Məqalələr

Kim haqlıdır, o da güclüdür

avatar
Elşad Mirbəşiroğlu
2019-09-24

Politoloq, siyasi elmlər doktoru

 
 
"İnkişafa sadiqsinizsə, həqiqətən müstəqilsinizsə
və insanların taleyi öz əllərindədirsə,
bu halda siz böyük nəticələr əldə edə bilərsiniz".
                                                                                                          İlham Əliyev

 

ABŞ-ın Cənubi Qafqaz regionunda həyati vacib maraqları var. Sovet İttifaqı dağılandan indiyədək Birləşmiş Ştatların regiondakı proseslərdə iştirakı burada müəyyən dəyişiklikləri şərtləndirdi. Söhbət qətiyyən təkcə 2003-cü ildən sonra Gürcüstanda baş verən köklü tranformasiyadan getmirdi, eləcə də mənafelərin balansını öz xeyrinə dəyişmək naminə iqtisadi meydanda möhkəmlənmək okeanın o tayından gələn direktivlərin əsasını təşkil edirdi.
 
Əlbəttə, regionda bir sıra təşəbbüslərin həddən artıq iddialı olduğu sonralar ortaya çıxacaqdı. Məsələn, nə GUAM çərçivəsində, nə də Xəzər akvatoriyasında hərbi baxımdan mənzillənmək mümkün idi. Bunun təbii səbəbləri vardı. Söhbət təkcə rəqiblərin müqavimətindən getmir.
 
90-cı illərlə müqayisədə mühüm beynəlxalq layihələrin arxasınca Qafqaz regionunun iqtisadi-siyasi xəritəsini dəyişməkdə ardıcıl mövqe sərgiləyən rəsmi Vaşinqtonun Obama ilə başlayan dönəmi qarşısına fərqli strateji məqsədlər qoyunca 2008-ci ildən sonra meydana çıxan yeni çağırışlara və problemlərə adekvat reaksiyalar, hərəkətlər olmadığından Qərb mərkəzlərinə olan inam kəskin aşağı düşdü. Bunu beynəlxalq rəy institutlarının xarici siyasətə dair apardıqları və ictimaiyyət üçün açıq olan hesabatları da sübut edir.
 
Doğrudur, kimsə daha konkret iddia irəli sürə bilər ki, Ağ Evin Bakı, yaxud Tbilisidən min kilometrlərlə uzaqlıqda yerləşməsi onun bölgəsəl konfliktlərin həllində resurs məhdudluğu ilə üz-üzə qoyur. Aydındır ki, ənənəvi regional qonşular üçün imkan üstünlüyü sırf məsafə yaxınlığından doğur, həmçinin xalqların son 200 ildə formalaşan dərin bağları onları hətta nə qədər Berlinə, yaxud Brüsselə infrastruktur, yaxud azadlıqlara virtual sevgi doğurursa da şəxsi və ya milli təhülkəsizliyin hansı paytaxtlarda həll olunduğunu həmin adamlar yaxşı bilir.
 
Cənubi Qafqaz regionunda siyasi və hərbi fəaliyyətləri təhlil edərkən ötən illər ərzində əldə olunan mövqelərin bir qismini əldən verilmiş saymaq olar. ABŞ burada geosiyasi vəziyyəti öz xeyrinə dəyişə bilmək üçün Tramp dönəmində aktiv liderlik cəhdlərini demək olar ki, həyata keçirmədi. Günümüzün reallığı budur ki, Moskva yaxın qonşuları öz orbitində tutub saxlamaq üçün son illər daha ardıcıl, eyni zamanda birtərəfli qaydada diktə edən tərəf kimi deyil, daha çox maraqların konsensusu şəraitində davranmaq xəttinə üstünlük verməyə başladı və bu, regionda Rusiyanın üstün təsir imkanlarının artmasına səbəb oldu. İndi bütün tərəflər demək olar ki, imkanları və qüvvələr nisbətini yenidən qiymətləndirməyə çalışır.
 
Lakin ABŞ Cənubi Qafqazdan gedə bilməz. Buna görə də o, regiondakı reallıqlardan çıxış edərək, davranışlarında ciddi korrektələr etməyə meyilli görünür. Burada yerləşən ölkələrə münasibətdə “selektiv yanaşma” prinsipi deyil, balanslaşdırılmış siyasətin həyata keçirilməsi daha optimal seçim kimi meydana çıxır. Ənənəvi inqilab ixrac etmə və onun nəticəsi kimi yalnız Tbilisi prospektindəki müqəddəs Corc Buş küçəsini qorumaq siyasəti əvəzinə son illər aparılan diplomatik xəttin ağırlıq mərkəzi açıq şəkildə dəyişib. Birləşmiş Ştatların  hərbi-təhlükəsizlik baxışının Azərbaycanmeyilliliyi son illərdə daha qabarıq hiss olunmaqdadır.
 
Bəlkə də, çoxları belə yanaşmanı subyektiv saya və xanım Klintonun qalib gələcəyi təqdirdə beynəlxalq strukturların, beyin mərkəzlərinin və kəşfiyyat qüvvələrinin əli ilə hakimiyyətləri dəyişmək planlarının yenidən Ağ Evin gündəmində birinci yerə qoyulacağını nəzərə alırlar. İndi tamam fərqli xarici siyasət parametrlərini qarşılarında görən hər kəs bunu öz xeyri kimi başa düşür.
 
Hər halda hazırki şəraitdə meydana çıxan mənzərə xeyli fərqlidir. ABŞ differensial yanaşma tətbiq etməklə, hər bir region ölkəsinin davamlı inkişaf potensialına istinadən davranmağı özü üçün ən uyğun strategiya kimi müəyyənləşdirib. Bunu ABŞ-ın 2018-ci və 2019-cu illərdə Azərbaycana ümumilikdə 102 milyon (2018-ci ildə 59,6 milyon və 2019-cu ildə 43 milyon) dollar həcmində hərbi təyinatlı maliyyə  dəstəyi göstərməsi də aydın sübut edir (Bu maliyyə “Section 333 Authority to Build Capacity” proqramı üzrə ayrılır və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə, Xəzər sahillərində hərbi infrastrukturun yaxşılaşdırılması və hərbi kəşfiyyat işinin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuşdur).
 
Doğrudur, bir sıra xarici jurnalistlər bunu ABŞ-İran münasibətləri kontekstində nəzərdən keçirməyə üstünlük versələr də, biz ayrı cür düşünürük. Rəsmi Bakını siyasi və hərbi cəhətdən gücləndirmək qətiyyən kiməsə təhlükə vəd etmir. Çünki ölkəmiz on illər ərzində xarici siyasi arenada etibarlı tərəfdaş statusu qazanıb və başqa əraziləri ələ keçirməyə, yaxud dövlətlərarası konflikti gücləndirməyə çalışan mərkəzlərdən uzaq olduğunu sübuta yetirib. Ona görə bunu “kişi simalı” siyasət adlandırırlar.
 
Xatırladaq ki, bütün müstəqilliyi dövründə ABŞ tərəfindən Cənubi Qafqaz ölkələrinə 705,77 milyon dollar həcmində hərbi xarakterli yardım ayrılmışdır. Bunun 463,63 milyonu Gürcüstanın, 126,55 milyonu Azərbaycanın, 109,49 milyonu isə Ermənistanın payına düşmüşdür. 

 

 

Təkcə 2018-2019-cu illərdə ABŞ-ın Azərbaycana hərbi və təhlükəsizlik təyinatlı maliyyə dəstəyi təxminən bütün müstəqilliyi dövründə Ermənistana göstərilmiş eyni təyinatlı yardıma bərabərdir. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə müvafiq istiqamət üzrə Ermənistana 3,2 milyon dollar ayrılmışdır. 2019-cu və 2020-ci illərdə isə müvafiq olaraq 2,8 və 2,1 milyon dolların ayrılması nəzərdə tutulub. Gürcüstan bu istiqamətlərdə 2018-ci ildə ABŞ-dan 6,1 milyon dollar maliyyə yardımı almışdır. ABŞ-ın 2019-cu il üçün hərbi büdcəsində Gürcüstana ayrılacaq maliyyənin həcmi göstərilmir. (İnfoqrafika 2)

 

Göründüyü kimi, rəsmi Bakı öz əhəmiyyətini ciddi şəkildə artıra bilmişdir və ABŞ bunu qəbul edir. Ölkəmizin önəminin yüksəlməsini isə bütün istiqamətlərdə gücləndirilmiş potensial şərtləndirir. Azərbaycan sübut etdi ki, kim haqlıdır, o da güclüdür.

 

 

 

PAYLAŞ

Oxşarlar

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

27 May 2020

28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə Türk Dünyasında və Müsəlman Şərqdə Azərbaycan ilk Xalq Cü… ƏTRAFLI

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

23 May 2020

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının a… ƏTRAFLI

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

22 May 2020

Sovetlərdə bir çox səbəbdən dolayı ən uzun dönəm kimi xarakterizə edilən, dinə qarşı kəskin mübarizənin başlaması ilə yadda qalan bu d&… ƏTRAFLI