Məqalələr

Pandemiya ilə mübarizədə beynəlxalq və milli təcrübə

avatar
Elnur Çiraqov
2020-11-25

İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.

Koronavirus (covid-19) pandemiyası miqyasının genişliyi və təsirlərinin dərinliyi baxımından pandemiyalar tarixində misli-bərabəri olmayan bir mövqedə dayanır. Sosial-iqtisadi zərərlərinə dair beynəlxalq təşkilatlar tərəfindən hazırlanan proqnozlar mövcud pandemiyanın dünya iqtisadiyyatına, inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrə qarşı ciddi təhlükəyə çevrildiyini deməyə əsas verir. Müqayisəli təhlillər ölkəmizdə pandemiya mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin beynəlxalq praktika ilə uzlaşdığını, tədbirlərin icra xronologiyası baxımdan Azərbaycanın əksər dünya ölkələrini qabaqladığını göstərir.

Məlum  olduğu kimi, infeksiya Çində meydana çıxdıqdan üç ay qədər qısa bir müddət sonra bütün dünyanı təsiri altına aldı. Virusun Antarktikadan başqa bütün qitələrdə görünməsi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “səhiyyədə qlobal fövqəladə hal” elan edildi. 11 mart tarixində koronavirus epidemiyası “qlobal epidemiya” (pandemiya) elan olundu. 13 mart tarixində pandemiyanın episentri Asiyadan Avropaya, 10 gün sonra isə ABŞ-a keçdi. May ayının 8-də ÜST tərəfindən təqribən 44 milyon insanın infeksiyaya yoluxacağı proq­nozu verildi. Bununla belə aprel ayında dünyada artıq 1 milyondan çox yoluxma halı var idi.  Beynəlxalq Valyuta Fondunun iqtisadi proqnozlarında cari il üçün 5.1% qlobal iqtisadi artım gözləntilərinə baxmayaraq, pandemiyadan irəli gələn böhranın müasir iqtisadiyyata 3-8 trilyon ABŞ dolları, ya da ÜDM-in 4,9%-11%-i dəyərində ziyan vuracağı proqnozlaşdırıldı.

 

Xəstəliyin sürətlə yayılması ilk növbədə izolyasiya tədbirlərini və virusa yoluxmaların lokallaşdırılmasını zəruri etdi. Bu çərçivədə ayrı-ayrı ölkələr tərəfindən virusun coğrafi-regional yayılma dinamikasına görə daxili və xarici hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanıldı. Mart ayının 11-də epidemik vəziyyətin pandemiya elan olunmasından qısa müddət sonra dünyanın 80 ölkəsində xarici hərəkət məhdudiyyətləri tətbiq olunurdu. Xatırladaq ki, ölkəmizdə artıq fevral ayının 22-dən etibarən dövlət sərhədləri gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə başlamışdı. Virusa ilk yoluxma halından bir gün sonra, yəni fevral ayının 29-dan etibarən isə xarici hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanıldı. Azərbaycan bu mənada qabaqlayıcı tədbirlərlə bağlı ən çevik qərar qəbul edib, erkən icra edən ölkələr sırasında oldu. Halbuki Avropa ölkələrinin əksəriyyətində xarici hərəkət məhdudiyyətləri mart ayının ortalarında, yəni Avropa pandemiyanın episentri halına gəldiyi (13 mart) bir tarixdə başlanıldı. On gün sonra, yəni mart ayının 23-də dünyanın artıq 174 ölkəsində xarici hərəkət məhdudiyyətləri tətbiq olunurdu.

 

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına əsasən iyul ayında dünyanın 219 ölkə və regionu üzrə 72525 hərəkət məhdudiyyəti qüvvədə idi. Ümumilikdə ölkələrin 47%-də fövqəladə vəziy­yət elan edilmiş, 78%-də müxtəlif hərəkət məhdudiyyətlə­ri tətbiq olunmağa başlanılmışdı. “Pew” tədqiqat mərkəzinin aprel ayına olan hesabatına əsasən, dünya əhalisinin 91%-i hərəkət məhdudiyyətlərinin tətbiq olundu­ğu ölkələrdə yaşayırdı.

 

 

 

Xarici hərəkət məhdudiyyətlərinə paralel olaraq, ölkədaxili yoluxmaların lokallaşdırılması məqsədilə dövlətlər daxili hərəkət məhdudiyyətləri tətbiq etməyə başladı. Bu istiqamətdə ilk dəfə Çində, xəstəliyin qeydə alındığı Vuhan şəhərində tətbiq olunan və müsbət nəticə verən tədbirlər sonradan sərt karantin rejiminin tətbiq olunduğu bu və digər şəhərlərdə də icra olundu.

 

Azərbaycanda daxili hərəkət məhdudiyyətlərinin tətbiqinə də erkən tarixdə, yəni mart ayının 19-da başlanıldı. Paytaxtı regionlarla birləşdirən magistrallarda, eləcə də rayonlara giriş-çıxış hissələrində nəzarət postları quraşdırıldı. Ölkədaxili hərəkətin məhdudlaşdırılması ilə yanaşı, iri şəhərlərdə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıldı, metronun fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Qeyd edək ki, ictimai nəqliyyatla bağlı məh­dudiyyətlər də ilk dəfə Çinin Vuhan şəhərin­də metronun fəaliyyətinin dayandırılması ilə başlanılmışdı. Metronun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı Azərbaycan da daxil olmaqla əksər ölkələrdə həyata keçirilən tədbirlər beynəlxalq elmi-təcrübi faktlara söykənirdi. Bu istiqamətdəki bir sıra araşdırmalar, xüsusilə də İngiltərənin Qlobal Səhiyyə İnstitutu (Institu­te of Global Health) tərəfindən aparılan tədqiqatlar yeraltı nəqliyyat vasitələrindən istifadə ilə hava-damcı yolu ilə yoluxma arasında əlaqə olduğunu müəyyən etmişdi. Bu baxımdan Azərbaycanda ölkədaxili hərəkət və ictimai nəqliyyatla bağlı məhdudlaşdırıcı tədbirlər məhz beynəlxalq tendensiyaya uyğun idi. Belə ki, “Transit” tətbiqi tərəfindən bu dövr ərzində Böyük Britaniya, Yeni Zelandiya, Fransa, Kanada, Avstraliya və ABŞ kimi nüfuzlu ölkələrindən əldə olunan məlumatların təhlili bu ölkələrdə ictimai nəqliyyatdan istifa­dənin 75%-dək azaldığını göstərirdi.

 

Azərbaycanda mart ayında xarici və daxili hərəkət məhdudiyyətləri, aprel ayından etibarən isə insanların evdən kənarda keçirdiyi müddətin məhdudlaşdırılması məqsədilə SMS icazə sistemi tətbiq olundu. Rəsmi qurumlar tərəfindən edilən “evdə qal” çağırışları da bu mənada əsaslı səbəblərdən irəli gəlirdi. Belə ki, bu dövr ərzində müxtəlif beynəlxalq araşdırmaların nəticələri evdə keçirilən vaxt ilə koronavirusa yoluxma dinamikası arasında tərs mütənasib asılılığın mövcud olduğunu göstərirdi. Bunu təsdiqləyən bir araşdırma ABŞ-ın Dreksel Universiteti tərəfindən aparılmışdı. Həmin araşdırmada evdə keçirilən vaxtın virusun yayılma dinamikası ilə əlaqəsi öyrənilmiş, “evdə qal” çağırışlarının ABŞ-da təqribən 232 mindən çox insanı ölümdən, 2.1 milyon insanı virusa yoluxmaqdan qoruduğu aşkar edilmişdi.

 

 

 

Həmçinin evdən kənarda keçirilən vaxtın minimumlaşdırılması məqsədilə park, bulvar və istirahət məkanlarına tətbiq olunan giriş məhdudiyyətləri, iş və təhsil prosesində yeni rejimlər, risk qrupu hesab olunan yaşlıların izolyasiyası ilə bağlı tədbirlər bu istiqamətlərdəki beynəlxalq tendensiya ilə uzlaşırdı. “Google” şirkəti tərəfindən 130 ölkə üzrə fevral-may ayları­nı əhatə edən, insanların evdə və evdən kənarda keçirdiyi vaxtın müqayisəli təhlilini aparan araşdırma mühüm nəticələr üzə çıxardı. Ölkələrin ümumi göstəricilərinə əsasən əyləncə və istirahətlə bağlı vaxt dinamikasında 21%-dən 95%-dək, ərzaq və tibbi ehtiyac­larla bağlı hərəkət dinamikasında 8%-dən 98%-dək, parklar üzrə 12%-dən 95%-dək, nəqliyyat dayanacaqları üzrə 27%-dən 100%- dək, iş yerləri üzrə 14%-dən 92%-dək azalma müşahidə olunarkən, evdə keçirilən vaxtın 8%-dən 55%-dək artdığı müəyyən olunmuşdu. Bununla belə, may ayından etibarən yumşaldılma ilə əlaqədar evdə keçirilən vaxtın azalan, evdən kənarda keçirilən vaxtın isə artan dinamika üzrə olduğu mü­şahidə edildi.

 

Pandemiya təhsil və iş həyatında ciddi ləngimələrə səbəb olmaqla yanaşı, bu sahələrdə yeni rejimlərin tətbiqinə keçidi şərtləndirdi. Təhsil sahəsində yeni metodlar bu xidmətə əlçatanlıqda alternativ həll variantlarını aktuallaşdırsa da, perspektivdə dünya ölkələrində məktəbdən yayınma hallarında artımın müşahidə olunacağı ehtimallarını gündəmə gətirdi. Belə ki, təhsil müəssisələrinin fəaliyyətinin dayan­dırılması və bu müddətin sonradan uzadılması indi təkcə qısadövrlü təhsil itkisi kimi deyil, eyni zamanda uzunmüddətli dövrdə insan kapitalının və iqtisadi imkanların itirilməsi kimi xarakterizə olunur.

 

Virusun yayıl­ma arealının genişlənməsi ilə təhsil sisteminin qarşı-qarşıya qaldığı yeni böhran mart ayının 24-dən etibarən dünyanın 160-dan artıq ölkəsində təhsilin müəyyən səviyyələri üzrə fəaliyyətin dayandırıl­masına yol açdı, ən az 1.5 milyard şagird və tələbə bu prosesdən təsirləndi.

 

Azərbaycanda təhsil prosesinin tənzimlənməsi ilə bağlı tədbirlər xronoloji ardıcıllıq baxımından qabaqlayıcı addımlar sırasında ikinci yerdə dayanır. Belə ki, mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına qərar verildi. Bu müddət sonradan tədris ilinin sonunadək uzadıldı.

 

Pandemiyanın neqativ təsirləri təhsil prosesi ilə yanaşı iş dünyasından da yan keçmədi. Beynəlxalq Əmək Təşkilatının araşdırmaları göstərir ki, xüsusən İEOÖ-də cari ilin birinci rübündə dünya üzrə iş saatlarının miqdarı ötən ilin son rübü ilə müqayisədə 5.4%, ikinci rübündə isə 14% azaldı. “Tele-iş”, “evdən iş” kimi məsafədən iş modellərinin əvvəllər də mövcud olmasına baxmayaraq, pandemiya bu iş modellerinin tətbiqini genişləndirdi. Azərbaycanda mart ayının 14-dən etibarən ictimai iaşə məkanlarında və xidmət sahələrində iş rejiminin məhdudlaşdırılmasını yoluxma dinamikasındakı artım ilə mart ayının sonlarında dövlət və özəl sektorda yerində iş və xidmətin dayandırılması, məsafədən iş modellərinə keçid prosesi izlədi. İş saatlarında azalma və məhdudiyyətlərin tətbiqi isə öz növbəsində əsasən fərdi əmək fəaliyyəti ilə məşğul olan insanların gəlirlərində daralmaya yol açdı.

 

Beynəlxalq Əmək Təşkilatının 15 iyun tarixinə olan hesablamalarına görə, bu dövr ərzində dünya üzrə işçi qüvvəsinin 32%-i iş yeri məhdudiyyətləri­nin tam tətbiq olunduğu, 42%-i məhdudiyyətlərin konkret sahələr üzrə tətbiq olunduğu, 19%-i isə məhdudiyyətlərin tövsiyə olunduğu ölkələrdə yaşayırdı. İşçilər və iş yerləri üzərində ən sərt məhdudiyyətlərin tətbiq olunduğu ölkələr arasında ilk sırada ABŞ dayanırdı.

 

Pandemiyanın mənfi sosial-iqtisadi nəticələrinin aradan qaldı­rılması və əhalinin gəlirlərinin saxlanması məqsədilə ayrı-ayrı dövlətlər tərəfindən müxtəlif həcmlərdə maliyyə vəsaitləri ayrıldı. Ümumilikdə nəzər saldıqda, dünya miqyasında pandemiya ilə bağlı sosial dəstək, sosial sığorta və əmək bazarı ödənişləri daxil olmaqla 567 milyard dollar həcmində vəsait ayrıldı ki, bu da qlobal ÜDM-in cəmi 0.6%-nə bərabər idi. Halbuki BMT-nin proqnozları pandemiyanın yoxsulluq və gəlir bərabərsizli­yini artıracağını, dünya iqtisadiyyatının yaxın iki il ərzində 8.5 trilyon dollar həcmində itki ilə üzləşəcəyini, 2020-ci il ərzində 34.3 milyon insanın yoxsulluq həddinin altına düşəcəyini göstərirdi.

 

Dünya ölkələri üzrə mart ayının 20-də cəmi 45 ölkədə tətbiq olunan sosial dəstək tədbirləri aprel ayının 10-da 126 ölkəyə, may ayının 8-də 171 ölkəyə qədər genişləndi. Dünya Bankının bu məsələyə dair bu ilki hesabatına əsasən, 171 ölkədə ümumilikdə 801 sosial dəstək tədbiri tətbiq olundu. Azərbaycanda sosial dəstək tədbirlərinə mart ayından etibarən başlamaqla, dünya ölkələri arasında ilk sırada qərarlaşdı. Dövlət tərəfindən həyata keçirilən və geniş ictimai müzakirələrə yol açan sosial dəstək tədbirlərinin dünya ölkələrindəki analogiyaları ilə müqayisəsi maraqlı nəticələr üzə çıxardı. Belə ki, Dünya Bankının sözügedən hesabatına əsasən dünyada nağd ödənişlərlə bağlı orta müddət 3 ay təşkil edib ki, Azərbaycan da bu baxımdan dünya ortalamasında yer alır.

 

 

 

Bununla belə Azərbaycanda işsiz kimi qeydə alınan şəxslərə verilən yardımların məbləği dünya üzrə analoji orta göstəricidən iki dəfə yuxarı olub. Belə ki, sözügedən hesaba görə analoji yardımlar hər insan üçün dünya ölkələri üzrə orta hesabla 44 dollar, başqa sözlə Azərbaycandakı məbləğdən iki dəfə az təşkil edib. Dəstək tədbirlərinin 28%-i işsizlərə birdəfəlik ödəmələrdən, 23%-i kommunal və maliyyə-kredit ödənişləri ilə bağlı güzəştlərdən, 23%-i xəstəliklə bağlı yardımlardan, 21%-i pensiya­lardan, nəhayət, 5%-i tibbi sığorta xidmətindən ibarət olub. Məlum olduğu kimi bu çərçivədə Azərbaycan dövləti tərəfindən nəğd ödənişlər, kommunal güzəştlər, yeni iş yerlərinin yaradılması və əmək fəaliyyəti müvəqqəti dayandırılmış şəxslərə əmək haqlarının ödənməsi, təhsil güzəştləri və digər başqa formalarda geniş sosial-iqtisadi dəstək tədbirləri həyata keçirildi. Sözügedən tədbirlər ümumilikdə 4.8 milyon vətəndaşı və sahibkarlıq subyektlərini əhatə etdi.

 

Son olaraq qeyd edək ki, Azərbaycanda ölkə üzrə xüsusi rejimin tətbiqinə 13 mart tarixindən, xüsusi karantin rejiminin tətbiqinə isə 24 mart tarixindən etibarən başlanıldı. Aprel ayının 13-də ÜST-ün direktoru tərəfindən ölkələrə ka­rantin rejimindən mərhələli çıxış xəbərdarlığı edildi. İki gün sonra Avropa Birliyi Komissiyası tərəfindən karantin rejimindən mərhələli olaraq və müəyyən şərtlər daxilində çıxış üçün yol xəritəsi hazırlan­dı. Azərbaycanda bu çərçivədə digər ölkələrin praktikasına uyğun olaraq may ayından etibarən yumşalma - Nazirlər Kabinetinin fəaliyyəti məhdudlaşdırılmış iş və xidmət sahələrinin bərpa olunması istiqamətində xüsusi karantin rejimindən mərhələli çıxış strategiyası hazırlandı. Lakin ölkəmizdə və dünyanın bir sıra aparıcı ölkələrində virusun yayılma sürəti və yoluxma dinamikasında artım dövri məhdudiyyətləri yenidən zəruriləşdirdi və sərtləşdirilmiş karantin rejiminin tətbiqinə qayıdıldı.

PAYLAŞ

Oxşarlar

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

03 Mart 2021

Modernizmin yaratdığı diskontentasiyalar (diskontentasiya – məmnuniyyətsizlik, xoşnudsuzluq, tədirginlik) əsas olaraq insani fəaliyyət sferalarının texn… ƏTRAFLI

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

01 Mart 2021

Hər il internet istifadəçilərinin sayı sürətlə artır. Dünya ölkələrində və Azərbaycanda informasiya cəmiyyətinin davamlı inkişafı &uum… ƏTRAFLI

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

27 Fevral 2021

Böyük Azərbaycanın planları – Prezident Əliyevin təsis manifestosu   Xanlıqlar dövrünün başlaması ilə tarixi Azərbaycan tor… ƏTRAFLI