Yuxarıya
skip to main content

Pandemiya dövrünün qəbul imtahanları: DİM və əks tərəfin mövqeləri niyə və nədə kəsişir?

09.09.2020

Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2019-cu ilin iyun-iyul aylarında Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında keçirdiyi ictimai rəy sorğusu əsasında hazırladığı “Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər” və “Orta məktəb dərsliklərinin vəziyyəti” adlı analitik hesabatlarında yeni tədris proqramının doğurduğu yeni qiymətlənmdirmə meyarları, imtahan prosesində tətbiq edilən yeniliklər, kurikulumun mahiyyəti və onun əsasında hazırlanan orta məktəb dərsliklərinin vəziyyəti, ümumilkdə təhsilimizdəki mövcud problemlərə toxunulub. Bu məqalədə koronavirus (COVID-19) pandemiyasının həyatımıza gətirdiyi çətinliklər fonunda keçirilən builki buraxılış və qəbul imtahanlarından sonra ortaya çıxan bir sıra suallara STM-in apardığı icrimai rəy sorğusunun nəticələrinə əsaslanıb bir daha aydınlıq gətirməyə çalışacağıq.

 

Qarşı tərəfin imtahan prosesi ilə bağlı DİM-ə iradları

 

Bu iradları ümumilikdə aşağıdakı kimi qruplaşdıra bilərik:

  • Güman edilir ki, imtahana salınan suallar ilbəil çətinləşdirilir və tədris proqramından kənar suallar salınır. Abituriyentlərin əxz edəcəyi predmetlər artırılır və çətinləşdirilir. Son iki ilin abitiriyentləri bundan əvvəlki illərdəki həmyaşıdlarından daha çox oxumağa, hazırlaşmağa məcburdurlar.
  • Suallarının ağırlığı, çətinliyi valideynləri repetitorlara yönləndirir ki, bu da “təhslimiz bərbaddır”, “təhsilimiz geriyə gedir”, “məktəbdə təhsil yoxdur”, “repetitorlar olmasa, batarıq” düşüncəsini aşılayır. Xüsusi hazırlıq olmasa, ciddi şəkildə əzbərlədilməsə, “priyomlar” öyrədilməsə, məktəb dərsi ilə qəbulda normal bal toplamaq mümkün deyil.
  • Təhsil Nazirliyinin dərslikləri ilə yanaşı, DİM-in də dərslikləri var və müəllimlər bu kitabları da şagirdlərə aldırmaq və oxutdurmaq məcburiyyətindədir. Nə qədər etiraz edilsə də, proqram Təhsil Nazirliyinin proqramı olsa da, suallar DİM-in vəsaitləri əsasında hazırlanır.
  • Hər il özəl ali məktəblərin əksəriyyətində plan yerləri yarımçıq qalır. Bu da özəl təhsil sektorunun inkişafının qarşısını alır. Plan yerləri dolarsa, ciddi rəqabət yaranarsa, həmin universitetlər ödənişlərinə yenidən baxar, yeni universitetlər açılıb daha uyğun təhsil təklif edər. Məhz bunun da təsiridir ki, özəl universitetlərimiz daha çox dotasiya ilə yaşayır. Qəbul prosesini sadələşdirməklə, universitetlərin buraxılışını sərtləşdirməklə, daha yaxşı nəticələr əldə edə bilərik, xarici universitetlərə axının qarşısını alarıq, valideynlərimizin büdcəsinə xeyir verərik, şagirdlərimizi bir vətəndaş kimi yetişməyə yönləndirərik.
  • 700 bal toplayanların sayının ilbəil artması DİM-i narahat edir. (Məsələn, 2018-ci ildə 27 abituriyent 700 bal toplayıb, yüzlərlə gənc 650-dən çox bal yığıb) ona görə də bu qurum tez-tələsik “islahat keçirərək”, növbəti ildə uğur qazanan abituriyentlərin ixtisar olunmasını hədəfləyib və 2019-cu ildə buna nail olub. (İkipilləli imtahan modelinə keçid alınıb). 2019-cu ildə 700 bal toplayan olmayıb. Belə görünür ki, bir ilin içində abituriyentlər “savadsızlaşıb”?
  • Cavablar markerlər tərəfindən tam düzgün qiymətləndirilmir, ona görə də  DİM-in nəzdində yaradılan Apellyasiya Komissiyasına müraciət edənlərin sayı artır.
  • 1 həftə öncə abituriyentlərə verilmiş və cavablandırılmış suallar “bunker repetitorları” tərəfindən öz müdavimlərinə paylanır və onlar artıq imtahanda hansı suallarla qarşılaşacaqlarını bilirlər, konkret o cavabları əzbərləyib hazırlaşırlar. Yenə də haqsız rəqabət alınır.
  • Bütün bunlar ümumilikdə DİM-in "test üsulunu gözdən salması" və sovet dövründəki qəbul sisteminə keçid alınması ilə bağlıdır və s. 

İndi isə gəlin səsləndirilən iradlara və DİM-in bu iradlara cavablarına aydınlıq gətirək.

 

Kim və nədə haqlıdır?

 

İlk növbədə sonuncu iraddan başlamaq istərdik. Qeyd edək ki, Sovetlər Birliyi dağıldıqdan sonra müstəqillik əldə etmiş Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını təşkil etmək üçün 21 iyul 1992-ci il tarixli 74 saylı Prezident fərmanı əsasında Nazirlər Kabineti yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradılıb. TQDK-nın yaradılmasında əsas məqsəd ali məktəblərə qəbul imtahanları zamanı subyektivliyin aradan qaldırılması, obyektivliyin tam təmin edilməsi olub. TQDK-nın əsasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə Dövlət İmtahan Mərkəzi (DİM) yaradılıb. Bununla da bu qurumun səlahiyyətləri daha da artırılıb. Belə ki, DİM  dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsə çevrilib.

 

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

 

Hal-hazırda DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

 

Onu da əlavə edək ki, TQDK-nın yaradılması haqqında fərmanın imzalanmasından  cəmi dörd ay sonra ilk imtahan keçirilib. Postsovet məkanında ilk dəfə ali məktəblərə mərkəzləşmiş qaydada test üsulu ilə qəbul imtahanı keçirən Azərbaycanda ötən 28 illik dövrdə xeyli təcrübə əldə edilib.

 

Bir il öncə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “APA”-ya verdiyi müsahibəsində test üsulu ilə bağlı fikirlərini də bölüşüb. O qeyd edib ki, ictimai şüurda “test” məfhumunun bir qədər səhv dərk olunmasını müşahidə edirik. Uzun illər ərzində “test” dedikdə ölkəmizdə elmi-pedaqoji termin deyil, məhz hər bir vətəndaşa öz biliyi sayəsində ali məktəbə qəbul olmaq imkanını yaradan həmin o sosial “lift” nəzərdə tutulurdu. İndi isə insanları o narahat edir ki, əgər əvvəlki sistem işlək və ədalətli idisə, nə üçün bunu dəyişmək lazımdır?! Bax, insanları məhz bu narahat edir. Söz-söhbətlərin özəyi budur. İndi yadımıza salaq, test üsulunun tətbiq olunduğu ilk illərdə bu sistem necə ajiotaj doğurmuşdu.

 

Hesab edirəm ki, bu ilin (2019-cu ilin - A.M.) qəbul kampaniyası yekunlaşandan və məktəbdə yaxşı təhsil alan, hamının bilikli uşaq kimi tanıdığı şagirdlər yüksək balla ali məktəblərə qəbul olunandan sonra bu narahatlıq hissi aradan qalxacaq”.

 

Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, DİM-in "test üsulunu gözdən salması" və sovet dövründəki qəbul sisteminə keçid alınması ilə bağlı irəli sürülən iddia heç bir məntiqi əsasa söykənmir. Test üsulu ilə qəbul prosesini ilbəil təkmilləşdirməyə, təcrübə toplamağa can atan bir qurum onun ləğvinə niyə çalışsın ki?! Yəni problemin kökü testdə deyil.

 

Son illər ən çox səsləndirilən iradlardan biri sualların məzmununda dəyişiklik edilməsi, imtahana çətin sualların daxil edilməsi, açıq tipli sualların sayının ilbəil artırılması, həmçinin sualların Təhsil Nazirliyinin mövcud proqramları və dərslikləri əsasında deyil, DİM-in vəsaitləri əsasında hazırlanması ilə bağlıdır. Bu isə birbaşa orta məktəblərdə tətbiq edilən yeni tədris proqramı ilə əlaqəli olduğundan kiçik bir izah tələb edir.

 

Qeyd edək ki, Azərbaycanda təhsil sistemində köklü dəyişikliklərə 15 iyun 1999-cu il tarixində Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş, mahiyyətində "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçidi saxlayan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə təkan verilib. 90-cı illərdə ümumi təhsil sahəsində yerli və beynəlxalq ekspertlərin birgə apardıqları tədqiqatlar nəticəsində Azərbaycandakı mövcud tədris proqramlarının hazırkı tələbləri ödəmədiyi, əsasən fənlər üzərində qurulduğu, şagirdlərin təfəkkür və düşüncə tərzini lazımi səviyyədə inkişaf etdirmədiyi, dərsliklərin lüzumsuz materiallarla yükləndiyi, uşaqlarda həyati bacarıqların, tədqiqatçılığın, müstəqilliyin formalaşdırılmasına zəif diqqət yetirildiyi, əzbərçiliyə üstünlük verildiyi və s. bu kimi məsələlər nəzərə alınaraq yeni təhsil proqramının (kurikulumların) tətbiqinə başlanılıb. 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilib, həmin sənəd 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilib. Ümumi təhsilin fənn kurikulumları (I-IV siniflər üçün) isə 2007-ci ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiqlənib və pedaqoji ictimaiyyətin istifadəsinə verilib.

 

Yeni tədris proqramı və təlim üsulları əsasında şagird qəbulu ilk dəfə 2008-ci ildə həyata keçirilib. Beləliklə, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramlarının (kurikulumların) tətbiq olunması ilə yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilməyə başlanılıb və təbii ki, tədris prosesində yeni qiymətləndirmə vasitələrinin tətbiq olunması zərurəti yaranıb.

 

2012-ci ildə ölkə prezidentinin müvafiq sərəncamına əsasən o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə daxil edilib. Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) 2013-cü ildən başlayaraq (yeni təhsil sistemi ilə ilk təhsil alan şagirdlər o zaman V sinifdə oxuyurdular) respublikanın ümumtəhsil müəssisələrində monitorinq imtahanları keçirməyə başlayıb. Bu illər ərzində respublikanın bütün coğrafi regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V–X siniflərdə təhsil alan 60 minə yaxın şagird üçün monitorinq imtahanları keçirilib. Qeyd edək ki, monitorinq imtahanlarının keçirilməsində əsas məqsəd yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması ilə yanaşı, təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi, şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərlərin aşkara çıxarılması olub. 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün Təhsil Nazirliyi və DİM-in mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradılıb. Bu işçi qrupun iclas və müzakirələrində monitorinq imtahanlarının nəticələri və yeni modelin hazırlanması məsələləri müzakirə olunub. Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı DİM tərəfindən yeni qaydalar əsasında keçirilib. Beləliklə, ilk dəfə olaraq, yeni təhsil proqramlarının (kurikulumun) tələblərinə uyğun IX siniflərin yekun attestasiya imtahanlarında şagirdlərin mətn üzərində iş, mətnin əsas ideyasını və mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izah etmə, həndəsi qurma, tənlik qurma ilə müxtəlif həyati situasiyalara aid riyazi tapşırıqları yerinə yetirmək bacarıqları yoxlanılıb. Yeni imtahan modelinin hazırlanmasında məhz monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili başlıca rol oynayıb. Bəzi ekspertlər bu imtahanları ümumtəhsil sistemi ilə bağlı 10 illik islahatların ilk rəsmi qiymətləndirilməsi hesab edirlər.

 

Daha sonra buraxılış imtahanlarının nəticələrinin kompleks təhlili aparılıb və informasiya bazası toplanılıb. 2017-ci ilin oktyabrında DİM-in məsul işçiləri ilə Təhsil Nazirliyinin nümayəndə heyəti arasında keçirilən görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib. Yeni model ictimaiyyətə təqdim olunub. Qeyd edək ki, 2019-cu ildə tətbiq edilən yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına hesablanıb. Belə ki, ilk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Beləliklə, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilirlər. Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur. Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verirlər. Abituriyentlərin imtahan yükü daha da azaldılmışdır. Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhələsini verir) verilməsini nəzərdə tutur. Bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunur. Yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub, bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir.

 

Beləliklə, DİM tərəfindən buraxılış və qəbul imtahanlarında 2019-cu ildə tətbiq olunan model həm forma, həm də məzmunu ilə əvvəlki illərin qəbul modelindən fərqlənib. Buraxılış və qəbul imtahanları prosesində aparılan araşdırmalar, son illər səsləndirilən sübut edir ki, bu modelin tətbiqinə cəmiyyətdə münasibət heç də birmənalı deyil, fikir müxtəlifliyi müşahidə edilir. Bu yeni modelin müsbət və mənfi tərəfləri ətrafında müzakirələr bu gün də davam edir. Lakin istər bu müzakirələrdə, istərsə də imtahanlar başa çatan kimi səsləndirilən iradlarda bunu DİM-in son illər 700 bal toplayanların sayının artmasından narahatlıq keçirib tələsik islahat aparması ilə bağlanması düzgün deyil. Qeyd olunduğu kimi bunu 2008-ci ildən yeni tədris proqramının – kurikulumun tətbiq olunmasından başlayan bir prosesin məntiqi yekunu – 10 illik təcrübənin qiymətləndirilməsi kimi başa düşmək lazımdır.

 

Buna cavab olaraq Dövlət İmtahan Mərkəzi qeyd edib ki, keçirilən qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramıdır. Buna görə də qəbul imtahanlarında istifadə edilən tapşırıqların bu proqramlardan kənar olduğuna dair iddialar reallıqdan çox uzaqdır və bu günə qədər belə iddiaların heç biri öz təsdiqini tapmayıb.

 

Göründüyü kimi, sualların mürəkkəblik və çətinlik səviyyəsi birbaşa kurikulumun mahiyyəti ilə bağlı olub öyrədənin (müəllimin) onu nə dərəcədə mənimsəməsi və öyrənənə (şagirdə) onu necə izah edə bilməsi ilə əlaqəlidir. Yeni təyin olunmuş Təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində bu məsələyə belə münasibət bildirib:  “Biri var islahat, biri də var islahatın kommunikasiya olunması-qavranması... “Kurikulum”  sözünün mahiyyətini hələ tam başa düşə bilməmişik. Kurikuluma 70-80 il əvvəl “müfrədat” demişik, indi isə “məzmun” deyirik. Əgər  “Kurikulumu ləğv edək” deyə müraciətlər gəlirsə, burada kommunikasiya problemimizin  olduğu üzə çıxır. Təhsilin məzmunu necə ləğv oluna bilər?! Problem kurikulumda deyil, o  insanlara izah olunmalıdır”.

 

Aparılan ictimai rəy sorğuları (bu haqda sonra məlumat verəcəyik) və araşdırmalar da sübut edir ki, imtahanlarda sualların məzmunu ilə bağlı yaranan narazılıqların kökünü kurikulumun düzgün tədris olunmaması və şagirdlərin onu tam qavraya bilməməsində axtarmaq lazımdır.

 

Sorğunun nəticələrinin təhlilindən görünəcək ki, ümumi təhsilin proqramı çox ağırdır. Bu səbəbdən abituriyentlərin əksəriyyəti repetitor xidmətindən itifadə etməyə məcbur olurlar. Bu da öz növbəsində “təhslimiz bərbaddır”, “təhsilimiz geriyə gedir”, “məktəbdə təhsil yoxdur”, “repetitorlar olmasa, batarıq” düşüncəsinin formalaşmasına və hər bir ailənin büdcəsinə ciddi təsir göstərir. Problemə bu kontekstən yanaşanda bu irad özünü doğruldur.

 

İmtahan prosesinin təşkilinə və imtahandan 1 həftə əvvəl “bunker repetitorları” tərəfindən cavabların öz müdavimlərinə paylanılmasına gəlincə bu prosesdə 12 ildən çox imtahan rəhbəri kimi iştirak edən biri kimi deyə bilərəm ki, sual və cavab kitabçaları çox ciddi rejimdə və sərt qaydalar əsasında hazırlanır və çap edilir. Hər hansı bir kitabçanın sızdırılması qeyri-mümkündür. Bir neçə il öncə baş vermiş məlum insidenti və onun nəticələrini yada salın.

 

Bəs, bu və digər məsələlərə ictimai rəyin münasibəti necədir?

 

Sosial Tədqiqatlar Mərkəzinin 2019-cu ilin iyunun 23-dən iyulun 25-dək olan dövrdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında keçirdiyi ictimai rəy sorğusunda builki buraxılış və qəbul imtahanlarından sonra da öz aktuallığını saxlayan və hər iki tərəf arasında mübahisə doğuran bir sıra məsələlərə aydınlıq gətirilib. Onların bəzilərinə nəzər yetirək.

 

Belə ki, yeni modelin tətbiqi ilə bağlı aparılan müzakirələrdə səsləndirilən əsas iradlardan biri abituriyentlərin yeni modelin mahiyyətini tam mənimsəyə bilməməsi ilə bağlı idi. Anket sorğularının nəticələri göstərir ki, buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 2019-cu  ildə tətbiq olunan yeni model ilə bağlı abituriyentlərin 67%-i tam məlumatlı, 24%-i qismən məlumatlı olmuş,  9%-nin  isə bu haqda heç bir məlumatı olmamışdır.

 

 

Bu yeni modelin tətbiqində əsas məqsədə gəlincə, ekspertlərin fikrincə, bu, bilavasitə qəbul imtahanlarının ali məktəblərlə əlaqəsi ilə deyil, əsasən kurikulum proqramının tətbiqi ilə əlaqədardar.  

Bu məsələ ilə bağlı sorğuda Təhsil Nazirliyinin eksperti qismində iştirak etmiş indiki Təhsil naziri Emin Əmrullayev qeyd edib ki: “Yeni model özündə daha çox biliyə əsaslanan təhsili ehtiva edir və bacarıqların köhnə modellə ölçülməsi bir o qədər mümkün deyil, yəni bir qədər fərqli yanaşma tələb edirdi. Bu da ikinci zərurət idi. Birinci zərurət ondan ibarətdir ki, bir tərəfdən məzunlar yeni proqramla oxuyublar və bu proqramı bitirəndə yeni modelə, ölçmə alətlərinə ehtiyac yaranır. Eyni zamanda da bazarın, cəmiyyətin, dövrün tələbləri dəyişir və həmin tələblərin, dəyişikliklərin ölçülməsi yeniliklərə zərurət yaradır. Məlumdur ki, 11-ci sinfi bitirən uşaqlar iki dəfə imtahan verirdilər. Buraxılış imtahanı onların sonrakı həyatlarına o qədər də də təsir etmirdi. Sonra isə qəbul imtahanları əsasında ali təhsil müəssisələrinə qəbul olunurdular. Yeniliklərdən sonra buraxılış imtahanları qəbul imtahanlarının bir hissəsi hesab edilir. Ümumilikdə, bu dəyişikliyin əsas nəticələrindən biri də odur ki, məktəbin müəyyən mənada rolu artır. Çünki buraxılış imtahanlarında əldə olunan nəticələr məzunun ali təhsil müəssisələrinə qəbulunda rol oynamağa başlayır. Təbii ki, birinci, valideynlər və ictimaiyyət bu dəyişikliyə öyrəşəcək. İmtahanlar, yaxud ölçmə və qiymətləndirmə məzmuna uyğun olmalıdır. Yəni məzmun dəyişirsə, ölçmə və qiymətləndirmə də dəyişir”.

Azərbaycanın təhsil sistemi üçün yeni modelin faydalılıq səviyyəsinə gəlincə, respondentlərin 52%-i yeni qəbul modelini Azərbaycanın təhsil sistemi üçün heç faydalı hesab etməyib, 35%-i qismən faydalı hesab edib, 13%-i isə çox faydalı hesab edib.

 

 

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ilin iyun ayında APA-ya verdiyi müsahibəsində qeyd etmişdi ki, “yeniliklər mütləq olmalıdır. Hər bir canlı sistem müəyyən müddətdən sonra dəyişməlidir. O ki qaldı, imtahan və qəbul sisteminə, hər bir model minimum 2 il, maksimum 5 il işlək olur. 5 ildən sonra onu təftiş etmək və yenidən baxmaq lazımdır. Hər 5 ildən bir müəyyən dəyişikliklər baş verə bilər. Zaman dayanmır, zamanın tələbləri də dəyişir. Əgər biz qlobal müstəvidə dünyada gedən yarışa qoşulmaq istəyiriksə, dəyişikliklər qaçılmazdır. Tarix XX əsrin 80-ci illərində və 90-cı illərin əvvəllərində bizə çox ciddi dərslər verib. O dərslərin acı nəticələrini biz hələ də hiss edirik və yaşayırıq. Gərək baş verənlərdən nəticə çıxaraq və bir daha təkrarlanmaması üçün daha çox çalışaq”.

Təhsil Nazirliyinin ekspertinin fikrincə, Azərbaycanın təhsil sistemi üçün bu imtahan modeli birmənalı olaraq faydalıdır: “Təhsil getdikcə beynəlmiləlləşir. Bu nə deməkdir? Sistemlər bir-biri ilə çox yaxınlaşır. Məsələn, Azərbaycan beynəlxalq qiymətləndirmədə iştirak edir və lakin orada nəticələrimiz elə də yüksək deyil. Çünki bizim müəllimlərin yanaşması və məktəbədəki tədrisin məzmunu həmin o standarta uyğun deyil. Biz inanırıq ki, uşaq 1-ci sinifdə dodaqlanan və dodaqlanmayan saitləri bilməlidir. Beynəlxalq standarlara görə, uşaq 1-ci sinfin sonunda təxminən 100-150 sözdən ibarət mətni oxuyub anlamalı və bununla bağlı suallara cavab verməlidir. Biz deyirik ki, 1-ci sinfin sonunda istəsək də, istəməsək də, bizi bu testlə ölçəcəklər. Bunun ağır olması isə emosional mövqedir. Reallıq odur ki, əgər beynəlxalq qiymətləndirmədə iştirak etmək qərarı veririksə, özümüzü buna uyğunlaşdırmalıyıq. Çünki bu, bizim arzumuza bağlı deyil, müəllimin yanaşması dəyişməlidir. Müəllim də inanmalıdır ki, bu gün uşağa  hüsnxəttdənsə, oxuyub anlamanı keçmək lazımdır. Əgər biz bu gün hərfi hərfə birləşdirməyi keçiriksə, təbii ki, nəticəmiz yuxarı olmayacaq”.

Bəzi təhsil ekspertləri yeni imtahan modelini Azərbaycan təhsil sistemində 2008-ci ildən tətbiq dilən yeni tədris proqramının – kurikulumların ikinci daha geniş “sınaq” imtahanı kimi qəbul edirlər. Bəs yeni tədris proqramlarının 12 illik təcrübəsi ilə bağlı ölkədə real mənzərə necədir? Abituriyentlər kurikulumların mahiyyətini mənimsəyə biliblərmi?

Sorğuda iştirak edən respondentlərin 29%-i bu qənaətdə olublar ki, yeni qəbul imtahanının məzmunu onlara tədris olunan fənlərə və yeni proqrama (kurikulumlara) tamamilə uyğun tərtib edilib, 32% uyğun tərtib edildiyi, 29% qismən uyğun tərtib edildiyi fikrində olublar. Abituriyentlərin 6%-i yeni qəbul imtahanının məzmununun onlara tədris olunan fənlərə və yeni proqrama (kurikulumlara) uyğun tərtib edilmədiyi, 4% isə heç uyğun tərtib edilmədiyi düşüncəsində olub.

 

 

Beləliklə, rəyi soruşulan abituriyentlərin 90%-i, valideyn və müəllimlərin 71,4%-i yeni qəbul imtahanının məzmununun orta ümumtəhsil müəssisələrində tədris olunan fənlərə və yeni proqrama (kurikulumlara), demək olar ki, uyğun tərtib olunduğu qənaətində olublar.

 

Maraqlıdır ki, valideynlərlə müsahibə metodu ilə aparılan sorğu nəticəsində məlum olub ki, onların əksəriyyəti orta məktəblərdə kurikulum sisteminin tətbiqindən narazılığını bildirib. Onların fikrincə, açıq tipli suallar haqqında şagirdlər məktəblərdə tam məlumat əldə edə bilmədiklərindən, yəni ümumilikdə kurikulumun mahiyyətini tam dərk edə bilmədiklərindən bu tip sualları cavablandırmaqda çətinlik çəkir, vaxtlarını düzgün bölüşdürə bilmirlər.

 

Təhsil Nazirliyinin eksperti yeni tədris proqramı ilə bağlı problemləri köhnə sistemdən yeni sistemə keçidlə əlaqələndirb: “Bu, bir keçid dövrüdür. Bu cür dəyişikliklər çox qısa müddətdə olmur. 90-cı illərdə test sistemi adı altında mövcud sistem tətbiq ediləndə insanların müəyyən narahatlığı var idi. Ancaq 28 il sonra bu gün hər yerdə test tələb olunur. Zaman etibarilə dəyişikliklərə hamı uyğunlaşır, əsas odur ki, düzgün dəyişikliklər düzgün istiqamətdə getsin. Bu gün bu sualın cavabı odur ki, bəli uyğunlaşır. Eyni zamanda, uyğunlaşma get-gedə daha da təkmilləşəcək”.

 

Təhsil ekspertləri isə daha sərt mövqedən çıxış ediblər: “2008-ci ildən kurikulum tətbiq edildikdən sonra yazılan dərsliklərdə varislik və vahidlik prinsipi gözlənilmədi. Bu da nəsillər arasında əlaqələri pozdu, əvvəlki illərdə məzun olanlar yeni kitabları oxuyub anlamaqda çətinlik çəkməyə başladılar. Dərslik fikir laboratoriyasıdır, tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Hesab edirəm ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil. Dərsliklərin məzmunundan belə məntiq çıxır ki, bu dərslikləri oxuyub başa vuran şagirdin elmi dərəcəsi olmalıdır. Çünki dərsliklərə demək olar ki, bakalavr, magistr pilləsində keçilən mövzular daxil edilib”

 

Qeyd edək ki, STM keçən il keçirdiyi sorğuda orta məktəb dərsliklərinin vəziyyətini də araşdırıb. “Orta məktəb dərsliklərinin keyfiyyəti (mövzu və məzmun baxımından) sizi nə dərəcədə qane edir?” sualına respondentlərin ümumilikdə 63,1%-i müsbət cavab verib (“tam qane edir” – 8,9%, “qane edir” – 20,6%, “qismən qane edir” – 33,6%).   Orta məktəb dərsliklərinin keyfiyyəti 5,6% respondenti qismən qane etmir, 18,7%i qane etmir, 12,6%-i isə heç qane etmir.  T-test təhlilinə əsasən, valideynlər şagirdlərə nisbətdə dərsliklərin keyfiyyətinin daha aşağı olduğunu düşünür.

 

Artıq on ildən çoxdur ki, yeni tədris proqramının – kurukulumun mahiyyətinə uyğun dərsliklərin hazırlanmasına baxmayaraq, aparılan sosioloji sorğunun nəticələri də göstərir ki, bu sahədə problemlər qalmaqdadır. Kurikulumların mahiyyətinə uyğun hazırlanmış dərsliyin məzmununda yenilənmə zamanın tələbidir. Lakin bu məzmun şagirdlərin və onlara evlərdə dərslərini hazırlamaqda kömək edən valideynlərin qəbul edəcəyi, anlayacağı səviyyədə olmalıdır.

 

“Dərsliklərdə verilən tapşırıqları nə dərəcədə mənimsəyə və qavraya bilirsiniz?” sualına şagird respondentlərin 9,2%i “tam qavraya bilirəm”, 29,2%-i “qavraya bilirəm”, 40%-i isə “qismən qavraya bilirəm” cavabını verib. Ümumilikdə dərslikləri qavraya bilənlərin faiz göstəricisi 69,2 olub. Respondentlərin 8,4%-i dərsliklərdə verilən tapşırıqları qismən qavaya bilmir, 8,7%-i qavraya bilmir, 4,5%-i isə heç qavraya bilmir.

 

Ekspertlərin fikrincə, metodiki baxımdan zəif olan bəzi dərsliklərdə şagirdlərin yaşı və psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmır. Dərsliklərin mürəkkəb olması, onların həddindən artıq lazımsız informasiya ilə yüklənməsi şagirdlərdə psixoloji problemlər yaradır, onların nevroloji durumunu pisləşdirir, gözlərinin zəifləməsinə və s. fəsadlara gətirib çıxarır.  Şagirdlərin səhhətində yaranan ciddi problemlər nəticə etibarilə onların dərslərini yaxşı oxumamasına və ümumiyyətlə, məktəbdən yayınmasına gətirib çıxarır. Dərsliklərdəki qüsur təkcə hansısa məqamın səhv yazılması deyil, ümumiyyətlə, dərsliklərin uşaqların yaşına və qavrama qabiliyyətinə uyğun yazılmamasıdır. Bu isə dərsliklərə Dərslik Şurasında pedaqoq və psixoloq rəyi verilmədiyi təəssüratını yaradır. Bəzi ekspertlər hesab edirlər ki, orta məktəb dərsliklərində, o cümlədən ibtidai siniflərdə istifadə olunan dərsliklərdə olan söz və cümlələrin sayı dünya standartlarından çoxdur. Şagirdin yaşına, psixoloji və fizioloji meyarlarına uyğun dərsliklərin hazırlanmaması respondentlərin ortaq fikirlərindən ən geniş yayılanıdır.

 

Bundan başqa, respondentlərə “Buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiqini "test üsulunun sonu" kimi qəbul etmək olarmı?sualı verilib.  Respondentlərin 17%-i bu fikirlə tam razı, 22,5%-i razı, 30,5%-i qismən razı olduqlarını bildirib. Respondentlərin 21%-i bu fikir ilə razı olmayıb, 8%-i isə heç razı olmayıb.

 

 

Ekspertlərin fikrincə, yeni model test üsulunun sonu deyil, lakin daha da mükəmməl bir sistemi formalaşdırmağa ehtiyac var.

 

"Test üsulu ilə qəbul əzbərçi nəsil yetişdirir" fikri ilə respondentlərin 25,5%-i tam razı,  15%-i razı, 22,5%-i qismən razı olub. Respondentlərin 21%-i bu fikir ilə razı olmayıb, 16%-i heç razı olmayıb.

 

Maraqlıdır ki, valideynlərlə müsahibə metodu ilə aparılan sorğuda onların bəziləri test üsulunun müsbət tərəfləri ilə yanaşı, şagirdlərdə əzbərçilik yaratdığı, yazı və digər vərdişlərinin zəif inkişaf etməsinə mənfi təsir göstərdiyini qeyd ediblər. MM-in Elm və təhsil komitəsinin üzvləri bu fikirdə olublar ki, test üsulu əzbərçiliyə gəririb çıxarır, imtahanlarda açıq tipli sualların salınması bu problemin aradan qaldırılmasına kömək edəcək.

 

Təhsil ekspertlərinin fikrincə, test əsasən məntiqi təfəkkürü inkişaf etdirdiyindən və daha çox əzbərçiliyə meyil yaratdığından yazı vərdişlərini inkişaf etdirmək üçün imtahanlara qapalı testlərlə yanaşı, açıq tipli tapşırıqlar da salınıb. Bu da imtahan verənlərə lazımi vərdişlərə yiyələnmədikləri üçün müəyyən çətinliklər yaradıb və bir sıra hallarda onların toplayacaqları ballara da təsirsiz ötüşməyib. Yaranan narazılıqlar təbiidir, bu istiqamətdə təkmilləşdirmə və optimallaşdırma işlərinin aparılacağı da qaçılmazdır.

 

Sorğuda iştirak edən əksər respondentlər “Test üsulu əzbərçi nəsil yetişdirir” fikri ilə razı olduqlarını, bunun qarşısını almaq üçün açıq tipli sualların sayının artırılmasının vacib olduğunu bildiriblər.

 

Sorğunun nəticələri sübut edib ki, respondentlərin əksəriyyəti test üsulunun qalması, lakin onun təkmilləşdirilməsinin tərəfdarıdırlar. Test üsuluna inam səviyyəsinin yüksək olmasına, heç şübhəsiz, sovet dövründə qəbul prosesində mövcud olmuş bürokratik əngəllər və test üsulu ilə qəbul prosesində isə insan faktorunun minimum səviyyədə olması təsir edib. Test üsulu ilə qəbul cəmiyyətin bütün üzvləri üçün ali məktəblərə qəbulu əlçatan edib. Bu səbəbdəndir ki, respondentlərin 86%-i test üsulunu qəbul edir, 7%-i qismən qəbul edir, qalan 7%-i isə qəbul etmir.

 

 

Həqiqətənmi imtahana daxil edilən suallar çətin olub?

 

Abituriyentlərin 24%-i bu fikirdədirlər ki, buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının içərisində sadə suallar, 52%-i orta çətinlikdə suallar, 24%-i isə çətin suallar üstünlük təşkil edib.

 

Qəbul imtahanlarında isə münasibət belə olmuşdur: abituriyentlərin 40%-i imtahanlarda istifadə edilən test tapşırıqlarının içərisində çətin sualların, 51%-i orta çətinlikdə sualların, 9%-i (35 nəfər) isə sadə sualların olduğu qənaətindədirlər.

 

           

Ümumilikdə abituriyentlərin cavablarından aydın olur ki, həm buraxılış, həm də qəbul imtahanlarında onlara çətin suallar salınıb.

 

Buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının sadə, orta və çətin olmaqla müxtəlif mürəkkəblik səviyyəsində təqdim olunması abituriyentlərin 11%-i üçün çox çətinlik yaradıb, 21%-i üçün çətinlik yaradıb, 46%-i qismən çətinlik yaradıb, 18 %-i üçün çətinlik yaratmayıb, 4%-i üçün isə heç bir çətinlik yaratmayıb.

 

 

Qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının sadə, orta və çətin olmaqla müxtəlif mürəkkəblik səviyyəsində təqdim olunması aşağıdakı kimi olmuşdur: abituriyentlərin 18%-i bunu onlar üçün çox çətinlik yaratdığını, 26%-i çətinlik yaratdığını, 39%-i qismən çətinlik yaratdığını, 13%-i çətinlik yaratmadığını, 4%-i isə heç bir çətinlik yaratmadığını qeyd ediblər.

 

 

Bəzi təhsil ekspertlərinin fikrincə, buraxılış və qəbul imtahanlarının sualları çətin olub. Qəbul sualları tam orta təhsilin kursunu əhatə edir. Burada söhbət ondan gedir ki, ali təhsil almağa iddialı məzun bu sualların qarşısında çətinlik çəkir, onun öhdəsindən gələ bilmir. Çünki onun orta məktəb pilləsində əldə etdiyi biliklər buna imkan vermir. Bu amil şagird və abituriyentləri repetitor xidmətindən istifadə etməyə yönəldir.

 

Ümumiyyətlə, Azərbaycan cəmiyyətində təhsillə bağlı müzakirələrdə ən çox toxunulan mövzulardan biri də repetitor hazırlığı ilə bağlıdır. Sorğunun nəticələri də sübut edir ki, abituriyentlərin əksəriyyəti repetitor xidmətindən istifadə edib. “İmtahanlara necə hazırlaşmısınız?” sualına abituriyentlərin 86%-i repetitorun yanına getməklə, 8%-i məktəbdə verilən dərslərlə, 6%-i isə “özüm hazırlaşmışam” cavabını verib.

 

 

Bəzi təhsil ekspertləri də bu fikirdədirlər ki, “ümumtəhsil məktəblərində tədrisin aşağı səviyyədə olmasının nəticəsidir ki, bu gün bütün insanlar valideynlərinin maliyyəsi hesabına ancaq kölgə təhsilindədirlər”. “Son zamanlar şagirdləri məktəb və təhsildən uzaqlaşdıran səbəblərdən biri “bunker müəllimlər” və “repetitor” hazırlıqlarıdır. Belə ki, ali məktəblərə hazırlaşan şagirdlərin bir hissəsi məktəb dərslərinin əvəzinə əlavə hazırlıqlara gedirlər. Düzdür, əlavə hazırlıqların köməyini inkar etmək olmaz, lakin bunun nəticəsi həmişə ürəkaçan olmur. Oxuyan, çalışan şagird üçün ali məktəbə qəbul olmaq çətin olmur, bəs 11 il ərzində heç kitab üzü açmayan şagirdin 8 əsas fənn əvəzinə 5 fənn üzrə hər şeyi cəmi 2 il ərzində öyrənə bilməsi nə dərəcədə mümkündür? Tez-tez bəzi valideynlərin ümidləri ilə birgə pullarının da itirməsinin şahidi oluruq”.

 

Problem haradan qaynaqlanır?

 

Sorğunun nəticələri, abituriyent və valideynlərlə aparılmış söhbətlər göstərib ki, yenilikləri mənimsəməkdə hər zaman olduğu kimi çətinliklər yaşanır. Yeni modelin əvvəlki modeldən əsas fərqli cəhəti odur ki, yeni tədris proqramının (kurikulumların) tələblərinə və mahiyyətinə uyğun olaraq imtahanlara qapalı test tapşırıqları ilə yanaşı açıq tipli test tapşırıqları salınıb. Bu fərq qapalı test tapşırıqlarının 70%-i, açıq tipli tapşırıqların 30%-i nisbətində olub. Bu amili nəzərə alaraq respontentlərə açıq tipli test tapşırıqları ilə bağlı bir neçə sualla müraciət olunub. Belə ki, abituriyentlərin 54%-ninfikrincə, imtahanlarda istifadə edilən açıq tipli tapşırıqlarla bağlı çatışmazlıqlar müşahidə edilib, 46%-nin fikrincə isə heç bir çatışmazlıq olmayıb.

 

 

İmtahanlarda istifadə edilən açıq tipli tapşırıqlarla bağlı çatışmazlıqlar qismində abituriyentlərin 37%-i yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların vaxt aparmasını, 21%-i uyğunluğu müəyyən etmək tipli tapşırıqların konkret olmamasını, 17%-i seçim tələb edən tapşırıq­ların mürəkkəbliyini, 25%-i hesablama tipli  tapşırıqların çətinliyini göstəriblər.

 

 

*Respondentlərə bir neçə cavab variantı qeyd etmək/seçmək imkanı verilib, buna görə də alınan cavabların ümumi sayı 100%-dən artıq olub.

 

Əks tərəfin ən razı qalmadığı məqamlardan biri də xüsusilə açıq tipli test (situasiya, mətn və mənbə əsaslı) tapşırıqlarının qiymətləndirilmə meyarlarıdır. Ümumiyyətlə, insan müdaxiləsi olan yerdə obyektivlikdən danışmaq mümkündürmü?

 

Dünya ölkələrinin imtahan təcrübəsi göstərir ki, imtahanların tipindən asılı olaraq cavabların qiymətləndirilməsində müxtəlif metodlardan istifadə edilir. Bu prosesdə insan fəaliyyəti/müdaxiləsi olanda istər-istəməz insanların düşüncəsində bəzi “şübhə toxumları cücərir”. Bu məqamları nəzərə alıb respondentlərə bu mövzuda bir neçə sualla müraciət olunub.

 

Situasiya, mətn və mənbə əsaslı tapşırıqların qiymətləndirilməsi rəyi soruşulan abitiriyentlərin 19%-ni tam qane edib, 18%-ni qane edib, 27%-ni qismən qane edib, 25%-ni qane etməyib, 11 %-ni heç qane etməyib.

 

 

Abituriyentlərin 12,5%-i imtahanlara düşən sualların qiymətləndirməsi prosesinin obyektiv aparılmasına çox inandığını, 37%-i inandığını, 27,5%-i qismən inandığını, 12%-i inanmadığını, 11%-i isə heç inanmadığını bildirib.

 

 

Araşdırmalar göstərir ki, respondentlər arasında əsas narahatlıq doğuran məqamlardan biri  buraxılış və qəbul imtahanları başa çatdıqdan sonra yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemlərlə bağlıdır. Burada əsasən iki məsələ narahatlıq doğurur: birincisi, yoxlama prosesində insan fəaliyyəti və ikincisi, yoxlama müddətinin uzun çəkməsi. Məhz bu iki məsələ abituriyentlər, valideynlər və müəllimlərdə psixoloji gərginliyə səbəb olur. Müsahibədə iştirak edən ekspert və valideynlər qeyd ediblər ki, “əvvəl imtahandan 3 gün sonra cavablar çıxırdı və şagirdlər neçə bal topladığını bilib rahat olurdular. İndi isə abituriyent nəticələrini gec öyrənir deyə onda əlavə həyəcan yaranır. Yazı tapşırıqlarının yoxlanılmasının uzun vaxt tələb etməsi qaçılmaz faktordur.  Bunu nəzərə alaraq DİM bu tapşırıqların sayının azaldılması ilə bağlı düşünməlidir.  Ümumilikdə belə sualların sayı çoxdur. Nəticədə, həm yoxlayan, həm də imtahan verən üçün sıxıntı yaranır”.

 

 

Göründüyü kimi, burada təzadlı bir vəziyyət yaranır: bir tərəfdən, test üsulunun abituriyentlərdə əzbərçilik yaratdığını qeyd edərək kurikulumun mahiyyətinə uyğun imtahanlarda açıq tipli sualların sayının çıxaldılması istəyirik, digər tərəfdən yazılı cavablandırılması tələb edilən (açıq) sualların cavablarının yoxlanılmasının çox vaxt apardığından şikayətlənirik.

 

Bu məsələ ilə bağlı DİM-in mövqeyi belədir ki, yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

 

Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

 

Təhsil Nazirliyinin nümayəndəsi bu məsələ ilə bağlı münasibətini belə izah edib: “Testologiya bir elmdir, bizdə bu sahəni oxuyan adamlar demək olar ki, yoxdur. Bu, obyektiv səbəbdir və yenidir. Beynəlxalq qiymətləndirmənin bəlli standartları var. Azərbaycan bu standartalara uyğun məzun yetişdirmək istəyirsə, həmin standartı ölkədə tətbiq etməlidir. Burada təkmilləşmə nə ola bilər? Məsələn, sual tələb edir ki, verilmiş tənliyin köklərinin hasili nəyə bərabərdir? Siz kvadrat tənliyi həll edərkən diskriminantı hesablamalı, bundan sonra isə kökü tapmalı və ən sonda köklər bir-birinə vurulmalıdır. Əvvəlki modelə görə, siz bunu ya düz, ya səhv yazırdınız və ya da heç yazmırdınız. Birincidə 10, ikincidə mənfi 2,5 bal (4 səhv bir düzü aparırdı), üçüncü halda isə sıfır bal alırdınız. Adam var ki, tənliyin diskriminantını hesablaya bilir, kökünü tapa bilmir, adam da var ki, kökünü tapır, ancaq vuranda səhv edir, eləsi də var ki, ümumiyyətlə, bu tənliyi həll edə bilmir. Nəticədə hamısı sıfır alır, bunları bir-birindən ayırmaq olmurdu. Ancaq indi bu misalda diskriminantı tapıbsa 1, kökü tapıbsa 2, kökləri bir-birinə vurub, düz cavabı tapıbsa 3 balla, heç nə yazmayıbsa sıfır balla qiymtləndirilir. Sual dəyişməsə də, insanları fərqləndirməyə imkan verir. Bizdə hazırda belə sualları yazanlar azdır. Bu, belə suallara cavab verənlər üçün də yenidir. Təkmilləşmə qiymətləndirmədə olacaq. Bu isə kifayət qədər mürəkkəb məsələdir. Burada iki həqiqət var. Birincisi, diskriminantı hesablayan heç nə hesablamayan adamla müqayisədə nəsə bilir. İkincisi, onların hər ikisi cavab verməyib. Təkmilləşmə daha çox burada olacaq”.

 

Son illər 700 bal toplayanların sayının kəskin şəkildə aşağı düşməsini DİM-in say çoxluğundan narahat olması ilə əlaqələndirilməsinə gəlincə qeyd edə bilərik ki, bu yeni imtahan modelinə keçidlə əlaqəlidir. Qeyd olunduğu kimi, ölçmə və qiymətləndirmə məzmuna (kurikuluma) uyğun olmalıdır. Məzmun dəyişirsə, ölçmə və qiymətləndirmə də mütləq dəyişir. Sadəcə bu prosesə uyğunlaşmaq lazımdır. Bu ilin imtahan prosesi başa çatdıqca artıq 700 bal toplayanların olduğunu müşahidə edirik. Demək ki, müsbət tendensiya müşahidə edilir, yeni modelə uyğunlaşma baş verir.

 

DİM rəhbərinin 700 bal məsələsinə münasibəti belədir: “Test imtahanları ölkəmizdə 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilmişdir. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranmışdır. Məhz bunun nəticəsində 2007-ci ildə ilk “700 ballı”ları müşahidə etdik. Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə tapşırıq və ya pul ilə nəyisə həll etmək nəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir. Ballar məhz bunun üçün lazımdır”.

 

Bəzi təhsil ekspertləri də bu fikirdədir ki, balların aşağı düşməsini faciəyə çevirməyə və ya fəlakət kimi qiymətləndirməyə, 700 bal ətrafında hay-küy salmağa, panika xarakterli ajiotaj yaratmağa heç bir lüzum yoxdur: “Bu, əsasən yeni modelə keçidlə, açıq tipli tapşırıqlara kifayət qədər adaptasiyanın olmaması ilə əlaqədar məsələdir. Əlbəttə, tapşırıqların çətinlik dərəcəsinin bölgüsü, səhv sualların yer alması halları da olub və DİM bəzi məqamları etiraf edib, bəzi məqamlara aydınlıq gətirib, bəzi məqamlar isə apellyasiya şikayətləri zamanı nəzərə alınıb. O ki qaldı bilik səviyyəsinin aşağı düşməsinə, bir ildə bilik səviyyəsi belə kəskin şəkildə nə aşağı düşə, nə də yüksələ bilər. Bunun üçün illər, hətta onilliklər tələb olunur”

 

Bundan başqa, müşahidələr göstərir ki, DİM-in nəzdində yaradılmış Apellyasiya Komissiyasına müraciət edənlərin sayı ilbəil artır. Üstəlik, apellyasiyada abituriyentlərin haqlı çıxma halları da daha çox müşahidə edilir. DİM-in markerlərinin xətası üzə çıxdıqca imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inam azalır. Növbəti illərdə hazırda müşahidə olunan bu problemi ciddi surətdə aradan qaldırmaq lazımdır.

 

Son söz əvəzi...

 

Beləliklə, hər iki tərəfin yuxarıda qeyd edilən irad və fikirlərini ümumiləşdirib bu qənaətə gələ bilərik ki, abituriyentlərin bilik və bacarıqlarının test üsulu ilə qiymətləndirilməsinin/ölçülməsinin ölkəmizdə artıq xeyli təcrübəsi mövcuddur. STM-in keçirdiyi sorğuların nəticələri sübut edir ki, respondentlərin əksəriyyəti test üsulunun qalması, lakin onun təkmilləşdirilməsinin tərəfdarıdırlar. Sorğuda iştirak etmiş əksər respondentlər “Test üsulu əzbərçi nəsil yetişdirir” fikri ilə razı olduqlarını, bunun qarşısını almaq üçün açıq tipli sualların sayının artırılmasının vacib olduğunu bildiriblər. Təhsil ekspertləri də bu fikirdədirlər ki, test əsasən məntiqi təfəkkürü inkişaf etdirdiyindən və daha çox əzbərçiliyə meyil yaratdığından yazı vərdişlərini inkişaf etdirmək üçün imtahanlara qapalı testlərlə yanaşı, yeni tədris proqramının (kurikulumun) məzmununu əks etdirən açıq tipli tapşırıqlar da salınıb.

 

Əsas problemli məsələlərdən biri kurikulumun mahiyyətinin düzgün mənimsənilməməsindən doğur. Bunu Təhsil Nazirliyinin, DİM-in rəsmi açıqlamalarından da görmək mümkündür. Bu problemin kökünü həm də kurikulum əsasında hazırlanan dərsliklərdə axtarmaq lazımdır. Bu problemin məsuliyyətini hər iki qurum şagird, abituriyent, müəllim və valideynlərlə birgə bölüşməlidir. “İmtahana proqramdan kənar heç bir sual salınmayıb” və yaxud  “kurikulum”  sözünün mahiyyətini hələ tam başa düşə bilməmişik”, “burada kommunikasiya problemimizin  olduğu üzə çıxır”, “problem kurikulumda deyil, o  insanlara izah olunmalıdır” və s. kimi açıqlamalarla problemi həll etmək mümkün deyil. Dərs yükünün ağırlığını azaltmaq, qəbulda daha yumşaq mexanizmlər tətbiq etməklə abituriyentlərin xüsusilə boş qalan özəl məktəblərə (hansı ki dotasiya ilə dolanırlar) qəbulunu təşkil və təşviq etmək, bununla da xaricə təhsil miqrasiyasının qarşısını almaq mümkündür. Həmçinin orta məktədə təhsilin səviyyəsini qaldırmaqla şagirdlərin repetitorların yanına axının qarşını ala bilərik.  

 

Sualların çətinlik səviyyəsi hər birimizi düşündürür. Şagirdlər Təhsil Nazirliyinin xətti ilə tərtib edilən dərsliklərlə yanaşı DİM-in vəsaitlərini oxumaq məcburiyyətində qalırlar. Düzgün qeyd olunur ki, məhz qəbul suallarının ağırlığı və çətinliyi valideynləri repetitorlara yönləndirir ki, bu da “təhslimiz bərbaddır”, “təhsilimiz geriyə gedir”, “məktəbdə təhsil yoxdur”, “repetitorlar olmasa, batarıq” düşüncəsini aşılayır. Hər nə qədər sualların yeni tədris proqramından kənar salınmadığı qeyd olunsa da, gözləmək olardı ki bu il pandemiyanın tədrisdə yaratdığı çətinlikləri nəzərə alıb sualların çətinlik səviyyəsi qismən də olsa aşağı salınacaq. Lakin bu baş vermədi.

 

Fikrimizcə, ağır prosesi yüngülləşdirmək, nəticənin şagirdə çatdırılmasını asanlaşdırmaq lazımdır. Ali məktəblərin qapısını abituriyentlərin üzünə daha geniş açmaq (yəni qəbul prosesini sadələşdirmək), universitetlərin buraxılışını isə sərtləşdirmək lazımdır. Bunun üçün testologiyanı yaxşı mənimsəmiş, sualları sadə və anlaşılan dildə tərtib edə bilən təcrübəli ekspertlərə, həmçinin bu sulların abituriyentlər tərəfindən cavablarını düzgün və səhvsiz qiymətləndirən peşəkar markerlərə ehtiyac var. Belələrinin sayı çox azdır.

           

Təbiidir ki, iş prosesində müəyyən çatışmazlıq və problemlərin ortaya çıxması labüddür. Lakin yetər ki, bu prosesdə kiminsə haqqı tapdalanmasın. Təhsil almaq, biliklərini artırmaq hər bir vətəndaşın hüququdur. Lakin unutmayaq ki, bəzən 1 bal belə abituriyentin taleyini həll edə bilər. Bununla da bəlkə də bir istedadlı gənci itirə bilərik. Diqqətli olmalıyıq: həm Təhsil Nazirliyi olaraq tədrisin düzgün təşkili və təşviqində, DİM olaraq biliyin qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməsində, həm də vətəndaş olaraq bu prosesin mahiyyətini bimədən fikir yürüdəndə...

Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.