Məqalələr

İnstitusional yaddaş

avatar
Sübhan Padarsoy
2021-01-15

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.

Qədim dünyada yaddaş hər zaman böyük maraq fenomeni idi. O zamanlardan bəri yaddaş konsepti zamanda mövcudiyyətimizi düşünən saysız yazar, psixoloq, filosof və igər intellektualların maraq dairəsində olub. Avstriyalı filosof Otto Vayningerin etika, məntiq və yaddaş arasındakı münasibət üzərində müşahidələrinə nəzər yetirməklə bu fenomenin daha dərin implikasiyalarını dərk edə bilərik. O.Vayninger bildirir ki, insan şəxsiyyətinin bölünməzliyi, zamanın dağınıq axınına qarşı onun müqaviməti ilə birbaşa assosiasiya olan yaddaş etik və ontoloji dəyərə malikdir (1). Fransız tarixçisi Alan Besanson da qeyd edir ki, yaddaşsız insan sadəcə (və mütləq şəkildə) yoğrulabilən plastik bir maddədir. Özündən arxaya diqqət yetirə, özü daxilində bir davamlılıq hiss edə və öz identikliyini qoruya bilməyən bu insani maddə hər an yenidən yaradılır (2). Buna görə də, Buddizm də daxil olmaqla, klassik-tradisional ali düzənlərin asketik nizamlılıq prinsiplərində yaddaşın gücləndirilməsinə xüsusi önəm verilirdi.

Gündəlik həyatda adları, yerləri və digər faktları xatırladan yaddaş ideyası mühüm rol oynayır. Yaddaşla bağlı müxtəlif konseptlərin yardımı ilə müxtəlif domenlərdən olan tədqiqatçılar və intellektuallar zamana – keçmiş, indi və gələcəyə olan münasibətimizi müəyyən etməyə çalışıblar.

 

İnstitusional yaddaş bir qrup insanlar tərəfindən qorunulan bilik, təcrübələr, konseptlər və faktların ümumi toplusudur. İnstitusional yaddaş bir təşkilat daxilində toplanmış bilik olaraq müəyyən edilə bilər. Təşkilat və ya bir qurum daxilində alətlər və texnikaların onun ehtiyaclarını qarşılamaq üçün adaptasiya edilməsi zəruridir. Bu adaptasiyalar zamanla inkişaf etdirilir və qrupun yeni üzvlərinin eyni problemlərlə üzləşməsinin qarşısını almaq üçün onlara öyrədilir. Bu şəkildə təşkilatlar və qurumlar boşa xərclənə biləcək zaman və resurslara qənaət edir.

 

İnstitutsional yaddaş qrup üzvləri arasında müxtəlif yaddaşların transmissiyasını tələb edir. Beləcə, o, qrup üzvlərinin davamlılığı və stabilliyinə əsaslanır. İnstitusional yaddaş itdiyi zaman təşkilat və ya qurumun fəaliyyəti səmərəsizləşir. İnstitusionaı yaddaşın elementləri korporasiyalar, professional qruplar, hökumət orqanları, dini qurumar, akademik kollaborasiyalar və bütöv mədəniyyətlərdə aşkar edilə bilər.

 

İnstitusional yaddaş bir ideologiyanı və ya bir qrup daxilində işləmə tərzini mühafizə etmək üçün təşviq edilir. Onun təşkilat identikliyi, fərdlərin seçimi və institut ilə interaksiyada onların fəaliyyətləri üzərində dərin təsirə malikdir.

 

İnstitusional bilik təşkilatlar tərəfindən qazanılan tarixi datanın faydalı bilik və erudisiyaya transformasiyası ilə əldə edilir. Yaddaş datanın mühafizəsindən və onun təşkilat yaxud qurum daxilində istifadəsi üçün zəruri analitik bacarıqlardan asılıdır.

 

Din insanlığa şamil edilən kollektiv yaddaş üzərində dərin təsir malik institusional qüvvələrdən biridir. Marksist nəzəriyyəyə görə, bilik və müdrikliyin nəsillər boyu ötürülmə mexanizmi iqtisadi determinizmə bağlıdır. Bütün hallarda, sosial sistemlər, mədəniyyətlər və təşkilatların institusional yaddaşa nəzarət və ondan faydalanma marağı var.

 

Təşkilati-orqanizasional struktur müxtəlif rollarla assosiasiya edilən davranış gözləntiləri və tələblərinin öyrədilməsini müəyyən edir. Bu, üzəri qapalı institusional biliyin bir hissəsidir. Yuxarı eşelonlara doğru tərəqqi bunun assimilyasiyasını tələb edir  və kənar şəxslərin yuxarı səviyyəyə yüksəlməsi, əxlaq normalarının əhəmiyyətsizləşməsi ilə bərabər, effektivlik və səmərəlilik ciddi atrofiyaya məruz qalır.

 

Yaddaş ilə bağlı müxtəlif konseptlər irəli sürən kulturologiya, sosiologiya, tarix və digər sosial elmlərdən fərqli olaraq 1990-ci illərdən bəri institusional araşdırmalar və menecment elmləri vahid yaddaş konsepti – “depolama qutusu”nun dominantlığı altındadır. Bu konsept yaddaşı informasiyanın “statik depoziti” olaraq qəbul edir. İnstitusional tədqiqatlar ilkin olaraq biliyin keçmişdən indiyə və indi vasitəsilə gələcəyə nəqli kontekstində yaddaş anlayışından istifadə edirlər. İnstitusional yaddaş konsepti institusional dəyişiklik, optimallaşmış qərar qəbuletmə, institusional öyrənmə və innovativ proseslər ilə assosiasiya edilib.

 

 

Qurumlar üzərində tədqiqatlar sahəsində ilkin olaraq institusional yaddaş “İnformasiyanı saxlayan kollektiv” kimi konseptuallaşdırılıb. İnstitusional öyrənmə üzərində tədqiqatlarında B.Levitt və C.Mark qeyd edir ki, qurumlar, sənədlər, fayllar, hesabalar, standart öyrənmə proseduralarında, təşiklati strukturlar və münasibətlərin sosial-fiziki coğrafiyasında, qaydalar kitabında təşkilati rutinlər əsasında təcrübələri mühafizə edir (3). Volş və Unqson institusional yaddaşı depolama, qoruma və yendiən (geri) əldə etmə olaraq bölür və müxtəlif bilik formalarının toplandığı “depozitlər strukturu” kimi müəyyən edir (6). Əlçatan təbiətinə görə, bu mexaniki model institusional yaddaş ilə bağlı əksər tədqiqatlarda dominant konseptə çevrildi. Lakin son dövr tədqiqatlar yaddaşın bu tərifini yalnız faydalı biliyin qorunması ilə bağlı olduğuna və lüzumsuz biliyi unutmasına görə tənqid etməklə yanaşı, “sosial konstruksionist yanaşma” və İMS (İnstitusional Yaddaş Tədqiqatları)-də sosioloji və tarixi olaraq yeni oriyentasiya ilə çıxış edirlər. Lakin bu yanaşma da nevrologiya və psixologiya kimi tədqiqat domenlərində sadəcə “depolama qutusu” kimi yaddaş anlayışının gerçək essensiyasını itirməsi ilə nəticələnib. Çünki prosessual və konstruktiv paradiqmalara əsaslanan tədqiqatlar yaddaşı keçmiş şərtlərin hər bir aktualizasiyasının növbəti xatırlamalara təsir etdiyi bir zaman rekonstruksiyası prosesi olaraq müəyyən edir.

 

B.Levitt və C.Markın konsepti həm də institusional unutmanı özündə ehtiva edir. Təcrübə şəxsdən şəxsə nəql edilmədiyi zaman bir qurumnun yeni üzvləri yazılmış qaydalara, formal və qeyri-formal stajyorluq sistemlərinə istinad edirlər. Bütün rutinlər institusional struktur daxilində qəbul edilmədiyi üçün bəzilərinə məhəl qoyulmur və unudulur. Bu anlamda institusional yaddaş tez-tez istifadə edilən, daha asan əlçatan və nadir hallarda istifdə edilən və asanlıqla unudulan hissələrə differensiasiya edilir. Onlar qeyd edir ki, institutların preferensiyaları haqqında qeyri-birmənalılığa görə, biliyin yenidən qazanılması prosesi çətindir və hətta bir qurumun öyrənmə prosesinə zərbə vura bilər. Bu anlamda biliyin yenidən əldə edilməsinin  standartlaşdırılması prosesləri eksperimentasiya və qeyri-müəyyənliyə əsaslanan yeni təcrübələrdən öyrənmə qabiliyyətini aradan qaldırır.

 

İnstitusional yaddaş ilə münasibətdə rutinlər yaddaşın daimi olaraq dəyişmələrə məruz qaldığı anlamına gəlir. Rutinlər dəyişdiyi zaman institusional yaddaş da dəyişir. Levitt və Mark bildirir ki, institusional yaddaşı təmsil edən rutinlərdir. Tarixi depolayan rutinlər beləliklə alternativlərin gələcək bazasını formalaşdırır. Onlar institusional təcrübənin rutinlərin institutsional şəbəkəsinə necə nəql edildiyi sualını açıq buraxsalar da, hazırladıqları konsept institutların sürətli böyümə və personal dəyişiklik problemi ilə necə mübarizə apardıqlarını izah etməyə yardım edir (5).

 

C.Volş və G.Unqson bir qurumun tarixindən toplanılan və cari qərarvermədə istifadə edilə bilən informasiyadan ibarət depolama qutusu olaraq görür. Onların da institusional yaddaş modeli insan yaddaşının üç mərhələdən ibarət klassik anlayışını özündə ehtiva edir: əldə etmə, qoruma və yenidən, təkrarən əldə etmə. Qazanma mərhələsində institusional yaddaş əsasən qəbul edilən qərarlar və həll edilən problemlər ilə bağlı olur. Volş və Unqsona görə, dörd daxili və bir zahiri depolama strukturu qazanılan informasiyanı toplayır: fərdlər (1), mədəniyyət (2), transformasiyalar (3), ekologiya (4) və zahiri arxivlər (5). Yekun, yenidən geri qazanılma mərhələsində informasiya intuitiv qərarvermə hallarında avtomatik olaraq yaxud da transformasiyalarda kodlaşmış proseduralar və praktikalara əsaslanan nəzarətli davranış ilə yenidən qazanılır.

 

İnstitusional unutma

 

P.De Holan və N.Filips institutional unutma üzərində mühüm bir nəzəriyyə inkişaf etdiriblər. İnstitutlar üzərində bilik əsaslı perspektivi qəbul edən De Holan və Filipsə görə, bir institut onu fərdlərin fəaliyyətlərini koordinasiya etməyə qadir edən bilik depozitidir. İnstitusional davranışın inkişafında və digər institutlar üzərində rəqabət üstünlyünə nail olmaqda bilik, həm də yeni bilik həlledici əhəmiyyətə malikdir. De Holan və Filips də institusional yaddaşı bir orqanizasiya və qurumun təcrübəsini toplayan, depolayan və ona əlçatanlığı təmin edən biliyi mühafizə cihazlarının məcmusu olaraq analiz edirlər.

 

Bununla yanaşı, De Holan və Filips iki ölçü əsasında institusional unutma tipologiyasını da hazırlayıb. İlk öncə, onlar “təsadüfi” və “məqsədli” unutmanı bir-birindən fərqləndirirlər. Daha sonra onlar unudulmuş biliyin yenicə qazanılmış yaxud institusional yaddaşa inteqrasiya edilmiş bilik olub-olmadığını təhlil edirlər. De Holan və Fillips bilik transferi və ya yaradılma ilə bir institutun yaddaşına daxil olmuş yeni biliyi mühafizə edə bilməməni “bilik dağılması” olaraq adlandırır. Diqqət əskikliyi və xatırlama səylərinin yoxluğu ilə biliyin deqradasiyası baş verir. İnstitusional yaddaşa daxil olmazdan öncə, qeyri-adekvatlığına görə biliyin rədd edilməsi prosesi suspensiya adlandırılır. Nəhayət, onlar yaradılmış biliyin institusional yaddaşdan təmizlənməsini “purging” adlandırırlar. Lakin bu proses asan deyil, çünki institusional bilik bir qurumun müxtəlif hissələrində yerləşmişdir. İnstitutlar üçün əsas meydanoxuma qeyri-adekvat, ölü bilikdən necə qurtulmaqla yanaşı, dəyərli birliyi necə xatırlamaqdır (3).

 

De Holan və Fillips institusional unutma prosesini institusional öyrənmə və yaddaşın yan məhsulu olaraq görülən “unlearning” prosesi olaraq xarakterizə edirlər. İnstitusional unutma olmadan institusional yaddaş və öyrənmədən danışa bilmərik.

 

Elmi diskursda institusional unutma üç müxtəlif konstekstdə müzakirə edilir: yeni qazanılmış bilik uzun müddətli yaddaşa transfer edilməsindən öncə unudulur. İkincisi, Bilik zamanla unudulur və institusional yaddaş fraqmentasiyaya uğrayır.  Üçüncüsü, əksər tədqiqatlara görə effektiv öyrənmə mövcud məntiqin yeni məntiqlə əvəzlənməsini tələb edir. Unutma institusional yaddaş üçün faydalı və zəruri olaraq görülür.

 

İnstitusional xatırlama

 

“Praktika olaraq orqanizasional xatırlama” adlı essesində Feldman orqanizasional-institusional yaddaşı bir “idrak obyekti” və ya “bilik depoziti” olaraq deyil, kollektiv, tarixi və kultural olaraq dərinə yerləşmiş bir praktika olaraq qəbul edirlər. Bu perspektivdən institusional bilik bir-birilə əlaqəli fəaliyyət sistemlərinin şəbəkəsi olaraq konseptuallaşdırılır. Bu nəzəri çərçivədə bilik kollektiv, heterogen fenomen kimi konstant xatırlama praktikaları prosesi ilə yaradılır. İnstitusional xatırlamanın bu konseptual çərçivəsinin mərkəzi elementi “tarixilik”dir. hər bir xatırlama aktı keçmiş və gələcəyin xatırlama aktları ilə bağlı olmaqla spesifik bir zamanda baş verir. Hər bir xatırlama aktı xatırlama zəncirinin bir hissəsidir. Dolayısı ilə, orqanizaisonal yaddaş “idarə dilən bir obyekt” eyil, bir praktika, bir prosesdir. Buna görə də, institusional xatırlama toplama-depolama vaitəsi deyil, aktiv şəkildə bir mahiyyət konstruksiya edən prosesdir. İnstitusional xatırlama həm fərddən, həm də kollektiv kontekstlərdən qaynaqlana bilər (7).

 

Feldmana görə, xatırlama essensial olaraq Dürkheymin prezumpsiyasına əsaslanan bir sosial konseptdir. Bu prezumpsiyaya görə, idraki kateqoriyalar sadəcə dünyanı təmsil etmir, həm də onun konstruksiyasında iştirak edirlər. Bu aspekt sosial, kollektiv və ritual düzənin bir prosesi vasitəsilə kateqorizasiya edilən “doğru” (xatırlanan) və “yanlış” (unudulan) biliyin separasiyası kimi institusional xatırlamanın əhəmiyyətini ortaya qoyur. Xatırlanan və yaradılan hər şey ənənənin nəql etdiyi dəyərlər ilə mühakimə edilir. ənənə də öz növbəsində tarixi, kultural və fərdi olaraq fərqliləşmiş rollar tərəfindən formalaşdırılır. Kultural perspektivdən ənənələr cari və gələcək institusional praktikaları keçmişdə yerləşdirməklə onlar üçün bir mahiyyət və dəyər çərçivələri meydana çıxarır. Bu konsept daxilində institusional üzvlərin rolu bir obyekt kimi institusional yaddaş konseptlərinə qarşı qoyulur. Fərdlər xatırlayır, yeni informasiyanı mənalandırır və emosional, həm də idraki bacarıqları ilə nəql edilən informasiyanı transformasiya edirlər. Bu proseslər də ənənələrdə ehtiva edilən dəyərlər və inancların nəzarəti altındadır. Beləliklə, Volş və Unqsonun institusional yaddaş haqqında “depolama qutusu” kimi statik perspektiv rədd edilir (8).

 

İnstitusional yaddaş institutsiyanın özü daxilində xatırlanan və nəql edilən təməl məqsədlərə, qurucu ideologiya, rəsmi tariux və praktikalara malik olduğu anlamına gəlir. İdeologiya və praktikalar yaddaşı institut üzvlərinin davranışlarını formalaşdırır. Hətta Meri Duqlas qeyd edir ki, stabil sosial formasiyalar qrup üzvlərinin idrakının ön şərtlərini hazırlayan birformalı və nizamlı düşüncə tərzini meydana çıxarır (9).

 

Volş və Unqsonun statik modeli və yaddaşın sadəcə olaraq bir funksiyasının var olması gümanı tənqid edilir. Çünki yaddaş dinamik, fərdi və sosial olaraq konstruksiya edilən prosesdir. Volş və Unqosunun konsepsiyası isə bu obyektiv həqiqətdən uzaqdır. Funksiya ilə bağlı olaraq, həm fərdi, həm də kollektiv yaddaşın direktiv funksiyası ilə bərabər digər funksiyaları da var. Bir institut, təşkilat və ya qurum daxilində yaddaşın korporat obraz yaratmaq, qrup identikliyi formalaşdırmaq və işçilər arasında əxlaq normalarını gücləndirmək rolu var. Bu funksiyalar arasında xüsusilə mühüm olan qurucu şəxslər, günlər, xartiyalar, məqsədlər və dəyərlərə vurğu edilməsidir. Kollektiv yaddaş qrup üzvlərinin bölüşülən identikliyi və aspirasiyalarının gücləndirilməsi funksiyası ilə essensialdır.


Ədəbiyyat:

1.Otto Weininger – “Sex and Character”, William Heinemann, London, p, 88

2. Alain Besançon – «La falsification du Bien», (Paris, Commentaire/Julliard, 1985), p. 183

3.de Holan, P. M -   İnstitutional forgetting, unlearning, and memory systems, 4.Journal of Management Inquiry, 20(3): 302-304.

5.Levitt, B., & March, J. G. 1988. - İnstitutional learning. Annual Review of Sociology, 14: 319-340.

6.Walsh, J. P., & Ungson, G. R. 1991. Organizational Memory. Academy of Management Review, 16(1): 57-91.

7.http://www.hraljournal.com/Page/20%20Udo%20Braendle.pdf

8.file:///C:/Users/User/Desktop/9781137408952_7.pdf

9.https://eprints.soton.ac.uk/416847/1/Institutional_Memory_Revised_DEC_2017.pdf

PAYLAŞ

Oxşarlar

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

03 Mart 2021

Modernizmin yaratdığı diskontentasiyalar (diskontentasiya – məmnuniyyətsizlik, xoşnudsuzluq, tədirginlik) əsas olaraq insani fəaliyyət sferalarının texn… ƏTRAFLI

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

01 Mart 2021

Hər il internet istifadəçilərinin sayı sürətlə artır. Dünya ölkələrində və Azərbaycanda informasiya cəmiyyətinin davamlı inkişafı &uum… ƏTRAFLI

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

27 Fevral 2021

Böyük Azərbaycanın planları – Prezident Əliyevin təsis manifestosu   Xanlıqlar dövrünün başlaması ilə tarixi Azərbaycan tor… ƏTRAFLI