Məqalələr

Azərbaycanda miqrasiya prosesinin ölkə üzrə qeyri-rasional yayılmasının səbəbləri

avatar
Elnarə Qəribova
2020-04-14

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.

Azərbaycanda daxili miqrasiyanın qeyri-rasional yayılması urbanizasiyanın mənfi fəsadı olaraq özünü daha çox Bakı şəhərində göstərməkdədir. Həmçinin Azərbaycanda daxili miqrasiyanın məxsusi cəhəti müharibə şəraitinin yaratdığı zorakı və məcburi köç/miqrasiyasıdır (bundan sonra miqrasiya istifadə ediləcək).

 

İqtisadiyyat inkişaf etdikcə daxili miqrasiya/köç artır. İnkişaf etmiş Qərb cəmiyyətlərində sənaye inkişaf etdikcə, miqrasiya və şəhərləşmə prosesi artmışdır. Ancaq Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə urbanizasiya prosesini təşviq edən miqrasiya, əsasən rayon və kənd ərazilərində çətin yaşayış şəraitinin yaranmasıyla dinamikləşir, iqtisadi fəaliyyətlər və resursların çatışmazlığı insanları köçməyə vadar edir. 

 

Ölkə daxilində əhalinin doğma yeri ilə son yaşayış yerləri arasındakı fərq bu əhalinin regional daxili miqrasiyasını göstərir. Ümumi olaraq bir sosial sistemdə uyğunlaşma prosesi olan miqrasiya istehsalın məhsuldarlığını daha da artırır və əmək qabiliyyətinin məkanlar üzrə paylanmasını yenidən təşkil edir. Bu, sosial struktur və qurumlar arasında nisbi balansı təmin edir. Ancaq bu proses bütün ölkələr və şəhərlər üçün eyni nəticə vermir. Məsələn, Bakı kimi aktiv miqrasiya dalğasına məruz qalan şəhərin rayonları arasında əmək qabiliyyətliliyi və məşğulluq bərabər paylanmaya bilər. Belə ki, aktiv miqrasiya prosesində mövcud sosial-iqtisadi tarazlığın pozulması baş verir və insan məskunlaşmalarında əməyin effektli paylanması mümkün olmur.

 

Şəhərə istiqamətlənən kütləvi köç/miqrasiya prosesi şəhərin təbii mühitini pozur. Belə ki, şəhərə gələnlərin, əsasən də zorakı (məcburi) miqrasiyanın subyektlərinin birdən-birə şəhər mühitinə uyğunlaşmamaları, onlara qarşı kənarlaşdırıcı davranışı mənimsəməməsi şəhər mühitində narazılıq, münaqişə və həmçinin cinayət hallarının artmasına səbəb olur. Yerli mühit və sakinlərlə gəlmələr arasında uyğunlaşma  müəyyən vaxt alır. Bu zaman ərzində şəhərin başda ifrastrukturu/quruluşu olmaqla ictimai, iqtisadi, ekoloji kimliyi yenidən inşa edilmiş olur. Bu baxımdan 80-ci illərin sonu 90-cı illərin əvvəllərində şəhər mühitinin görünüş olaraq birdən dəyişməsi yerli sakinlər və gəlmələr arasında ziddiyyətlər və münaqişələr yaradırdı.  Bu hal 2000-ci illərin ortalarına qədər müxtəlif aspektlərdə əks olunurdu.

 

Keyfiyyətli bir şəhər həyatının mövcud olması üçün urbanizasiya prosesi təbii olmalıdır və bu çərçivədə şəhərləşmə və şəhər inteqrasiyası nəzərə alınmalıdır. Ancaq şəhərə kənardan olan kütləvi axın bu təbii prosesə zərər verir. Şəhərin inteqrasiyasını zədələyən bu axın şəhər `mərkəzlərində təhlükəsizlik, cinayət, mənzil çatışmazlığı, infrastrukturun zəifləməsi, nəqliyyat sıxlığı kimi maddi əsaslı problemlərlə yanaşı, psixoloji və sosial məzmunlu problemlərin də ortaya çıxmasına səbəb olmaqdadır.

 

SSRİ dağıldıqdan sonra kənd və rayonlardan Azərbaycanın böyük şəhərlərinə, əsasən Bakıya axının səbəbi kəndyerlərinin itələyəci/ziddiyyətli, şəhərin isə cəlbedici xüsusiyyətlərə malik olmasıdır. Aşağıda göstərilən amillərin Azərbaycan nöqteyi-nəzərindən müəyyən edilməsində dünya elmi ədədbiyyatının müəyyən etdiyi göstəricilərlə yanaşı bu təhlil (Azərbaycanda daxili miqrasiyaprosesinin ölkə üzrə  qeyri-rasional yayılmasının səbəblərinin) üçün, əsasən regionlardan gəlib Bakıda və Sumqayıtda yaşayan 100-ə yaxın vətəndaşla 2019-cu il ərzində aparılan şifahi sorğu əsasında  əldə edilən məlumatlardan da istifadə edilmişdir. Bu amillər aşağıdakılardır: 

 

  • Rayon və kənd yerlərinin ziddiyyətli amilləri: məşğulluq və sahibkarlıq imkanlarının olmaması, ictimai nəzarət və qınaq təzyiqi və təsiri, davamlı təhsil və ixtisaslaşma imkanlarının olmaması, siyasi və ya dini hüquqların pozulması, həbs və ya cəza təhlükəsi, irq, din, cinsiyyət və ya cinsi yönümə əsaslanan təqib və ya dözümsüzlük, evlilik üçün həyat yoldaşı tapmağın mümkünsüzlüyü, din seçmək və ya seçməmək azadlığının olmaması, əkin sahələrinin çatışmazlığı, ziddiyyətli hüquqi və ya siyasi şərtlər, uğursuz iqtisadi fəaliyyətlər, hərbi çağırış, müharibə və ya terror təhlükəsi və təhlükəsizlik məsələləri, torpağın zəif məhsuldarlığı/aşağı məhsuldarlıq, təbii fəlakətlər, quraqlıq, silahlı qüvvə və ya zorla çıxarılma və s.-dir.

 

  • Şəhərin cəlbedici amilləri: əvvəl köçmüş qohum və ya zəncirvari miqrasiya, kənd-şəhər gəlirləri arasındakı fərqdir, təhsil və səhiyyə xidmətlərinin zəif, keyfiyyətsiz olması, böyük şəhərin/meqapolisin cəzbedici amillərinin artması, nəqliyyat və kommunikasiya vasitələrinin  rahatlığı, asan iş tapma imkanı, həyat yoldaşı tapmağın daha böyük imkanı, daha yüksək həyat səviyyəsi, şəhərlərdəki sosial və mədəni imkanlar və s.-dır.

 

 

Azərbaycanda ilk xarici və daxili miqrasiya dalğası: Ölkə üzrə miqrantların, qaçqın və köçkünlərin qeyri-rasional məskunlaşması

 

 

Mühüm əhali parametrlərindən biri olan miqrasiya müxtəlif sosial, iqtisadi, siyasi və təbii səbəblərdən yaranır. Məcburi miqrasiya baxımından Azərbaycanın qarşılaşdığı bu miqrasiya hərəkatını məcburi (zorakı) daxili və xarici miqrasiya kimi iki qrupda araşdırmaq mümkündür.

 

 

Məcburi daxili miqrasiya

 

Məcburi xarici miqrasiyanın daxili miqrasiya ilə kəsişməsi: Azərbaycnda regional xarici miqrasiyanın  bir çox səbəbləri vardır. 1988-ci il Ermənistanın  etnik təmizləmə siyasətinin növbəti və sonuncu qurbanları olan 250 min azərbaycanlının tarixi Azərbaycan torpaqlarından cıxarılması və Azərbaycan torpaqlarının işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən insanların əksəriyyəti müvəqqəti yaşayış yeri kimi Abşeron yarımadasına, Bakıya, Sumqayıta və digər böyük şəhərlərə üz tutdu. Məskunlaşan əhalinin təxminən 92 mini Bakıda, 18 mini Sumqayıtda, 4 mini isə Abşeronda olmaqla 115 mini bu bölgədə yerləşdi.

 

 

Zorakı daxili miqrasiya

 

Məcburi miqrasiyaya məruz qalan Azərbaycan əhalisinin 90%-i Qarabağ və ətraf rayonlardan Azərbaycanın digər bölgələrinə məcburi köç edib. Qarabağ münaqişəsi ilə əlaqəli sosial, iqtisadi və siyasi problemlər ölkənin bütün vətəndaşlarına təsir göstərdi. Bu problemlərin kütləvi təzahürü isə əhalinin bölgələrdən Bakıya və ətraf rayonlara axınına səbəb oldu. Azərbaycanda hərbi əməliyyatlar zamanı yaranan məcburi daxili miqrasiyanın müxtəlif səbəbləri var. Belə ki, Qarabağ və ətraf rayonlardan məcburi köçən 789 min Azərbaycan əhalisinin  təxminən 300 mini məcburi xarici miqrasiyada olduğu kimi Abşeron yarımadasına köçmüşdür. 300 min əhalinin təxminən 200 mini Bakı, təxminən 85 mini Sumqayıt, 15 mini isə Abşeron ərazisində məskunlaşmışdır.

 

Azərbaycan dövləti tərəfindən həyata keçirilən Bakıdan başqa regionlara məcburi köçkün yerləşdirmə siyasəti çərçivəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksi və qəsəbələr salınsa da, bu yaşayış yerlərində nəzərdə tutulan əhalinin hamısı yaşamır. Bakının getdikcə “meqapolisə” çevrilməsinin təsiri, yaşayış və dolanışıq şərtləri baxımından daha uyğun şərtlərdən irəli gələrək məcburi köçkünlər paytaxt və Sumqayıt yaxınlığında yerləşməyə çalışırlar. Ümumi olaraq məcburi daxili miqrasiya əsasında nəzərdə tutulan əhalinin təxminən 35%-i Bakıda və Sumqayıtda məskunlaşmışdır.

 

Qaçqın və məcburi köçkünlər əsasən Bakı və Sumqayıtın  ətraf rayonlarında yerləşsələr də, Azərbaycanın digər rayonlarında da məskunlaşıblar. Həmçinin onu da qeyd etmək lazımdır ki, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış və  məcburi xarici miqrasiyaya məruz qalan 60 min Axısxa türkünün əksər hissəsi də Bakıda məskunlaşıb. Hal-hazırda Azərbaycanda daxili və xarici miqrasiyanın əsasını təşkil edən bir milyon 200 min 500 nəfər qaçqın, məcburi köçkün və “qaçqın” satusu almaq istəyində olan sığınacaq axtaran şəxs vardır (Cədvəl 1.). 

 

Cədvəl 1. Mənbə: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

 

Miqrasiya əsasında Bakının rəsmi və qeyri-rəsmi əhalisi

Əksəriyyəti şəhərlərdə yaşayan kənd və bölgə əhalisi qeydiyyatda olduğu, yaşadığı kəndin/ rayonun mədəni, ictimai, siyasi (seçki proseslərində), sosial, inzibati fəaliyyətində iştirak etmir. Bunları nəzərə aldıqda, urbanizasiyanın təşviqi ilə daxili miqrasiyanın kütləviliyi, dövlətdə gedən siyasi-ictimai proseslərə də ciddi təsiri nəzərə çarpır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, paytaxt əhalisinin sayında ən çox artım 2007-2008-ci illərdə qeydə alınıb. 2007-ci ildə Bakı əhalisinin artımı 33.6 min, 2008-ci ildə 33.8 min nəfər olub. Bu artımın əsas hissəsi kənd əhalisinin şəhərə axını sayəsində qeydə alınıb. 2019-cu ilin əvvəllərinə olan rəsmi statistik məlumata əsasən, Bakıda 1 km2 1064 nəfər düşür. Bakıda əhalinin təxminən yarısının regionlardan gəldiyini və qeydiyyatda olmadığını nəzərə aldıqda bu rəqəm ikiqat artır. 2018-ci ilin statistik göstəricilərinə əsasən, Bakının ən çox sıxlığı Nəsimi, daha sonra isə Yasamal rayonlarının ərazisində qeydə alınıb. Ən az sıxlıq isə Qaradağ rayonu ərazsində qeyd edilmişdir. Burada hər kvadratkilometrə 115 nəfər düşür.

 

Şəhər və rayonların adları

Ərazi, min kv.km 1)

Əhalinin sayı, min nəfər

01.01.2018-ci il tarixə əhalinin sıxlığı (1 kv. km, nəfər)

2009-cu ildə keçirilmiş əhalinin siyahıya-alınması üzrə

01.01.2018-ci ildəki vəziyyətə görə

Azərbaycan Respublikası

86,6

8922,4

9898,1

114

 

 

 

 

 

Bakı şəhəri - c ə m i

2,14

2045,8

2262,6

1057

o cümlədən:

 

 

 

 

Binəqədi rayonu

0,17

238,5

264,4

1555

Qaradağ rayonu

1,08

107,4

123,9

115

Xəzər rayonu

0,37

151,2

165,2

446

Səbail rayonu

0,03

90,2

101,5

3383

Sabunçu rayonu

0,24

220,5

243,0

1013

Suraxanı rayonu

0,12

196,6

217,9

1816

Nərimanov rayonu

0,02

161,2

177,4

8870

Nəsimi rayonu

0,01

208,1

220,1

22010

Nizami rayonu

0,02

177,8

198,5

9925

Pirallahı rayonu

0,03

17,5

20,3

677

Xətai rayonu

0,03

244,9

283,7

9457

Yasamal rayonu

0,02

231,9

246,7

12335

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: Dövlət Statistika Komitəsi

Cədvəl 2. Azərbaycan Respublikasının şəhər və rayonlarının ərazisi, əhalisinin sayı və sıxlığı

 

Mənbə: Dövlət Statistika Komitəsi

 

Bakıda nə qədər əhali yaşayır?

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycan Respublikasında əhalinin sayı 10 milyon nəfərdən çoxdur. 2018-ci ilin nəticələrinə görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi isə kənd sakinləridir. Təkcə iş axtaranlar deyil, ali təhsil üçün Bakıya gələnlərin böyük əksəriyyəti diplom aldıqdan sonra rayonlarda lazımi işlə təmin olunmayacaqlarını əsas gətirərək geriyə dönmək istəmirlər. Bu gün Bakı şəhərində yaşayan əhalinin sayı ilə bağlı fərqli rəqəmlər söylənilir. Bəzi qeyri-rəsmi məlumatlarda paytaxt və onun ətraf ərazilərində yaşayanların sayının 4 milyondan çox olduğu göstərilir. Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2018-ci ilin ilkin nəticələri üzrə Bakı şəhərinin əhalisi 2.262.560 nəfər olub. Rəsmi statistikada əhalinin yaşayış yerinə görə təsnifatı onun pasport qeydiyyatına görə təyin edilir. Amma bu gün əhalinin bir hissəsi daimi pasport qeydiyyatında olduğu yerdə deyil, Bakı və Sumqayıt kimi iri şəhərlərdə yaşayır. Bu səbəbdən də hazırda şəhərlərdə yaşayanların sayının rəsmi statistikada göstəriləndən xeyli çox olduğunu söyləmək olar. 2019-cu ilin əvvəlinə olan rəsmi statistik məlumata əsasən, Bakının əhalisi 2.277.500 min nəfərdir. Qeyri-rəsmi statistikaya əsasən isə hal-hazırda Bakıda yaşayan əhalinin sayı 4 milyondan çoxdur.

 

Əhalisinin sayına görə paytaxtın ən böyük və ən kiçik rayonları

 

Dövlət Statistika Komitəsinə əsasən, 2018-ci ilin əvvəlinə olan nəticələr üzrə Xətai rayonu əhalisinin sayına görə Bakıda ən böyük rayon olub. Xətai rayonu üzrə əhalinin sayı 283.667-dır.İkinci yerdə Binəqədi rayonu (264.453 nəfər), üçüncü yerdə isə Yasamal rayonudur (246.684 nəfər). Bakı şəhəri üzrə əhalinin ən az hissəsi isə Pirallahı rayonun payına düşür (20.292).

 

İqtisadi inkişaf və əhalinin sabit həyat şəraitinin təmin edilməsi üçün həyata keçirilən və keçirilməsi labüd tədbirlər

 

Son illər urbanizasiya siyasətini tənzimləmək, bu prosesi şərtləndirən işsizlik, regional balansın pozulması və sosial xarakterli digər problemlərin həlli üçün regional iqtisadiyyatın formalaşmasına dəstək məqsədilə dövlət proqramlarının qəbulu, gənc ailələrin mənzillə bağlı problemlərini həll etmək üçün ipoteka kreditləri layihəsi, təhsil qurumlarında (əsasən məktəblərdə) çalışan işçilərin regionlarda işləmələrini stimulaşdırmaq üçün  daşınmaz əmlakla, yüksək maaşla və digər sosial təminatlarla təmini və digər proqramların reallaşması insan resurslarının qorunmasına, idarə olunmasına hesablanıb. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda məhz hər bir bölgənin malik olduğu tarixi məşğulluq ənənələrinin bərpası nəzərdə tutulub. Bu istiqamətdə yeni iş yerlərinin açılması yolu ilə şəhərə kütləvi axının qarşısının alınması hədəf olsa da, axın əvvəlki illərdə olduğu qədər dinamik dalğa  sürətilə deyil, bir qədər zəif templə davam edir.  Deməli, regionlarda yeni iş yerləri açmaqla, əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaqla, mədəni-intellektual mühit formalaşdırmaqla paytaxta və digər iri şəhərlərə kütləvi axını zəiflətmək mümkündür. Urbanizasiyanın qarşısının alınması üçün yerlərdə ya yüksək, ya da orta əmək haqqına bərabər məvacibli yeni iş yerlərinin açılmasına xüsusi önəm vermək lazımdır. Eyni zamanda, regionlarda güzəştli kreditlərin verilməsi sürətləndirilməlidir. Mərkəzlərdən fərqli olaraq regionlarda kreditlərin şərtləri daha çox yüngülləşdirilməlidir. Regionlarda gənc nəslin şəhərə axınının səngiməsi üçün stimullaşdırıcı fəaliyyətlərin icrası məqsədəuyğun olar. Misal üçün, gənc mütəxəssislərin məvaciblərinin artırılmasının və ixtisasa uyğun olaraq xaricdə ixtisaslaşdırma proqramlarında iştiraklarının təmin edilməsi.

 

Keçirilməsi labüd tədbirlər:

 

  • Azərbaycanın bir çox bölgələrində həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı"nda əsas güc iqtisadi inkişafı stimullaşdırmaqdan daha çox abadlıq tədbirlərinə yönəldilib. Halbuki kiçik şəhərlər ətrafında inkişaf mərkəzlərinin yaradılması diqqət mərkəzində saxlanılsa, Bakını iqtisadi yükdən və sıx məskunlaşmadan azad etmək xeyli dərəcədə asanlaşar. Bu isə daimi yaşayış və qeydiyyat yeri başqa rayon olan, lakin işləmək üçün paytaxtda qeydiyyatsız yaşayan əhalinin öz rayonuna qayıtması üçün əlavə stimul yaradar.

 

  • Regionlarda Heydər Əliyev mərkəzlərinin səmərəli istifadəsi: Müxtəlif dərnək və kursların açılması, mühazirə və treninqlərin təşkili, içtimai əsaslı kitabxanaların fəaliyyəti və Olimpia İdman Komleklərinin fəaliyyətinin daha səmərəli və region əhalisnin istifadəsinə yararlı etmək üçün qiymət tariflərinin azaldılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi.

 

  • Regionlarda məşğulluq strategiyasının daha sistemli və rentabelli qurulması. İldə bir və ya bir neçə dəfə keçirilən əmək yarmarkaları məşğulluğun artmasına kifayət etmir. Bu proses əsasən region/rayon mərkəzlərində keçirildiyi üçün əhalinin çox hissəsi iştirak edə bilmir. İştirak edənlər də çox vaxt təcrübə və təhsillərinə uyğun iş tapa bilmirlər.

 

  • Regionlar üzrə hər rayon və şəhərdə sosial, mədəni, ictimai məkanların olmaması. Misal üçün, müasir “mədəni” həyat trendi kimi cəlbedici faktor kinoteatr/cinema ve alış-veriş mərkəzlərinin ("mollar"ın) olmaması, insanların vaxt keçirə biləcəyi ictimai məkanların əsasən bəzi bölgələrdə ancaq restoran və kafe  nümunəsində olması, hansı ki həmin yerlərə hər vətəndaş və ailə getmir (adət-ənənə və cəmiyyətin təzyiq formasında təsiri əsasında). Halbuki sovet dövründə Azərbaycanın region üzrə hər rayon mərkəzində və rayona aid qəsəbə və kəndlərində ictimai/mədəni mərkəzlər fəaliyyət göstərmişdir. Əlbəttə, o zamanın tendensiyasına uyğun olaraq bu, region əhalisi üçün məqbul sayılırdı. Ancaq indiki dövrün zərurətini və dinamik prosesləri nəzərə alsaq dövrün tələbatına uyğun mərkəzlərin ümumi olarak infrastrukturun formalaşması və tətbiq edilməsi region əhalisini anadan olduqları və yaşadıqları bölgəyə - rayona, qəsəbəyə, kəndə aid hiss etmələrinə əsas yarada bilər. İnsanların sosial aktiv həyat tərzini formalaşdıran və təşviq edən mərkəzlərin fəaliyyəti, regionlar üzrə hər bir rayon, şəhər və böyük qəsəbələr üzrə alış-veriş mərkəzlərinin və  kinoteatrların fəaliyyəti; fərqli mütaliə tədbirləri üçün kitab mərkəzlərinin, kitab-kafelərin fəaliyyəti; uşaq yeniyetmə və gənclər üçün inkişaf mərkəzlərinin açılması region əhalisinin Bakı kimi böyük və fərqli mədəni həyat tərzlərini özündə əks etdirən şəhərdə yaşamaq maraqlarını öz rayonlarına yönəldə bilər. Həmçinin Azərbaycanın regional mərkəzlərində dünya standartlarına cavab verən, xarici tələbələrin də təhsil almasına imkan verən ali məktəblərin fəaliyyəti regionun inkişafına xidmət etmiş olar.

 

  • Rayon mərkəzindən uzaq məsafədə və ya ucqarda yerləşən qəsəbə və kəndlərin inkişafı və əhalinin məşğulluğunun təmini üçün ekoturizmin və kənd turizminin təşviqi. Əlbətdə ki, burada nəzərə almaq lazımdır ki, heçdə hər kənd əhalisi  turizm fəaliyyətinə açıq olmur. Müəyyən region  kəndləri var ki fərqli mədəniyyətin görüntüsünü (müəyyən geyim və davranış vasitələri və.s) qəbul etmir. Həmçinin regionlarda yüksək texniki təchizatlı və personalla təmin edilmiş səhiyyə qurumlarının fəaliyyətinin,  uçqar qəsəbə və kəndlərə səyyar xidmətin təşkili və s. kimi fəliyyətlərin təşkili dinamik urbanizasiyanın səngiməsinə və daxili miqrasiyanın Bakı və Sumqayıt kimi böyük şəhərlərə istiqamətlənməməsinə zəmin yarada bilər.

 

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI