Məqalələr

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

avatar
Aqşin Məmmədov
2020-07-29

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Bir il sonra Forumun 50 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində ötən il imzalanmış memorandumun davamı kimi niyyət protokolu imzalandı. Həmin sənədə əsasən Forumun ölkəmizdə regional mərkəzi yaradılacaq. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi IV sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir [1].

Mütəxəssislərin fikrincə, Azərbaycanın malik olduğu imkanlardan tam yararla­naraq innovativ həllər vasitəsilə regionun rəqəmsal mərkəzinə çevrilmək imkanı böyükdür. Bu yaxınlarda Prezident İlham Əliyev “Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfransda da bildirmişdi ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir [6].

 

 

Ümumiyyətlə, IV sənaye inqilabı əvvəlkilərdən nə ilə fərqlənir?

 

İlk növbədə qeyd edək ki, “IV sənaye inqilabı” ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab işlədib. Cənab Şvab bu dövrü təsvir etmək üçün kitabında “Texnoloji inqilab fizika və biologiya sahələri arasında təzad yaradır” başlığını yazmışdı. Qeyd etmək vacib­dir ki, “1760-cı illərdə Böyük Britaniyada başlayan I sənaye inqilabı 1800-cü illərdə Avropa və Şimali Amerika­ya yayılmışdı. I sənaye inqilabının əsas mahiyyəti su və buxar enerjisi ilə əl əməyinin mexanikləşdirilməsindən ibarət idi – həmin dövrün əsas ixtirası da məhz buxar maşınıdır. I sənaye inqilabının nəticəsində manufakturalar və fabriklər ya­randı, toxuculuq sənayesi sürətlə inkişaf etdi. XIX əsrin sonla­rından başlayan II sənaye inqilabı polad, neft və elektrik kimi yeni sənaye sahələrinin yaranması ilə xarakterizə olunur. Telefon və daxili yanma mühərriki ən önəmli ixtiralar hesab edilirdi. “Rəqəmsal inqi­lab” kimi də tanınan və XX əsrin ikinci yarısını əhatə edən III sənaye inqilabı dövründə isə kompüter və internet ixtira olun­muşdu” [6].

 

Mütəxəssislər süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, “3D Printing”, dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin artması, elektrikli maşınların artması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi və s. göstəricilərlə IV sənaye inqilabının baş­ladığını qeyd edirlər. Rəqəmsal adlandırılan IV sənaye inqilabı bütün sahələrdə insanla­rın rolunu minimuma endirəcək. “Sənaye 4.0” dövründə ro­botlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində – menecment, İT, ro­botlaşma, mühəndislik, elektro­energetika, marketinq və satışda yeni imkanların yaranması ilə müşayiət olunacaq. Hazırkı dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki IV sənaye inqilabı iqti­sadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalar­da innovasiyaları tətbiq etmək lazımdır [6].

 

 

 

IV sənaye inqilabı Azərbaycana qlobal iqtisadi rəqabətdə möqvelərini dəyişmək və gücləndirmək imkanı verir. Bu isə ölkə iqtisa­diyyatının mövcud potensialın­dan tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür.

 

Bu dövrün səciyyəvi xüsusiyyətlərindən biri “5G” texnologiyasının tətbiqidir. Bildiyimiz kimi, Çinin “Huawai” şirkəti bu texnologiyanı ABŞ-da tətbiq etmək istəyirdi. Fərdi məlumatların qorunması və bəzi strateji məsələlərə görə ABŞ buna imkan vermədi. Çünki bu texnologiya vasitəsilə cəmiyyətdə total nəzarət, ayrı-ayrı dövlətlərin və qurumların maraqlarına xidmət edən müəyyən addımlar da aktuallaşa bilərdi. Bundan başqa, mikroçipləri müxtəlif əşyalara, vasitələrə də yerləşdirmək olur ki, bu zaman böyük strateji əhəmiyyətli kiberfiziki obyektlərin, infrastrukturların işini pozmaq mümkündür [9].

 

 

IV sənaye inqilabı dövründə təhsilin əsas inkişaf trendləri

 

Qeyd etdiyimiz kimi, XXI əsrdə həyatımızın bütün sahələrində IV sənaye inqilabına keçidin baş verdiyini sezmək mümkündür. Fikrimizcə, koronavirus pandemiyası bu keçidi bir az da tezləşdirəcək. Çünki pandemiyanın dünya siyasi sisteminə, iqtisadiyyatına, təhsil və elm sisteminə təsiri göstərdi ki, artıq dünya yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyur. COVID-19 böhranı bütün sahələrdə çətinliklər və məhdudiyyətlər gətirsə də, eyni zamanda bizə yeni imkanları göstərdi, yeniliklərin tətbiq edilməsinə zəmin yaratdı. Məsələn, qeyri-neft sektorunun inkişafı bir daha gündəmə gəldi, internetdən istifadənin genişlənməsinə, cəmiyyətin və dövlətin onlayn texnologiyalar əsasında idarə olunmasına və s. daha yüksək tələbat formalaşdı.

 

Artıq IV sənaye inqilabının əsas lokomotivi olan “Əşyaların interneti” texnologiyaları, kiberfiziki sistemlər real məkan subyektləri (insanlar, əşyalar və s.) ilə virtual məkan subyektlərini konvergensiya edir (çulğalaşdırır). Başqa sözlə, sivilizasiya tarixində ilk dəfə olaraq təbiət və cəmiyyət sosiotexnoloji əsasda yenidən qurulmağa başlayır [9]. İnsanların düşüncə tərzi dəyişir və iş mühitinin tələblərinə uyğun olaraq yeni yanaşmalar ortaya çıxır.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində elan etdiyi və 2019-cu ildə dünyada təhsil sahəsinin formalaşdırılmasının əsas trendlərinə həsr olunmuş hesabatında (Trends Shaping Education 2019) “Cəmiyyət həyatının süni intellekt əsrinə adaptasiyasında təhsilin rolu sizi düşündürürmü?” “Bəs, iqlim dəyişiklikləri məktəbə, ailəyə və cəmiyyətə təsir edirmi?” və s. bu kimi suallara aydınlıq gətirilir. Sənəddə təhsilin inkişafına təsir göstərən əsas siyasi, iqtisadi, sosial və texnoloji  trendlərə baxılır. Trendlərin sabitliyinə baxmayaraq, onların formalaşmasında təhsilin vacib rolu ön plana çəkilir. Aktual tendensiyalar və onların təhsillə əlaqələri ilə yanaşı, 2019-cu ilin hesabatında “gələcək düşüncə” (future thinking) haqqında bölmə də əksini tapıb. OECD hesab edir ki, bizim sürətlə dəyişən müasir dünyamızda təhsil yalnız keçmiş dərslərdən istifadə etməklə gələcəyə hazırlaşa bilmir. Bir çox ölkələrdə təhsil əvvəlki kimi yenə də bugünün dəyişikliklərinə uyğunlaşmaq üçün mübarizə aparır və sabahkı günün dəyişikliklərinə hazır deyil. Düşünülmüş siyasət gələcək hadisələri bu günlə əlaqələndirir, onları öyrənməyə və gələcəyə hazırlanmağa imkan verir [8].

           

2019-cu il üzrə təhsilin formalaşması tendensiyaları bu strateji sahənin gələcəyinə  təsir edən əsas meqatendensiyaları müəyyən edir. OECD-nin Baş direktoru Anxel Qurriya bildirib: “Dayandığımız indiki kritik mərhələdə bizə qısamüddətliliyin öhdəsindən gəlmək, gələcəyin, bizə az tanış kimi görünən, lakin anlamaq üçün bir o qədər də əhəmiyyətli olan tendensiyalarını və  siqnallarını öyrənmək üsullarını işləyib hazırlamaq lazımdır” [8].

 

Hesabatda təhsil sahəsində inkişafın 3 əsas meqatendensiyası öz əksini tapıb: qloballaşma, rəqəmsallaşma, qocalma.

 

OECD-nin təhsil və bacarıqlar üzrə direktoru  Andreas Şleyxer  bildirib: “Təhsilin dilemması ondan ibarətdir ki, o şeyləri ki, tədris etmək və yoxlamaq asandır, onları həm də asanlıqla rəqəmsallaşdırmaq, avtomatlaşdırmaq və kənar idarəetməyə ötürmək mümkündür. Bizə daha çox o haqda düşünmək lazımdır ki, insan bacarıqları kompüterlərdə süni intellekti necə tamamlayır, yekunda biz yenə də ikinci sinfin robotlarını deyil, birinci sinfin insanlarını alırıq” [8].

 

Burada onu da əlavə edək ki, UNESCO-nun baş direktoru Odre Azule də  “Le Journal du Dimanche” nəşrinə müsahibəsində qeyd edib ki, COVID-19 böhranı “UNESCO-nun keyfiyyətli təhsil proqramının parametrlərini və məqsədlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Onun sözlərinə görə, pandemiya dövründə məktəb və universitetlərdə dərslərin dayandırılması BMT-nin 2030-cu ilə qədər ümumi təhsilin təmin edilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsi yolunda mövcud olan geriləməni gücləndirəcək. Buna görə də biz təhsil sahəsində ambisiyalı məqsədlərimizə yenidən baxmaq, onun gələcəyini yenidən düşünmək üçün bu dövrdən istifadə etməli olacağıq”.

 

Beləliklə, təhsildə və elmdə, onların təşkili və idarəolunmasında yeni inkişaf və yeni ixtisaslaşma trendləri formalaşır, rəqəmsal texnologiyaların tətbiqi, onlayn/distant təhsilin genişləndirilməsi zərurətə çevrilir. Eyni zamanda iş mühitinin tələblərinə uyğun olaraq təhsil sistemində hibrid (iki və daha artıq sahədə ixtisaslaşmış) kadrlara ehtiyac yaranır. “Ənənəvi yanaşmalara görə bir istiqamətdə dar, lakin dərin ixtisaslaşma önəmli hesab olunurdusa, günümüzdə bu yanaşma dəyişərək əksinə daha geniş bacarıqlı kadrların əmək bazarında daha çox tələb olunmasına səbəb olub. Geniş bacarıqlı dedikdə də bir neçə ixtisasa qeyri-peşəkar sahib olmaq deyil, əsas ixtisasın daha kreativ əlavə bacarıqlar və digər ixtisasla birləşdirilmiş olması nəzərdə tutulur. Məsələn, iqtisadçının psixologiya, informatika və proqramlaşdırma, fəlsəfə kimi sahələrdə əlavə bacarıqlarının olması onu sadəcə iqtisadi sahədə daha güclü ixtisaslaşmış bir kadrdan bir addım önə çəkir. Xüsusilə də texnoloji biliklərin əlavə olaraq tələb olunmasına daha çox rast gəlinir. Belə kadrlara tələbatın çox olmasını nəzərə alaraq universitetlərdə iki ixtisası birləşdirən proqramlar hazırlanmağa başlayıb. İlk dəfə Pensilvaniya Universitetinin nəzdində “Uorton” biznes məktəbində yaradılan (1977-ci il) “biznesin idarə edilməsi” və “kompüter mühəndisliyi” ixtisaslarını birləşdirən proqram 2016-cı ildən Berkli Kaliforniya Universitetində “İnformasiya texnologiyalarının idarə olunması” (Information Technology Management) proqramı adı ilə tədris olunmağa başlayıb. Tibbin texnologiyası, kənd təsərrüfatının texnologiyası və s. sahələrin texnoloji biliklərlə birləşdirilməsi nəticəsində yaranan ixtisaslar aktuallıq qazanmağa davam edir” [7].

 

Göründüyü kimi, bu gün dünyada baş verən proseslərlə əlaqədar əmək bazarının tələbləri də dəyişir. Onlayn fəaliyyət növlərinin aktuallaşması informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələrə daha çox ehtiyac yaradıb. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatların statistikasının hazırlanması, süni intellekt və informasiya texnologiyalarının təhlükəsizliyi, kompüter texnologiyaları (proqromist, şəbəkə və sistem administratorları, frontend (vebsaytların istifadəçilərə görünən tərəfi) dizayneri, kompüter mühəndisi və s.) və onun müxtəlif istiqamətləri ilə əlaqəli peşələr (sosial media meneceri, data analitiki və s) gələcəyin (10-30 illik müddət ərzində) peşələri adlandırıla bilər. Eyni zamanda, “müxtəlif ixtisasların rəqəmsallaşması nəticəsində yaranan rəqəmsal marketoloq, dron pilotu, 3D printer texniki, virtual reallıq üzrə dizayner, rəqəmsal reabilitasiya məsləhətçisi, ağıllı evlərin texniki və s. kimi yeni peşələr də bu siyahıya aid edilə bilər. Bundan başqa, modern elmlər olaraq adlandıra biləcəyimiz biotibb və sintetik biologiya, genetika sahələrinin mühəndisləri, eyni zamanda, biotexnologiya və neyrotexnologiya üzrə ixtisaslaşmış kadrlar da gələcək üçün tələb olunan hesab olunurlar” [7].

 

Bəs bu istiqamətdə Azərbaycanda vəziyyət necədir?

 

 Qlobal informasiya cəmiyyətinin fəal iştirakçısına çevrilmiş Azərbaycanda da bütün sferalarda İKT-nin tətbiqi sahəsində bir sıra addımlar atılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” [3], Milli Strategiyanın icrasını təmin etmək məqsədilə Prezidentinin 2016-cı il 20 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi və digər sahəvi proqramlar çərçivəsində də informasiya cəmiyyətinin inkişafı üzrə bir çox işlər görülür. Bundan başqa, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT sahəsində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması da diqqət mərkəzində saxlanılır.

 

Ölkədə İKT sahəsində atılmış zəruri addımlardan biri də bu istiqamətdə peşəkar kadrların, mütəxəssislərin hazırlanmasıdır. Son illər ərzində əksər ali məktəblərdə İKT yönümlü ixtisaslar açılıb və artan tələbat nəzərə alınaraq plan yerlərinin sayı da tədricən  artırılıb. Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsində I ixtisas qrupu üzrə 5.1.1. “42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub və I ixtisas qrupu üzrə siyahıya “İnformasiya texnologiyaları”, “Sistem mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisasları əlavə edilib [4].

 

Bəzi ekspertlər bu qənaətdədir ki, qəbul imtahanlarına “informatika” fənni də salınmalıdır. Bu fikir hər nə qədər dövrün tələblərinə uyğun səsləndirilsə də, xüsusilə rayon və kənd məktəblərində şagird və müəllimlərin İT biliklərinin lazımi səviyyədə olmaması, bunun üçün tələb olunan infrastruktur və şəraitin olmaması bu mütərəqqi fikrin reallaşmasına imkan vermir. Bu problem özünü pandemiya səbəbindən dərslərin orta və ali məktəblərdə dayandırılmasından sonra tətbiq edilən omlayn/distan tədrisdə də göstərdi.

 

Onu da qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) hər ilin sonunda qəbul imtahanlarının elmi-statistik nəticələrini dərc edir. DİM-in İKT yönümlü ixtisaslara dair təqdim etdiyi statistik məlumatların təhlili göstərir ki, son iki ildə qəbul imtahanlarında I qrup ixtisaslarının müsabiqəsinə “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən,“Kompüter elmləri” ixtisası üzrə isə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edib [5].

 

2017/2018-ci tədris ilində I ixtisas qrupu üzrə ən çox plan yeri “Riyaziyyat və informatika müəllimliyi” (640 yer), “Kompüter elmləri” (640 yer) və “İnformasiya texnologiyaları” (568 yer) ixtisaslarına ixtisaslarına ayrılıb.

 

Hər qrupun ən nüfuzlu ixtisasının müəyyənləşdirilməsinə gəlincə, qəbulun nəticələrinə əsasən, 2018-ci ildə abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, rus bölməsində isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına üstünlük veriblər.

 

2017/2018-ci və 2018/2019-cu tədris illəri üçün dövlət ali təhsil müəssisələrinin eyni adli ixtisaslarına (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Biotibbi texnologiya mühəndisliyi, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi) qəbul olan abituriyentlərin bal göstəricilərinin müqayisəsi göstərir ki, il keçdikcə bu ixtisaslar üzrə sənəd qəbulunda artan rəqabət balların (bəzi nəticələr istisna olmaqla) ketdikcə yüksəlməsinə gətirib çıxarıb. Bu, müsbət tendensiyadır. Məsələn, 2017/2018-ci tədris ili üzrə “İnformasiya texnologiyaları” ixtisası üzrə Bakı Mühəndislik Universiteti (tədris ingilis dilində aparılır) minimal bal 618, orta bal 635.967 olubsa, 2018/2019-cu tədris ilində eyni ixtisas üzrə BMU-da minimal bal 634, orta bal 644.367 olub [5].

 

Sonda...

 

Prezident İlham Əliyev yeni təyin olunmuş Təhsil nazirini videoformatda qəbul edərkən bildirib ki, “təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır... Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər.

 

...Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır” [2].  

 

Beləliklə, baş verən və gələcəkdə baş verəcək mümkün kritik situasiyaları nəzərə alıb ölkəmizin təhsil sistemində rəqəmsal texnologiyaların geniş tətbiqi, IV sənaye inqilabının çağırışlarına və əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi və təsnifatının aparılması zəruridir. Əsasən də İT sahəsində kadr hazırlığına, xüsusən də kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə daha ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirilməlidir. Yəni təhsildə informasiya texnologiyaları ilə bağlı bilikləri artırmaq lazımdır ki, gələcəkdə insanlar yarana biləcək hər hansı kritik situasiyalarda əziyyət çəkməsinlər.


Ədəbiyyat:

 

  1. Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. /21 yanvar 2020/ - https://president.az/articles/35634
  2. Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib /27 iyul 2020/ - https://president.az/articles/40092
  3. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya. /Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir / - https://president.az/articles/11312
  4. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları. /Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir / - http://www.e-qanun.az/framework/34839
  5. 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili. /Dövlət İmtahan Mərkəzi// “Abituriyent” jurnalı № 12, 2018
  6. Ölkəmizin regionun rəqəmsal mərkəzinə çevrilmək imkanı böyükdür. / 07 iyul 2020/ - http://news.unec.edu.az/xeber/104-unec-kiv-de/6637-olkemizin-regionun-regemsal-merkezine-chevrilmek-imkani-boyukdur
  7. Təhsildə yeni trendlər, bu günün və gələcəyin ən tələb olunan peşələri. /05.06.2020/ - https://fed.az/az/tehsil-ve-elm/tehsilde-yeni-trendler-bu-gunun-ve-geleceyin-en-teleb-olunan-peseleri-musahibe-81881
  8. Trends Shaping Education 2019. /Published on January 21, 2019/ - http://www.oecd.org/education/trends-shaping-education-22187049.htm
  9. https://modern.az/az/news/239278
PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

27 İyul 2020

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, re… ƏTRAFLI