Məqalələr

Ermənistan niyə əsəbidir?

avatar
İlyas Hüseynov
2019-10-22
BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.

 

 

Ermənistanda keçirilmiş sorğu nəticəsində məlum olub ki, ermənilər dünyada ən çox qəzəb nümayiş etdirmək göstəricilərinə görə liderdirlər və buna görə də Qafqazdakı digər qonşularından fərqli olaraq çox aqressivdirlər.

Elmi ədəbiyyatlarda “erməni xəstəliyi”, “erməni sindromu”, “erməni hikkəsi”, “erməni natamamlıq kompleksi” adlı müxtəlif siyasi və fəlsəfi terminlərə çox rast gəlmişik. Lakin bu müəmmanı və sirri tam şəkildə açmaq üçün dünyanın ən tanınmış tədqiqat mərkəzləri hələ də müxtəlif təşəbbüslər göstərirlər.

 

Bəs bu qəzəb haradan qaynaqlanır? Ermənilər niyə hikkəlidirlər? Bu hikkəni doğuran səbəblər hansılardır?

 

Bütün bu suallara qısa şəkildə cavab vermək əlbəttə ki, çox çətindir.

 

 

 

Ermənistan “Gallup”-un ən qəzəbli ölkələrlə bağlı siyahısına başçılıq edir

Bir sıra tarixçilər qeyd edirlər ki, ermənilərin XX əsrin əvvəlində Osmanlı ərazisindən köçürülməsi ilə bağlı uydurduqları “erməni soyqırımı” daha sonra Türkiyə Cümhuriyyətinə qarşı siyasi təsir alətinə çevrilməyə başladı. “Erməni soyqırımı”nı bütün dünyaya tanıtmaq ən ümdə vəzifə idi. Bu siyasətin tərkibində intiqamçılıq və qisasçılıq meyilləri də geniş vüsət almasının fonunda dünyanın müxtəlif yerlərində terror təşkilatları təsis olundu və qanlı əməllər həyata keçirmək üçün böyük planlar quruldu. Ermənilərin bu aqressiv davranışları kütləvi şüura təsir edərək nəsildən nəsilə ötürülməyə başladı. Hər bir erməni ailəsində böyüyən körpəni türkə qarşı qəzəb, nifrət və düşmənçilik ruhunda tərbiyə etdilər. Dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilər bir yerə toplanaraq diaspora qurdular və lobbiçilik fəaliyyətini yalnız öz uydurma xəyallarını gerçəkləşdirməyə yönəltdilər. Erməni kilsələrində yığılan ianələri silah-sursata, kriminal və pozuculuq fəaliyyətə xərclədilər. Təbii ki, bu cür qəzəbli və nifrət dolu hərəkətlər bir-birini üstələdikcə, terrorçuluq fəaliyyətini həyat amalına çevirən erməni sosiumunda anormal və hikkəli simptomlar adi bir forma alır, sosial vəziyyətindən asılı olmayaraq hər bir erməni fərdini intiqamçılıq hissi ilə bəsləyirdi.

Bu gün də Ermənistan rəhbərliyi Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiları ilə çıxış edir, bölgədə aqressiv siyasət yürüdür və təxribatçı hərəkətlərini davam etdirir. Ermənistan Ağrı vilayəti daxil olmaqla, Türkiyənin bir sıra ərazilərinə iddiasını hətta konstitusiya qanununda belə rəsmiləşdirib. 

Qərbin siyasi analitiklərinin əxz etdiyi “Böyük Orta Şərq layihəsində” də özlərinə fayda əldə etmək istəyən erməni hakimiyyəti Yaxın Şərqdə baş verən hadisələrdə fəal iştirak etmək niyyətindədirlər. Suriyada erməni taborunun iştirak etməsini də dövlət səviyyətində aqressiv siyasətin göstəricisi kimi qiymətləndirmək olar. Bu planın da altında böyük erməni iddaları yatır.      

 

 

Əvvəlcə Suriyanın Hələb şəhərində olan erməni icmasına humanitar yardımların edilməsi və ərazilərin minalardan təmizlənilməsi ilə bağlı missiyanın göndərilməsi qərara alınmışdı. Təxminən 100 nəfərə kimi olan heyətin tərkibinə həkimlər, minatəmizləyənlər və onların təhlükəsizliyini təmin edən personal daxil idi. Hətta BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edən Ermənistanın Baş Naziri Nikol Paşinyan erməni icmasının ehtiyaclarını qarşılamaq məqsədi ilə Suriyadakı humanitar missiyanı genişləndirməyə hazır olduqlarını bildirmişdi.

 

Bununla yanaşı, 90-cı illərdə Qarabağ, Livan və Fələstin müharibələrində iştirak edən və Suriyada YPG sıralarında İŞİD-a qarşı döyüşən Nubar Ozanyan (kod adı Orhan) 2017-ci ildə öldürülməsinə rəğmən, erməni mətbuatına nəzər saldıqda Suriyada döyüşən bir sıra erməni terrorçuların adına rast gəlmək olar.

 

Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Barış Pınarı” hərbi əməliyyatında erməni əsgərlərinin Türkiyəyə qarşı döyüşməsində də təəccüblü heç nə yoxdur. Qeyd etmək lazımdır ki, bu əməliyyatla bağlı Ermənistanın Baş Naziri Nikol Paşinyan təcili toplantı da çağırmışdı. Bunun ardınca, Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında Ermənistan parlamentinin sədri Ararat Mirzoyan çıxış edərək beynəlxalq hüququnun prinsiplərindən söz açaraq, bütün dövlətləri Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində əks olunmuş müddəalara hörmətlə yanaşılmasına çağırıb, gülünc və əsassız səbəblər gətirməklə Türkiyənin bu günlərdə terrorçulara qarşı həyata keçirilən “Barış Pınarı” əməliyyatının dayandırılmasını tələb etmək üçün parlamentarilərə müraciət edib.

 

Ermənilərin Türkiyəyə qarşı döyüşən terrorçu birləşmələrə qarşı açıq və gizli dəstəyi barədə Türkiyə kəşfiyyatında kifayət qədər faktlar və məlumatlar var. Vaxtaşırı məhv edilən və ələ keçirilən kürd terrorçuları sırasında ermənilərin də olması bunu bir daha təsdiqləyir. Suriyanın şimalında, Haseke bölgəsində qurulan və Ermənistanın xüsusi dəstək verdiyi “Nubar Ozanyan” adlı terror qrupunun Türkiyəyə qarşı müharibə elan etməsi də böyük maraq doğurur. Əvvəlcə 90 nəfərdən ibarət olan silahlı qrupun üzvləri 500-ə çatıb. Erməni qruplaşması Qamışlı, Haseke, Ras-el-Ayn, Amuda, Et-Tel-el-Abyad və Aynularab bölgələrində fəaliyyət göstərir. Suriyada qurulan erməni birliyi özünü ASALA terror qruplaşmasının davamçısı olaraq təqdim etməkdən də çəkinmir.

 

Ermənilər dəvə kimi kinli və qəzəblidirlər

 

Hal-hazırda bütün dünya əhalisi arasında cinayətkarlıq səviyyəsi durmadan artır, insanların bir-birinə qarşı qəzəbi və hiddəti də eyni dərəcədə yüksəlməkdə davam edir. Lakin beynəlxalq sorğu nəticəsində Ermənistanın bütün dünyanın ən qəzəbli yer olması kimi təsbitlənməsi maraqlı faktdır.  

 

 

İctimai rəyin öyrənilməsi üzrə ixtisaslaşan “Gallup”un “Qlobal Emosiyalar 2019” araşdırmasının hesabatı dərc olunub. 143 ölkədə insanların beş mənfi – ağrı, narahatlıq, kədər, stress və qəzəb hissləri ilə bağlı sorğu aparılıb. Bu hesabata əsasən, dünyanın ən qəzəbli milləti ermənilərdir, Ermənistanda rəyi soruşulan insanların təxminən 45%-i özlərini qəzəbli hiss edir. Planetin emosional coğrafiyasını qiymətləndirməyi nəzərdə tutan sorğuda Ermənistanın qonşuluğunda olan Azərbaycan və Gürcüstanda insanların daha yaxşı əhval-ruhiyyədə olduqları təsbit olunub.  

 

 

Ermənistanın şimalında yerləşən Gürcüstanda müsbət cavab nisbəti 27% olub, şərqində yerləşən Azərbaycan isə Qafqazın ən sakit ölkəsi kimi müəyyənləşib – burada respondentlərin 18%-i son zamanlar qəzəbləndiklərini bildiriblər.

 

Hesabata əsasən Azərbaycan, Belarus və Latviya isə ən az stress keçirən ölkələr kimi göstərilib.

 

 

Sorğunun nəticələrinə əsasən hazırlanmış hesabatda Ermənistandan kənarda yaşayan insanlara qəribə görünə bilən qəzəbin bu qədər yüksək həddə olması ilə bağlı demək olar ki, təhlil verilməyib. Amma bu məsələyə aydınlıq gətirilməsinə böyük ehtiyac vardır. Çünki bütün dünyanın nəzərləri Ermənistanda olanda, beynəlxalq KİV-lərin manşetlərində Ermənistana yer ayrılanda orada insanlar ölkənin başında uzun müddət duran avtoritar lider, nifrət etdikləri Serj Sarkisyanın devrilməsini bayram edərək sevinir, rəqs edir və kabab bişirirdilər. Lakin əhali arasında sorğu keçirilən zaman hiddəni gizlədə bilməyən cəmiyyətin daha real mənzəsini aydın müşahidə etmək olur.

 

“Gallup”un araşdırması nəticəsində, həmçinin müəyyən olunub ki, Ermənistanda stress səviyyəsi keçmiş sovet respublikaları məkanında ən aşağı olmasa da, olduqca aşağıdır. 

 

 

Dünyada ən yüksək stress səviyyəsi Yunanıstanda müşahidə olunur. Anketə cavab verənlərin 59%-i çox stressli olduqlarını söyləyiblər. Maraqlısı budur ki, Yunanıstan 3-cü dəfədir ki, bu siyahıya liderlik edir. Kinli və qəzəbli Ermənistanla dünyada ən yüksək stress səviyyəsinə malik Yunanıstanın arasında yerləşən Türkiyənin vəziyyətinə yalnız “həsəd aparmaq olar”. Yeri gəlmişkən, “Gallup”-ın analitikləri müəyyən ediblər ki, Türkiyənin əhalisi də kifayət qədər (52%) stressli yaşayır.

 

İki ölkənin – Azərbaycan və Türkiyənin arasında sıxılmış Ermənistanın durumu yəqin ki, erməniləri xoşbəxt etmir, amma geosiyasət ilə yanaşı, yetərincə dincəlməmək də erməni cəmiyyətinin aqressivliyinə səbəb olur və insanları tarazlıqdan çıxarır. “Gallup”-ın sorğusunun nəticələrinə görə, Ermənistan dünyanın ən yorğun dövlətləri arasında üçüncü yerdədir. Sorğuda həmçinin müəyyən olunub ki, Ermənistan postsovet məkanında ən təşvişli və əsəbi ölkədir. Bunu respondentlərin ifadə etdiyi narahatlıq bir daha təsdiq edib. Bölgədə ən dərdsiz adamlar isə, görünür, Mərkəzi Asiya sakinləridir.    

 

Sorğunun ən maraqlı tərəflərindən biri də budur ki, bəziləri keçirilmiş sorğunun nəticələrini şübhə altına alaraq iddia edirlər ki, bəzi ölkələrdə insanlar öz hissləri barədə daha açıq şəkildə danışırlar, məsələn “qəzəb” sözünün müxtəlif dillərdə fərqli çalarları ola bilər. Və yaxud “necəsiz?” sualı ingiliscə insanların mexaniki olaraq “əla”, ya da “yaxşı” cavablandırdığı adi salamlaşma qaydasıdır. Halbuki bu, Qafqazda adamların ailə, məişət, iş və digər problemləri haqda ətraflı cavab verə biləcəyi və nəticəyə hesablanmış həqiqi bir sual rolunda çıxış edə bilər.    

 

Erməni iqtisadçi Hrant Mikaelyan özünün analitik məqaləsində əvvəlki araşdırmaların nəticələrinə nəzər salmaqla cavab tapmağa çalışıb. “Gallup”un 2017-ci ildə keçirdiyi sorğu çərçivəsində müəyyən olunub ki, Ermənistan dünyanın daha çox ölkədən getməyə can atdıqları ölkələrin siyahısında ilk onluğunda olub, halbuki Ermənistanın qonşuluğunda yerləşən ölkələrin vətəndaşları emiqrasiyaya daha az meyilli olub. 2013-cü ildə keçirilmiş sorğunun nəticələrinə görə, ermənilər SSRİ-yə başqa postsovet ölkələrin vətəndaşlarından çox həsrət çəkirlər: respondentlərin 66%-i deyib ki, İttifaqın dağılması xeyirdən çox ziyan gətirib. Azərbaycan və Gürcüstanda isə bu dəyişikliyin yaxşılığa doğru olduğunu ifadə ediblər.

 

Mikaelyanın fikrincə, ermənilərin narazılığının və qəzəbinin səbəbi ölkədəki əlverişsiz iqtisadi durumla bağlıdır.

 

Digər ölkələrə gəlincə...

 

Hesabatdan görünür ki, Yaxın Şərqdə qəzəbin dərəcəsi daha yüksəkdir. İraqlıların 44% qəzəbli olması İŞİD-in yaratdığı döyüş məkanı nəticəsində dövlət orqanlarının fəaliyyətsiz hala gətirilməsi ilə bağlıdır. İraqlıları bu cür vəziyyət çox qəzəbləndirir. Dövləti əlacsız görürlər.

 

Qeyd edək ki, dünyada ən sakit ölkə də Estoniya – keçmiş sovet respublikasıdır. Bu, Rusiyada dəbdə olan, estonların soyuqqanlı, fleqmatik və donuq insanlar kimi göründüyü zarafatın təzələnməsinə rəvac verə bilər. Rusların dediyinə görə, yalnız estonlar saatlarla zooparkda vaxt keçirərək tənbəl heyvanların qəfəsli meydançada necə oynadığını seyr edə bilərlər. Amma Estoniya bu halda ən sonda güləcək, belə ki, o, keçmiş SSRİ dövlətləri içində ən varlı (adambaşına düşən gəlirə görə) və ən demokratik ölkədir, hər iki göstərici üzrə Rusiyanı xeyli qabaqlayır.

 

Ən az qəzəbli ölkələr – öz əhalisinin 8% və ya daha az hissəsinin qəzəbləndiyini söyləyənlər – Estoniya, Sinqapur, Finlandiya, Mavrikiy və Meksika olub. Ən az narahatlıq hiss edən ölkələr - əhalisinin 20% və ya daha az hissəsi narahat olduqlarını ifadə edən ölkələr – Tayvan, Qırğızıstan, Qazaxıstan, Sinqapur və Özbəkistan olub. Ən narahat ölkə isə Mozambikdir.    

 

Nəticə

 

İstər həyatdan subyektiv narazılıq, istər siyasi cəhətdən qeyri-stabillik, istər mədəni relativizm, ya da iqtisadi problemlər olursa-olsun, hər şey hansısa faktlarla izah olunur. “Gallup”-ın keçirdiyi sorğu nəticəsində məlum oldu ki, dünyanın ən qəzəbli cəmiyyəti Ermənistandadır. Bu qəzəbli cəmiyyəti nəzarətdə saxlamaq da böyük məharət tələb edir. Dövlət çevrilişi ilə hakimiyyətə gələn Ermənistanın rəhbərliyində duran şəxslərin cəmiyyətdə tuğyan edən qəzəbin hakimiyyətə qarşı çevrilməsi ehtimalı haqqında yaxşıca düşünməlidir.

 

Postsovet məkanında və Qafqazda ən aşağı ÜDM göstəricilərinə görə Ermənistan liderlik edir, böyük məhrumiyyətlər ilə yanaşı, burada gözlənilən, vəd edilən, arzu edilən həyat keyfiyyəti və yaşayış səviyyəsi ilə reallıq arasında böyük uçurumlar müşahidə olunur.

 

Bir ölkədə ki, hakimiyyət qəzəb üzərində qurulub, idarəçiliyə gəldikdən sonra xalqı kütləvi həbslərə məruz qoyur və insanların hüquqlarını heçə sayır, bu ölkənin vətəndaşları qəzəbli və hikkəli olmaya bilməz. Əgər hakimiyyət işğalçılıq siyasətindən əl çəkmək istəmirsə, qonşu dövlətlərə qarşı ərazi iddialarını davam etdirirsə, insanların həyatına müdaxilə edərək onu qarət edirsə, hətta öz ətrafında olan insanlardan ehtiyatlanaraq onları vəzifədən uzaqlaşdırırsa və eyni zamanda, bütün problemlərdə köhnə hakimiyyətin günahkar olduğunu israr edirsə, bu xalq şən və xoşbəxt ola bilməz!  

PAYLAŞ

Oxşarlar

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

27 İyul 2020

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, re… ƏTRAFLI

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

27 İyul 2020

Dünyada qlobal imperializmin ən strateji dayaqlarının həyati təhlükəsizlik uğrunda epidemik cəbhələrdən asılılığının davam etdiyi vaxtda liderlik … ƏTRAFLI