Yuxarıya
skip to main content

Qayğı sosiologiyası – İkinci Yazı

15.12.2019

Birinci istiqamət qayğı təcrübələrinin məhz qadın bioqrafiyasında nə kimi yer tutmasına həsr olunub. Məlumdur ki, qayğıkeşlik keyfiyyəti qadınlıq ideallarının tərkib hissəsidir. Bu keyfiyyət uşaqların sosiallaşması zəminində məhz qızlara daha çox aşılanır. Qayğıkeşlik gözəllik, incəlik, ismət kimi ideal qadının mütləq keyfiyyəti hesab olunur. Yəni, əsil qadın başqalarına qarşı diqqətcil və qayğıkeş olmalıdır. Çox zaman bu keyfiyyətin sosial kökləri unudulur və o tamamilə biolojiləşdirilir.  Yəqin ki, hamınız  “qadınlar təbiətən qayğıkeşdirlər”, “qadınlarda güclü qayğıkeşlik instinktləri var” kimi ifadələr eşitmişik.Bu bir növ insan cəmiyyətin  məhsulu olmayıb, sadəcə təbiəti övladı imiş kimi qələmə verilir. Nəticədə qadın həyatı bir-birini əvəz edən qayğı təcrübələrindən ibarət olur. Uşaq ikən yaşca özündən balaca bacı-qardaşa, daha sonra digər ailə üzvlərinə, ən əsası uşaqlara, qoca və xəstə ailə üzvlərinə fasiləsiz qayğını təmin eləmək məhz qadınların vəzifəsi, həyatının mənası, və ən nəhayət, borcu hesab olunur. Daim bir-birini əvəzləyən qayğı borcu qadının bütün həyat yoluna və çox zaman onun digər sahələrdə özünü gerçəkləşdirməsinə də təsir göstərir. 

 

 

İkinci istiqamət qayğı ilə əlaqəli bütün peşələrin tədqiqidir. Bu peşələr əsasən təhsil və səhiyyə sahələrini əhatə edir. Bağça tərbiyəçiləri, tibb bacıları, dayələr – onlar hamısı qayğı peşələrinin nümayəndələridir. Tədqiqatçıların diqqət yetirdiyi məqam həm də odur ki, bir peşə növü kimi qayğı əməyi peşəkarlarından yalnız bilik və bacarıq deyil, həm də gərgin emosional zəhməttələb edir. Yaxşı tibb bacısı, yaxşı dayə deyəndə adətən insanlara qarşı sevgidən, isti münasibətdəndanışılır. Hamı razılaşar ki, soyuqqanlı, hissiyatsız insan uşaqlar, xəstələr, qocalarlar işləyə bilməz. Yaxşı işləmək üçün o özünü, öz hisslərini sərf etməlidir. Sosioloqlar buna emosional iş deyirlər. Emosional iş başqasının tələbatlarını ödəyərkən ona münasibətdə ifadə olunan bağlılıq və məsuliyyət hisslərinin çuğlaşması kimi təsvir olunur. Emosional zəhmət tələb edən qayğı peşələri bütün dünyada əsasən qadın  peşələri kimi tanınır. Burda da qadınların “təbii” xüsusiyyətlərinə xitab olunur. Hesab edilir ki, bu peşələrin tələb etdiyi qayğıkeşlik və emosiyaların sərfi öz –özünə, təbii bir prosesdir, işçidən əlavə  səy tələb etmir. Buna  görə əlavə pul ödəməyə ehtiyac da yoxdur. Odur ki, bütün dünyada qayğı əməyi əsasən qadınların üzərində olmaqla bərabər, həm də az prestijli və az ödənişlidir. Əslində isə bu peşələrin “təbii olaraq öz-özünə” baş verən  tərəfi insanın daxili resurslarını daim sərf etməsi zəminində həyata keçirilir. Bu  səbəbdən yorğunluğa, emosional yanmaya gətirib çıxarır. 

 

Üçüncü istiqamət isə nisbətən sonrakı dövrlərdə inkişaf etmişdir. Tədricən qayğı konsepsiyası rifah dövlətlərinin təhlilində vacib analitik vasitə kimi istifadə olunmağa başlayır. Belə bir ümumi fikir yaranır ki, qayğı yalnız ev mühiti və ayrı-ayrı peşələri deyil, bütövlükdə cəmiyyəti əhatə edən fenomendir. Hazırda qayğı ilə bağlı anlayışlar yalnız elmi termin olmayaraq, sosial siyasətində tərkib hissəsidir. Dövlətin qayğının təşkilini öyrənə bilməsi üçün cəmiyyətin asılı üzvlərinin qayğısının kim tərəfindən və necə ödəndiyinibilməsi vacibdir. Eyni zamanda Dövlət statistikası asılı ailə üzvlərini qayğı və qulluqla təmin edən vətəndaşların sayını  bilməli, gündəlik qayğı praktikalarının cins, yaş, sosial-iqtisadi xarakteristikalar, ailə və sağlamlıq vəziyyəti ilə necə əlaqələndiyini təhlil etməsi zəruridir.Belə tədqiqatlar qayğı təminatçılarının problemlərini  müəyyən etməyə və onların vəziyyətini yüngülləşdirməyə xidmət edən siyasi alətlərin hazırlanmasına şərait yaradar.  Vətəndaşlara dövlət qayğısını gücləndirən və eyni zamanda vətəndaşların ailə və icma daxilində bir-birilərinin qayğısına qalmasını dəstəkləyən daha ədalətli cəmiyyət qurmağa xidmət etmiş olar.

Humay Axundzadə
Bakı Dövlət Universitetində psixologiya, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Tədqiqat maraqları gender sosiologiyası, qayğı sosiologiyası, ailə institutu, postsovet transformasiyaları, sosial tədqiqatlarda keyfiyyət metodlarını əhatə edir.