Yuxarıya
skip to main content

Hüquqla Qarşılıqlı Münasibətdə Əxlaqın Mahiyyəti və Spesifikliyi: Sosial Normalar Kontekstində Cəmiyyətin Sosiumu

04.02.2021

Digər normalar kimi əxlaq normaları və prinsipləri də cəmiyyətin müxtəlif təbəqə və qruplarında müəyyən sosial şərtlərin təsiri altında yaranır, sonra isə subyektlərin daha geniş dairəsi arasında yayılırlar. “Əxlaq ictimai şüur formalarından biridir”.[1] O, cəmiyyətin mənəvi həyatının əsasını təşkil edir. Əxlaq haqq-ədalət, insanın şərəf və ləyaqəti, namus və vicdan, yaxşı və pis, xeyir və şər haqqında baxışların, həmin baxışlara müvafiq surətdə cəmiyyət tərəfindən müəyyən edilmiş davranış, rəftar qaydalarının məcmusudur.[2] Bu baxımdan əxlaqın təşəkkül tapma tarixi hüququn yaranması tarixindən daha çox qədimdir.

 

Hüquqdan fərqli olaraq əxlaq, fərdin davranışına daha tələbkar yanaşır. Əlbətdə ki, hüquq insanı hər zaman və hər yerdə vicdanlı, səmimi olmağa məcbur etmək iqtidarında olmadığına görə insanı qanunun göstərişi ilə intizamlı etməkdə çətindir. Əxlaq isə, insanı buna sövq edə bilir.[3]

 

Cəmiyyət böyüdükcə, mürəkkəbləşdikcə fərdlər arasındakı münasibətlər zəifləyir və insanlar bir-birinə müəyyən modellərlə(mən-yaxınlarım, mən-onlar, mən-özgələri...) müraciət etmək məcburiyyətində qalır. Belə məqamda əxlaq insanlar arasındakı münasibətlərlə bağlı məsələni həlledilməz saxlayır çünki belə münasibətlər əxlaq üçün də yaddır. Buna görə də o, məsələni özünəməxsus tərzdə həll edir. Bu da öz növbəsində bəzən yeni münaqişələr doğurur, mövcud olanları isə daha da dərinləşdirir və ya çətinləşdirir. Deməli, insanlar arasındakı ziddiyyətli münasibətləri ancaq əxlaq deyil,  hüquqda həll edə bilər/bilir. Əxlaqdan fərqli olaraq hüquq neytraldır və o, insanın daxili aləminə nüfuz etməyə iddialı deyil.  Hüquq ictimai münasibətlərin yalnız böyük olmayan sferasını tənzimləyir. İctimai həyatın bu sferasına aid münasibətlər adətən, onun xarici tərəfi ilə bağlı olur. Hüquq bu sferaya cəzalandırma və ya müdafiə etmə funksiyasını yerinə yetirməklə müdaxilə edə bilər. Zərər vurmamaq, fəal surətdə kömək etmək hüququn başlıca prinsipidir. Lakin bəzən gözlənilməzlik də özünü büruzə verir ki, bu prosesdə də əxlaq normaları məsələni özünəməxsus şəkildə həll edir.

 

Sosial və mədəni  varlıq olan insan, müəyyən bir cəmiyyətin bir hissəsi kimi həyatını davam etdirir. Fərdin bir yerdə yaşamağa meylliliyi əlaqədar olduğu cəmiyyət və ya qrup daxilindəki münasibətlərini müəyyən sistem daxilində davam etdirməsi və bu sistemin daimiliyi üçün bəzi normalara riayət etməsini zəruri edir. Bu baxımdan qeyd edilənlər əsasında demək olar ki, sosial normalar struktur baxımdan durğun, statik qəliblər deyil. Əksinə, mənsub olduqları cəmiyyətin tələbatlarına uyğun olaraq dəyişən, inkişaf edən, yeni normaların yaranmasını təmin edən və ənənə şəklini alma prosesini davam etdirən dinamik struktura malikdirlər.[4]

 

 

Ümumi olaraq normalar insanlara cəmiyyətdə nəyi, nə vaxt və necə etmək lazım olduğunu izah edən qaydalardır ki, “norma” sözünün latın dilindən tərcümədə qayda, nümunə mənasını verir. Tarixi dövründən asılı olmayaraq hər bir normada ümumi davranış qaydaları mövcuddur, Hər bir mədəniyyət öz cəmiyyətinin birlik və həmrəylik şəraitində yaşamasını təmin etmək üçün insanın davranışlarını tənzimləməyə məcburdur. İnsanlar icma şəraitində və ya birlikdə yaşamağa başladığı dövrlərdən bu günə qədər özlərinin tətbiq etdikləri bəzi norma və davranışlara riayət etmək ehtiyacı getdikcə normaları davranış qaydalarına çevirdi.

 

Başqa sözlə, sosial nizamın normal fəaliyyət göstərməsi sərhədləri və qaydaları müəyyənləşdirilmiş ümumi konsensusa və ya avtoritar bir anlayışa əsaslanır. Bu, insan təbiətinə xas zərurətdir və fərd yaşadığı cəmiyyətin bir hissəsinə çevrilir. İctimai nəzarətin diqqəti ən çox cəlb edən tərəfləri ümumi mənada sərhədləri qanunlarla müəyyənləşdirilmiş normalardır. Bundan əlavə, normalara əməl olunmasını təmin etmək və onu daimi hala gətirmək üçün qanunlardan başqa cəmiyyətlərin öz daxili dəyər mühakimələrinin məhsulu kimi, qəbul edə biləcəyimiz qeyri-rəsmi vasitələrinə də ehtiyac duyulur. Yuxarıdada qeyd edildiyi kimi bu normalar cəmiyyətin müəyyən etiqad formaları, əxlaq, adət-ənənə kimi öz yerini möhkəmlətmiş elementləri ilə izah olunur.

 

Hüquq və əxlaq təsir qüvvə sferalarına görə də bir-birindən fərqlənir. Əxlaq normalarının məkanı hüququn məkanına nisbətən genişdir və onların sərhədləri üst-üstə düşmür. Məlumdur ki, hüquq ictimai həyatın heç də bütününü deyil, yalnız mülkiyyət, hakimiyyət, idarəetmə, ədalət mühakiməsi kimi  ən mühüm sahələrini tənzimləyir. Bu prosesdə dostluq, müxtəlif münasibətlər, qarşılıqlı yardımlaşma, zövqlər, dəb, və s. kimi bir çox insani münasibətlər hüququn bir başa tənzimləmə sərhədlərindən kənarda qalır. Hüquq öz sərhədlərini keçərək, azad və könüllü şəxsi münasibətlərə müdaxilə edə bilmir. Belə insani münasibətlər sferasına əxlaq normaları nüfuz edir. Digər sosial normalar, adət-ənənələr, vərdişlər burada özünü göstərə bilər. Əlbəttə, əxlaq kimi geniş miqyaslı və dərin spektirli olmasa da  hüquq da, cəmiyyətin inkişafına təsir edir, insanlar arasında şəxsi qarşılıqlı münasibətlərin prinsipcə bütün növ və formaları onun qiymətləndirmə dairəsində olur.

 

 

Nəzərə almaq lazımdır ki, hüququn və əxlaqın təsir (qüvvə) sferaları yalnız qismən üst-üstə düşmür. Ən başlıcası isə onlar öz həcminə görə birbirini tamamlayırlar. Bu isə o deməkdir ki, ictimai münasibətlərin həlledici dairəsi həm hüququn, həm də əxlaqın tənzimetmə predmetini təşkil edir.

 

Hüquq və əxlaqın bir-birinə qarşılıqlı təsiri onların sosial və funksional qarşılıqlı fəaliyyətindən doğur. İctimai münasibətlərin tənzimlənməsində, cəmiyyətdə hüquq mədəniyyətinin və vətəndaşların hüquq düşüncəsinin formalaşmasında, hüquq və əxlaq bir-birini dəstəkləyir, cəmiyyətə və fərdə pozitiv təsir göstərilməsində eyni dərəcədə gərəkli rol oynayırlar.[5]

 

Məlumdur ki, hüquqazidd əməl, eyni zamanda da qeyri-əxlaqi hərəkət kimi qiymətləndirilir. Hüquq qanunlara əməl olunmasına nail olmaq istədiyi kimi, əxlaq da bu yönümdə özünəməxsus fəaliyyət göstərir və bu baxımdan hüquq da əxlaqa əsaslanır. Bu isə təəccüblü deyil, çünki, hazırda qüvvədə olan həm milli, həm də beynəlxalq qanunvericilik sənədlərinin demək olar ki, hər birində hüquq və əxlaq bir-birindən ayrılmaz halda müəyyən edilir.

 

Əlbətdə burada  hüquq və əxlaq arasında ziddiyyətlər nədir sualı maraq yaradır. Əxlaqi və hüquqi tələblər heç də həmişə hər şeydə razılaşmaya malik olmurlar. Hüquq və əxlaq arasında ziddiyyətlərin səbəbləri onların spesifikliyindən də ibarətdir. Belə ki, onlar subyektlərin davranışının qiymətləndirilməsinə başqa-başqa mövqelərdən yanaşırlar. Onlar ictimai maraqları da qeyri-adekvat əks etdirirlər. Lakin bununla belə, hüquq və əxlaq antipodlar deyillər. Qeyd edilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, hüquq sosial normalar sistemində, hər şeydən əvvəl, ictimai münasibətlərin yeganə tənzimləyicisi qismində çıxış edir. İkincisi, hüquq son dərəcə unikal, yüksək əhəmiyyətli və nüfuzlu bir tənzimləyicidir, lakin o, normativ tənzimetmə sisteminin komponentlərindən biridir. Həmçinin, hüquq istisnasız olaraq bütün sosial normalara, ümumi təsir sxeminə malikdir və zəruri hallarda onun özü də digər sosial normaların təsirini hiss edir. Eyni zamanda  hüquq sosial normalar sisteminin özündə məcburiyyəti və sanksiyanı ehtiva edən komponentidir. Digər sosial normalar (məsələn, əxlaq normalarından, dini normalardan)  belə xüsusiyyətə malik deyillər. Həmçinin digər sosial normalardan fərqli olaraq, hüquq rəqabətə qarşı dözümsüzdür. Partikulturalizm prinsip etibarilə hüquq sistemi üçün qəbuledilməzdir. Məhz buna görə də hər hansı insan cəmiyyətində yalnız bir hüquq sistemi ola bilər.

 

İctimai münasibətlərin iki tənzimləyicisi əxlaq və hüquq son dərəcə oxşar və fərqli cəhətlərə, qarşılıqlı təsir və ziddiyyətlərə malikdirlər. Hüquq, adət və əxlaq normları tarixi meyarlarına görə bir-birindən fərqlənirlər. Əxlaq insan cəmiyyətində həmişə mövcud olub və olacaqdır. Hüquq isə yalnız sosial təkamülün müəyyən inkişaf pilləsində yaranmışdır.

 

Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələblərinə uyğun olaraq inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır, qanunlar qəbul edilir. Adət və ənənələr daima insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi olmuşdur. Çünki adət və ənənələr hər bir insan nəslinin yaratdığı əxlaqi, mənəvi cəhətləri qoruyub yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.


 

İstifadə edilən mənbələr:

  1. Amir Licht, Social Norms and the Law: Why Peoples Obey the Law, https://www.researchgate.net/publication/24015694_Social_Norms_and_the_Law_Why_Peoples_Obey_the_Law
  2. Рыбаков В. “Мораль и право – день чудесный”,1997
  3. https://www.simplypsychology.org/behaviorism.html
  4. Azərbaycan Respublikasının Konstitusiyası http://www.e-qanun.az/ framework/ 897
  5. Fəlsəfə Ensiklopediyası, 2014  http://anl.az/el/Kitab/2014/Azf-277881.pdf
  6. "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", Bakı,  1997,

 


[1] Fəlsəfə Ensiklopediyası, 2014  http://anl.az/el/Kitab/2014/Azf-277881.pdf

[2] "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", Bakı,  1997, səh. 140-155

[3] https://www.researchgate.net/publication/24015694_Social_Norms_and_the_Law_Why_Peoples_Obey_the_Law

[5] Рыбаков В. Мораль и право – день чудесный, 1997

 

Elnarə Qəribova
Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.