Yuxarıya
skip to main content

MEDİAYA DAİR TƏHLİL VƏ TƏKLİFLƏR/ ƏSAS PROBLEMLƏR | DÜNYA PRAKTİKASI

01.12.2020

Texnologiyanın sürətlə inkişaf edərək insan həyatının bütün sferalarına müdaxilə etmək kimi müstəsna imkanlara malik olduğu yeni erada media və onunla əlaqəli və ya yanaşı fəaliyyət göstərən sahələr də yeni keyfiyyət göstəriciləri əldə etmişdir. İnformasiya ötürücülüyü müxtəlif forma və şəkillərdə tarixi inkişaf yolu keçərək bugünkü günə gəlib çıxmışdır. Medianın insan həyatında və cəmiyyətdə, o cümlədən, dövlət siyasətində rolu informasiya əsrində yeni mahiyyət qazanıb. Ümumilikdə isə, dövlət və cəmiyyət həyatında, həmçinin, hökumətin informasiya strategiyasında mediadan siyasi və informasiya aləti kimi istifadə olunması onun ilk formalaşmağa başlayaraq dünyada ictimai-siyasi və bütün həyat sferalarını əhatə edəcək şəkildə inkişaf etdiyi dövrdən etibarən olduqca vacib məsləyə çevrilərək, hətta müxtəlif zamanlarda həyati əhəmiyyət kəsb etmişdir. Medianın ictimai və sosial həyat və faəliyyət sahələrində ən fərqli formalarda rolu və təsir gücü yarandığı vaxtdan effektiv olmuşdur. Bu gücün təqdim etdiyi imkanlardan müasir dünyada müxtəlif forma və məqsədlərlə, həmçinin, cəmiyyət həyatında və siyasi proseslərdə, sosial-hadisələrin idarə olunmasında və yön verilməsi istiqamətində effektiv mexanizm kimi bu gün daha çox istifadə edilir. Məhz buna görə, bu möhtəşəm, eyni zamanda bir o qədər də zaman-zaman təhlükəli vasitəyə çevrilmə qabiliyyətinə malik informasiya və efir alətinin düzgün idarə olunması olduqca vacib məsələ olub onun düzgün tənzimlənməsi dövlətlərin və müasir cəmiyyətlərin qarşısında dayanan həlli vacib tapşırıqdır.

 

Texnologiyanın günbəgün, hətta hər saat dayanmadan inkişaf etdiyi günümüzdə cəmiyyət və dövlətin prioriteti bu cür dinamik inkişaf tendensiyası qarşısında proseslərə sürətli uyğunlaşma, müvafiq media və strategiyaların qəbul edilməsi olmalıdır. Belə nəhəng axın və gücün idarəolunmasında da ən müasir metodların istifadəsi vacibdir. Lakin hər sahədə və dəyişikliklərdə olduğu kimi media və kommunikasiyanın da mövcud problemləri bu məsələdə ciddi əngəl və çətinliyə çevrilə bilir. Xüsusilə də, media və informasiya kirliliyi, məlumat bazalarının etibarsızlığı, dezinformasiya, media mafiyaçılığı, medianın propaganda və ya saxta marketinq və satış alətinə çevrilməsi bügün həllivacib ciddi problem formalaşdırır. Media və informasiya axınının düzgün idarə olunması baxımından qeyd edilən bu və ya digər problemlər öz növbəsində, artan sürətli inkişaf dövrünü nəzərə aldıqda qarşısıalınmaz yeni çətinliklərin həllinin qaçınılmaz olduğunu deməyə əsas verir. Bu isə özlüyündə, dövlətləri daha əhatəli və sistemli, medianın fəaliyyəti nəticəsində yaranan mövcud təhlükələrin qarşısının alınmasına yönələn və əsas problemlərin həllinə cavab verən geniş proqram və strategiyaların qəbuluna təşviq etməlidir.

 

Medianın əsas problemlərinə gəldikdə isə, onlar qloballaşan dünyada yeni tendensiya və problemlər kontekstində nəzərdən keçirilməlidir. Qloballıq anlayışı dünyanın hazırki dövründə əsas fenomenə çevrilərək insan həyatının demək olar ki, bütün sferalarını əhatə edib. Bu baxımdan, media və kommunikasiyanın daha çox artan, qloballaşan mahiyyəti də fərdləri mövzu ətrafında daha ciddi düşünmək və ölçü götürməyə vadar etməlidir. Çünki sözügedən axın çərçivəsində insanların həyatına inanılmaz ölçüdə və imkanda daxil olmaqla media və onun müxtəlif təzahür formaları şüurlu, çox hallarda isə şüursuz şəkildə fərdləri özünün müsbətdən daha çox mənfi təsirlərinə məruz qoyur. Belə şərtlər daxilində formalaşan yeni nəsil isə genetik şüurun sərhədlərindən kənara çıxaraq idarəolunmaz hala çevrilmə gücünə malik yeni informasiya “xəstəliyinə” tutulma təhlükəsi ilə üz-üzədir. Ümumiyyətlə, media və kommunikasiya idarəçiliyində fərdlərin, cəmiyyətlərin və dövlətlərin informasiya təhlükəsizliyinin təmin edilməsi bu mənada məsələnin ən vacib tərəfidir.

 

Qeyd edildiyi kimi, qloballaşan dünyada sürətli inteqrasiya prosesləri çərçivəsində keyfiyyətcə yeni rəng alan media və telekommunikasiya imkanları, bu imkanlar vasitəsilə ötürülən informasiyanın mənfi təsirlərindən qorunma strategiyaları inkişaf etdirməklə yanaşı, informasiya və medianın gücündən müsbət istiqamətdə istifadə olunması və bunun üçün də müvafiq proqram, həmçinin, sosial-siyasi və biznes xəttinin işlənib hazırlanması bu həllivacib məsələnin düzgün idarəçiliyini şərtləndirir. Nəhəng media qurumlarının fəaliyyəti, onların informasiya yayılması işindəki birinci dərəcəli rolu onların fəaliyyətinə dövlət, o cümlədən, cəmiyyət nəzarətini də zəruri edir. Bu mövzuda xüsusi nəzarət mexanizmləri vasitəsilə dövlətlər bu prosesdə tənzimləmə həyata keçirirlər. Eyni zamanda, dövlət səviyyəsində fəaliyyət göstərən media təsisatları özləri də media yaradıcılığı və informasiya daşıyıcılığı işində aktiv rol icra edirlər. Lakin bu prosesdə dövlətin media idarəçiliyi ilə yanaşı aktiv fəaliyyətdə olan provokativ yönümlü alternativ media ünsürləri də onsuzda hazırki dövrdə ciddi problemlərlə üzləşən media və informasiya təhlükəsizliyi məsələsini digər bir tərəfdən təhdid altında saxlayan amil olmaqda davam edir. Bununla yanaşı, qlobal media axınlarının təsirinə məruz qalan yerli media və kommunikasiya vasitələrində dəyişikliklər də məsələnin başqa tərəfidir. Eyni zamanda bugün dünyada hökm sürən “informasiya müharibələri” anlayışı mövcuddur. Bu proses hətta dövlətlər arasında informasiya savaşları olub, başqa sözlə, dövlətlərarası münasibətlərdə və qlobal idarəçilikdə yeni formadır. Bütün qeyd edilənləri nəzərə aldıqda, hazırda dövlətlərin vacib vəzifəsi ölkədə dövr edən müsbət və mənfi yönümlü informasiya axın və mübadiləsinin müvafiq şəkildə (dövlət və cəmiyyətin informasiya təhlükəsizliyi baxımından nəzərə alaraq və siyasi kursun tələblərinə uyğun şəkildə informasiya idarəçiliyinə əsasən) yönləndirilməsi və nəzarətini həyata keçirməklə yanaşı, eyni zamanda, xaricdən daxil olan dezinformasiyaların qarşısının alınmasında sürətli cavabvermə reaksiya metodları inkişaf etdirilməsindən ibarət olmalıdır.

 

Media və informasiya-kommunikasiya vasitə və metodlarına nəzarətdə dövlətin müstəsna ali rolu - supreme power  ilə yanaşı, xarici dövlətlərin cəmiyyətlərində daha geniş yayılan və müasir qlobal inkişaf keyfiyyətləri qazanan, informasiya cəmiyyətlərinin ortaq xüsusiyyətinə çevrilən -  media üzərində vətəndaş mövqeyinin geniş ifadə platformasının formalaşdırılması prosesi də qlobal anlamda geniş vüsət almışdır. Bunu başqa sözlə, “vətəndaş mediası” da adlandırmaq olar. Vətəndaş mediası dedikdə, cəmiyyətin hər hansı sosial statusa malik fərdlərinin, hətta məsul şəxslərin belə rəsmi mövqeyindən əlavə cəmiyyətdə və dünyada baş verən hadisələrə öz fərdi münasibətini ortaq cəmiyyətin üzvlərinə çatdıra biləcək şəkildə müxtəlif mövzulara dair səlahiyyətli ifadə ilə yanaşı vətəndaş mövqeyi ifadəsi kimi münasibət bildirmə platforması nəzərdə tutulur. Başqa sözlə, vətəndaşlar medianın fəaliyyətinə, xüsusən baş verən proseslərlə əlaqədar fikir bildirmək və lazımi təqdirdə ictimai müdaxilə kimi olduqca ciddi təsirə malik effektiv müzakirə və təsir “ictimai forum”u formalaşdırırlar. Bu zaman əlbəttə, ictimai müzakirələrin ən çox aparıldığı geniş virtual məkan yaradan sosial media daha çox üstünlük verilən platformadır. Belə cəmiyyətlərdə vətəndaş mediası keyfiyyətcə vətəndaş cəmiyyətini əvəz edən anlayışa çevrilir.

 

Sürətli şəkildə yeni innovativ tətbiq imkanları istifadə edən sosial mediada insanlar xarici cəmiyyətlərdə daha aktiv mövcudluq və rol nümayiş etdirərək ölkələrində və dünyada baş verən proseslərə münasibət bildirmək, hətta müəyyən zamanlarda ortaq mövqe formalaşdıraraq məsələləri nəinki öz cəmiyyətləri, o cümlədən, qlobal dünya cəmiyyəti qarşısında müzakirə obyektinə çevirmək kimi olduqca effektiv imkan yaradırlar. Bu prosesdə cəmiyyət üzvləri hətta bəzi hallarda dövlətdən dəstək gözləməyərək məsələləri ictimailəşdirmək yönündə istisna sayıla biləcək olduqca təsirli güc mexanizminə belə çevrilə bilirlər. Məsələ etibarilə isə bu prosesin obyekt olaraq mərkəzində vətəndaş mediasının daha çox ictimai problemlərin həllinə təsir etmək, o cümlədən, siyasi-iqtisadi gündəmə təzyiq vasitəsi kimi istifadə edilməsi amili dayanır. Bu prosesdə cəmiyyət üzvlərinin əsas təsir hədəfi isə adətən ictimai nəzarəti pozan, rezonans doğuran faəliyyətlər icra edən, həmçinin, cəmiyyətdə müsbət və ya mənfi stimula malik ictimai əhəmiyyətli şəxslər, siyasətçilərdir. Bu baxımdan, vətəndaş mediasının rolu xarici cəmiyyətlərdə daha yüksək qiymətləndirilir və olduqca effektiv vasitəyə çevrilib. 

 

Bu gün qlobal mənada media dövlətlərin müdafiə və nəzarət mexanizmi kimi çıxış edir. Bu baxımdan, texnologiyanın da genişlənən imkanları ilə media və informasiya-kommunikasiya vasitələrindən effektiv surətdə istifadə etmək üçün detallı media konsepsiyaları tətbiq edilməsi vacibdir. Bu konsepsiyalara media və İKT imkanlarından düzgün istifadə etməklə qlobal və lokal miqyasda media və informasiya məkanında rol oynamaq və idarə etmək kimi funksiyaların icrası üzrə tədbirlər daxildir. Bu istiqamətdə dövlətlər və böyük media qurumları meqa layihələr həyata keçirməklə bu sahəyə külli miqdarda vəsaitlər ayırırlar. Medianın əhatə dairəsi isə yalnızca informasiya ötürücülüyü funksiyası daşımaq olmayıb, eyni zamanda, insanların informasiya təhlükəsizliyini təmin etmək, dövlət səviyyəsində və hökumət fəaliyyətlərində onun müvafiq qaydada idarəçiliyi, bunun üçün müvafiq mütərəqqi qanunvericilik bazasının formalaşdırılması və mütəmadi olaraq informasiya məkanının və dəyişən dünyanın tətbiq edilən yeniliklərinə uyğun şəkildə daim yenilənməsi daxildir. Digər tərəfdən, media databazaların yaradılması və qorunmasında müasir texnologiyaların tətbiqi də olduqca vacibdir. 

 

 

Media yarandığı zamandan bu günədək fasiləsiz inkişaf xətti izləyərək bu gün öz imkanlarının ən yüksək mərhələsinə çatmışdır. Hazırki dövrdə dördüncü hakimiyyət olaraq qəbul edilən KİV-lər daxil olmaqla müxtəlif media kanallarının fəaliyyəti, təsir gücü və dairəsinin genişliyi nəzərə alındıqda inanılmaz imkanlara malik qüvvə kimi rolu daha aydın görünür. Bura həmçinin yuxarıda adıçəkilən vətəndaş mediasının aktivliyi də daxil olduqda mövcud vəziyyət qarşısıalınmaz güc vasitəsi olan mediadan etik qaydada, düzgün və ən effektiv istifadənin yeni və ümumi formalarının qlobal miqyasda qəbulunu qaçınılmaz şəkildə vacib edir. Müasir media və kommunikasiya fəaliyyətində etik prinsiplərə, o cümlədən, normalara hüquq və media azadlıqları nöqteyi nəzərindən beynəlxalq və dövlətlərin daxili qanunvericiliklərində nəzərdə tutulmuş qaydada əməl olunması məsələnin digər ən vacib tərkib hissəsini əhatə edir. İnternet, telekommunikasiya vasitələrinin ən son inkişafı şəraitində vahid formada idarəsi çətin bu informasiya məkanı izləyici və hədəf kütlə kontingentinin müxtəlifliyi – yaş qrupları, sosial-siyasi statuslu media istifadəçiləri və s., onların media üzərindən hüquqlarının qorunması, o cümlədən, informasiya azadlığının təmin olunması baxımından bu nəhəng məlumat hövzəsində dəyişən gündəmin və texnologiyanın xüsusiyyətlərinə uyğun olaraq davranış və təlimatlar müəyyənləşdirmək məsələsi dövlətlər və cəmiyyətlər üçün hər zaman aktualdır. Media etikası dedikdə, mediada informasiya ötürücüluk keyfiyyətinə malik istənilən məzmunun paylaşımı və geniş yayılması zamanı bir sıra məsələlərə, insan haqqları, müəlliflik hüququnun qorunması, yeniyetmə və aşağı yaş kateqoriyalı şəxslərin, azyaşlı və digər həssas qrup nümayəndələrinin hüquqlarını qorunması və vitual məkanda - informasiya okeanında təmin olunması (məlumatların paylaşımı zamanı və məzmun amilində fiziki və hüquqi xüsusiyyətlər və amillərin nəzərə alınması) diqqətdə saxlanılmalı olan ən vacib şərtlərdir. 

 

Media idarəetmə və diplomatiyası

 

Qlobal dünyada media etikası və media idarəçiliyi dedikdə, qlobal gücə çevrilmiş bu fenomenin təhlilində dünya ölkələrinin təcrübə nümunələri kontekstində, həmçinin onun nəzəri-konseptual, eyni zamanda, praktiki əsasları diqqətdə saxalanılmaqla məsələyə müqayisəli yanaşma mütləq vacibdir. İnteqrasiya proseslərinin sürətli davam etdiyi və qarşısıalınmaz prosesə çevrildiyi  dünyada dövlətlərin digər sahələrdə olduğu kimi media və kommunikasiya, informasiya texnologiyalarının idarəetməsi (ICT Management) sahələrində də təcrübə mübadiləsi əhəmiyyətli məsələdir. Bu qarşısıalınmaz inteqrasiya proseslərinin müvafiq yönləndirilməsində hökumətlərarası əməkdaşlıq, bu istiqamətdə birgə fəaliyyət addımları dünyanın informasiya məkanının düzgün idarə edilməsi baxımından həlli təxirəsalınmaz mövzudur. Dünya cəmiyyətinin həyatında baş verən istənilən proseslərə istiqamət vermək kimi müstəsna güc və rola malik media dolayı yolla bəşəriyyətin taleyini müəyyənedici faktorlardan birinə artıq çoxdan çevrilib. Məsələn, dünyada artıq medianın bu imkan və gücündən xüsusilə sosial-siyasi hadisə və çağırışların idarəolunması, fəaliyyətə səsləyiş – call to action və s. kimi proseslərin idarəolunmasında həlledici mənbə  və ya platforma kimi istifadə edilir. Burada yenə vətəndaş mediası anlayışı öz təsirini göstərir. Deyilənlərə misal olaraq, 2011-ci ildə Misirdə baş vermiş və  o zaman “Ərəb baharı” adlandırılan etiraz dalğasının bir hissəsinə çevrilmiş etirazyönümlü çağırışların baş qaldırmasında insanların bir araya toplanaraq inqilabi ruha bürünmələri və beləliklə də ölkədə inqilab yaratmalarında sosial media kanalları həlledici rol oynamışdı. Və yaxud da, qeyd edilən prosesin əksi olaraq çıxış edə biləcək və siyasi proseslərin gedişatında yüksələn təzyiqlər zamanı gərginliklərin düzgün idarəolunmasında rol oynayan “media diplomatiyası” anlayışı da nəzərə alına bilər. ABŞ, Rusiya, Türkiyə, Avropa İttifaqı ölkələri, o cümlədən, Cənubi Amerika, Yaxın və Uzaq Şərq ölkələri xüsusən siyasi proseslərlə əlaqəli medianın qeyd edilən mediatorluq funksiyasından geniş istifadə etməklə yanaşı digər həlledici imkanlarını da tətbiq edirlər. Yenə buna əks olacaq digər bir forma – dünyanın güc mərkəzləri və yenə aparıcı dövlətləri tərəfindən istifadə olunan “informasiya müharibələri”ndə (info wars) medianın təsirli imkanlarından və həlledici rolundan geniş istifadə edilir. İctimai diplomatiya anlayışı və onun dövlətlərarası münasibətlərdə alət kimi istifadə olunmasında, həmçinin cəmiyyətlərarası proseslərə, icmalararası dialoqa təsir imkanlarının həyata keçirilməsi zamanı da medianın əsas vasitə kimi rolu danılmazdır.

 

Ardı var...

Aytən Babayeva
Bakı Dövlət Universitetini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Magistr dərəcəsi üzrə təhsilini İtaliyada Beynəlxalq Əməkdaşlıq və İnkişaf Elmləri üzrə almışdır.