Məqalələr

Koronavirus və Filosoflar (I hissə)

avatar
Sübhan Padarsoy
2020-04-03

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.

“Homo sacer”, “həyat forması” konseptləri üzərində dərin tədqiqatları və Mişel Fukonun “biosiyasət” paradiqmasına yaxınlığı ilə tanınan italyan filosofu, Corcio Aqamben – “Bir epidemiyanın icadı” https://www.quodlibet.it/giorgio-agamben-l-invenzione-di-un-epidemia

 

C.Aqamben bir çox filosofların etiraz etdiyi ziddiyyətli fikirlərə sahibdir. Aqambenə görə, COVİD-19 pandemiyasının kəskin yayılması kontekstində İtaliya hökuməti tərəfindən atılan addımlar və verilən qərarlar disproporsional reaksiyadan başqa heç nə deyil. Koronavirus sağlamlığımıza hər il  təsir edən normal qriplərdən çox az fərqlənir. Sanki “müstəsna hal” tədbirləri üçün terrorizm kifayət deyil və bir epidemiyanın icadı bu tədbirləri qeyri-məhdudlaşdırmaq üçün ideal bəhanə rolunu oynayır. 

 

Digər narahatedici hal isə fərdlərin vicdanını əsir alan və kollektiv panika situasiyaları üçün autentik ehtiyaca çevrilən konstant qorxu halıdır. Bu pervert qapalı dairədə azadlığın hökumətlər tərəfindən təlqin edilən məhdudiyyətləri həmin hökumətlər tərəfindən yaradılan təhlükəsizlik arzusu adı ilə qəbul edilir. Bu arzunu tətmin etmək üçün müdaxil olan də eyni hökumətlərdir. 

 

C.Aqambenə görə, qorxu yanlış və pis məsləhətçidir. Ölkəni iflic edən panikanın nümayiş etdirdiyi ilk şey cəmiyyətimizin çılpaq həyatdan başqa heç nəyə inanmamasıdır. İtalyanlar xəstə olmaq təhdidindən yayınmaq üçün praktiki olaraq hər şeyi – normal yaşam şərtləri, sosial münasibətlər, iş, hətta dostluq, dini və siyasi inanclarını qurban verməyə hazırdır. Çılpaq həyat və onu itirmək qorxusu insanları bir-birinə yaxınlaşdıran deyil, onları bir-birinə qarşı korlaşdıran və parçalayan bir şeydir. Bizim ölü bədənlərimiz heç dəfn edilməyə belə layiq deyil. Biz həmvətənlik və doğmalıq hissini itirmişik, Kilsənin bu məsələdə sükutu da çox qəribədir. Bu şəkildə yaşamağa vərdiş edəcək bir cəmiyyət üçün insani münasibətlər nədir? Sağ qalmaqdan başqa bir dəyəri olmayan cəmiyyət nədir? Keçmişdə hər zaman ciddi epidemiyalar olub, amma heç kəs bugünkü kimi fövqəladə vəziyyət elan etməyi düşünməyib. İnsanlar belə müstəsna və konstant böhran şərtlərində yaşayıb, amma onların həyatı – varlığı bioloji şərtlərə tabe edilməyib. Lakin bu gün insan nəinki sosial və siyasi dimensiyasını, hətta mərhəmət və emosional dimensiyanı da itirib. Davamlı şəkildə fövqəladə vəziyyət şərtlərində yaşayan cəmiyyət azad cəmiyyət ola bilməz. O, öz azadlığını təhlükəsizlik səbəblərinə qurban verən, konstant qorxu və qeyri-təhlükəsizlik halında yaşamağa məhkum bir cəmiyyətdir. 

 

Fransız filosofu, “Dekonstruksiya” məktəbinin nümayəndəsi, Jan Lük Nansi - https://antinomie.it/index.php/2020/02/27/eccezione-virale/

 
Köhnə dostum Corcio Aqamben iddia edir ki, koronavirus normal qripdən çox az fərqlənir. Lakin o, “normal” qrip üçün effektivliyi sübut edilmiş peyvəndin olduğunu unudur. Hətta onun viral mutasiyalarına adaptasiya edilə bilən peyvənd də var. Buna rəğmən “normal” qrip yüzlərlə insanın ölümünə səbəb olur. Əleyhində heç bir peyvəndin mövcud olmadığı koronavirus daha yüksək ölüm göstəricilərinə səbəb olmaq gücündədir. 
 
Corcio bildirir ki, dövlət hakimiyyətləri daimi olaraq müstəsna hallar elan etmək üçün hər növ bəhanələrdən faydalanır. Amma o hər növ texnoloji inter-konneksiyaların əhali ilə eyni dərəcədə böyüyərək indiyədək bilinməyən bir intensivlik həddinə çatdığı dünyada “müstəsna hal”ın bir qayda olduğunu fərq edə bilmir. 
 
Biz yanlış hədəfə vurmamaqda ehtiyatlı olmalıyıq. Burada məsələ heç şübhə yoxdur ki, bütöv sivilizasiyadır. Hökumətlər qəddar icraçılardan başqa heç nə deyillər, virusun müstəsnalığı onlar üçün siyasi refleksiya deyil, diversionar manevr üçün imkan olaraq görülür. 
 
İtalyan akademiki və filosofu, “Berqsonun dostları” cəmiyyətinin üzvü, Rokko Ronki – “Virusun fəzilətləri”  
 
Koronavirus nəzarət edilməsi qeyri-mümkün şəkildə yayılması ilə bir növ ümumiləşmiş metaforaya, post-modernizmdə insanlıq halının simvolik sedimentinə çevrilməkdədir. HİV virusu ilə 40 il əvvəl baş verən bu gün özünü təkrar edir. “Experimentum crucis” olaraq meydana çıxan bu pandemiya siyasətdən qloballaşmanın effektlərinə və İnternet əsrində kommunikasiyanın transformasiyasına qədər bütün hipotezaları test etməyə qadir olmaqla metafizik speskulyasiya zirvəsinə yüksəlir. Virusun səbəb olduğu izolyasiya, inamsızlıq və şübhə ona alternativ olaraq “populist” və “suverenist” xarakter qazandırır. Onun bizə təlqin etdiyi fövqəladə tədbirlər XX əsrin siyasi teologiyasından miras qalan “müstəsna vəziyyət”i universallaşdırdığı görünür. Bu, “Modern suveren hakimiyyətin bio-siyasi” olması haqqında Fukonun tezisinə haqlılıq qazandırır. Fuko “Seksuallığın tarixi” adlı əsərində “həyatın tarixə daxil olması” ilə biolojiliyin epidemiyalar və aclıqlar formasında cəmiyyətə kənardan təsir etməklə yanaşı, cəmiyyət “daxilində” bir nəzarət obyektinə transformasiya olmasını qeyd edir. Biosiyasət paradiqması ilə həyat sadəcə bioloji və təbii şərtlərdə dərk edilərək, siyasətə tabe edildi və tarixin içinə yerləşdirildi.  
 
Virus maliyyə kapitalizminin dominantlığının əsasını təşkil edən eyni qeyri-maddi xarakteristikaya sahibdir. Ronki burada virusu onlayn kommunikasiyanın pre-refleksiv və “viral” (viral – virusla bağlı) təbiəti ilə müqayisə edir. COVİD-19 əbədi və dəyişməz insanlıq halımızı bir daha bizə aşkar edir. Fani, sonlu, kazual və natamam olduğumuzu unutmuş olmağımız kontekstində, bu virus bizə “komplulziv istehlakçılar” olaraq “varlığımızı” korreksiya etməli olduğumuzu xatırladır. Bütün bu mülahizələr bilinməyəni bilinənə endirir. 
 
Ronkiyə görə, əgər biz virusun bir hadisə xarakterinə sahib olması ilə razıyıqsa, bu onun biz “fəzilət”ə də sahib olması deməkdir. Hadisələr yalnız baş verdiyi üçün “hadisə” deyil, Onlar “faktlar” da deyil. Faktlardan fərqli olaraq hadisələr bir “fəzilət”, bir qüvvə, bir səciyyə daşıyıcısıdır. “Heç bir travma yoxdursa, heç bir hadisə yoxdur” fəlsəfi ehkamı hadisənin hər zaman travmatik xarakterli olduğunu göstərir. Hadisələr nə edir? Onlar baş verməzdən əvvəl əsla mümkün olmayan transformasiyalar doğurur. Hadisə yalnız “real” mümkünlük ortaya çıxardığı üçün hadisədir. Burada mümkün olan, “edilə bilən” anlamına gəlir. Mümkünlük abstraktlığı təmsil etməməklə yanaşı, bu dünyadan daha yaxşı olmayan azad dünyaların təxəyyülü də deyil. Metafizikadan uzaq, yalnız paradiqmatik səviyyədə qalmaqla “mümkünlük” bir potensiya, potensiya isə qəti müəyyən edilmiş fəaliyyətdən başqa heç nə deyil. Hadisənin “fəzilət”i daha əvvəl qeyri-mümkün və düşünülməz olan əməliyyat metodlarını mümkün etməkdir. Hadisə yalnız meydana çıxardığı gələcəkdən başlayaraq düşünülə bilər, keçmişdən deyil. Çünki o transformasiya edir, real olanı yaradır. 
 
Ronkiyə görə, “COVİD-19”un hələlik ən aşkar nəticələrindən biri “divarlar” ilə bağlı ideologiyaya vurduğu zərbədir. Onun fikrincə, bağlı sərhədlər, güclü identikliklər və antropoloji anlamda “mədəniyyət”in aliliyinə olan inanc sarsıldı. Antroposentrik düşüncəyə tədrici və effektiv təhsilləndirmə üstün gəlmədi. Sadəcə bir az öskürək və qızdırma dünyanı bütövlükdə silkələdi və bu düşüncəni əhəmiyyətsizləşdirməklə, hər bir fərdin sadəcə bu dünyanın parçası kimi bütün canlı varlıqlara bağlı olduğu həqiqətini ortaya qoydu. 
 
Travmanın obyektiv gücü ilə koronavirus, bütövün hissələrindən asılılığını, “hər şeyin müəyyən anlamda hər şeydə olduğunu” göstərdi. Təbiətdə müstəsnalıq təşkil edən heç bir muxtar region yoxdur. Ruhun maddə üzərində aliliyinə gülən Spinozanın iddia etdiyi kimi, təbiətdə “digəri daxilində dominantlıq” deyə bir şeydir. Virusun monizmi vəhşicə, onun immanensiyası isə qəddarcadır. Əgər insanlıq daxilində həmrəylik yox edilir və divarlar ucaldılırsa, “biz” və “onlar” arasında dəhşətli hüdudlar çəkilirsə, virus dünyanı birləşdirir və ümumi həll yolları tapmağa sövq edir. Heç kəsin özünü özbaşına xilas edə bilmədiyi dövrə daxil oluruq. Ronki, pandemiyanın qırmızı zonaların yaradılmasına, daxili sekluziya və bölgələrin hərbiləşdirilməsinə səbəb olduğunu qəbul edir. Lakin ona görə, burada ucaldılan “divar” varlıların özlərini kasıblardan ayırmaq üçün ucaltdığı divar deyil. İnsanları bir-birindən ayıran və onları bir və ya bir neçə metr məsafədə saxlayan divar əl ilə salamlaşmanı əvəzləyən kommunikasiya vasitəsidir. 
 
Ronki bildirir ki, koronavirus bir vaxtlar siyasətə məxsus olan üstünlüyü geri qaytardı. Klassik fəlsəfənin nümayəndələrinə görə, insanın daxil ola biləcəyi heç bir təhlükəsiz sığınacaq yoxdur. Siyasəti bütövlükdə ehtiva edən element bəxt, şans və riskin dominant rol oynadığı təbiətdir. Siyasətin aliliyi təbiəti idarə etmək deməkdir, onun üzərində dominantlıq deyil. “COVİD-19”un yaratdığı qlobal situasiya Modernizm əsrində yalnız texniki rol oynamağa və gücsüzlüyünü etiraf etməyə tabe olunan siyasətdən spesifik məsuliyyətinə yiyələnməyi tələb edir. 
 
Koronavirus bizim və digərlərinin mövcudiyyətini bir “müqəddərat” olaraq artikulyasiya edir. Biz, iradəmizə məhəl qoymadan, orqanlarımızın səssizliyində böyüyən və nəhəngləşən bir şey tərəfindən sürükləndiyimizi hiss edirik. Digər tərəfdən aydın olur ki, baş verənin qaçılmazlığı ilə ziddiyyət içində olan azadlıq ideyası da inferiyor azadlıqdır. Virusun fəzilətləri arasında onun daha ölçülü və dolğun azadlıq ideyasını meydana çıxardığını vurğulaya bilərik: müqəddəratımızın bizdən tələb etdiyini edərək qazandığımız azadlıq. Dolayısı ilə, azad olmaq spesifik bir situasiyada edilməli olan etməkdir. 
 
 
R.Ronki ilə demək olar ki, eyni mövqedən çıxış edən italyan psixoanalitiki və filosofu Sercio Benvenuto-dur. 
 
S.Benvenutoya görə, populistlər və suverenistlərin koronavirusa verdiyi reaksiya bizim ksenofoblardan gözlədiyimiz reaksiyadır: sərhədləri bağlamaq və “COVİD-19”u əcnəbilərlə identifikasiya etmək. Bu, Avropa ilə kommunikasiyanı bloklayan Trampın etdiyidir. Təhlükə həmişə kənardan qaynaqlanır, əsla daxildən deyil. Lakin Benvenuto bildirir ki, bu virus təhlükənin kənardan deyil (Müsəlmanlar, Çinlilər, Afrikalılar), daxildən də qaynaqlana bildiyini göstərməklə neo-faşistlərin ideoloji prinsiplərini sarsıtdı. Jurnalist Massimo Cannininin bildirdiyi kimi, “biz təhlükədə deyilik, biz təhlükəyik”. Hamımız bərabər şəkildə təhlükədəyik, bir qaraçı (gipsy) mənim övladımdan daha çox təhlükəli deyil. Burada irqçi kateqorizasiyalar da mobilizasiyaedici ovsununu itirir. 
 
Benvenuto bildirir ki, onu narahat edən müxtəlif dövlətlərin Şengen sistemindən uzaqlaşması deyil, hər bir vətəndaşın özünü digərinə qapamasıdır. İtalyanların çılpaq həyatdan başqa heç nəyə inanmadığını, virusun yayıldığı dövrdə insani münasibətlərdə böyük degenerasiya baş verdiyini (insan sevilsə də, ona yaxınlaşmamaq, toxunmamaq zərurəti) qeyd edən C.Aqambenin reaksiyasını Benvenuto kəskin tənqid etməklə, səthi reaksiya adlandırır. Benvenutoya görə, “sevdiyim insanı qucaqlamalıyam və ya öpməliyəm” klişesi virus tərəfindən darmadağın edilir. O qeyd edir ki, məsafə saxlayan insana minnətdaram, məndən nə qədər çox məsafə saxlayana o qədər çox özümü bağlı hiss edirəm. Benvenuto, C.Aqambenin insani münasibətlərin molekulyarlığında baş verənləri dərk edə bilmədiyini vurğulayır.  

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI