Yuxarıya
skip to main content

Məktəb və məscid arasında

24.09.2019
 

Biz hansında daha çox inamlı, mürvətli, savadlı və işıqlı oluruq?

Azərbaycan, Qərb və bəzi müsəlman ölkələrində din və dövlət münasibətləri bir çox aspektdən problemli mahiyyət daşıyır. Bu isə əsasən modern dövlətin dünyəvilik məfhumuna əsaslanmasından irəli gəlir. Müxtəlif dini cərəyan və təriqətlər dünyəvi hüququ qəbul etməyərək öz tarixi missiyalarını siyasət vasitəsi ilə həyata keçirməyə çalışırlar. Bu da öz növbəsində din və dövlət münasibətlərində konfliktə gətirib çıxarır. Məhz dünya miqyasında baş verən hadisələri təhlil etdiyimiz zaman meydana çıxan əsas nəticələrdən biri də budur ki, tarixdə olduğu kimi hazırda da din, fövqəltəbii hadisə olmaqla bərabər siyasi arenada təsiredici faktor olaraq istifadə olunur. Məhz XX əsrdən bu yana din və dövlət, məktəb və məscid münasibətləri ciddi şəkildə həm regional, həm də qlobal siyasətdə öz aktuallığını mühafizə etməkdədir.

 
Müasir dövrdə din və dövlət əlaqələri müxtəlif ölkələrdə fərqli istiqamətlərdə inteqrativ mahiyyətə malikdir. Məsələn, Almaniyada Xristian Demokrat Partiyasının reallığı, Fransada məktəblərin çoxunun katolik kilsəsinə aid olduğu, İtaliya daxilində Vatikan kimi papalıq klerikal sistemi, İran İslam Respublikasında teokratik quruluşun mövcudluğu və s. faktorlar millətlərin siyasi və təhsil binasını hansı münasibətdə inşa etməyi aydınlaşdırmağı tələb edir. Bu konteksti təhlil edərkən çoxyönlü baxış tərzinin aktuallığı vacib olur.
 
Bir çox müsəlman ölkəsinin öz konstitusiyasında dünyəvi hüquqa əsaslanmasına baxmayaraq, dini qurumlar və xidmət mərkəzləri dövlət vasitəsi ilə idarə olunur və tənzimlənir. Bunun ən böyük nümunəsini Türkiyə Respublikasında olan Dini İşlər Vəqfinin timsalında görmək olar.
 
Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu qurum ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi sahəsində müxtəlif funksiyaları yerinə yetirir. Dövlət komitəsi öz fəaliyyətində hüquqi cəhətdən əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara əsaslanır.  Din və dövlət münasibətlərində məscid, məktəb və mədrəsələrin rolunun tarixi aspektdən təhlili Azərbaycanın islamiyyəti qəbul etdiyi dövrdən sonra mədrəsələrdə verilən təhsil, cəmiyyətin islam əsaslı yeni təşkilatlanma prosesinə daxil olmasında əhəmiyyətli rol oynayıb. Tarixin müxtəlif dövrlərində müşahidə edildiyi kimi Azərbaycanda, təhsil və tərbiyə çox əhəmiyyətli yerə sahib olub. Ölkəmizin yüksəliş dövrlərində aparıcı təlim-tərbiyə qurumları arasında yer alan mədrəsələr sosial həyatdan, dövlət idarəsindən və ölkənin iqtisadi şərtlərindən asılı olub. Bir tərəfdən, şagirdlər sayəsində bu sferalara təsir edərkən, digər yandan onlardakı dəyişmələr mədrəsələrə təsir edib.
 
Azərbaycanın tərəqqisində bir mərhələ olan “xanlıqlar dövrü”ndə ölkədə mədrəsələrin sayı sürətlə artmışdı. Dünyada olan inkişafla əlaqədar olaraq dini təhsil verən ocaqlarda ruhaniyyətlə yanaşı, dünyəvi elmləri öyrədən üsuli - cədid tərzində məktəblərin açılması və yayılması ilə Azərbaycanda məktəb anlayışının əsası qoyuldu. Çar hakimiyyəti dövründə isə üsuli – cədid məktəblərinin yerini müəyyən ardıcıllıqlarla “rus – tatar” və “şkol” deyilən, həmçinin mədrəsə atmosferindən uzaq müasir məktəblər almağa başladı. Sənayeləşmə və inkişafın yaratdığı kadr ehtiyacına olan təlabatı ödəmək üçün müasir məktəblərə daha çox ehtiyac hiss olunurdu. Ona görə də xeyriyyəçilərin, həmçinin ilk milli burjuaziyamızın baxşları burada aparıcı rol oynadı. Belə ki, tənəzzülün əsas səbəblərindən biri kimi kütləvi savadsızlığın hesab olunması və çöküşün qarşısının təhsil müəssisələri sayəsində alına biləcəyinə olan inam fərqli bir seçimə səbəb oldu. Sürətlə artan məktəblər özlərindən əvvəlkilər kimi varlı şəxslər, dövlət adamları və ya üləmanın liderliyində şəhər əhalisinin yardımları ilə quruldu. 1905-ci ildən etibarən isə ana dilində təhsil və tərbiyə verən elmi müəssisələr ölkəmizin milli kimlik şüurunun oyanmasında və daha sonra möhkəmlənməsində əvəzsiz töhfələr verdi. Sənayeləşmə və elmin inkişafının mədrəsələri kölgədə qoymağa başlaması ilə Azərbaycanda yeni bir dönəm və milliyyətçilik hərakatı geniş vüsət aldı.
 
Cümhuriyyət dövründə də dinin dövlət və məktəb üzərində təsiri güclü deyildi. Müasir və dünyəvi əsaslarda qurulan cümhuriyyət dövründə din dövlətdən, dövlət dindən ayrı olub, yalnız şagirdlər boş vaxtlarında və ya yay tətilində məscidlərə könüllü gedərək səmavi kitablar haqqında bilgi alır və Quranı öyrənirdilər. Hələ XX əsrin əvvəllərindən dünyəviləşməyə və müasirləşməyə meyilli olan Azərbaycan qeyd etdiyimiz illərdə Şərq libasından və düşüncəsindən azad olmağa çalışaraq Avropanı mənimsəmək yolunu tutdu. Qərbə açılma və yaxın münasibətlər qurma prosesində Rusiya və Türkiyənin imkanlarından da geniş istifadə olunurdu.
 
İslamçılıqla yanaşı, türkçülük və liberalizm
 
Bu ənənə 1920–ci ildə Cümhuriyyətin süqutu və bolşeviklərin Azərbaycanda hakimiyyətə gəlməsi ilə pozuldu. Dini ideologiya rəsmi qadağan edildiyinə görə tarixi zəncir qırıldı. Azərbaycan uzun illər Sovet İttifaqının tərkibində qaldığından milli və dini kimlik şüuru köklü dəyişikliyə uğradı. Milli məfkurə və mənlik mühafizə olunsa da din qeyri-rəsmi və gizli səviyyədə müəyyən dərəcədə yüksək yaş qrupuna aid insanlar tərəfindən həyata keçirilirdi. Təbii ki, sovetlər dövründə dinin dövlət və məktəbdə rolundan danışmaq qeyri-mümkündür.
 
Müstəqillik illərində islam dini real həyatda varlığını yenidən bərqərar etdi. Onu müxtəlif qruplar məzhəbçi mövqedən cəmiyyətə təbliğ etsələr də, dövlət siyasəti mütəmadi tənzimləmə qərarları ilə balansı qoruyub saxladı. Axı milli simvolumuz olan üçrəngli bayrağımızda dövlətin təməlindəki üç fundamentin heç birinin ölçüsü və boyu digərindən artıq deyil.
 
Azərbaycanda dinin məktəblərdə tədrisi cəmiyyət tərəfindən müxtəlif reaksiyalara səbəb oldu. Bu məsələ ilə əlaqədar televiziya, KİV-lər və sosial şəbəkələrdə maarifləndirmə və məlumatlandırmaya ehtiyac duyulur. Digər ölkələrdə belə təcrübələr var. Hətta bir sıra dövlətlərdə məsələn, Almanya, Belçika, İngiltərə və Türkiyədə bütün dinlər (səmavi və digərləri) barədə orta təhsil müəssəsələrində ayrıca dərslər keçirilir. Din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 anlayışdan istifadə edilir: 1. Dini tərbiyə; dini tərbiyəni ailə verə bilər, dövlət burada iştirak etmir; 2. Dini təhsil; onu dini təhsil ocaqları verir, yenə də dövlət buraya qatılmır; 3. Dinlə baglı tədris; dövlət dinlə bağlı tədris həyata keçirə bilər. Lakin tədris dinin, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur. Bu, beynəlxalq aləmin seçdiyi hüquqi yola  və konstitusiyaya zidd deyil.
 
Azərbaycan məktəblərində dinin tədrisinə səbəb, nəticə və zərurət varmı?
 
Dinin məktəblərdə tədrisi ilə bağlı cəmiyyətdə ikili yanaşma mövcuddur. Bəziləri belə tədrisin dünyəvi elmə mane olacağını səbəb göstərərək ona qarşı çıxır, digərləri isə xalqın müsəlman kimliyini səbəb göstərərək onu dəstəkləyir. Hər iki cinahın arqumentləri öz-özlüyündə doğru sayıla bilər. Bu arqumentlərin mütəxəssislər tərəfindən televiziya, KİV və sosial şəbəkələr vasitəsi ilə izahının təmin edilməsinə ehtiyac vardır. Orta və ümumtəhsil məktəblərində, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər görülür. Eyni zamanda, neçə illərdir ki, orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Onun çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar verilir. Proqramda dinlər haqqında məlumatların genişləndirilməsinə ehtiyac ola bilər. Bu, şagirdlərin dünyagörüşünün artırılmasına, mənəvi aləmlərinin güclənməsinə və dövlətə faydalı vətəndaş kimi yetişmələrinə kömək edər. Bu sahənin təkmilləşdirilməsi istiqamətində gələcəkdə də işlərin davam etdirilməsi məqsədəuyğundur.
 
 
Dini bilgilərin öyrədilməsi cəmiyyətin mənəvi boşluqlarının doldurulması baxımından münasib addım kimi qiymətləndirilir. İnsanların dinlər haqqında bilgi almaları onların mənəvi haqqı hesab olunur. Cəmiyyətin bu sosioloji hadisəsindən uzaq tutulması və bundan məhrum edilməsi xarici mənşəli radikal cərəyanların cəmiyyətdə yayılmasına zəmin hazırlayır. Məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Xeyr! Riyaziyyatci, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Məktəb riyaziyyat, fizika, ədəbiyyatla baglı ilkin vacib bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya məscid adamı etmək kimi qəbul olunmamalıdır. Burada sadəcə dinlə bağlı biliklər verilməlidir. Bu bilikləri dövlətin təhsil sistemi vermədiyi təqdirdə, basqalarının bunu milli maraqlara zidd şəkildə həyata keçirəcəyi şübhəsizdir.
 
Məktəb və məscid arasında seçim: hansında daha çox inamlı və savadlı oluruq? 
 
Din cəmiyyət həyatındakı sosioloji reallıqlardan biridir. Bu ehtiyacı tədrisin doğru planlaşdırılması və maarifəndirilməsi ilə qarşılamaq olar. Cəmiyyəti bu məlumatları idarə edənlər təmin etmədiyi hallarda bu "maarifləndirmə" işi "İŞİD", "Hizbullah" və bu kimi terror təşkilatlarının, ya da dini radikalizmi strateji vasitəyə çevirən xarici dövlətlərin əli ilə  aparılacaqdır.
 
 
Məktəblərdə dinin tədrisi prosesində ilkin olaraq dinlərlə bağlı təməl biliklərin verilməsi, daha sonra bu proqramın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi şagirdlərin din haqqında düzgün təfəkkürə sahib olmasına şərait yaradacaq. Əks halda şagirdlər və cəmiyyət dini mövzulara "ac" qaldıqda onu "qidalandırmaq" üçün antimilli qüvvələr meydana daxil olacaq. Müasir dövrdə inam və mürvət mənbəyi kimi dinin tədris və təqdim olunmasında aşağıdakı tezislər irəli sürülür.
 
 
 Azərbaycançılıq, mədəni müxtəliflik ideologiyasının təbliğ edilməsi və bununla yanaşı, dinin tədrisi prosesində şagird və tələbələrə bütün dinlər, xüsusilə islam dini barədə məlumatın verilməsi;
 
 
 dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli- mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasətilə bağlı məlumatların çatdırılması; kitab və dərs vəsaitlərinin hazırlanması prosesinə dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahədə digər peşəkar mütəxəssislərin cəlb edilməsi;
 
 
 orta məktəblərdə dinin tədrisi ilə bağlı hazırlanan dərslikdə multikulturalizm və dinlər bölməsinin, həmçinin dini vəziyyət, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən digər bölmələrə də yer verilməsi;
 
 
 dünyəvi dinlərə görə intihar günah hesab olunur. Dinin tədrisi cəmiyyətdən özünü təcrid edərək intihara meyilli olan insanların intihardan imtina etməsinə kömək edə bilər;
 
 
 dini ədəbiyyatların tərtibatı və əhatə dairəsi mühüm əhəmiyyət kəsb edir. Səthi şəkildə deyil, fəlsəfə və ilkin təməlin qoyulması zamanı gedən proseslərin (siyasi və digər) izahı, eyni zamanda deizm, panteizm və s. kimi görüşlər, hətta ateizmin təməllərinin, izahının verilməsi də gərəkdir;
 
 
 burada ən mühüm olan müəllim amilidir. Öyrədənlər islamla yanaşı digər dinlərə qarşı tolerantlıq göstərməli və şagirdlər əks fikirlər bildirdikdə dözümlü olan müəllimlər sinfinin yaranması mütləqdir;
 
 
 dini tədrisin yerli mütəxəssislər tərəfindən aparılması, xaricdən gələnlərin (vətəndaş olmayanların) bu işə cəlb edilməməsi. Orta məktəblərdən başlayaraq, uşaq və yeniyetmələrə islam dini olduğu kimi, təhrif olunmadan öyrədilərsə, bu, ilk növbədə sabahkı vətəndaşlarımızı xaricdən nüfuz etdirilən təhlükəli ideologiyalardan qoruyar, dini emissarların vasitəsilə siyasi qüvvələrin əlində təsir vasitəsinə çevrilməsinə imkan verilməzdi. Bu metoda beynəlxalq təcrübədə ‘‘ideoloji immunitet’’ də deyirlər. Qeyd edək ki, müxtəlif təriqətçi təşkilatlara cəlb olunmuş gənclər çox vaxt bunun səbəbini islam haqqında kifayət qədər bilgilərinin olmaması ilə izah edirlər.
 
Dini məlumatlara olan marağı, ruhi axtarış tələbatını təmin etmək məqsədilə məktəbdən kənar yerlərə üz tutaraq bəzən cahil din xadimlərinin təsirinə düşən, nəticədə cəmiyyətdən təcrid olunan fanatik gəncləri bu yolla xurafatçılıq və mövhumatçılıqdan qurtarmaq olar. Belə ki, yeniyetmələr təhsil aldığı məktəbdə kifayət qədər dini dünyagörüşə yiyələnsələr, kənara üz tutmağa, təbii ki, ehtiyac duymazlar. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, məktəblərdə tədris dövlətin öz əlində olduğu üçün islamın məhz xurafat və mövhumatdan uzaq şəkildə tədris edilməsinə zəmanət daha güclüdür. Milli ideologiyanın məhz mənəvi dəyərlər əsasında formalaşmasında, daha sabit və zəmanətli mənəvi mühitin formalaşmasında dini tədrisin rolu dünyanın təcrübəsində sübut olunub.
 
 
Müasir dövrdə narkomaniya, cinayətkarlıq, əyyaşlıq, pozğunluq, mənəvi düşkünlük kimi əsrin bəlalarına qarşı ən etibarlı silah əldə etmiş olarıq. Bu gün iman və inamın ruhi uçurumdan xilas vasitələrindən biri də məhz gənclərə verilən düzgün dini tədris, məzhəbçiliyin aradan götürülməsi, kamil, sağlam əxlaqlı, cəsur, doğrucul, ədalətli və s. bu kimi xüsusiyyətlərə malik şəxsiyyətlərin yetişməsi, milli-mənəvi varlığmızın bayağı mədəniyyətlər içərisində assimilyasiya olunmasının qarşısının alınmasıdır.

 

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.