Məqalələr

İnformasiya çoxluğunun dövlət və cəmiyyətə təsiri

avatar
Əfqan Vəliyev
2019-11-01

İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı əməyin səmərəliliyinin artırılması, eləcə də, insanın intellektual və mədəni inkişafı baxımından yeni imkanlar açır. Peyk əlaqəsi və mobil şəbəkələrin inkişafı hər bir insanın dünyanın informasiya resurslarına çıxışına, müxtəlif növ virtual şəbəkə cəmiyyətlərinin tərkibində (elm, təhsil, iqtisadiyyat və s. sahələrdə) başqa insanlarla əməkdaşlıq etməsinə, yaratdığı informasiya resurslarını paylaşmağa, müzakirə etməyə şərait yaradır. Digər tərəfdən, yeni texnologiyalardan və informasiyadan insanların düşüncəsini, davranışını manipulyasiya etmək, onların mənəvi-psixoloji sağlamlığına zərər vurmaq üçün də istifadə edilir. Bununla əlaqədar, texnosferada başverən köklü transformasiyalar insanın təfəkküründə və davranışında da dəyişikliklərin edilməsini tələb edir. İnformasiya məkanında şəxsiyyətə təsir sahəsindəki situasiyanın ciddiliyini, bu prosesi izah etmək üçün istifadə edilən terminologiya da sübut edir: informasiya müharibəsi, informasiya silahı, informasiya təxribatı, informasiya terrorizmi, informasiya killeri. Bütün bu problemlər cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasının zəruriliyini meydana çıxarır.

Sivilizasiyanın müasir inkişaf mərhələsi olan informasiya cəmiyyətinə keçid, bütün fəaliyyət sahələrinin informasiyalaşdırılması prosesləri çox sürətlə gedir. Lakin insanların bu cəmiyyətdəki həyat şəraitinə hazırlanması həmin proseslərdən xeyli geridə qalır. Daha çox informasiya fəaliyyəti ilə məşğul olan, elektron xidmətlərdən istifadə edən vətəndaşlar yeni tip təhlükələrlə üz-üzə qalırlar və onlar bu təhlükələrlə mübarizə üsullarını bilmirlər. Yalnız yüksək informasiya mədəniyyətinə malik olan insan informasiya təhlükələrinin neqativ təsirlərindən sığortalana bilər. İnformasiya təhlükəsizliyi mədəniyyətinə insanın informasiya cəmiyyəti şəraitindəki yaşayışa adaptasiya mexanizmi kimi baxılmalıdır və kiçik yaşlardan başlayaraq hər kəsə bu mədəniyyət aşılanmalıdır.

 

Şəxsiyyətin informasiya təhlükəsizliyi problemləri

 

Məlum olduğu kimi, informasiya təhlükəsizliyinin əsas obyektləri:

 

  • şəxsiyyət və onun hüquq və azadlıqları;
  • cəmiyyət və onun maddi və mənəvi dəyərləri;
  • dövlət və onun konstitusiya quruluşu, suverenliyi, ərazi bütövlüyü, iqtisadiyyatı, hərbi sistemi və s.;

 

Şəxsiyyətin informasiya təhlükəsizliyi, əsasən, psixikanın, şüurun təhlükəli informasiya təsirlərindən (manipulyasiya, dezinformasiya) qorunması ilə xarakterizə olunur. Bu, həm fərdin şəxsi keyfiyyətlərindən, həm də cəmiyyətdə olan mənəvi, sosial və hüquqi şəraitdən asılıdır. Hazırda insanın fiziki sağlamlığına olan təhlükələrdən qorunmasının hüquqi təminatı daha yüksəkdir, nəinki mənəviyyatına və psixikasına olan təhlükələrdən psixikanın şikəst edilməsi üçün isə heç bir cəza tətbiq edilmir. İnformasiya ilə təsir insanın fiziki sağlamlığı üçün elə bir təhlükə törətməsə də, mənəvi sağlamlığını böyük zərbə altında qoyur.

 

Məlumdur ki, hazırkı dövrdə informasiya ilə kontakt olmadan insanın mükəmməl inkişafı və cəmiyyətin normal fəaliyyəti mümkün olmazdı. İnformasiya əlaqəsinin kəsilməsi müxtəlif psixi anomaliyalara gətirib çıxara bilər. İnformasiya bolluğu da insanın fiziki və psixi sağlamlığı üçün təhlükəlidir. Ümumiyyətlə, nəinki ətraf informasiya mühiti ilə daimi ünsiyyət və ya onun kəsilməsi, qəbul və emal edilən informasiyanın həcmi, məzmunu və strukturu da insana çox böyük təsir göstərir. Bu baxımdan, informasiya təhlükələrini 2 qrupa ayırmaq olar:

 

  • həcminə görə informasiya təhlükəsi
  • məzmununa görə informasiya təhlükəsi

 

İKT-nin, xüsusən də, internetin meydana çıxması nəticəsində yaranan informasiya bolluğu insan üçün müxtəlif problemlər yaradır. İnformasiya mənbələrinin artması insanların davranışına, sağlamlığına və psixologiyasına zərər vurur. İnformasiya ilə həddən çox yüklənən insanlar stress vəziyyətinə düşürlər. Bu isə insan təfəkküründə “informasiya yorğunluğu sindromu” adlanan psixoloji xəstəliyin yaranmasına gətirib çıxarır. İnformasiya bolluğu insanın “dayanıqlı”lığını zəiflədir, qərar qəbul etməsini çətinləşdirir. Şəxsiyyət o zaman dayanıqlı hesab edilir ki, o, mənimsədiyi informasiyanı kritik analiz etmək, qiymətləndirmək, həmçinin bu informasiyanın əsasında obyektiv qərar qəbul etmək iqtidarında olsun. Lakin böyük həcmli, eyni zamanda, müxtəlif daşıyıcılardan (çap, elektron, audio, video və s.) informasiyanı qəbul və emal etmək, onun həqiqiliyini, mötəbərliliyini müəyyən etmək asan deyil. Belə bir şəraitdə adekvat qərar qəbul etmək çətinlik törədir.

 

Bu məsələlərin ciddiliyi informasiya bolluğunun yaratdığı problemlərin təhlili ilə məşğul olan yeni elm sahəsinin - “informasiya ekologiyası”nın yaranmasına gətirib çıxarmışdır. İnformasiya ekologiyasının tədqiq etdiyi problemlərin siyahısına informasiya məkanının həddən çox yüklənməsi; qərar qəbul etmək üçün yararlı olan informasiya resurslarının çatışmazlığı; mötəbər informasiyanın axtarışına çox vaxt sərf edilməsi və s. daxildir. İnformasiyalaşdırmanın və informasiya bolluğunun mənfi sosial-psixoloji nəticələrinin aradan qaldırılması üçün yeni yaşayış strategiyalarının işlənib hazırlanmasını vacib hesab edilir. İnformasiyanın məzmunu ilə bağlı təhlükələr. İnformasiyanın məzmunu da insanın psixi vəya fiziki sağlamlığına təsir göstərir. Hazırda İnternet vasitəsilə ekstremizmin, sektantlığın təbliği, mistik və ezoterik bilik və təcrübənin, magiya və şamançılığın yayılması təhlükəli həddə çatıb. Bu isə sosial və şəxsi dezadaptasiya, bəzi hallarda isə insanın psixikasının pozulması ilə nəticələnir.

 

İnternet vasitəsilə ədəbsiz və əxlaq normalarına zidd informasiyanın yayılması, zərərli vasitələrin (siqaretin, narkotikanın, spirtli içkilərin və s.) təbliğ edilməsi daha təhlükəlidir. Uzun müddət davam edən belə təsir cəmiyyətdə mənəvi-psixoloji atmosferi formalaşdırır, kriminal mühitə şərait yaradır, psixi xəstəliklərin artmasına səbəb olur. Bu tip informasiyanın mənfi təsirinə ən çox məruz qalan isə uşaq və yeniyetmələrdir. Şüur səviyyəsi və dünyagörüşü yetərincə formalaşmadığı üçün belə informasiya onların mənəvi-psixoloji sağlamlığı üçün olduqca zərərlidir.

 

Kütləvi informasiya vasitələri də gənc və yeniyetmələrdə mənəvi dəyərlərin formalaşmasına çox güclü təsir göstərir. Bu kontekstdə televiziya xüsusi rol oynayır. Televiziya ekranlarından başqa xalqlara xas mədəniyyəti, həyat tərzini təbliğ edən filmlərin nümayişi nəticəsində gənclərin Qərbdəki həyat standartlarına yönlənməsi müşahidə olunur. Bunun təsiri nəticəsində də son dövrlərdə gənclər asan yolla, daha az səy göstərməklə uğur qazanmaq, varlanmaq, vəzifə tutmaq istəyirlər. Bu da get-gedə maddiyyata daha çox önəm verilməsinə, mənəviyyat, vətənpərvərlik, milli dəyərlərə hörmət kimi hisslərin arxa plana keçməsinə səbəb olur.

 

Cəmiyyətdə informasiyalaşdırma proseslərinin sürətlənməsi ilə informasiya mühitinin insanların psixikasına, onların cəmiyyətdə və şəxsi həyatdakı davranışına, milli-mənəvi və dini dəyərlərə münasibətinə təsiri daha çox hiss edilməyə başladı. Ona görə də XXI əsrin əvvəllərindən başlayaraq informasiya-psixoloji təhlükəsizlik yeni qlobal problem kimi dərk edilməkdədir. İnformasiya-psixoloji təhlükəsizliyi dedikdə, şəxsiyyətin, müəyyən qrupun və ya bütöv cəmiyyətin informasiya-psixoloji təsirlərdən qorunma səviyyəsi nəzərdə tutulur.

 

 

İnformasiya-psixoloji təhlükəsizliyə ictimai rəyin manipulyasiyası, reklam və virtual oyunlarla təsir, neqativ məzmunlu məlumatların təsiri aid edilir. Şüurun manipulyasiyası insanın yalnız sosial davranışına deyil, onun sağlamlığına da çox ciddi təsir göstərir. Məsələn, televiziya ekranlarından davamlı olaraq neqativ məzmunlu informasiyanı (zorakılıq, qəddarlıq, dağıdıcılıq və s.) qəbul etmək insanların psixikasını deformasiyaya uğradır, onları aqressivləşdirir. Eyni zamanda, müntəzəm neqativ psixoloji təsir insan orqanizminin müqavimətini zəiflədir və immun sisteminə zərər vurur. Xüsusi informasiya texnologiyalarının köməyi ilə ictimai rəyin manipulyasiyası hazırda siyasi mübarizədə yüksək səmərəli vasitə hesab olunduğu üçün müxtəlif ölkələrdə geniş istifadə edilir ki, bu da yalnız şəxsiyyət üçün deyil, həmçinin cəmiyyət və dövlət üçün təhlükə törədir.

 

Bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq KİV-in kommersiyalaşması nəticəsində televiziya ekranlarından insanların üzərinə reklam axını gəlir. Bunu “insanların şüuruna icazəsiz daxilolma” da adlandırmaq olar. Televiziyada hökmranlıq edən “reklam fasiləsi” prinsipi, əslində, insan hüquqlarına ziddir və azad seçim hüququnun pozulması deməkdir. İnsanlar elektron poçt və mobil telefon vasitəsilə də çoxlu sayda reklam xarakterli məlumatlar alırlar. Belə məlumatların neqativ təsiri ondan ibarətdir ki, özlərinin razılığı olmadan göndərilən bu reklamlar insanları qıcıqlandırır. Digər tərəfdən, bu məlumatlarda göstərilən ünvana daxil olmaq və ya telefona zəng etmək insanın vaxtını alır. Nəticədə aqressiya və qəzəb kimi mənfi emosiyalar yaranır ki, bu da insan orqanizminə fiziki zərər vurur. Bəzən də insanlar reklamın təsiri ilə əslində onlara heç də lazım olmayan hər hansı əmtəə və ya xidmətə pul xərcləyirlər. İnformasiyanın insana təsirinin mənfi nəticələrindən biri də kiber xəstəliklərdir. Onlara insanların televiziyadan və internetdən psixoloji asılılığını misal göstərmək olar. Hazırda gənclərin kompüter oyunlarına aludəçiliyi olduqca narahatlıq doğurur. Bu oyunların çoxu aqressivliyi, qəddarlığı və zorakılığı təbliğ edir. İnformasiya inkişafı yüksək olan ölkələrdə bu daha çox yayılıb və cəmiyyətin informasiyalaşdırılmasının mənfi təzahürlərindən biri kimi qiymətləndirilir. Çin alimlərinin araşdırmalarına görə, İnternetə həddən artıq aludəçilik beynin ağ cisminin strukturunda olan anomaliyalarla əlaqədardır. Çin Elmlər Akademiyasının alimlərinin "PLOS ONE" adlı onlayn jurnalda nəşr etdikləri məruzədə qeyd edilir ki, bu pozğunluq beynin emosiyaların yaranmasında və emalında, konfliktlərin aşkar edilməsində və həllində, qərarların qəbulunda iştirak edən hissələrini birləşdirən ağ cismin liflərinin strukturunun pozulması ilə xarakterizə edilir.

 

Fərdi məlumatların qorunması və informasiya mədəniyyətinin formalaşması

 

Şəxsiyyətin informasiya təhlükəsizliyinin mühüm məsələlərindən biri də fərdi məlumatların qorunması və informasiya mədəniyyətinin formalaşması ilə bağlıdır. Hazırda müxtəlif informasiya sistemlərində insanlar (onların məşğuliyyəti, mülkiyyəti, pul vəsaitləri, xəstəlikləri, səfərləri və s.) haqqında müxtəlif məlumatların toplanması və saxlanılması onları informasiya baxımından “şəffaflaşdırır”. Belə olan halda həmin məlumatlardan istifadə edərək insanlara zərər vurmaq təhlükəsi yaranır. Ona görə də bir sıra ölkələrdə “informasiya ombudsmanı”, “informasiya tribunalı” kimi institutlar fəaliyyət göstərir. İnformasiya ombudsmanları BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinin həm 19-cu (informasiya azadlığı), həm də 21-ci (fərdi məlumatların mühafizə vəziyyəti) maddələrinin reallaşdırma vəziyyətinin monitorinqini həyata keçirir. İnformasiya məkanında insanın məruz qaldığı təhlükələrdən biri də informasiya cinayətkarlığıdır. Bura İnternet vasitəsilə törədilən cinayətləri də aid etmək olar. İnternetin identifikasiya mexanizmi insanın əməliyyatları anonim olaraq həyata keçirməsinə, özünü başqa şəxs kimi qələmə verməsinə, bioqrafik məlumatlarını və ya sosial statusunu dəyişməsinə imkan verir. Bu da cinayətlərin daha asan və təhlükəsiz olaraq reallaşdırılması üçün zəmin yaradır. Bəzən də insanlar bilməyərəkdən özlərinə qarşı cinayət törədilməsinə şərait yaradırlar. Məsələn, sosial şəbəkələrdə qeydiyyatdan keçən insanlar özlərinə və ailə üzvlərinə aid olan bir sıra şəxsi məlumatlarını burada yerləşdirirlər ki, bu da bədniyyətlilər tərəfindən onlara qarşı cinayətlərin hazırlanması və törədilməsi üçün istifadə edilə bilər.

 

Son dövrlərdə mobil telefonla çəkilmiş videoların oğurlanması və sonra hər hansı vəsait müqabilində və ya sahibinə ziyan vurmaq (hörmətdən salmaq, biabır etmək və s.) məqsədilə internetdə yerləşdirilməsi halları geniş yayılmışdır. İnternet vasitəsi ilə başqasının şəxsi yazışmalarına müdaxilə etmək, onun şəxsi məlumatlarına baxmaq mümkündür. İnternet insanları təhqir etmək üçün də geniş şərait yaradır. Müxtəlif sosial şəbəkələrdə, forum və çatlarda, elektron materiallara verilən rəylərdə təhqiramiz ifadələrə tez-tez rast gəlinir. İnformasiya təhlükəsizliyi problemlərinin içərisində informasiya müharibələri xüsusi yer tutur. İnformasiya müharibəsinin mahiyyəti ictimai fikrə təsir etməklə insanları idarə etmək və onları öz maraqları əleyhinə fəaliyyət göstərməyə məcbur etməkdən ibarətdir. Hazırda bir çox İnformasiya cəmiyyəti problemləri, ölkələr tərəfindən informasiya müharibəsi siyasi, iqtisadi və digər sahələrdə səmərəli qarşıdurma üsulu kimi geniş istifadə olunur. İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması mexanizmləri Göründüyü kimi, informasiya cəmiyyətinə keçidlə əlaqədar həyata keçirilən informasiyalaşdırmanın müsbət aspektləri ilə yanaşı, mənfi təzahürləri də az deyil. Bu da şəxsiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsini tələb edir. Bu tədbirlər siyahısına aşağıdakıları aid etmək olar:

 

  • informasiya sferasına dair qanunvericiliyin təkmilləşdirilməsini;
  • İnformasiya təhlükəsizliyi mərkəzinin (MTK) qurulmasına şərait yaradılması;
  • informasiya məkanında təhlükəsizlik məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini;
  • informasiya təhlükəsizliyinin humanitar problemləri ilə bağlı elmi araşdırmalara xüsusi diqqət ayrılmasını;
  • insanlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasını və təhlükəli informasiya təsirlərindən qorunma bacarıqlarının inkişaf etdirilməsini.

 

Qeyd edilən tədbirlərin hər biri vacib olsa da, informasiya mədəniyyətinin formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilməlidir. Vətəndaşların informasiya sferasındakı yeni təhlükələrdən məlumatlı olmaması ölkədə informasiya cəmiyyətinin lazımi inkişafını da çətinləşdirə bilər. Çünki əhali və biznes sektoru üçün çoxsaylı elektron xidmətlərin tətbiq imkanları birbaşa əhalinin informasiya mədəniyyətinin səviyyəsindən asılıdır. Təsadüfi deyil ki, 2003-cü ildə BMT tərəfindən “Qlobal informasiya təhlükəsizliyi mədəniyyətinin yaradılması” haqqında qətnamə qəbul edilmişdir. Qətnamədə informasiya sistemlərini və şəbəkələrini yaradan, idarə edən və onlardan istifadə edən dövlət orqanları, müəssisə və təşkilatlar, eləcə də, fərdi istifadəçilər üçün tələblər müəyyənləşdirilmişdir. Bu da onu göstərir ki, informasiya təhlükəsizliyi probleminin həlli texniki və texnoloji üsul və vasitələrlə yanaşı, həm də insanların mədəniyyətindən asılıdır. İnformasiya təhlükəsizliyi mədəniyyətinin mahiyyəti ilə bağlı yanaşmalarda texnoloji aspekt üstünlük təşkil edir. Son dövrlərə qədər informasiya təhlükəsizliyi problemlərinin həlli zamanı texniki və texnoloji üsul və vasitələrin işlənib hazırlanmasına daha çox diqqət ayrılırdı. Ona görə də əksər müəlliflər informasiya təhlükəsizliyi mədəniyyətini texnoloji aspektdən izah edirlər. Amma fərqli yanaşmalar da mövcuddur. Məsələn, şəxsiyyətin informasiya təhlükəsizliyi mədəniyyəti həm də insanın informasiya sferasındakı hüquq və azadlıqlarını (dövlət informasiya resurslarına çıxış texnologiyalarını bilməsi, özünün şəxsi sirrini və intellektual mülkiyyətini qoruya bilməsi) öyrənməsi və onları reallaşdırmağa qadir olması, sağlamlığı üçün təhlükəli olan neqativ informasiya təsirlərini ayırd edə bilməsi və onlardan qorunma texnologiyalarını bilməsi kimi izah olunur.

 

Digər bir yanaşmada isə, informasiya təhlükəsizliyi informasiya-texniki və informasiya-ideoloji təhlükəsizliyin məcmusu kimi nəzərdən keçirilir. Bu yanaşmaları ümumiləşdirərək demək olar ki, informasiya təhlükəsizliyinə dair texniki bilik və bacarıqlar, insanın mənəvi-psixoloji sağlamlığı üçün təhlükəli olan informasiya təsirləri və onlardan qorunma üsulları barədə bilik və bacarıqlar, informasiya resurslarından istifadə zamanı hüquqi və etik normalara əməl edilməsi insanın informasiya təhlükəsizliyi mədəniyyətinin əsasını təşkil edir. Yəni informasiya təhlükəsizliyi mədəniyyətinin strukturuna informasiya təhlükəsizliyi sahəsində texnoloji mədəniyyət, informasiya-psixoloji mədəniyyət, eləcə də, hüquqi-etik mədəniyyətin komponentləri daxildir. İnformasiya məkanında təhlükəsiz davranmaq üçün texnoloji mədəniyyət böyük əhəmiyyət daşıyır. Hazırda informasiyanın toplanması, emalı və ötürülməsi proseslərinin kompüter, İnternet və digər texniki qurğulardan istifadə edərək həyata keçirilməsi konfidensial informasiyanın başqalarının əlinə keçməsi təhlükəsini artırır. Ona görə də informasiya sistemləri ilə işləyən mütəxəssislərlə yanaşı, istifadəçilərin də informasiya təhlükəsizliyi sahəsində texniki bilik və bacarıqları (virusların törətdiyi fəsadlar və onlardan qorunma üsulları, təhlükəsizlik parollarından istifadə və s.) lazımi səviyyədə olmalıdır ki, təhlükəsizliklə bağlı problemlər yaranmasın.

 

 

İnformasiya cəmiyyəti problemləri informasiya məkanında dövr edən müxtəlif məzmunlu informasiya axınlarının insanın psixikasına neqativ təsiri müasir cəmiyyətdə insanın psixoloji təhlükəsizliyinin təmin edilməsini zəruri edir. İnsanların şəxsi və peşə tələbatlarını ödəmək üçün həyata keçirdikləri informasiya prosesləri zamanı məruz qaldıqları təhlükələr onların mənəvi-psixoloji sağlamlığına zərər vurmaqla bərabər, ölkənin milli təhlükəsizliyini də təhlükə altında qoya bilər. Şüurun manipulyasiyası, zərərli ideologiyaların, baxışların təbliğ edilməsi, informasiya müharibələri və bu kimi informasiya təhlükələri, əslində, millətin varlığının əsas dayaqlarından olan milli-mənəvi dəyərlər sisteminin dağıdılması üçün nəzərdə tutulmuş gizli virus rolunu oynayır. Vətəndaşlar bu tip təhlükələr, onların mənbələri, növləri, törədə biləcəyi fəsadlar barədə məlumatlı olmalı, bu təhlükələrdən qorunma üsulları haqqında bilik və bacarıqlara yiyələnməlidirlər ki, öz təhlükəsizliklərini təmin edə bilsinlər. İnformasiya məkanına məxsus etik və hüquqi normalar (intellektual mülkiyyət, müəllif hüquqları, piratçılıq, elektron ünsiyyət vasitələridən istifadə qaydaları və s.) barədə bilik və bacarıqlar da informasiya təhlükəsizliyi mədəniyyətinin tərkib hissəsi hesab edilə bilər. Çünki bilməyərəkdən və ya qəsdən bu normalara əməl edilməməsi başqalarının hüquqlarının pozulması və ya onların sağlamlığına zərər dəyməsi ilə nəticələnə bilər. İnsanların informasiya fəaliyyəti genişləndikcə uyğun olaraq informasiya təhlükələrinin sayı da artacaq. Bu təhlükələrin qarşısının alınması üçün əhalinin məlumatlılıq səviyyəsinin artırılmasına, onların maarifləndirilməsinə yönəlmiş tədbirlər görmək lazımdır. Cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin səviyyəsinin kütləvi şəkildə yüksəldilməsi tədris vasitəsilə mümkün ola bilər. Dünyanın qabaqcıl ölkələrinin ali məktəblərində bu məqsədlə “İnformasiya cəmiyyəti” fənni tədris olunur. Bu fənn çərçivəsində cəmiyyətin informasiyalaşdırılması proseslərinin sosial aspektləri, həmçinin yeni informasiya mühitində bu proseslərin insanların həyat və fəaliyyətinə təsiri öyrənilir. İllərdir Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisi həyata keçirilir. Bu fənn çərçivəsində informasiya mədəniyyəti, informasiya təhlükəsizliyi, informasiya müharibələri, internet asılılığı kimi mövzular tədris olunur. Ölkəmizin digər ali təhsil məktəblərində bu və bu qəbildən olan fənlərin öyrənilməsi olduqca aktualdır.

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI