Məqalələr

200 illik anlayış və davam edən proses: Azərbaycanın düşüncə tarixində Qərb təzahürü - Avropalılaşma

avatar
Elnarə Qəribova
2019-10-22

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.

Müəyyən cərəyanlara ad həm də dövrlərə görə verilir. Avropalılaşma sovet dövründə müasirləşmənin deyil, daha qatı inqilabçıların və kapitalizmin təzahürünün forması kimi tövsif edilirdi. Bu gün müasirləşmənin bir mənası olan avropalılaşma, Azərbaycan üçün  1990-cı ildən sonra gələn yeni bir proses və anlayış  deyil XIX əsrin əvvəllərindən vüsət alan və bu gün də davam edən tarixi prosesdir ki, Azərbaycan həm sovet dövrünə qədər, həm də Sovet İttifaqının dağılması ilə bir daha müstəqilliyini qazanaraq bu prosesin içində yer almışdır.

Bu gün Azərbaycanın elmi dairələrində müasirləşmə planlarının həyata keçirilməsinin konseptual layihələri fəal müzakirə olunur və həyata keçirilir. Həyata keçirilən islahatlar/reformalar Azərbaycan cəmiyyətinin dünya standartlarını tədqiq və tətbiq etməsi istiqamətində daha çox Avropa modelini mənimsədiyini göstərir. Müasir Azərbaycan cəmiyyətinin reallıqları, onun sosial strukturu və cəmiyyətimizin həyatında baş verən dəyişikliklərin dinamikası nəzərə alınmaqla transformasiya prosesləri tədqiq edilir.

 

Müasir dövrdə müstəqil demokratik Azərbaycanın Avropaya inteqrasiyası prosesi, perspektivdə Avropa İttifaqı ilə münasibətdə dövlət kimi öhdəsinə götürdüyü vəzifələr və Avropa İttifaqı ilə fərqli münasibətlərin təhlili, strateji hədəf olaraq ictimai-siyasi elmlər üçün yeni vəzifələr məyyən edir. Bu vəzifələrdən biri də Azərbaycandan Avropaya qapı açanların, ədəbi və elmi fikir müəlliflərinin, onların irsinin yeni metodologiya ilə, yeni nöqteyi-nəzərdən öyrənilməsi, başa düşülməsidir.

 

Avropalılaşmanı tədqiq edənlər bu termini  zaman və məkana, həm də cəmiyyətə görə tövsif etmişlər. XIX əsrdə bu termin daha çox mədəniyyətin gətirdiyi yenilik və fərqliliklərlə təzahür olunurdu. Qərb mədəniyyəti avropalılaşmanı ehtiva edirdi. Bundan irəli gələrək də bu mədəniyyətin qalıcı ünsürü olaraq məhz o dövr üçün təhsilin yenilənməsi və inkişafı zəruri hal alırdı.

 

Ümumi olaraq, avropalaşma dedikdə, ilk növbədə, avropalı olmayanların Avropa mədəniyyətini və davranış normalarını  mənimsəmələri nəzərdə tutulur. Buna görə də bu anlayışa çox vaxt müxtəlif subyektiv yanaşmaya  əsaslanan, müsbət və ya mənfi mənalar qazandırıla bilər. Halbuki inteqrasiya ilə bağlı nəzərdən keçirilən elmi ədəbiyyatlarda avropalaşma anlayışı daha fərqli mənalar daşıyır. Elmi ədəbiyyatdakı tərifi ilə bu termin Avropa ölkələrinin keçdikləri davranış və siyasi dəyişikliyə (transformasiyaya) bağlı mənanı ifadə edir. Başqa sözlə, daha  əvvəl mövcud olmayan bir şeyə çevrilmə olmur, siyasətə və digər siyasi aktorlara yanaşma tərzi dəyişir. Bu səbəblərdən idi ki, XIX yüzillikdə Azərbaycanda milli düşüncənin formalaşmasının təməl mənbəyi olan  ədəbiyyatımızda yeni dövr başladı.

 

Qeyd edək ki, avropalaşma inteqrasiya nəzəriyyəsi deyil, müxtəlif nəzəriyyələrin izah etməyə çalışdığı reallıqdır. İnteqrasiya nəzəriyyələri bütövləşmənin mahiyyət etibarilə millət-dövlət təsirləri, yəni onların bir-birini zəiflədib-zəiflətmədiyi və ya gücləndirib-gücləndirmədiyi məsələləri ilə məşğul olduğu halda, avropalaşma diqqəti qurumların Avropaya uyğunlaşma/institusionallaşma  məsələsində oynadığı rollar üzərində cəmləşdirir.

 

Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələri və Azərbaycanda avropalılaşma prosesi XIX yüzilliyin əvvəllərindən etibarən vüsət almağa başlamışdır. ABŞ tədqiqatçısı Tadeuş Svyatoçovski yazır ki, “Rusiyanın işğalından sonra Azərbaycanın şimal hissəsində ziyalı təbəqəsi inkişaf etdi. Bu ictimai qüvvə və eyni zamanda, mədəni hadisə ənənəvi islam mədəniyyəti və Rusiyanın təmsil etdiyi nisbətən müasir Avropa mədəniyyətinin qovuşmasından meydana gəldi.”

 

 

“Ziyalılar” (intelligensiya) termini Azərbaycanın tarixi kontekstində Avropa dillərində olduğundan bir qədər fərqli məna daşıyırdı. Bu, sözün geniş yayıldığı Çar Rusiyasında onun ənənəvi izahı müxtəlif sosial təbəqələrdən olan ayrı-ayrı fərdlərin ümumi peşə və ya iqtisadi vəziyyətlərinə görə  deyil, ideyalarına görə  birləşərək qrup yaratması idi. 

 

Rus mədəniyyətinin əhatə dairəsinə cəlb edilmiş o zamanın azsaylı Azərbaycan ziyalılarının ilk nümayəndələri həmin mədəniyyət vasitəsilə XIX əsr Avropa mədəniyyəti ilə tanış olmuşdular. Mədəniyyətdən bəhrələnmə qarşılıqlı olmuş, rus elmi və mədəniyyətində Azərbaycan alimləri sayəsində Rusiyada şərqşünaslığın əsasının qoyulması və inkişafında da mühüm rol oynamışlar. XIX yüzilliyin başlanğıcında Mirzə Cəfər Topçubaşov Peterburq Universitetində Şərq dillərini tədris etmiş, İran ədəbiyyatı kafedrasının müdiri olmuşdur. O, fars dilinin qrammatikasına dair bir sıra əsərlərin müəllifidir. M.Topçubaşov London Kral Asiya Cəmiyyətinin üzvü seçilmişdi. A.S.Qriboyedov M.Topçubaşovun tələbəsi olmuşdu.

 

XIX yüzilliyin birinci yarısı Azərbaycannın düşüncə tarixinin yeni bir dövrüdür. Zəngin mədəni irsə malik olan xalqımızın qabaqcıl ziyalıları dünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnərək, müasir mədəni nailiyyətlər və ənənələr ruhunda inkişaf edir, Azərbaycanda xalq maarifini yüksəltməklə xalqın təhsil və maariflənməsi qayğısına qalır, yeni tipli təhsil ocaqları açmaq üçün hakim dairələrə müraciətlər edir, çox çətinliklə də olsa, öz niyyətlərinə nail olurdular.

 

XIX əsrdə başlayan və A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabi, M.Kazımbəy, S.Ə.Şirvani, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Ə.Haqverdiyev, N.B.Vəzirov, N.Nərimanov, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov kimi qabaqcıl nümayəndələri olan maarifçi-demokratik məfkurə nəsli, Avropanın mənəvi, elmi-texniki dəyərləri ilə Azərbaycan-Şərq dəyərlərini birləşdirən, yeni ədəbi-elmi sistem yaratmışdılar.

 

 

XIX əsrin əvvəllərində başlayan avropalılaşma prosesinin  daha çox Rusiya vasitəsilə baş tutması şübhəsiz ki, aparıcı xarakter daşıyırdı. N.Q.Çernışevski, N.A.Dobrolyubov, V.Q.Belinski, A.S.Puşkin, L.N.Tolstoy, F.M.Dostoyevski, N.V.Qoqol, İ.S.Turgenev kimi şair, yazıçı və tənqidçilərin əsərləri Azərbaycan maarifçiliyi üçün dəyərli məktəb olmuş, eyni zamanda Avropa mədəniyyəti ilə tanışlıq üçün təcrübə körpüsü rolu oynamışdır. Bu baxımdan demokratik rus mədəniyyətinin, dünya miqyasında məşhur olan poeziya və ədəbiyyatının tənqidinin müsbət rolunu inkar etmək mümkün deyil. Ancaq rus mədəniyyətinin təsiri prosesdə birbaşa və davamlı deyil, dolaylı olmuşdur. Bu baxımdan da, Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələrinin, avropalılaşma prosesinin yalnız Rusiya vasitəsilə həyata keçdiyini düşünmək doğru olmazdı. Türkiyə vasitəsilə avropalılaşmanın, Avropa sivilizasiyası məkanına daxil olmağın əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Şinasi, Ziya Paşa, Namiq Kamalın adı ilə bağlı olan Tənzimat dövrü (1860-1895) Türkiyədə Avropa tərzində, Avropa yönümlü ədəbiyyatın yaranması və inkişafı dövrüdür. Əsası 1890-cı ildə qoyulmuş “Sərvəti-Fünun” jurnalı və eyni adlı ədəbi cərəyan da Avropa mədəniyyətinə istiqamətlənmədə mühüm rol oynamışdır.

 

Yeni cərəyan nümayəndələrinin “Qərb modeli” və ya “avropalılaşma” prinsipi

 

İstər “Tənzimat” dövrü şair və yazıçılarının, istərsə “Sərvəti-Fünun” cərəyanı nümayəndələrinin Azərbaycan ictimai-mədəni mühitinə, Azərbaycan ədəbiyyatınında bu ədəbi-ictimai məktəblərə təsiri, ümumiyyətlə, qarşılıqlı xarakterdə olmuşdur. Bu mövzunun bir cəhəti də Avropa-Şərq, Avropa-Türk ədəbi təsiri və qarşılıqlı əlaqə məsələləridir.

 

M.F.Axundov ilə başlayan müasir Azərbaycan ədəbiyyatının xüsusiyyətləri, ədəbi-estetik prinsipləri geniş spektrlidir. Bu prinsiplər arasında avropalılaşma və Şərq-Qərb mədəniyyətinin sintezi aparıcı xarakterdədir. M.F.Axundovun demokratik fikir sistemi, yeni maarifçilik kriteriyaları Avropa düşüncə sistemi ilə bağlıdır. Lakin onun üçün “avropalılaşmaq Şərqin mənəvi, iqtisadi dəyərlərinin inkarı deyil, yeni dövrə, yeni şəraitə uyğun olaraq təsdiqidir.

 

Avropa mədəniyyətinə münasibətdə fərqli mövqelər, plüralist fikirlər Azərbaycanın ictimai-mədəni mühitində XIX  yüzilliyin əvvəllərində vüsət alsa da əsasən XX əsrin əvvəllərində meydana gəlməyə başlamışdır. Burada hər şeydən əvvəl Əli bəy Hüseynzadənin bütün sınaqlardan çıxan və bu günə qədər yaşayan, yeni templə inkişaf etməkdə olan milli-mənəvi inkişaf konsepsiyasını və həmin konsepsiya ilə avropalılaşmağa (müasirləşməyə) qazandırılan mənanı da vurğulamaq lazım gəlir. Həqiqətən də Əli bəy Hüseynzadənin “Qərb modeli” və ya “avropalılaşmanı” ayrıca prinsip kimi əhatə edən ideoloji sistemi, qlobal xarakteri ilə ədəbi-estetik sahədə də özünü təsdiq edir.

 

Əli bəy Hüseynzadənin XIX əsrin sonundakı Avropaya baxış tərzi ilə XX əsrin 20-ci, 30-cu və 90-cı illərindəki avropalılaşma ideyası, təbii ki, eyni deyildir. XXI  əsr isə bu anlayışa tam başqa məna qazandırır. Əli bəy Hüseynzadənin ictimai-siyasi anlayış sisteminin fomalaşması və inkişafının birbaşa ədəbiyyat və mətbuat ilə əlaqədar olması tədqiqat və təhlil üçün zəngin material verir.

 

“Füyuzat” jurnalının, “Həyat” qəzetinin səhifələrində, ayrı-ayrı əsər və söhbətlərdə əks olunan, təhlil üçün geniş imkanlar açan  Ə.Hüseynzadə irsində Avropa ədəbiyyatına baxış tərzi, Avropa düşüncə praktikasının öyrənilməsi və dərk edilməsi, Avropa sivilizasiyasına tənqidi yanaşmanın mahiyyəti bu məsələnin geniş, əhatəli və mürəkkəb olduğunu təsdiq edir.

 

Hətta bu gün də Avropaya, Avropa qurumlarına, Avropa mədəniyyətinə baxış tərzinin birmənalı olmadığını nəzərə alsaq, o dövrdə davam edən mübahisələrin əhəmiyyətini başa düşmək də çətin olmaz.

 

Sivilizasiyanın Şərqdən Qərbə keçdiyini və məşhur “Günəş Şərqdən çıxır” deyimindəki fəlsəfi reallığı dərinliklərinə qədər dərk edən və bunu əsas götürən Əli bəy Hüseynzadə Şərqin sırf texnoloji inkişaf baxımından geridə qaldığını, dövrün tələblərinə cavab verə bilmədiyini, dünyəvi təhsil, dünyəvi dövlət, demokratik düşüncə proseslərindən kənarda  qaldığını başa düşür və bunlar olmadan ictimai inkişafın mümkün ola biləcəyini, yeni tipli mədəniyyətin yarana biləcəyini təsəvvür edə bilmirdi.

 

İstər yuxarıda qeyd edilən nöqteyi-nəzərdən, istər ictimai-siyasi, istərsə də mədəni-tarixi və mənəvi-etik nöqteyi-nəzərdən Ə.Hüseynzadənin irəli sürdüyü qısa və dərin mənalı düstur “Türkləşmək, İslamlaşmaq, Avropalılaşmaq” fikri zəngin materiallarla yanaşı davamlı  müzakirə və tədqiqatların aparılacağı düşüncə mənbəyi və istiqamətdir.

 

XX əsrin başlanğıcında bərqərar olmuş yeni sosial-iqtisadi, mənəvi-mədəni, elmi-texniki inkişaf səviyyəsi maarifçilik üçün əlverişli şəraitin təminatçısı rolunda çıxış edirdi. “Müasirləşmə (avropalılaşma) cərəyanı”nın əsas göstəricisi olan maarifləndirmə və təhsil Qərbdən (Avropadan) təsirlənərək “milli dövlət” anlayışını struktur islahatları şəklində cəmiyyətdə göstərirdi.

 

Bu struktur islahatlarının gedişində milli dirçəlişin ən dolğun ifadəsini dilin təkmilləşdirilməsi və istifadəsində görmək olardı. Avropalılaşmanın təsiri ilə dövrün ziyalı mütəfəkkirləri mədrəsə təhsilində dini təhsillə yanaşı, dünyəvi təhsil və mədəniyyəti də əks etdirən fənləri tədris edirdilər. Ən başlıcası isə burada təhsil alan şagirdlər ana dilindən başqa bir neçə xarici dil öyrənmək imkanı əldə edirdi ki, bu da o dövr üçün son dərəcə lazımlı idi. Dini təhsilin belə müasirləşmiş şəkildə dünyanın nüfuzlu universitetlərində təhsil alan müəllimlər tərəfindən aparılması cəmiyyətdə müasirləşməyə can atmaqla inkişafın bir göstəricisi olmuşdur. Bir sözlə, həmin illər bütün dünya tarixi ilə həmahəng olaraq Azərbaycanın siyasi-ictimai, iqtisadi və mədəni həyatının dəyişdiyi, xalq mənəviyyatının keyfiyyət baxımından yüksəldiyi illər oldu.

 

 

Qalıcı sərvət olan elmin və mədəni maarifin inkişafında əvəzsiz xidmət- “xeyriyyəçilik hərəkatı

 

Azərbaycan ziyalıları maarifçi milyonerləri, tacirləri, alimləri Qərbin/Avropanın təzahürü  nümunəsində müasirləşmənin cəmiyyətdə əksini təhsil və yeni sənayeləşmə dövrünün təlabatından irəli gəldiyini anlayırdılar. Bu baxımdan Azərbaycanda həyata keçirilən xeyriyyəçiliyin əsas təməl sahəsi təhsilə xidmət edən məktəblərin,  gimnaziyaların, kursların  və s. bu qəbildən olan  məkanların açılması zərurəti yaradırdı.

 

XX əsrin başlanğıcında geniş vüsət almış və maarifçilik hərəkatının inkişafına təmənnasız və əvəzsiz xidmət göstərən proses heç şübhəsiz ki, “xeyriyyəçilik hərəkatı” idi. Həmin dövrdə fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri uşaqlara, yeniyetmələrə, gənclərə, həmçinin əhalinin digər müxtəlif yaş və sosial təbəqələrinə təhsil verməklə və maarifləndirməklə yanaşı, təhsil üçün vacib amillərdən hesab olunan pedaqoji kadr hazırlığına da xüsusi əhəmiyyət verirdi. Bu fəaliyyətlə  pedaqoji kadrlara olan ehtiyac qismən də olsa ödənilirdi. Xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyətləri sırasında azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması da yer tuturdu.

 

İstənilən cəmiyyətdə azad təfəkkürün fomralaşmasının ümumi istiqaməti təhsildirsə, kitablar və kitabxana sistemi bunu təşkil edən başlıca amillərdəndir. Xeyriyyə cəmiyyətləri tərəfindən açılan kitabxanalar və bu kitabxanaların  dövrün zəngin elmi, ədəbi kitabları ilə təchiz olunmasında bilavasitə maarifpərvər ziyalıların, alimlərin, tacirlərin, milyonerlər rolu, qalıcı sərvət  olan elmin və mədəni maarifin inkişafında əvəzsiz xidməti kimi qiymətləndirilməlidir.

 

Bununla yanaşı, xeyriyyə cəmiyyətlərinin mədəniyyətimizin inkişafı və dünyəvi dəyərlərlə  milli mədəni irsimizin sintez olunmasında əvəzsiz fəaliyyətləri olmuşdur. Bəzi xeyriyyə cəmiyyətlərinin nəzdində dövrünün görkəmli aktyorları, yazıçı və dramaturqları ətrafında birləşmiş xüsusi teatr truppası fəaliyyət göstərirdi.

 

1908-ci il yanvarın 12-də H.Z.Tağıyevin teatrında bilavasitə  Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının göstərilməsini, heç şübhəsiz ki, onun mədəniyyət sahəsindəki ən böyük xidməti kimi qəbul etmək olar. Bununla bərabər, opera müğənnilərinin səslərini qrammafon vallarına yazdıran xeyriyyə cəmiyyətlərinin milli opera sənətimizin inkişafında inkarolunmaz rol oynadığını da xüsusilə qeyd etməliyik.

 

Azərbaycanda təhsili əhalinin geniş kəsiminə yaymaq, imkanlı və imkansız  uşaqların təhsilə cəlb edilməsi, təhsilin müasir, dünyəvi şəkildə həyata keçirilməsi sırf Çar Rusiyası və bolşeviklərin təsiri kimi qeyd olunurdu. Bu və buna bənzər hallardır ki, Azərbaycanda avropalılaşma fikrini 1990-cı illərdən sonrakı dövrə aid edirlər. Halbuki mövzu ətrafında aparılan araşdırma Azərbaycan ziyalılarının Avropa mədəniyyətini cəmiyyətin içinə inteqrasiya etdirmələri və bunu gündəlik həyatın tərkib hissəsi kimi mətbuatla, təhsillə və ədəbiyyatla tanıtmaları dolayı təsirlə yanaşı birbaşa təsir olaraq görülür. Əlbətdə ki, Çar Rusiyasının təsiri ilə Avropa mədəniyyətinin  tanınması da danılmaz haldır. Ancaq, sırf Çar Rusiyası və bolşeviklərin  töhfəsi kimi qiymətləndirilməsi  mümkün  deyildir.

 

 

Milli şüurun dirçəlişi, formalaşması və inkişafı yeni ictimai-ədəbi proseslərlə yanaşı hüquqi islahatların həyata keçirilməsinə geniş zəmin yaratdı. Buna görə də hüquqi  islahatlar və petisiyaların qəbulu Azərbaycan xalqının öz hüquqları uğrunda mübarizəsi tarixində dönüş nöqtəsinə çevrilərək onlar üçün öz mühüm mənafe və tələblərini müdafiə etmək perspektivləri açdı. Eyni zaman da bu hadisəni milli azadlıq və cəmiyyətin demokratik cəhətdən yenidən qurulması uğrunda ümummilli mübarizə proqramı da hesab etmək olar.

 

Azərbaycanda bəhs edilən dövrün maarifçi-ziyalıları Avropada yaranaraq geniş vüsət alan modernləşmə nəzəriyyəsinin əsasında duran maarifçilik paradiqmasını  milli dövlətə dair baxışları  çərçivəsində sintez edərək, cəmiyyətdə islahatlara yol açan, Şərqdə ilk demokratik respublikanın qurulmasına təkan verən və bu gün də öz dəyərini saxlayan  ideyalarla çıxış edirdilər.   


İstifadə edilən mənbələr:

  1. Johan Olsen, J. “The many faces of Europeanization.” Journal of Comon Market Studies, Cilt. 40, Say.5, 2002, səh. 923
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, “Lider” nəşriyyat, 2004.
  3. Tadeuş Svyatoçovski. “Rusiya və Azərbaycan: Sərhədyanı bölgə keçid dövründə. Red.: H.İsaxanlı; Tərc.: L.Mircəfərova, B.Hacıyev.- Bakı: Xəzər Universitəsi, 2000
  4. Tadeusz Świętochowski.Historical Dictionary of Azerbaijan” (co-author). Scarecrow Press, Lanham MD, 1999.
  5. Tadeusz Swietochowski. “Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı, 1905-1920”. Terc, Nuray Mert. Bağlam yayıncılık, İstanbul, 1988.
  6. Hüseynqulu Sarabski. Köhnə Bakı. Şərq-Qərb nəşriyyatı. Bakı, 2006.
  7. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universiteti, 1998.
  8. İlkin, Qılman. Bakı və bakılılar. Red: A.Musayev. Bakı: Nurlar NPM, 2006.
  9. Nəsiman Yaqublu. Cumhuriyyət Qurucuları. Bakı, 2018.

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI