Məqalələr

Multikulturalizmin iflası: İfrat sağ liberal-demokratiyanın daxili böhranının kölgəsindəki etnik fərqlilik

avatar
Elnarə Qəribova
2020-12-11

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.

Avropa ideyasının zədələnməsi, Aİ-nın yeni mərhələyə keçə bilməməsi ilə birlikdə ölkələr öz siyasətlərinin müəyyənləşdirici cəhətlərinə geri qayıdırlar. Bu özünə qapanma prosesi dini və mədəni mühafizəkarlığı artırır.

 

Avropa ifrat sağ partiyalarının Birinci Dünya müharibəsindən sonra hədəflərində yəhudilər olduğu halda, bu gün müsəlmanların yəhudiləri əvəz etdiyi müşahidə olunur. Avropa Şurası Xarici Əlaqələr Komissiyasının üzvü Tomas Klauya görə "1930-cu illərdə ifrat sağ partiyaları birləşdirən cəhət yəhudilər əleyhinə mövqe olduğu halda, XXI əsrdə müsəlmanlar birləşdirici cəhətə çevrilmişlər. İslamofobiya həmin partiyaların spesifik cəhətinə çevrilmişdir".[1]

 

İfrat sağ liberal-demokratiyanın daxili böhranını əks etdirir, mərkəziyyətçi partiyaların bu böhrana adekvat addım ata bilməməsi həddində güclənir. Avropanın bir bötöv kimi problemlərini həll edə bilmədiyini düşünən xalqın sərtlik və Avropadan qopmanın tərəfdarı olan partiyalara və ya mövqelərinə  daha çox imkan verdiyi görünür. Başqa sözlə burada demokratiyanı demokratikləşdirmək, xalqın problemlərini xalqın mənafelərinə uyğun həll edərkən, müxtəlifliklərlə bir yerdə olmağı və mədəni zənginliyi müdafiə etməklə bir-birinə oxşama, öz daxilinə qapanma və kənarlaşdırıcı siyasət şəklində iki əsas istiqamət görünür.

 

Liberal-demokratiyanın bu tarazlığı yarada bilmədiyi açıq-aydın görünür. Bu baxımdan demokratiyanın liberal tərəfindən kənarda, yeni kontekstdə nəzərdən keçirilməsi, bunun sağ populizmə çevrilməyən və başqa sözlə uzaq perspektivdə yeni mədəni böhranlar yarada biləməyən müstəviyə keçirmək lazım gəlir. Avropada əsasən Şərqi Avropa ölkələrində keçid prosesində yeni siyasət işləyib-hazırlaya bilməyən, iqtisadi böhranların zərərinin neoliberal konstruktiv siyasətlər əvəzinə miqrantlara yükləyən, mədəni plüralizmi qeyri-sabitlik və zəiflik kimi qəbul edən nöqteyi-nəzər güclənir. Bu kursun əvəzinə Avropanın siyasətini mütəxəssis və brokratlar vasitəsilə yox, demokratiyanı gücləndirəcək vasitələr kontekstində işləyib-hazırlaması təklif oluna bilər. Liberal-demokratiyanın böhranından ancaq liberal cəhətləri tənqid edərkən - Polşa və Macarıstan nümunələrində olduğu kimi - demokratiyanı da məhv edəcək deyil, onu hər kəsi əhatə edəcək şəkildə transformasiya edəcək ictimai mübarizələr vasitəsi ilə çıxıla bilər.

 

Liberal-demokratik müvazinətdə/müvazinətsizlikdə populuizm demokratiyanı gücləndirmək üçün istifadə edilən bir üsul olsa da, eynilə seçkilərin demokratiyanın tətbiqində yeganə yol olmaması kimi, populizm də yalnız "necə" sualının tam mənası ilə cavablandırılması ilə üstünlük veriləcək bir üsul ola bilər.

 

Avropada müsəlman miqrantlardan "yadelli" yaratma cəhdləri Şərq-Qərb mədəniyyəti, yəni islam və yəhudi-xristian mədəniyyəti arasındakı barışmaz təfəkkürə əsaslanır. Avropada "yadelliləşdirmə" kimlik müzakirələri vasitəsilə həyata keçirilir. Fərqli olan hər şeyi kənarlaşdıraraq "mənim kimi olan" və "mənə oxşayan" prinsipinin əsasını "biz" və "onlar" ayrı-seçkliyi edilərək "yadelli" yaradılır.[2]

 

Avropada "əcnəbi" qorxusu miqrant və qaçqınları ictimai problemə çevirmişdir. Avropa istər "qaçqın", istər "sığınacaq alan" olsun, hamısına "miqrant" gözü ilə baxır. Qərəz və stereotiplərə əsaslanan bu nöqteyi-nəzərə əsasən Avropa ölkələrində miqrantlar ölkənin "pis" gedişatına görə yeganə cavabdehlər olaraq görülür və mariginallaşdırılır. Qaçqınlara, sığınacaq alanlara, iqtisadi şəraitlə bağlı gələn miqrantlara və Avropada anadan olan ikinci və hətta üçüncü nəslə qarşı kənarlaşdırıcı və ayrı-seçkilik siyasətinin səbəbi iddia edildiyi kimi iqtisadi əsaslı deyil, daha çox mədəni-etnik və dini xarakterlidir. Avropada əhalinin mühüm bir hissəsini təşkil edən miqrantlar ultra-sağ partiyaların kənarlaşdırıcı mövqeyindən zərər çəkmiş vəziyyətdədirlər. Demək olar ki, bütün ultra-sağ partiyalar ölkədəki və ya qitədəki problemlərin əsas cavabdehləri kimi miqrant əhalini görür və göstərir.

 

İfrat sağ partiyalar multikulturalizm əleyhinə

 

Bu gün Avropanın gəlib çatdığı mərhələ qısa şəkildə miqrant və başqa sözlə müsəlman əleyhinə olmaq kimi xarakterizə edilə bilər. 1990-cı illərdən etibarən iş müzakirə gündəliyinə daxil olan miqrantların dini və mədəni həyatları səbəbi ilə Avropanın mədəni birliyini parçaladıqları, Avropa cəmiyyətinə uyğunlaşa bilməmələri və dolaylı olaraq sosial inamsızlığa görə cavabdeh olduqları tez-tez ifadə edilir. Bu vəziyyət dünən olduğu kimi, bu gün də xüsusilə  ifrat sağ partiyalarını gücləndirən faktora çevrildiyi müşahidə olunur. İfrat sağ mövqeyin ən mühüm qanadıını təşkil edən, "miqrantların təhlükəsizlik baxımından problem yaratdığı" fikri mərkəziyyətçi partiyalara inanmayan seçicidən dəstək aldığı görünür.[3]

 

1980-ci illərdən etibarən güclənən Avropanın  ifrat sağ və irqçi partiyaları son dövrlərdə də iştirak etdikləri seçkilərdə tarixi qələbələri əcnəbi-qaçqın-miqrant-müsəlman düşmənçiliyi və multikulturalizm əleyhinə olma konsepsiyası üzərində qurulmuşdu.

           

İkinci Dünya müharibəsindən sonra Avropanın "yenidən qurulması" üçün qonaq işçilərə ehtiyac duyulmuşdur. İlk dövrlərdə qonaq işçilərin Avropada qısa müddət qalacaqları və sonradan ölkələrinə qayıdacaqları düşüncəsi hakim idi. Lakin 1970-ci illərdən başlayaraq qonaq işçilərin ölkələrindən ailələrini də gətirmələri ilə birlikdə ikinci, üçüncü və dördüncü nəsildən olan miqrant uşaqları Avropa cəmiyyətində öz yerlərini tutmaöa başlamışdılar.

 

Bu gün Avropada miqrantların böyük əksəriyyəti müsəlmanlardan ibarət  olması və onların özləri ilə birlikdə dinləri və mədəniyyətləri də müzakirə mövzusuna çevrilməyə davam edir. Bu çərçivədə "idxal edilən islam dini prinsipləri ilə xristian-yəhudi mənşəyinə əsaslanan Avropa dəyərləri uyğunlaşa bilərmi?  Müsəlman miqrantların Avropa cəmiyyətinə və mədəniyyətinə inteqrasiya olmaları nə dərəcədə mümkündür? Müsəlman miqrantların dini kimlikləri Avropa kimliyinə zidd ola bilərmi? Avropada  ifrat sağ partiyalar müxtəlif mədəniyyətlərin bir yerdə yaşamasını və multikulturalizmin müvəffəqiyyət qazanmasına təsir edirmi?" kimi sullar tez-tez verilir.

 

Lakin Avropada multikulturalizmin iflası ilə bağlı müzakirələr yalnız ifrat sağ və irqçi partiyalar tərəfindən dilə gətirilmir. Mərkəziyyətçi partiya liderləri də,  ifrat sağ partiya liderləri kimi kənarlaşdırıcı və yadelliləşdirici ifadələrdən istifadə edirlər. Multikulturalizmin iflasını ilk dəfə açıq şəkildə dilə gətirən Almaniya Baş naziri Angela Merkel olmuşdur. Merkelə görə "Multikulturalizm tamamilə uğursuz oldu. Almaniya qapılarını köç dalğasına açmazdan əvvəl inteqrasiya olmayanlara qarşı daha kəskin mövqe nümayiş etdirməli idi".[4] Bundan sonra multikulturalizm tərəfdarı xarakteri ilə öyünən İngiltərə tərəfindən də buna bənzər açıqlamalar edilmişdi. Böyük Brtaniyanın sabiq baş naziri Devid Kameron (11 may 2010-13 iyul 2016) "On illərdir tətbiq olunan multikulturalizm siyasəti radikal islamın gücləndiyi separatist icmalar yaratmağa nail olmuşdur" demişdir.[5] Əlinə imkan düşən kimi əcnəbiləri və müsəlmanları tənqid edən və deportasiya olunmalarını istəyən Fransanın keçmiş Prezidenti Sarkoziyə görə isə "Multikulturalizm bir uğursuzluqdur... Ölkəmizdə yaşayan müsəlmanlar hər kəs kimi ibadət edə bilirlər. Lakin bu Fransız islamı ilə mümkün ola bilir. Fransadakı islamla yox".[6]

 

Multikulturalizmi çətinləşdirən və ifrat sağ çıxışlara legitimlik qazandıran mühüm hadisə 2011-ci ildə Norveçdə  baş verdi. Breyvik müsəlmanlara qarşı daha mülayim yanaşmada digər partiyalardan seçilən Norveç Fəhlə Partiyasının yay düşərgəsinə basqın edib 77 nəfəri öldürmüş və 242 nəfəri də yaralamışdır. Breyvikin törətdiyi qətliam  ifrat sağ düşüncənin çata biləcəyi nöqtəni üzə çıxarması baxımından diqqəti cəlb edirdi. Hücumlardan sonra xüsusilə  ifrat sağ partiyaların Breyviki dəstəklədikləri aydın görünürdü. Fransanın  ifrat sağ partiyası - Milli Cəbhə hücumu pisləsə də, Marine Le Penin müşaviri Lavrent Ozon tweetlərində "Oslonu şərh etmək:1970-2009-cu illər arasında altı dəfə artan köç dalğası" açıqlaması bu pisləmənin nə qədər səmimi olduğunu nümayiş etdirmişdir. Le Penə görə "müşavirinin bu ifadələri səhv açıqlama olmaqla birlikdə, partiyanın Nizam-İntizam Şurasında baxılacaq bir cəhət yoxdur". Marene Le Penin müşavirin ifadələrini səthi pisləməklə kifayətləndiyi gaydın idi. Milli Cəbhə Partiyasının başqa bir üzvü Jak Koutela öz bloqunda "Çantamı? Tabutmu?" başlıqlı məqaləsində Breyviki "dözümlü, ikon, Qərbin ilk müdafiəçisi" kimi xarakterizə edərək həyata keçirdiyi qətliamı da "Norveçli milliyyətçilərin terror aksiyasının səbəbi: müsəlman istilasına qarşı müharibə aparmaq. Məhz bunu sizdən gizləyirlər" şəklində açıqlama vermişdir. [7]

 

Avropada multikulturalizmin ifrat sağ tərəfindən təkrar mühakimə edilməsi Almaniyanın Köln şəhərində 31 dekabr 2015-ci il tarixdə gecə baş verən hadisə[8] ilə yenidən gündəliyə gəlmişdir. Bu, Almaniya başda olmaqla qitədə miqrantlara qarşı ictimai rəyin bütünlüklə dəyişməsinə səbəb olan Kölndə yeni il gecəsi baş verən təcavüz və soyğunçuluq hadisələri ilə bağlı iddiadır. Media vasitəsilə ölkənin gündəminə gətirilən iddialar ətrafında davam edən gərgin müzakirələr Avropanın miqrantlarla və qaçqınlarla "problemli münasibətini" də açıq şəkildə göstərir. Həqiqətlə qaralayıcı təbliğat, iftira və yalanlar arasındakı sərhədi get-gedə qeyri-müəyyən hala gətirən məcrada davam edən müzakirələr "günah"ın özü və bunu mümkün edən ictimai amilin bütün cəhətləri ilə başa düşülməsinə yönəlməli olan zehniyyətin dəyişməsi əvəzinə "günahkar"ın etnik mənşəyi və dini mənsubiyyətinin ilk növbədə müzakirə edildiyi əlaqəsiz yanaşmanın ümumən qəbul edilməyə başladığını da göstərir.

 

Avropanın "əcnəbiləri"" yadellilər"...

 

Hər bir ölkə siyasi, etnik və dini meyarlar kontekstində və öz mənafeləri istiqamətində istədiyi siyasəti ilk plana çıxarır, bu ölkələrin iqtisadi konyuktura və siyasi qiymətləndirmələrindən asılıdır. Məsələn, İkinci Dünya müharibəsindən sonra əsasındə SSSR-nin dağılmasından  sonra kommunist ölkələrindən gələnləri digər ölkələrdən gələnlərə nisbətən daha yaxşı qarşılanmışdır. [9] İstənilən Avropa ölkəsindən gələnlər miqrant hesab edilmədiyi halda, Afrika və ərəb ölkələrindən gələnlərə "miqrant" deyilməsi və ya "The Guardian"ın yazdığı kimi "ölkələrini tərk edən qərblilər haqqında "qürbətçi" (expat) ifadəsi işləndiyi halda, başqa ölkəyə yerləşmək istəyən və ya məcburiyyətində qalan ərəb və afrikalılar haqqında nəyə görə "miqrant" anlayışından istifadə edilir. Bu fikirdən çıxış etdikdə, afrikalı "miqrant", ərəb "miqrant", asiyalı "miqrant" adlandırıldığı halda avropalılar digər etnik qruplardan fərqli və üstün hesab edildikləri üçün "qürbətçi" hesab edilirlər. Göründüyü kimi "miqrant" termini digər irqlər üçün istifadə edilir. Miqrant, qaçqın kimi anlayışların istifadəsi sosial qrup, iqtisadi status və miqrantın gəldiyi ölkədən asılıdır.[10]

 

Avropaya gəlmək istəyən qaçqınlar da miqrantların məruz qaldıqları qavrama və stereotiplərdən öz paylarını alırlar. İfrat sağ partiyalar miqrant və müsəlmanlar məsələsində mövcud olan qərəzli fikir və terminlərdən istifadə edərək qaçqınların Avropa torpaqlarına ayaq basmalarına qarşı çıxırlar.

 

Bu kontekstdə Avropa ifrat sağ partiyaları baxımından 11 sentyabrda baş verən  Əkiz Qüllə Hücumları mühüm yer tutur. Əkiz Qüllə Hücumları ifrat sağ partiyaların mövqeyini gücləndirən mühüm dönüş nöqtəsi olmuşdur. İslama və müsəlmanlara qarşı kənarlaşdırıcı və yadelliləşdirici siyasətlər islam düşmənçiliyi məqsədi ilə həyata keçirilmişdir. 2000-ci illərin əvvələrində ən nəzərəçarpan nümunələrdən biri Pia Kjaersqaard rəhbərliyindəki Danimarka Xalq Partiyası (DFP)-dır. Pia Kjaersqaard 11 sentyabr hücumunu islam və terrorla əlaqələndirərək bütün müsəlmanların Danimarkadan çıxarılmalı olduğunu bildirmişdir. 4 oktyabr 2001-ci il tarixli çıxışında Kjaersqaard "Bəziləri 9/11-in mədəniyyətlərin toqquşmasının göstəricisi olduğunu iddia edir. Mən fərqli düşünürəm. Mədəniyyətlərin toqquşması, iki mədəniyyətin mövcudluğunu tələb edir və burada bundan bəhs etmək olmaz. Yalnız bir mədəniyyət var, o da bizimkidir..." demişdir.

 

Əvvəlcə Angela Merkel, sonra da Devid Kameronun "Avropada multikulturalizmin iflas etdiyi" haqqındakı açıqlamarı Avropa ərazisində yaşayan "fərqlilər"ə yanaşmada daha kəskin siyasət aparılacağının göstəricisi kimi qiymətləndirilmişdir. Mədəniyyətlər toqquşmasını sürətləndirəcək mövqe ifrat sağ çıxışlara legitimlik qazandırmışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi Merkel və Sarkozinin ifadələri də miqrantlara və miqrant çətiri altına girə biləcək hər kəsə şübhə və qorxu ilə yanaşmağa və "yadelliləşdirilməyə" səbəb olur. Hər bir ölkənin öz "yadelliləri" yuxarıda qeyd olunan "qürbətçi" və "miqrant" ayrı-seçkiliyi çərçivəsində formalaşır. Beləliklə "miqrant" kimi xarakterizə edilən afrikalı, asiyalı və ərəblər eyni zamanda "yadellini" də təşkil edilər.

 

Multikulturalizmin iflası məsələsi mədəniyyətlərlə əlaqələndirilir. Xristian və islam dünyası arasındakı konfliktləri daim hazır vəziyyətdə saxlayaraq təbliğat vasitəsi kimi istifadə edən ifrat sağın istifadə etdiyi ritorika və arqumentlərlə yanaşı, Samuel Hantinqtonun "Mədəniyyətlər Toqquşması" tezisi ilə Fransis Fukuyamanın "Tarixin Sonu" kimi tezisləri və tədqiqatları bu konfliktlər üçün nəzəri material təmin edir və hətta intellektual dünyada zəmin hazırlayaraq xüsusi legitimlik və nüfuz təmin edir.

 

İfrat sağ partiyaların qaçqınlara qarşı düşmənçiliyinin əsasında nə durur?

 

Qaçqınların müsəlman olması və onların Avropa dəyərlərinə və ənənələrinə qarşı müharibə elan etmək üçün gəldikləri fikrini əsas götürərək ifrat sağ partiyalar Avropanın qaçqınlara qarşı mövqeyini "islama Avropada" yer olmadığını fikri ilə əlaqələndirirlər. Başqa sözlə Avropa kimliyi və Avropa xalqları üçün təhlükə təşkil edən mədəniyyəti də özündə əks etdirən dini təcrübənin Avropa ərazisində yaşamasının mümkün olmadığı mənasına gəlir. Qeert Vildersin partiyası qaçqın böhranını "Avropanın təhlükəsizliyini, mədəniyyətini və kimliyini təhdid edən islamçı istila" kimi xarakterizə etməsi ifrat sağ mövqeyin mərkəzində islam və dörrdüncü nəsil olmasına baxmayaraq,  hələ də miqrant hesab olunan müsəlmanlar olduğunu göstərir. 11 sentyabr Əkiz Qüllə Hücumları ilə birlikdə ifrat sağ partiyaların islam düşmənçiliyi daha bariz şəkildə görünür. İfrat sağ partiyalar islamı açıq hədəfə çevirmişlər. İslamı rədd etmə konkret milliyyətçilik əsas götürülməklə həyata keçirilir. İfrat sağın milliyyətçi mövqeyi tarixin çəkdiyi sərhədlər daxilində qalma və öz qapılarını xaricə bağlama kimi tərcümə edilə bilər.

 

Qaçqınların müsəlman olmaları, müsəlmanların hələ də miqrant hesab edilmələri qaçqınların Avropaya xoş görünməmələrinə səbəb olur. Bu "düşmən" mövqeyin Avropanın təfəkkürünə geniş ölçüdə yerləşmiş miqrant məfhumundan irəli gəldiyi qeyd oluna bilər. İfrat sağ partiyalar miqrantlara və müsəlmanlara qarşı qərəzli mövqe və anlayışları daxil edib ustalıqla qorxu hakimiyyəti qura bilirlər. Səlahiyyətli şəxslər miqrantlara qarşı qərəzli mövqe və anlayışların həqiqəti əks etdirmədiyini bildirsələr də, qərəzli fikirlər ifrat sağ qüvvələr tərəfindən ustalıqla gündəlikdə saxlanılır.

 


[1]  LeGrandSoir, 29noyabr, 2011.

[3] Contextual Factors and the Extreme Right Vote in Western Europe https://www.researchgate.net/signup.SignUp.html

[4] The Guardian, 17 oktyabr 2010.

[5] The İndependent, 5 fevral 2011

[6] Le Figaro, 10 fevral 2011

[7] Le Monde, 26iyul 2011

[8] https://www.dw.com/tr/10-soruda-almanyada-toplu-taciz-skandal%C4%B1/a-18970652

[10] TheGuardian,13mart2015

 

PAYLAŞ

Oxşarlar

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

03 Mart 2021

Modernizmin yaratdığı diskontentasiyalar (diskontentasiya – məmnuniyyətsizlik, xoşnudsuzluq, tədirginlik) əsas olaraq insani fəaliyyət sferalarının texn… ƏTRAFLI

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

01 Mart 2021

Hər il internet istifadəçilərinin sayı sürətlə artır. Dünya ölkələrində və Azərbaycanda informasiya cəmiyyətinin davamlı inkişafı &uum… ƏTRAFLI

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

27 Fevral 2021

Böyük Azərbaycanın planları – Prezident Əliyevin təsis manifestosu   Xanlıqlar dövrünün başlaması ilə tarixi Azərbaycan tor… ƏTRAFLI