Yuxarıya
skip to main content

Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil islahatları

19.03.2020

Hökumətin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, türk dili dövlət dili elan edilmişdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi. Tədrisi dövlət dilində olmayan məktəblərin yuxarı siniflərində Azərbaycan dili həftədə 4 saatdan az olmamaqla məcburi fənn kimi tədris edilirdi. Azərbaycan hökuməti ölkədə yaşayan digər xalqların övladlarının öz dillərində təhsil almasına da müvafiq şərait yaradırdı. Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bu kurslara 150 nəfər cəlb edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi haqqında qərar qəbul etmişdir. Azərbaycanda hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai məktəb 23 orta ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi. 1919-cu ilin sentyabrında Lənkəranda kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı. 1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etmiş və layihə bəyənilmişdi. Həmin dövrdə tədris prosesinin təşkili üçün ən ümdə vəzifələrdən biri müəllim kadrlarına olan tələbatın ödənilməsini təmin etmək idi. O zaman Gəncədə seminariya fəaliyyət göstərirdi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi də müəllim hazırlığı baxımından atılmış məqsədyönlü addım idi. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində təhsil müəssisələrinin şəbəkəsi getdikcə genişləndi (ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 3, saxlanma vahidi 71).

 

1919-1920-ci dərs ilinin ilk yarısında müəllim seminariyaları istisna olunmaqla, digər məktəblərdə 9611 nəfər təhsil alırdı ki, onlardan 3115 nəfəri azərbaycanlı idi. Hökumətin qərarı ilə Bakı politexnik və kommersiya məktəbləri, 3-cü, 4-cü Bakı məktəbləri və 2-3-4-cü Bakı qadın gimnaziyaları istisna olunmaqla, ölkədəki bütün orta məktəblərdə tədris Azərbaycan dilində aparılırdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da o dövrdə təhsilin inkişafı sahəsində bir sıra ciddi işlər görülmüşdü. Azərbaycan hökuməti ölkədə təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək məqsədi ilə 1919-cu ilin yayında kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada qısamüddətli pedaqoji kurslar açmışdı. 1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərs vəsaiti və dərsliklər alınmışdı. (ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 2, saxlanma vahidi 186)

 

Təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, fəaliyyətinin yaxşılaşdırılması, milliləşdirilməsi baxımından həyata keçirilən mühüm tədbirlərdən biri də 1919-cu ilin yayında məktəblərin aşağı siniflərində dərs keçmək üçün qısamüddətli pedaqoji kurslarda müəllim hazırlığına başlanılması idi. Hökumətin qərarına görə, bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılmışdı. Bakı, Gəncə və Şəki şəhərlərində kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılmışdı. Bu kursların hər birində ən azı 50 nəfər müdavim təhsil alırdı. Kursları bitirənlər məktəblərdə müəllim kimi işlə təmin olunurdu. Ehtiyac nəzərə alınaraq o vaxt qardaş Türkiyədən 50 nəfərə yaxın müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayında Azərbaycana gəlib pedaqoji fəaliyyətə başlamışdılar.

 

 

Xalq Maarifi Nazirliyinin başqa planları da var idi. Məsələn, nazirliyin hazırladığı bir layihədə imkansız 650 şagirdə təqaüd təyin olunması, Bakıda qızlar üçün 25 nəfərlik pansionatın təşkili, xaricdən gətirilən tədris-çap məhsullarının gömrük rüsumundan azad olunması və sair təklif olunurdu. Bir məsələni də qeyd etmək lazımdır ki, o dövrdə yaşlı əhalinin təhsilə cəlb olunması sahəsində bir sıra işlər görülmüş, savadsızlığın ləğv edilməsi üçün mühüm addımlar atılmışdı. 1919-cu ildə Bakı, Gəncə, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün Azərbaycan dili üzrə axşam kursları açılmışdı. Bu kurslarda təhsil müddəti, iki hissəli olmaqla 1919-cu ilin 15 sentyabrından 1920-ci il aprelin 1-nə qədər davam etmişdi. Maraqlıdır ki, həmin kurslar Azərbaycan dilini və yazmağı bilməyənlər, dili bilib yazmağı bacarmayanlar, dili və yazmağı bilib, elmi ifadələri, Azərbaycan dilində dərs keçmək üsullarını öyrənənlər olmaqla üç qrupa ayrılırdı. Bakıda birinci realnı məktəbin binasında açılmış kurslara Bakı Müəllimlər Seminariyasının direktoru, maarifçi yazıçı Rəşid bəy Əfəndiyev rəhbərlik edirdi. Sultanməcid Qənizadənin və parlamentin bir neçə digər üzvünün iştirakı ilə 17 sen­tyabr 1919-cu il tarixdə fəaliyyətə başlamış kursların 500 nəfərə qədər müdavimi var idi. Onların sırasında idarə və müəssisələrin əməkdaşları üstünlük təşkil edirdi.1919-cu ilin noyabrında Bakıda azərbaycanlı fəhlələr üçün mühəndis-texnik Əliheydər Babayevin rəhbərliyi ilə texniki bilikləri öyrədən axşam kursları da açılmışdı. İndiki anlayışla desək, o illərdə ixtisasartırma təhsili sahəsində də bəzi addımlar atılmışdı. Məsələn, Bakıda parlamentin üzvü, tanınmış maarif xadimi Abdulla bəy Əfəndizadənin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar təşkil edilmişdi (Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (II kitab, Stenoqrafik hesabatlar). Bakı: Azərbaycan, 1998, s.992). Həmin kurslarda müdavimlərə pedaqogika və Azərbaycan dilinin tədrisi metodikası tədris olunurdu ki, bu da müəllimlərin ixtisas biliklərinin, peşə hazırlığının təkmilləşməsinə xidmət göstərirdi.

 

Həyata keçirilən tədbirlərdən biri də təhsilin təşkilində ən mühüm amillərdən olan dərsliklər məsələsinin diqqətdə saxlanılması idi. Bunun ifadəsidir ki, cümhuriyyət hökuməti məktəblərin dərsliklərlə və digər zəruri tədris avadanlıqları ilə təminatı məsələsinə ciddi önəm verir, çoxşaxəli, sistemli tədbirlər həyata keçirirdi. Bu məqsədlə maarif nazirliyinin xüsusi komissiyası fəaliyyət göstərirdi. Xatırlatmaq yerinə düşər ki, məktəblərin tələbatını ödəmək üçün 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “Rəhbər cəbr”, “Tarixi-təbii”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Milli qiraət” kimi dərsliklər nəşr olunmuşdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarifinin tanınmış nümayəndələrindən Mahmud bəy Mahmud­bəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Fərhad Ağazadə, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Məsələn, tanınmış ədiblər Hüseyn Cavidlə Abdulla Şaiqin birlikdə hazırladıqları “Ədəbiyyat dərsləri” adlı dərslik ədəbiyyat nəzəriyyəsi üzrə bilikləri şagirdlərə sistemli şəkildə çatdırmaq məqsədi daşıyırdı. Abdulla Şaiqin hazırladığı “Müntəxəbat”, “Türk çələngi”, “Milli qiraət” kimi dərsliklər də elmi-­pedaqoji səviyyəsi ilə maraq doğururdu. Bununla yanaşı, Azərbaycan parlamentinin 18 sentyabr 1919-cu il tarixli qərarı ilə təhsil ocaqları üçün Türkiyədən də bir sıra yeni dərsliklərin və digər tədris vəsaitlərinin alınması məqsədilə Xalq Maarifi Nazirliyinə 1 milyon manat pul ayrılmışdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi.  Azərbaycanda ali məktəb yaradılması sahəsində də ilk addım Cümhuriyyət dövründə atılmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli təhsil sisteminin formalaşması və inkişafı, ümumən, ölkənin hərtərəfli tərəqqisi üçün universitet yaradılması məsələsini vacib, təxirəsalınmaz vəzifələrdən biri sayırdı. Böyük maarifçi Məhəmməd ağa Şahtaxtlı “Azərbaycan” qəzetinin 28 iyul 1919-cu il tarixli sayında dərc etdirdiyi “Azərbaycanda darülfünun” məqaləsində universitetləri “mədəni həyatın mənbəyi” kimi yüksək qiymətləndirərək yazırdı: “Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır”.

 

Azərbaycan parlamentinin qərarına əsasən 1919-cu il sentyabrın 1-dən Bakıda ali məktəblər təşkil edilməsi haqqında 10 maddəli qanun hazırlanmışdı. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan hökuməti başlanğıc mərhələdə ölkə­də üç ali məktəbin açılmasını nəzərdə tuturdu: Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyası. Lakin dövrün sosial-iqtisadi çətinlikləri və digər problemlər nəticəsində bunlardan yalnız birinin – Bakı Dövlət Universitetinin yaradılması reallaşdı. Hökumətin 8 aprel 1919-cu il tarixli iclasında Bakıda universitet təşkili məsələsi müzakirəyə çıxarılmış və müvafiq qərar qəbul edilmişdi. Qərara görə, 1919-1920-ci tədris ilinin əvvəlində Bakıda universitet açılması məqsədilə ümumi həcmi 10 milyon manatdan çox olmamaqla müvafiq smeta hazırlanıb hökumətə təqdim edilməli idi. 19 may 1919-cu il tarixdə Azərbaycan hökuməti Bakı Universitetinin yaradılması üçün müvafiq işlərin daha sistemli şəkildə görülməsini təmin etmək məqsədilə təşkilat komissiyası yaratdı. 1919-cu il 23 maydan 9 sentyabradək komissiyanın 35 iclası keçirilmiş, qəbul olunan qərarların icrası üçün ardıcıl tədbirlər reallaşdırılmışdı (Mirze Bala Mehmetzade, Gene maarif cephesinde, Kurtuluş degisi, No, 13-14, Kasım 1935 Berlin, s, 292-395).

 

Universitetin dörd fakültədən: tarix-filologiya (Şərq şöbəsi də daxil olmaqla), fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olması nəzərdə tutulsa da, 1919-1920-ci tədris ilində yalnız iki fakültə – tibb və tarix-filologiya fakültələri fəaliyyətə başladı. 1919-cu il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr aparıldı. 1919-1920-ci tədris ilində universitetdə 1094 tələbə təhsil alırdı ki, onların da 217 nəfəri azad dinləyici idi. Universitetdə tədris prosesinə tanınmış alimlər cəlb olunmuşdular. Maddi-texniki avadanlıqlar və kitablar alınması üçün 1 milyon manat vəsait ayrılmışdı. Universitetin ilk rektoru tanınmış tibb alimi, cərrah Vasili İvanoviç Razumovski təyin edilmişdi. Məhəmməd ağa Şahtaxtlı, Əlicabbar Orucəliyev, Mirzə Rəhim Mirzəyev, Rəşid bəy Kaplanov və başqa ziyalılar universitetin yaradılması və fəaliyyətində yaxından iştirak etmişdilər.
Bu dövrdə elmi-tədqiqat işlərinin aparılmasına da diqqət xeyli artmışdı. Bakı Universitetinin nəzdində yaradılmış “Müsəlman Şərqini öyrənən cəmiyyət” Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini araşdırmaq, təbliğ etmək istiqamətində səmərəli fəaliyyət göstərirdi.

 

1920-ci ilin əvvəllərində Xalq Maarifi Nazirliyində təşkil olunmuş Arxeologiya şöbəsi də bu baxımdan xatırladıla bilər. O da vurğulanmalıdır ki, cümhuriyyət dövründə azərbaycanlı gənclərin həm də xarici ölkələrin universitetlərində təhsil alması istiqamətində məqsədyönlü addımlar atılmışdı. Belə ki, gənc müstəqil dövlətin inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının vacibliyi nəzərə alınaraq cümhuriyyət hökuməti 1919-1920-ci tədris ilində yüz nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində müxtəlif ixtisaslar üzrə dövlət hesabına oxumağa göndərilməsi barədə qərar qəbul etmişdi. Bu məqsədlə dövlət büdcəsindən müvafiq vəsait də ayrılmışdı. Avropa universitetlərinə təhsil almağa göndəriləcək hər tələbə üçün 400 frank təqaüd və 1000 frank yol xərci nəzərdə tutulurdu. (Mekteb ve Muallim, Kurtuluş dergisi, No 15, Ocak 1936 Berlin, s, 433-434) Qərara görə, dövlət hesabına xaricdə təhsil alacaq tələbələr ali məktəbi başa vurduqdan sonra ən azı dörd il Azərbaycan hökumətinin göndərdiyi təyinat yerində çalışmalı idilər. Xaricə göndərilən gənclərin ən layiqlilər sırasından obyektiv şəkildə seçilməsini təmin etmək üçün respublikanın rəhbər vəzifəli şəxslərindən, tanınmış maarif xadimlərindən ibarət müsabiqə komissiyası da yaradılmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransaya, 23 nəfər İtaliyaya, 10 nəfər İngiltərəyə, 9 nəfər isə Türkiyəyə göndərilmişdi. 13 nəfər isə Rusiyada ali təhsil almaq üçün seçilmişdi. Lakin Rusiyadakı vətəndaş müharibəsinə görə həmin ölkəyə təhsil üçün göndəriş baş tutmamışdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə təhsilin milli əsaslar üzərində qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. 1920-ci ilin 28 aprel işğalı digər sahələrdə olduğu kimi, təhsilin inkişafına yönəlmiş planların da bir çoxunu yarımçıq qoydu. 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.    

 

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi respublikamızda geniş şəkildə qeyd olundu. Bu tariximizə və tarixi mirasımıza sahib çıxmağın ən yüksək göstəricisi idi. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi“Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.


İstifadə edilmiş ədəbiyyat:

Azərbaycan dilində

Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 1, 1918-1920-ci illər, s.1, 3

ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 3, saxlanma vahidi 71

ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 2, saxlanma vahidi 186

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (II kitab, Stenoqrafik hesabatlar). Bakı: Azərbaycan, 1998, s.992

Türk dilində

Mirze Bala Mehmetzade, Gene maarif cephesinde, Kurtuluş degisi, No, 13-14, Kasım 1935 Berlin, s, 292-395

Mekteb ve Muallim, Kurtuluş dergisi, No 15, Ocak 1936 Berlin, s, 433-434

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.