logo
AZ

Məqalələr

Qarabağın incisi qürurla qalib fatehini qarşılayır

avatar
Tural İsmayılov
2021-03-17

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi şərhçi və araşdırmalar müəllifidir.

Şuşa bizim təkcə cənnət şəhərimiz deyil, həm də bölgənin ən stratejik, ən gözəl iqlim və təbiətinə malik incisidir. İllərdir məfur işğalçılar tərəfindən qəsbə məruz qalan gözəl Qarabağımızın incisi artıq azaddır. Şuşa öz övladlarına qovuşub. Coğrafiyamızın mükəmməl gözəlliyi öz layiqli talehini yaşayacaq daha, çiçəklənəcək, daha da gözəlləşəcək, böyüyəcək.

 

Qarabağın incisi bu gün qürurla qalib fatehini qarşılayır.

 

Şuşa işğalan azad olunduqdan sonra ölkə başçısının Şuşaya ikinci səfəri gerçəkləşdi.

 

Cənab ali baş komandan Şuşaya ilk səfəri çərçivəsində Şuşada hərbçilər qarşısında çıxış edərkən bildirib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

 

 

Prezident İlham Əliyev Şuşa şəhərində əsgərlər qarşısında çıxışında bir çox məsələyə toxunub. O deyib: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

 

 

Prezident  bildirib: “Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu”.

 

İlk səfər zamanı diqqəti çəkən digər maraqlı məqam Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Prezident tərəfindən Bakıdan Şuşaya gətirilməsi,  əvvəlki yerlərinə qoyulması oldu.

 

Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Şuşadan ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar, bir daha dəmir yumruqla üzləşəcəklər.

 

Prezident İlham Əliyev üçün ilk səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənası da var. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbirdə İlham Əliyev də iştirak etmişdi.

 

Bu səfərin İlham Əliyev üçün xüsusi bir tarixi önəmi həm də ondan ibarətdir ki, o, son 30 ildə Şuşaya səfər edən ilk Azərbaycan Prezidentidir. İlham Əliyev həm də bu müqəddəs ünvana qalib,44 günlük müharibənin Müzəffər Ali Baş Komandanı kimi gəlmişdi. “Bu dəfə Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”, - deyə ölkə başçısı bildirdi.

 

Ölkə başçısının Şuşaya növbəti səfəri ilaxır çərşənbəsi günü gerçəkləşdi.

 

Prezident İlham Əliyev deyib:

 

-  Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir. Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövsümlərdə gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.

 

Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.”

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gediblər.

 

Prezident İlham Əliyev deyib : “Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbrin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik”.

 

 

Sonra dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxıblar.

 

Prezident İlham Əliyev qeyd edib: “Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”.

 

 

Prezident İlham Əliyev Şuşada görüləcək işlərlə əlaqədar tapşırıqlar verib: “Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.

 

Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir. Şuşada işğal dövründə təxminən 2000 adam yaşayırdı, onların da böyük hissəsi hərbçilər və onların ailə üzvləri idi. Ona görə də bu binaların böyük hissəsi boş qalmışdır. Baxın, burada bir dənə normal vəziyyətdə bina var, yoxsa yox? Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bu da Realni məktəbin dağılmış binasıdır, görün ermənilər bu binanı nə günə salıblar. Sol tərəfdə də mənə verilən məlumata görə, internat məktəbi olub. Bunu da dağıdıblar, ancaq fasad hissəsi qalıb”.

 

Bu gün Şuşa bir sıra yeniliklərlə yadda qalır. Burada ölkədə ilk dəfə olaraq Prezidentin xüsusi nümayəndəsi icra hakimiyyəti institutunu əvəzləyib. Şuşa uzun illər xəyallarımızın şəhəri olub. Bu gün isə biz fəxrlə azad Şuşanın mənzərəsini görürük.

 

Şuşa Azərbaycanın qəlbidir!

 

PAYLAŞ

Oxşarlar

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20 Aprel 2021

Texnokratik subsistemin ekspansiyası bürokratiya daxilində yeni məntiq və mədəniyyətin inkişafı anlamına gəlir. Bu subsistemin məntiqi kəskin effektivli… ƏTRAFLI

Elm və media? Karl Saqan nümunəsi və...

Elm və media? Karl Saqan nümunəsi və...

19 Aprel 2021

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq g… ƏTRAFLI

 XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

18 Aprel 2021

Azərbaycanın çoxəsrlik tarixi mədəni irs nümunələri onun zəngin mədəniyyətə, qədim sivilzasiyaya malik olduğunu bir daha təsdiq edir. Arxeol… ƏTRAFLI