Məqalələr

Azərbaycan gənci öz valideynlərindən nə ilə fərqlənir?

avatar
Humay Axundzadə
2019-11-22

Bakı Dövlət Universitetində psixologiya, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Tədqiqat maraqları gender sosiologiyası, qayğı sosiologiyası, ailə institutu, postsovet transformasiyaları, sosial tədqiqatlarda keyfiyyət metodlarını əhatə edir.

Hər bir tarixi dönəmdə yaşlılar və cavanların bir-birini anlamaqda çətinlikləri olmuş, bu və ya digər dərəcədə nəsillərarası münaqişələr özünü göstərmişdir. Bu fenomen zaman keçdikcə  dünyagörüşü və dəyərlərin dəyişməsi, yeni tarixi dövrlərin ortaya qoyduğu yeni çağırışlarla əlaqəli olmuşdur. Amma müasir dövrün mühüm cəhəti cəmiyyətin hər bir sahəsində baş verən dəyişikliklərin sürətlənməsidir. Bu isə öz növbəsində nəsillərarası fərqlərin kəskinləşməsi, dərinləşməsi, hətta  azacıq yaş fərqinə malik olan nəsillər arasında da fərqliliklərin yaranmasını şərtləndirir. Fərqlər arzu olunan və ya faktiki yaşanılan həyat üslubları, gündəlik praktikalar, istehlak vərdişləri və ən əsası, mühüm həyati qərarların qəbulu zamanı rəhbər tutulan dəyərlərdə özünü göstərir.

“Nəsil” anlayışı necə müəyyən olunur? Sosial elmlərdə “nəsil” anlayışının (generasiyanın) müəyyən edilməsinə müxtəlif yanaşmalar var. Onların hamısını nəzərdən keçirmək bu mətnin məqsədi olmadığından bu sahənin klassiki K.Manheymin mövqeyini göstərməklə kifayətlənəcəyik. O, bir nəsli müəyyən etmək üçün birgə yaşanılan əhəmiyyətli hadisənin vacibliyini vurğulamışdır. Yəni, formalaşma illərində (16-25 yaş) hər hansı mühüm ictimai hadisənin şahidi və ya iştirakçısı olmaq yaxın yaşda olan insanların bir nəsil kimi formalaşmasını şərtləndirir. Başqa sözlə, nəsillər yalnız eyni xronoloji dövrdə yaşaması ilə deyil, insan həyatına həlledici təsir göstərmiş eyni hadisələrin yaşanılması ilə müəyyən olunur.

 

Müzakirə, heyrət, bəzən isə qınaq obyekti olan  “indiki cavanlar” dedikdə, hansı yaş qrupunu nəzərə ala bilərik? Əgər yetkinlik yaşına çatmış və 35 yaşa qədərki əhali qrupunu götürsək, qeyd etməliyik ki, müxtəlif  təsnifatlarda onlar aşağıdakı qruplara bölünür: təqribən 1980-2000-cü illərdə anadan olan Y nəsli (Milleniallar), 2003-cü ildən sonra anadan olan isə Z nəsli adlanır. Bəs, bu Y və Z nəsli əvvəlki nəsillərdən nə ilə fərqlənir?

 

İlk növbədə, qeyd olunmalıdır ki, onların gündəlik həyat vərdişlərində diqqət cəlb edən müəyyən dəyişikliklər baş vermişdir. Gündəlik həyatdakı dəyişikliklər əslində fundamental önəm daşıyır. Nəticə etibarilə həyat yolunun yaşanılma strategiyasını formalaşdırır. Hazırki gənc nəslin seçilən bəzi xüsusiyyətləri aşağıdakılardır:

 

1) Yetkinliyin gecikməsi. Yetkinlik mürəkkəb anlayışdır. Onun maliyyə, məkan və emosional tərəfləri vardır. Birincisi, insanın şəxsi gəlirlərinin meydana gəlməsi, valideynlərin maddi dəstəyindən tam və ya qismən imtina etməsidir. İkincisi, valideynlərin evini tərk edib ayrı yaşamaq, üçüncüsü isə həyat əhəmiyyətli qərarları müstəqil qəbul etmək bacarığıdır. Əlbəttə, fərdi həyat trayektoriyaları müxtəlif ola bilər. Eyni zamanda, bəzi adət-ənənələr insanın yetkinləşməsi yolunda maneə ola bilər. Məsələn, sonbeşik övladın valideynlərlə yaşaması kimi ənənə faktiki olaraq bu kateqoriyaya düşən kişilərin məkanca müstəqilləşməsinin qarşısını ala bilər. Digər tərəfdən, valideynin və övladın fərdi xüsusiyyətləri (hökmran valideyn, özünəinamsız övlad) və ya spesifik ailə strukturu (təkvalideynli-təkuşaqlı ailə) olduqda da, məkan yetkinləşməsi ümumiyyətlə baş verməyə bilər. Lakin fərdi fərqləri deyil, ümumi trendi nəzərə alsaq, göstərə bilərik ki, hazırki gənc nəslin nümayəndələri öz valideynlərinə nisbətən daha çətinliklə yetkin və tam müstəqil həyata qədəm qoyurlar.

 

2) Yeni texnologiyaları mənimsəmə- rəqəmsal nəsil. Yeni nəslin ən çox diqqət çəkən cəhəti onun  yeni texnologiyaları daha asanlıqla mənimsəməsi və həyatın bütün sahələrində istifadə etməsidir. Eyni zamanda onlar bank kartlarından da daha geniş şəkildə və rahatlıqla istifadə edirlər.

 

 

Mənbə: GlobalWebIndex Q3 2017

 

3) Mükəmməlçilik. Bəzi müəlliflərin fikrincə, XXI əsrin gənclərini fərqləndirən mühüm əlamət az qala patoloji hala gəlib çıxmış özünü mükəmməlləşdirmək meylidir. Bəzi hallarda bu narsis şəxsiyyət tipinin formalaşmasına gətirib çıxarır. Eyni zamanda yalnız özündə mərkəzləşmiş, özünü unikal, başqa insanlardan üstün sayan, öz qabiliyyətlərini həddən artıq yüksək qiymətləndirən insan tipi. Bunun səbəblərindən biri insanın  öz qarşısına qeyri-real məqsədlər qoymasıdır. Belə mükəmməlçilik həm də yeni texnologiyaların təsirilə formalaşır, selfi aludəçiliyi, mükəmməl görkəmə nail olmaq üçün təklif olunan vasitələrin daim yenilənməsi – hamısı nəticə etibarilə bir çox hallarda nevrotik pozuntulara sahib olan, disharmonik şəxsiyyətlərin artmasına gətirib çıxarır.

 

4) İş yerinə bağlılığın zəifliyi. Gənc nəslin nümayəndələri əvvəlki nəsillərdən fərqli olaraq, işlədiyi yerə  daha az bağlı olub, aid olduqları  təşkilat və şirkəti  daha asanlıqla tərk etməyə hazır olurlar. Halbuki əvvəlki nəsillərdə uzun illərlə, hətta ömür boyu eyni yerdə işləmək şərəf və məsuliyyətli insanın əlaməti kimi qiymətləndirilir, insanlara gənc yaşlarından aşılanırdı.

 

5) Həyatın mənasını tapmaqda çətinlik. Müasir dövr dünyada qeyri-müəyyənliyin, qeyri-stabilliyin artdığı bir dövrdür. Belə qeyri-müəyyənlik gənclərə öz həyatlarının əsaslarını tapmaqda mane olur. Xarici oriyentirlərin hədsiz müxtəlifliyi, daxili əsasların zəifliyi  şəraitində onlar çox zaman dəstəksiz qalır və  qeyri-müəyyənlik, anomiyanın təsirinə daha həssas olurlar. Əvvəlki dövrlərdə həyatın mənası insana bir növ soruşulmamış verilirdi. İnsanın anadangəlmə xüsusiyyətləri (cinsi, sosial mənşəyi və s.) əsasında bir növ avtomatik olaraq insana aşılanırdı. Bu bir sıra hallarda  insanın həyatını asanlaşdırırdı. Hazırda isə “indiki gənclər” ya bundan məhrumdur, ya da belə hazır həyat reseptlərini qəbul etmirlər. Qəbul etməmələrinin səbəbi isə növbəti cəhət ilə əlaqəlidir.

 

5) Refleksivlik. Daha yüksək refleksivlik müasir cəmiyyətə xas olan cəhətlərdən biridir.  Bu  sosial aktorların özünə yönümlüyüdür. Refleksivlik əvvəllər öz-özünə aydın kimi görünən həyat məsələlərinin idrak obyektinə çevrilməsinə, sorğulanmasına dəlalət edir. Fərdi səviyyədə isə bu özünü onda göstərir ki, sosial strukturun çərçivələrinin  zəiflədiyi şəraitdə fərdlər daim öz həyat və kimlikləri üzərində refleksiya etməyə məcburdurlar. Bu isə öz-özünə aydın kimi görünən bir çox məsələlərin sorğulanmasını, nəticədə isə həyatın mənası axtarışının çətinləşməsini şərtləndirir.

Yuxarıda göstərilənlərə əlavə olaraq, qeyd edə bilərik ki, müasir gənclik  imkan və seçimlərin daha geniş, qeyri-müəyyənliyin isə daha aydın olduğu bir dövrdə həyat yolunun başlanğıcındadır. Düzgün seçimlərin çox zaman qeyri-müəyyən, qeyri-müəyyənliyin isə kontekstin sabit əlaməti olduğu şəraitdə dünyanın çağırışlarını qarşılamaq və həyati qərarlar qəbul etmək zərurətini yaşayır. Bu isə öz növbəsində onların sosial qrup olaraq özünəməxsus cəhətlərini, valideynlərindən fərqli əlamətlərini şərtləndirir.

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI