Yuxarıya
skip to main content

Erməni reallığı və onun intellektual böhranı

04.10.2019

 

2018-ci ildə dünyanın dörd şəhərində (ABŞ-ın Boston və Pasadena, Fransanın Marsel və Misirin Qahirə şəhərlərində) diaspora erməniləri arasında keçirilən sorğu zamanı soruşulan “özünü kim olaraq düşünürsən?” sualına verilən cavabları ən yaxşı şəkildə məhz belə təsvir etmək olar: 38 faiz “erməni”, 34 faiz “amerikalı-erməni”, “fransız-erməni” və ya “misirli-erməni”, 22 faiz isə amerikan əsilli, misir əsilli və fransız əsilli erməni. Ermənilərin cəmi 1 faizi özlərini amerikalı, fransız və ya misirli adlandırıb. Boston şəhərindəki respondentlər arasında ABŞ-da yaşayan dördüncü, üçüncü və ikinci nəsil ermənilərinin sayı yüksəkdir. Maraqlıdır ki, ermənilərin uzun illərdir ki, yaşadığı Qahirədə onların yalnız 20 faizi özlərini “erməni”, 43 faizi erməni-misirli, 30 faizi isə erməni əsilli misirli adlandırıb.

Digər şəhərlərdən və ya regionlardan olan ermənilərə yaxınlıq hiss etmə ilə bağlı suala verilən cavablar da maraq doğurub. Pasadenada yaşayan ermənilərin 67 faizi “bəli” dedikləri halda, Boston ermənilərinin 44, Qahirə ermənilərinin isə 40 faizi digər şəhər və ya regionlarda yaşayan ermənilərlə özlərini identifikasiya etmədiklərini bildiriblər. Ailəsinin eyni regiona aid olduğu ermənilərlə özünü “ailə kimi hiss etdiyi” sualına isə Pasadena və Marsel ermənilərinin böyük əksəriyyəti “bəli”, “olduqca çox” cavablarını verərkən, Boston erməniləri “yox” və ya “bunun heç bir fərqi yoxdur” cavablarını veriblər.

"Erməni identikliyini necə müəyyən edirsən?" sualına isə respondentlərin verdiyi cavabları belə kateqorizə etmək olar: 63 faiz ailə tarixi və şəxsi keçmişinə, erməni dilinə (60 faiz), xristian irsi və inanclarına (39 faiz) görə. Erməni identikliyini müəyyən edən digər faktorlar sırasına isə erməni icmasında aktivlik, “soyqırım”ın tanınması, erməni rəqsi, musiqisi və mətbəxi daxildir. Yaş kateqoriyası ilə təhlil aparıldığı zaman isə onu görə bilərik ki, “ailə tarixi” məsələsində faizlər demək olar ki eynidir. İdentikliyin müəyyənedici elementi kimi dil məsələsində isə ən gənc yaş qrupunun 72, 36-55 yaş arasındakı qrupun 57 faizi, 55 yaş və üzəri qrupun isə 52 faizi erməni kimliyinin müəyyən edilməsində dil amilinin həlledici olduğunu düşünürlər.

 

Dini və ya spiritual həyatın mühümlüyü barəsində verilən sual qarşısında isə Pasadena ermənilərinin 66, Boston ermənilərinin 55, Qahirə ermənilərinin isə 46 faizi aktiv spiritual həyat yaşadığını bildirib. Diasporada din və inanc üzərində aparılan tədqiqatlar Ermənistan cəmiyyətinin baxışları ilə uyğunluq təşkil edir. Dolayısı ilə, spiritual həyat baxımından Pasadena ermənilərinin daha aktiv olduğu vurğulanmalıdır. Spiritual olaraq aktiv həyat 55 və üzəri yaş qrupuna daxil olan ermənilər arasında daha yüksəkdir. Pasadenada hər 10 ermənidən 4-ü spiritual həyat ideyasını sevdiyini, lakin aktiv olmadıqlarını söyləyiblər.

 

 

2018-ci ildə "PEW Research Center" tərəfindən aparılan araşdırmaya görə, hər 10 ermənidən 8-i (82 faizi) Xristianlığın erməni identikliyi üçün çox mühüm və ya mühüm olduğunu qeyd edib. İnanc məsələsinə gəldikdə isə 95 faiz “Allaha inandığını” (bunun 79 faizi mütləq şəkildə müəyyəndir) və cəmi 4 faiz “Allaha inanmadığını” bildirib. Eyni sorğuda iştirak edənlərin 53 faizi dinin öz həyatlarında çox əhəmiyyətli olduğunu, 34 faiz ayda bir dəfə kilsəyə getdiyini, 45 faiz isə gündəlik dua etdiyini qeyd edib.

        

Digər maraqlı məqam ondan ibarətdir ki, "PEW Research Center"in daha əvvəl Mərkəzi və Şərqi Avropada dini inanclar və milli mənsubiyyət haqqında apardığı araşdırma Ermənistanı 18 ölkə arasında ən yüksək dərəcə ilə qeyd edib. Belə ki, ermənilərin qonşu ölkələrə nisbətən öz həyatlarına daha fəlsəfi yanaşdığı vurğulanıb. Ermənistanda respondentlərin 79 faizi həyatın mahiyyəti və məqsədi haqqında tez-tez düşündüklərini, 83 faizi alın yazısına, 72 faiz isə “möcüzələrə” inandıqlarını vurğulayıblar.  

        

Əsrlər boyu olduğu kimi, bu gün də Xristianlıq və erməni kilsəsinin erməni identikliyinin müəyyən edilməsində ən həlledici rola malik faktor olduğunu qeyd etməliyik. Erməni xristianlığının tarixi ermənilərin tarixi və onların yüzillər boyu yaşadığı təlatümlər ilə iç-içə keçib. Erməni dili, ədəbiyyatı, memarlığı və musiqisi Xristian irsinin dərin təsiri altında olub. Bu gün 3 milyon erməni əhalisinin  94.7 faizi erməni apostol kilsəsinə, 4 faizi isə katolik, protestant və rus ortodoks inancına bağlıdırlar. Son onillikdə qlobal şəkildə kilsəyə və dini institutlara formal üzvlük baxımından ciddi azalma müşahidə edilsə də, ermənilərin böyük əksəriyyəti hələ də Xristianlığın güclü rolunu və əhəmiyyətini birmənalı olaraq bildirirlər.

        

Dörd şəhərdə (Pasadena, Boston, Qahirə və Marseldə) keçirlən sorğu zamanı erməni icması və ya tədbirlərində aktiv iştirak etmədiklərini bildirən respondentlərin əksəriyyəti bunun səbəbini zaman məhdudiyyəti və maraqlı fəaliyyətlərin təşkil edilməməsi ilə əlaqələndiriblər. Respondentlərə görə, lokal erməni icmalarının gücünə zərbə vuran əsas amillər bunlardır: daha gənc nəsli maraqlandıra biləcək fəaliyyətlərin çatışmazlığı (41 faiz), güclü və vizyoner liderliyin yoxluğu (38 faiz) və qarışıq evliliklər (32 faiz). Əksər respondentlər lokal icmalarda ehtiyac duyulan fəaliyyətlərin daha gənc nəsli və yeniyetmələri özündə ehtiva edən fəaliyyətlər olduğunu bildiriblər. Bura erməni tarixi, dili, incəsənəti, musiqisi haqqında mühazirələr, erməni məktəbləri və uşaqların kultural fəaliyyətləri, yay düşərgələri və skoutlar daxildir. Əsasən də, Qahirə, Pasadena və Marsel ermənilərinə görə, öz icmalarının gücü qarşısında başlıca təhdid qarışıq evlilikdir. Bu şəhərlərdə sorğu aparılan ermənilərin 50 faizi "flirt" və ya evlilik seçimlərində partnyorlarının hamısının erməni olduğunu, 20 faiz isə heç birisinin erməni olmadığını bildirib. Respondentlərin 71.5 faizi isə (təxminən üçdə ikisi) həyat partnyoru seçimində partnyorun erməni olmasının çox əhəmiyyətli olduğunu qeyd edib. Bu amilin qadınlardan daha çox kişilər üçün mühüm olduğu sorğunun ortaya çıxardığı başqa bir nəticədir. Miqrasiya nəsilləri arasındakı müxtəlifliklər də diqqətçəkən bir məqamdır. Özlərinin ilk nəsil olduğu ermənilərin 68 faizi erməni həyat partnyoru tapmağın çox mühüm olduğunu bildirib. Qeyd edək ki, Pasadena ermənilərinin 59, Qahirə ermənilərinin isə 55 faizi evlənmək üçün həyat partnyorunun erməni olmasının vacibliyini vurğulayıblar. Bu baxımdan nisbətən aşağı göstərici Boston erməniləri arasındadır (34 faiz).

 

Sorğuda iştirak edən Pasadena ermənilərinin 90 faizi erməni dilini öyrəndiklərini, 68 faizi isə erməni mətbəxi və yemək bişirmə tərzlərini mənimsədiklərini bildiriblər. Kultural fəaliyyətlər baxımından göstəricilər Boston erməniləri arasında daha güclüdür. Belə ki, qeyd edilən şəhərdə yaşayan ermənilərin 61 faizi erməni musiqisi və rəqslərini öyrəndiklərini ifadə ediblər. Kişilərə nisbətən qadınların erməni musiqisi və rəqslərini öyrənməyə daha meyilli olduqları (91 faiz) müşahidə edilir. Erməni məktəblərində iştirak da bir icmadan digər icmaya, bir nəsildən digər nəslə fərqli nəticələr göstərib. Qahirə ermənilərinin 73 faizi erməni məktəblərində iştirak etdiklərini, 14 faizi 1-2 və ya 3-5 il, digər 14 faizi isə ümumiyyətlə bu məktəblərdə iştirak etmədiklərini bildiriblər. Boston ermənilərinin 69 faizi günlük erməni məktəblərində ümumiyyətlə iştirak etmədiklərini bildirib. Pasadena və Marseldə günlük erməni məktəblərində iştirak edən ermənilərin sayının çoxluğu son illərdə Ermənistan və Orta Şərqdən gələn immiqrantlar ilə bağlıdır.

        

Gündəlik erməni məktəblərində təmin edilməsi gözlənilən ən mühüm məsələlər sırasında erməni dilinin tədrisi birinci yerdədir. Respondentlərin 15 faizinə görə isə bu məktəblər uşaqların erməni olmaqdan zövq almalarına şərait yaradacaq isti mühit yaratmalıdır.

        

Heç də təəccüblü deyil ki, “erməni soyqırımının” tanınması diaspora birliklərinin hamısının bölüşdüyü birləşdirici məsələdir. Hər 10 respondentdən 9-u bu məsələni mühüm və ya olduqca mühüm hesab edir. Yalnız Marsel ermənilərinin 17 faizi bu məsələnin ümumiyyətlə əhəmiyyətli olmadığını, 81.5 faizi isə çox mühüm olduğunu bildirib. “Erməni soyqırımı” məsələsində son illərdə bir neçə parlamentarinin iştirakı ilə Misirdə ciddi mobilizasiya müşahidə edilir. M.Mursi hakimiyyətinin devrilməsindən sonra Türkiyə ilə gərginləşən münasibətlər kontekstində hakim siyasi maraqlara da uyğun gələn bu diqqət “soyqırımın” yüzilliyində xüsusi momentum qazanmışdı.

        

Diaspora üzvü olan hər 10 respondentdən 8-i heç bir siyasi partiyaya mənsub olmadığını bildirib. Partiya mənsubiyyəti 20 faizdən daha aşağıdır. Qeyd edilən dörd şəhərdə aparılan sorğunun respondentlərinin 13.5 faizi ARF (Ermənistan İnqilabi Federasiyası – Daşnaksütyun partiyası) üzvü olduqlarını bildiriblər. Sosial-Demokrat Hunçak Partiyasının və Ermənistan Liberal-Demokrat partiyalarının üzvü olan Diaspora ermənilərinin sayı 3 faizdən daha aşağıdır.

        

Xeyriyyə qurumlarına verilən maliyyə yardımları perspektivindən ABŞ-ın filantropiya ənənəsini özündə əks etdirən Boston icması daha yardımsevərliyi ilə xüsusi olaraq fərqlənir. Qahirə icmasının daha az maliyyə yardımı etməsi isə bu icmanın institutlarının yaxşı və konstant şəkildə maliyyələşdirilməsi ilə bağlıdır. Respondentlərin böyük əksəriyyəti üçün Orta Şərqdə yerləşən erməni diaspora icmalarına yardım etmək prioritet məsələ hesab edilir.

        

Sovet İttifaqının sonu və Ermənistan Respublikasının elan edilməsi Ermənistan cəmiyyətini dərin tranformasiyaya uğratdı. Buna paralel olaraq, erməni Diasporası da daxili transformasiyaya məruz qaldı. Müstəqilliyin ilk illərində Ermənistan sosial, siyasi və iqtisadi keçid dönəmləri yaşadı. Erməni Diasporası bu dövrdə ölkənin yaşadığı çatışmazlıqlara qarşı anlayış göstərsə də, 90-cı illərin ortalarından başlayan siyasi proseslər, sosial ədalət, insan hüquq və azadlıqlarının məhdudluğu əksər diasporaçıları məyus edən amillər idi. 

Bir milli dövlət və ana vətən kimi Ermənistan hər 10 respondentdən 9-u üçün olduqca mühüm və ya çox mühüm olaraq dəyərləndirilib. Xüsusən də Qahirə ermənilərinin Ermənistan və Qarabağ ilə sıx əlaqələri var.  Ermənistana 3 dəfə və ya daha çox səyahət edənlər arasında da Qahirə erməniləri seçilir. Diasporaçı ermənilər arasında Ermənistana səyahət etmək arzusu kifayət qədər güclüdür. Hər 4 respondentdən biri heç vaxt Ermənistanda olmayıb. 35-54 yaş qrupu arasındakı hər 10 ermənidən 9-u Ermənistana səfər etməyi qarşıya məqsəd qoyduğunu bildirib. Ermənistanda və Qarabağ ətrafında baş verən proseslərə yaxınlıq da disaporanlar arasında nəzərəçarpacaq dərəcədədir. Hər 10 ermənidən 4-ü Ermənistan və Qarabağda baş verən hadisələri mütəmadi olaraq izlədiklərini bildiriblər. Xüsusən Boston erməniləri, 55 yaş və üzərindəki ermənilər, əsasən də qadınlar (42 faiz) Ermənistanda və Qarabağda baş verən hadisələr ilə yaxından maraqlandıqlarını qeyd ediblər.

        

Ümumi olaraq götürdükdə hər 10 respondentdən 7-si hesab edir ki, Ermənistanı dəstəkləməyin ən effektiv yolu iqtisadi inkişafa təkan vermək və iş imkanları yaratmaqdır. Bu düşüncə xüsusən də Marsel erməniləri (73 faiz) və 35-54 arası yaş qrupuna daxil olan ermənilər arasında (69 faiz) daha güclüdür. Amerikanın “təhsil paytaxtında” – Bostonda yaşayan ermənilərin isə 59 faizi düşünür ki, Ermənistanı dəstəkləməyin ən effektiv yolu ölkədə insan hüquqları və demokratik quruculuğu gücləndirməklə mümkündür.

 

Qeyd edilən dörd şəhərdə aparılan sorğu 2018-ci il məxməri inqilabdan iki ay sonra reallaşdırılıb. Dolayısı ilə diaspora ermənilərinin verdikləri cavablara bu inqilab və onun nəticələrinin də təsir etməsi nəzərə alınmalı olan mühüm bir nüansıdır. Ermənistanın uğurları və simpatiya duyduqları liderlər haqqında suallara da ən çox verilən cavablar Nikol Paşinyan və 2018-ci il məxməri inqilabından ibarət olub. Buradan aydın olur ki, ermənilər arasında diletant "siyasətçi" Paşinyana münasibət hələ də yekdil və birmənalı deyil.       

 

30-50 min arası erməninin yaşadığı Bostonda ermənilər əsasən kiçik biznesslə məşğuldur: dərzi, baqqaliyyə, ayaqqabı ustası və s. Bostonda Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya, Amerika Erməni Muzeyi, Erməni Kultural Fondu, Beynəlxalq Erməni Qadınlarının Assosiasiyası və Bostonun mərkəzinə doğru “Soyqırım Memorialı” ilə birlikdə Erməni İrs Parkı yerləşir. Şəhərdə həmçinin erməniləri bir yerə toplayan dini mərkəzlər və erməni apostol kilsəsi də mövcuddur. Eyni zamanda "Armenia Tree Project", "Knights and Daughters of Vartan" və "Cambridge-Yerevan Sister City Association" kimi "xeyriyyə" qurumları və mədəni fəaliyyətlər həyata keçirən təşkilatlar mövcuddur. Bostonda yerləşən “Armenian Mirror Spectator” və “Armenian Weekly” kimi qəzetlər də onlayn və çap formasında dərc olunur.

 

Qahirədə yerləşən Erməni Xeyriyyə Birliyi 1906-cı ildə Misirin baş naziri Nübar paşanın oğlu Boqos Nübar tərəfindən yaradılıb. Təşkilatın mərkəzi 1922-ci ildə Parisə, 1942-ci ildə Nyu-Yorka köçürülsə də, biri Qahirədə, digəri isə İsgəndəriyyədə olmaqla onun Misirdə iki qolu mövcuddur.  Bu məktəb 1854-cü ildə Qarabed Ağa Kalusd tərəfindən yaradılıb.

       

Fransanın ikinci ən böyk şəhəri olan Marseldə ermənilən ilkin mövcudluğu XVI əsrin sonundan etibarən başlayır. Onlar, Marselə İrandan gedən erməni tacirləri idi. XVII əsrin sonunda isə bu şəhərdəki erməni icmasının sayı 400 nəfəri əhatə edirdi. Marseldə erməni dilində ilk çap evi arxiyepiskop Oskan Yerivantsi tərəfindən 1669-cu ildə yaradılıb. Sonrakı dövrlərdə Fransa ilə İran (Persiya) arasındakı diplomatik münasibətlərdə ermənilər kilid rol oynayırdılar. 1850-ci illərdən etibarən isə erməni tacirlər Osmanlı İmperiyasından Marselə səyahət etməyə və həm öz bizneslərini, həm də icma həyatı anlayışını orada formalaşdırmağa başladılar. Ermənilərin Marselə ən böyük axını 1894-96 və 1915-ci hadisələri zamanı baş verib. Həmin zaman heç bir identifikasiya sənədi olmadan Fransaya gedən ermənilərin doğum və baptizm sertifikatlarını əldə etmələri Fransa hakim dairələri ilə sıx əlaqədə olan erməni kilsəsi tərəfindən koordinasiyalı şəkildə reallaşdırılıb. Bundan sonra ermənilərin böyük bir hissəsi qaçqın düşərgələrinə çevriləcək hərbi düşərgələrə göndərildi. 1922-27-ci illərdə 5500 erməni qaçqınını qəbul edən “Camp Oddo” bu düşərgələrdən ən böyüyü idi. İkinci Dünya Müharibəsindən əvvəlki dövrlərdə yepiskop Krikoris Balakiyanın rəhbərliyi altında erməni kilsəsi və digər diaspora qurumları şəhərdəki erməni icmasının həyatının təşkilatlandırılması və inkişafında mərkəzi rol oynadılar.

        

Bomon ərazisi Marsel şəhərinin erməni icmasının ilkin mərkəzi olub. Qaçqın düşərgələrinin şərtlərindən yorulan ermənilər tədricən şəhərin mərkəzinə doğru hərəkət etməyə, mülk almağa və öz kiçik biznesslərini qurmağa başlayıblar. Bu gün Bomon ərazisində sayları 15-17 min ətrafında olan ermənilər əsasən sənətkarlıq, zərgərlik, ayaqqabı ustası və digər kiçik biznes sahəsi ilə məşğul olan ermənilərdir. Şəhərdə fransız-erməni dilli “Hamaskain” məktəbi 1980-ci ildən fəaliyyət göstərir. Ermənistan İnqilabi Federasiyasının bir klubu olan Hamaskain Mədəni Assosiasiyası, Erməni Xeyriyyə Birliyi, Ani Mədəni Mərkəzi və Bomon Erməni Evangelik Kilsəsi şəhərdə erməni icmasının həyatını qoruyan, eləcə də "mədəni fəaliyyətləri" təşviq edən təşkilatlardır.

        

Pasadena şəhərində ermənilərin varlığı ilk dəfə 1895-ci ildə bir qəzet məqaləsində qeyd olunur. Bu, Birinci Konqreqasiyonal Kilsəsində qonaq spiker kimi dəvət edilən  Miliçoniyan adlı bir din adamı idi. 1923-cü ildə artıq 2500-3000 erməninin Pasadena şəhərində yaşadığı qeyd olunur. Pasadenaya erməni miqrasiyasının növbəti böyük dalğası isə Livan Vətəndaş Müharibəsi (1975-1990) dövründə baş verdi. Ona görə də, Pasadena ermənilərinin böyük hissəsini 1980-1990-cı illərdə gələn Livan və Suriya erməniləri təşkil edir. Bu şəhərdə də, evangelik və apostolik ermənilər tərəfindən tikilən kilsələr, erməni dili və tarixini tədris edən məktəblər mövcuddur.

 

         Aparılan sorğudan ortaya çıxan nəticələri belə sıralamaq olar:

 

1) Respondentlərin böyük əksəriyyəti (94 faiz) erməni diasporasının davamlılığını çox mühüm hesab edir. Onların 84 faizi isə diasporanın Orta Şərqdəki erməni icmalarına yardım etmək üçün əhəmiyyətli olduğunu bildirib. Ənənəvi olaraq “erməni soyqırımı” və Ermənistan Respublikası diaspora daxilindəki diskurs, tədqiqat və maliyyələşdirmənin fokusunda dayanır.

 

2) Ermənistan dövlətinin varlığı respondentlərin 90 faizi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Onların 75 faizi ən azı bir dəfə ölkəyə səfər ediblər.

 

3) Respondentlərin demək olar ki hamısı erməni dilinin, tarixinin və dininin həm özləri, həm də erməni identikliyi üçün vacib olduğunda həmfikirdirlər. Lakin bu məsələ ilə bağlı şəhərlər arasında variasiyaların üzə çıxdığını da qeyd etməliyik.

 

4) Hər dörd icma daxilində apostol, evangelik və katolik ermənilər arasında aparılan bu tədqiqata əsasən Xristianlığın erməni identikliyinin ən mühüm parçası olduğu reallığı bir daha təsdiqlənib. Ümumi olaraq dörd icmanın respondentlərinin 70 faizi bir erməni kilsəsində evlənməyin zəruriliyini bildirib. Kişi respondentlərin 43 faizi isə evlənəcəkləri qadının Kilsə tərəfindən təqdir edilməli olduğunu düşünür.

 

5) Qeyd edilən dörd şəhərdəki respondentlərin Ermənistan əhalisinin böyük bir hissəsinə nisbətən daha aktiv olmalarına rəğmən, onların üçdə ikisi heç bir erməni siyasi təşkilatı və ya partiya mənsubiyyətinin olmadığını qeyd edib.

 

Sürətlə qloballaşan dünyada milli, dini və kultural identikliklərin zəifləməsi prosesləri müşahidə edilir. Lakin özlərini Ermənistan erməniləri kimi qapalı və mühafizəkar olaraq xarakterizə etməsələr də, Diaspora ermənilərinin də böyük əksəriyyətinin dini-kultural identiklik məsələsində kifayət qədər mühafizəkar olduqları qeyd edilməlidir. Lakin Ermənistan ermənilərində, habelə diaspora ermənilərində mövcud olan bu mühafizəkarlığın sosietal durğunluğa səbəb olduğunu müşahidə edən Beyrut Amerikan Universitetinin kulturologiya, fəlsəfə və incəsənət üzrə professoru Seta Dadoyan bildirir ki, XXI əsr “erməni reallığının” müxtəlif dimensiyalarını müəyyən etməyə çalışsaq, heç şübhəsiz ki, bu reallığın qlobal şəkildə üzləşdiyi siyasi, iqtisadi, kultural və sosial dəyişiklikləri mütləq vurğulamalı olacağıq. Erməni ictimai diskursunda ümumiyyətlə mövcud olmayan və üzərində adekvat şəkildə düşünülməyən bu tənqidi cəhət diaspora və Ermənistan ermənilərinin şahidlik etdikləri sürətli qlobal təlatümlər qarşısında yaşadıqları “intellektual böhrandır”. Onun “2015: Keçmişə və Gələcəyə baxışda erməni şərti: Bir diskurs” adlı kitabı müasir dövr  “erməni reallığının” intellektual böhranını işıqlandıran mühüm tənqidi zəka məhsulu hesab edilə bilər. “Erməni Soyqırımının” yüzilliyində yazılmaqla, Dadoyanın kitabı eyni zamanda ideoloji durğunluq və dominasiyadan kənarda yeni bir məkan açan və erməni “meta-sistemini” yenidən qiymətləndirən tarixi-fəlsəfi traktat olaraq da təsvir edilməlidir. S.Dadoyanın bu kitabı erməni sosio-siyasi həyatının və orqanizasiyasının bütün aspektlərinin təməlini təşkil edən paradiqmalar üzərində dərin refleksiya olaraq qiymətləndirilir. Erməni tarixi üzərində müzakirələrin özəyinə yeni perspektivlər daxil edən S.Dadoyan Ermənistan tarixinin hegemon və sümükləşmiş paradiqmalarına meydan oxumaqla “erməni reallığını” dünya və regional tarixin daha geniş kontekstinə yerləşdirir. O bildirir ki, “soyqırım” fenomeni sadəcə ermənilər üçün unikal deyil və Orta Şərqdə, eləcə də dünyanın digər regionlarında bu fenomenlə tez-tez qarşılaşmaq mümkündür. Buna görə də, erməni reallığının intellektual böhranının məsuliyyətini daşıyan tarixçilər modern Ermənistan tarixini “soyqırım mifinə” əsaslanmadan yazmalı və alternativ interpretasiyalar ilə çıxış etməlidirlər. Çünki bu mifləşdirmə inkişafın motoru deyil, durğunluğun səbəbidir.

 

Dadoyana görə, erməni ənənələrinin, narrativlərinin və təfəkkürünün durğunluğu bu şərtlərdə ortaya çıxan intellektual böhranın təməlini təşkil edir. O qeyd edir ki, ermənilər öz tarixlərini tənqidi baxımdan yenidən dəyərləndirmədən “soyqırımın” yüzilliyinin keçmiş və gələcək arasında bir körpü yaratmaq mümkünlüyü itirilmiş olacaq. Erməni diasporasına məxsus olan, eləcə də Respublika daxilindəki siyasi, kultural və dini institutlar sadəcə monolit diskurslar formalaşdırmaqla tənqidi yanaşmalar və araşdırmalar üçün adekvat məkanı bağlayır. Bu, diasporada “ana vətən” ideyasından “dövlət” ideyasına konseptual keçidin çox yavaş və faydasız olması ilə nəticələnib.

 

Dadoyan qeyd edir ki, erməni ziyalıları bu böhranı dərk etməli, onun dimensiyalarını müəyyənləşdirməli və “gələcək erməni əsri” üçün yeni paradiqmalar irəli sürməlidir. Onun fikrincə, əgər tarixçilər, sosioloqlar və digər ziyalılar bu çox əhəmiyyətli rolu icra etməsələr bu intellektual durğunluğun yaratdığı böhran bütün dünya erməniləri və Ermənistan cəmiyyəti üçün dərin katastrofalar vəd edir.

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.