Yuxarıya
skip to main content

Mədəni elitaya nə oldu?

12.10.2019

           

Endi Maksmit tərəfindən yazılan və  2007-ci ilin dekabrında "İndependent" qəzetində işıq üzü görən xəbərə əsasən, Oksford Universitetinin akademikləri klassik mahiyyəti ilə mədəni elitanın artıq mövcud olmadığını iddia edirdilər. Adıçəkilən universitetdən sosial elmlər üzrə tədqiqatçılar Tak Vinq Çen, Con Qoldtorp və 13 nəfərdən ibarət bir heyət Böyük Britaniya, Çili, Fransa, Macarıstan, İsrail, Hollandiya, Cənubi Koreya və ABŞ-dan toplanan faktlara əsasən P.Burdiyönün müəyyən etdiyi kimi bir "kultural elitanın" - pop musiqisi və ya ana axın televiziya verilişləri kimi bayağılıqları dərhal aşağılayıb onlara üz çevirərək və yüksək incəsənət hesab edilən hər şeyə heyranlıq bəsləyərək özlərini aşağı təbəqələrdən ayıran ali insanların - tapıla bilməyəcəyi nəticəsinə varıblar. Əslində öz klassik tərzi ilə mədəni elitaların ortadan qalxması heç də təəccüblü deyil. 1992-ci ildə modernist "kultural öndərlərin" təbiətini anlamaq üçün Vanderbilt Universitetindən Riçard Petersen "omnivor" (həm ətyeyən - karnivor, həm də otyeyən - herbivor varlıq ) metaforasından istifadə etmişdi.

 

Opera və pop musiqisi, "yüksək incəsənət" və ana axın televiziya proqramı, bir oradan, bir buradan; indi bu, sonra bu... R.Peterson daha sonra öz kəşfini daha da təkmilləşdirir. İnferiyor, amiyanə və populyar bir kütlə mədəniyyətini aşağılayan intellektuallardakı elit zümrə anlayışından “omnivorcasına” intellektual sənət formaları ilə bərabər genişmiqyaslı populyar kütlə mədəniyyətini də istehlak edən "intellektuallara" doğru dəyişiklik müşahidə edirik.

 

Başqa sözlə, Nihil kultural a me alienum punto - yəni, mədəni olan heç bir şeyi həzzinə baxmadan rədd etmərəm amma digər əyləncələri dəyişilməz və qəti bir şəkildə məhdudlaşdırmağıma səbəb olacaq kultural bir fəaliyyət də yoxdur. Hər yerdə evimdəyəm, amma (ya da çünki) evim heç bir yerdə deyil.

 

Nəticədə, kultural olaraq superiyor (ali) ilə inferiyor (aşağı) arasında fərq aradan qalxır. Tək tip bəslənməyə qarşı omnivorluq, hər növ təqdir, nifrət, ikrah və anlayışsızlıqla dolu apriori (əvvəldən) elitizmə qarşı isə hər şeyi istehlak etməyə və hər şeydən həzz almağa hazır olmaq prinsipi qoyulur.

 

 

Modernizm əsrində elitlər və elitistlər həmişəkindən daha canlı və yaxşı, daha hərəkətli və məşğul olsalar da, özlərini hər növ mədəni fəaliyyətin arxasınca qaçıb onların istehlakına kölə etdiklərindən digərlərini öz tərəflərinə çəkə biləcək missioner məşğuliyyətlərə heç zamanları yoxdur. "Şikayət etməyin, çox seçici olmayın və daha çox istehlak edin" istisna olmaqla, bu elitaların kultural iyerarxiyada daha aşağı pillədə yer alanlara verə biləcəkləri bir mesajı yoxdur. Bütün niyyət və qayələri baxımından, modern "elit zümrə" xalqı (yəni, kütlələri) bütünlüklə saflaşdırma, irəliyə doğru hərəkətləndirmə, öz tərəfinə çəkmə, maarifləndirmə işindən tamamilə uzaqlaşıb.

           

Bu gün, "mədəniyyət" adına iddiaların hazırlandığı, dilə gətirildiyi və müzakirə edildiyi yerlərdə incəsənət öz-özünü yenidən yaratmağa çalışan sosial iyerarxiya olaraq funksiyasını itirib. Bir vaxtlar mədəniyyətin yeni doğulan millətlərə, xalqlara, dövlətlərə, ya da sinif iyerarxiyasına xidmət edən orijinal funksiyasını itirdiyi kimi... İncəsənət artıq modernist cəmiyyətlərdə identiklik əldə etməkdə və özünü müdafiə anlamında fərdi məsələlərə xidmət etməkdə sərbəstdir.

           

Əsrimizdə "mədəniyyətin" fərdi seçim azadlığı qiyafəsinə uyğunlaşdırıldığını söyləyə bilərik. Yəni, mədəniyyətin məqsədi belə bir azadlığa xidmət etmək və bu azadlığın qaçılmazlığına zəmanət verməkdir. Bizim kimi istehlak cəmiyyəti üçün deyə bilərik ki, bu gün mədəniyyət normalardan deyil, sadəcə təqdimatlardan ibarətdir.

 

Burdiyönün ifadə etdiyi kimi, "ali mədəniyyət" normativ bir düzənləmə ilə deyil, şirnikləndirməklə; xidmətlə deyil, xalqla münasibətlərlə; məcburiyyət ilə deyil, yeni istəklər, arzular, ehtiyaclar və həvəslər yaratmaqla - ayaqda dura bilir. Bu, qlobal kapitalizm, istehlakçılıq və bayağı hedonizmə xidmət edən psevdo-mədəniyyətdir.

 

İstehlak cəmiyyətində mədəniyyət də istehlaka xitab edən bir məhsula çevrilib. Mədəniyyət hər birisi gələcək istehlakçılarının dəyişkən, dəyişən və axına qapılmış diqqətlərini çəkə bilmək və bir saniyə daha çox canlı qala bilmək ümidi ilə bir-birilə yarışan məhsullarla dolu bir mağaza halına gəlib.

 

Qatı standartlardan vaz keçmək, heç bir fərqliləşmə aparmadan hər şeyi xoş görmək, heç bir imtiyaz tanımadan hər həzzə çatmaq, düzənsizlik və elastikliyi təşviq etmək, istiqrarsızlıq və dayanıqsızlığı romantikləşdirmək - bunların hamısı izlənilməli olan müvafiq strategiyada bir-birilə birləşir.

           

İçərisində istehlak xatirinə istehlak edənlərin mövcud olduğu dünya "axtardığınız hər şey buradadır" mağazalarından birinə, mədəniyyət isə artıq o mağazada bir rayona (rayon - mağazanın yalnız tək bir əşya satılan bölümü) çevrilib. Bu mağazanın digər rayonlarındakı kimi rəflər davamlı yenilənən mallarla tam şəkildə doludur.

 

Son məhsullarını tanıdan reklamlar qısa bir müddətdən sonra ortadan qalxmağa məhkumdur. Məhsullar və reklamlar keçmişi qorumağa dair hər növ arzu ya da istəyi basdırmaqla yeni məhsullara arzu və istək yaratmaq üçün dizayn edilir. Corc Ştaynerin bildirdiyi kimi, maksimum təsir yaratmaq və dərhal gözdən salmaq üçün... Çünki Modernizm əsrində dünyanın yetişdirəcək - "kulturalize" edəcək bir xalqı yoxdur. Onun yerinə, sadəcə şirnikləndiriləcək müştəriləri var.

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.