Məqalələr

Əmək bazarının tələbləri və kadr hazırlığı

avatar
Aqşin Məmmədov
2019-09-24

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.

 

Dünya və Azərbaycan təcrübəsi: Bakı Ali Neft Məktəbi nümunəsində
 
Prussiyalı təhsil fəlsəfəçisi Vilhelm Humboldtun yanaşmasına əsasən universitetlər 200 ildən çoxdur ki, təkcə iqtisadiyyat üçün kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların, həll yollarının formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir.
 
Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa, bilik iqtisadiyyatının formalaşmasında mühüm rol oynamağa, iqtisadi inkişaf üzərində ciddi pozitiv təsirlər yaratmağa başlamışdır. Eyni zamanda müasir dövrün çağırışları və gündən-günə kəskinləşən əmək bazarının tələbləri universitetlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlilik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıblar. Bu səbəbdəndir ki, dünyanın aparıcı universitetləri də məzunlarının universitetdən sonrakı həyatı, işlə təminatı prosesini ciddi şəkildə izləyir, onlarla əlaqə saxlayır, lazım olduqda hətta onlara kömək edirlər. Əvəzində sonrakı məhrələdə artıq həyatda nüfuzlu yer qazanmış, hətta təmsil oldunduqları elm sahələrində Nobel mükafatı qazanmış bu məzunlar öz doğma universitetlərinin nüfuzuna nüfuz qatır, ianələr və yardımlarla köməklik göstərir, təhsil təqaüdlərinin formalaşdırılmasında yaxından iştirak edirlər.
 
 
Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkəti dünya universitetlərinin məzunlarının işlə təmin olunma keyfiyyəti üzrə növbəti reytinqini (QS Graduate Employability Ranking - 2019) açıqlayıb (www.topuniversities.com/university-rankings/employability-rankings/2019).
  
Məzunları əmək bazarında asanlıqla iş tapan ali məktəblərin siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir. Göründüyü kimi, dünyanın ən nüfuzlu texnologiya yönümlü ali məktəbinin məzunlarına əmək bazarında xüsusi tələbat var. MIT məzunların işlə təmin edilməsi keyfiyyətinə görə 4 pillə önə keçərək bu kateqoriyada ən yaxşı ali məktəb statusunu qazanıb. Bu universitet həm də dünyanın ən yaxşı universitetlərinin qlobal reytinqinə də başçılıq edir. Ümumiyyətlə, son bir neçə ildir ki, dünya universitetlərinin reytinq sıralanmasında ilk onluqdakı (hətta ilk beşlikdəki) yerlərini heç bir universitetə güzəştə getməyən ABŞ-ın (Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti, Harvard Universiteti, Kaliforniya Texnologiya İnstitutu) və Böyük Britaniyanın (Oksford Universiteti, Kembric Universiteti) ali təhsil müəssisələri bu gün həm də qlobal təhsil trendlərini müəyyənləşdirirlər. Qeyd edək ki, QS şirkətinin dünya universitetləri məzunlarının işlə təmin olunma keyfiyyəti üzrə reytinqində postsovet məkanı ölkələrindən yalnız Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) düşə bilib. MDU reytinqin iki ən əhəmiyyətli - “Məzunların müvəffəqiyyəti” (top-20) və “İşə götürənlər  arasında nüfuzu” (59 yer) göstəricilərinə görə dünyanın ən yaxşı ali məktəblərinin top-100-lüyünə düşə bilib. İkinci göstərici üzrə MDU ötən illə müqayisədə 5 pillə irəliləyib. MDU-nun rektoru, akademik V.Sadovniçi reytinqin nəticələrini belə şərh edib: “MDU-nun məzunları dünyanın ən uğurluları arasındadır. Məzunların işlə təmin olunma reytinqində MDU-nun mövqeyi, işəgötürənlər arasında nüfuzu ildən ilə güclənir. Bu, onu deməyə əsas verir ki, universitet düzgün yoldadır. MDU-nun bazasında Rusiyanın işəgötürənlərin, tələbələrin, aspirant və gənc əməkdaşların başlıca görüş yeri olan ən qədim elm parkı yerləşir. MDU ölkənin və dünyanın öz sahələrində lider olan ən nəhəng işəgötürən şirkətləri ilə əməkdaşlıq edir. Universitet “Alibaba” qrupu ilə tərəfdaş olan ilk Rusiya ali məktəbidir”.
 
 
Onu da əlavə edək ki, tədqiqatın metodologiyası QS-in digər reytinqlərindən əhəmiyyətli dərəcədə fərqlənir, çünki burada əsasən başlıca meyar “İşə götürənlərin arasında nüfuz” (30%), həmçinin “İşə götürənlərlə əməkdaşlıq” (25%) və “Məzunların müvəffəqiyyəti” (25%) göstəriciləri hesab olunur. QS şirkətinin dünya universitetləri məzunlarının işlə təmin olunma keyfiyyəti üzrə reytinqində universitetlərin sıralanması aşağıdakı kimidir:
Bəs Azərbaycanda vəziyyət necədir?
 
Hansı universitet əmək bazarının tələblərinə uyğun kadr-məzun yetişdirə bilir? İşəgötürən hansı universitetlərin məzunları arasında özünə layiq bildiyi mütəxəssisi axtarıb tapa bilər? Aparılan araşdırmalar göstərir ki, ölkəmizin aparıcı universitetlərinin tərkibində tədris, tələbə və məzunlarla iş şöbələri fəaliyyət göstərsə də, nəticəyəyönümlülük istiqamətində aparılan işlər qənaətbəxş deyil. 2011-ci ildə yaranmasına baxmayaraq Bakı Ali Neft Məktəbi (BANM) ölkəmizin bir neçə onillik tarixi olan ali təhsil müəssisələrinə örnək ola biləcək uğurlar qazanmışdır. 2017-ci ildə BANM, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbinin ilk qrupları bu ali məktəbdə tədrisə başlayıb. Layihə İdarəetmə Məktəbi BANM və “Stratex” şirkətinin birgə əməkdaşlığı ilə uğurla davam edir. BANM-in xarici şirkətlərlə əməkdaşlıq, yerli və xarici şirkətlərin peşəkar mütəxəssisləri tərəfindən BANM-də tələbələr üçün təlimlər, mühazirələrin təşkil olunması, BANM tələbələrinin təhsillə yanaşı, həm də müxtəlif ictimai layihələrdə yüksək nəticələr göstərməsi, qısa müddət ərzində ictimaiyyət arasında qazanılan etibar və bu kimi digər nailiyyətləri Azərbaycanın ən yüksək intellektli gəncliyini burada təhsil almağa cəlb edir.
 
BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə ali məktəbdir ki, ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını alıb. Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM 2017-ci ildə ilk məzunlarını yola salıb. Ali məktəbdən “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 48 nəfər, “Kimya mühəndisliyi” ixtisası üzrə 54 nəfər olmaqla cəmi 102 nəfər məzun olub. Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var. BANM-ın 2017-ci il məzunlarının çalışdığı müəssisələr üzrə statistikası aşağıdakı kimidir:
Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən bu ali məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla məzun olmazdan qabaq həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri yaxından tanımış olur. Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində tələbələrə master-klasslar, təlim və seminarlar keçirlər. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.
 
2018-ci ildə ikinci buraxılış zamanı bu ali məktəbdən “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 35 nəfər, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 16 nəfər və “Kimya mühəndisliyi” ixtisası üzrə 41 nəfər olmaqla cəmi 92 nəfər məzun olub. BANM-ın 2018-ci il məzunlarının çalışdığı müəssisələr üzrə statistikası aşağıdakı kimidir:
 
BANM-ın 2018-ci il məzunları öz təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura pilləsində davam etdirirlər. Onların sayının statistikası aşağıdakı kimidir:
 
 
   
Beləliklə, çox qısa zaman müddətində BANM Azərbaycanın nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilib. BANM-ın əsas məqsədi neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili bilikləri və bacarıqları olan və əmək bazarının tələblərinə tam cavab verən yeni nəsil mühəndis kadrları hazırlamaqdır. BANM-ın tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın bütün müəssisələrində istehsalat təcrübəsi keçirlər, bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.
 
Sonda onu da əlavə edək ki, hal-hazırda Təhsil Nazirliyinin tabeliyində 20, digər nazirlik və komitələrin tabeliyində 13 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bundan başqa, özəl ali təhsil müəssisələrinin sayı 11, xüsusi təyinatlı ali təhsil müəssisələrinin sayı isə 7-dir. Təbii ki, hər bir ali təhsil müəssisəsinin əsas məqsədi Azərbaycan üçün yüksək ixtisaslı kadrlar yetişdirməkdir. “ADA” Universiteti, Azərbayacan Dövlət İqtisad Universiteti (UNİEC), Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbayacn Tibb Universiteti və digər ali təhsil müəssisələri də məzunlarının təkcə respublika səviyyəsində deyil, beynəlxalq əmək bazarının tələblərinə uyğun hazırlanmasında maraqlıdırlar. Araşdırdığımız mövzu ilə bağlı yalnız BANM-dan məlumatlar əldə edə bildiyimizdən bu məqalədə ondan nümunələr gətirdik. Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik. Digər ali təhsil müəssisələrindən məlumatlar əldə etdikcə bu mövzuya yenidən qayıdacağıq.

 

PAYLAŞ

Oxşarlar

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

27 May 2020

28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə Türk Dünyasında və Müsəlman Şərqdə Azərbaycan ilk Xalq Cü… ƏTRAFLI

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

23 May 2020

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının a… ƏTRAFLI

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

22 May 2020

Sovetlərdə bir çox səbəbdən dolayı ən uzun dönəm kimi xarakterizə edilən, dinə qarşı kəskin mübarizənin başlaması ilə yadda qalan bu d&… ƏTRAFLI