Yuxarıya
skip to main content

Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin dövlət-cəmiyyət həyatında Azərbaycanlıların yeri

03.12.2020

 

    Azərbaycan Türkiyə ilə həm qonşu həm də tarixi irs, kökən, din, dil, adət, ənənə və mədəni cəhətdən yaxın iki xalqdır. Azərbaycan-Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlı olan bir sıra amillərlə şərtlənir. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağları çox qədim və zəngin ənənə üzərində qurulmuşdu. Tarixin müxtəlif dövrlərində yaxınlıq münasibətləri və qurulan əlaqələrin inkişaf dinamikası nəticəsində bu iki xalq haqqında “bir millət, iki dövlət” ifadəsi artıq daha çox istifadə edilməyə başlamışdı. Azərbaycanlılar Türkiyənin siyasi və ictimai həyatında fəallıq göstərib. Azərbaycandan Türkiyəyə köçlər 1804-1826 Rusiya-İran müharibəsi, 1920-1925 Bolşevik işğalı və 1990-cı ildə yeni müstəqillik illərində müharibə və iqtisadi səbəblərlə baş vermişdir. 1804-1925-ci illəri əhatə edən köçlər əsasən siyasi, 1990-cı illərdə başlayan köçlər isə daha çox iqtisadi motivli idi.

 

Türkiyədə fəaliyyət göstərən azərbaycanlılar: Azərbaycan və Anadolu türkləri əsrlər boyu “bir-biri ilə sıx əlaqədə olmuş, bir-birinə kömək etmiş, arxa durmuşlar. Məhz buna görə də heç təsadüfü deyil ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri tarixin ayrı-ayrı mərhələlərində Türkiyədə fəaliyyət göstərmiş, orada öz istedadlarını tamamilə büruzə verə bilmişlər, həm Türkiyə xalqı qarşısında, həm də Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişlər. Onların hamısı iki ölkə arasındakı dostluğun, qardaşlığın böyük tarixidir, rəmzidir. Biz onlarla fəxr edə bilərik”. XX əsrin əvvəllərində mühacirət həyatı keçirməyə məcbur edilən bir çox Azərbaycan ziyalıları da Türkiyənin məfkurə həyatında çox mühüm rol oynadılar. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məhəmmdzadə, A.V.Yurdsevər, Ə.Cəfəroğlu, Ədalət Ağaoğlu kimi azərbaycanlı şəxsiyyətlər Türkiyənin ictimai-siyasi, mədəni həyatına müsbət təsir göstərməklə yanaşı, həm də Türkiyə ictimaiyyətində Azərbaycan haqqında obyektiv fikir yaranmasında əvəzsiz xidmət göstərib. Mühacirlər tərəfindən “Azərbaycan”, “Azərbaycan Yurt Bilgisi”, “Azəri Türk”, “Odlu Yurd” adlı jurnallar nəşr edilmişdi. Türkiyədə yaşayan azərbaycanlılar Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak edib. Həkim, rəssam və ideoloq Əli bəy Hüseyinzadə Türkiyədə Türk ocaqlarının qurucusu kimi dövlət və xalq tərəfindən tanınır. Əhməd Ağaoğlu Türkiyə Böyük Millət Məclisinin millət vəkili Türkiyənin siyasi və düşüncə həyatına yön verən şəxsiyyət olub.

 

   Türkiyədə milli mübarizənin müxtəlif cəbhələrində də xeyli azərbaycanlı zabit və əsgər könüllü olaraq xidmət etmişdir. Bunların önəmli bir qismi, İstiqlal Savaşından sonra da orduda qalmış və müxtəlif üst rütbələrə qədər yüksəlmişdir. Bunların arasında, Albay Səmədin (Sayqın) , Albay Yusif Xəzərli, Topçu Albay Mehmed Akpolat, Topçu Albay Aslan Berkan, Albay Salih Aksoy, süvari Albay Firidun Daryal, hava General Cihangir Berker, hava General Hüseyin Turgut ilk anda sayıla biləcək onlarca isimlərdən bəziləridir. Azərbaycan milli ordusunun dağılması ilə Türkiyəyə gələrək Qurtuluş Savaşına qatılan azərbaycanlı zabitlərlə birlikdə milli mübarizə dövründə azərbaycanlı zabitlərdən ibarət kiçik bir qrup da vardı. Bunlar, Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında bağlanmış olan hərbi müqavilə əsasında İstanbulda təlim görən zabitlər idi. Onlar da təlimlərini başa vurduqdan sonra türk ordusuna qatılıb və ən yüksək rütbələrə qədər yüksəlmişdir. Bunların arasında ordu generalı Mahmud Berköz ilə Jandarma Baş Komandanlığında olan ordu generalı Nuri Berközü, bir dönəm Qars millət vəkili olan Kurmay Albay Hüsamettin Topaçı yad edə bilərik[1].  2011-ci ildə etnik azərbaycanlı olan və Iğdırlı diaspor fəalı Sinan Oğan Türkiyə parlamentində Milliyyətçi Hərəkat Partiyasının namizədi olaraq iştirak edib. 2015-ci ilin iyun seçkisindən sonra eyni əyaləti təmsil etmək üçün başqa bir etnik azərbaycanlı olan MHP fəalı Qıznaz Türkəli seçildi. Ədalət və Kalkınma partiyasından millət vəkili olan birgə əlaqələrə mühüm töhfə verən Azərbaycan-Türküyə dostluq qrupunun rəhbəri Şamil Ayrım, siyasətçi Əli Özgündüz də Azərbaycan əsillidir.  

 

   Bununla belə, ümumilikdə XX əsrin 90-cı illəri təkcə Azərbaycan üçün deyil, bütünlükdə Türküyə üçün də əlamətdar hesab edilə bilər. Belə ki, XX əsrin 90-cı illərinə qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdi. 90-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində daha beş Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik qazanması ilə türk dünyasında gözə çarpacaq bir canlanma başlandı. Bu mənada XX əsrin sonları Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə çoxcəhətli əlaqələrin qurulduğu dövrdür. Bu qarşılıqlı yaxınlaşma dünyada və xüsusən də, Avropada gedən inteqrasiya prosesləri ilə üst-üstə düşür və iki dövlətin həyati mənafeyindən doğduğuna görə getdikcə daha çox aktuallıq kəsb edir. Lakin göstərilən dövrdə, bəzən isə hal-hazıra qədər dünya dövlətlərinin Azərbaycanda baş verən hadisələrə münasibəti birmənalı olmamış, dövlətlərimiz arasında münasibətlərə bir qədər ehtiyatla yanaşılmışdı. Bu yanaşma təkcə siyasi dairələrdə, rəsmi səviyyədə deyil, həmçinin elmi araşdırmalarda, azərbaycanlıların müəyyən rəsmi qurum və sektorlarda fəaliyyətində da özünü göstərmişdi.

 

Türkiyədə təhsil alan azərbaycanlıların statistikası: 1919-cu ildə cümhuriyyət hökuməti tərəfindən Türkiyəyə 6 nəfər təhsil almaq üçün göndərilib. 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin xətti ilə 50 nəfər daha sonra isə dövlətlər arası müqavilə əsasında  1992-1993-cu tədris ilində Azərbaycandan Türkiyəyə 310 orta təhsil və 1293 ali təhsil almaq ucun  dövlət xətti ilə Türkiyənin müxtəlif şəhər və universitetlərinə tələbə göndərilib[2]. Ölkələr arası münasibətlərin inkişafı nəticəsində minlərlə azərbaycanlı müxtəlif sahə və istiqamətlər üzrə Türkiyədə kurs təhsili və təcrübə mübadiləsi keçib. Milli təhsil sahəsində də çalışmalar durmadan davam etməkdə. Azərbaycanla Türkiyə arasında milli təhsil sahəsindəki ən önəmli çalışma “Böyük Tələbə Layihəsi”dir. Təkcə 1998-ci il avqust ayından etibarən Azərbaycandan Türkiyəyə gələn ümumi tələbələrin sayı 2570-dir. Bu tələbələrdən 1101-i Türkiyədən təqaüd almışdır. İki ölkə arasında əldə edilən razılaşma nəticəsində Türkiyənin Azərbaycana göstərdiyi təhsil yardımı bu miqdardan daha artıqdır. Azərbaycandan Türkiyəyə gələn tələbələrin 21,1%-i TÖMER təsilində, 8,3%-i ali diplom təhsilində, 21,9%-i ali diplom proqramında, 67,7%-i diplom proqramında təhsil almaqda. Bunlardan 86,5%-i TÖMER-in dil təhsilini Türkiyədə, 8,3%-i isə öz ölkələrində almaq istədiyini bildirib. Tələbələrin 38,5%-i təhsil aldıqları proqramdan məzun olduqdan sonra ölkəsinə dönməyi, 5,2%-i Türkiyədə qalmağı, 6,2%-i xaricdə təhsilini davam etdirmək planı olduğunu bildirib və 21,9%-i bu sualı cavabsız qoymuşdur. Tələbələrin 50%-i Böyük Tələbə Layihəsi haqqında müsbət, 16,7%-i mənfi münasibət bildirmiş, 32,2%-i sualı cavablamamış, 1,1%-i öz fikrini bildirməyib. Tələbələrin 71,9%-i təqaüdlərin az olduğunu bildirmişdir[3]. 1997 – 1998 təhsil ilində Türkiyə Azərbaycana 12-si tələbələrə aid olmaqla ümumi 210 ali təhsil təqaüdü ayırmış, Azərbaycan bu təqaüdlərdən 178-ni istifadə etmişdir. 2016-2017-ci tədris ilində Türkiyədəki universitetlərdə ümumilikdə 103727 əcnəbi tələbə təhsil alıb. Onları ölkələr üzrə böləndə, ən çox əcnəbi tələbə 15036 nəfər. Azərbaycandan gəlib[4]. 2020-ci il yanvarın 27-də Türkiyə Respublikası Ali Təhsil Şurasından (YÖK) aldığımız məlumata görə, 21 479 azərbaycanlı tələbə Türkiyənin 81 vilayətinin 79-da yerləşən  müxtəlif universitetlərdə təhsil almaqda.[5]

 

     Regionda maraqları toqquşan dövlətlərin alimləri, dövlət, siyasət və mədəniyyət xadimləri arasında hadisələrə obyektiv, qərəzsiz yanaşma ilə bərabər, bəzən qərəzli, obyektivlikdən uzaq araşdırmalara da rast gəlinir. Belə ki, Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu Türkiyə və Türk dövlətləri ilə hər hansı formada yaxınlaşmaq cəhdinə həqiqətə və məntiqə uyğun gəlməyən mənalar verilir, dünyanın eyni kökdən olan xalqları üçün tamamilə təbii sayılan əlaqələri Azərbaycan – Türkiyə mədəni əlaqələri üçün arzuolunmaz hesab edilirdi. Bu mənada Azərbaycan – Türkiyə mədəni əlaqələrinin araşdırılması siyasi və ideoloji cəhətdən, siyasi-diplomatik münasibətlərin yeni və daha doğma bir mərhələsinə yol acmaq baxımından da əhəmiyyətlidir. Mədəni əlaqələrin öyrənilməsi hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəlir. Tarix göstərir ki, Azərbaycanın azadlıq və istiqlaliyyəti Türkiyə və Türk xalqları ilə yanaşı Rusiya, İran, Gürcüstan və s dövlətlərlə siyasi-mədəni-tarixi əlaqələr kontekstində mövcuddur. Belə ki, dünya dövlətləri və Türkiyə ilə güclü siyasi və mədəni münasibətlərin qurulması ideyası bizim inkişafımıza, dünya dəyərlərini mənimsəməmizə, dünyanın qabaqcıl millətləri sırasında demokratik, maariflənmiş müasir bir cəmiyyət kimi tanınmaqda yardım edəcək. Türkiyədəki azərbaycanlılar, mədəni və dil yaxınlığına görə Türk cəmiyyətinə yaxşı inteqrasiya edilmiş olaraq qəbul edilməkdə. Təxmini rəqəmlə 1990-cə ildən bu günə Türkiyə universitetlərində 100.000 dən çox azərbaycanlı təhsil alıb.

 

 

Miqrasiya, inteqrasiya və vətəndaşlıq: Azərbaycandan Türkiyəyə köç müstəqilliyin ilk illərində başlamışdı. Müharibə şəraitinin yaratdığı siyasi, sosial və iqtisadi faktorlar köçü meydana gətirən əsas səbəb idi. Türkiyə Daxili İşlər Nazirliyinə görə, yalnız 2003–2013-ci illər arasında Azərbaycandan 15000-dən çox immiqrant Türk vətəndaşı oldu. Bununla yanaşı, 2019 ili etibarilə Türkiyədə yaşayan 36.543 Azərbaycan vətəndaşı var idi. Türkiyədə müxtəlif dövrlərdə təhsil alan azərbaycanlıların bir hissəsi orada qalıb və fəaliyyətini orada davam etdirir. Səhiyyə, təhsil və özəl sektorlarda az sayda olsa da azərbaycanlı mütəxəssislərə rast gəlmək mümkündür.  Buna baxmayaraq 30 il ərzində Türkiyənin media, efir, informasiya, dövlət idarəçiliyində və siyasət məkanında azərbaycanlı simalar azlıq təşkil edir. Bunu Türkiyədə verilən təhsilin səviyyəsi və azərbaycanlı kadrların qabiliyyətindən meydana gələn səbəb kimi deyil, getdikləri ölkələrin qanunları və orada xarici vətəndaş statusunda olanlara verilən qanuni hüquqlarla da bağlamaq lazımdır. Xarici vətəndaş statusunda Türkiyəyə gedən azərbaycanlılar təhsilini bitirdikdən sonra vətəndaş olmamağın yaratdığı çətinliklə üzləşərək dövlət idarəçiliyində işləmə imkanı əldə bilməyib, çalışma izni və əmək müqaviləsi əsasında özəl sektorlarda işləməli olub. Onların işlədiyi sektorlardakı fəaliyyəti Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlməsinə töhfə kimi hesab oluna bilər. Uyğunlaşma, təcrübə və vətəndaşlığın əldə olunmasından sonrakı mərhələlərdə Türkiyədə yaşayan azərbaycanlıların dövlət və cəmiyyət həyatındakı fəal iştirakı yaxın gələcəkdə aydın hiss olunacaq. Son dövrlərdə Türkiyə-Azərbaycan arasında hər sahədə əməkdaşlığın yüksək səviyyədə olması bu prosesin daha da sürətlənməsinə təkan verəcək.     

 

   Yaşadığımız tarixi dövrlər ərzində siyasi situasiyalardan asılı olaraq rus dili ölkədə və regionda hakim dil mövqeyində olmuşdu.  Keçmişdə bizim dünyaya pəncərəmiz yalnız rus mətbuatı vasitəsilə idisə, bu gün daha bir pəncərə, Türkiyə pəncərəsi dünyanı tanımaqda və özümüzü dünyaya tanıtmaqda əhəmiyyətli rol oynaya bilər. Amma rus dilinin hələ də post-sovet məkanlarında ən çox danışılan dil səviyyəsində olması, rus dilinin öyrənilməsi Rusiya ilə siyasi-ictimai-mədəni əlaqələrin inkişafı, Rusiyanın müxtəlif sahələrdəki potensiallarından və resurslarından faydalanma imkanı fikrini ortaya qoyur. Çarlıq dövründən başlayaraq arxivlərdəki sənəd, kitab və materialların rus dilində olması və ölkələr arasındakı hərtərəfli əlaqə və gediş-gəlişlərin aktiv seyri baxımından dil faktoru aktuallıq təşkil edir.

Azərbaycan bu gün öz ana dilinin hakim olduğu çətin coğrafiyada tarixin heç bir dövründə olmadığı qədər müstəqil və yerləşdiyi regionun ən güclü dövlətidir. Dövlət güclədikcə onun ana dili, mədəniyyəti və milli dəyərləri də daim yüksəlmişdir. Ordusu, siyasi-iqtisadi potensialı, müstəqilliyi qorumaq və işğaldakı Dağlıq Qarabağın azadlığını təmin etmək prinsipi üzərində qurulmuşdu. Dünya xalqlarının hər birində olduğu kimi Azərbaycan xalqında da kökünə, soyuna, ilkin maddi-mənəvi dəyərlərinə qayıdış meyli son zamanlar daha da gücləndi. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün sürən vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi milli-mənəvi dəyərləri daha da möhkəmlətdi. Bu müharibə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Hakimiyyət, xalq və ordu bu sınaqdan böyük uğurla çıxaraq tarixə şanlı günlər və səhifələr yazdırdı. Türkiyənin bu mübarizədə hər zaman olduğu kimi siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında olması “Bir millət iki dövlət” fikrinin önəm və əhəmiyyətini bir daha ortaya qoydu.   

 

    Xalq ruhunun, milli mənəviyyatın bütün ifadə çalarlarını və xüsusiyyətlərini qoruyub saxlayan milli-mənəvi dəyərlər bu qayıdışa rəvac verən sönməz idrak, solmaz təfəkkür, orijinal dünya duyumudur. Azərbaycan xalqlarının vahid kökə, ortaq mədəniyyətə söykənən bu irsinə müxtəlif coğrafi məkanlar kontekstində baxılsa görünür ki Türkiyə və Rusiya ilə uzun illər olan yaxın münasibətlərdə də bu qövmin milli-mənəvi dəyərləri bölünməmiş, tarixi sınaqlarda bütövlüyünü qorumuşdur. Tarixin müxtəlif dövrlərində ideoloji aşınmalara, siyasi rejimlərin basqısına məruz qalan Azərbaycan xalqı mənən məğlub olmamış, öz etnik-mədəni sistemini qoruyub saxlamışdır.

 

                                Əfqan Vəliyev

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi

                         

 


[1] Abdulhamid Avşar, Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri, Bakı 2007, s, 42

[2] Arslan A. Türk Cümhuriyetleri ve Türk Topluluklarından Türkiyeye

gelen Oğrenciler (1992-1993). İstanbul, 1994, 44 s.

[3] Heydər Əliyev və Şərq, 6 cilddə, III kitab: Türkiyə Cümhuriyyəti

(Muəllif-tərtibcilər: Qaley Allahverdiyev, Vəhdət Sultanzadə). Bakı,

“Caşıoğlu”, 2003, 472 s.

[4] https://aztehsil.com/news/5360-trkiyd-thsil-alan-cnbi-tlblrin-oxu-azrbaycanldr-syah.html

[5] https://ona.az/az/sosial/tehsil-musaviri-turkiyede-tehsil-alan-21-min-telebemizden-19-mini-ozunutecrid-seraitinde-yasayir-musahi%CC%87be-20643

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.