logo
AZ

Məqalələr

Müşahidə kapitalizmi

avatar
Sübhan Padarsoy
2020-08-20

Amerikalı sosio-psixoloq Şuşana Zuboff irəli sürdüyü tezisə əsasən XX əsrdə Henri Ford kimi, yaşadığımız əsrdə də Google kapitalizmin yeni formasını meydana çıxardı: müşahidə kapitalizmi. Bu tezisə əsasən Google, Facebook və s. istifadə edən insanlar müştəri deyillər, onlar müşahidə kapitalistləri tərəfindən “xam maddə”lərindən məhrum edilən cansız obyektlərdir (1).

Müşahidə kapitalistlərinə görə, insan təcrübəsi davranış datasına çevrilə bilən xam maddədir. Bu data rəqəmsal xidmətlər və məhsulları təkmilləşdirmək üçün istifadə edilməklə yanaşı, hər şeydən öncə “davranış proqnozisi məhsullarının” istehsalı üçün onlardan faydalanılır. Qeyd edilən məhsullar da yeni bazarda – “davranış fyuçerləri bazarı”nda satılır.

           

Bazar dominantlığı və gəlir maksimalizasiyası uğrunda mübarizədə müşahidə kapitalistləri daha prediktiv davranış dataları mənbəyini əldə etməyə çalışır. Zuboffa görə, bu davranış kapitalizmin ilkin iqtisadi imperatividir: ekstraksiya imperativi. Bu imperativ o deməkdir ki, xam maddə təchizatları getdikcə genişlənən miqyasda əldə edilməlidir.

           

Ekstraksiya imperativinə impuls verən amil daha yüksək gəlir arzusudur. Bir şirkət nə qədər çox davranış datası ekstraksiya etsə, o qədər çox gəlir əldə edəcək. Totalitar baxışa sahib olan müşahidə kapitalistlərinə görə, insanlar haqqında ən kiçik detal belə gözdən yayınmamalıdır. Bütövlükdə cəmiyyət sosial münasibətlər və interaksiyalar olaraq sadəcə öncədən təxmin etmə, hesablama, modifikasiya və konstruksiya sahəsidir.

           

Zuboff müşahidə kapitalizmini kapitalizmin yeni növü, daha heyvani kapitalizm olaraq xarakterizə edir. Müşahidə kapitalizmi insanın davranış datasını ən ucuz xərclə toplamağa və onu gəlirli istifadəyə çevirməyə çalışır. Müşahidə kapitalizmi yeni bir düzən deyil, kapitalizmin yeni manifestasiyasıdır. Gmail-dən axtarış motoruna kitab layihələrindən Android softveyr və dünyanın xəritələşdirilməsinə qədər Google-un məhsullar zəncirini ən yaxşı izah edən məhz ekstraksiya imperatividir. Bütün bunları ümumiləşdirən faktor onların “xam maddə” ekstraksiyasına yardım etməsi və onu mümkünləşdirməsidir. “Xam maddə” yəni, səslərimiz, meyllərimiz, gps lokasiyamız, axtarış sorğularımız... -Google-un prediktiv məhsullar hazırlamaq üçün istifadə ediləcək “davranış data”sını ekstraksiya etməsinə zəmin yaradır.

           

Bəzi tədqiqatçılar Google-u müşahidə kapitalizminin ixtiraçısı olaraq xarakterizə edir. Müşahidə kapitalizmi rəqəmsal texnologiya ilə eyniləşdirilməməlidir. Bu yeni kapitalizm forması rəqəmsal olaraq meydana çıxsa da, rəqəmsal olaraq doğulan şirkətlərə bağlı deyil. Müşahidə kapitalizminin uğurunda həlledici olan amil davranış datasının mülksüzləşdirilməsidir: xam maddə təchizatı azad olmalı və qanunlar sıxışdırılmalıdır.

           

Müşahidə kapitalizmi sadəcə bir texnoloji nailiyyət deyil. O, həm də “davranış data”sının mülksüzləşdirilməsi yüksək dərəcədə təşkil edilmiş siyasi, kommunikativ, inzibati, hüquqi və maddi strategiyaların birləşməsini tələb edir. Şirkətlər

xam maddə ekstraksiyası metodlarını daimi olaraq reproduksiya etməli və yeniləməlidirlər. Buna görə də, onların bağlı olduğu strategiya “soruşma” (don’t ask) strategiyası olaraq adlandırıla bilər. Müşahidə kapitalizminin “dispossesiya tiskli”nin mərhələləri belə qeyd edilə bilər:

            1.Hücum – müşahidə kapitalistləri ilkin olaraq davranır və insanların davranış datasının ekstraksiya və yenidən fabrikasiya üçün azad olduğunu elan edir

            2.Öyrəşdirmə - Etiaz yüksəldiyi zaman, onlar buna məhəl qoymamağa çalışır və istənilən halda sonda istədiklərinə nail olacaqlarını düşünürlər.

            3.Adaptasiya: Əgər etiraz uğurludursa, adaptasiya mərhələsi elan edilir.

          

 

Dəyişməyən odur ki, Google datanı ekstraksiya edəcək, sadəcə məqsədə gedən yollar dəyişdirilə və yenidən strukturlaşdırıla bilər. Müşahidə bazarı olduqca gəlirli bir bazardır. 2001-ci ildə Google müşahidə kapitalizmi səyahətinə başladığı zaman onun net gəlirli 86 milyon, 2002-ci ildə 347 milyon, 2003-cü ildə 1.5 milyard, 2004-cü ildə isə 3.5 milyard dollara yüksəldi. Bunun ardınca, Facebook, Apple, Microsoft kimi şirkətlər də bu bazara qoşuldular.

 

Müşahidə kapitalistləri arasında həqiqi rəqabət  davamlı əlçatanlığa zəmanət verən yeni və azad xam maddə mənbələrini aşkar etməkdir. Müşahidə kapitalizminin ilkin iqtisadi prinsipi olan ekstraksiya imperativi miqyas iqtisadiyyatını zəruriləşdirir. Öncədən təxmin etmə datanın miqdarı, hesablama gücü və texno-proseduraların təkmilliyi qədər mükəmməldir.

 

Yadda saxlamaq lazımdır ki, müşahidə kapitalistlərinin satdığı aktual məhsul “insanın datası” deyil, proqnostik modellərdir. Əldə edilən nəhəng və zəngin data ilə işləmək üçün çox yüksək hesablama gücünə sahib olunmalıdır (2). Google dünyada ən böyük “computing power’’a sahib olmaqla yanaşı, əlindəki texnologiyanın daha çox və daha sürətlə öyrənməsini təmin etmək üçün yeni texnologiyalar üzrə ən peşəkar mütəxəssisləri özünə cəlb edir.

 

İnsan davranışını öncədən müəyyən etmək müşahidə kapitalizminin ikinci əsas ehtiyacıdır (prediction imperative). Müşahidə kapitalistlərini miqyas iqtisadiyyatını fəaliyyət və sfera iqtisadiyyatı ilə tamamlamağa sövq edən məhz bu imperativdir. Fəaliyyət və sfera iqtisadiyyatı “davranış data”sının sadəcə geniş, eyni zamanda çeşidli və dərin olması aksiomasına əsaslanır. Belə ki, ekstraksiya əməliyyatları sadəcə onlayn sfera ilə məhdudlaşdırılmamalı və insanların offlayn həyatını da əhatə etməlidir. Onların hobbilərindən gündəlik iş rutinlərinə, səhər yeməyi söhbətlərindən idman fəaliyyətlərinə qədər hər şey bir data olaraq ekstraksiya edilməlidir.  İnsanın ən intim həyatına qədər hər şey toplanılmalı, onun intonasiyası, gülüşü və üz ifadələri skan və analiz edilməli, sonda yenidən fabrikasiya edilməlidir (3).

 

Miqyas və sfera iqtisadiyyatları zəruri olsa da, yüksək dərəcədə rəqabətli müşahidə kapitalizmi bazarında kifayət deyil. Tələb edilən fəaliyyət iqtisadiyyatıdır. Zuboff fəaliyyət iqtisadiyyatının mükəmməl bir nümunəsi olaraq “Pokemon go”nu təhlil edir. Google xəritələrindən ortaya çıxan və oynayanların hərəkətinin addımbaaddım izlənildiyi Pokemon go yüksək dərəcədə detallandırılmış lokasiya əsaslı sosial qrafiklərə sahibdir. “Pokemon go”nun arxasında dayanan Niantic şirkətinin oyunu oynayan hər kəsin kamerasına, audio barmaqizinə və kontaktlarına əlçatanlığı var. Bu datanın toplanmasına və distribusiyasına heç bir limit qoymayan Niantic oyunçunun nə qədər oynadığını, müəyyən lokasiyaya necə çatdığını və onun yanında kim olduğunu bilir. “Pokemon go”da bütün data sadəcə insan davranışını öncədən müəyyən etmək üçün deyil, onu spesifik məkanlara yönləndirmək üçün istifadə edilir: pizza restoranları, pub-lar, kafe-barlar, parklar bura daxildir.

 

Müşahidə kapitalizmi sadəcə totalitar bir layihə deyil, eyni zamanda bir növ “insturmentarizm” olaraq dərk edilməlidir (4). Onun əsas arqumentinə görə, “insturmentarizm”in məqsədi cəmiyyətin və ya insanların mükəmməlləşməsi deyil, kapitalist məqsədlər üçün bazar və cəmiyyətin avtomatlaşdırılması, mexanikləşdirilməsidir. Müşahidə kapitalizmi bizim haqqımızda dataya misligörünməmiş əlçatanlığa malik olmaqla yanaşı, bu əlçatanlıq ona haqqımızda “biliyi” istehsal etməyə icazə verir. Son dərəcə dəqiq olduğu düşünülən bu bilik davranışlarımızı “öncədən müəyyən edə” bilər.

 

Kapitalizm kimi müşahidə kapitalizmi də siyasət haqqındadır və siyasətin degenerasiyasında mühüm rola malikdir. Siyasət iqtisadiyyatdan, iqtisadiyyat da siyasətdən ayrılmamalı olduğu çün “müşahidə kapitalizmi” də siyasi olaraq dərk edilməlidir. Böyük rəqəmsal şirkətlər və onların liderləri gələcək haqqında bir “viziyon”a malik olduqlarını gizlətmirlər. Elon Maskdan Piter Tielə qədər bu viziyonerlər demokratiyanı bir anaxronizm olaraq görürlər. Onlar vurğulayırlar ki, ən modern texnologiyalar ideal bir cəmiyyətin qurulmasında istifadə edilə bilər. Facebook, Google kimi böyük şirkətlərə və texno-mürşidlərə diktə edən bu texno-utopiya özlüyündə texnologiyanı demokratiya üçün alternativ olaraq dərk edir.

 

Google, Facebook kimi şirkətlər azadlığımızı əlimizdən alan prediktiv məhsulların istehsalında onlayn və offlayn həyatımızın sadəcə bir xam maddə olduğu totalitar və anti-demokratik bir dünya formalaşdırır. Anti-demokratik müşahidə kapitalizminin görkəmli gücü gəlir axtarışı və sərvət akkumulyasiyasının konsistent məntiqinin nəticəsidir.  


                      İstinadlar və ədəbiyyatlar:

 

  1. Zuboff, S. (2019). The age of surveillance capitalism. The fight for the future at the new frontier of power. London: Profile Books.

 

  1. Greenwald, G. (2014). No place to hide. Edward Snowden, The NSA & the surveillance state. London: Penguin Books.
  2. O'Neill, C. (2016). Weapons of math destruction. How big data increases inequality and threatens democracy. London: Allen Lane.
  3. Varis, P. & Hou, M. (in press). Digital approaches in linguistic ethnography. The Routledge Handbook of Linguistic Ethnography (ed. Karin Tusting). Abingdon: Routledge.
PAYLAŞ

Oxşarlar

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20 Aprel 2021

Texnokratik subsistemin ekspansiyası bürokratiya daxilində yeni məntiq və mədəniyyətin inkişafı anlamına gəlir. Bu subsistemin məntiqi kəskin effektivli… ƏTRAFLI

Elm və media? Karl Saqan nümunəsi və...

Elm və media? Karl Saqan nümunəsi və...

19 Aprel 2021

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq g… ƏTRAFLI

 XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

18 Aprel 2021

Azərbaycanın çoxəsrlik tarixi mədəni irs nümunələri onun zəngin mədəniyyətə, qədim sivilzasiyaya malik olduğunu bir daha təsdiq edir. Arxeol… ƏTRAFLI