Məqalələr

BAKI ÇOXTƏRƏFLİ DİPLOMATİYANIN VƏ MULTİLATERALİZMİN MƏRKƏZİ KİMİ

avatar
İlyas Hüseynov
2020-05-20
BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.

 

 

Giriş

Praktikada çoxvektorlu xarici siyasət həyata keçirmə halları tez-tez müşahidə olunan bir fenomen olsa da, xüsusən postsovet məkanında, demək olar ki, bütün ölkələr belə bir strategiyaya riayət edirlər. Əsasən bir sıra dövlətlərə qarşı xarici təhdid olduqda, itkilərin qarşısını almaq üçün tarazlaşdırma strategiyası seçilir, əgər beynəlxalq və regional şərait daha müsbətdirsə, qazanc əldə etmək və digər səbəblərdən güclü düşərgəyə qoşulmaq haqqında qərar qəbul edilir. Bununla yanaşı, çoxvektorlu siyasət nəzəriyyəsi kifayət qədər tədqiq edilməmişdir. Bu məqalədə Azərbaycanın yerləşdiyi geosiyasi vəziyyətə uyğun olaraq yürütdütü çoxtərəfli diplomatiyanın və multilateralizmin əsas üstünlüklərinə nəzər salmağa çalışacağıq.

 

Çoxvekorlu diplomatiya fenomeni və qarşıda duran vəzifələr

 

Çoxtərəfli diplomatiya qədimdə yaranıb, lakin XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində beynəlxalq münasibətlərin ümumdünya, qlobal xarakter almağa başladığı dövrdə xüsusilə geniş inkişaf etmişdir.

 

Beynəlxalq münasibətlər, siyasət, iqtisadiyyat, rabitə, nəqliyyat və məlumatların qloballaşması yeni əsrin ilk onilliyində, beynəlxalq münasibətlərin bipolyar sisteminin mövcudluğunun dayandırıldığı və dövlətlərin qlobal inkişafının idarə edilməsi üçün yeni bir sistem axtarmağa başladığı dövrdə aydın oldu. Bu axtarışlar indi də gərgin siyasi və iqtisadi mübarizə şəraitində aparılır. Bu günə qədər dövlətlər arasındakı münasibətlərdə dünya mədəniyyətinin ən yüksək nailiyyəti və beynəlxalq münasibətlərin idarə edilməsinin ən yaxşı mexanizmi olan Birləşmiş Millətlər Təşkilatı əvvəlki sistemdən (Yalta-Potsdam) miras qalmışdır. Müasir çoxtərəfli diplomatiyanın əsas və universal mexanizmini məhz BMT təmsil edir. Bununla yanaşı, bir qayda olaraq, BMT ilə intensiv əlaqədə olan digər beynəlxalq təşkilatlar fəaliyyət göstərir, çoxtərəfli görüşlər, beynəlxalq regional konfranslar və digər kollektiv diplomatik tədbirlər keçirilir.

 

Beynəlxalq münasibətlərin neorealist nəzəriyyəsinə görə, güclü dövlətlər arasında olan ikinci dərəcəli ölkələr öz təhlükəsizliyini təmin etmək üçün ya güclü tərəflərlə birləşirlər (bandvagoning), ya da tarazlaşdırma strategiyasına üstünlük verirlər. Əslində, bu iki seçim arasında qaldıqda, müəyyən addım atmaq üçün motivasiya daha böyük nüanslara və fərqliliklərə səbəb ola bilər – “özünü qoruyub saxlamaq və mövcud dəyərləri qorumaq” üçün balanslaşdırma siyasəti yürütmək və ya istənilən dəyərləri əldə etmək üçün güclü bir düşərgəyə qoşulmaqla “özünü yüksəltmək” [9].

 

Digər tərəfdən, böyük güclər kiçik bir dövlət üçün həm imkan və fürsət, həm də təhlükə yaradır. Birincisi, onları cəlb etmək yardım, himayə, prestij/nüfuz və ya digər üstünlüklər üçün mənbə rolunu oynaya bilər. İkincisi, kiçik dövlətlərin aşkar surətdə disproporsiyası, onları həddən artıq asılılığa qarşı həssas hala gətirdiyini üçün zəif tərəfə qarşı təhdid formasında çıxış edir [8].

 

Çoxtərəfli diplomatiya bir çox xüsusiyyətlərinə görə mühüm əhəmiyyət kəsb edir. Çoxtərəfli diplomatiya beynəlxalq əməkdaşlığın müxtəlif iştirakçıları arasındakı ziddiyyətlərin azaldılması ehtimalı ilə yanaşı, bütün dünyada sülhməramlı istiqamətdə konstruktivizmin başlanğıcı kimi hər bir tərəfdaş üçün gələcəkdə onun birtərəfli maraqlarının reallaşdırılacağı təqdirdə daha geniş manevr meydanının təmin olunması ilə müşayiət olunur. Sülhməramlılığın təmin edilməsində çoxtərəfli diplomatiyanın ən perspektivli sahələri daxili münaqişələrə xarici müdaxilə ilə bağlı qərarların koordinasiya edilməsi, münaqişədən sonrakı yenidən qurulma formatlarının müəyyənləşdirilməsi, müasir münaqişələrin həllində preventiv diplomatiyanın rolunun gücləndirilməsi prosesləridir.

 

Bu baxımdan təəccüblü deyil ki, çoxtərəfli diplomatiya problemləri xarici siyasət və beynəlxalq münasibətlər sahəsində müxtəlif dairələrdə getdikcə daha çox diqqət mərkəzində olur və müzakirə obyektinə çevrilir. Burada isə siyasətçilərdən və diplomatlardan tutmuş, elmi ictimaiyyətin nümayəndələrinədək (tarixçilər, politoloqlar, siyasi analitiklər) iştirakçı qismində çıxış edirlər [1]. Belə bir şəraitdə beynəlxalq münasibətlər tarixinin müxtəlif mərhələlərində çoxtərəfli diplomatiyanın mahiyyətini, əhatə dairəsini və təkamülünü başa düşmək əhəmiyyət qazanır.

 

Müasir qlobal tendensiyalar və çoxtərəfli diplomatiya

 

XX və XXI əsrin qovuşuğunda qloballaşmanın açıq prosesləri fonunda, transmilli korporasiyaların və qeyri-hökumət təşkilatlarının beynəlxalq danışıqlar prosesində artan rolu üzə çıxdı. Bu bağlılıqda bir müddət görünürdü ki, hər ikisi suveren dövlətlərlə yanaşı, onların səlahiyyətli subyektlərinə çevrilmiş çoxtərəfli diplomatiya proseslərinə müdaxilə etməyə hazırdırlar. Lakin yeni əsrin birinci onilliyində diplomatiya təcrübəsi göstərdi ki, maliyyə-sənaye dairələrinin və qeyri-hökumət təşkilatlarının dövlətlərin xarici siyasətinə güclü təsir göstərməsinə baxmayaraq, çoxtərəfli diplomatiyanın səlahiyyətli subyektləri hələ də yalnız suveren dövlətlər və dövlətlərarası beynəlxalq təşkilatlar olaraq qalır. Transmilli korporasiyalara gəldikdə isə, onların beynəlxalq danışıqlar prosesində fəal iştirakı, bir qayda olaraq, bu korporasiyaların nümayəndələrinin hökumət nümayəndə heyətlərinə daxil edilməsi, həmçinin korporasiyaların maraqlarının hökumət nümayəndə heyətləri üçün direktivlərdə nəzərə alınması, lobbiçilik və s. vasitəsilə həyata keçirilir [6, s. 87].

 

Qeyd edək ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində səylərini müxtəlif çoxtərəfli formatlar çərçivəsində birləşdirən dövlətlərin qruplaşmaları yaranmağa və ya möhkəmlənməyə başladı. Bu, həm G20 “iyirmilik”, həm MDB, həm Avrasiya İqtisadi Birliyi, ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası), APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı), ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), ATƏT, BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası), həm də digər regional və sahəvi ittifaqlardır. Tədricən, blokların qarşıdurmasından çoxvektorlu və çoxtərəfli diplomatiyaya keçid baş verdi. Təcrübə göstərir ki, dünyanın əksər dövlətləri bu tendensiyalara müsbət yanaşır və böyük ehtiyac duyur. Bu da artıq diplomatiyanın da “şəbəkələşmənin” göstərici kimi hesab oluna bilər. “Konsensus diplomatiyası” və “yeni qlobal özünüidarəetmə” prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin yeni ideologiyası formalaşmaqdadır. Çoxtərəfli diplomatiya bu gün beynəlxalq qərarların axtarışı və razılaşdırılması üçün əsas vasitəyə çevrilib.

 

Çoxtərəfli diplomatiya institutları sülhməramlılığın təkmilləşdirilməsinin fövqəladə əhəmiyyətli mexanizmidir, lakin müasir dövrdə onlar getdikcə daha ciddi çağırışlarla üzləşirlər. Bu kontekstdə dünya siyasətinin bütün aktorları qarşısında müasir sülhyaratma sahəsində böhran meyillərinə qarşı daha sıx əməkdaşlıq qurmaq vəzifəsi durur. Eyni zamanda, post-bipolar sülhyaratma prosesinin inkişafında çoxtərəfli diplomatiyanın rolu getdikcə artmaqdadır. Çoxtərəfli diplomatiya ikitərəfli diplomatiyanı əvəz etmir, lakin o, ikitərəfli dövlətlərarası qarşılıqlı fəaliyyət şəraitində olduğundan daha mürəkkəb münasibətlər sahəsində əməkdaşlığı peşəkar səviyyədə təmin etmək məqsədini əvəz edir. Bununla da diplomatik nöqteyi-nəzərdən, yəni kompromisin tapılmasına peşəkar istəyin nümayiş olunması təhlükəsizlik sahəsində çağırışları idarə etmək üçün daha geniş amillərə təsir göstərir [5, s. 69].

 

Hazırda beynəlxalq münasibətlərin səmərəli idarə edilməsi yalnız çoxvektorlu əlaqələr sayəsində mümkündür. ABŞ-ın beynəlxalq münasibətlərin monopolyar güc strukturu yaratmaq cəhdləri əksər ölkələrin çoxqütblü, yaxud polisentrik dünya sisteminin formalaşması istəkləri ilə qarşı-qarşıya qalıb. Təbii ki, burada BMT-nin üzərinə böyük məsuliyyət düşür. 90-cı illərdə NATO-nun Yuqoslaviyada ilk dəfə güc nümayişi, daha sonra Qərb dövlətləri arasında parçalanma, ABŞ-ın Əfqanıstan və İraqda baş verən siyasi uğursuzluqları inhisarçılıq perspektivini kəskin şəkildə pisləşdirdi. Bununla yanaşı, 21-ci əsrin etibarlı bir polisentrik sistemini formalaşdırmaq və beynəlxalq əlaqələrin qlobal miqyasda və lazım gəldikdə regional səviyyədə idarə olunmasında əsas mexanizm kimi BMT-nin mərkəzi rolunu təmin etmək üçün hələ çox səy göstərmək lazımdır [7, s. 69-70 ].

 

Çoxtərəfli diplomatiyanın Azərbaycan modeli

 

Heydər Əliyev irsi əsasında cənab Prezident İlham Əliyev tərəfindən bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyasəti uğurla davam etdirilir, ölkəmizin inkişafının yeni mərhələsinə, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən edilir və həyata keçirilir.

 

Milli maraqlara söykənən bu xarici siyasət əsasında Azərbaycan regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Hərbi-siyasi blokların üzvü olmayan Azərbaycan bu xoşməramlı siyasət vasitəsilə “yumşaq” təhlükəsizlik mühiti yaradıb, kənar qüvvələrin hesabına təhlükəsizliyin “istehlakçısı” kimi deyil, öz gücü hesabına regionda təhlükəsizliyin “istehsalçısı” və təminatçısı rolunda çıxış edir. Azərbaycan layiqli və etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin Latın Amerikası, Afrika və Cənub-Şərqi Asiya ölkələri ilə genişlənən əməkdaşlığı və həyata keçirilən qarşılıqlı səfərlər Azərbaycan ilə tərəfdaşlıq etmək istəyən ölkələrin sayının artmasının aydın göstəricisidir.

 

Tanınmış amerikalı analitik, Harvard Universitetinin professoru Cozef Nayın təbirincə desək, Azərbaycanın yürütdüyü bu siyasəti “Smart Power” adlandırmaq olar. Amma bu cür çətin regionda və siyasi, iqtisadi, hərbi böhranların tüğyan etdiyi nizamsız dünya düzənində Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirməsini və təhlükəsizliyini təmin etmə qabiliyyətinin mahiyyət və leksik baxımdan “İntelligent Power” adlandırılması bəlkə daha düzgün olardı.

 

 

Qlobal pandemiya şəraiti və Azərbaycanın çoxvektorlu diplomatiyası (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nümunəsi)

 

Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzi kimi koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi istiqamətində müxtəlif təşəbbüslər göstərir.    

 

2020-ci il 10 aprel tarixində “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Dövlət Başçıları Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilmiş Zirvə Görüşündə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, TDƏŞ-in Baş Katibi Bağdad Amreyev və Ümümdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreisus iştirak etmişdir. Tərəflər Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialların tam səfərbər etməklə təlimatlandırılmışdır [4]. Zirvə Görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunmuşdur. Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra görüşünün təşkili göstərdi ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini genişləndirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirməyə nail olmuşdur. Böyük əminliklə demək olar ki, nümunəvi səviyyədə olan bu həmrəyliyin əsasında ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər dayanır. Pandemiyanın bütün dünyanı bürüdüyü şəraitdə dünyanın həmrəyliyə, əməkdaşlığa və qarşılıqlı səmərəli fəaliyyətə ehtiyacı vardır.

 

Zirvə görüşünün keçirilməsinin əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparmaq, lazım olan anda bir-birinə dəstək göstərək və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi olmuşdur. Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü zamanı Prezident İlham Əliyev bildirmişdir ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. “Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir” [3].

 

Qeyd etmək lazımdır ki, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir.

 

Qoşulmama Hərəkatı və rəsmi Bakının fəaliyyəti

 

Azərbaycan qlobal pandemiya şəraitində dünyanın müxtəlif ərazilərində yerləşən dövlətlər və xalqlar arasında kommunikasiya qurur, körpü yaradır. 2020-ci ilin mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmişdir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar [2].

 

Qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşündə Avropa İttifaqının rəsmisinin iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur.

 

Qeyd etməkdə fayda var ki, rəsmi Bakının təşəbbüsü nəticəsində Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür.

 

Digər tərəfdən, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməmişlər. Müasir dövrdə qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirmiş və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olmuşdur. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirmişdir.

 

Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir. Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyasının sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciət ünvanlası, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisi kimi qiymətləndirilmişdir.

 

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.

 

 

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.

 

Beləliklə, Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir.

 

Nəticə

 

XXI əsrdə beynəlxalq diplomatik fəaliyyətdə çoxtərəfli diplomatiyanın rolu getdikcə artır. Bütün dünyanı bürümüş qloballaşma və inteqrasiya prosesləri, dünya siyasətinin müxtəlif iştirakçıları arasında əlaqələrin möhkəmləndirilməsi, dövlətlərarası ünsiyyətin intensivləşməsi və ictimai münasibətlərin tənzimləyicisi kimi dövlətin funksiyalarının genişlənməsi dövlətlər arasında ənənəvi ikitərəfli münasibətləri tez-tez əvəzləyən çoxtərəfli diplomatiya mexanizmlərindən istifadə üçün kifayət qədər şərait yaratmışdır.  

 

Çoxtərəfli əməkdaşlığa ehtiyac kütləvi qırğın silahlarının yayılması və ya ətraf mühitin çirklənməsi və qlobal istiləşmə kimi qlobal problemlərin böyüməsindən qaynaqlanır ki, bu da bütün dünya ictimaiyyətinin birgə səylərini və müasir dünyanın çağırışlarına adekvat reaksiya verən çoxşaxəli diplomatiya mexanizmləri vasitəsilə əlaqələndirilməsini tələb edir. Hal-hazırda dünya əhəmiyyətli konfranslar tez-tez keçirilir, bütün ölkələrin yeni, qlobal təhlükələr və çağırışlar qarşısında qarşılıqlı asılılığının artması daha çox dərk edilir.

 

Yalnız çoxtərəfli diplomatiya bizi nüvə müharibəsindən, terrorizmdən və ölümcül xəstəliklərdən, sürətli qlobal istiləşmədən və qeyri-bərabərliyin sosial sarsıntılarından xilas edə bilər. Bu gün millətçiliyin dirçəldilməsi fonunda və populist ideyaların yayılması ilə aydın qaydalara əsaslanan beynəlxalq nizamın mövcudluğunu inkar edilir. Çoxtərəflilik və müxtəlifvektorlu diplomatiya bəşəriyyətin qarşısında duran ümumi vəzifələrin həlli üçün sübut olunmuş alətlərdir. Bu yolla gender bərabərliyini təmin etmək üçün beynəlxalq hüquq normalarının işlənib hazırlanmasından tutmuş, ətraf mühitin qorunmasına, kütləvi qırğın silahlarının və ölümcül xəstəliklərin yayılmasının qarşısının alınmasına qədər bütün problemlərin kompleks həlli mümkündür.

 

Demək olar ki, İkinci Dünya müharibəsindən sonra yaranmış çoxtərəfli mexanizmlər 75 il ərzində insanları xilas etməyə, sosial-iqtisadi tərəqqiyə nail olmağa və insan hüquqlarını qorumağa, həmçinin üçüncü dünya müharibəsinin başlamasının qarşısını almağa kömək etmişdir. Bu gün həll olunmamış münaqişələrin mövcudluğu, nəzarətsiz iqlim dəyişikliyi, bərabərsizliyin artması və digər problemlərlə əlaqədar çoxtərəfli diplomatiyaya böyük ümidlər bəslənir.

 

Bu baxımdan, BMT Baş Assambleyasının 2018-ci il 12 dekabr tarixli qətnaməsi ilə 24 aprel Beynəlxalq Multilateralizm və Diplomatiya Günü kimi qeyd olunur. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı effektiv mübarizə sahəsində nümunəvi ölkədir. Effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.

 

Çoxsaylı beynəlxalq təşkilatların üzvü olaraq, Azərbaycan Respublikası fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi dəstəkləyir. Bu, Azərbaycanın yerləşdiyini mühüm geosiyasi arealla bağlıdır, digər tərəfdən Azərbaycanın rasional seçimidir. COVİD-19 Koronavirus pandemiyası dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2 mötəbər tədbirin keçirilməsi sübut edir ki, Azərbaycanda beynəlxalq tərəfdaşlığa və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir. Buna görə də Bakını çoxtərəfli dıplomatıyanın və multilateralizmin mərkəzi kimi qəbul edə bilərik.


 

ƏDƏBIYYAT

 

Azərbaycan dilində:

1. 2008-ci ildə Amerika Birləşmiş Ştatlarında növbəti Prezident seçkiləri ərəfəsində Con Hopkins Universitetinin “Perspektiv Beynəlxalq Araşdırmalar Məktəbi” tərəfindən çap olunan jurnalın (The SAIS Review of International Affairs) xüsusi sayı çoxtərəfli diplomatiyaya, o cümlədən ABŞ-ın yeni administrasiyası tərəfindən diplomatik fəaliyyətin bu formasından istifadənin əhəmiyyəti və perspektivlərini təhlil edən məqalələrə həsr olunmuşdur. Bax: SAİS Review. Vol. 28. No. 2 (Summer-Fall 2008).  

2. İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib: [Elektron resurs] // 04.05.2020.  https://president.az/articles/37705 (müraciət tarixi: 19.05.2020)

3. İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib: [Elektron resurs] // 10.04.2020. https://president.az/articles/36412 (müraciət tarixi: 19.05.2020)

4. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ): [Elektron resurs] //  https://mfa.gov.az/az/content/176/turkdilli-dovletlerin-emekdasliq-surasi-tdes (müraciət tarixi: 19.05.2020)

Rus dilində:

5. Зиновский, Ю. Г. Многосторонняя дипломатия и миротворчество в условиях современного мира // – Вестник МГИМО Университета. № 6. 2010. c. 65-74.

6. Лебедева, О.В. Многосторонняя дипломатия в современных международных отношениях // Право и управление. ХХI век. – №1 (34) 2015. c. 86-91.

7. Олеандров, В. Многосторонняя дипломатия // Право и управление. ХХI век. №2 (27) 2013.  c. 69-76.

İngilis dilində:

8. Contessi, P.Nicola. Foreign and Security Policy Diversification in Eurasia: Issue Splitting, Co-alignment, and Relational Power. // Problems of Post-Communism. – 62 (5): pp: 299-311.

9. Schweller, Randall. Bandwagoning for Profit: Bringing the Revisionist State Back In.” // International Security. – Volume 19, No. (Summer 1994) pp: 72–107.

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI