Məqalələr

Koronavirus pandemiyasının bizim “xəstə” planetə təsirləri: ətraf mühit və ekologiya üçün əsl göydəndüşmə

avatar
İlyas Hüseynov
2020-04-15

BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.

Koronavirus COVİD-19 pandemiyası bütün dünyada həyati əhəmiyyətli hər bir sahəni iflic vəziyyətinə gətirib. Aparıcı media agentliklərinin və mərkəzlərinin manşetlərini pandemiya xəbərləri “bəzəyir”. Koronavirus infeksiyası ilə qlobal müstəvidə mübarizə aparılır, turizm sənayesi iflas etmək həddinə yaxınlaşır, tibbi ləvazimatların çatışmazlığı yaşanır, dünya dövlətləri arasında sərhədlər çəkilir, insanlar sosial izolyasiya və şəxsi gigiyena qaydalarına daha çox diqqət ayırır, qloballaşma, dünya dövlətlərini daha da yaxınlaşdırmaq və inteqrasiya tendensiyası haqqında populist çıxışları isə görmürük. Beynəlxalq idman yarışları, çempionatlar və konsertlər təxirə salınır. Evdən işləmək, ictimai nəqliyyatdan isə az istifadə etmək təbliğ olunur.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, istehsalın və ixracın azalması və böhranla müşayiət olunan iqtisadi dalğalanmalar ekologiyaya da təsir edir. Hal-hazırda COVİD-19 CO2 tullantılarını kəskin şəkildə aşağı salıb. Bəs hər birimizi ölümlə təhdid edən koronavirus gələcəkdə ətraf mühitə necə təsir edəcək? Bu məqalədə iqtisadi böhranın və koronavirus pandemiyasının ekologiyaya və ətraf mühitə təsirlərinə nəzər salmağa çalışacağıq.

 

 

Limanda delfinlər görünür, Venesiyada kanallar təmizliyi ilə diqqət çəkir, İspaniyada korridaların müvəqqəti bağlanması isə yüzlərlə öküzün həyatını xilas edir…

 

 

Təbiət insanın iştirakı olmadan bərpa olunmaq xüsusiyyətinə malikdir. Uzun müddətdən sonra Venesiyanın ecazkar kanallarında su o qədər şəffafdır ki, suda üzən balıqları müşahidə etmək mümkündür. Bu hadisə 2020-ci ilin martında qeydə alınıb. Bu, İtaliyada tam karantin rejimininin tətbiqindən və Venesiyanın su yollarında qayıqların hərəkətinə qadağa qoyulandan sonra baş verdi. Eyni zamanda, “Tvitter”, “İnstagram” və “Tik Tok”-da trendə çevrilən şəkillər müəyyən çaşqınlıq yaratmağa başladı. Bu şəkillərdə Venesiya sularına geri dönən qu quşları və delfinlər nümayiş olunurdu. “National Geographic” bu xəbərləri tez bir zamanda təkzib etdi – “qu quşlarının şəkilləri onların daim yaşadığı Burano adasında çəkilib, delfinlərə gəlincə isə qeyd olunan video Venesiyadan yüzlərlə kilometr uzaqlıqda olan Sardiniya adasında qeydə alınıb” [12].

 

 

İnsan fəaliyyətinin izlərini qeydə alan peyk görüntülərinə nəzər salanda aydın olur ki, koronavirusun yayılmasından sonra Çin, Amerika Birləşmiş Ştatları və İtaliyada avtomobillərin işlənmiş qaz tullantıları, elektrik stansiyalarında yandırılan yanacaq yağları və digər sənaye tullantılarının ətraf mühiti çirkləndirmə səviyyəsi kəskin şəkildə aşağı düşüb. Aşağıdakı şəkildə Çinin üzərində azot dioksidin (NO2) koronavirus karantini, Çin Yeni ili və iqtisadi səngimə ilə əlaqədar olaraq aşağı düşməsi göstərilir [5].

 

 

Çinin tullantılarının üçdə biri Qərbin istehlakı hesabına baş verir. Qərb yalnız həyati əhəmiyyətli əşyaları və ehtiyacı olanı alsaydı biz nəyə nail ola bilərdik? Düşündürücü sualdır.

Xüsusilə vurğulamaq lazımdır ki, ətraf mühitin çirklənməsindən il ərzində İtaliyada 70 mindən çox [7], dünyada isə 7-8 milyondan çox insan vaxtından əvvəl vəfat edir [10].

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin fevral ayında Çində hava çirklənməsi 20-30% azalıb [8] və CO2 tullantılarının azalması da təxminən eyni dərəcədə olmuşdur [11]. Avropa Kosmik Agentliyinin peykləri də İtaliyanın şimalında azot dioksid (NO2) tullantılarının kəskin azalmasını təsbit edib [6]. Hərəkət məhdudiyyətinin olması rəqəmlərin azalmasına səbəb olan əsas amil kimi qiymətləndirilir, çünki Milan bölgəsində (NO2) tullantılarının 70 %-i nəqliyat vasitəsi ilə istehsal olunur [9].

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatına görə, fevralın 3-dən martın 1-dək Çində virusun yayılmasına nəzarət edən sərt dövlət tədbirləri nəticəsində CO2 tullantılarının miqdarı 25% azalıb. Bu, insanların avtomobildən az istifadə etməsi ilə yanaşı, istehsal həcmlərinin də azalması ilə əlaqələndirilir.

Çin planetimizdə ən çox hava çirkləndirən dövlətlərin sıralamasında “liderlikdə” yer alır. Çin hər il bütün dünya üzrə CO2 tullantılarının 30%-ni istehsal edir [13]. Karbon Dioksid Məlumat Təhlil Mərkəzi (CDİAC) və Qlobal Karbon Layihəsinin (GCP)  araşdırmalarının nəticələri aşağıdakı şəkildə qeyd olunub.

 

 

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Çinin Ekologiya və Ətraf Mühit Nazirliyinin məlumatına görə, “yüksək keyfiyyətli hava” ilə günlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 21,5% artım qeydə alınıb. Xüsusilə qeyd etmək lazımdır ki, bir müddət öncə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası qlobal hava nəqliyyatında 2010-cu ilin aprel ayından bəri ən aşağı aylıq artım göstəricinin qeyd olunduğunu açıqlamışdı. ABŞ-da istixana qazı tullantılarının ümumi həcminin təxminən 3%-i təyyarələrin payına düşür. 2050-ci ildə bu rəqəmin üç dəfə artacağı proqnozlaşdırılırdı. Buna görə də hava nəqliyyatı strukturundakı hər hansı bir dəyişiklik havanın çirklənməsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

İşin problematik tərəfi bundadır ki, göstəricilərdəki cari dəyişikliklər sistem səviyyəsində baş vermir, gözlənilməz və olduqca kədərli hadisələrdən qaynaqlanır. Hazırda virus ikinci mərhələsini yaşayır və Çindən kənarda da sürətlə yayılır. Eyni zamanda, qlobal neft tələbləri azalır və ümumi iqtisadi geriləmə müşahidə edilir. Uzun müddətli perspektivdə bu, “yaşıl” texnologiyanın və bərpa olunan enerji sənayesinin inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər.    

Bəs bu məsələ ilə bağlı ilə ekoloqlar nə deyir?

Ekoloqlar burada təkcə müsbət tərəflərlə yanaşı, həm də problemlərin olacağını qeyd edirlər. Massaçusets Texnologiya İnstitutunun “MIT Technology Review” dərgisinin enerji şöbəsinin redaktoru Ceyms Templ deyir ki, sürətlə yayılan, artıq minlərlə insanın ölümünə səbəb olan və milyonlarla insanın karantin altında oturmağa məcbur edən virusun iqlim dəyişikliyinə təsir edəcəyinə inanmaq böyük yanlışlıq olar. Dünya tarixində iqtisadi böhranlar, epidemiyalar və müharibələr səbəbindən tullantıların azaldılması halları dəfələrlə olub. “Bunun ardınca, iqtisadiyyat normal məcrasına qayıtdıqdan sonra CO2 tullantılarının həcmində yenidən artım müşahidə olunurdu” [14].

Gələcəkdə bizi nə gözləyir?

Virusun iqlim dəyişikliyi və ekologiyaya uzunmüddətli təsir göstərməsinin ehtimallarını qeyd etməyə çalışaq:

  • Kapital bazarında hər hansı bir məhdudiyyət günəş, külək və digər növ alternativ enerji istehsalının maliyyələşdirilməsinə təsir edəcəkdir. Yeni layihələrin müzakirəsi müvəqqəti olaraq dondurulacaq.
  • Neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin rəqabətqabiliyyətliliyini azaldacaq.
  • Çin elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrində istifadə olunan günəş panelləri, külək turbinləri və litium-ion batareyaların əsas istehsalçılarından biridir. Çin şirkətləri artıq tədarük zəncirində fasilələrlə üzləşiblər. Bu da digər ölkələrdə bəzi bərpa olunan enerji layihələri üzərində işi ləngidəcək.
  • Son illərdə iqlim dəyişikliyi mövzusu dünyanın siyasəti gündəmindən düşmürdü və bir çox hallarda prioritet təşkil edirdi. Qeyd etmək lazımdır ki, bununla bağlı gənclərdən ibarət hərəkatlarda da aktivlik müşahidə olunurdu. Lakin iqtisadi böhran insanları ekoloji problemlərdən yayındıracaq, çünki artıq daha aktual məsələlər önə çıxıb: təhsil, səhiyyə, işsizlik, maddi yardım, pensiya, əmlak və turizm bazarında durğunluq.  

Çıxış yolunu tapmaq tələb olunur: proqnozlar nədən ibarətdir?

“Təmiz” enerji sahəsində aparıcı analitik şirkət olan “Bloomberg New Energy Finance” 2020-ci ildə günəş enerjisinə olan tələbat ilə bağlı proqnozlarını artıq aşağıya salıb. Çünki siyasətçilər və korporasiyalar uzunmüddətli deyil, qısamüddətli iqtisadi stimullara diqqət yetirirlər.

Ölkələr iqtisadiyyatlarını qorumaq üçün böhran tədbirləri görürlər. Qeyd edək ki, ABŞ-da bununla bağlı 2 trilyon dollar ayrılıb. Bu vəsaitlər nə ABŞ-ın strateji neft ehtiyatlarının artırılması, nə də bərpa olunan enerji layihələri üçün vergi güzəşlərinin tətbiq olunması üçün nəzərdə tutulub. Buna görə də ekoloqlar bu tədbirləri balanslaşdırıcı tədbirlər kimi qiymətləndirirlər.

Ətraf mühitin vəziyyətinə təsir göstərə biləcək digər uzunmüddətli proqnozlar da var. Koronavirus bütün dünyada həyat tərzini dəyişdirmək və ya “format” etmək üçün bizim iradəmizdən asılı olmayaraq məcburi bir sınaq keçirir. İnsanlar evdən işləyir və yaxud gediş-gəlişin sayı azalır. Hər gün ofis şəraitində işləməmək daha çox ekologiyaya müsbət təsir göstərir. Belə bir tendensiya insanların iş prosesinə münasibətini dəyişə bilər, beləliklə də insanın ətraf mühitə təsirinin ümumi mənzərəsi yenilənmiş olar.

Ölkəmizdə olan vəziyyət: tədqiqatların nəticəsi qənaətbəxş deyil

Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə keçirilən son monitorinqlərin nəticəsinə görə paytaxtımızda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir ki, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən, Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqları sanitar norma daxilindədir. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu. Belə ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb [1].

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib ki, koronavirus infeksiyası olmadan belə nazirlik hər zaman istər nəqliyyat vasitələrindən, istər sənaye müəssisələrindən, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edib [3].

Nəqliyyatın İntellektual İdarərtmə Mərkəzi də 1-8 aprel tarixlərində Bakının 43 küçə və prospektində monitorinq həyata keçirib. Monitorinqin nəticələrinə əsasən küçə və prospektlərdə nəqliyyatın axınında təxminən 30-40 faiz azalma müşahidə edilib. Lakin buna baxmayaraq, mütəxəssislər bu nəticəni qənaətbəxş hesab etmirlər [2].

Göründüyü kimi bütün dünyada geniş yayılmış koronavirus pandemiyasının ölkəmizə də “müsbət” təsiri hiss olunmaqdadır. Ölkədə elan olunan ciddi karantin vəziyyəti ilə əlaqədar olaraq paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalmış, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması nəticəsində isə atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enmişdir.

COVİD-19-dan öncəki vəziyyətə nəzər salaq. Cari ilin əvvəlində İngiltərədə səhiyyə sahəsində konsaltinq xidmətləri göstərən “Treated.com” (https://www.treated.com/) Avropanın “ən sağlam paytaxtları”nı təhlil etdikdən sonra geniş ictimaiyyətə reytinq cədvəlini təqdim edib. Reytinq cədvəli “Numbeo”, “HPİ ThinkTank”, “World Population Rewiev”, “World Bank Group” və “İndex Mundi” kimi nüfuzlu mənbələrdən toplanmış geniş məlumatlar əsasında tərtib edilmişdir. Reytinqdə göstərilən 45 Avropa paytaxtı arasında Bakı olsa da, təəssüflə qeyd edək ki, Cənubi Qafqazın ən böyük iqtisadi mərkəz şəhəri müxtəlif göstəricilərin cəminə görə sonuncu yeri tutub...

Reytinq hazırlanarkən 10 meyar nəzərə alınıb: idmanla məşğul olmaq üçün şəraitin olması (fitness klublarına üzvlüyün dəyəri), uzunömürlülük, hava, su və həyat keyfiyyəti, səhiyyə xərcləri, meyvə və tərəvəzlərin qiymətləri, karbon qazının tullantıları, işə velosiped ilə və ya piyada gedənlərin sayı və yaşıllıqların keyfiyyəti.

Tədqiqatın nəticəsinə görə, Bakı 346 bal (ballar mənfi göstəricilərə görə təqdim olunur) toplayaraq 46-cı yeri tutub. Moskva 45-ci yerdədir, ardınca Buxarest, Roma, Ankara və Tbilisi qərarlaşıb. Lider isə Danimarkanın paytaxtı Kopenhagendir (102 bal). İlk onluğa Vyana, Bern, Helsinki, Berlin, Stokholm, Vilnüs, Amsterdam, Podqoritsa və Lyublyana daxil olmağa müvəffəq olub [4].

Bu tədqiqatın nəticələrində və reytinq cədvəlinin tərtib olunmasında siyasi qərəz elementlərini axtara bilərik. Lakin qəbul etməliyik ki, bu gün Azərbaycanın əsas sənaye şəhəri paytaxtımızdır. Ölkənin bütün sənaye infrastukturu Bakıda cəmləşib. Dövlət tərəfindən bu məsələnin həll olunması ilə bağlı müxtəlif tədbirlər görülsə də əldə olunan nəticə kifayət etmir.

Koronavirus pandemiyası paytaxtımızın ekoloji vəziyyətinə yaxşı təsir etsə də, təbii ki, bu vəziyyət müvəqqəti xarakter daşıyır. Əsas məsələ COVİD-19-dan sonrakı dövrdə ekoloji balansı qorumaq və havaya atılan çirkli tullantıların miqdarına nəzarəti gücləndirməkdir.

Nəticə

Təbiətin qanunları amansızdır! Bizim bu tezisi inkar etmək üçün çoxlu sayda opponent ortaya çıxa bilər. Koronavirus və iqlim dəyişikliyi proseslərində əlaqənin olması isə artıq aksiom halına gəlib.

COVİD-19 nəticəsində əmələ gələn hərəkətsizlik və iqtisadi fəaliyyətin dağılmasının ətraf mühitə təsirləri qısamüddətli proseslərin qığılcımları formasında nəzərə çarpır. 2020-ci ildə Çinin Hubey vilayətində və İtaliyanın şimalında havanın çirklənməsinin səviyyəsinin və CO2 tullantılarının kəskin azalması müşahidə olunsa da, iqtisadi zəmində dəyən ziyanı hələ uzun müddət hesablamaq gərəkli olacaq. COVİD-19 ilə enerji və iqlim problemləri arasındakı əlaqə kifayət qədər mürəkkəbdir.

Digər tərəfdən diqqətçəkən ilk element bundan ibarət ki, ətraf mühit amilləri və virusun yayılma arealı arasında bağlılıq var. Nəzərdən qaçırmamaq lazımdır ki, Uhan meqapolisinin rütubətli bazarı ilə vəhşi təbiət arasında yaxınlıq virusun bir növdən digərinə keçməsinə və insanlar arasında daha da sürətlə ötürülməsinə əlverişli şərait yaratdı.

Bu gün bir çox tədqiqatçılar belə düşünür ki, Ebola, quş qripi, SARS və indi də COVİD-19 kimi xəstəliklərin yayılmasının əsas səbəbi təbiətə antropogen müdaxilədən qaynaqlanır. “Yayılma: heyvan infeksiyası və növbəti insan pandemiyası” (Spillover: Animal Infections and the Next Human Pandemic) kitabının müəllifi Devid Kvammen aşağıdakıları qeyd edir: “Biz çox sayda heyvanın təbii şəraitdə yaşadığı tropik meşələri və digər ekosistemləri işğal etdik. Bu heyvanlar hələ bizə məlum olmayan virusların daşıyıcıdır. Biz ağacları kəsirik, heyvanları öldürürük və bazarlarda satırıq. Bununla da ekosistemləri məhv edirik və virusları təbii sahiblərindən çıxarırıq. Bundan sonra isə viruslara yeni bir daşıyıcı lazım olur və bir çox hallarda bizlərdən biri həmin virusun daşıyıcısına çevrilir”.

Patogenlər heyvanlardan insana ötürülür. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) qiymətləndirməsinə görə, yeni insan xəstəliklərinin dörddə üçün heyvanlardan əmələ gəlir. İnsanlar virusu adi qaydada yaydığı virus daşıyıcıları və heyvanlar arasında təbii maneələri azaltmaqla xəstəliyin yayılmasına şərait yaradır. Buna görə də koronavirusun baş verməsi təbii şəkildə baş verdi. Patogenlərin əksəriyyəti hələ aşkar edilməyib və elmə məlum deyil. Biz hələ aysberqin ən üst hissəsindəyik və özümüzü çox rahat hiss edirik.

Sonda bəzi xoş fikirləri də qeyd etmək istərdik. Koronavirus pandemiyası Çində vəhşi heyvanların tutulması və satışına qoyulan qadağaların dövlət səviyyəsində gücləndirilməsinə səbəb olub. Qeyd olunan tədbirlər müvəqqəti xarakter daşısa da, 2020-ci ilin sonunda Çində keçiriləcək BMT biomüxtəlifliyi konfransında məsələyə yenidən baxılacaq. Təbiətin müdafiəçiləri hesab edir ki, bu konfransda vəhşi təbiət haqqında qanunvericilikdə fundamental dəyişikliklər qəbul olunacaq və iştirakçı ölkələr heyvanların qorunması ilə bağlı 2015-ci ildə qəbul olunan Paris İqlim Sazişinə analoji olan öhdəliklər götürəcək.

Qərb özünə uyğun olmayan dövlətlərə ittiham yağdırarkən və lovğalıqla özünütənqidlə məşğul olarkən, Çin də bu pandemiyadan böyük bir nəticə çıxarmalı, bəzi ənənələrini, həmçinin təbiətə qarşı yanaşmasını yenidən nəzərdən keçirməli və bu müddəti səmərəli istifadə etməlidir.  

Hər bir işdə parlaq ideyalar və müsbət tərəflər axtarmaq gözəl keyfiyyətdir. Amma COVİD-19-un planet üçün “göydəndüşmə fürsət” olması ideyası ilə mütəəssir olmamalı və özümüz-özümüzü aldatmamalıyıq.

 

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYATLAR VƏ MƏNBƏLƏR

 

Azərbaycan dilində:

  1. Havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb // AzVison.az internet saytı, 09 Aprel 2020-ci il https://azvision.az/news/209789/-havanin-keyfiyyeti-nezerecarpacaq-derecede-yaxsilasib--.html
  2. Karantin rejimi atmosferi təmizləyib – VİDEO // 09 Aprel 2020-ci il https://www.tvreal.az/news/az/43783/karantin-rejimi-atmosferi-temizleyib-video
  3. Umayra Tağıyeva: paytaxtda avtomobillərin sayının azalması havanın nəzərəçarpacaq dərəcədə təmizlənməsinə səbəb olub // Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) 29 Mart 2020-ci il https://azertag.az/xeber/Umayra_Tagiyeva_paytaxtda_avtomobillerin_sayinin_azalmasi_havanin_nezerecharpacaq_derecede_temizlenmesine_sebeb_olub-1449659

 

Rus dilində:

  1. Гусейнзаде Натик. Баку признан «самой нездоровой» столицей в Европе // Информационно-аналитический и мониторинговый портал Haqqın.az, 30 января 2020. https://haqqin.az/news/168863

 

 

İngilis dilində:

  1. Airborne Nitrogen Dioxide Plummets Over China // Image of the Day for March 2, 2020. Instrument: Sentinel-5P. https://earthobservatory.nasa.gov/images/146362/airborne-nitrogen-dioxide-plummets-over-china
  2. Coronavirus: Nitrogen Dioxide Emissions Drop over Italy // ESA, 13 March 2020 https://www.esa.int/ESA_Multimedia/Videos/2020/03/Coronavirus_nitrogen_dioxide_emissions_drop_over_Italy. NO2 emissions are also used as proxies to estimate CO2 emissions.
  3. European Environment Agency, Air Quality in Europe 2019 Report // May 2019, p. 68

https://op.europa.eu/en/publication-detail/-/publication/7d42ac97-faca-11e9-8c1f-01aa75ed71a1/language-en

  1. European Space Agency (ESA), COVID-19: Nitrogen Dioxide Over China // 19 March 2020 https://www.esa.int/Applications/Observing_the_Earth/Copernicus/Sentinel-5P/COVID-19_nitrogen_dioxide_over_China
  2. Degraeuwe Bart et al., Urban NO2 Atlas, Luxembourg, Publications Office of the European Union //  2019, p. 11 https://op.europa.eu/en/publication-detail/-/publication/b97e8117-09b4-11ea-8c1f-01aa75ed71a1/language-en
  3.  Depending on the estimate, cf. World Health Organization (WHO) website: Air Pollution // https://www.who.int/health-topics/air-pollution#tab=tab_1 and Richard Burnett et al., “Global Estimates of Mortality Associated with Long-term Exposure to Outdoor Fine Particulate Matter”, in PNAS, Vol. 115, No. 38 (18 September 2018), p. 9592-9597, https://www.pnas.org/content/115/38/9592
  4.  Myllyvirta Lauri, “Analysis: Coronavirus Has Temporarily Reduced China’s CO2 Emissions by a Quarter”, in Carbon Brief  // 19 February 2020

https://www.carbonbrief.org/analysis-coronavirus-has-temporarily-reduced-chinas-co2-emissions-by-a-quarter.

  1.  Natasha Daly. Fake animal news abounds on social media as coronavirus upends life // National Geographic. Published March 20, 2020. https://www.nationalgeographic.com/animals/2020/03/coronavirus-pandemic-fake-animal-viral-social-media-posts/
  2.  Ritchie Hannah and Roser Max. CO₂ and Greenhouse Gas Emissions // This article was first published in May 2017; last revised in December 2019.  https://ourworldindata.org/co2-and-other-greenhouse-gas-emissions
  3.  Temple James. What does the coronavirus outbreak mean for climate change? // MIT Technology Rewiev. March 25, 2020 https://www.technologyreview.com/2020/03/25/950315/radio-corona-so-what-about-climate-change/
PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI