Məqalələr

Məscidlər birləşdirəndə- Azərbaycan modeli

avatar
Tural İsmayılov
2019-12-13

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist, blogger, tədqiqatçı, hekayələr, esselər, araşdırmalar müəllifidir.

Paytaxtımız bu il daha bir böyük tədbirin ev sahibliyini etdi. Ölkəmiz son illərdə dünya səviyyəli tədbirlərin, elmi-kültürəl konfransların, siyasi görüşlərin və idman yarışlarının uğurlu ev sahibliyini etdirir. Dünya dini liderlərinin ikinci Bakı sammiti növbəti dəfə diqqəti Azərbaycana yönəltdi.

Noyabrın 14-15-də Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri,  həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak ediblər.

 

İki gün davam edən sammitdə dini liderlər terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də, miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı öz dərin narahatlıqlarını ifadə ediblər.

 

Sammitdə yekdil olaraq bildirilib ki, özündə bəşəri dəyərləri ehtiva edən dinlər dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verməli, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etməlidir.

 

 

Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışı tarixən ölkəmizdə mövcud olan tolerant ənənələrin qorunması və daha da inkişafı üçün münbit şərait yaratdı. Hazırda ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasətinin tərkib hissəsinə, mühüm istiqamətinə çevirib.

 

Ümumiyyətlə, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə ölkəmiz böyük nailiyyətlərə imza atmışdır. Belə uğurlardan biri artıq dünya siyasətində mədə-niyyətlərarası və sivilizasiyalar­arası dialoqun önəmli platforması kimi geniş müzakirə olunan “Bakı prosesi”dir.

 

Başlanğıcda “Bakı prosesi” mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan bir təşəbbüs idi. Bu təşəbbüsü ilk dəfə Prezident İlham Əliyev 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusundakı beynəlxalq konfransda irəli sürüb. Dövlət başçısı Bakıda 2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında “Bakı prosesi”nin tarixi və əhəmiyyəti haqqında danışarkən deyib: “2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra – 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib."

 

Gördüyümüz kimi, Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Dünya dini liderlərinin I Bakı sammiti zamanın tələbindən doğan zərurət idi. Bu gün də, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi öz aktuallığını qorumaqdadır. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsinə qərar verilib.

 

Prezident İlham Əliyevin ikinci Bakı sammitindəki çıxışı xüsusi önəm kəsb edir:

 

“Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir.

 

Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

 

Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi. Yəni, təsəvvür edin nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Bəyannaməsi də ədaləti əks etdirir və bildirməliyəm ki, Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək”.

 

Məhz bu ərəfədə Fransanın nüfuzlu “Agora Vox” platformasında Bakı sammiti ilə bağlı yazı dərc olunub.

 

Alen Rumestandın müəllifi olduğu yazıda qeyd olunur ki, Fransada antisemitizm, xristianofob, islamofob mövzulara dair debatların gündəmdə olduğu vaxtda, noyabrın 14-15-də Azərbaycanın paytaxtı Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Sammitdə 70 ölkədən 25 ənənəvi din və dini təriqətin (xristian, yəhudi, müsəlman, buddist və s), eləcə də beynəlxalq təşkilatların 500-dən çox nümayəndəsi və rəhbərləri iştirak ediblər.

 

İştirakçılar arasında bir çox nüfuzlu şəxs, o cümlədən Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill, Səudiyyə Ərəbistanının Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi, Qüds-Yerusəlimin ortodoks baş ravvini, Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Simon Vizental Mərkəzinin həmtəsisçisi, ABŞ-ın Xristian Liderlər Konqresinin, Əlcəzair Ali İslam Şurasının nümayəndələri, İslam Aləmi Liqasının Baş katibi və digərləri olub.

 

Dünyəvi dövlət olan Azərbaycan multikulturalizmin, tolerantlığın, dinlərarası həmrəyliyin təbliğinə, həmçinin ölkədəki dini icmaların inkişafına göstərilən maliyyə dəstəyinə və s. görə dünyaya nümunədir. Bu mənada Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da dəstəyilə keçirilmiş sammitin Bakıda təşkil olunması təsadüf deyildi.

 

Bakıya toplaşmış dini liderlər iki gün ərzində terrorçuluq, kseofobiya, islamofobiya, antisemitizm, xristianofobiya, dini zorakılığın bütün təzahürlərilə mübarizə məsələsində gündəmdəki əsas məsələlərdən danışıblar. Sammitdə dini liderlərin, siyasətçilərin və vətəndaş cəmiyyətinin birgə fəaliyyətilə gənclərin məsuliyyəti, uşaq və qadın hüquqlarının (xatırladaq ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda qadınlara səsvermə hüququ 1918-ci ildə verilib və onların hicab geyməsi kimi tələb yoxdur) qorunması mövzularında müzakirələr aparılıb. Çıxış edənlər sivilizasiyalararası dialoqun sürətlə yayılaraq beynəlxalq aləmi sarsıdan dəyişikliklərdən irəli gələn insan ehtiyacı olduğunu vurğulayıblar.

 

Bu gün bəşəriyyət tarixin çətin bir mərhələsini yaşayır. Odur ki, beynəlxalq ictimaiyyətin üzləşdiyi əsas problemlərin aradan qaldırılmasında dialoq əsas strateji seçim olmalıdır. Heç də asan məsələ olmayan xalqların, millətlərin birgəyaşayışı idealınl reallaşdırmaq üçün ən yaxşı vasitə məhz dialoqdur. Bir sözlə, beynəlxalq böhranların əsasında duran gərginliyi, düşmənçiliyi məhz dialoq yolu ilə aradan qaldırmaq olar.

 

Bakı Sammitində çıxış edənlər dözümlülüyü təbliğ edən dinlərə təsir göstərən xarici ekstremist ideologiyalara qarşı mübarizədə beynəlxalq əməkdaşlığının vacibliyini də vurğulayıblar.

 

Həmçinin "İndependent Türkçe"  nəşrində Heydər məscidindən bəhs edən gözəl bir yazı dərc edilib.

Diyanət İşləri Başqanı Dr. Əli Erbaş bu günlərdə Azərbaycanın paytaxtı Bakıda cümə namazı qıldırıb, xütbə oxuyub. O, Azərbaycana Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün yollanmışdı.

 

Erbaş cümə xütbəsini Bakı Heydər məscidində oxuyub. “Birlik, bərabərlik və qardaşlıq” mövzusunda xütbədə o, Həzrəti Məhəmmədin təqdim etdiyi ən əhəmiyyətli dəyərlərdən birinin qardaşlıq olduğunu bildirib. Erbaş deyib ki, iman qardaşlığı fərqli dillər, rənglər, irqlər və ərazilərə rəğmən, inancları, sevincləri, kədərləri, idealları və ümidləri bir-birinə bağlayır.

 

Bakının ən möhtəşəm məbədində yerli sakinlərlə birgə namaz qılan Erbaşa azərbaycanlılar böyük maraq göstərib.

 

İbadətin edildiyi məscidə də maraq böyükdür. Çünki bu məscidin çox az bilinən bir xüsusiyyəti var. Dövlətin qərarı ilə Heydər məscidi açıldığı gündən sünnilərlə şiələrin birlikdə ibadət etdiyi yerdir.

 

Bir həftə şiə, bir həftə sünni imam xütbə verir

 

Burada bir həftə şiə, bir həftə sünni imam xütbə verir. Şiə imam xütbə verərkən sünnilər də ona tabe olur və əksinə.

 

27 ildir Azərbaycanda yaşayan, onun həm etnik, həm də dini etiqad istiqamətlərini yaxından izləyən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin rəhbəri Hüseyn Büyükfırat Heydər məscidinin bu xüsusiyyəti haqda “Independent türkcə”yə danışıb. Büyükfırat son illərdə bütün sərvətlərin ayrıseçkilik elementinə çevrildiyini, bunun təəssüf doğurduğunu bildirib.

 

“Bu gözəl təcrübə daha geniş yayılmalıdır”.

 

Məsciddə sünnilərlə şiələrin eyni vaxtda, birgə ibadət etdiyini deyən Büyükfırat bunu “gözəl təcrübə” adlandırıb. O, hesab edir ki, bu gözəl təcrübənin daha geniş kütləyə yayılması vacibdir.

 

Büyükfırat Azərbaycanda sünnilərlə şiələr arasında heç vaxt ziddiyyətin olmadığını da deyir: “Bu, dövlətin qərarı ilə icra olunan gözəl təcrübədir. Sünnilərlə şiələr namazı birlikdə qılır. Burada cümə namazını bir həftə sünni, bir həftə şiə imam qıldırır. Bunu bütün Azərbaycan xalqı bilir. Odur ki, istər şiələr, istərsə də sünnilər Heydər məscidinə tərəddüd etmədən gedir, imamların arxasında rahatlıqla namaz qılır”.

 

“Göy məsciddə də oxşar təcrübə yaşanır”.

 

Azərbaycanda bu təcrübəni reallaşdıran başqa məscid də var. Büyükfırat deyir ki, bu, Əjdər məscidi, başqa adı ilə Göy məsciddir. Buranı inşa etdirmiş mömin məsciddə şiələrlə sünnilərin birlikdə ibadət etməsini arzulayırmış. İndi, burada hər kəs bir-birilə salamlaşır, birlikdə namaz qılır: “Düşünürəm ki, bu təcrübəyə böyük diqqət göstərilməlidir. Çünki bu, müsəlmanlar arasındakı fərqliliklərin əslində, zənginlik kimi təqdim olunmasıdır. Bildiyimə görə, Azərbaycandan başqa heç yerdə belə təcrübə yoxdur. Odur ki, bu işə dəstək verilməlidir. Sünnilərlə şiələrin birlikdə namaz qılması birlik, həmrəylik mesajıdır. Üstəlik, Azərbaycanda fərqli inanca məxsus insanlar arasında belə, xoşagəlməz hadisələr yaşanmır”.

 

Bu məsələ ilə bağlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ilə söhbətləşdim. O, öz fikirlərini stm.az saytı ilə bölüşüb:

 

“Azərbaycanda tarixən belə münasibətlər sistemi olub, məzhəblər arasında barış mühiti olub. Bu mühit məscidlərdə də özünü göstərir. Göy Məscidddə də hər həftə vəhdət namazı qılınır, bu ənənə Heydər məscidində də həyata keçirilir ki, dünyada nadir baş verən hadisələrdəndir. Bizim ənənələrimiz, tarixi münasibətlərimiz bu tolerantlıq mühitinə şərait yaradır. O ki qaldı ölkəmizdəki tolerantlıq mühitinə dünya mediasının diqqətinə, bu da ölkə başçısının Bakı prosesinə olan marağının təbii davamıdır. Azərbaycanda dövlət-din münasibətlərinin təqdim olunması da çox önəmlidir. Azərbaycana gələn dünya dini liderləri də öz maraqlarını və təəccüblərini gizlədə bilmirlər. Albert Aqarunova abidənin qoyulması ölkəmizdə bütün din təmsilçilərinə olan qayğının yüksək göstəricisidir. Düşmən Ermənistanın apardığı bütün təxribatlara baxmayaraq, Azərbaycanda dini vəhdət ən ali formadadır və ölkədə antisemitizm meyilləri yoxdur”.

Ötən günlərdə yəhudi milli qəhrəmanımız Albert Aqarunova heykəl qoyulması məsələsi də dünya mediasında geniş işıqlandıılıb.

 

 

 

Milix Yevdayevin yazısında qeyd olunur ki, bu il noyabrın 15-i məşhur müharibə qəhrəmanı Albert Aqarunovun həyat hekayəsini bilən Azərbaycanın yəhudi icması və ümumiyyətlə, yəhudilər üçün əlamətdar gün idi. Həmin gün paytaxtımız Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə ucaldılmış heykəlin açılış mərasimi keçirilirdi. Açılış mərasimində hökumət nümayəndələri, icma üzvləri, xarici qonaqlar iştirak edirdi. Onlar böyük qəhrəmanlarımızdan birini yad etmək üçün toplaşmışdılar...

 

Mərasimə çox uzaq ölkələrdən də qatılanlar olub. Məsələn, Simon Vizental Mərkəzinin həmtəsisçisi Rabbi Abraham Kuper, ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı, həmçinin Avropa, ABŞ, Latin Amerikası ölkələrindən bir neçə ravvin, ABŞ-ın Qərb ştatlarından olan senatorlar və s.

 

Albert Aqarunov əhalisinin 95%-i müsəlman olan ölkənin milli qürurudur. Bu ölkənin ayrı-ayrı kiçik şəhərlərində, həmçinin paytaxt Bakıda yəhudi icması yaşayır. Burada yaşayan yəhudilərin qədim və xüsusi tarixi var. Hesab edirəm ki, Azərbaycan yəhudilərinin hər biri özünü uğurlu insan saya bilər. Azərbaycan minilliklər boyu bu mürəkkəb regionda yəhudilər üçün yeganə təhlükəsiz ölkə olub. Burada yaşayan hər bir yəhudinin öz tarixi var desəm, yanılmaram. Bəzi yəhudi ailələri bu ölkəyə qədim zamanlarda, bəzilərisə çox da uzaq olmayan keçmişdə köçüb. Bizim ailəmiz buraya antisemitizmin yüksək olduğu ölkələrdən canını qurtarmaq üçün təhlükəli səfərə çıxmaqla gəlib.

 

Dağ yəhudi icmasına aid Albert Aqarunov isə 1969-cu ildə Bakıda, 10 uşaqlı böyük ailədə anadan olub. O, neftçıxarma sənayesi üzrə ixtisaslaşmış zavodda çalışıb. Musiqini sevən Alberti qonşuları, dostları, ailəsi xeyirxah və cəsarətli gənc kimi xarakterizə edirdi. Ədalət hissi çox güclü olan Albert həyat eşqi ilə yaşayırdı.

 

1991-ci ildə o, könüllü olaraq Orduya yazılıb. Doğrudur, Albert Aqarunov hərbi xidmət keçməyə, yaxud SSRİ-nin dağılması ilə bu ölkəni tərk edə də bilərdi. Amma Ermənistanın Azərbaycanın Qarabağ regionuna hücumu ilə bu yəhudi gənc Azərbaycan tərəfdən döyüşmək qərarına gəlmişdi. Albert minilliklər boyu yəhudiləri və onu qoruyan bu ölkəni müdafiə etmək hissilə alışıb-yanırdı...

 

Məşhur tank komandiri Albert Aqarunova ən müxtəlif vəziyyətlərdə düşməni məharətlə məhv edə bildiyi üçün “ovçu” ləqəbi qazanmışdı. Ermənilər onun başına 100 min dollar mükafat belə, qoymuşdular. Çünki Albert tankçı kimi, tayı-bərabəri olmayan qabiliyyətlərə malik idi. Məsələn, o, təhlükəli və mürəkkəb vəziyyətdə olmasına baxmayaraq, güclü manevrlər sayəsində minlərlə düşməni çaşdıra, bir gündə ermənilərin 9 tankını və 2 zirehli texnikasını məhv edə bilmişdi. Yeri gəlmişkən, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə 2 tankı eyni anda vururdu. Bu üzdən, döyüş yoldaşları onun bu üsulunu “yəhudi buterbrodu” adlandırırdılar. Bir sözlə, o, ölkəsi və inandığı dəyərlər uğrunda cəsarətlə döyüşməyə hazır idi. Bu, nadir xüsusiyyətlərdəndir...

 

Albertin xeyirxahlığı ilə cəsarəti onun xidmətinin hüdudlarını aşırdı. Ermənilərin Azərbaycan ərazilərini işğal edərək orada qətliamlar törətdiyi an Albert həmin ərazilərə yollanırdı – qətlə yetirilmiş günahsız azərbaycanlıların – qadınların, kişilərin, uşaqların cəsədlərilə dolu olan ərazilərə. Həmin günlərdə Albert təhlükəsizlik haqda düşünmədən, hər tərəfdən yağan güllələrə fikir vermədən tankı tərk edir, tankçıya vəhşiliklə qətlə yetirilmiş insanların cəzədi üzərindən keçməməsi üçün yol göstərirdi. Alber insan həyatına da, artıq qətlə yetirilmiş həmvətənlərinə də böyük dəyər verirdi.

 

Albert Aqarunov çox xeyirxah insan idi. O, demək olar ki, bütün gözəl dəyərləri bölüşürdü. Albert elə bu dəyərlər uğrunda da həyatını itirdi. O, Şuşa şəhərində öldürülüb. Son anadək şəhərdə qalan döyüşçülərdən biri məhz Albert olub. Həmin gün o, yenə də tankdan düşərək, sükan arxasında oturmuş şəxsə həlak olmuş silahdaşlarının üzərindən keçməməsi üçün yol göstərirmiş. Erməni snayper Alberti həmin anda vurub...

 

P.S. Beləliklə, Azərbaycandakı dini tolerantlıq və multikulturalizm dünya mediasının diqqətindədir!

Azərbaycan dünyanın tolerantlıq işığıdır...

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI