Yuxarıya
skip to main content

“Azadlıq” anlayışı və onun formaları

18.03.2020

Birisinin azadlığı üçün ən azı iki insanın olması vacibdir. Azadlıq sosial bir münasibəti, sosietal şərtlərdə bir asimmetriyanı özündə ehtiva edir. O, həm sosietal bölünməni zəruriləşdirir, həm də sosietal fərqliləşməni təmsil edir. İnsanlar ancaq qurtulmaq istədikləri bir növ bağlılıqlar və ya asılılıqlar olduğu zaman azad ola bilərlər. Əgər azad olma hər yerə gedə bilmə icazəsinin olması anlamında istifadə edilirsə, bu eyni zamanda evinə bağlı, azad hərəkət etmək haqqından vaz keçmiş digərlərinin də var olduğunu ortaya qoyur. Əgər azad olmaq bütün sosial bağlar və məsuliyyətlilikdən, ya da iş və öhdəliklərdən qurtulmaq anlamına gəlirsə, bu ancaq sosial bağlar və öhdəlikləri daşıyan, sosial məsuliyyətlərini dərk edən insanların sayəsində mümkündür. Əgər azad olmaq heç bir məhdudiyyət olmadan fəaliyyət göstərmək anlamındadırsa, bu, bəzi digərlərinin fəaliyyətlərinin məhdudlaşdırıldığı deməkdir. Qədim və Orta Əsr ingiliscəsində "azadlıq" həmişə bir imtiyaz, immunitet anlamında istifadə edilib: vergi, ayaqbastı bədəli (bir yerə kənardan gələn bir kimsədən və ya əşyaya görə alınan pul) ya da hər hansı sosial öhdəliyin tətbiq olunmaması. Bu immunitet və ya istisna yeri gəldiyi zaman imtiyaz anlamı qazanır. Azad olmaq bir qurumun, bir şəhərin və bir mülkün imtiyazlı haqqlara sahib olması ilə ekvivalent olaraq qəbul edilirdi. İmtiyazlı və immunitet haqqlarına sahib olanlar zadəgan sinfinin bir parçasına çevrilirdilər. XVI əsrin sonuna qədər azadlıq zadəgan nəslinə sahib olma, nəcabət, xeyirxahlıq və aristokratik əsilzadəlik, yəni imtiyaz və üstünlüklərinin dəlili olaraq görülən bütün güclü və qüdrətli xarakteristikalar ilə eyni dəyəri daşıyırdı. Daha sonra, bu anlayış aristokratiya və nəcabət anlayışları ilə əlaqəsini itirsə də, imtiyaz anlamını qoruyurdu.

 

Azadlıq anlayışını mexanikləşdirən və heç bir psixoloji, spiritual - daxili subyektiv keyfiyyəti bu anlayışa aid etməyən “behaviourist” - davranışçı konseptə qarşı olaraq onu bildirməliyik ki, azadlığın bu tərifi psixoloji varlıq olaraq insana şamil edilə bilməz. Onun açıq fəaliyyətləri azaddır və ya deyil, həlledici kriteriya onun subyektiv təcrübəsidir. Onun arzuları, xəyalları, həvəsləri, istəkləri və s. Ümumiyyətlə, söyləyə bilərik ki, insan xoşladığını edə bildiyi, arzu etmədiyi bir şeyi etməyə ehtiyac duymadığı, xoş görmək istəmədiyi bir şeyi xoş görməyə məcbur olmadığı zaman azaddır. Etmək istədiyini edə bilmədiyi, səbr etmək istəmədiyi bir şeyə səbr etməli olduğu zaman isə o azad deyil. Bu tərif isə mexaniki azadlıqda mövcud olmayan yeni elementin varlığını ortaya qoyur. Bu, "etmək istədiyi", "xoşladığı" və s. sözləri ilə müəyyən olunan daxili, psixoloji təcrübədir. Onlar olmadan bu konsept öz essensiyasından məhrumdur. Fərdin arzularını bilmədən və onun aşkar fəaliyyətlərini müşahidə etmədən, onun azad olub-olmaması barəsində mühakimə yürüdə bilmərik. İnsan öz məhdud arzuları və bu arzularının tətmininin məhdud mümkünlüklərində özünü azad hiss edə bilər. Və ya əksinə, arzularının xarakteri, gərginliyi və sayı onların tətmin mümkünlüyünə üstün gəlirsə, bu onun qeyri-azad olması deməkdir. Beləcə, fərdin azadlıq formulu bir kəsr kimi müəyyən edilə bilər: məxrəcdə vasitələrin və ya tətmin mümkünlüklərinin cəmi, surətdə isə arzuların cəmi yer almalıdır. Əgər arzuların cəmi onların tətmin vasitələrinin total cəmindən böyükdürsə, bu o deməkdir ki, fərd azad deyil. Əgər vasitələrin cəmi arzuların cəmindən böyükdürsə və ya ona bərabərdirsə, bu o deməkdir ki, fərd azaddır. Nəticədə, iki azadlıq forması ortaya çıxır: azadlığın daxili ideyasional tərzi və zahiri sensual tərzi. Birincisi, ideyasionalizm, ikincisi isə sensualizm ilə uzlaşır. Sensual azadlıqda fərd arzularının cəminə bir məhdudiyyət qoymağı rədd edir. Belə qeyri-azad şərtlərin hökm sürdüyü fərdlər, qruplar və ya mədəniyyətlər Sensualistlər kateqoriyasına aid edilir. İdeyasional azadlıq üçün sensual azadlıq zahiri-maddi şərtlərin qısqacında məhbusluq, köləlikdir. Bu azadlıq fərdi gerçək psixi-mənəvi azadlığından məhrum etməklə onu kor maddi qüvvələrin əlində bir oyuncağa çevirir. Fiziki və daxili dünyası harmonik olan fərd öz azadlığını cilovlaya və onları tətmin etmək vasitələrinə sahib olan insan həqiqətən azaddır. Belə insanlar bir transsendental qüvvə ilə vəhdətdən dərin spiritual güc əldə edərək yalnız çörək və su ilə bədənləri və ruhlarını gümrah saxlaya bilər. Brahman, Taoist, Buddist, Orta Əsrlər Xristianlığı kimi mədəniyyətlərdə, eləcə də Stoiklər və Asketiklərdə də sahib olunan, düşünülən və uğrunda mübarizə aparılan azadlıq ideyasional azadlıq idi. Xüsusi ilə də, Stoiklər - Epiktet, Markus Aurelius və Seneka - azadlığın ideyasional mentallığının formullarını hazırlayıblar. Epiktet bildirir ki, azadlıq öz arzularını tətmin etməklə deyil, onları cilovlamaqla əldə olunur. Sadəcə ambisiya və ya hərislik deyil, eləcə də rahat həyat, səyahət arzusu da bizi gerçək azadlığımızdan qopara bilər. Məğrur ruhda hər zaman sükunət var. Heç nədən qorxmayan və heç nəyə həsəd aparmayan insan həqiqətən azaddır. Məhz o nəcib-aristokratik düşüncələrə sahib ola bilər. İmperial gücün ən əzəmətlisi öz-özünə üstün gəlmək, öz-özünü idarə etməkdir.

 

 

Sanki hər kəs azad olmaq ya azad qalmağa çalışırmış kimi görünmək istəməkdədir. Əgər bu bir illüziyadırsa, onun əsrimizdə həyati - vital bir illüziyaya çevrildiyini dəqiq şəkildə söyləmək olar. Əxlaq normaları, adətlər və mentalitet kimi məfhumlara baxdığımız zaman bu illüziyanın tarixin dərinliklərindən qaynaqlandığını və qəti şəkildə əngəllənə bilməyəcəyi söylənilə bilər. Bu azadlıq hekayəsi müxtəlif perspektivlərdən şişirdilmiş və ya ziddiyyətli görünsə də, çılğınlıq dərəcəsində qarşısıalınmaz bir duyğu olduğu da digər bir inkarolunmaz gerçəklikdir. 

        

Tamamilə sensualist olan Modernizm əsrində azadlıq da sensual xarakterlidir. Sensualist mədəniyyətdə ideyasional azadlıq qətiyyən azadlıq olaraq qəbul edilmir. Sensualist mədəniyyət üçün ideyasional azadlıq ən yaxşı halda öz-özünü aldatma, ən pis halda isə "kütlələrin və ya ümumilikdə fərdlərin kölələşdirilməsi üçün düşünülmüş bir vasitədir". Onlar daxili azadlıqda heç bir həzz, dəyər və ya faydalılıq görə bilmirlər. Onlar üçün azadlıq fiziki-bioloji - sensual anlamda etmək istədiyini etməkdir. Bütün bəyannamələri, şüarları, qanunları və konstitusiyaları ilə Sensual mədəniyyət təfəkkürü "ya mənə azadlıq ver ya da ölüm" şüarı sensual azadlığın ruhu və "etosudur". Utilitarianizmin (faydaçılıq), hedonizmin və fiziki-maddi evdaimonizmin sensualist nisbi etikasının tələb etdiyi yalnız sensual azadlıqdır. Amerikan tərzi "dəyərlərin" ağuşunda olan modern Qərbdə sensual azadlıq sensual mədəniyyətin meydana çıxması və inkişafı ilə paralel şəkildə özünü göstərməyə başladı. Öz qanunları, siyasi xartiyaları və mübarizələri ilə sensual azadlıq getdikcə qol-budaq açmaqla geniş vüsət aldı. XVIII əsrdən etibarən isə öncə aristokratik elita, daha sonra isə orta sinif sensual azadlığı "insanlığın ayrılmaz təbii bir parçası" olaraq qəbul etməklə özlərini bu təfəkkürə qurban verdilər. Lakin, XIX əsrdən etibarən sensual azadlıq mədəniyyətinin sosio-siyasi təməllərinə qarşı hərəkatlar özünü göstərməyə başladı. Kommunist siyasi düşüncə sensual azadlıqları "burjua xürafatı" olaraq, alman Faşizmi isə "degenerat kitç mədəniyyətinin parçası" olaraq qəbul edirdi.

        

İdeyasional azadlıq əbədi, sensual azadlıq isə insidental və qısaömürlüdür. Sensual azadlığın yüksəlişi ümidsizlik hedonizminə, ideyasional azadlığın yüksəlişi isə ümidsizlik mistizminə gətirib çıxar bilər. Ümidsizlik hedonizmi ilə ümidsizlik mistisizmi ifrat sensual və ideyasional azadlıq üçün sinonimdir. Müxtəlif zahiri şərtlər və ya şərtləndirmələr bir azadlıq formasının qürubuna və digərinin yüksəlişi ilə nəticələnə bilər. Hər iki azadlıq forması öz yüksəliş prosesi ilə eyni zamanda durğunluq və tənəzzülünü hazırlayır. Necə və niyə? Götürək sensual azadlığı. Onun inkişafına və genişlənməsinə təkan verək. Sensual azadlığın genişlənməsi arzuların ekspansiyası ilə yanaşı onları tətmin etmək vasitələrinin də artması deməkdir. Bu ikiqatlı prosesdə gec və ya tez "azalan mənfəətlər qanununa" ya da "Veber-Fexner" qanununa oxşar bir məqam özünü göstərəcək. Arzularımızın ekspansiyası praktik olaraq məhdudiyyətsizdir. Öncəki tələbatlar tətmin olunduqdan sonra yırtıcı bir şəkildə tətmin edilmələrini gözləyən yeni tələbatlar ortaya çıxır. İnsan nə qədər çoxa sahibdirsə, onun daxilində dərhal tətmin edilməyi gözləyən o qədər çox arzu baş qaldırır. Modernizm əsrində onu müşahidə edə bilirik ki, daimi olaraq artan arzuların qarşısında onların tətmin vasitələrindəki azalma özünü göstərir. Buna əlavə olaraq, vasitələrin artımının insan arzularını tam şəkildə tətmin edə bilmədiyi bir məqam gəlir. Veber-Fexner qanununun terminologiyasında tətmin, tətmin vasitələrinin artımının loqarifmi olaraq artır. Nəticədə, arzuların cəmi ilə onların tətmin vasitələri arasında dərin uçurum yaranır. Birinci ikinciyə getdikcə daha çox üstün gəlməyə başlayır. Son nəticə isə tətminsizlik, tətmin edilməyən azadlıq üçün getdikcə artan ehtirasın doğuşudur. Beləcə, tətminsizlik və iztirab getdikcə daha az tətminedici sensual azadlığın dəyərsizləşməsinə səbəbiyyət verir. Onun sehri azalır və dəyərsizləşir. Sensual azadlığın ifrat dərəcədə inkişafı nəinki onun tərəfdarları, eləcə də bütövlükdə cəmiyyət üzərində parçalayıcı, cansızlaşdırıcı və mənəvi tənəzzülə səbəb olan təsirlərlə özünü göstərir. Həddən ziyadə sensual azadlığa sahib insanlar Dorian Qreylərə - bədən və ruhi sağlığı iflic edən aberrant həzzlərə, təbiəti və nəticəsi nə olur olsun, sensasiyalar və həyəcanlanmalar axtaran erratik fərdlərə və ya öz arzuları, fantaziyaları, istəklərindən başqa heç nəyə məhəl qoymayan mütləq anarxistlərə, inqilabçılara, ya da tamamilə altşüuri, instinktual həyat yaşayan nizamsız tiplərə çevrilir. Yaratdıqları skandallar, erratik partlayışları ilə onlar nəinki özləri, eləcə də aid olduqları toplum üçün real təhdid halına gəlirlər. Bu şəkildə, sensual azadlığın pozitiv dəyəri də buxarlanır, yox olub gedir. Sözsüz ki, söz, mətbuat və düşüncə azadlığı insani varlıq üçün müstəsna əhəmiyyətə malikdir. Lakin, bu azadlıq dəyərsiz, ədəbsiz və vulqar mətnlərin, seksual xarakterli romanların, estetik dəyər baxımından çürümüş sensual xarakterli mövzuların çapına yönəldiyi halda heç bir sosial dəyər nişanəsi olmayan destruktiv azadlıqdır. P.Sorokin bu azadlığı bir uşağın və ya bir axmağın əlinə verilmiş silaha bənzədir.

 

Sensual azadlığa həddən ziyadə düşkün olanların nəzərəçarpacaq üstünlük təşkil etdiyi cəmiyyət uzun müddət mövcud ola bilməz. O ya parçalanacaq, ya da bu tendensiyaları dayandırmaq üçün addımlar atmağı seçəcək. Onları dayandırmaq isə bu azadlıqları məhdudlaşdırmaq və bəzilərinin ümumiyyətlə aradan qaldırmaq deməkdir. Sensual azadlıq daxilən - öz-özünə hakim olmaq bacarığı və fiziki arzuların ram edilməsi - ilə aradan qaldırıla bilər. Bu isə ideyasionalizmə, ideyasional azadlığın yüksəlişinə doğru yol deməkdir. Eyni ilə, ideyasional azadlıq da ifrata varıldığı zaman qarşısıalınmaz şəkildə öz qürubunu və tənəzzülünü hazırlayır. Bu da, gez və ya tez ideyasional azadlığın özü tərəfindən məğlub edilməsi ilə nəticələnə, sosial və bioloji olaraq cəmiyyət üçün təhlükəli xarakter ala bilər. İdeyasional azadlıq belə bir mərhələyə çatdığı zaman cazibəsini, cəlbediciliyini və müqəddəsliyini itirərək qatı bir sensual azadlıq ilə əvəz olunur. Arzuları, eləcə də şəhvani arzuları minimallaşdırmaqda hətta asketiklər üçün belə fizioloji limit vardır. İnsan kütlələri üçün bu məhdudiyyət daha yüksəkdir. Arzuların müəyyən qrupları - fizioloji, psixoloji və sosial - tətmin edilməlidir, çünki onlar aradan qaldırıla bilməz. Buna müvafiq olaraq, onlar bu arzularının tətmini üçün minimum vasitələrə sahib olmalıdırlar. Əgər bu vasitələrə sahib deyillərsə, onları əldə etməyə çalışacaqlar. Əgər bu vasitələri sülh yolu ilə əldə edə bilməsələr, onlara zorakılıqla çatmağa cəhd göstərəcəklər. Potensial nəticə isə bir cəmiyyəti təhlükəli situasiyaya qoyan nizamsızlıqlar, etirazlar və xaotik üsyanların meydana çıxmasından ibarət ola bilər. İdeyasional azadlığın öz-özünə son qoyması fenomeni insanın bioloji həyatına son qoyması ilə nəticələnə bilir. Məsələn, Rusiyada, XVII-XVIII əsrlərdə Çar və Patriarx Nikonun təzyiqi altında dini inanclarının bəzilərini dəyişdirməyi rədd edən "qədim inanclılar" özlərini oda atmağı və ölməyi üstün tuturdular. Digər faktlar isə onu göstərir ki, həddən ziyadə məhdud sensual azadlıq da bioloji baxımdan çox zərərlidir. Fizioloq Pavlovun xüsusi olaraq vurğuladığı azadlıq refleksinə diqqət edək: "Azadlıq refleksi ən mühüm reflekslərdən, canlı varlıqların ən mühüm reaksiyalarından biridir. Əgər heyvan öz azadlığı önünə qoyulan sərhədlərə qarşı etiraz refleksi ilə təchiz edilməsəydi bu yolda ən kiçicik əngəl onun təbii funksiyalarının icrasının qarşısını alardı. Bildiyimiz kimi bəzi heyvanlar bu azadlıq refleksinə o dərəcədə sahib olurlar ki, əsirlikdə yemək yeməyi rədd edir, xəstələnir və ölürlər.

        

Belə bir refleks mövcuddur və ya mövcud deyil, bu özlüyündə bir əhəmiyyət daşımır. Fizioloqlar və ya psixoloqların əldə etdiyi sübutlara əsasən, yeni doğulmuş körpələr və ya azyaşlı uşaqlar hərəkət azadlıqlarına məhdudiyyət qoyulan kimi qəzəbli və səsli şəkildə etiraz edirlər. Penologiya və kriminologiya da sübut edir ki, hətta ərzaq və digər şərtlər tətminedici olsa da, bir həbsxana hücrəsində həbs edilmə məhbusda ömür boyu davam edəcək mental-psixi problemlərə gətirib çıxarır.

        

Nəhayət, tarixin bizə təqdim etdiyi sübutlardan biri də odur ki, dünyanın əksər xalqları və ya irqləri üçün minimum sensual azadlıq bioloji zərurətdir. Bu çatışmadığı zaman insanlar bioloji olaraq qısırlaşmağa və yavaş-yavaş azalmağa başlayırlar. Melaneziyalıların bioloji tənəzzülündə əsas faktorlar psixolojidir: Avropalılar tərəfindən onların sensual azadlıqlarına qoyulan qadağa nəticəsində həyata marağın itkisi bu xüsusda qeyd edilməlidir. Həyata maraq insanların rifahında öncül bir faktordur. Antropoloq M.Rivers qeyd edir ki, bəzi primitiv irqlərin yox olmasının səbəbi onlara yaşamlarını dərindən təsirləndirəcək şəkildə əxlaq normalarına tamamilə yad olan qadağa və məhdudiyyətlərin təlqin edilməsidir. Melaneziyalar, Tasmaniyalılar, Polineziyalılar, Ficililər və digər Sakit okean xalqları buna əyani misaldır.

        

Bir azadlıq formasından digərinə keçid zamanı ciddi daxili nizamsızlıqlardan doğan hərəkatlar özünü göstərir. Müəyyən bir sosial sistemdə bu keçid zamanı bir fluktuasiyanın ortaya çıxması mütləqdir. Əgər bir cəmiyyətin əksər üzvləri üçün həyat maksiması "xoşladığım və edə bildiyim hər şeyə icazə verilir" şəklində müəyyən edilirsə, onlar xüsusilə də sensual azadlıqlarına ifrat şəkildə aludə olan şəxslərdirsə, nəticə - bellum omnium contra omnes (hamının hamıya qarşı müharibəsi) -dən ibarətdir. Dolayısı ilə, hər bir şəxs, sinif, fraksiya və ya qrup sensual arzularının diktə etdiyi hər bir şeyi əldə etməyə səy göstərəcək.

        

Aktual köləlik formasının könüllü və ya könülsüz olma, azadlıqdan məhrum olma ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu hal ifrat sensual azadlıq mühitinin yol açdığı bir nəticədir. Hər nə formada olur olsun, azad olmağa çalışan insan nədən və nə üçün azad olmalı olduğunu bilmədiyi kimi, real həyatın virtuallıq ilə əvəzləndiyi texnokratik mühitdə necə bir şəxsi identikliyə sahib olmalı olduğunu da bilmir. Problem bu baxımdan diqqətə alındığı zaman, ekranlara, İnternet, virtual texnologiyalar və bu texnologiyaların təqdim etdiyi mümkünlüklərin içinə gömülmə prosesi azad olma məsələsində böyük bir addım atılmasına səbəb olmaqla bu dolaşıq situasiyaya son qoyduğu zənn edilir.

        

Hər kəsin bir-birinə qarşı duyğusuzlaşdığı bir cəmiyyətdə insanın sadəcə öz davranışlarından məsuliyyətli olması bəzi problemlərin yaranmasına səbəb olur. Çünki bu yanaşma digərlərinə qarşı nihilizmin ortaya çıxmasına və ümumi bir sosietal nizamsızlığa yol açır. Sanki azad elektronların (elektron - burada, modern fərd) istədikləri görünüşə bürünə bildiyi ümumi bir mübadilə sisteminə boyun əyilir. Bu, modern sensualist azadlığın üzləşdiyi ən böyük paradoks və təşkil etdiyi təhdiddir.

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.