Məqalələr

Postpandemiya dövründə dünya təhsil sistemi necə inkişaf edəcək: yeni yanaşmalar axtarışında

avatar
Aqşin Məmmədov
2020-04-19

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.

XXI əsrin ilk onilliyində dünyada yaşanan kataklizmalar və infeksion xəstəliklərin/ pandemiyaların (Ebola, Sars, Zika, MERS, H1N1və nəhayət, COVID-19) geniş yayılması, biomüxtəlifliyin korlanması və ətraf mühit disbalansı üzərində insan təsiri amili və bu amillərin bioloji yaşam üzərində ortaya çıxardığı neqativ nəticələr, yəni artıq baş verən və bundan sonra baş verəcək metadəyişikliklər bütün ölkələrin siyasi sistemini, dünya iqtisadiyyatını və ümumiyyətlə, dünya düzənini yeni sınaqlar və çağırışlar  qarşısında qoyur. Dünya təhsil sistemi də bu bioloji təhlükələrin yaratdığı vəziyyətdən zaman-zaman öz təsirlərini alır. Əslində, təhsildə  yeni yanaşmaların ortaya qoyulmasının zəruriliyi COVID-19 böhranından əvvəl də səsləndirilirdi. Belə ki, informasiya əsri adlandırılan XX əsrin son onilliklərində və yaşadığımız XXI əsrin ilk onilliyində təhsilin (öyrənmənin və öyrətmənin) təbiəti, yeni təhsil paradiqması və qlobal təhsil trendləri ilə bağlı məsələlər daha ciddi müzakirə müstəvinə çıxarılırdı.

 

Yuval Noah Harari "XXI əsr üçün 21 dərs" adlı tədqiqatında qeyd edir ki, bu gün doğulmuş körpə 2050-ci ildə 30+ yaşında olacaq. Əgər hər şey yaxşı olsa, 2100-cü ildə də buralarda olacaq, hətta o, XXII əsrin aktiv vətəndaşı ola bilər. Biz bu körpəyə nə öyrədək ki, 2050-ci ilin və ya XXII əsrin dünyasında yaşaya bilib tərəqqi etsin?” COVID-19 böhranı kontekstində yanaşanda bu sual çox düşündürücü səslənir. Bu böhran dünya siyasətini, dünya iqtisadiyyatını, bütövlükdə XXI əsr insanını silkələdiyi və sarsıtdığı kimi dünya təhsil sistemini də postpandemiya dövründə yeni çağırışlar, yeni yanaşmalar axtarışında qoyur.

 

 

 

Koronavirusun dünya təhsil sisteminə təsirləri

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan etdikdən sonra bəzi dünya ölkələri (həmçinin bu təhlükəni əvvəlcədən hiss edən Azərbaycan rəhbərliyi)  bu bioloji təhlükəni qabaqlamaq üçün ilkin addımlardan biri kimi karantin rejiminin tətbiqi, o cümlədən orta və ali məktəblərdə tədrisin dayandırılması qərarını verdilər.

 

BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı – UNESCO-nun mart ayına olan məlumatına görə, "COVID-19 koronavirus infeksiyası səbəbindən məktəblərə və ya universitetlərə getməyən şagirdlərin, gənclərin sayı sürətlə artır... bu pandemiya 102 ölkədə 849.4 milyondan çox şagird və tələbənin təhsilinə təsir edib, məktəblər bağlanıb.

 

İlk olaraq Asiya qitəsini qorxuya salan koronovirus səbəbindən Çində 233 milyon 170 min, Yaponiyada isə 16 milyon 500 min şagird məktəbə gedə bilmir. Qonşu ölkə İranda 14 milyon 560 min, ölüm sayına görə Çini də keçən İtaliyada isə 9 milyon 40 min şagird təhsilsiz qalıb.  İraqda bu göstərici 7 milyon 10 min, Cənubi Koreyada isə 4 milyon 230 minə bərabərdir.  Birləşmiş Ərəb Əmirliklərində 1 milyon 780 min,  Livanda 1 milyon 130 min məktəbli təhsildən kənarda qalıb.

 

UNESCO-nun hesabatına görə, ölkəmizdə 1 milyon 780 min şəxs pandemiya səbəbindən təhsil ala bilmir.

 

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, təhsil növləri üzrə Azərbaycanda 2018-2019-cu illər üzrə şagirdlərin və tələbələrin (tədris ilinin əvvəlinə) ümumi sayı 1970526 nəfər olub (o cümlədən ümumi təhsil müəssisələrində 1563355 nəfər, peşə təhsili müəssisələrində 171154 nəfər, orta ixtisas təhsil müəssisələrində 51806 nəfər, аli təhsil müəssisələrində və doktoranturada 184211 nəfər).

 

Azedu.az təhsil portalı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatını dərc edib. Həmin məlumatda dünya təhsil sistemində hazırda yaranmış böhran vəziyyətindən bəhs edilir. Qeyd olunur ki,  dünyanın  100-dən çox ölkəsində məktəblər,  təxminən 1 milyard uşağın təhsilinə təsir edən koronavirusun yayılmasından qorunmaq üçün bağlanıb, evdə təhsil sinifdə tədrisin yerini tutub.

 

Dünyanın müxtəlif  bölgələrində rəqəmsal texnologiyalardan evdə uşaqlar üçün dərslərin keçirilməsi məqsədilə getdikcə daha çox istifadə olunur.

 

Pandemiyanın başlanmasına qədər evdə təhsil alanlar azlıq təşkil edirdi.  ABŞ-da təhsil alan  56,6 milyon şagird  arasında 1,7 milyon uşağın evdə təhsilə cəlb olunduğu təxmin edilir.

 

Bu gün hər şey tamamilə fərqli görünür. Bütün dünyada məktəblər Microsoft və Google-un mövcud platformalarından, eləcə də şagirdlərə dərslər vermək üçün Zoom kimi konfrans tətbiqlərindən istifadə edir.

 

Eyni zamanda, Fransada "Mənim sinfim evim" ("Ma classe a-la maison")  resursu yaradılıb ki, bu, noutbuk və ya smartfon kimi qurğularla  əlçatandır.  Burada dörd həftə ərzində kurslar nəzərdə tutulur ki, İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı onu özünü doğrultmuş pedaqoji məzmun kimi təsvir edir.

 

OECD təhsil sahəsində texnologiyaların fərdi təlimi necə əvəzləməsini izləyir. Yaponiyada özəl sektora aid  şirkətlər  hökumətə  aid rəqəmsal platformalar  vasitəsilə uşaqlar üçün pulsuz onlayn kurslar təklif edir, tələbələrə və valideynlərə hansı sahədə təlim keçmək istədiklərinə imkan yaradırlar.

           

 

Böhran dövründə Azərbaycanın təhsil sistemində vəziyyət

 

İlk növbədə qeyd edək ki, Azərbaycan bu bioloji təhlükənin yarada biləcəyi kataklizmaları qabaqcadan hiss edən ölkələrdən biridir. Ardıcıl olaraq atılmış addımlar, verilmiş siyasi qərar və sərəncamlar, həmçinin dövlət qurumlarının mərkəzləşdirilmiş əlaqələndirmə sisteminə malik olması mövcud təhlükəni və onun  fəsadlarını önləmək üçün kifayət qədər az itki ilə kritik situasiyadan çıxa biləcəyimizi ortaya qoyur.

 

Təhsil sferasına gəldikdə isə məsələyə yeni dünya və yeni insanı formalaşdırmaq hədəfi kontekstindən yanaşanda dünya təhsil sisteminin çağırışlarına cavab vermək və yaranan problemləri önləmək üçün Azərbaycanın təhsil sistemində də bu istiqamətdə konkret addımların atılması zəruri və təqdirəlayiqdir.

 

Yaranmış böhran dövründə verilmiş qərarların və atılan addımların xronologiyasına diqqət yetirək:

 

İlk növbədə Azərbaycan Respublikası Nazirlər Komitəsinin 2 mart 2020-ci il tarixli sərəncamı ilə ölkə ərazisində koronavirus epidemiyasının (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il martın 3-dən 9-dək, 7 mart 2020-ci il tarixli sərəncamı ilə martın 10-dan 20-dək, 20 mart 2020-ci il tarixli sərəncamı ilə isə martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprel ayının 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı və bununla bağlı bütün tədbirlər təxirə salındı.

 

Təhsil Nazirliyi onlayn tədris imkanlarını nəzərdən keçirərək hazırda ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi üçün bir neçə tədris resursunu təqdim etdi. İlk növbədə teledərslərə start verildi. Martın 11-dən  etibarən “Mədəniyyət” və “ARB Günəş”  kanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılıb. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim edilir.

 

Teledərslər həmçinin həftədə bir dəfə canlı yayımlanır ki, bu da  fənn müəllimlərinin şagirdlərin bu və ya digər mövzular üzrə suallarını birbaşa olaraq çəkiliş studiyasından cavablandırmasına və zəruri olan əlavə izahatları verməsinə imkan yaradır. Teledərslərin bütün ölkə ərazisinə yayımlanan televiziya kanalları vasitəsilə nümayiş etdirilməsində əsas məqsəd tədrisdə yaranmış fasilə zamanı hər bir şagird üçün əlçatanlığı təmin etməkdir.

 

Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilirlər.

 

Qeyd edək ki, tətil zamanı dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az  elektron portallarından istifadə də mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.

 

Təhsil Nazirliyinin video.edu.az portalına 1621 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı  artırılmaqdadır.  Portalda  3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.

 

Bundan başqa, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

 

“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

 

“Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda  şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

 

Qeyd edək ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilməsi də pandemiya ilə bağlı yaranmış mürəkkəb vəziyyətdə təhsilin məzmun keyfiyyətini qorumaqla tədrisin formatında dəyişiklik etmək zərurətindən irəli gəlib.

 

“Virtual məktəb” layihəsinin əsas faydalarını bir neçə istiqamətdə qeyd etmək olar. Bu layihənin ən böyük üstünlük və yeniliklərdən biri zəruri bilik, vərdişlərin və kompetensiyaların qazanılmasında təhsil almaq istəyənlərin əsasən müstəqil və onlar üçün uyğun vaxtda, uyğun yerdən əldə etmək imkanlarının reallaşmasıdır. İkincisi, bu layihə müəllim-şagird, müəllim-tələbə arasında virtual əlaqəni və məlumatlara (biliyə) əlçatanlığı təmin edir, üçüncüsü, hər iki tərəf arasında qarşılıqlı məsuliyyəti artırır. Dördüncüsü, hər iki tərəfə üçüncü tərəfin (direktor, dekan və s. məsul şəxsin, həmçinin valideynin) nəzarətini, bununla da tədrisin keyfiyyətinə birbaşa onlayın baxışı mümkün edir. Eyni zamanda şagird/tələbələrin birgə layihələrdə daha interaktiv iştirakını, tədrisin praktikliyini təmin edir.

 

Təbii ki, bu layihənin çatışmazlıqları da var. Çünki ilk növbədə hər bir müəllim və şagird/tələbənin məsafədən əlaqə qurmaq üçün lazımi şəraiti olmalıdır (yəni infrastruktur problemi). Bundan başqa, bu layihənin müəllim və şagird/tələbələr tərəfindən mənimsənilməsi onların İT biliklərinin müəyyən bir səviyyədə olmasını və internetə çıxışının olmasını tələb edir. Bu, şəhər və rayon məktəblərində nə qədər əlçatan olsa da, kənd məktəbləri üçün müəyyən problemlər yarada bilər. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin 2019-cu ilin iyun-iyul aylarında yeni imtahan modeli ilə bağlı apardığı sorğu nəticəsində müəyyən edilmişdi ki, keçən il imtahanlarda xarici dillər üzrə tətbiq edilən dinləmə qurğusu xüsusilə region (kənd) məktəbliləri üçün müəyyən problemlər yaratmışdı, onların əksəriyyəti bu suallara cavab verməkdə çətinlik çəkmişdilər. Bu da kənd məktəblərində linqafon kabinetlərinin az sayda olması və hətta müəllimlərin onlardan istifadəsinin aşağı səviyyədə olması ilə birbaşa bağlı idi. Yəni eyni problem regionlarda “Virtual məktəb” layihəsi ilə bağlı yaşanır.

 

Bunun üçün Təhsil Nazirliyi digər qurumlarla (məsələn, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi və Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi ilə) birgə aztəminatlı ailələrlə bağlı sosial layihə həyata keçirə bilər: yəni onların internetə pulsuz çıxışını təmin etmək, güzəştli şərtlərlə onlara kompüter vermək və s. olar. Bundan başqa, Təhsil Nazirliyi onlayn/distant tədris sahəsində qabaqcıl (məsələn, ABŞ, Finlandiya və s.) təcrübəni öyrənməli və bu təcrübəni milli şərtlərə uyğun tətbiq etməli, müəllim və şagird/tələbələrin (öyrədən və öyrənənlərin) İT biliklərinin artırılması üçün müəyyən layihələr həyata keçirməli, müəllimlər üçün davamlı olaraq təlimlər, ixtisasartırma kursları və seminarlar təşkil etməlidir. Çünki bu layihə müəllimdən ilk növbədə yeni təlim metodlarını, dərsin diferensiallaşdırılmasını mənimsəməyi tələb edir.

 

Bununla yanaşı, Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edib.

 

Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

 

“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir.

 

Məlumat üçün bildiririk ki, hazırda ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və s.)  təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər.

 

Eyni zamanda qeyd edək ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.

 

Əlavə olaraq qeyd edək ki, aprelin 5-də Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən isə “Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsinə start verilib. Hər iki müsabiqənin Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, hər iki müsabiqənin təşkilində əsas məqsəd məktəblilərin ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək və istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir. Müsabiqəyə qoşulmaqla uşaqlar “Evdə qalıb yaratmaqla koronavirusa birgə qalib gələk!” devizi altında birləşəcəklər.

 

Heç şübhəsiz, Təhsil Nazirliyinin atdığı bu addımlar ondan ötrüdür ki, şagirdlər və tələbələr evdə təhsildən uzaq düşməsinlər. Təbii ki, bu tədbirlər ənənəvi dərslərlə əvəz oluna bilməz. Bu həm də şagird/tələbələrin sosiallaşmasına da təsir göstərir: yaşıdları ilə ünsiyyət və münasibət qurmaq imkanı, kollektivdə olması onların şəxsiyyət kimi inkişafında olduqca mühüm rol oynayır. Lakin bu gün üçün uyğun addımlar budur.

 

Sonda...

 

Koronavirus pandemiyası böhran dövrlərində təhsilin məzmunu və formatına yenidən nəzər salınması zərurətini ortaya qoydu. Artıq aparıcı təhsil ekspertləri təhsili son dövrlərdə artan bu kritik situasiyalardan qorumaq üçün yeni yanaşmalar axtarışındadırlar. Narahatlıq doğuran əsas sual da budur: Postpandemiya dövründə dünya təhsil sistemi necə inkişaf edəcək?

 

OECD ekspertlərinin fikrincə, məktəblərin tezliklə elektron təhsillə əvəz olunacağı barədə danışmaq hələ çox erkəndir. Hazırkı böhran təhsilin necə təşkil edilməsi haqında yenidən düşünmək imkanı kimi qiymətləndirilməlidir. Artıq məktəb və müəllimlərə "biliklərin çatdırılması sistemləri" kimi baxmaq olmaz,  müəllimlərin öz üzərlərinə  nə öyrətdikləri və necə öyrətdiklərinə dair böyük məsuliyyət götürmələrinə imkan verilməlidir. Tədrisə yön verən yanaşmamızın sadə bir şəkildə davam etdirilməsi müəllimlərdən bu böhran anında tələb olunan dərslərini yalnız başqa bir mühitdə təkrarlamaq deyil, həm də insanların nə öyrəndiyini,  harada öyrəndiyini və necə öyrəndiklərinə yeni cavablar tapmağı tələb edir. Texnologiya sinifdə daha böyük rol oynamalıdır. Texnologiya yalnız tədris və təlim metodlarını dəyişdirə bilməz, həm də əldə edilən biliklərin qurucuları kimi müəllimlərin rolunu artıra bilər.

 

Bütün dünyada müəllimlər sinifdə rəqəmsal texnologiyaların olmamasının tədrisə maneə yaratdığını bildirirlər.  Müəllimlərin yarıdan bir qədər çoxu öz şagirdlərinə layihə və ya məşğələ üçün kompüterlərdən istifadə etməyə imkan verib. Müəllimlərin yalnız 60%-i texnologiyadan istifadə məsələləri üzrə peşəkar hazırlıqdan keçib və təxminən 20%-i onların bu sahədə ciddi inkişafa ehtiyacı olduğunu bildirib. Amma koronavirus pandemiyası bizə təhsilin necə inkişaf edə biləcəyi barədə bir fikir verir: bu vəziyyət dəyişə bilər; məktəblər COVİD-19-dan sonra yenidən açılanda heç vaxt  əvvəlki məktəblər olmayacaq.

 

Beləliklə, OECD ekspertləri belə nəticəyə gəlirlər ki:

  • COVID-19 böhranı zamanı uşaqların evdə öyrənməsi təhsilə olan yanaşmamızı dəyişir;
  • Müəllimlərin koronavirus epidemiyası zamanı istifadə etdikləri innovasiyalar uzunmüddətli dəyişikliklərə səbəb ola bilər, bu zaman texnologiyalar gələcəkdə məktəblərdə daha vacib rol oynayacaq;
  • Lakin elektron təhsil sahəsində əldə olunan nailiyyətlər təhsil baxımından əlverişsiz təlim metodlarını geridə qoymamalıdır.

 

Göründüyü kimi, son illərin təcrübəsi və yeni çağırışlar təhsildə dəyişiklikləri və yeni yanaşmaların, xüsusilə rəqəmsal texnologiyaların kütləvi tətbiqini labüd edir. Xüsusilə kritik situasiyalar zamanı onlayn/distant təhsilin tətbiqi imkanlarının nəzərdən keçirilməsi zəruridir. Təəssüf ki, “Təhsil haqqında” qanunda distant təhsil nəzərdə tutulsa da,  onun tətbiqi qeyri-müəyyən qalır. Bunun üçün isə ilk növbədə mükəmməl infrastrukturun qurulması, respublikanın bütün ümumtəhsil məktəblərində rəqəmsal texnologiyanın tətbiqi, əksər ailələrin internetə əlçatanlığının təmin olunması, mobil operatorların güzəştli tariflər təqdim etməsi, keyfiyyətli kadr bankının yaradılması  və s. lazımdır.

 

Aqşin Məmmədov,

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI