Yuxarıya
skip to main content

Fəlsəfi şüurun cəmiyyətdəki rolu

07.05.2021

İnsan fərd olaraq həyatda var olduğu müddət ərzində ətrafında baş verən proseslərə daima öz reaksiyasını vermək məcburiyyəti hiss etmişdir. Getdiyi yol, verməli olduğu qərar onun gələcək həyat şəraitinin müəyyən olunmasında bir başa rol oynayır.

Bunun da nəticəsində düzgün və ya yanlış olaraq atılan addımlar öz təsir dairəsini cəmiyyətdə göstərir. Ümumiyyətlə, cəmiyyətin formalaşmasına, inkişafına, süqutuna görə birbaşa məsuliyyəti insan daşıyır. İllərlə insanlar yaşadıqları həyatın mənasını, mənsub olduqları cəmiyyətdə gedən proseslərin dərkini, bu, dünyanın var olma səbəbini daima araşdırmış müxtəlif nəzəriyyələr, teoremlər ortaya qoymuşdur. Bu isə onların özlərindən də asılı olmayaraq fələsəfəyə müraciət etməsinə gətirib cıxartmışdır.

Buna səbəb isə fəlsəfənin tez-tez şeylərin təbiəti ilə bağlı ən ümumi suallarla maraqlanması olmasıdır: Gözəlliyin təbiəti nədir? Həqiqi biliklərə sahib olmaq nədir? Bir hərəkəti fəzilətli və ya bir iddianı gerçəkləşdirən nədir? Bu cür suallar bir çox spesifik sahələrə aid olaraq verilə bilər nümunə kimi sənət fəlsəfəsini (estetik), elm fəlsəfəsini, etikanı, epistemologiyanı (bilik nəzəriyyəsini) və metafizikanı (dünyanın son kateqoriyalarının öyrənilməsi) göstərə bilərik. Şüurun fəlsəfəsi zehni hadisələrin mahiyyəti ilə əlaqəli olduqca ümumi suallarla xüsusi maraqlanır: məsələn, düşüncə, hiss, idrak, şüur və duyğu təcrübəsi nədir?

 

 

Göründüyü kimi özlüyündə sonsuzluğu ilə fərqlənən fəlsəfə və onun tədqiq etdiyi şüur cəmiyyətin digər sferalarının yaranmasında və inkişafında həlledici rol oynayır. Baxmayaraq ki, tarixi gedişatın müəyyən mərhələlərində fəlsəfi şüurdan istifadəyə müəyyən qadağalar qoyulmuş və ya müəyyən çərcivəyə salınıb istifadə olunmağa cəhdlər olmuşdur. Bütün bunlara baxmayaraq azad düşüncəni, idrakı müdafiə edən fələsfi şüur yuxarıda göstərilənlərin heç birində öz məhvinə rəvac verməmişdir. İstənilən məhdudiyyətlərə baxmayaraq daima öz dinamik inkişaf mexanizmi ilə getmişdir. İstər Qərb, istərsə də Şərq dünyagörüşündə müxtəlif zamanları nəzərə almaqla proses eyniyyət üzərində davam etmişdir.

 

Bir çox tədqiqatçılar yanlış olaraq bəşəriyyətə qəbul etdirmək istəyirlər ki, fəlsəfi şüurun sonu gəlib, fəlsəfədə təqdiq olunanların hamısı öz həllinə çatmışdır. Bu cür düşüncə tərzinin formlaşmasına səbəb isə ötən əsrin sonlarında dünyada soyuq müharibə kimi yadda qalan ideologiyaların toqquşması və mübarizəsi üzərində var olan dünyamızın hal-hazırda bunların heç birini yaşamamasıdır. Bunların arasında marksizm, ekzistensializm, pozitivizm, postmodernizm, praqmatizm kimi fəlsəfi cərəyanların artıq öz aktuallığını cəmiyyətdə itirməsidir. Onların düşüncəsində müəyyən qədər həqiqət var. Həqiqətən də bu cür insanların həyat şəraitinə kökündən təsir edən fəlsəfi cərəyanlar artıq ya aktuallığını itiriblər, ya da fəaliyyətlərinə birdəfəlik son veriblər. 

 

Lakin burada əsas yanılma odur ki, fəlsəfə müəyyən cərəyanın fəaliyyəti və inkişafı ilə aktual olmur. İnsanların fərd olaraq da bu sahəyə meyl etməsilə, fəlsəfi şüurdan maksimum istifadə edib özünü inkişaf etdirməsinə səbəb ola bilər. Az əvvəl dediyimiz kimi fəlsəfə heç bir çərcivəyə sığmayan dünyagörüşüdür. Biz bunu 19-cu əsrdə dünya sənaye inqilabında da görə bilərik, insanın təbiətdən asılılığına birdəfəlik son verib təbiətə təsir güçünü artırdığı həmin dövrdə fəlsəfi şüurun əhəmiyyətini qəbul etməyən təbiətşünaslığı qabardan mütəfəkkirlər belə öz qəbul etdikləri əqidə yolundan yayınıb yenidən fəlsəfəyə müraciət etmə məcburiyyəti hiss etmişdilər.

 

Hal- hazırki dövrdə də hadisələr eyni olmasa da qarşıya qoyulan probləmlər və onların həlli istiqamətlərinin mahiyyətində bir çox eynilik qabarıq şəkildə görünməkdədir. Süni zəkanın inkişafı, big dataya olan tələbat, texnologiyanın sürətli inkişafı bütün bunların ortasında duran insan və onun şüuru. Bu proseslərin sonrakı inkişafı qarşıya cıxacaq problemlərin həlli istiqamətində yenidən fələfəyə, onun müxtəlif sahələrinə tələbatı daha çox artıracaqdır. Belə ki, post-industrial cəmiyyətin formalaşdıracağı insanın ətraf mühitə təsiri, yaşadığı cəmiyyətdəki rolunun əhəmiyyəti, mənsub olduğu dövlətin inkişafındakı xidməti və s. bu kimi sualların öyrənilməsi iqtisadiyyat, sosiologiya, psixologiya, politologiya kimi elm sahələrinin üzərinə düşəcək yük qədər fəlsəfənin də üzərinə düşəcək.

 

Təbiətin qorunub saxlanılması və gedişatda cəmiyyətin də dinamik inkişaf etdirilməsi metodlarının hazırlanması daima fəlsəfi şüura olan tələbatı artırır, çünki elmi dünyagörüşdən fərqli olaraq fəlsəfi dünyagörüşü heç vaxt təbiətin, cəmiyyətin, ən əsas da insanın gələcək həyat şəraitinin məhvinə xidmət etməyib. Bunu dərk edən hər bir mütəfəkkir və alimlər daima elmin, sənətin, cəmiyyətin  inkişafı naminə fələfi şüurdan maksimum dərəcədə istifadə etməyə çalışmışlar. Rena Dekardın dediyi kimi; “Düşünürəmsə deməli varam”. Düşünən, mühakimə edən, səbəb-nəticə əlaqələrinini dəyərləndirən cəmiyyət öz inkişaf xəttini deməli çəkmişdir.