

Milli kadrlara, xüsusilə də yaradıcılığa sovetləşmədən əvvəl başlamış, böyük nüfuza malik şəxsiyyətlərin rolunun kiçildilməsi, kəskin sıçrayışla “yeni mədəniyyət” yaratmaq istəyində milli kadrlara etinasız münasibət göstərildi.

 

Bolşeviklərin məqsədi bütün sovet coğrafiyasında ənənəvi identikliklərə düşmən olan "yeni insan" tipi yaratmaq idi. Böyük rus filosofu Aleksander Zinoviev tərəfindən “Homo Sovetikus” olaraq adlandırılan bu yeni insan bolşevik inqilabından sonra Sovet İttifaqının yaratmağa çalışdığı tarixindən, mədəniyyətindən, adət-ənənəsindən qoparılmış, milli mənsubiyyət duyğuları olmayan, dinsiz-ateist “sovet vətəndaşı” tipinin adıdır. İnsanın “həqiqi və inteqral mədəniyyətinin” carçısı olan leninist-trotskist sosio-kultural paradiqmanın nümayəndəsi, yazar Vladimir Kirillov bildirirdi ki, biz sabahımız üçün Rafaeli yandıracaq, muzeyləri dağıdacaq, incəsənətin zərif güllərini ayaqlarımız altında əzəcəyik. Sovet-bolşevik  modernizminin əldə etdiyi ən böyük “nailiyyət” məhz bu yeni insan tipi – “Homo Sovetikus” olmalı idi. 20-ci illərdə elan edilən bu modernizm hərəkatının bütün mütərəqqi görünən xüsusiyyətləri, təhsil, sənaye, şəhərləşmə - hər şey bu tipin yaradılmasına xidmət edirdi.

 

Bolşeviklər hələ ilk illərdən uşaqlar və yetkinlər üçün böyük təhsil səfərbərliyi başlatdı. Çar dövründəki insanların yalnız 5%-nin təhsil imkanlarından yararlana bildiklərini nəzərə alsaq, bolşeviklər hakimiyyətə gəldiyi zaman savadlılıq səviyyəsi olduqca aşağı idi. Bu səbəbdən böyüklər üçün də “fəhlə fakültələri” yaradılırdı. Bu fakültələrdə işçilərin əsas və nəzəri, eləcə də peşə və praktiki təlimlərə yiyələnməsi təmin edilirdi. Təhsil sosietal səviyyədə hər kəs üçün pulsuz və məcburi hala çevrildi. Təhsilləndirmə hərəkatı geniş vüsət aldı və 1932-ci ildə artıq uşaqların 98%-i məktəbə gedirdi. Daha sonra Sovet İttifaqı savadlılıq dərəcəsində  100 faizlik nəticə ilə dünya birincisi oldu. Təhsil səfərbərliyi sovet xalqlarını elm və texnologiyada böyük uğur qazanan cəmiyyətə çevirə bildi.

 

Lakin 30-cu illərin əvvəllərindən başlayaraq, bütün İttifaq respublikalarında yeni sosial-mədəni yanaşmalar, yeni strateji paradiqmalar müəyyən edildi. Buna müvafiq olaraq, 20-ci illərdə dominant konseptə çevrilən köksüz, identikliksiz, milli mənsubiyyətsiz “insan modeli” tərk olundu və xalqların identiklik – milli mənsubiyyət şüurunun inkişafı, eləcə də onların spesifik kultural yaradıcılığı təşviq edilməyə başlandı.

 

Bu yolda futurist oriyentasiyada yaradılan proletkult ləğv edildi. Ümumsovet mədəniyyəti artıq klassik təməlləri, folk dəyərlərini üstün tutmalı idi. Bütövlükdə SSRİ  miqyasında bu yeni kultural siyasət böyük ideoloq Andrey Jdanovun “Jdanovşina” adlandırılan doktrinasının prinsiplərinə əsaslanırdı. Bu prinsiplərə görə, ideoloji sapmaya səbəb ola biləcək yad, qeyri-sovet ünsürlər kultural sferadan çıxarılmalı idi.  Amerikan qlobalizminə və kultural imperializminə qarşı gəlməkdə mədəniyyət və onun inteqrallığının sahib olduğu əlahiddə əhəmiyyət qəbul edilməyə başlandı. Jdanovşinaya görə, “kultural soyuq müharibənin” qarşısında sovet mədəniyyəti Marksist doktrinanı deyil, klassik Rus-Avropa ruhunu əks etdirməli idi. Bununla da, ABŞ tərəfindən dünyaya təlqin edilən köksüz, kosmopolit və nihilist “incəsənətə” qarşı ideoloji-kultural müdafiə zirehi qəbul edildi. Rəssamlıqda mücərrəd ekspressionizm və musiqidə amerikan musiqisi degenerativ incəsənət formaları olaraq dərk edildi. Bu malformasiyaların sovet kultural dəyərlərini, eləcə də sovet insanının zövqünü aşındıra biləcəyi düşünülürdü.

 

1936-cı ilin dekabrında qəbul olunan sovet Konstitusiyasında Azərbaycan SSRİ-nin bərabərhüquqlu dövləti kimi göstərildi. Bu qərarın qəbulundan sonra digər xalqlar kimi Azərbaycan xalqının da qədim tarixə malik olduğu əyani faktlarla sübut edilməli idi. Azərbaycanlıların qədim tarixə sahib olduqlarını, gəlmə olmadıqlarını və eyni zamanda zəngin ənənələri təcəssüm etdiklərini ortaya qoymaq Stalin deportasiyasından yaxa qurtarmaq üçün də vacib hesab olunurdu.  Bu məqsədlə də 30-cu illərin ikinci yarısından etibarən "Sovet patriotizmi” adı altında sovetlərə daxil olan bütün xalqların tarixlərində "axtarışlar” aparılmağa başlandı. Ümumittifaq miqyasında Puşkinin ölümünün yüz ili ilə yanaşı, erməni eposu "David Sasunski”nin 1000 illiyi və Şota Rustaveliyə məxsus gürcü poeması "Pələng dərisi geymiş cəngavər”in yazılmasının 750 illiyi qeyd edildi. Azərbaycanda da Nizaminin anadan olmasının 800 illiyinə hazırlıqlar gedirdi. İranşünas Yevgeni Bertelsin 1939-cu ilin fevral ayında "Pravda” qəzetində yazdığı "Dahi Azərbaycan şairi Nizami” məqaləsi ilə akademik səviyyədə Nizaminin azərbaycanlı olduğunu bəyan etdi. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Arxiv İdarəsinin rəhbəri O.Tamazaşvili sözügedən məqalənin sifarişlə yazıldığını iddia etsə də, Bertelsin fikirləri Azərbaycan şairi olaraq Nizaminin anadan olmasının 800 illiyinin qeyd edilməsinə hazırlıq proseslərinə xüsusi stimul verdi.

 

Rus şərqşünasları öz məqalələrində Nizamini Xəqani, Füzuli və Nəsimi kimi Azərbaycan ədibləri ilə birgə qeyd etməyə başladılar. İncəsənətdə və ədəbiyyatda bütün əsərlərin siyasi ideologiyanı təbliğ etməli olduğu məcburiyyətindən Nizaminin əsərləri də yayına bilmədi. “Koroğlu” operasını yazan Ü.Hacıbəyovun Koroğulunu proletariat inqilabçısı, bolşeviklərin orta əsrlərdəki sələfi kimi təqdim etməyə məcbur olması kimi, Y.Bertels də Nizaminin “İsgəndərnamə” poemasının sonuncu hissəsində yaratdığı və təsvir etdiyi utopik ölkənin Sovetlər Birliyi olduğunu qeyd edirdi. Nasist Almaniyasının SSRİ-yə hücumu ilə bağlı olaraq Nizaminin 800 illik yubileyinin qeyd edilməsi təxirə salınsa da, bütün elmi-akademik çevrələr Nizamini Azərbaycan ədibi olaraq qəbul edirdilər.

 

Azərbaycan milli musiqisi də sovet dövründə özünün yüksək inkişaf mərhələsinə çatdı. 1920-1932-ci illərdə, Azərbaycanda instrumental və simfonik musiqi səhnəsində ilk nümunələr meydana çıxdı. Ü.Hacıbəyovun "Təntənəli marş" (Azərbaycan İşçi Dram Teatrının 10 illiyinə həsr olunmuşdur), A.Zeynallının dram tamaşalarına bəstələdiyi musiqi əsasında yazdığı "Fraqmentlər" süitası böyük əsər hesab edilirdi.  1953-cü ildə M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində F.Əmirovun "Sevil" operası tamaşaya qoyuldu. Bu, dövrümüzün həqiqi obrazını açıb göstərən ilk Azərbaycan lirik operası idi. 50-ci illər Azərbaycan simfonik musiqisinin də xeyli zənginləşməsi ilə qeyd edilməlidir. 60-cı illərdə böyük bəstəkar və dirijor Niyazi klassik musiqimizin, Lütfiyar İmanov isə opera sənətinin zirvəsi oldu. “Sovet sinatrası”, “Mahnılar kralı” Müslim Maqomayev öz operatik səsi ilə SSRİ hüdudlarını aşmaqla, bütün Avropada tanınmış bir baritona çevrildi. Vokal əsərləri ilə dünya şöhrəti qazanan soloçu Rəşid Behbudovun da konsertlərinin hüdudu Argentinadan Hindistana qədər uzanırdı. Fikrət Əmirov, Vaqif Mustafazadə, Tofiq Quliyev kimi bəstəkarlarımız, eləcə də Toğrul Nərimanbəyov, Tahir Salahov, Tokay Məmmədov, Ömər Eldarov, Səttar Bəhlulzadə, Lətif Kərimov kimi rəssam və heykəltəraşlarımız SSRİ-nin “dəmir pərdəsini” dəlməklə Azərbaycan incəsənəti və musiqinin gücünü bütün dünyaya duyura bilirdilər.

 

Digər tərəfdən, texniki elmlərdə də tamamilə bir intibah baş verirdi. Çernobıl faciəsinin daha geniş əraziləri əhatə etməsinin qarşısını ala bilən "Babayev lateksi" kimyəvi texnologiyası ilə bütün SSRİ-ni təəccübləndirən Əbülfəz Babayevi, Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, tanınmış mühəndis, Qaqarin, Sialkovski və Korolyev adına fəxri medallara sahib çox az alimdən biri olan Tofiq İsmayılovun, Hindistan və Braziliyada ilk neft quyularını qazaraq bu ölkələrin “neft kralı” adlandırılan, böyük mühəndis Eyub Tağıyevin, Marsda adına krater olan Nadir İbrahimovun, rus kosmos elmi tarixinə adı qızıl hərflərlə yazılan Kərim Kərimovun, kristalloqraf alim, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədovun, 360 gənc sovet alimi arasından seçilərək staj keçmək üçün ABŞ-a getmək hüququ əldə edən, Prinston Universitetində aparıcı professor kimi “Avtomatik idarəetmə sistemləri: rəqəmli ölçü texnikası”, “Neft-kimya sənayesinin avtomatlaşdırılması” fənnlərindən mühazirələr oxuyan, prezident R.Nikson tərəfindən Ağ Evə dəvət olunan Nazim Babayevin adlarını mütləq qeyd etməliyik.

 

 

Kinematoqrafiya sənayemizin inkişafı isə “Arşın mal alan” filmi ilə başladı. 1945-ci ildə çəkilən və Üzeyir Hacıbəyov dühasının bəhrəsi olan bu film 136 ölkədə nümayiş etdirildi, 86 dilə tərcümə olundu. On il sonra çəkilən və milli kinomuza şöhrət gətirən digər film isə “O olmasın, bu olsun” idi və 40-dan çox ölkədə nümayiş olunmuşdu. 1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu intibah dövrünü yaşayıb. Kinematoqrafçıların yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılıb. Ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunub. Bu sıraya “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” və s. kimi nəhəng kino sənəti nümunələri daxil idi.

 

 

Beləliklə, 70 illik sovet dövründə sosial-mədəni həyatın mühüm istiqamətlərində böyük nailiyyətlər əldə edildi. Texniki sahədə elmi inkişaf yeni dimensiyalar qazandı. Musiqi, teatr və kinematoqrafiya sahələrində müşahidə olunan sürətli tərəqqi də bu dövrün sosial-mədəni həyatının nəzərəçarpan digər aspekti idi. Bu uğurlar eyni zamanda milli identiklik şüurunun qüvvətləndirilməsində də bir impuls rolunu oynadı.

 

 

Sovet İttifaqı Azərbaycan xalqının müasir tarixində mühüm mərhələ oldu. Modernizmin, iqtisadi və mədəni inkişafın bir çox aspektləri sovet hakimiyyəti illərində sınaqdan çıxarılıb. Lakin bununla bərabər, yenə həmin dövrün mənfi cəhətləri ilə üzləşməməyimiz qeyri-mümkündür. Repressiyalar, senzuralar, boğulan sosial-iqtisadi azadlıqlar və s.

 

Ona görə də tariximizin bu 70 ilini təhlil edərkən mədhiyyədən və demonizasiyadan uzaq durmalı, bu dövrün mədəni-sosial nailiyyətlərini qorumalıyıq. Bu nailiyyətlərin rədd olunması bütün cəmiyyəti ağuşuna alan kəskin dekadensiya riski doğura bilər. Əksinə, bu uğurları bu günün müstəqil gəncliyinə doğru şəkildə nəql etmək və onların üzərində daha böyük kultural innovasiyalara nail olmaq üçün səy göstərməliyik.

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.