Məqalələr

Postkorana erasının şərtləri: Qarabağ probleminə fərqli baxış

avatar
Aygün Yusibova
2020-04-21

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2011-ci ildən bir sıra mətbuat orqanlarında esse və məqalələrlə çıxış edib. 2014-cü ildən mediada daimi çalışmağa başlayıb. Hazırda ictimai rəyin öyrənilməsi və təhlili sahəsində çalışır.

Kiçik bir mikroorqanizmin bütün qlobal cəbhələrdə açdığı savaş fonunda informativ məkanlarda geosiyasi ideya diversifikasiyası siyasi proseslərin dayanıqlığı üzərindən yeni təhlillərə meydan açır. Qlobal məkanın ən mühüm strateji geosiyasi regionunu təhdid edən etnosiyasi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə milli-mənəvi dəyərlər kontekstindən yanaşma postkorona dövründə sosial sifariş kimi meydana çıxmaqdadır. Müharibə reallığını yaşayan hər bir fərd o dövrün sosial mühitinə qayıdışla "Böyük Ermənistan" planı ətrafında erməni etnosəfərbəyliyinin dinamikasını şərtləndirən səbəblərdən doğan təhdidlərin sırf ərazi bütövlüyümüzlə məhdudlaşmadığı, ölkəmizi regional hədəflərin mərkəzinə çevrilməkdən tutmuş, bir millət kimi həm də varlığımıza yönəldiyi qənaətini özündə formalaşdıra bilər. Bəli, düşmən Qarabağ savaşını səngərdə ərazi vahidliyimiz üzərindən davam etdirməklə, eləcə də bu müharibəni sərhəddə deyil, məhz Azərbaycanın daxilində, üstəlik, mənəvi bütövlüyümüz əleyhinə bitirmək niyyətindədir! Bütün tarixi savaşlarda olduğu kimi qalanı içəridən fəth etməklə 90-cı illərdəki "nailiyyətdə" aldıqları maşa rolunu, amma yenə də kiminsə əli ilə utopiklikdən xilas etməyə tələsirlər. Bu gün bu məsələnin siyasi, iqtisadi, sosial kontekstdən deyil, fərqli bir rakursdan təhlilini vacib saymaq zamanlama baxımından da yerinə düşərdi. Məsələyə yalnız zaman prizmasından yanaşmanın mühüm aspektlərinə isə ayrıca vurğu ediləcək. Bu fərqli rakurs gündəlik ictimai həyatımızda tüğyan edən Qarabağ qayğısının əsas sosial elementlərindən biri kimi çıxış edir. Bu gün haqlı və yerində olaraq siyasi kluarların əsas dəhlizi Qarabağın müharibə ilə həlli yolunun reallığı qapısına açılır. Burada zamanın bütün hərbi, siyasi, iqtisadi parametrlərini özündə birləşdirən mühüm kilid nöqtəsi 30 illik siyasi tarixin istiqamətini nəhayət lehimizə dəyişə bilər. Lakin bunun üçün ilk növbədə günümüzdə istənilən strateji fəaliyyətlərin nəticə yönümlü olmasında sosial tələb kimi önə çıxan vahid həmrəyliyimizi izolyasiyadan xilas savaşını tezləşdirmək zərurəti yaranır. Məsələyə daha dərindən "Cəmiyyətdə həssaslıq barometrinin təhlili psixologiyamızın real müharibəyə hazır olduğunu deməyə əsas verirmi" sualı üzərindən fərqli bir baxış illərdir arzuolunan azadlığa elə məhz bu üzdən qovuşmadığımız reallığının sübutunda bütün əks arqumentləri inkar xüsusiyyətinə malik olur. Çünki biz müharibəyə küsülü gedirik, müharibəni daxildə özümüzlə - qonşu və ya yaxınlarımız ilə aparırıq, daha obrazlı desək, başqasının uğuruna şübhə və hərislik hissi ilə "sevinərkən" daxili mənəviyyatımıza yenik düşür, hələ də bəşəri ideyaların pillələlərinə töhfədə gecirik.

 

Müharibə reallığını ön cöbhədə ermənilərlə mübarizədə hər gün yaşayan  bir xalqın nümayəndəsi olaraq "arxa cəbhədə" soydaşımız olan "düşmənimiz" ilə bu dəfə kiçik daxili ərazi mübahisəsi üzərindən savaşırıq və ekran arxasında İrəvanı Bakı ilə dialoqdan boyun qaçırmaqda suçlayarkən həyətyanı qonşumuz ilə heç cür konsensusa gələ bilmirik. Barışmazlığı ənənə halından xilas məqsədilə insanlar arasında ictimai rəy sorğusu keçirilsəydi, neçə faiz insanın həyatında heç vaxt düşmən qazanmadığı yəqin hər birimizə maraqlı olardı. Çünki əksər beynəlxalq siyasi, iqtisadi savaş meydanlarından təkbaşına üzüağ dönən Azərbaycan bəlkə də əsil zəfərinə heç kəsin hafizəsində özünə yer edə bilməyən bu kiçik, özlüyündə isə adi olmayan nüans səbəbindən gecikir. Halbuki bütün beynəlxalq dialoq meydanlarında hər cür “tərki-silah”a rəğmən, Bakının qoruyub saxladığı örnək dinamik balansı, milli həmrəyliyimizə, gündəlik ictimai həyatımıza daşımaqla bu gecikməni hər hansı resurs olmadan da sonlandıra bilərik. Daxildə bir-birimizə qarşı verdiyimiz savaşın nifrət, kin-küdurət dilinin bütün odlu silahlardan daha silinməz iz qoyduğuna vahidliyimizin 20 faizlik defisti əlavə şərhə yer qoymur və məhz bu acı reallığın kölgəsində bu gün gözlənilən müharibənin bir addımlığında bütövlük zəfərinə gecikirik. 

 

Dünyanın "sağ qalmaq oyunu" uğrunda verdiyi qlobal savaşın əhatəsində paralel olaraq ayrı-ayrı sərhədlərdə baş verənlər üzərindən təhlillər bu reallığı bir daha görmək və mənəvi dəyərlər sistemimizi özündə ehtiva edən milli kimliyimizə təhdid elementlərini durdurmaq, eləcə də əsas hədəflərə fokuslanmaq baxımından faydalıdır. Bu gün özümüzə qarşı savaşımız təkcə cəmiyyət həyatı ilə kifayətlənməyərək, sərhədlərini aşaraq istər elm, istər siyasət, istər incəsənət, istər idman, istərsə də digər ictimai-siyasi sahələrdə bir-birimizə haqlı və ya haqsız səbəblərdən dolayı yürütdüyümüz düşmənçilik vahidliyimizə qarşı əsas təhdid elementi kimi çıxış edir. Bütün qlobal formasiyalara müdhiş nüfuz gücünə malik olan mikrokorona “nüvəsi” Qarabağ məsələsinin həllinə də ənənəvi baxış siyasətində "Zərurətə çevrilən müharibə zamanı düşmənin önünə ayrı-ayrı cəbhələrdə, yoxsa, vahid səngərdən çıxacağıq" sualı üzərindən yeni faydalı diskursları zərurətə çevirir.

 

Bütün yer kürəsinin canlı üzvlərini cənginə almış tarixin odlu-qanlı müharibələrindən daha təhlükəli Korona sərhədləri aşaraq ən çox birlik adı altında ölümə tərk edilənləri tarixin dönülməz arxivlərinə həkk edir. Bunu Avropa İttifaqının timsalında heç bir korrektəyə lüzum görmədən İtaliya nümunəsində daha aydın gördük. Ən ali bəşəri uğuruna nail olan insan beyni necə olur ki, indi özünü xilas edə bilmir?! Axı düçar olduğumuz bu kabusdan çıxış yolu təkcə tibbi mahiyyət daşımamalıdır. Yer kürəsini saniyədə qırmızı ölüm işıqlarına qərq edən bu savaş eləcə də, qlobal strukturların siyasi, hərbi, iqtisadi, sosial, səhiyyə sistemində çöküşlə kifayətlənmir, verilən mesajın mahiyyəti bərpa gücünə malik ənənəvi iqtisadi böhranlardan daha uzağa gedir! Baxın, dünyada ilk belə haldır ki, bütün qarışıq proseslər yalnız bir məcradan aydınlığa qovuşur. Səbəb isə hökm sürən qeyri-müəyyənlik qarşısında dünya dövlətlərinin ayrı-seçkiliyə əsaslanan həmrəyliyinin geosiyasi proseslərə adekvat olmamasındadır. Geosiyasi dinamikanın bu pərakəndəliyinin nizamı təhdidi reallıqda birlikdən uzaq beynəlxalq təşkilatlarla, ölkələrlə kifayətlənmir, birbaşa qlobal sferaya yönəlir. Gec də olsa, bütün beyinləri işğal edən vaksin axtarışı nəticə verəcək, insanlar sağalacaq, ölüm reytinqləri sıfırlanacaq. Əsas sual isə başqadır, bəs, bəşəriyyətin xilas vaksinini kim tapacaq? Qırmızı ölüm işığının dünyanı qaranlığa həkk edən bu savaşı hazırkı şəraitdə beyin laboratoriyalarını sərhədsiz bir adada cəmləşdirə bilmədiyi üçün vaksinin axtarışı növbəti ilə kimi gecikə bilər. Eynilə bizim də daxildə özümüzlə savaş ucbatından bütövlük zəfərinə gecikdiyimiz kimi. Yeganə fərq zaman tezliyinin birincinin lehinə işləməsindədir. Baxın, elə bu yerdəcə kiçik bu mikroorqanizmin amansız olduğu qədər də dünya meydanında təkbaşına bütün qlobal gücləri özü ilə hesablaşmağa vadar edərkən sanki bəşəriyyətin xilas vaksinini əlçatmazlıqdan muhrum etməyi unudur!

 

Korona yer kürəsini geosiyasi, geoiqtisadi, geotibbi, geososial quruluşlardan tutmuş insani münasibətlərə qədər yeni formasiyanın tələbləri ilə hesablaşmağa vadar edir. Daxildən sarsılmış bütün məmləkətlər bu savaşdan məğlub çıxacaq, çünki bütün iyerarxiyaların yalnız vahid mərkəzdən çıxışını şərtləndirən yeni oyunun qaydaları həm də elə məhz bunun testi idi. Bir sıra faktlar üzərindən baxış məsələnin daha detallı təhlili baxımından vacibdir. Əslində, sağ qalmaq uğrunda verdiyimiz bu savaşın şərtləri çətin, çıxış yolu isə teatral məkandakı dəhşətli senarilərdən fərqli olaraq öz əlimizdə, resept isə çox sadədir: təkcə pandemiya qarşı deyil, Koronadan daha sürətli mutasiyaya uğrayan vahidliyimizə hədəflənmiş bütün kənar təhdidlərə milli həmrəylik. “İdarəedilən xaos dəhlizindən” gec-tez qurtulacaq dünyanın geosiyasi mənzərəsinin yeni doğan şərtlərini öz xeyrinə dəyişə bilmək bütün milli məkanların məhz bu dayanıqlıq indeksindən asılı olacaq.

 

Korona sadəcə kürənin xaricinə təsir etməklə qalmır, Yaxın Şərqlə tətiklənən qlobal nizamın yeniləşmə dinamikası üzərindən müəyyən proqnostik tezislərə də imkan tanıyır. Geosiyasi təkanları ilə bütün dünyanı silkələyən fəlakət sunamisinin episentri hesab edilən Çinə qarşı ittihamlar hələlik proqnostik tezis təəssüratından o tərəfə keçməsə də, proseslər yekunlaşan kimi Qərbdən virusun nüvə mərkəzinə gözlənilən şokların effekti daha uzunmüddətli olacaq. Amma bu dəfə izolyasiya Çinin qurtuluşunun əksinə iqtisadi təməlini real “ölüm”lə təhdid edəcək. Bunu pandemiya ilə paralel, ABŞ-Çin ticarət savaşının ikinci dalğasından görmək mümkündür. Dünyanın aparıcı dövlətlərinin Çindən iqtisadi asılılığın minimuma endirilməsi istiqamətində gedən müzakirələr də buna şübhə yeri qoymur. Çünki çoxluğun qənaətində hakim kəsilmiş yeni düzənin daha fərqli problemləri qlobal məkanın səmasını məsələn, Çin və Qərbin milyardlarla dollarlıq qarşılıqlı izolyasiyası ilə qaranlığa qərq etmə ehtimalını gücləndirəcək. Burada söhbət təkcə dünya izloyasiyasında payı olan Çinin yol verdiyi səhlənkarlığının beynəlxalq ittihamlar üzərindən kompensasiyasından getmir. Geosiyasi mənzərənin gedişatı fonunda məsələnin məramı daha uzaqlara gedib çıxır. Bir sözlə, sadə dillə desək, dünyanın başı özünə qarışacaq.

 

İflası Suriya ilə başlayan, dünya xəritəsində bütün ərazi vahidlərinin cismən “ilhaqı" ilə özünə müvəqqəti yer etmiş cansız Korona zonasına müqavimətdə yekunlaşan BMT, eləcə də özünü xilas edə bilməyən digər Avropa təşkilatlarının regional və beynəlxalq müharibə düzənini dəyişdirəcəyinə inananlar sadəcə yanılırlar. Geosiyasi dinamikanı silkəyən kürənin daxilindəki dərin çatlar elə qabaqcıl beynəlxlaq qurumlar arasında nizamsızlıqdan qaynaqlanır. Bu, əslində, Azərbaycan da daxil olmaqla, milli maraqlara söykənən bütün hökumətlərin, nəhayət, gerçək fəaliyyətini bir kənara qoyub, tarixi coğrafi ərazi vahidliyi ilə sınağa çəkilən əlverişli geosiyasi məkanları regional hədəflərinin mərkəzinə çevirən üst qurumlar üzərində qələbəsi idi. Covid-19 infeksiyasının ölkə üzrə yayılma arealına dünyanın bəzi inkişaf etmiş dövlətlərindən fərqli olaraq, çevik və örnək mübarizə siyasəti ilə nəzarəti ələ almağı bacaran Azərbaycan burada da milli maraqlar prinsipindən çıxış edərək postkorona erasının yeni idraəetmə quruluşuna mühüm töhfəsindən yayınmadı. Başqa sözlə, ən aktiv geosiyasi proseslərdə üçüncü dövlətlər əleyhinə indiyə qədər heç bir siyasi və hərbi blokda yer almayaraq, yəni "qaydalara əsaslanan nizam"ın şərtlərindən kənarda qlobal güclərin konsensus mərkəzinə çevrilən Azərbaycanın yürütdüyü siyasət pandemiyadan sonrakı dövrə, eləcə də onun tələblərinə adekvatlığını təmin edə biləcək.

 

Məgər bu faktlar 90-ci illərdən bizə yadigar qoyulan müharibə fonunda mənəvi-maddi, ən əsası isə ərazi itiklərinə tərk edilməyimizin qisasını vahidliklə məhz qlobal konyekturun önümüzə sərdiyi əlverişli şəraiti İrəvanın əleyhinə dəyərləndirmək üçün yetərli deyilmi?! O üzdən taclı bəlanın özü ilə gətirdiyi xaotik xəstəliyə qarşı laboratoriyalarda bioloji müqavimət axtarışından öncə, gəlin, bütün bədən hüceyrələrinə təsir gücünə malik əsas xilas vaksinini – milli şüur həmrəyliyimizi “karantin”dən azad edək. Çünki dövlətlərin bütün sferalarda milli mübarizə siyasəti vahidlik prinsipi ilə birlikdə daha effektiv nəticə verir.

 

Sonda o ki qaldı, Ermənistana, Levon-Ter-Petrosyanın təbirincə desək, əbədi izloyasiyadan sonuncu xilas vaksinini də əldən verərsə, “taxt-tac”dövrünün sağalmaz ölkəsinin artıq yalvarmağa yeri belə olmayacaq.

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI