Məqalələr

“No Lost Generation”- Avropada yaranan “Yetimlər Dünyası” və "İtmiş Nəsil Təhlükəsi"

avatar
Elnarə Qəribova
2019-11-07

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.

“İtmiş nəsil” anlayışı I dünya müharibəsi illərində, ağır şəraitdə yaşamış, müharibədə ölən, yaralanan və müharibənin travmatik mühitinin təsirinə məruz qalıb müharibədən sonra həyata uyğunlaşa bilməyən, ümumiyyətlə 1880-1890-cı illərdə anadan olan amerikalı gənc nəsil üçün istifadə olunub. Ümumiyyətlə itmiş nəsil anlayışı travmatik hadisənin və ya hadisələr silsiləsinin (müharibə, zəlzələ və s.) müəyyən bir ölkənin və ya regionun gənc nəslini uzun müddət öz təsir dairəsində saxladığı, bu təsirin hadisə(lər)dən sonrakı dövrə ciddi şəkildə sirayət etdiyi və həmin nəslin bir hissəsinin həyatla vidalaşmasına, bir hissəsinin hadisələrdən sonra həyata uyğunlaşa bilməməsinə səbəb olduğu hallardan bəhs edildiyi zaman istifadə olunur.

Suriyada 2011-ci ildən bu günə qədər davam edən vətəndaş müharibəsi təəssüf ki, Suriya gəncliyinin gələcəyini bu xarakteristikaya doğru sürükləyir. Münaqişələrin başladığı 2011-ci ildən bəri yaşananlar on milyondan çox insanın evini, anadan olduğu yeri, tərk edib başqa yerlərə, ölkələrə köç etməsinə gətirib çıxardı. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə vətəndaş müharibəsinin təsirinə məruz qalan uşaqların sayı 7,5 milyondur. 3 milyondan çoxu heç bir təhsil almır. Bu uşaqların təqribən 2,5 milyona yaxını öz ölkəsini tərk etmək məcburiyyətində qalıb.

 

 

Miqrant, başqa adı ilə qaçqın “irqi, dini, milliyəti, müəyyən sosial qrupa mənsubluğu və ya siyasi görüşləri səbəbi ilə zülm görəcəyi məsələsində haqlı qorxu ilə yaşayan və buna görə də ölkəsindən gedən və qorxu səbəbi ilə ölkəsinə geri qayıtmayan və ya qayıtmaq istəməyən şəxs”dir (BMT). Hüquqi proses olan miqrantlıq ancaq və ancaq sığınılan ölkə onları sığınma əsasına görə haqlı hesab etdikdə, məqbul hesab edilə bilən statusdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sığınma hüququnu belə xarakterizə edir: “Hər kəsin zülm qarşısında başqa ölkələrə sığınma və bu ölkələr tərəfindən sığınacaq axtaran şəxs kimi qarşılanma hüququ vardır” (maddə 14/1). Kollektiv sığınma, vətəndaş müharibələri və münaqişələrdə, ciddi təzyiqlərdə, böyük təbii fəlakətlər zamanı baş verir. Fərdi sığınma daha çox siyasi səbəblərlə olur. Növündən asılı olamayaraq, sığınma halları strukturu və nəticələri ilə təsir etdikləri kütlələr və sosial-iqtisadi vəziyyətin dəyişməsi ilə birlikdə siyasi dəyişikliklərə də yol açdığı üçün eyni zamanda tarixi prosesi də formalaşdıran xüsusiyyətləri özündə əks etdirir.

 

Əksər hallarda nəticələri “böhran” olaraq adlandırılan belə axınlarda fərdlərin yaşamaq, qalmaq kimi əsas hüquq və azadlıqlarının sığınılan dövlət tərəfindən hüquqi müstəvidə təmin olunması lazım gəlir. Lakin miqrantların əksəriyyətini qadın və uşaqların təşkil etdiyini nəzərə alsaq, həmin fərdlər üçün xüsusi hüquqların tanınması labüd ola bilər. Şübhəsiz ki, bunların ən əhəmiyyəlisi miqrant uşaqlar üçün təhsil hüququdur.

 

Avropanın bir çox ölkəsi miqrantları müxtəlif səbəblərlə təhlükəli hesab edərək və ya öz birlik və bütövlüklərinə təsir edəcəkləri fikri ilə hətta qəbul etmək də istəmədilər. Buna baxmayaraq, Almaniya və Avstriya miqrant qəbulunu bəyan etdilər. Bu məsələdə Aİ üzvü olan dövlətlər arasında fikir müxtəlifliyinin olması, xüsusilə diplomatik münasibətlərdə "bu ölkələrin bir-birilərinə qarşı mövqelərinə təsir edəcəkmi" sualı son on ildə yaranan fikir və mövqe müxtəlifliyi ilə Avropa gündəmini işğal etməyə davam edir. Və təəssüf ki, bu problematik məsələnin həllində əsaslı mövqe  hələ ki, bərqarar olmayıb.

 

"İtmiş nəsil" təhlükəsi-2: Suriyanın “yeni nəsli”

 

Bu gün dünyada milyonlarla miqrant uşaq var və proses getdikcə yüksələn  xətt üzrə gedir. Son illərin ən təhlükəli həddi isə suriyalı miqrant uşaqların gələcəyi ilə bağlıdır. Suriyalı miqrant uşaqların problemlərinin bir hissəsini bu tədqiqat mövzusunun məqsədinə uyğun olaraq 4 əsas başlıq altında qruplaşdıra bilərik.

 

  • Əvvəlcə ən başlıca problem hələ də təminat altında olmamalarıdır. Heç bir yerdə təminat altında olmayan, özünü evindəki kimi hiss edə bilməyən 5-18 yaş arasında, sayları 3 milyondan çox olan kütlə ilə üz-üzə gəlinib.
  • İkinci problem isə təminat altında olmamaq hissinə oxşar olaraq müharibənin onlardakı travmatik izləri və bununla bağlı yaranan narahatlıqlardır.
  • Başqa bir problem isə sığındıqları cəmiyyətlərdə yaşadıqları mühitlə bağlı və mədəni yadlaşmadır.
  • Sonuncusu və itmiş nəsil təhlükəsi baxımından bəlkə də ən ciddi məsələ olan təhsildən məhrum olmaqdır.

 

Suriyalı miqrant uşaqların sığındıqları və artıq yeni həyat qurmağa çalışdıqları Livan və  bəzi Avropa  ölkələrində hələ də təhlükəsiz şəraitə və nizamlı həyat standartına malik olduqlarını iddia etmək çətindir. Lakin UNICEF ilə region ölkələrinin hökumətlərinin həyata keçirdikləri təkmilləşdirmə proqramlarının nəticə verməyə başladığını da qeyd edilə bilər. Bununla yanaşı “No Lost Generation”, “Save the Children in Syria” kimi qeyri-hökumət təşkilatlarının suriyalı uşaqların vəziyyətinin yaxşılaşdırılmasına istər maddi dəstək, istərsə də ictimaiyyətin reallığı başa düşmə səviyyəsini artırma məsələlərində inkar edilməz töhfələr verdiyini də qeyd etmək olar.

 

 

Mənbə: https://data2.unhcr.org/en/documents/download/68557

 

Humanitar yardım ehtiyacı hələ milyonlarla suriyalı üçün əhəmiyyət kəsb etməyə davam etdiyi halda, humanitar yardımdan başqa struktur yardımlarının da qeyd edilməsi lazım gəlir. Yardımların təkcə humanitar yardım (qalma, yemək, isinmə və s.) ilə məhdudlaşmaması, miharibədən sonrakı Suriyanın yenidən inşa edilməsi üçün struktur yardımlar (məktəb, xəstəxana və s. inşası, maddi-texniki baza yardımları) da dünya dövlətləri və beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən edilməlidir. Təəssüf ki, BMT-nin üzv dövlətlərdən istədiyi 1.5 milyar ABŞ Doları həcmindəki yardım büdcəsinin hətta onda bir hissəsi dolmayıb.

 

Suriyalı miqrant uşaqların yaşadıqları dəhşətlər təkcə inamsızlıq hissinə səbəb olmur. Təəssüflər olsun ki, vətəndaş müharibəsinin dəhşəti və vahiməsi səbəbi ilə aldıqları travmalar, kökündə psixoloji səbəblər olan bir çox xəstəliyə gətirib çıxara bilir.  Sığındıqları ölkələrdəki həyat standartlarının psixoloji dəstək almalarına imkan verməməsi, böyüdükcə həddindən artıq aqressivliyə, depressiyaya, panika həmləsinə, qorxu böhranına və bu kimi bir çox narahatlığa səbəb olur. Bu narahatlıqlardan biri də kifayət etməyən və qeyri-sağlam qidalanma, özünə qulluq imkanlarından məhrum olma kimi imkansızlıqlar əlavə edildikdə, Suriyanın yeni gəncliyinin yaşadığı itmiş nəsil təhlükəsi ciddi səviyyələrə çatmış kimi təsir bağışlayır.

 

Mühitə yadlaşma isə suriyalı gənc miqrantların inamsızlıq hissini artıran və BMT-nin də Suriya ilə bağlı “itmiş nəsil” xəbərdarlığı etməsinə səbəb olan ən mühüm faktorlardan biri hesab olunur. Mühitəyadlaşma öz-özlüyündə yeni mədəniyyət və dilə uyğunlaşma prosesinin ilk reaksiya şəklindəki cavabıdır. Bu proses ailənin köç yolunda və ya müharibədə dağılması ilə, ailənin üzvlərini bir sıra səbəblərlə arxada saxlamaq məcburiyyətində qalması ilə və uşaqların ailələrindən və yaxınlarından bəzi üzvləri müharibədə itirməsi səbəbi ilə müalicə edilməsi və  öhdəsindən gəlinməsi çox çətin olur. Hal-hazırda travmatik sınaqdan sonra sığınılan və çox da qonaqpərvər olmayan bu yeni ölkələrində uşaqlar uşaqlıq və yeniyetməlik dövrünün ictimailəşmə proseslərini sağlam ailədən və ictimai mühitdən məhrum şəkildə keçirə bilir və gəldikləri yad ölkənin “yerli” uşaqları ilə qaynayıb-qarışacaq şəraitə malik olmurlar. Bu da uşaqların bir-birindən uzaq düşməsinə və bir-birlərini qəbul etməməsinə səbəb ola bilir. Bunun qarşısını almağın yeganə yolu uşaqlardır.

 

Mühitə yadlaşmanın tədricən azaldığını ehtimal edə bilərik... Eyni zamanda müəyyən mühitə adaptasiya olma prosesinin də davam etdiyini nəzərə alsaq, ikinci prosesin birincini üstələyə bilməsi üçün həyata keçirməli olan ən mühüm iş “təhsildir”.

 

Bu məsələdə əlaqədar dövlətlərin üzərinə düşən vəzifə şagirdlərin sayını artırmaqla yanaşı, eyni zamanda təhsil və tədrisin keyfiyyətini də artırmaq və bu keyfiyyəti ölkə miqyasında tətbiq edilə biləcək tədris proqramı ilə və minimum iki dildə təhsil verilə biləcək müəllim ştatı ilə yerinə yetirməkdir. “No Lost Generation” hərəkatının bu sahədə olduqca mühüm addımlar atdığını qeyd etmək olar. Həmçinin UNICEF və region ölkələrinin birgə işləməsi nəticəsində ümumilikdə 700.000 suriyalı uşaq evlərindən uzaqda da olsa, təhsillərini davam etdirə bilirlər.

 

Avropada “Yetimlər dünyası”

 

Təəssuflə qeyd edilməlidir ki, miqrasiya prosesi ilə yaranmış bu insanlıq faciəsinin başqa bir acınacaqlı tərəfi yenə də uşaqlardan yan keçmir.

 

Bu gun Avropada valideynlərindən məhrum olan çox sayda uşaqlar var. Təəssüflə qeyd edilməlidir ki, bəzi Avropa ölkələrində bu uşaqların valideynləri ilə bir araya gəlməsi qadağandır. Yəni, Suriyadan və ya digər ölkələrdən gələn uşaqlar öz valideynləri ilə deyil başqa birilərinə qoşulub gəlirlər və sonra onların gəldikləri bəzi Avropa ölkələrində ailələrindən hər hansı bir fərdlə, valideynləri ilə goruşməsi qadağan olur. Buna bir növ Avropada avropalıların özlərinində yaratdığı “yetimlər dünyası” da demək olar. Valideynləri və ya ailələrindən hər hansı fərdin olmasına baxmayaraq bu uşaqların ailələrindən kənarda yaşaması və böyüməsinin məntiqi əsasını görmək olmur. Burda bir sual yaranır. Kosmopolit mədəniyyətin yaranmasında  qaçqınlar və bu uşaqların rolu ola bilərmi və ya nə qədərdir? Bir çox suallar kimi bunuda indi dəqiq cəvablandırmaq qeyri realdır.  

 

Avropada Suriyalı qaçqınlar deyildikdə çox vaxt insandan kənar bir canlı kateqoriyasından olan varlıqlar kimi bəhs edilir: Hec bir haqqı olmayan, hec bir haqqa iddia edə bilməyən insanlar... Bu uşaqlar və onların valideynləri və ya ailələrindən olan hər hansı fərdlər bu haqq yoxluğunun içində övladlarından, yaxınlarından ayrı yaşamaq məcburiyyətindədirlər.

 

PAYLAŞ

Oxşarlar

Birinci şəxs: nitq və cazibə- (İkinci Hissə)

Birinci şəxs: nitq və cazibə- (İkinci Hissə)

14 Noyabr 2019

В 2003 году на церемонии инаугурации, И. Алиев придерживался определенной риторической страте… ƏTRAFLI

Qlobal Kosmopolis yoxsa çoxqütblü Dünya?

Qlobal Kosmopolis yoxsa çoxqütblü Dünya?

13 Noyabr 2019

Müxtəlif elektoratların plürallığının demokratik tələblərinə daha yaxşı uyğunlaşdırıla biləcək bir Yeni Dünya Nizamı forması üzər… ƏTRAFLI

Birinci şəxs: nitq və cazibə

Birinci şəxs: nitq və cazibə

13 Noyabr 2019

  Предметом настоящего исследования являются публичные тексты (дискурсы) Президент… ƏTRAFLI