Yuxarıya
skip to main content

Bazarlar və əxlaq

24.09.2019
 

Pulun ala bilməyəcəyi şeylərin var olduğuna hər zaman inanılıb, lakin əsrimizdə pulun ala bilmədiyi şeylərin sayı getdikcə azalmaqdadır.

Bu gün demək olar ki, hər şey satış üçündür. Modernizm əsri faktiki olaraq hər şeyin alına, yaxud satıla bildiyi bir əsrdir. Yarım əsrə yaxındır ki, bazarlar – bazar dəyərləri misli görünməmiş şəkildə həyatımızı idarə edir. Biz sivilizasional xarakterli mövcud bazar şərtlərinə məqsədli gəlmədik.

Bu şərtlər sanki bizə təlqin olunub və olunmaqdadır.

 
"Soyuq müharibə"nin sona çatması ilə bazar və bazar düşüncəsi rəqibsiz bir prestij qazanmağa başladı. İstehsalı və malların distribusiyasını təşkil edən heç bir mexanizm belə "affluent" – rifah cəmiyyəti meydana gətirə bilməyib. Öz iqtisadiyyatlarının inkişafında modern bazar mexanizmlərini tətbiq edən ölkələrin sayı getdikcə artmaqdadır. “Bazar dəyərləri”nin sosial həyatda ən güclü rola sahib olması şübhə doğurmayacaq bir reallıqdır. Həyatın iqtisadiliyi imperial bir domenə çevrilib. Bu gün almaq və satmaq məntiqi sadəcə olaraq maddi sferada – xidmətlərdə və mallarda deyil, sosial həyatın bütün sferalarında tətbiq olunur.
 
Bu şəkildə yaşamaq istədiyimizi, yaxud istəmədiyimizi aydınlaşdırmağın zamanıdır.
 
Keçən əsrin 80-ci illərindən başlayaraq 2008-ci ilin qlobal maliyyə böhranına qədər davam edən dövr bazar inancının zirvəsi, bazar triumfalizminin erası idi. Ronald Reyqan və Marqaret Tetçer hökumətlərin deyil, məhz bazarların sosial rifah və gerçək azadlığa nail olunmada açar rolu oynadığını elan etməklə bazar triumfalizmi erasının başlanğıcını qoydular. Bu era 1990-cı illərdə, bazarların ümumi ictimai mənafeyə nail olunmasında öncül vasitə olduğunu bəyan edən Bill Klinton və Toni Bleyerin “bazardostu liberalizmi” ilə davam etdi. Lakin bu gün bazarın mütləq zəfərinə olan inanc şübhə içərisindədir. Bazar "triumfalizmi" erası sona çatıb. Qlobal maliyyə böhranı bazarların əxlaq normalarından tamamilə parçalandığı düşüncəsini formalaşdırdı. Bundan sonra mənəvi-əxlaqi mühakimələrin daha çox güc əldə edəcəyini, bazar inancı haqqında daha sağlam düşünüləcəyini güman etmək olardı. Lakin bu reallaşmadı. XX əsrin 30-cu illərində baş verən Böyük Depressiyadan sonra ən böyük iqtisadi təlatüm olan 2008-ci il böhranı bazarlara olan inancı zəiflətmədi, əksinə, bu böhran bankları deyil, hökumətləri inamsızlaşdırdı. 2011-ci ildə aparılan araşdırmaya görə, ölkənin üzləşdiyi ictimai problemlərə görə Amerika ictimaiyyəti "Wall Street" maliyyə institutlarından daha çox federal hökuməti günahlandırır.
 
Bəzilərinə görə, bazarın mütləq zəfərinin nüvəsini təşkil edən bu əxlaqi nihilizmin kökündə məsuliyyətsiz risk almaya səbəb verən pul fetişizmi və maddi hərislik dayanır. Bu düşüncənin təlqin etdiyi həll yoluna əsasən maddi doyumsuzluğa son qoyulmalı, "Wall Street" icraçıları arasında daha böyük bütövlük və məsuliyyətlilik formalaşdırılmalı, oxşar böhranın baş verməsini əngəlləmək üçün qlobal bazar tənzimləmələrində ən həssas məqamlar belə nəzərə alınmalıdır. Bu, ən yaxşı halda nisbi bir diaqnozdur. Maddi doyumsuzluğun və daha çox gəlir qazanma ehtirasının bu maliyyə böhranının ortaya çıxmasında önəmli bir rol oynadığı doğrudur. Son 30 ildə davam edən və insanlığın müqəddəratını təyin edə biləcək dəyişiklik qeyd olunan reallıqla deyil, bazarların və bazar dəyərlərinin aid olmadıqları həyat sferalarına doğru aramsız və amansız ekspansiyası ilə bağlıdır. Mövcud hakim şərtlərə qarşı mübarizə aparmaq üçün maddi hərisliyi tənqid etməkdən daha çoxunu etməli, bazarların cəmiyyətimizdə oynamalı olduğu rolu müəyyən etməliyik.
 
Bazarları aid olduqları yerdə saxlamaq üzərində geniş ictimai debatlara ehtiyacımız var. Bu debatları başlatmaq üçün ilk öncə bazarların əxlaqi məhdudiyyətlərini dərk etməli və pulun ala bilməyəcəyi şeylərin həyatımızda həqiqətən var olub-olmadığı üzərində dərindən düşünməliyik.
 

Ənənəvi olaraq qeyri-bazar normaları tərəfindən idarə olunan həyat aspektlərinə bazar dəyərlərinin və bazar istiqamətli düşüncənin ekspansiyası yaşadığımız əsrin ən mühüm dəyişikliklərindən biridir. Gəlir məqsədilə yaradılmış məktəblərin, xəstəxanaların və həbsxanaların sayındakı artımı, xüsusən də ABŞ və Böyük Britaniyada özəl təhlükəsizlik şirkətləri tərəfindən təmin edilən qüvvələrin ictimai polis qüvvələrinin sayından iki dəfə çox olmasını, həyatın süni şəkildə medikalizasiyası və dərman şirkətlərinin istehlakçılar üzərində aqressiv siyasətini (ABŞ-da ən böyük səhiyyə böhranının malyariya, yuxu çatışmazlığı olduğunu düşünmək qadağandır. Gerçək səhiyyə böhranı erektil disfunksiyanı qarşısıalınmaz epidemiyasıdır. "New York Review of Books"-da Marsia Ancelli qeyd edir ki, son illərdə dərman şərkətləri bazarlarını genişlətmək üçün yeni və son dərəcə təsirli bir metodu mükəmməlləşdirdilər. Xəstəlikləri müalicə edəcək dərmanlar istehsal etmək əvəzinə dərmanlarına uyğunlaşacaq xəstəliklər icad etməyə başladılar.  Modernizm əsrində yeni malların təklifi mövcud tələblərə görə formalaşmır. Tətmin axtarışındakı insani ehtiyacların məntiqi əvəzinə, mənfəət axtarışındakı ticari şirkətlərin məntiqi əsas alınaraq bazara çoxdan daxil edilmiş mallara tələb yaradılması vacibdir), reklamçılığın bio-siyasətin alətinə çevrilməsini, qeyri-təbii reproduksiya üçün “dizayner” yumurta və spermin marketinqini, surroqat analığın geniş yayılmasını nəzər aldığımız zaman həyatımızın bütövlükdə bazar dəyərlərinə indeksləndiyini müşahidə edə bilirik. 30 il əvvələ dönüb baxsaq, səhiyyə, təhsil, ictimai və milli təhlükəsizlik, ətraf mühitin mühafizəsi, rekreasiya, prokreasiya və digər məsələlərdə bazarlardan istifadə misligörülməmiş, inanıla bilməyəcək bir şey idi. Lakin bu gün mövcud situasiyanı etirazsız şəkildə qəbul edirik.

 

 

Hər şeyin satış üçün olduğu bir cəmiyyətdə yaşamağımız bizi niyə narahat etməlidir?

 
İki səbəbə görə: bərabərsizlik və mənəvi çöküş. Hər şeyin satış üçün olduğu cəmiyyətdə həyat aşağı və orta sinfə daxil olan ailələr üçün daha məşəqqətlidir. Pul daha çox ala bildikcə, maddi rifah və ya onun çatışmazlığı daha mühüm məsələyə çevrilmiş olur. “Affluenza”nın üstünlüyü sadəcə yaxtalar, idman maşınları almaqdan və ya çox məsrəfli məzuniyyətlərdən ibarət olsaydı, gəlir və maddi sərvət bərabərsizlikləri çox əhəmiyyətli bir məsələ olmazdı. Lakin pul çox və daha çox aldıqca – siyasi güc, daha yaxşı tibbi xidmət, təhsil üçün elit məktəblərə yönəlmə - daha yaxşı olan hər şey alınır və satılır. Daha çox pula sahib olmaq insanlar arasında fərqliləşmə yaradan yeganə faktora çevrilir. Hər şeyin maddiləşməsi (və ya əmtəələşməsi) ilə bərabərsizliyin acısı daha da kəskinləşir.
 
Hər şeyin satış üçün olduğu cəmiyyət barəsində tərəddüdlərimizin ikinci səbəbini izah etmək bir az çətindir. Bu, bərabərsizlik və ya ədalət deyil, bazarların mənəvi olaraq korroziv tendensiyası ilə bağlıdır. Bazarlar eyni zamanda malların mübadilə olunma prosesi üzərində davranışlarımızı da müəyyən edir. Müharibələrimiz üçün xarici muzdlulardan istifadə etmək vətəndaşlarımızın həyatını qoruya bilər, amma bu, vətəndaşlığın həqiqi mahiyyətini də aşındırır.
 
İqtisadçılar vurğulayırlar ki, bazarlar ətalət halındadır və onlar mübadilə etdikləri mallar üzərində hər hansı təsir göstərmə gücünə sahib deyil. Lakin “bazar dəyərləri” artıq gerçək dəyərə sahib qeyri-bazar dəyərlərini sıxışdırmağa başlayıb. Buna görə də sosial və vətəndaşlıq həyatında hansı dəyərlərin üstün olması haqqında qərar verməliyik. Əgər biz müəyyən malların alınmalı və ya satılmalı olduğuna qərar veririksə, onlara əmtəələr, gəlir və istifadə alətləri kimi yanaşmağın doğru olduğuna da qərar vermiş oluruq. Bununla belə, bütün mallar eyni ilə bu şəkildə dəyərləndirilə bilməz. Ən aşkar nümunə insani varlıqlardır. Quldarlıq insani varlıqlarla hərraclarda alınıb-satılan əmtəələr kimi davrandığı üçün dəhşətverici idi. Lakin yaşadığımız əsrdə insanlara bir mənliyə və hörmətə layiq şəxslər olaraq deyil, istifadə obyekti və gəlir alətləri olaraq yanaşılır.
 
İstisnasız olaraq hər şeyi əmtəələşdirməyimiz həyatımızda mütləq deqradasiyaya və dərin mənəvi eroziyaya gətirib çıxarır. Ona görə də “bazar dəyərlərinin” harada və hansı məsafədə saxlanılmalı olduğu, eləcə də sağlamlıq, təhsil, ailə həyatı, incəsənət, ətraf mühit, vətəndaşlıq kimi məsələləri necə dəyərləndirməli olduğumuz barədə qərar verməliyik. Çünki bunlar sadəcə iqtisadi deyil, mənəvi və siyasi məsələlərdir. Bu reallığı dərk edə bilməməyimiz nəticəsində bazar iqtisadiyyatından bazar cəmiyyətinə doğru yuvarlanmışıq.
 
Bazar iqtisadiyyatı istehsal fəaliyyətini təşkil etməkdə effektiv bir alətdir. Bazar cəmiyyəti isə “bazar dəyərlərinin” insan davranışlarının hər bir aspektinə müdaxilə olduğu bir həyat tərzidir. Bu cəmiyyət sosial münasibətlərin bazarın surətində formalaşdığı bir məkandır. Bu kontekstdə, bir neçə sualı qəti şəkildə qarşımıza qoymalı və düşünməliyik, istədiyimiz bazar iqtisadiyyatıdır, yoxsa bazar cəmiyyəti? Bazarlar ictimai və şəxsi həyatda hansı rolu oynamalıdır?
 

Nələr alınıb-satılmalı və nələr qeyri-bazar dəyərləri tərəfindən idarə olunmalıdır?

 
Bu suallar üzərində qurulmuş debatlar siyasi həyatda faktiki olaraq mövcud deyil. Bir siyasi sistem ümumi ictimai mənafe uğrunda fəaliyyət göstərə bilmədikcə vətəndaşlarda siyasi sistem ilə bağlı özünü göstərən xəyal qırıqlığı ("frustrasiya") daha da dərinləşir. Siyasi arqumentlər qəzəbli partizan çıxışlarından, parlamentlərdə “ideoloji ərzaq savaşlarından” ibarət olduqda səhiyyə, təhsil, uşaqların gələcəyi, ətraf mühit və vətəndaşlıq məsələlərini necə dəyərləndirməli olduğumuz kimi mənəvi məsələləri özündə əhatələyən bir ictimai debatı təsəvvür etmək belə çətinləşir. Bazar cəmiyyətində siyasi prinsiplər mənəvi-spiritual məzmundan məhrum olduğu üçün həddən ziyadə bəsit və boşdur. Çağdaş “siyasi ehkamların” mənəvi boşluğunun bir neçə səbəbi var. Bunlardan biri doğru həyatı ifadə edən anlayışların ictimai diskursdan çıxarılmasıdır.
 
 
İctimai sferaya daxil olduqları zaman vətəndaşların öz əxlaqi və spiritual inanclarını tərk etmələrində təkid etməyimiz çox yanlışdır. Çünki insanlarda doğru həyat üzərində öz arqumentlərini etiraf etmək istəksizliyinin formalaşması bazarın mütləq zəfərinə və “bazar dəyərlərinə” əsaslı mühakimənin güclənməsinə zəmin hazırlayır. Bu “dəyərlərə” əsaslı mühakimə ictimai-siyasi həyatı mənəvi arqumentasiyadan məhrum edir.
 
Bazarların çağırışının bir hissəsi ondan ibarətdir ki, onlar tətmin etdikləri tərcihlər üzərində hər hansı mühakimə yürütmürlər. Onlar mübadilə etdikləri malların hansının daha az, hansının daha çox dəyərli olması haqqında soruşmurlar. Onlar heyranlıq duyulan tərcihlər ilə daha az dəyərli tərcihlər arasında ayrı-seçkilik etmirlər. Dəyərlər üzərində bu qeyri-mühakiməçi yanaşma bazar mühakiməsinin və onun çağırışının gerçək mahiyyətini ortaya qoyur. Bizim bazar dəyərlərinə imperativlik qazandırmaqla əxlaqi arqumentlər irəli sürmək istəməməyimizin (və ya irəli sürə bilmək qabiliyyətsizliyimizin) bədəli çox ağırdır: ictimai diskursun mənəvi enerjidən boşalması nəticəsində texnokratik və menecerial siyasətlər insan cəmiyyətlərinə hər bir perspektivdən diktə edir. Bu kontekstdə əsrimizdə üzləşdiyimiz mənəvi-siyasi meydanoxuma daha qlobal və nüfuzedicidir.
 
Qeyd: Bu yazıda bildirilən fikirlər amerikalı filosof və kommunitarian siyasi nəzəriyyəçi, "Liberalizm və ədalətin hüdudları”, “İctimai fəlsəfə, siyasətdə əxlaq üzərində esselər” kimi kitabların müəllifi Maykl Sandelə məxsusdur.

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.