Yuxarıya
skip to main content

II Qarabağ Müharibəsi Azərbaycan və Ermənistanın kollektiv sosial və psixoemosional təcrübəsində

26.10.2020

Müharibə bir cəmiyyətin yaşaya biləcəyi ən müstəsna, ciddi kollektiv təcrübələrdən biridir. Bu sınaqda cəmiyyətin güclü və zəif tərəfləri üzə çıxır, gözlənilən və bəzən gözlənilməyən fərdi və kollektiv reaksiyalar özünü göstərir. Müharibənin emosional yükü müharibə vəziyyəti yaşayan ölkələrin hər bir vətəndaşı tərəfindən yaşanılır. Ancaq tərəflərin hərbi gücü, döyüş meydanındakı uğurların hansı tərəfdə olması, eyni zamanda konkret cəmiyyətin keçmişi haqqında təsəvvürləri müharibə tərəflərinin prosesi necə yaşamasını şərtləndirir. Hazırki Qarabağ müharibəsində də Azərbaycan və Ermənistan cəmiyyətlərində olduqca fərqli psixoemosional durumu müşahidə edə bilərik. Bu fərqlərin bəzilərinə və onların arxasında olan səbəblərə nəzər salaq:

 

Ermənistan - ənənəvi matəm rejimi və dünyadan küskünlük.

 

Müharibənin  ilk günlərindən başlayaraq, Ermənistan matəm ab-havasına qərq oldu. Əlbəttə, bunun ən başlıca səbəbi Qarabağda Azərbaycanın silahlı qüvvələrinin əks-hücum əməliyyatı sayəsində müdafiə xəttini darmadağın etməsi və qarşı tərəfin çoxlu sayda insan itkisinə məruz qalması idi. Ancaq sıravi azərbaycanlılar üçün gözlənilməz olan “o taydan” gələn “genosid” isteriyası oldu. Erməni cəmiyyəti dərhal baş verənləri bir əsrlik “genosid” xəttinə caladı, ümumilli matəm rejiminə düşdü. Bunun ən əsas səbəblərindən biri həm də ermənilərin  millət ideologiyasını məhz soyqırıma məruz qalmış xalq  fikri üzərində qurması, musiqisi, ədəbiyyatı, media vərdişlərini bu ideya perspektivində formalaşdırması  idi. Müharibənin gedişində baş verən müstəsna itkilər də bu ümumi fona çox “uğurla” yerləşdirildi.

 

Azərbaycanlılar üçün ikinci gözlənilməyən məsələ din nəğməsinin ortaya atılması idi. Ermənistan cəmiyyəti etnik faşizmlə səciyyələndiyi kimi, həm də din institutunun oynadığı mühüm ideoloji rolla xarakterizə olunur. Ermənilik ideologiyasının beşiyi həmişə erməni kilsəsi və din xadimləri olub. “Erməni tarixi”ni zaman-zaman yazıb ora “əlavələr” də edən erməni katolikosları olubdur. Bu səbəbdən erməni dünyagörüşündə Qarabağ problemi həm də din mübarizəsi kimi görünür. Ancaq qeyd etməliyik ki, ermənilərin bu ideoloji silahı müəyyən mənada digər ölkələrin (xristian mədəniyyətinin üstünlük təşkil etdiyi) əhalisinə - daha doğrusu, ictimai fikrinə müəyyən qədər təsir edə bilmişdi. Bunun səbəbi isə o ölkələrdə mövcud olan islamofobiya, xristian mədəniyyətinin üstünlüyünə olan inamdır.

 

Ermənistan cəmiyyətində II Qarabağ müharibəsi dövründə çox kəskin şəkildə üzə çıxan digər məsələ ermənilərin “türkofobiyası”- türk qorxusu oldu. Bu qorxu “genosid” ideologiyasının yan effektidir. Uşaq yaşlarından soyqırım təfəkkürünün formalaşdırılması ermənilərə həm də türk qorxusunu aşılayır. Bu müharibədə Türkiyənin açıq-aşkar dəstək verməsi, Azərbaycanın hərbi arsenalında həm də türk silahının olması erməni qorxusunu birə on artırdı. Erməni önündə nəhəng bir türk obrazı yarandı.

 

Hazırki müharibədə məğlubiyyəti şübhə doğurmayan Ermənistan öz əhalisinin gözündə özünün “əbədi qurban” ampluasına tamamilə uyğun gəlir. Ermənistan hətta əvvəlki Qarabağ müharibəsinin nəticəsinə baxmayaraq, öz adət etdiyi qurban rolundan əl çəkmədi, indi isə döyüş meydanındakı məğlubiyyət onun bir tərəfdən qurban kompleksini gücləndirir, digər tərəfdən isə dünyanı “borclu çıxarır”, ümumbəşəri nifrət hissi oyadır. Etnofaşizmdən qaynaqlanan bu münasibət həm də ermənilərə onların qarşısında duran bütöv, vahid Azərbaycan millətini görə bilməməsini şərtləndirir. Nəzərə almaq lazımdır ki, suriyalı muzdlularla bağlı erməni propaqandası təkcə kənar dövlətləri münaqişəyə cəlb etmək məqsədi daşımır, həm də özünətəsəlli, reallıqdan qaçmaq məqsədi daşıyır. Erməni xalqı bir anlıq təsəvvürünə gətirsə ki, onun ordusunu və “müdafiəsini” darmadağın edən azərbaycanlılardır, Ermənistan dərhal çökər və hətta indi etdiyi uğursuz hərbi cəhdlərini belə həyata keçirmək iqtidarında olmaz.

 

Azərbaycan -  həmrəylik və insan potensialının təzahürü!

 

Azərbaycan cəmiyyətinin müharibəni necə yaşaması da təbii ki, ilk növbədə ordunun uğurları, irəliləyişlərindən asılıdır. Azərbaycan ordusu Ali baş komandan İlham Əliyevin əmrlərini uğurla yerinə yetirir, günbəgün irəliləyir, bunu rəsmi əsaslı sübutlarla əhaliyə göstərir. Təbii ki, bütün bunlar cəmiyyətin əhval-ruhiyyəsinə müstəsna müsbət təsir göstərir. Xalqın özünəinamı, optimizmini daha da artırır. Geri qaytarılmış hər kənd, qəsəbə, şəhər hər bir azərbaycanlının milli özünüdərkini möhkəmləndirir.

 

Azərbaycan ordusunun ən son silahlarla təmin olunması, yeni nəsil müharibə aparmaq iqtidarında olması, II Qarabağ müharibəsinin həm də dünyanın hərb tarixinə yeni səhifə yazması qarşı tərəfi demoralizə etdikcə, Azərbaycan tərəfi daha da ruhlandırır. Axı,  canlı qüvvəsinin ağır itkilərini yaşayan qarşı tərəf bunun cavabını vermək gücündə deyil. Eyni zamanda müasir hərbi pilotsuz aparatların istifadəsi aydındır ki, bizim canlı qüvvəmizin nisbətən az itkilərlə irəliləməsini təmin edir.

 

Azərbaycanlıların inamınının möhkəmlənməsində ölkə Prezidenti başda olmaqla, aparıcı diplomatlarımızın yüksək peşəkarlığı, həm xalqa müraciətləri, həm də dünya ictimaiyyətinə açıqlamalarına son dərəcə peşəkarlığı və sərrastlığıdır. Bunun fonunda əks tərəfin səriştəsizliyi, açıq-aşkar yalanları kimin haqlı olduğunu bir daha göstərir.

 

Qarabağ münaqişəsinin həllinin fəal hərbi mərhələyə keçidi Azərbaycan xalqının olduqca yüksək səviyyəli həmrəyliyi, vətəndaş birliyini şərtləndirdi. Xalq öz gücünü həm də onda hiss etdi ki, vahid ideya, vahid amal cəmiyyət daxilində  bəzi məsələlərdə fərqli mövqelərdə olanları da cəmləşdirdi, səfərbər etdi. Ayrı bir güc mənbəyi - xaricdə yaşayan azərbaycanlıların birləşməsi, on-iyirmi, hətta otuz il Vətəndən uzaqda yaşamasına baxmayaraq, qəlbi Azərbaycanda olan insanların saysız-hesabsız olması idi. Vəhdət hissi həm konkret əməli işlərdə  - orduya yardım ətrafında yüzminlərlə azərbaycanlının birləşməsində, həm də internet məkanında fasiləsiz olaraq baş verməkdə olan informasiya müharibəsində yarandı. Qarabağ ideyası Azərbaycan xalqı üçün bütün sərhədləri aşan, etnik mənsubiyyət, din və milli sərhədlərin fövqündə olan məsələ kimi aktuallaşdı.

 

Azərbaycanın II Qarabağ müharibəsində kəşf etdiyi həm də Azərbaycan gəncliyi oldu. Bunu bir sıra müşahidəçilər də qeyd edir. Gəncliyin Vətən sevgisi, onun uğrunda çalışmaq – ön cəbhədən çəkinməmək, arxa cəbhədə həmvətənlərinə dəstək olmaq, yardımlaşma şəbəkələrini yaratmaq qabiliyyəti – bütün bunlar millətin özünəinamını, məğrurluğunu daha da artırdı. Gəncliyin kəşfi həm də gələcəyə ümidlərin möhkəmlənməsidir. Müharibə nəinki hərbi cəbhədə, ümumiyyətlə sosial həyatın bütün sahələrində insanların xalqın ümumi rifahı naminə nələrə qadir olduğunu real şəkildə üzə çıxardı. Millətin insan potensialı və bu potensialın miqyası müharibə şəraitində tam gücü ilə təzahür etdi. Bu güc isə ruhlandırmaya bilməzdi.

 

Hazırda biz Azərbaycanda bütün peşə sahiblərinin -  səhiyyə işçilərindən tutmuş,  jurnalistlərə və  iş adamlarına qədər müxtəlif insanların bir amal ətrafında birləşməsini görürük. Azərbaycan toplumuna xas və onu Ermənistan cəmiyyətindən fərqləndirən bir cəhət də azərbaycanlıların kədər və itkini necə yaşamasıdır. Nəticələrinin bizim üçün faciəvi və ədalətsiz olduğu I Qarabağ müharibəsindən sonra üzə çıxan bu olmuşdu ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq, özünün kədərini, ağrı-acısını dünyaya ən ilk tanıtım kartına çevirmək istəmir, ədalətsizliklə barışmasa da, özünü daim qurban kimi təqdim etməkdən boyun qaçırır. Bu, xalqımıza xas məğrurluğun təcəssümü, milli qürur hissinin göstəricisidir. Ancaq təbii ki, o müharibənin ağrı-acısı heç yerə yox olmamışdı, indiki müharibədə baş qaldıran dərin, güclü yaşantılar da bunu bir daha nümayiş etdirir. Azərbaycan ordusunu irəliləyişlərinin hər qarışı öncəki müharibənin və millət olaraq ondan yaranmış mənəvi zərbənin yarasını sağaldır, o acını üzə çıxarıb ona bir növ məlhəm qoyur. Yaşasın Azərbaycan xalqının gücü və qüdrəti! Yaşasın həmrəylik!