logo
AZ

Məqalələr

Etnik terrorizm və ermənilərin Türkiyədə müdhiş fırıldaqları

avatar
Tural İsmayılov
2020-08-27

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi şərhçi və araşdırmalar müəllifidir.

Etnik terrorizm daim dövlətlərin müstəqilliyini şantaj edən önəmli faktorlar sırasında yer alıb. Dövlətçilik təssisatlarını sarsıtmaq üçün qlobal imperializmin yararlandığı anlayışlar belə kateqorizə oluna bilər: etnik separatizm, etnik radikal milliyətçilik, etnik terrorizm və sair.

Tədqiqatçılar Şmid və Jorgman terrorun 190 tərifini veriblər. Araşdırmaçı Vardlav terroru politoloji mənalandırır. O qeyd edir ki, terrorçuluq fəaliyyəti siyasi aktdır.

 

İngilis tədqiqatçı və terror mütəxəssisi Takrah terroru yeni bir siyasi sistemin qurulmasına dəstək olmaq üçün inqilabi hərəkatlara fokuslanan təhlükəli bir fəaliyyət növü kimi təqdim edir. İsrail tədqiqatçısı Natenyahu da qəsdən və sistematik şəkildə günahsız insanları öldürmək, xəsarət yetirmək və hədələməklə terrorun dünyadakı ən qorxunc insan fəaliyyəti olduğunu vurğulayır. Terrorizmi büövlükdə bəşəriyyətə qarşı yönələn təsir növü kimi qeyd edən tədqiqatçılar da kifayət qədərdir.

 
Lakyuer "terrorun bir çox tərifində tapılan yeganə ortaq element, ehtimal ki, zorakılıq və ya zorakılıq təhdididir” deyirdi. Hoffman isə yazırdı ki, “cəmiyyətə qarşı hər hansı bir xüsusi nifrət zorakılığı da elə terrorizmdir.

 

Elçin Əhmədov "Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011)" kitabında beynəlxalq terror şəbəkələrindən ən qəddarı olan erməni terrorizminin tarixini gözəl tədqiq edir: Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir.  Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.  1885-ci ildə - Marseldə yaradılan  və erməni terror təşkilatlarının birincilərindən olan “Armenakan” partiyası İran və çar Rusiyasında yaşayan ermənilərlə geniş əməkdaşlıq edərək Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində, eləcə də İstanbulda silahlı toqquşmalar və terror aktları törətmişdir.

 

1887-ci ildə  -  Cenevrədə yaradılan “Hnçaq” partiyasının isə əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanı adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Partiyanın proqramının 4-cü bəndində göstərilirdi ki, “qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.

 

1890-cı ildə  -  Tiflisdə   yaradılan  və erməni millətçilərinin ən aparıcı  təşkilatı hesab edilən  “Daşnaksütyun”– erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” partiyası “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir.

 

 

XX əsrdə “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur ki, bu erməni terror təşkilatlarının fəaliyyəti keçən əsrin 70-80-ci illərində  daha da genişlənmişdir:

 

1972-ci ildə - ASALA-nın yaradılmasından əvvəl, Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılmış “Erməni  soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olmuşdur.

 

1973-cü ildə  -  yaradılan  “Erməni “soyqırımının” intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirmiş, eləcə də daşnakların məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 kimi bölmələrinin hal-hazırda bu istiqamətdə geniş fəaliyyəti davam edir.

 

1975-ci ildə  -  Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı  təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmişlər ki, nəticədə günahsız insanlar erməni terrrorizminin qurbanı olmuşlar. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

 

ASALA-nın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri təşkilatın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.  Bununla yanaşı, 1980-ci ilin aprelində Livanda ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 1993-cü il avqustun 28-də açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan nəzərdə tutulur) adlandırdığı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.

 

1979-cu ildə - yaradılan və ASALA-nın tərkib hissəsi sayılan “Erməni azadlıq cəbhəsi” də eyni zamanda, Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

 

1980-ci illərin ikinci yarısı - 1990-cı illərdə ASALA ilə yanaşı,  uzun  illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları müxtəlif vaxtlarda bir sıra terror aktları həyata keçirmişdir:

 

1981-ci ildə  - Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orli qrupu” 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirmişdir. Avropanın bir çox ölkəsində fəaliyyət göstərən “İsveçrə qrupu” Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.

 

1981-ci ildə -  Parisdə yaradılmış “İntiharçılar eskadronu” həmin ildə Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.

 

1987-ci il - Xankəndi, Azərbaycan. Erməni lobbisinin maliyyə dəstəyi və iştirakı ilə “Dağlıq Qarabağın İnqilabi İdarə Komitəsi” – “KRUNK” (“Комитет Революционного Управления Нагорного Карабаха” sözlərinin baş hərfləri nəzərdə tutulur) yaradılmışdır. “KRUNK”-un sıralarında Yaxın Şərqdən olan xarici muzdlular da döyüşürlər. Təşkilatın ideoloji işlərinə Ermənistanın sabiq prezidenti Robert Koçaryan rəhbərlik edirdi. Hazırda təşkilat dünyanın müxtəlif ölkələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və qondarma “erməni soyqırımı”na aid materialların yayılması ilə məşğul olan “Erməni mədəniyyət mərkəzi” kimi fəaliyyət göstərir.

 

1988-ci ildə - Moskvada yaradılmış “Erməni birliyi”nin ASALA ilə sıx əlaqələri olmuş və keçmiş sovet məkanında ASALA terror təşkilatı üzvlərinin fəaliyyəti üçün onları saxta sənədlər və pulla təmin etmiş, eləcə də Qarabağa silah və muzdluların ötürülməsində iştirak etmişdir.

 

1990-cı ildə - Fransada yaradılmış “Gənc ermənilər ittifaqı” diplomatların oğurlanması ilə məşğul olmuşdur.

 

1991-ci ildə - İsveçrədə yaradılmış “9 iyun qrupu”nun  əsas məqsədi həbsdə olan erməni terrorçularının azad edilməsinə çalışmaq olmuşdur.

 

1991-ci ildə - Fransada yaradılmış və ASALA ilə sıx əlaqədə fəaliyyət göstərən “Erməni azadlıq hərəkatı” (AOD) Avropanın bir sıra ölkələrində çoxsaylı insan tələfatına səbəb olan terror aksiyaları həyata keçirmişdir.

 

1991-ci il - “Azadlıq pələngləri” (“Freedom Tigers”) təşkilatı yaradılmışdır. Təşkilatın üzvləri Qarabağda gedən döyüşlərdə iştirak etmiş, dinc əhaliyə qarşı cinayətlər törətmişlər.

 

1997-ci il - Paris, Fransa. “Erməni Müqavimət Təşkilatı” (“Armenian Resistance Organization”) təsis olunmuşdur. Təşkilat öz fəaliyyətində sosialist ideologiyasını rəhbər tutmuşdur.

 

2001-ci ilin fevralında - ASALA tərəfindən yaradılmış “Geqaron” terror təşkilatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomatlara qarşı terror aktlarının keçirilməsidir.

 

2001-ci il aprel ayının 29-da - əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmış “Apostol” təşkilatının məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktların həyata keçirilməsidir.

 

ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən “Demokratik cəbhə” qrupunun başlıca məqsədi Türkiyə dövlətinin parçalanmasıdır. Avropanın bir çox ölkəsində fəaliyyət göstərən “İsveçrə qrupu” adlı təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Adı çəkilən erməni terror təşkilatları öz “missiyalarını” yerinə yetirdikdən sonra da qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdirmişlər.

 

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarsı həyata keçirdikləri terror aktları 1980-ci illərin ikinci yarısından başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun isğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hətta hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

 

Minlərlə insanın tələfatı ilə nəticələnən  bu terror aktlarından sonra müxtəlif bəhanələrlə azadlığa buraxılan bu məşhur terrorçular beynəlxalq terrorizmə qarşı mübarizə aparılan müasir dövrdə çox rahat şəraitdə yaşayır və Ermənistan Respublikası davamlı olaraq dövlət terrorizmi siyasəti  yürüdərək onları himayə edir.*

 

Lakin erməni terror fəaliyyətləri Xocalı faciəsində və Qarabağın işğalında öz qanlı əllərini bir daha havaya qaldırdı. Buna qədər isə Türkiyədə erməni terror şəbəkələrinin fırıldaqları tarixə örnək olası həddə idi.

 

İndiyə qədər edilən aparılan tədqiqatlar sübut edir ki, etnik ermənilərin Türkiyəyə qarşı terrorunun başlanğıcı ümumiyyətlə 1970-ci illərin əvvəlləri kimi qəbul edilir. Ancaq 19-cu əsrin sonlarında erməni üsyanları Osmanlı dövlətinə qarşı hər cür xain əməllərin fonunda start götürmüşdü.

 

1860-cı illərdən bəri ermənilər müstəqil bir dövlət qura bilmək xəyalı ilə Osmanlıya qarşı ən iyrənc xəyanətlərdə rol alırdı. Erməni dərnəkləri Türkiyəni daxildən çökdürmək üçün erməni gəncləri müxtəlif platformalarda toplamağa başlayırdı. Erməni siyasi ikiüzlülüyünün braiz nümunəsi hələ o dövrdən özünü göstərməkdə idi, belə ki, ermənilər siyasi məqsədlərini reallaşdırmaq üçün dərnəklərini başqa fəaliyyət növləri ilə pərdələyirdilər. Bu məqsədlə qurulan ilk birlik 1860-cı ildə Kilikiyada yaradılan "Xeyriyyəçilər Dərnəyi" erməni milliyətçi ideologiyanın ilk təşkilatlanmış yerlərindən biri idi. Vanda yaradılan  "Araratlı", "Məktəb aşiqləri" və Muşda "Şərq", Ərzurumda "Milliyyətçi Qadınlar" və sair dərnəkləri ermənilərə çağırışlar edir və təşkilatlandırırdı.

 

Daha sonra bu hərəkatlar birləşərək Osmanlıda "Ermənilərin Vahid Cəmiyyətləri" ni yaratdılar. Rus əsilli Avedis Nazarbeg, həyat yoldaşı Maro ilə 1886-cı ildə İsveçrədə tələbələr tərəfindən “Hınçak”ı qurdu.

 

1890-cı illərdən bəri bir çox şəhərdə, xüsusən də İstanbulda “filiallar” yaradan bu xəyanətkar ünsürlər Anadoluda bir çox təxribatçı hərəkatlara və eyni zamanda Kumkapı Hadisələrinə (15 İyul 1890) qarışdı.

 

Ermənilər xarici dövlətlərin köməyi ilə başladığı iğtişaşlarda beynəlxalq terror üsullarını tətbiq etməyə çalışdılar. Bu məqsədlə daşnaklar "NEMESIS" adlı hərəkatı başlatmaqla misilsiz qətliamlar törətməyə başlayaraq bütün dünyada etnik erməni terrorunu alovlandırdılar. Erməni terror qruplaşması ASALA maddi xərc problemini də ən iyrənc metodlarla həll etdi. İnsan alveri, narkoticarət, saxta sənəd ticarəti və sair terrorçuların əsas maliyyə qaynağına çevrildi. Erməni terrorunun əsas üzü ASALA olsa da;

  • JCAG (“Erməni Soyqırımı” Ədalət Komandanlığı),
  • ASALA - MR (ASALA - İnqilabçı Hərəkat),
  • NAS (Yeni Ermənistan Müqavimət Təşkilatı),
  • ARA (Ermənistan İnqilabi Ordusu / Komandoları),
  • GEKO (Gizli Erməni Azadlıq Ordusu) kimi illeqal “təşkilatlar” terrorizmdən bir vasitə kimi istifadə etdilər.

 

ASALA Türkiyəyə qarşı fəaliyyətlərini PKK ilə kordinasiya edir.

 

Əslində ASALA və PKK arasındakı fəaliyyət ortaqlığı ilk dəfə 9 Noyabr 1980-ci ildə başlamışdır.

 

19 Noyabr 1980-ci ildə və Türkiyənin Strasburqdakı Baş Konsulluğu və  Roma Türk Hava Yollarının ofisinə hücumlar ASALA və PKK-nın ortaq təxribatı idi. Erməni-PKK əlaqələri ilə bağlı daha bir maraqlı məqam isə *1993-cü ilin yanvarın 6-da Beyrutddakı iki ayrı kilsədə düzənlənən və Livan Ortodoks Baş yepiskopluğu, Ermənistanın müxtəlif partiya nümayəndələrinin iştirak etdiyi mərasimdə işlədilən bu fikirlərdir:

“Hələlik Türkiyəyə qarşı sakit siyasət yürüdülməlidir. Erməni xalqı getdikcə güclənir və iqtisadi imkanları genişlənməkdədir. İnkişaf etdirilən təbliğat sayəsində bütün dünyada (uydurma) soyqırımı daha yaxşı tanınmağa başlamışdır. Başda ABŞ olmaqla, digər Qərb ölkələri də Qarabağda davam edən müharibələrdə erməniləri haqlı görürlər. Bu fürsəti dəyərləndirmək gərəkdir və Qarabağda savaşan erməni gənclərinə yeniləri qatılacaqlar. Türkiyədə PKK terror təşkilatı ilə edilən mücadilədə iç savaş davam edəcək, Türk iqtisadiyyatı sıfır nöqtəsinə gələcək və vətəndaşlar baş qaldıracaqlar. Türkiyə bölünəcək və kürd dövləti qurulacaqdır. Ermənilər kürdlərlə olan əlaqələrini möhkəmləndirməli və onların mücadiləsini dəstəkləməlidirlər. Bu gün türklərin əlində olan torpaqlar sabah Ermənistanın olacaqdır.

*Bir faktı qeyd etmək yerinə düşər ki, PKK terror təşkilatının Ermənistanda yayım orqanları var. Onlar “Reya Taze” və “Bota Redaksiyon” adları ilə fəaliyyət göstərirlər.  Qəzetlərin PKK terror təşkilatı nəzarətində olması kiril əlifbası ilə PKK qruplaşmalarının təbliğatını apardığı sirr deyil.” (“Xalq” qəzeti)

 

P.S. Erməni terrorunun dünyada yenidən baş qaldırma cəhdləri açıq şəkildə sezilməyə başlayır.

 

Bu bəlaya qarşı vahid dünya mövqeyi formalaşmalıdır....

PAYLAŞ

Oxşarlar

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20 Aprel 2021

Texnokratik subsistemin ekspansiyası bürokratiya daxilində yeni məntiq və mədəniyyətin inkişafı anlamına gəlir. Bu subsistemin məntiqi kəskin effektivli… ƏTRAFLI

Elm və media? Karl Saqan nümunəsi və...

Elm və media? Karl Saqan nümunəsi və...

19 Aprel 2021

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq g… ƏTRAFLI

 XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

18 Aprel 2021

Azərbaycanın çoxəsrlik tarixi mədəni irs nümunələri onun zəngin mədəniyyətə, qədim sivilzasiyaya malik olduğunu bir daha təsdiq edir. Arxeol… ƏTRAFLI