Yuxarıya
skip to main content

Dünyanın göz yumduğu rəzalət və pozitiv nümunədə bizim ölkə

24.09.2020

Dünyada hər il təxminən 40 milyon uşağın istismara məruz qaldığı təxmin edilsə də, ABŞ, İngiltərə, Almaniya və Hindistan kimi ölkələrdə çox sayda hadisənin olduğu diqqət çəkir. Hər il dünyada milyonlarla uşaq fiziki, cinsi, emosional və iqtisadi cəhətdən bir çox fərqli istismara məruz qalır. Bəzi ölkələrdə uşaq istismarının ört-basdır edilməsi obyektiv araşdırmaların qarşısını alır və görülən tədbirlərə baxmayaraq, istismar dərəcələri gündən-günə artmağa davam edir. Avropa Şurasına görə, Avropada hər 5 uşaqdan 1-i bir növ cinsi zorakılıqla qarşılaşır. İngiltərədə yerləşən Uşaq İşgəncələrinin Qarşısını Alma Milli Birliyinin (NSPCC) məlumatına görə, ölkədə 20 uşaqdan 1-i cinsi istismara məruz qalır. Anadolu Agnetliyi beynəlxalq mənbələrə istinadən qeyd edib ki, İngiltərə Daxili İşlər Naziri Sajid Cavidin 2018-ci ildəki açıqlamasına görə, son 5 ildə ölkədə uşaqlara qarşı şiddət və cinsi məzmunda yüzdə 700 artım var. İsveçrə də uşaqlara qarşı istismara görə birinci yerdədir. İsveçrə Pediatriya Birliyinin (SSP) topladığı son statistikaya görə, 2018-ci ildə ölkədə uşaq istismarı qurbanlarının sayı əvvəlki ilə nisbətən yüzdə 10 artıb. İsveçrənin 9,5 milyon əhalisinə baxmayaraq, hər il təxminən 11 min uşaq istismarı hadisəsi qeydə alınır. Almaniyanın Ulm Universiteti tərəfindən 2017-ci ildən bəri tərtib edilən məlumatlara görə, ölkədə 7 nəfərdən 1-i uşaqlıq və ya yeniyetməlik dövründə cinsi istismara məruz qalır.

 

 

Avstraliya uşaqlara qarşı sui-istifadə halları ən yüksək olan ölkələrdən biri kimi seçilir. 2017-ci ildə uşaqlara qarşı sui-istifadə ilə bağlı 5 illik hökumət araşdırmasından sonra hazırlanan hesabatda ölkədəki bir çox qurumda uşaq istismarının baş verdiyi ortaya çıxdı. Yenə də Avstraliya hökumətinin məlumatlarına görə, ölkədə hər il təxminən 50.000 uşaq cinsi istismara məruz qalır. Həqiqi sayın tam olaraq bilinməyəcəyini vurğulayan hesabatda, hadisəni törədənlərin əksəriyyətinin Katolik dini məmurları və məktəb müəllimləri olduğu vurğulandı. Hollandiya uşaqlara qarşı cinayət görüntülərinin internetdə ən çox yükləndiyi ölkə olaraq seçilir. IWF 2018-ci ildə uşaqlara qarşı sui-istifadə görüntülərinin yayımlandığı 105 mindən çox veb saytın 47 faizinin Hollandiyada olduğunu bildirmişdi. IWF uşaqlara qarşı sui-istifadə şəkilləri ilə onlayn qarşılaşan hər kəsin bunları məlumat verə biləcəyi müstəqil bir təşkilatdır. Müxtəlif veb saytların, sosial şəbəkələrin və təhlükəsizlik qüvvələrinin əməkdaşlığı ilə bu cür görüntülər internetdən silinir və ekspertizaya aparılır. 1996-cı ildən bəri bir milyondan çox hesabat qiymətləndirilib. IWF-nin 2018-ci il üzrə illik hesabatında uşaqlara qarşı zorakılıq görüntülərinin 105047 internet ünvanında tapıldığı bildirilir. IWF qeyri-qanuni şəkillərin aşkarlanmasını təmin edən texnoloji inkişafların da bu iyrəncliyə qarşı mübarizədə təsirli olduğunu söyləyir. IWF prezidenti Susan Hargreaves İngiltərədə qeyri-qanuni görüntüləri paylaşmaq istəyənlərə qarşı mübarizənin nəticə verdiyini qeyd edib. Hesabatda bildirilir ki, bu cür görüntülərin 1000-dən 4-ü İngiltərədə yerləşən saytlarda saxlanılır.

 

İngiltərə Milli Cinayət Agentliyi tərəfindən ötən il bir açıqlama yayıldı. Orada qeyd edilirdi ki, 38 fərqli ölkədə 200 mindən çox video məzmunu olan veb saytın 337 istifadəçisi nəzarətə alınıb. Yüz min dəqiqəlik video arxivə sahib olan saytın İngiltərə, ABŞ, Cənubi Koreya və Almaniyadakı səlahiyyətlilərin işbirliyi nəticəsində və digər ölkələrin polisləri ilə əməkdaşlıq nəticəsində çökdürüldüyü vurğulanırdı. Ötən il İngiltərədə aparılan istintaq nəticəsində bağlanmış saytın istifadəçilərinin İngiltərə, ABŞ, İrlandiya, Cənubi Koreya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olmaqla 38 fərqli ölkədə yerləşdiyi bildirilirdi. ABŞ rəsmiləri saytın sahibi, cənubi koreyalı 23 yaşlı Jong Woo Sonun 9 fərqli ittihamla həbsxanada olduğunu bildirdi. Saytın ilk dəfə keçən il İngiltərədə pedofiliyaya görə 25 il həbs cəzasına məhkum edilmiş Matthew Falder haqqında aparılan istintaq zamanı diqqət çəkdiyi bildirildi. Əməliyyatla 23 uşaq xilas edilərkən, təhqir videolarında yer alan digər uşaqların axtarışı davam edirdi.

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2017-ci ildə aparılan bir araşdırmaya görə dünya miqyasında uşaqların 23% -i fiziki istismara, ümumilikdə 26% -i cinsi istismara, 36% -i mənəvi istismara məruz qalır. Onların 16% -i baxımsızdır. Bu qiymətlərdə qaranlıq rəqəmlər nəzərə alınmır. Beynəlxalq Qaçqınların Hüquqları Dərnəyinin prezidenti Abdullah Resul Dəmir vurğulayır ki, Avropa Polis Təşkilatı (EUROPOL) tərəfindən hazırlanan hesabatda itkin düşən 11 min uşağın adı çəkilir. Daimi gündəmdə olan 'Avropada itkin qaçqın uşaqları məsələsini' AA müxbirinə qiymətləndirən Dəmir Birləşmiş Millətlər Təşkilatının (BMT) 2019-cu ildə yayımladığı məlumatlara görə dünyada 79,5 milyon qaçqın olduğunu söyləyib. Bu gün Avropaya gedən qaçqınların sayı 3,5-4 milyon nəfərdir. İtkin uşaq nisbətinin 10 min, 11 min ilə məhdudlaşdırılması ciddi bir problemdir. Son vaxtlar Avropada uşaqların istismara məruz qaldığı, orqan mafiyaları tərəfindən ələ keçirildiyi və fərqli genlərlə araşdırma üçün istifadə edildiyi şübhələri var.

 

İnsan alveri, uşaq əməyinin istismarı, orqan alveri kimi mənfi tendensiyalar günümüzdə bəşəriyyətin üzləşdiyi problemlər sırasındadır. Hər nə qədər qeyd edilən neqativ hallara qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin ümumilikdə bu problemləri tamamilə aradan qaldırmaq mümkün olmur. İnsan alveri kimi xüsusilə də uşaq əməyinin istismarı da günümüzdə dünya üzrə geniş yayılmaqdadır. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aygün Yusibova qeyd edilən problemlər əlaqədar geniş araşdırma aparıb və araşdırma nəticəsində maraqlı faktlar ortaya çıxıb. Araşdırmada qeyd edilir ki, müasir dünyada qlobal problemlərdən biri də uşaq əməyinin istismarıdır. Qeyd edilir ki, bu gün dünyada 5-17 yaş arası 218 019 (13.8%) milyon uşaq məşğulluğu var. Bunlardan 123 190 milyonunu oğlanlar, (15.0%), 94 829 milyonunu isə qızlar təşkil edir(12.4%). Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri isə Ərəb ölkələri tutur: "Göründüyü kimi, dünyada uşaq əməyinin yarısı Afrikanın payına düşür. Məcburi uşaq əməyi Afrikanın bir çox regionunda geniş yayılıb və bu, uşaqları uzaq şəhərlərdə yaşayan qohumlara qəyyumluğa vermə kimi ənənəvi praktikaya əsaslanır. Valideynlərinə uşaqlarının təhsil almalarına dair vədlərin verilməsinə baxmayaraq, bir çox çox hallarda oğlanlar və qızlar ev qulluqçuları kimi kənd və balıqçılıq təsərüffatında və ya digər sahələrdə qəddarcasına istismar olunurlar. Amma məcburi uşaq əməyi təkcə Afrika üçün xarakterik deyil. Asiya və Sakit Okeanda isə hər 10 uşaqdan 9-nun əməyi istismar olunur. 2000-ci ildən bu yana dünyada uşaq əməyinin sayı 40 faiz azalsa da, 152 milyon (9.6%) uşaq hələ də məcburi əməyin qurbanıdır. Bunun 73 milyonu təhlükəli işlərdə işləyir". Aygün Yusifova qeyd edir ki, Afrikada 5 azyaşlıdan biri uşaq əməyinin qurbanıdır, digər regionlarda isə bu göstərici 3-7% arasında dəyişir: "Belə ki, ərəb ölkələrində 35, Avropa və Mərkəzi Asiyada 25, Amerikada 19, Asiya və Sakit Okeanda isə 14 uşaqdan birinin əməyi istismar olunur. Aparılan araşdırmalara əsasən, dünyada işləyən uşaqların 48%-i 5-11, 28%-i 12-14, 24 %-i 15-17 yaş arasındadır. İşləyən uşaqların 88 milyonunu (58%) oğlan, 64 milyonunu isə (42%) qızlar təşkil edir. Uşaqların 70,9%-i kənd təsərrüfatında, 11,9%-i sənayedə, 17,2%-i isə xidmət sahələrində çalışır. Araşdırmalar göstərir ki, dünyanın ən kasıb ölkələrində hər 4 uşaqdan biri məcburi əməyin qurbanıdır. Qeyd etmək lazımdır ki, bu ölkələr daxilində kasıb uşaqlar zəngin tərəfdaşlarından daha çox işləməyə məcburdurlar. İşləmək məcburiyyətində qalan kasıb uşaqlara dair məlumatların statistik təhili göstərir ki, onlar zəngin tərəfdaşlarından orta hesabla 3 dəfə çox işləyirlər. Məsələn, Nepal və Toqoda kasıb uşaqlarla zəngin uşaqların əməyinin dərəcələri arasında 5 dəfə fərq var. Vyetnamda ən yoxsul uşaqlar zəngin tərəfdaşlarından 8 dəfə artıq işləmək qabiliyyətinə malikdir. Monqolustanda isə bu nisbət 9 dəfə böyükdür. Buradan da belə nəticəyə gəlmək olar ki, uşaq əməyinin istifadə arenası zəif inkiaf etmiş ölkələrlə məhdudlaşmır. Bu gün dünyada bütün işləyən uşaqların yarıdan çoxu (84 milyon) inkişaf etməkdə olan ölkələrdə, 2 milyonu isə yüksək gəlirli ölkələrdə yaşayır. Statiskaların təhlili göstərir ki, uşaq əməyinə qarşı mübarizə heç də yalnız zəif inkişaf etmiş ölkələrlə məhdudlaşmamalıdır. Dünyada təhlükəli işlərdə işləyən uşaqların dörddə birini (19 milyon) 5-11 yaş arası uşaqlar təşkil edir. Ancaq son dövrlərdə uşaq əməyi ilə bağlı ən sürətli inkişaf 5-17 yaş arası (38 milyon) üzrə qeydə alınıb. Bunun da 24 milyonu oğlan, 14 milyonu qızdır. 5-14 yaş arası işləyən uşaqlar kənd təsərrüfatında 78.0%, sənaye 7.4%, xidmət 14.5% təşkil edir".

 

Araşdırmalar göstərir ki, uşaq əməyi ilə münaqişələr arasında güclü korelyasiya var. Xüsusilə də münaqişədən təsirlənən ölkələrdə uşaq əməyi orta hesabla 77%, təhlükəli işlərdə uşaq əməyinin göstəricisi isə 50 % -dən yüksəkdir. Bu səbəblə də hazırda uşaq əməyi bir çox ölkələrdə təhsilin qarşısında duran əsas maneələrdən biri hesab edilir (Kolumbiya, Demokratik Konqo Respublikası, Pakistan Şrilanka, Tacikistan). Təkcə uşaq əməyinin 40 faizdən yüksək olduğu Afrikanın 9 ölkəsindən biri xaric hamısı kövrək və müharibədən təsirlənmiş ölkələrdir. 2000-ci ildə dünyada işləyən 245,5 milyon əməkçi uşağın 2004-cü ildə 222,2 milyon, 2008-ci ildə 215,2 milyona, 2012-ci ildə 167,9 milyona, 2016-cı ildə bugünkü səviyyəsi 151,6 milyona kimi geriləyib.

 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova yazır ki, Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılır, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Dövlət müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu siyasətin uğurlu fəaliyyəti üçün daha ciddi addımlar atılmışdır. Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya”nı ratifikasiya etmişdir. Uşaq fəlsəfəsini mərkəz ideyası kimi ortaya qoyan Konvensiya dövlətimizin qəbul etdiyi ən əhəmiyyətli beynəlxalq sənədlər siyahısındadır. Bu Konvensiyanı ratifikasiya etməklə, dövlətimiz bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının müdafiəsinə qərarlı olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan Hökuməti Konvensiya üzrə BMT-nin Uşaq Hüquqları Komitəsinə dövri məruzələr təqdim edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında 2012-ci və 2017-ci illərdə dövri məruzələrin hazırlanması üçün işçi qrup yaradılmış və bu qrupa rəhbərlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan, eyni zamanda, müvafiq Konvensiyanın iki əlavə protokoluna, eləcə də "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair”, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına (Lanzarotta) və digər Konvensiyalara da qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır.

 

 

Uşaqlara dövlət qayğısının göstərilməsi, uşaq hüquqlarının xüsusi diqqət mərkəzində olması dövlət siyasətinin nə dərəcədə reallaşmasından və əhəmiyyətindən xəbər verir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm istiqamətlərini bu məsələyə yönəltmişdir. "Uşaqlara qayğı hər bir vətəndaşın borcudur” - deyən Heydər Əliyev həmişə qızıl vaxtından ayıraraq böyük zövqlə uşaqların bayram şənliklərində, tədbirlərində iştirak edərək onların qayğısına qalırdı. Ulu Öndər dövlət siyasətinin əsas qollarından sayılan uşaq siyasətinin inkişafını təmin etmək üçün beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, ölkə səviyyəsində mühüm qanunun qəbul edilməsini önəmli hesab etmiş, vahid qanunvericilik bazasının formalaşmasında mühüm rol oynamışdır. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə qəbul edilən "Uşaq hüquqları” haqqında qanun Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, onlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, ailə, cəmiyyət və uşaq münasibətlərinin əsas istiqamətlərini tənzimləyir. 2009-cu ilin dövlətimiz tərəfindən "Uşaq ili” elan edilməsi bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaq problemlərinin həllinə yönəldilməsinə xidmət etmişdir. Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır və bu monitorinq nəticəsində tövsiyələr hazırlanır.

 

"Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "2018-2028-ci illər üçün Azərbaycan Respublikasının "Milli Uşaq Strategiyası” layihəsi tərtib edilmiş və hökumətə təqdim edilmişdir. Eyni zamanda "Uşaq Məcəlləsi” layihəsi hazırlanmışdır və hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. 17 qlobal məqsədi, 169 hədəfi əks etdirən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 35 hədəf bilavasitə uşaqların inkişafı ilə bağlıdır. Belə ki, dünyada hələ də təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı olmayan, ərzaq çatışmazlığından, münaqişələrdən və böyüklərin sui-istifadəsindən əziyyət çəkən milyonlarla uşaq var. Dünyada baş verən münaqişələr nəticəsində minlərlə uşaq valideynsiz qalır və amansızcasına qətlə yetirilərək hüquqları tapdalanır.

 

Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, torpaqlarımızın işğalı nəticəsində uşaqlarımız doğma ev-eşiklərindən didərgin düşmüş, azad və sərbəst yaşamaq hüquqları pozulmuşdur. Azərbaycan uşaqlarının hüquqlarını amansızcasına pozaraq, onları öz doğma yurd-yuvasından didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilmiş, yaralanan uşaqların sayı isə yüzlərlə olmuşdur. Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olmuşdur, 66 uşaq itkin düşmüş, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Atəşkəs dönəmində 34 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 14-ü həlak olmuş, 20-i isə yaralanmışdır.

 

Uşaqların yetişdirilməsində və qorunmasında valideynlərin böyük rol oynadığı məlumdur. Şəxsiyyətin ahəngdar və hərtərəfli inkişafı üçün hər bir uşağa ailə qayğısı, valideyn istiliyi, diqqət, sevgi və anlayış lazımdır. 1 iyun tarixi 2012-ci ildə BMT Baş Assambleyasının 66/292 qətnaməsi ilə həm də Ümumdünya Valideynlər Günü kimi qeyd olunur. Bu məqamda valideyn məsuliyyəti məsələsini vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyada da qeyd edildiyi kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Təəssüflər olsun ki, bəzən valideynlər bu məqamı unudurlar. Nəticədə valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeydlik kimi hallar baş verir. Bəzən valideynlər, yanlış olaraq, övladlarını çox istədiklərini əsas gətirsələr də, bununla bir araya sığmayan üsullardan istifadə edir, tərbiyə məqsədilə övladlarına qarşı fiziki cəza, təhqir, nəzakətsiz davranış kimi hallara yol verirlər. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Hər bir valideyn anlamalıdır ki, uşaq böyüdüb tərbiyə etmək onlardan böyük təmkin, diqqət və sevgi tələb edir. Bu məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilərək valideyn məsuliyyəti artırılmışdır.

 

Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daim uşaq və gənclər üçün yaradılan imkanlar genişləndirilir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir və ya təmir edilir. Dövlət tərəfindən mütəmadi olaraq qaçqın və məcburi köçkün uşaqları üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmiş genişmiqyaslı tədbirlər və bu istiqamətdə görülən işlər gücləndirilməkdədir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olur. Mehriban xanımın təşəbbüsü ilə xüsusilə həssas təbəqədən olan uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması, kimsəsiz, fiziki sağlamlığında problemi olan uşaqların sosial-psixoloji reabilitasiyası üçün resurs mərkəzinin yaradılması, bu uşaqların gələcəkdə məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi istiqamətində önəmli layihələr həyata keçirilir. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilmişdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. "Təhsilə dəstək” və "İnklüziv təhsil” proqramları, eləcə də "Məzun Evi Sosial” Müəssisəsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.

 

Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində demək olar ki, hər il qəbul edilən yeni hüquqi sənədlər bu sahənin inkişafı prosesini daha da sürətləndirir. "Uşaqların icbari dispanserizasiyası haqqında”, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunların qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilikdə yeni təminatların təsbit edilməsi, sosial təminatın gücləndirilməsi dövlətin uşaqlara olan diqqətinin nəticəsidir. Zaman keçdikcə uşaq hüquqları anlayışı da dəyişir, yeni çağırışlar, hədəflər ortaya qoyulur. Bu gün ən ciddi məsələlərdən biri uşaqların kiber mühitdə təhlükəsizliyi məsələsidir. Uşaqlar kompüter yeniliklərini - sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə mənimsəyir. Bu gün internetdə xeyirli məlumatlarla bərabər, bir sıra müxtəlif ziyanlı informasiyalar da mövcuddur. Uşaqlar valideynlərinin diqqətindən yayınaraq şiddət, müxtəlif pis vərdişlər aşılayan videolara asanlıqla çıxış əldə edirlər. Bu isə onlarda hələ kiçik yaşlardan aqressiya, şiddətə meyillilik və mənəvi travmalara səbəb olur. Əsas təhlükələrdən biri onların cinayətkarların hədəfinə düşməsidir. İnternetdən, mediadan gələn zərərli informasiyalardan uşaqların qorunması üçün Komitə olaraq, tərəfimizdən internetdə uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilk bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən "uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Komitə tərəfindən hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun bu il qüvvəyə mindi. Qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib. Qanunun müvafiq bəndinə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri kimi BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, komitənin təşəbbüsü, Kapital Bankın dəstəyi ilə "Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində "Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramını (kidsafe) qeyd edə bilərik. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir.

 

Daha gözəl gələcək üçün uşaqları həyatımızın mərkəzinə qoyaraq, dünyaya onların gözü ilə baxmalıyıq. Əgər bunu edə bilsək, o zaman onları daha təhlükəsiz cəmiyyətə əmanət edə bilərik. Uşaqları əhatə edən erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində komitə tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Köməyə ehtiyacı olan, zorakılıqdan əziyyət çəkmiş uşaqlarla mütəmadi işlərin aparılması olduqca vacib məsələdir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları, eyni zamanda, profilaktiki işi təşkil edir, zərərçəkmiş uşaqlara lazımi psixoloji və hüquqi yardımlar göstərir. Komitənin regionlarda fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailələrə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Hər il mərkəzlərə təqribən 3 minə qədər müraciət edilir. Müraciətlərin 50 faizi mərkəzlərin köməyi ilə təmin olunur, digərləri isə aidiyyəti orqanlarla əlaqələndirilir. Ötən il müxtəlif mövzularda dair keçirilən tədbirlərdə 17 minə qədər şəxs iştirak etmiş, mərkəz xidmətlərindən 6 minə qədər şəxs faydalanmışdır. Ümumilikdə isə il ərzində mərkəzlərin fəaliyyətindən bəhrələnənlərin sayı 20 mindən artıq olur.

 

Bu gün uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdən sayılır. Bu istiqamətdə 2009, 2011, 2014 və 2017-ci illərdə keçirilən Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu vardır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə UNİCEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Uşaq Forumları uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşması üçün stimul olmuşdur. Forumlarda idarəetməni uşaqlar həyata keçirir, onları düşündürən bütün məsələlər barədə müvafiq dövlət rəsmiləri ilə dialoq qurur, öz problemlərinin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına təkliflərlə çıxış edirlər. Forumlarda bütün regionlardan ümumilikdə 350-dən çox uşaq iştirak edərək, öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Komitənin təşəbbüsü ilə uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, iştirak hüququnun təmin olunması istiqamətində icra edilən layihələrdən biri də "Uşaq Səfirlər Məclisi”nin yaradılmasıdır. Məclis üzvləri olan uşaqlar tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin uşaqları narahat edən məsələlər barədə müzakirələrin aparılması, onların həlli istiqamətində təkliflərin irəli sürülməsi nəzərdə tutulmuşdur.

 

Uşaqların əməyə cəlb edilməsi, dilənçiliyə məcbur edilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə araşdırma və təhlillər aparılır. İcra edilən layihələrdən biri kimi UNİCEF ilə birgə uşaqların dilənçiliyə cəlb edilməsinin qarşısının alınması, onların təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanlarının artırılması məqsədilə 2018-ci ildən Qazax və Ağstafa rayonlarında reallaşan layihəni qeyd edə bilərik. Layihə çərçivəsində 3 ay müddətinə 4 sosial işçi Qazax və Ağstafa rayon icra hakimiyyətləri orqanı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın fəaliyyətinə cəlb edilmişdir. Sosial işçilər regionda baxımsız, aztəminatlı, qaraçı ailələrdən olan uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyaclarını qiymətləndirmiş, icra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyanın müvafiq sahədə işinə dəstək vermiş, uşaqların küçə həyatına, uşaq əməyinin istismarına məruz qalmasının səbəbləri araşdırılmış, onların hüquqlarının müdafiəsi məqsədilə fərdi şəkildə qayğı və inkişaf planları hazırlanmış, müvafiq xidmətlərə cəlb edilmişdir.

 

Bu gün bütün dünyanı çənginə alan COVID-19 pandemiyası bir çox sahələrdə çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün virusla mübarizə aparır, digər tərəfdən isə bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının baş verməsi və bundan da uşaqların əziyyət çəkməsidir. Beləliklə, uşaqların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək günümüzün ən vacib məsələlərindən birinə çevrilməkdədir. Pandemiya dövründə bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirildi, kampaniyalar elan edildi. Qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən başladılan qanvermə aksiyasına komitə də fəal şəkildə qoşuldu və bu prosesdə bir çox təşkilatların, vətəndaşların könüllü olaraq iştirakı xalqımızın nə qədər humanist və yardımsevər olduğunu sübut etdi.

 

Gələcəyimizin qarantı olan ən qiymətli xəzinəmiz - övladlarımızı vətənini, millətini sevən, dövləti üçün çalışan bir şəxsiyyət kimi yetişdirmək, həyatın bəxş etdiyi çətinliklərin öhdəsindən gəlməyi bacaran, özünəinamlı, özü qərar verə bilən, təşəbbüskar, geniş düşüncəli, fədakar və istedadlı bir gənc kimi yetişmələrini təmin etmək bizim ümumi vəzifəmiz və məqsədimizdir.

 

Bahar xanımın da vurğuladığı kimi, bu gün Azərbaycan dünyanın yetərsiz qaldığı uşaqlara qarşı istismar məsələsində öz qanunvericiliyi və dövlət qurumlarının aktiv müdaxiləsi ilə örnək mübarizə elementləri formalaşdırıb.

 

P.S. Bəzən savaşların və siyasi dedi-qoduların dünyanı cənginə aldığı, pandemiyaların müzakirə olduğu informasiya məkanında gözdən qaçırdığımız qaranlıq mənzərələr də olur.

 

P.P.S. “Dərin” internet” kimi xarakterizə olunan “Deep Web”-ə qarşı effektiv bir addım atılmasa dünyada iyrənc mənzərələrin tezliklə yekunlaşacağını söyləyə bilmirik təəssüf ki!

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır