Məqalələr

Qloballaşma qarşısında inteqrasiya, yoxsa mühafizəkarlıq?

avatar
Sübhan Padarsoy
2019-09-27

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan" kitabının müəllifidir.

 

Modern qloballaşma və sürətli telekommunikasiyalar əsrində milli dövlətlər, eləcə də onların təməlini təşkil edən sosio-etno-kultural dəyərlər qarşısında ciddi təhdidlər ortaya çıxarıb. Xüsusən də, Qərbdə İkinci Dünya Müharibəsindən sonra başlayan xalqların kütlələşməsi prosesi bu gün kuliminasiya həddinə çatıb.

 

Çoxirqlilik və çoxmədəniyyətlilik ideologiyaları çərçivəsində dünya xaqlarını kultural, siyasi və iqtisadi prinsiplər baxımından homogenləşdirmək, hər bir perspektivdən ümumdünya düzəni və ya vahid Qlobal Hökumət yaratmaq illüziyaları meydana çıxıb. Bu kontekstdə milli dövlətlər və onların milliliyini mühafizə edən sütunlar dəf edilməli olan əngəllər olaraq dərk edilir. Qlobal, transmilli, postindustrial, informasional, konsyumerist, neoliberal və “yenidən strukturlaşdırılmış” xarakter alan kapitalizm milli dövləti, onun makroiqtisadi planlaşdırmasını, kollektivist rifahını, vətəndaşlarının kollektiv identiklik anlayışını təməlindən sarsıdır. Yeni “qlobal limitlər”, xüsusilə də ətraf mühit və sürətlə artan əhalinin yaratdığı təhdidlər milli dövlətlərin təkbaşına öhdəsindən gələ bilməyəcəkləri yeni qlobal “risk cəmiyyəti” formalaşdırır. Yeni texnologiyadan istifadə etməklə “identiklik siyasəti” və “modern sosial hərəkatlar” milli identikliklər üzərində transmilli identikliklərin gücünü artır. 

 

Modern dünyada kultural degenerasiyaya səbəb olan faktorların ən önəmlilərindən biri “dəyər yükü” daşımadığı zənn edilən, amma dəyər ilə yüklənmiş yeni texnologiyanın yayılmasıdır. Məhz bu faktor hipersürətli telekommunikasiyalar vasitəsilə bəşəriyyətin fiziki həcmini ağılasığmaz şəkildə kiçildib. Milli mədəniyyətimizi inkişaf etdirmə və yaymada belə bir vasitəyə biganə qalınmamalıdır. Modern kommunikasiya vasitələrinə biganə olmaq onların yıxıcı təsirlərinə məruz qalma kimi bir nəticəni ortaya çıxara bilər.

 

Azərbaycanın spesifik cəhəti ondan ibarətdir ki, onun coğrafiyası və tarixi şərtləri hər zaman bir “tranzit” xarakteri ilə formalaşıb. Bir informasiya dalğası həmişə asanlıqla digəri ilə əvəz olunub. Yəni, heç bir informasiya cəmiyyətin idraki strukturunda bir intellektual ənənə olaraq kök sala bilməyib. Bu formasız və aberrant intellektual ənənəyə görə müxtəlif informasiyalar sadəcə toplanıb, lakin heç bir informasiya üzərində dərin düşüncə - refleksiya olmayıb. Kənardan gələn hər cür informasiyaya (dini təlim, təriqət, ideologiya və s.) açıq olsaq da, bu informasiyalar üzərində düşünmək və onların qəbul edilməsinin sosiokultural implikasiyalarını öyrənmək istəmirik. Çünki tarixən toplanmış informasiyaların üzərində düşünəcək və onu filtrasiya edərək qəbul edə biləcək “düşüncə kollektivi” formalaşmadı.

 

“Düşüncə kollektivi”nin yoxluğu Azərbaycan cəmiyyətinin dekadent və degenerat ideoloji axınlar qarşısında müqavimətsiz qalmasına səbəb olur. Hər bir məsələdə mövqeyimiz yalnız fərdi olaraq qalır, heç bir məsələ üzərində “kollektiv mobilizasiya” ortaya çıxmır. Analoji vəziyyətin digər Cənubi Qafqaz ölkələri üçün də keçərli olduğunu söyləyə bilmərik. Məsələn, Gürcüstanda əhalinin böyük çoxluğu Avropaya inteqrasiyanı dəstəkləməklə yanaşı, Avropa liderlərinin fundamental dəyər olaraq qəbul etdikləri “tolerantlıq” anlayışına rəğbətlə yanaşırlar. Lakin, Avropa Birliyinin Hüquqi, Konstitusional İslahat və İnsan Hüquqları üzrə müşaviri Tomas Hammerberqin “LGBT hüquqları məsələsinin müəyyən bir həyat tərzi məsələsi üçün propaqanda deyil, bütün insani varlıqların əsas hüquqlarının təmin edilməsi” olduğunu bildirməsi gürcü ziyalıları arasında ciddi etiraza səbəb oldu. Gürcü ziyalılarının bir neçəsi tərəfindən “ənənələrimizə hörmət edin” başlığı altında yazılan etiraz müraciəti “Kviris Palitra” qəzetində nəşr edildi. Gürcüstanın ənənəvi cəmiyyət olaraq təsvir edildiyi məktubda müəlliflər Qərbin öz süni ideologiyasını digər ölkələrə təlqin etməsindən və seksual azlıqların hüquqlarının dini və milli identikliyi ifadə etmək hüququ ilə eyniləşdirilməsindən şikayət edirdilər.

 

Gürcüstanda sivil cəmiyyət əsasən nativizm (“nativizm” - avtoxton əhalinin dəyər və ənənələrini qoruma siyasəti) olaraq dəyərləndirilə bilər. Onlar ölkənin dini və etnomilli identikliklərinin qorunması üçün mübarizə apardıqlarını iddia edən qruplardır. Bu qrupların bəziləri Gürcüstan Ortodoks Kilsəsi ilə əlaqəlidir. Onların mövcudluğu və təsir gücü son onillikdə nəzərəçarpacaq dərəcədə artıb. Liberal Qərb və lokal siyasi, sivil cəmiyyət qrupları onların nifrətinin ilkin obyektləridir. Onlar Müsəlman ölkələrindən gələn ziyarətçilər və biznesmenləri də təhdid olaraq qəbul edirlər.

Onların bəziləri açıqca Rusiya yönlü qruplar olsalar da, bütövlükdə bu qrupların hamısının Rusiya tərəfindən dəstəkləndiyi və Kremlin anti-Qərb təbliğatının bir parçasına çevrildiklərini güman etmək də doğru deyil. Gürcüstanda mühafizəkar vətəndaş cəmiyyəti kateqoriyasına daxil olan qrupları ən yaxşı təsvir etmək üçün istifadə edilə biləcək ifadə “Anti-Sorosçuluq”dur. Onlar bu yeni vətəndaş cəmiyyəti ilə assosiasiya edilən institutlar və normalara qarşı bir əks-reaksiya olaraq üzə çıxdılar. Nativist cəmiyyət sorosçular kimi yaxşı təşkil olunmuş və davamlı olmasa da, onların da özünəməxsus rəhbər prinsipləri var. Onların əsas mövzuları Qərb, yaxud qlobal liberalizm ilə gürcü identikliyi və mədəniyyəti arasındakı parçalanmadır. Gürcüstanın ultra-konservativ milyoneri Levan Vasadze bildirir ki, vaxtı ilə kommunist ideologiya tərəfindən işğal edildiyimiz kimi, bugün də liberal ideologiya tərəfindən işğal edilmişik. O qeyd edir ki, qlobal liberalizmin qüvvələri bizi öz gürcülüyümüzdən məhrum edir. Nativist cəmiyyətin demonlaşdırılmasında Sorosçu intellektuallar və aktivistlər təqsirləndirilsələr də, Gürcüstana qarşı bu konspirasiyanın başında M.Saakaşvili və onun lideri olduğu Vahid Milli Hərəkat partiyasının dayandığı iddia edilir.

 

Gürcü mühafizəkarlarına görə, Xristian dini deyil, Şərq Ortodoks Xristianlığı həqiqi gürcülüyün müdafiə qalasıdır və məhz bu qala Qərb liberalizminin qüvvələri tərəfindən təhdid olunur. Nativist cəmiyyətinin üzvlərinə görə, Qərb ateizm, seksuallıq üzərində libertarian ideologiya və Protestant sektalarının proselitizasiya (proselitizasiya – başqasını öz dininə və ya məzhəbinə döndərməyə çalışmaq) cəhdlərini dəstəkləməklə Ortodoks inancını sarsıtmaq istəyir. Ona görə də, bu nativist qruplar Kilsə ilə asssosiasiya olunur və əksər hallarda onlara keşişlər və özlərini həqiqi inancın müdafiəçiləri olaraq təqdim edənlər tərəfindən rəhbərlik edilir.

 

Gürcü Ortodoks Kilsəsi Gürcüstanda nativist sivil cəmiyyətin və konservativlərin öndə gedən aktyorudur. Tarixən dominant dini təşkilatlanma olan Kilsə Sovet İttifaqının dağılmasından sonra spektakulyar bir intibah vasitəsilə  öz gücünü qaytarmağa başlamaqla, ölkədə rəqibsiz əxlaqi hakimiyyət qazandı. 2017-ci ildə "International Republican Institute" tərəfindən aparılan araşdırmaya görə, Gürcüstanda Kilsəyə olan inancın səviyyəsi Gürcüstanın bütün dövlət institutlarına olan etimaddan daha çoxdur. Kilsə rəsmi bəyanatlarında ölkənin Avropaya inteqrasiyasını dəstəkləsə də, onun ən böyük və ən nüfuzlu hissəsinin Rus Ortodoks Kilsəsi ilə sıx əlaqələri var. Ona görə də, Qərb siyasi-hüquqi institutları bu nativist qrupların bütövlükdə Rusiya tərəfindən dəstəkləndiyi və Kremlin anti-Qərb təbliğatının bir parçasına çevrildiyini güman edir.

 

Ermənilər öz cəmiyyətlərini kəskin şəkildə qapalı və mühafizəkar cəmiyyət olaraq xarakterizə edirlər. Əsrlər boyu dini və etnik azlıqlar Ermənistan əhalisinin çox az hissəsini təşkil edib. Cəmiyyətə məxsus olmaq istəyənlər dil, mədəniyyət, gender rolları, geyim və din ilə bağlı erməni ənənələrini qəbul etməlidirlər. Qafqaz Tədqiqat Resurs Mərkəzinin araşdırmasına görə, Ermənilərin 74 faizi düşünür ki, erməni milli dəyərlərini bölüşmədən Ermənistan cəmiyyətinə məxsus olmaq qeyri-mümkündür. Hətta diaspora erməniləri də həqiqi erməni ola, ölkəni və erməni xalqını başa düşə bilməməkdə tənqid edilirlər.

 

Əksər İranlı tələbələr saç düzümləri və geyimlərinə görə Yerevana nisbətən Tehranda daha çox tolerans gördüklərini, Yerevanda tez-tez “gey” adlandırılaraq təhqir edildiklərini bildirirlər. Müstəqillikdən 25 il keçsə də, Ermənistan cəmiyyəti öz dilinə, dininə, mədəniyyətinə və etnosuna qarşı hər zaman təhdidin var olduğu düşüncəsi içindədir. 1915-ci ildə baş verən hadisələrin uzun illər müxtəlif dini-mədəni-ədəbi və digər vasitələrlə yaradılan travması hələ də öz canlılığını qoruyur. Ermənistan cəmiyyətində qadınlarla bağlı mühafizəkar davranışlara hər zaman bəraət qazandırılıb, çünki digər qruplar erməni qadınlarını müsəlmanlarla zorakı evlilik , qaçırma və təcavüz ilə hədələyib. “Lakin, əgər biz bugün müstəqil dövlət ideyasına sahib olmaq istəyiriksə, qadınlar üzərində ənənəvi tələblər qorunub saxlanılmalıdır” – deyə Yerevan İnsan Hüquqları Palatasının layihə koordinatoru Marina Marqaryan bildirib. 25 ilə yaxındır ki, Dağlıq-Qarabağ regionu üzərində Azərbaycanla davam edən münaqişə vəziyyəti və Türkiyə ilə daimi olaraq dəyişən münasibətlər xarici təhdidlərin hər zaman var olduğu düşüncəsinin yaranmasında önəmli amillərdir. Yerevanda Qadın Tədqiqatları Mərkəzinin direktoru Lara Aharonyan bildirir ki, hətta “Kultural müxtəliflik” yürüşlərinin təşkilatçıları və digər insan hüquqları aktivistlərinin özləri belə homofobdurlar. Onlar bunu göstərməsələr də, söylədikləri zarafatlarda bunu hiss etmək asandır. L.Aharonyan həm də onu qeyd edir ki, erməni diasporasında ən təsirli qruplar köklü ənənələr və mühafizəkar dəyərlərə Ermənistanda yaşayan ermənilərdən daha çox bağlıdır.

 

Göründüyü kimi qloballaşmanın qaçılmaz tələblərinin, Qərb dəyərlərinə inteqrasiya və onun doğurduğu kəskin kultural degenerasiya xüsusunda Gürcüstanda çox mühafizəkar mövqeyə sahib olan qruplar mövcuddur. Onlar cəmiyyət daxilində inteqrasiyonistlərə qarşı alternativ düşüncə və kollektiv reaksiya formalaşdıra bilmək gücündədirlər. Ermənistanda mühafizəkar qruplar Gürcüstanda olduğu kimi mütəşəkkil olmasa da, keçmiş SSRİ-nin etnik olaraq ən homogen ölkəsi olan Ermənistanda (əhalinin 96 faizi etnik ermənilərdən ibarətdir) əhalinin böyük əksəriyyəti modern Qərb dəyərlərini təmsil edən dominant trendlərə qarşı çox mühafizəkar yanaşmalara sahibdirlər.

 

Azərbaycanda isə bu perspektivdən situasiya nisbətən fərqlidir. Azərbaycan cəmiyyəti XXI əsrə də “düşüncə kollektivi” olmadan daxil oldu. Buna görə də, özlərini “Yeni Maarifçilər” adlandıran ziyalılarımız Qərbin texno-iqtisadi uğurlarına mədhiyyə söyləməkdən başqa heç nəyə qadir deyillər. Onlar elə həmin texno-iqtisadi imperativlərin, “rifah” idealının Qərb ölkələrini spiritual və kultural səfalət tsiklinə sürüklədiyini, Qərb İnsanının ("Homo Occidentalis") ontoloji olaraq necə deqradasiyaya uğradığını və qısırlaşdığını dərk etməkdən uzaqdırlar. Əksər Sovet “ziyalılarında” olan düşünmədən mədh etmək xəstəliyi özlərini “Yeni Maarifçilər” adlandıran “ziyalılarımız”da da özünü göstərir. Deməli, ziyalılarımızda təməl olaraq dəyişən heç nə yoxdur, dünən, onların düşüncələrinin mərkəzində sovet-kommunist ideologiyası dayanırdısa, bugünkü “ziyalılarımız”ın düşüncələrinin mərkəzində amerikançılıq və liberalizm dayanır.

 

2019-cu il fevralın 9-da Fevralın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Aynur Sofiyevanın “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən tədbirdə etdiyi çıxışı zamanı bildirib ki, Qərbdə ailə institutu deformasiyaya məruz qalıb. Fərqli ailə modellərini, eynicinslilərin nikahını bizə ailə modeli kimi sırımaq istəyirlər. Bunlara nəzər salanda Qərbdə ailə modelinin dağıldığını görürük. Bu da dünyada demoqrafik problemlərə gətirib çıxarır. Qərb bu problemləri həll etmək yerinə onu başqa cəmiyyətlərə ötürmək məqsədi tutub. Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən qalma bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bugünə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir. A.Sofiyevanın bu fikirləri insanları düşündürmək əvəzinə, həmin “verbovşiklər” tərəfindən Azərbaycanda homofobiya mövzusunun yenidən gündəmə gətirilməsinə səbəb oldu. Çünki kənardan gələn hər cür informasiyaya açıq olsaq da, onlar üzərində rasional tənqidi müşahidə aparmaq iqtidarında deyil. Dolayısı ilə, “yad informasiyalara” qarşı mühafizəkar ənənəmiz demək olar ki, mövcud deyil. Qərbə inteqrasiyamız və onun dəyərlərini qəbul etmə tərzimiz isə kor-koranə və irrasional şəkildədir. Ona görə də, bu inteqrasiya prosesi cəmiyyətdə, xüsusən də gənclər üzərində dərin mənəvi atrofiya və katastrofalar ilə müşaiyət olunur. İstehlak maniyası, snobizm, eqotist-narsist fərdiyyətçilik bir virus kimi cəmiyyəti udur. Nəticədə, cəmiyyət öz bütövlüyünü, holist strukturunu itirir.

 

Texno-magiya çərçivəsində real insani interaksiyanı və ünsiyyəti donuq virtual münasibətlər əvəzləyir. Buna görə də, münasibətlər səthiləşir və kövrəkləşir. Dərinlik dimensiyası bütünlüklə aradan qalxır. Kultural yaradıcılıq insentivi zəifləyir. Mövcud durumun daha bir səbəbi də müstəqillikdən sonra daxil olduğumuz hiper-sürətli texnologiya dünyası qarşısında hazırlıqsızlığımız idi. Belə ki, XIX əsrin ikinci yarısından başlayaraq Maarifçilərimiz Azərbaycan xalqının cəhaləti və gerliyini böyük cəsarətlə tənqid edirdilər. XX əsrin əvvələrinə qədər davam edən bu ənənə Sovet İttifaqının qurulması ilə öz ruhu və əzmini itirdi.

 

Bu gün “Molla Nəsrəddin” kimi jurnalın səviyyəsinə belə yetişə bilmirik. 70 illik Sovet hakimiyyəti dövründə texniki-təbiət elmlərində nəzərəçarpacaq tərəqqi olsa da, bəşər elmlərində, sosial elmlərdə heç bir tərəqqi müşahidə edilmədi. XX əsrin sonlarında müstəqil olduğumuz zaman artıq dünya Sənaye əsrini keçmiş, Texnologiya əsrinə qədəm qoymuşdu. XX əsr Azərbaycan cəmiyyətinin düşüncə tərzinə nisbətən adekvat idi. Azərbaycanda sənayenin inkişafı qapalı imperiya olan SSRİ-nin daxilində başlayan industrial inkişaf ilə birbaşa bağlı idi. Lakin, keçən əsrin 50-ci illərindən etibarən Qərb dövlətlərində həyatın hər bir sahəsində sürətlə texnolojiləşmə prosesi başlandı. SSRİ isə süqut etdiyi zaman belə çox zəif texnolojiləşmiş, daha çox sənaye əsrində qalmışdı. İmperiya dağıldıqdan sonra müstəqillik əldə edən digər respublikalar kimi Azərbaycan da Sənaye əsrini tam görmədən və dərk etmədən sürətlə qloballaşan dünyada texnologiya əsrinə daxil oldu.

 

Yüksək dərəcədə praktik və praqmatik intellekt tələb edən modern texno-elmin (yəni, texnolojiləşmiş elm) standartlarına tam adaptasiya ola bilməmək əksər Azərbaycanlıların təfəkküründə mənəvi-psixi zədələrə yol açdı. Texno-elmin qanunları və tələblərindən uzaq qalmağımız, beynəlxalq rəqabətə davam gətirən yüksək texnoloji məhsul istehsal edə bilməməyimiz nəticəsində inkişaf etmiş ölkələrdən, xüsusilə də Qərbin texno-iqtisadi gücündən asılı hala gəldik. Texno-təqlidçiliyimiz və psevdo-modernist düşüncəmiz bizim mahiyyətini bilmədyimiz və gələcəyini təsəvvür etməkdə aciz olduğumuz hiper-sürətli texnologiya əsri tərəfindən absorbsiya edilməyimizə səbəb oldu. Xüsusən də, virtual texnologiyalar azərbaycanlıların psixi-mənəvi həyatında, eləcə də sosial münasibətlərdə dərin problemlər ortaya çıxarıb.

 

Lakin, Azərbaycan cəmiyyəti XX əsrdə nisbətən daha xoşbəxt idi və həmin əsrin insanları yaşadıqları əsrin nəbzini tuta, zamanla ayaqlaşa bilirdilər. Müstəqllik əldə etdiyimiz tarixdən indiyədək XXI əsrin tələblərinə cavab verən bir təhsil sistemi formalaşdıra bilməməyimiz qeyd edilən perspektivdən düşüncələrarası uçurumu daha da kəskinləşdirir. Zaman olaraq XXI əsrdə mövcud olsaq da, düşüncələrimiz XIX əsrin ortaları-XX əsrin əvvəllərində nail olunan tərəqqidən irəli gedə bilməməklə, daha da geriyə yuvarlandı. İndi yenidən feodal – Orta Əsrlər zehniyyətinə qayıtmışıq; yenə yerliçilik problemi özünü kəskin şəkildə göstərir; bölgələrdə qadınların zorakı-erkən nigahlara cəlb edilməsi, selektiv abortlar üzrə dünya ikincisi olmağımız əslində Maarifçilik öncəsi stereotiplərin yenidən təhtəlşüurumuza hakim olması ilə bağlıdır. Buna görə, bugün Azərbaycan cəmiyyətində mövcud olan mühafizəkarlıq tamamilə irrasional xarakter daşımaqla, yüzillər boyu alt-şüurumuza hakim olan həmin stereotiplərin təxminən 100-150 il sonra yenidən və daha kəskin formada oyanışını əks etdirir.

 

Doğru, konstruktiv və rasional mühafizəkarlığın təməlində hər bir xalqın milli mədəniyyətinin və özünəməxsusuluğunun qorunması dayanmalıdır.  Modernizm əsrində dövlətlərin mədəniyyət siyasətləri milli mədəniyyət ünsürlərinə kütləvi məzarlıqlar açarkən, yad mədəniyyət ünsürlərinə seçici və mənimsəyici cəhdlər edilmədən qapılar tam açmaqda, bu ünsürlərin milli mədəniyəti istila etməsi daxildən tam dəstək görməkdədir. Qloballaşma qarşısında mədəniyyət siyasəti Azərbaycan mədəniyyətini dərindən bilən və əlavə olaraq, digər dünya mədəniyyətlərini də dərk etmiş kadrlar tərəfindən müəyyən edilməlidir. İllərdir ki, bir mədəniyyət nazirliyimiz olsa da, bu nazirliyin funksionallıq sferası və prinsiplərinin nə olduğu müəyyən edilməyib.

 

Mədəniyyət həm bir müdafiə, həm də tərəqqiyə doğru təşəbbüs vasitəsidir. Mədəniyyətin bu mənası diqqətə alındığı zaman anlaşılır ki, mədəniyyət proqramı bir xalqın spesifik identifikasiyasını mühafizə edə bilməsi, müxtəlif kultural hücumlar qarşısında öz milli varlığının təməl ünsürlərini, vətəndaşların cəmiyyətə bağlılıqları və sədaqətlərini qorumaq naminə yaradılmış həm bir müdafiə, həm də tərəqqi vasitəsidir. Mədəniyyətin modern dünyada gündəlik siyasətlərin bir aləti olaraq dərk edilməsi xalqların müqəddəslərinin siyasi çəkişmələrin mərkəzinə yerləşdirilməsinə səbəb olub. Müxtəlif hücumlar qarşısında stabil bir gələcək qurma qabiliyyətini itirən mədəniyyət içinə qapanmaqdadır. Halbuki milli mədəniyyət həm özünəməxsus ünsürləri, identikliyini mühafizə etməklə, həm də müəyyən bir dinamizm içərisində dəyişməklə varlığını qoruya bilər. Güclü bir mədəniyyətin ana xarakteristikası gerçək identikliyini qoruyaraq dəyişməsi, öz kimliyindən böyük fədakarlıqlar etmədən yeni şərtlərə adaptasiya olma qabiliyyətini göstərə bilməsindədir.

 

Milli mədəniyyətimizə digər mədəniyyətlər qarşısında müstəqil bir şəxsiyyət qazandırmanın birinci və ən önəmli şərti bu mədəniyyəti çağdaş standartlar qarşısında dəyərləndirə biləcək insanlar yetişdirmək, bu insanlardan ibarət olan tədqiqat qurumları və təhsil müəssisələrinə hər növ dəstəyi təmin etməkdir. Bu şərtlər altında digər mədəniyyət ünsürləri ilə qarşı-qarşıya gəlməkdən əndişə duyulmayacaq. Və əlbəttə ki, digər mədəniyyətlərdən də ünsürlər alınacaq. Lakin bu öz ağacımız üzərinə vurulan peyvənd kimi olmalıdır. Yolka ağacı kimi bəzəkli və göstərişli amma cansız və köksüz olmamalıdır.

 

Bu günün gəncliyi zəngin mədəniyyət mirasını qorxusuz məsuliyyətisizliklə yox etməyə meyillənib. Ali qayə və ideal məhrumiyyəti onların degenerat ideologiyaların pəncəsində kəskin degenerasiya yaşamalarına səbəb olur. Bütün bunların qarşısını almaq üçün dövlətin iki ana istiqamətdə işləməsi zəruridir.

 

Bunlardan birincisi, mədəniyyət sahəsində nəyimizin var olduğu, hansı böyük nailiyyətlərə sahib olduğumuzu ortaya çıxarmaqdır. Azərbaycan xalqının qorunmağa dəyər çox nəhəng kultural əsərlər yaratdığını və bunların milli xarakterimizin formalaşmasında öncül rol oynadığını bilirik. Lakin bu əsərlərin böyük bir qismi həm əlifba, həm də dil dəyişmələri nəticəsində bugünkü nəsillərə istənilən səviyyədə nəql oluna bilmir. İkincisi isə modern Azərbaycan mədəniyətidir. Modern mədəniyyətimizin təşəkkülündə Azərbaycan milli mədəniyyəti əsas olmalıdır. Lakin bu mədəniyyət digər – yad mədəniyyətlər ilə davamlı təmas halında olmalı və onlardan faydalanmalıdır. Bu halda, Azərbaycanlıların əsrimizdə yaratdığı fikir, sənət və ədəbiyyat əsərləri xalqımızın istifadəsinə veriləcək, digər tərəfdən mədəniyyətin tərəqqisində ona faydalı ola biləcək digər dünya xalqlarına məxsus əsərlər seçici və mənimsəyici tərzdə qəbul edilməlidir.

 

Bu gün əsrlərdən süzülüb gələn və milliliyimizin təməl sütunu olan ənənə və dəyərlərimizi bir bombardmana tabe tutan başqa bir cəbhə ortaya çıxıb. Qərbləşmə, modernləşmə, humanizm və nəhayət, qloballaşma adı ilə Azərbaycan cəmiyyətində son zamanlar kəskin şəkildə özünü biruzə verən sosio-kultural və mənəvi-psixoloji problemlərin böhran həddinə çatması önəmsizləşdirilir. Əksər ziyalılarımız rasionallıq adına amma son dərəcə irrasional şəkildə kultural müstəmləkəçiliyə dəstək nümayiş etdirir. Universallaşdırılan “amerikan mədəniyyətindən” rahatlıqla bəhs edilərkən, “Azərbaycan mədəniyyəti” təbirinin əhəmiyyəti nisbiləşdirilir. Qloballaşma prosesində təsirli olan dövlətlər öz identiklikləri ilə dünyaya açılarkən, Azərbaycanda bunun tamamilə əksi müşahidə edilir. Özlərini “Yeni Maarifçilər” adlandıran bəzi ziyalılarımız da bu tendensiyanın təşəbbüskarı rolunu oynayırlar.

 

Lakin, onu qeyd etməliyik ki, öz milli dəyərlərinə qarşı çıxan ziyalı əslində, güzgüdə özünə baxmaqda və görünüşündən, yəni özündən nifrət duymaqdadır. Dəyişdirmək istədiyi birbaşa olaraq özüdür. Ənənələr və dəyərlər insana bir sosio-etno-kultural kontekst daxilində spesifiklik qazandıran və onu “o” edən ən sarsılmaz təməldir. Lakin, bu təməl sözügedən ziyalılar üçün heç nə ifadə etmir. Onların ürəyi və ağılı daima savaşmaqda, ağılın qalib gəldiyi yerdə burulğanlı bir həyat sürməkdədirlər. Bu burulğanlı insan isə cəmiyyəti də öz təlatümlərinə qatmağa cəhd edir. Bu cəhdin nəticəsiz qalması cəmiyyətlə ziyalı arasındakı uçurumu böyütməklə yanaşı, ziyalının beynində cəmiyyəti kiçildir. Qəbul etdiyi fəlsəfə və ya ideologiyanı irrasional şəkildə mənimsədiyi üçün içindən çıxdığı cəmiyyəti özündən kənarda tutmaqla onu kiçildən “ziyalı” son dərəcə təhlükəlidir. O, xalqı “müasirləşdirəcəyinə” inandığı hər növ kultural patologiyaların gəlişini “zəfər” adlandıraraq alqışlaya bilər.

 

Qloballaşmanın hər bir dövlətin milliliyi üzərində yaratdığı risklər qarşısında ziyalısı və dövləti ilə birlikdə bir xalqın müqavimət göstərə bilmək əzmi xüsusi önəm daşımaqdadır. Bilinməlidir ki, gerçək anlamında ənənə bir mədəniyyətin keçmişini gələcəyə bağlayan can damarıdır. Ənənəsiz elm, sənət, dil və ya istiqrarlı cəmiyyət ola bilməz.

 

Ənənə keçmişdə qalmaq deyil, keçmişdən güc almaqdır. Ənənə bütövlükdə bir yaddaşı ifadə edir. Yaddaş, sosietal və şəxsi olaraq iki əsas kateqoriyada düşünülməlidir. Əbədi olan sosietal yaddaşdır. İnsanın öz təkamülündəki nailiyyətinin sirri belə bir ortaq yaddaşa sahib olması və onu istifadə etməsində gizlidir. Bu eyni zamanda insanın ekzistensial dərinliyinin dimensiyasıdır. Xatırlama olmadan insan dərinlik dimensiyasından məhrum olur. Belə bir məhrumiyyət onun həm özünə, həm də aid olduğu “kommunitas”a qarşı yadlaşmasına səbəb olur. Çünki həyatın davamlılığını təmin edən bağ qopmuşdur. Cəmiyyətin əbədiliyi xatırlama və dəyərlərə sədaqət ilə bağlıdır!

 

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI