Yuxarıya
skip to main content

Dini radikalizmi meydana gətirən səbəblərin sosioloji təhlili

28.12.2019

Təəssüf doğuran hal isə, son on illikdə dini radikalizmin kəskin surətdə yüksəlişə keçməsidir. Müəyyən bir dini cərəyanın radikal olub-olmamasını təyin etmək hər zaman asan deyildir. Bəzən ənənəvi cəmiyyətlərdə formalaşmış stereotiplər yeni ortaya çıxmış dini təşkilatlara şüphə ilə yanaşmağa səbəbiyyət verir. Buna görə də, adətən qeyr-ənənəvi təriqətlər radikallıqla eyniləşdirilir. Amma bir dini cərəyanı radikal hesab etmək üçün onun qeyri-ənənəvi olma xarakterindən daha çox, onun  ehtiva etdiyi radikal inanç və praktikalar əsas təşkil etməlidir. Yəni ənənəvi və ya qeyri ənənəvi olmasından asılı olmayaraq yuxarıda qeyd edilən radikal elementlərdən birini ehtiva edən din və ya məzhəb radikaldır. Hərçənd qeyri-ənənəvi təriqətlər arasında radikal qrupların daha çox olduğunu da unutmamaq gərəkir.

 

Dini radikalizm: Dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib. Günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. “Radikalizm” və “ekstremizm” sozləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini – etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Bu dini radikalizmin ən təhlükəli formasıdır.

 

Dini-siyasi motivli ekstremist və terroristlərin əsas hədəf kütləsi, inandırmağa çalışdıqları əsasən 20- 40 yaşlarında, kişi cinsinə mənsub, orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, işsiz və ya az məvaciblə çalışan, himayəsində bir neçə nəfər olan şəxslərdir. Belə demək mümkündür ki, qadınlar dini radikal-ekstremist tipli cərəyanlarla adətən əsas yox, köməkçi rolunu oynayırlar. Bunun səbəblərini daha çox dindar cəmiyyətlərin patriarxal əsasda formalaşması ilə izah etmək mümkündür. Yuxarıda qeyd edilmiş özəlliklərə məxsus insanlarla daha çox işlənilməsinin səbəbi ondan ibarətdir ki, digərləri ilə müqayisədə daha çox təbliğata meyl göstərmələri mümkündür . Həmçinin müəyyən maddi çətinlikləri olan şəxs də digərlərindən daha asan olaraq cərəyanın işinə cəlb edilə bilər. Belə ki, maddi çətinliklərini həll edən insana qarşı hər şəxs müəyyən borc və minnət duyğusu daşıyır və onun apardığı fəaliyyətə yardımçı olmağı da özündə mənəvi bir yük kimi görür.

 

Dini ekstremist təşkilatlar isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Müasir dövrdə ekstremist qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir. Onlar əsasən “YouTube” və “Facebook” kimi sosial şəbəkələrdə yerləşdirdikləri postlar vasitəsilə öz ideyalarını qlobal miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək məqsədilə istifadə edirlər. Bu qruplaşmalar milli-mənəvi dəyərlərin gözdən salınmasına çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Belə bir təbliğatın təsiri altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü təkmilləşdirmədən uzaqlaşırlar.

 

Təbliğatçılar bundan əlavə tərəfdarlarına geyimlə və zahiri görkəmlə seçilməyi də təlqin edirlər. Lakin qeyd etmək lazımdır ki, heç də bütün ekstremizmə meyilli insanlar bu detala diqqətlə yanaşmır. Onların bir çoxu görünüşə görə digərlərindən çox da fərqlənməməkdədir ki, bu da öz növbəsində onları seçmək işində müəyyən qədər problem yaradır.

 

 

Radikallar xalq arasında yayılmış ənənəvi, öz dinləri xaricində olan inanclara qarşı çıxır, Bəzi inançıar isə elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edir, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz “həqiqətlərini” isbatlamaq üçün müqəddəs kitablarından iqtibaslar gətirir, ayələri, hədisləri öz məqsədlərinə uyğun şərh edirlər. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərə şamil edilir.

 

Qərbdə radikal dini qruplar "yeni dini hərəkatlar" kategoriyası arasında müzakirə edilir. Din sosiologiyası sahəsində bu mövzuda geniş bir ədəbiyyat yaranıb.Yeni dini hərəkatlar ənənəvi dinlərin xaricində inkişaf edən və ya sonradan ayrılan cərəyanlar üçün istifadə olunan termindir. 

 

Dini radikalizmin yaranma səbəbləri: Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacarıqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir. Bunun səbəblərini aşağıdakı kimi ifadə edilir:

 

·        Psixoloji problemlər. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə də psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni özünü başqalarının yerinə qoya bilmə duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayır;

 

·        İşsizlik və yoxsulluq radikal qrupların təbliğatına mənfi tərəfdən öz qatqısını əlavə edir. Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz aləti kimi istifadə edirlər. Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”a çatmaq kimi ekstremist ideyalar da bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri kompensasiya edən rolunu oynayır;

 

·        İqtisadi məhrumiyyətlər dini radikalizmə zəmin hazırlayan ən mühüm amildir. Diqqətlə nəzər edəndə radikalların cərgəsinə daha çox gənclərin cəlb edildiyini görürük. İqtisadi cəhətdən təmin edilməyən gənc nəslin radikal və ekstremist ideyalara meyl etməsi yayqın bir fenomendir. Cihad, "şəhid olma" və ya "əbədi qurtuluş"a çatma kimi ekstremist ideyalar, bu halda dünyəvi məhrumiyyətləri konpensasiya etmə rolunu oynayır. Buna görə də, radikalizmlə mübarizə edərkən sadəcə mötədil dini marifləndirmə ilə yetinməyib, gənclərin və ümumi olaraq cəmiyyətin iqtisadi fürsətlərini artırmaya da əhəmiyyət verilməli.

 

Təşkilati struktur, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə dini radikalizmin yayılmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, nəsil dəyişmə prosesinin də rolu burada az deyil. Bu proses, xüsusilə MDB ölkələrində kommunizm ideologiyasının hökm sürdüyü SSRİ dövründə doğulan nəslin sayının çoxalmasında müşahidə olunur. Belə ki, gənclərin dini savadının az olmasından istifadə edənlər bu boşluğu müxtəlif radikal inanclar və xurafatla doldururlar. Xüsusilə, sosial ziddiyyətin və sosial iqtisadi problemlərin kəskin olduğu regionlarda bu proses daha intensiv cərəyan edir.

 

Radikalizmdən dini arındırmaq üçün nə etməli?: Din insan mənəviyyatının əsasında durmaqla, sosial münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Mahiyyətinə nəzər saldıqda dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq-aydın özünü büruzə verir. Lakin real həyatda din pərdəsi altında qeyri-humanist ideyaların tətbiqi də müşahidə olunur. Din adından həyata keçirilən hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən qaynaqlanmır. Problem dini hökmlərin tətbiqində qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas mahiyyətini və məqsədini nəzərə almamasından qaynaqlanır.

 

Savadsızlıq – xüsusilə də dini savadsızlıq və cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Dini radikalizmin kökündə xurafat elementlərinə rast gəlinir. Məişət müstəvisində dəyərləndirdiyimiz xurafat dini radikalizmin özəyini təşkil edir. Odur ki, dində əsli olmayan düşüncələr mövhumat və xurafatı, bunlar isə öz növbəsində cəhalət ilə üsyanları doğurur. Bunların arxasında isə insanların inanclarını istismar edərək böyük gücə çevrilməyə çalışan qanuntanımaz adamlar dayanır. Belə mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi cəmiyyətlər getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. Dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi də dini düzgün anlamama və anlatmamağa gətirib çıxarır.

 

Dünyaya inteqrasiya proseslərində zəif iştirak edən kütlələrin çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi – patriarxal həyat tərzi sürür. Bu faktor radikal sektalar üçün çox əlverişlidir, çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub. Din ve siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz. Buna görə də liberal demokratik siyasi quruluşlar, inanc və etiqad azadlıqlarını qanunlarla təminat altına alır, digər tərəfdən isə dini siyasətdən və dövlətdən ayırmaqdadır.

 

Azərbaycan Respublikası dünyəvi, demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə din dövlətdən ayrıdır. Xalq milli ənənələrini, milli-mənəvi dəyərləri yaşatmağa çalışır, multikultural dəyərlərə böyük hörmətlə yanaşır. Azərbaycanda heç bir din nümayəndəsinin başqaları ilə problemi yoxdur. Azərbaycan tolerant ölkə kimi tanınıb. Hər zaman bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərib. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi Azərbaycanı da narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. İnsanlar təhsil almaqla təbiət və cəmiyyət hadisələrinin mahiyyətini anlaya bilirlər. Məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır. Bu yanaşma həm də onu deməyə əsas verir ki, təhsil bilik, bacarıq və vərdişlərin məcmuyu olmaqla yanaşı prosesdir, nəticədir, dəyərdir, vasitədir.

 

Dini radikalizm və ekstremizmə qarşı mübarizədə ailədə aparılan tərbiyə işi ilə bərabər, məktəbdə təlim-tərbiyə işinin məqsədəuyğun təşkili mühüm əhəmiyyət kəsb edir. Təhsil prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri tarixi köklərinə, türkçülüyə, Azərbaycançılığa möhkəm tellərlə bağlayır, onlar milli ruhlu şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə, digər xalqların da inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşır, ümummilli birliyin möhkəmləndirilməsində torelantlığın əhəmiyyətini dərk edirlər. Bunun üçün aşağıdakı meyarların nəzərə alınması zərurəti meydana çıxır;

 

·        Təlim və tərbiyənin keyfiyyət baxımından yüksəldilməsinə təsir edən müvafiq dəyərlərin düzgün seçilməsi;

·        Dəyərlərin cəmiyyətin milli mənlik şüurunun formalaşdırılması kontekstində  izah edilməsi;

·        Cəmiyyətdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişaf etdirilməsi;

·        Cəmiyyətdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması və inkişafı;

·        Cəmiyyətdə Azərbaycan dövlətçiliyinə sədaqət hissinin formalaşdırılması.

Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası mövcuddur.           

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.