Məqalələr

İkinci Qarabağ müharibəsinin qondarma DQR və Ermənistan üçün nəticələri

avatar
Elnur Çıraqov
2021-01-14

İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.

 

İkinci Qarabağ müharibəsi Ermənistan və qondarma DQR üçün yerli ekspertlərin etiraf etdiyi kimi, təkcə hərbi və siyasi deyil, eyni zamanda ciddi iqtisadi resurs böhranlarına yol açıb. Son illərdə pik sürətlə, orta hesabla 10%-lik iqtisadi artımla böyüdüyü iddia olunan qondarma respublikanın iqtisadiyyatı elektrik, təbii qaz, internet, sığınacaq kimi zəruri tələbatları təmin etməkdə aciz vəziyyətə düşüb. Qarabağda erməni işğalından sonra Hayastan Ümumerməni Fondunun yardımları ilə ayaqda saxlamağa çalışılan enerji, sənaye, kənd təsərrüfatı infrastrukturu İkinci Qarabağ müharibəsi ilə ermənilərin nəzarətindən çıxarılıb. Qondarma rejimin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi 1998-2000-ci il proqramı çərçivəsində özəlləşdirilərək xarici investorların uzunmüddətli sərəncamına keçən strateji obyektlər üzərində Azərbaycan özünün nəzarətini təmin edib. Müharibənin qondarma DQR və Ermənistanda doğurduğu nəticələrə vacib hesab etdiyimiz bir neçə istiqamət üzrə toxunaq:

 

Sənaye. Erməni mənbələrinə görə qondarma rejimin ÜDM-də “ən gəlirli” hesab olunan sənayenin payı 2018-ci ildə 28.5% olub və ən böyük sektorları ardıcıllığa görə mədən sənayesi (55.4%), maşınqayırma (22.7%), elektrik-qaz təchizatıdır (21.2%). Ümumilikdə sənaye məhsullarının iki əsas mərkəzi Ağdərə (58%) və Xankəndidir (28%). Ötən illərdə mədən sənayesinin 97%-i Ağdərənin, maşınqayırmanın 71%-i və elektrik-qaz təchizatının 53%-i Xankəndinin payına düşüb. Başqa sözlə, Xankəndi, Əsgəran, Ağoğlan (Hadrut) və Xocavəndin əsas sənaye sektoru maşınqayırma, Ağdərənin mədən sənayesi, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın və Şuşanın elektrik-qaz təchizatı olub.

 

Erməni mənbələrinin 2014-cü il üzrə məlumatına görə qon­dar­ma DQR Geo­lo­ji fon­dun­da 285 fay­da­lı qa­zın­tı ya­ta­ğı qeydiy­ya­ta alınıb ki, on­lar­dan da 83-ü fi­liz, 197-si qeyri-fi­liz, 5-i ya­nar fay­da­lı qa­zın­tı­ yataqlar­dır. 2018-ci ildə mədən sənayesi üzrə 21 şirkət fəaliyyət göstərib və illik istehsal dəyəri 693 milyard dram (143 milyon dollar) olub. Ümumilikdə isə Qarabağ ərazisində 69-dan artıq xarici şirkət qanunsuz fəaliyyət göstərib.

 

Müharibədən sonra Qarabağ separatçılarının dilindən həmişə səslənən “perspektivli” dağ-mədən sənayesinin inkişafı xəyal olaraq qalıb. İkinci Qarabağ müharibəsinə qədər işğal olunmuş ərazilərin təsdiqlənmiş qızıl ehtiyatı 205.3 ton, bunlardan Söyüdlü (Sotk) yatağının Azərbaycan ərazisinə düşən 73%-nin qızıl ehtiyatları 112 tondan artıq olub. İşğala qədər yataqdan 27 ton qızıl çıxarılıb, işğaldan sonra Azərbaycan hökumətinin RV Investment şirkəti ilə imzalanmış müqaviləsinə baxmayaraq, First Dynasty Mines (5 ton) kimi bir sıra Amerika-Kanada şirkətləri mədəni qanunsuz istismar edib. Müharibəyə qədər Ermənistanın ən böyük qızıl yatağı kimi iddia olunan bu yataqda operator fəaliyyəti göstərən, il ərzində təqribən 4 ton qızıl çıxaran və Ermənistanın 4-cü böyük vergi ödəyicisi olan GeoProMiningGold (hissələrinin 96%-i Roman Trotsenskoya aiddir) şirkəti sentyabrın 27-dən sonra fəaliyyətini dayandırıb. Şirkət 2019-cu ildə 13.6 milyard (28 milyon dollar), 2020-ci ilin 10 ayında isə 16.2 milyard dram (33 milyon dollar) vergi ödəyib. Vergilərdən əlavə “We and Our Borders: Everything for Artsakh” aksiyası çərçivəsində Hayastan Ümumerməni Fonduna yardımlar köçürüb. Şirkətin işlətdiyi mədəndə müxtəlif mənbələrə görə 4500-5000 erməni ailə (18000-20000 nəfər) öz keçimini təmin edib. Şirkətin fəaliyyətini dayandırması mədənin xammalı ilə işləyən Ermənistanın Ararat Gold fabrikinin fəaliyyətini dayandırmasını, bu isə gəlirlərinin yarısını emal olunan xammalı həmin fabrikə daşımaqdan təmin edən South Caucausus Railway ciddi zərər verməklə işçilərin işini itirməsini gündəmə gətirib.

 

2002-ci ildə Heyvalı  yatağının istismarı məqsədilə Lixtenşteyn qeydiyyatlı erməni şirkəti - Vallex Group tərəfindən (rəhbəri Valeri Mejlumyan) Base Metals (qondarma rejimin ən iri vergi ödəyicisi – 2019-cu ildə 18.7 milyard dram – 39 milyon dollar) şirkəti yaradılıb. Ən uğurlu yataq hesab olunan bu mis-qızıl yatağının sürətli istismarı nəticəsində aylıq filiz emalı 30 min tondan sonralar 6-10 min tona düşüb. Filizin tərkibindəki qızıl miqdarı 2-3 dəfə, mis tərkibi 30% azalıb. Mədəndə 1.100 nəfər işlə təmin olunub və təkcə bu mədənin vergiləri qondarma DQR büdcəsinin 17%-ni təşkil edib. Hazırda ehtiyatlarının tamamilə tükəndiyi bildirilən Heyvalı, həmçinin Qızılbulaq mis-qızıl mədəni ermənilərin nəzarətində qalıb. Qeyd edək ki, Qızılbulaq mədənində 2009-cu ildən Vallex Group və İsveçrə qeydiyyatlı Elecom şirkətləri tərəfindən 40 min ton filiz emalından 9.5 ton mis əldə olunaraq Ermənistana, oradan Avropaya ixrac olunub.

 

Ermənistanda dəmir filizi, molibden, qızıl, gümüş, alüminium və digərlərindən ibarət ümumilikdə 670 mədən ocağı olmasına baxmayaraq, Ermənistanın özündə mədən sənayesinin ÜDM daxilindəki payı illər üzrə azalıb və Qarabağın mədən sənayesinə xarici sərmayə axını artıb. Məlumat üçün qeyd edək ki, Ermənistanın təkcə Kajaran mis və molibden mədəninin ehtiyatları 2,24 milyard ton olmaqla dünya molibden rezervinin 6%-nə bərabərdir. Buna baxmayaraq, Heyvalı yatağının ehtiyatlarının azalması və tükənməsindən sonra Base Metals 2013-cü ildən etibarən 275 min ton mis, 3.200 ton molibden olmaqla filiz ehtiyatları 56 milyon ton ehtimal edilən Kashen mis-molibden mədənini işlətməyə başlayıb. Vallex Group tərəfindən 250 milyon dollar sərmayə qoyulan, 1.450 nəfərin işlə təmin olunduğu, illik istehsal gücü 5 milyon ton filiz olan bu mədən ermənilərin nəzarətində olsa da, müharibə vaxtı mədəni qidalandıran su mənbəyi və nasos stansiyası Azərbaycanın nəzarətinə keçdiyinə görə fəaliyyətini dayandırıb və Ermənistan üçün zərərləri yüksək qiymətləndirilib. Qeyd edək ki, bu mədənin qondarma respublikanın sənayesi daxilində payı yüksək həddə olub. Hətta Qarabağı Ermənistanla birləşdirən ikinci yolun (Vardenis-Ağdərə) inşası bu mədənin fəaliyyəti ilə əlaqədardır. Belə ki, yolun inşasında Vallex Groupun müstəsna rolu olub və Kashen mədənindən əldə olunan filiz ehtiyatları Ermənistanın şərqində yerləşən South Caucausus Railway ilə Ermənistana daşınıb və buradan ixrac olunub. Base Metals-a aid məxsus Sərsəng sahilində yerləşən fabrikin zəhərli tullantıları anbara axıdılaraq suyun rənginin dəyişməsinə səbəb olub.

 

Qondarma respublika iqtisadiyyatının ikinci ən böyük sektoru enerji təchizatıdır. Elektrik təchizatı ArtsakhEnergo, qaz təchizatı 2020-ci ilin sentyabr ayında Qazprom ilə növbəti beş illik müqavilə üzrə Artsakhgaz tərəfindən təmin olunur. Qondarma respublikada ümumilikdə 36 hidroelektrik və günəş stansiyası mövcuddur ki, bunların təqribən 12-13-ü son illərdə tikilib (planda 24-25 kiçik SES tikintisi idi). 2018-ci ildən sonra istehsal olunan elektrik enerjisinin (2018-ci ildə ümumi istehsal 388 kWh, istehlak 371 kWh) təqribən 20%-i Ermənistana ixrac olunub. İxrac olunan elektrik Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindən keçib. Hazırda 36 stansiyadan 30-u Azərbaycanın nəzarətindədir. Ermənistanda 01.02.2021-ci tarixindən tətbiq olunacaq artırılan enerji tarifləri Qarabağdakı enerji itkiləri ilə əlaqələndirilir. Ermənilərin nəzarətində qalan 6 stansiya: Sərsəng SES (50MW), “1-4 Trghi HPP Cascade” və 1 günəş enerjisi stansiyası (cəmi 25MW). Ümumi gücləri 25MW olan 5 stansiya  hazırda cəmi 5.5MW güclə işləyir. Beləliklə, hazırda su və enerji sistemlərinin 90%-dən çoxu artıq Azərbaycanın nəzarəti altındadır və ermənilərin nəzarətində hidroelektrik stansiyasının tikilə biləcəyi heç bir su mənbəyi və məkan yoxdur. Sözügedən elektrik stansiyalarının hamısı özəl idi və müharibədən sonra həmin sərmayədarlar 5 il müddətinə gəlir vergisindən azad olunsa da, təzminat alacaqları barədə dəqiq məlumat yoxdur. Hazırda qondarma respublikada ciddi enerji çatışmazlığı, xüsusən Xocavənd ərazisində müşahidə olunur. Elektrik enerjisinin Ermənistanın Gorus rayonundan gələn elektrik xətləri ilə təmin olunması planlaşdırılır. Yaxın dövrdə Xankəndinə qədər qalan 2 km-lik, Xocavəndə qədər 40 km-lik elektrik xəttinin çəkilməsi planlaşdırılır. Qeyd edək ki, 1988-ci ildə Dağlıq Qarabağ ərazisində azərbaycanlı əhali nisbətən az olsa da, elektrik enerjisi Azərbaycan ərazilərindən təmin olunub.

 

Kənd təsərrüfatı. Qondarma respublikanın əkinə yararlı ərazilərinin sahəsi 2019-cu ildə 148 min hektar, əkin sahəsi isə təqribən 93 min hektardır (1989-cu ildə 185.500 hektar əkin sahəsi olub). Müharibədən sonra 148 min hektar ərazinin 75%-dən çoxu Azərbaycanın nəzarətinə keçib, ermənilərin nəzarətində cəmi 35 min hektar ərazi qalıb ki, bunlar zəngin və bərəkətli torpaqlar hesab olunmur. Əkinəyararlı həmin ərazinin 86.2%-i taxıl, 5.7%-i sənaye məhsulları, qalan hissəsi meyvə-tərəvəz və digər bitkilər üçün istifadə olunub. Taxıl sahələrinin 18%-i Əsgəranda, 21%-i Hadrudda, 13%-i Mardakertdə, 20%-i Martunidə, 24%-i Kaşatağ bölgəsində, 4%-i digər bölgələrdə olub. Erməni mənbələrinin təsdiq etdiyi kimi, müharibədən sonra taxıl sahələrinin təqribən 90%-i, meyvə bağlarının 70-77%-i ermənilərin nəzarətindən çıxıb. O cümlədən, 2300 hektar nar bağlarının 1800 hektarı, 2000 hektar üzüm bağının 1100 hektarı Azərbaycanın nəzarətinə keçib. Bunlarla yanaşı meliorasiya sistemləri və örüş sahələrinin əsas hissəsi, təkcə Şaumyan (Kəlbəcər) bölgəsində 105 min hektar örüş-otlaq sahəsi ermənilərin nəzarətindən çıxıb.

 

Ermənistan il ərzində təqribən 450 min ton taxıl ehtiyacının 200 min tonunu özü istehsal edib, 250 min tonunu idxal edib (90%-ni Rusiyadan, qalanını Ukrayna və Gürcüstandan). Qondarma respublikada təqribən 80 min hektar ərazidə 2018-ci ildə 139 min ton, 2019-cu ildə 118 min ton (halbuki 1988-ci ildə 179 min ton)  taxıl istehsal olunub ki, onun 100 min tonu Ermənistana ixrac olunub (Ermənistana idxal olunan taxılın 20-25%-i həcmində). Müharibədən sonra bu ərazilər ermənilərin nəzarətindən çıxdığına görə Ermənistanın digər ölkələrdən 20-25% artan taxıl idxalının nəticə etibarilə un məmulatlarının qiymətində artıma yol açacağı gözlənilir. Qarabağda qalan ermənilərin taxıl ehtiyacının Ermənistandan idxal hesabına ödənməsi gündəmdədir.

 

Kənd təsərrüfatının heyvandarlıq sahəsi üzrə sovet dövrü ilə müqayisə qondarma respublikanın vəziyyətini göstərir. Belə ki, 2018-ci ildə 18 min inək (1985-ci ildə 746 min), 69 min qoyun və keçi (1985-ci ildə 5.6 milyon), 29 min donuz (224 min), 410 min quş (30 milyon) qeydə alınıb. Həmçinin 2018-ci ildə Qarabağda mövcud kənd təsərrüfatı texnikasının, 1285 traktorun 1988-ci ildəki 3425 traktorun qalıntıları olduğu istisna edilmir. Təxminən 40-50 illik kənd təsərrüfatı texnikasından istifadəyə görə burada itkiyə gedən məhsul həcmi 20%-50% dəyərləndirilir.

 

Digər. Ümumiyyətlə, müharibənin yekununda erməni mənbələrinin hərbi texnika itkiləri ilə bağlı ilkin hesablamaları 2 milyard dollar həcmində dəyərləndirilib. Ermənilərin nəzarətindən çıxan ərazilərdə təqribən 40 min nəfər erməninin evsiz qaldığı bildirilib. 

 

Müharibə ərəfəsində Ermənistanda 80 min nəfər Qarabağdan qayıdan erməninin yaşadığı bildirilib. Ermənistan hökuməti Hayastan Ümumerməni Fondunun dəstəyi ilə müharibədən əvvəl, ən az 3 ay boyunca qondarma respublika ərazisində yaşamış və hazırda orada olan erməni vətəndaşlarına 300 min dram (600 dollara yaxın) birdəfəlik vəsait ödəyib. Bu ödənişlərdə məqsəd ermənilərin Qarabağ ərazisinə qayıtmasını stimullaşdırmaq və daimi qalmasını təmin etmək olub.

 

Hazırda Qarabağın ermənilər yaşayan hissəsində rabitə, nəqliyyat sistemlərinin Ermənistan tərəfindən bərpa olunduğu bildirilir. Ermənistanla əlaqə üçün Lisaqor TV qülləsindən istifadə olunur. Erməni mənbələri müharibədən əvvəl qondarma respublikada mövcud olan mobil rabitə-televiziya şəbəkəsinin Azərbaycanın Hadrudda, Şuşada quracağı 4G internet, mobil rabitə, televiziya stansiyaları və Karabakh Telecomun ələ keçirilən frekansları ilə ciddi problemlərə yol açacağını bildirir. Qeyd edək ki, Qarabağa Ermənistan ərazisindən iki internet xətti daxil olurdu. Vardenis-Xankəndi xətti Kəlbəcər ərazisindən keçdiyinə görə internet əlaqəsi problem olaraq qalıb. Şuşa üzərindən daxil olan digər xətt isə müharibədə zərər gördüyünə görə təmiri aparılıb. Hazırda Ermənistandan Qarabağa edilən zənglərdə çətinlik müşahidə olunur və erməni rəsmilər bunu zənglərin ödənişsiz olmasına görə sistemin yüklənməsi ilə əlaqələndirirlər.

 

Qarabağda mövcud 217 məktəbdən 117-i, eyni zamanda 17 xəstəxanadan 4-ü ermənilərin nəzarətindən çıxıb. Ermənilərin nəzarətində qalan xəstəxanalardan 10-u Stepanakertdə, digərləri Martuni, Mardakert və Əsgərandadır. Hadrud, Şuşa, Kaşatağ və Şaumyan regional xəstəxanaları isə ermənilərin nəzarətindən çıxıb. Qeyd edək ki, Xankəndində mövcud 150-160 voltluq cərəyan xüsusən də tibb müəssisələrinin fəaliyyətini çətinləşdirib. Həmçinin müharibədən sonra Ermənistana gedən tibb personalının bir hissəsi geri qayıtmayıb. Həkim çatışmazlığı problemi daha da dərinləşib və hazırda tibbi ehtiyaclar Rusiyadan gələn 60 həkim hesabına ödənilir.

 

Müharibə qondarma respublika və Ermənistanın turist bazarına da zərər vurub. Qeyd edək ki, 2019-cu ildə Qarabağ ərazisini 42 min turist ziyarət edib və turistlərin 60%-i Rusiyanın, 22%-i ABŞ-ın, 5%-i Fransanın, qalanları Almaniya, Polşa, Çin, Kanada və digər ölkələrin payına düşüb. Ümumilikdə 87 ölkədən turistlərin qəbul olunduğu bildirilib. Müqayisə üçün qeyd edək ki, Sovet dövründə təkcə Kəlbəcərin İstisu kurortuna gələn turist sayı il ərzində 50 min nəfərdən çox olub.

 

Yuxarıda qeyd olunanlarla yanaşı, erməni mənbələri tərəfindən aşağıdakı itkilər iddia olunur:

 

  • Kəlbəcərdə - Hayastan Ümumerməni Fondunun 25 il ərzində ən böyük layihəsi – çəkilişi 2017-ci ildə yekunlaşan Vardenis-Mardakert yolu - 17 milyard drama (35.5 milyon dollar) başa gəlib: 7.5 milyardı Hayastan Fondu, 7.5 milyardı Ermənistan hökuməti və 2 milyardı qondarma rejim tərəfindən maliyyələşdirib. 2017-ci ildə salınan yolun 69 km-lik Vəng-Ağdərə hissəsi istisna olmaqla, qalanı hissəsi; Kəlbəcərə 410 min dollara çəkildiyi bildirilən, uzunluğu 7-8 km olan və 120 ailəni təmin edən alternativ su mənbəyi, eləcə də 50 m3-lik sututarlar ermənilərin nəzarətindən çıxıb. Məlumat üçün bildirək ki, 2017-ci ilə qədər Ermənistanın Qarabağla tək rabitəsini təmin edən Laçın yolunun inşa xərclərinin (8.85 milyon dollar) yarısı Kirk Kerkorian tərəfindən maliyyələşib, qalanı Hayastan Ümumerməni Fondu tərəfindən ödənilib.
  • Şuşada inşasına 2.2 milyon dollar sərf olunduğu bildirilən Khachatur Abovyan School, 1.3 milyon dollara inşa olunan Gənclər və Mədəniyyət Mərkəzi, 3.9 milyon dollara inşa olunan Yeznig Mozian peşə məktəbi, 172 min dollara inşa olunan Daniel Gazaryan musiqi məktəbi, həmçinin Avan Shushi Plaza, Shushi Hotel, Shushi Grand Hotel, 2013-cü 804 min dollara inşa olunan su təchizatı sistemi ermənilərin nəzarətindən çıxıb. Bunlarla yanaşı Yuxarı Gövhər Ağa məscidinin restovrasiyasına 1.5 milyon dollar sərf olunduğu bildirilir.
  • Ağoğlanda (Hadrut) 680 min dollara inşa olunduğu bildirilən Regional Xəstəxana, 1.4 milyon dollara çəkilən 20 km-lik su boru xətti, 1 milyon dollara çəkilən Tuğ-Hadrud qaz xətti, 28.5 milyon dollara çəkilən 160 km-lik Ağoğlan-Ağdərə yolunun bir hissəsi, Kataro şərab fabriki və Xocavənddə 1.5 milyon dollar kapitala malik Shekher şərab fabriki ermənilərin nəzarətindən çıxıb. Qeyd edək ki, sonuncu fabrikdən oktyabrın 10-da 45 min şüşə şərabın, mart ayında isə növbəti hissənin Amerikaya göndərilməsi planlaşdırılırdı.

 

Müharibənin qondarma respublika üçün qeyd olunan və olunmayan nəticələrinə əsasən demək olar ki, Qarabağda yaşayan ermənilərin qida və enerji tələbatının ödənilməsi öz imkanları daxilində qeyri-mümkün görünür. Bununla belə, Ermənistanın sosial-iqtisadi vəziyyətinin təhlili göstərir ki, bu ölkənin də Qarabağda yaşayan ermənilərin tələbatlarını ödəmək imkanları məhduddur.

 

Ermənistanın 2020-ci ildə dərinləşən iqtisadi tənəzzülü Ermənistan “dramı”nın dramı ilə başlayıb. Mart ayındakı devalvasiyadan sonra Ermənistan Mərkəzi Bankının rəhbəri vəziyyəti əhalinin dollara olan tələbatının təbii nəticəsi kimi əsaslandırmağa çalışsa da, post-müharibə dövründə dram devalvasiyanın ikinci dalğasına məruz qalıb. Ölkənin xarici ticarət dövriyyəsinin 12% azalması ilə yanaşı, yanacaq, un və digər əsas istehlak malları üzrə ümumilikdə 11 məhsulda qiymət artımı müşahidə olunub.

 

Hələ pandemiyanın Ermənistana təsirləri Beynəlxalq Valyuta Fondunun hesablamalarında ÜDM-in 7.25% azalması kimi proqnozlaşdırılıb. Müxtəlif qurumların hesablamalarında bu rəqəm 10% həcmində qiymətləndirilib. Müharibənin Ermənistan iqtisadiyyatına təsirləri isə hələ tam hesablanmayıb. Ermənistanda oktyabr ayına qədər iqtisadi aktivlik indeksində tendensiya mənfi istiqamətli olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 7.2% azalma qeydə alınıb. Oktyabrın sonuna olan azalma isə 10.2% təşkil edib. Müxtəlif beyin mərkəzləri müharibədən irəli gələn hərbi təchizat itkilərini 2 milyard dollar dəyərində qiymətləndirsə də, digər böhranlı vəziyyətləri nəzərə aldıqda, 2021-ci ildə ölkədə iqtisadi tənəzzülün nəticələrinin daha bariz olacağı şübhəsizdir və bunun siqnalını bir sıra indikatorlar üzrə də görmək mümkündür.

 

 

Ermənistanda sentyabr ayında iqtisadi geriləmənin 7.5%, oktyabr ayında 8.1% olduğu təxmin edilib. Oktyabr ayı üzrə sənaye istehsalında 6.1%, ticarət həcmi 22%, xidmət sektorunda 18.6% azalma qeydə alınıb. 2021-ci ilin planlaşdırılan büdcə gəlirləri 2020-ci il üzrə planlaşdırılan 1 trilyon 695 milyard dramdan 186 milyard dram az, yəni 1 trilyon 509 milyard dram müəyyən olunub. Xərclərin 2020-ci il üzrə planlaşdırılan 1 trilyon 855 milyard dramdan 5 milyard dram az, yəni 1 trilyon 850 milyard dram olması nəzərdə tutulub. Həmçinin pensiya və sosial yardımlarda artım gözləntisi yoxdur.

 

 

Gəlir və xərclər arasındakı fərq, dövlət borcu ilə kompensasiya edilən büdcə kəsiridir. Bu iki əyri arasındakı fərq, təqribən gediləcək borclanmanın miqyasını göstərir. Pandemiyadan sonra İkinci Qarabağ müharibəsinin digər bir nəticəsini Ermənistanın dövlət borclarının artım tendensiyasında görmək mümkündür. Müqayisə üçün qeyd edək ki, təkcə sentyabr ayı ilə müqayisədə oktyabr ayında dövlət borclarının həcmi 121 milyon dollar artıb.  İlin sonuna doğru dövlət borcunun ÜDM-in 69%-nə bərabər olması, yəni 8 milyard 850 milyon dollara çatması proqnozlaşdırılıb. Qeyd edək ki, dövlət borclarının təkcə faiz ödənişləri növbəti ilin büdcə xərclərində 10.4%-lik həcmə malikdir. Bu mənada devalvasiyanı da nəzərə aldıqda, hökumətin növbəti ilin borc ödənişləri üçün yeni borclanmalara getməsi gündəmdədir.

 

Digər önəmli bir göstərici bank əmanətlərinin həcmindəki azalmadır. Hərbi məğlubiyyət, siyasi qeyri-müəyyənlik və devalvasiya əmanət sahiblərini banklardan öz yığımlarını çəkməyə sövq edib. Müqayisə üçün rəsmi rəqəmlərə baxsaq, banklarda əmanətlərin miqdarı sentyabr ayında cəmi 7.5 milyard dram azalarkən, oktyabr ayında 72 milyard dram azalıb. Qeyd edək ki, çəkilən əmanətlərin təqribən 65%-i xarici valyuta hesablarında olub.

 

 

Pandemiya şəraitinə baxmayaraq, Ermənistan hökuməti real sosial-iqtisadi vəziyyəti gizləməyə çalışıb. Rəsmi statistikada 2019-cu ildə mövcud 240 min nəfər işsiz sayının (əmək bazarının 19%-i) 2020-ci ilin ilk üç ayında işsiz sayının 233 min nəfərə, növbəti üç ayında 218 min nəfərə düşdüyü iddia olunub. Halbuki təkcə oktyabr ayında ölkəm üzrə 715 müəssisə və təşkilat fəaliyyətini dayandırıb.

 

Həmçinin Dünya Bankı Ermənistandakı yoxsulluq vəziyyətini də nəzərə alaraq, 2020-ci ildə yoxsul əhali sayının 245 min nəfər arta biləcəyini proqnozlaşdırmışdı. İkinci Qarabağ müharibəsinin başladığı sentyabr ayına olan göstəricilərə görə Ermənistanda yoxsul əhali ümumi əhalinin 26.4%-ni təşkil edib. Müharibənin iqtisadi nəticələrini, bir çox ailənin öz keçim mənbələrindən məhrum olmasını nəzərə alsaq, yoxsul əhalinin cari il 35%-ə çatacağı ehtimal olunur. Müharibənin yol açdığı minlərlə itki ilə yanaşı, 2020-ci ilin sonlarına olan məlumata görə, fiziki məhdudiyyətli şəxslərin qeydiyyatı sistemində sağlamlığını hərbi səbəblərdən itirən əmək qabiliyyətli yaşda olanların sayı 9257 nəfərdir.

 

Sosial-iqtisadi rifahın önəmli bir göstəricisi özünü demoqrafik proseslərdə göstərir. Qeyd edək ki, müharibədən cəmi bir həftə əvvəl, 2050-ci ilə qədər əhali sayını 5 milyon nəfərə çatdıracağını bəyan edən hökumət əslində mövcud demoqrafik tənəzzülü dərinləşdirib. Belə ki, ölkənin əhali sayı onsuzda 1970-ci illərdəki göstərici ilə eyni qalmaqla, əhalinin təbii artımında azalma, analıq yaşı və orta yaş göstəricilərində artım qeydə alınıb. Demoqrafik tənəzzülü mexaniki artımın mənfi dinamikası ilə açıqlama cəhdləri olsa da, tədqiqatlar erməni emmiqranlarının 78%-nin bir il içərisində ölkəsinə geri qayıtdığını göstərib. Buna baxmayaraq, 2020-ci il ərzində ölkənin 49 inzibati ərazi vahidindən cəmi 3-nün əhalisində artım olub. Həmçinin diqqət çəkən məqam kimi, il ərzində emiqrantların əsas hissəsi, 29%-i Rusiyaya gedərkən, cəmi 12%-i Qarabağa gedib.

 

Əmlak bazarında pandemiya səbəbindən mövcud durğunluğa baxmayaraq, müharibədən sonra, dekabr ayında aktivlik sentyabr ayı ilə müqayisədə paytaxtın əmlak bazarında 29%, regionlarda 37% azalıb. Xüsusən də oktyabr ayında əmlak bazarında aktivlik Ermənistan Kadastr Komitəsinin məlumatına görə sentyabr ayından 32.5% aşağı olub. Qeyd olunduğu kimi müharibənin real iqtisadi nəticələri hələ hesablanmamaqla yanaşı, 2021-ci ildə ölkə iqtisadi durğunluq nəticələrinin daha bariz olacağına şübhə yoxdur.

 

Ermənistanın yeni təyin olunan iqtisadiyyat naziri isə mövcud vəziyyətdən çıxış yolunu embarqoların ləğvinə aparan yeni proqramların qəbulunda görüb. Belə ki, ona görə ölkə bazarlarının qarşılıqlı olaraq açılmasına, Türkiyə limanlarına çıxışın əldə olunmasına, bu imkanları dəyərləndirə bilən müsbət mövqeli insanların varlığına ehtiyac duyulur. Əks halda ölkədə məğlubiyyətin izlərinin uzun müddət hiss edilməsi qaçınılmazdır.

PAYLAŞ

Oxşarlar

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

03 Mart 2021

Modernizmin yaratdığı diskontentasiyalar (diskontentasiya – məmnuniyyətsizlik, xoşnudsuzluq, tədirginlik) əsas olaraq insani fəaliyyət sferalarının texn… ƏTRAFLI

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

01 Mart 2021

Hər il internet istifadəçilərinin sayı sürətlə artır. Dünya ölkələrində və Azərbaycanda informasiya cəmiyyətinin davamlı inkişafı &uum… ƏTRAFLI

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

27 Fevral 2021

Böyük Azərbaycanın planları – Prezident Əliyevin təsis manifestosu   Xanlıqlar dövrünün başlaması ilə tarixi Azərbaycan tor… ƏTRAFLI