Məqalələr

1929 bolluq böhranı

avatar
Elnur Çıraqov
2019-09-24

İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun Politologiya və İnzibati İdarəetmə üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.


Böhran anlayışı həyatın fərqli sahələrində və fərqli formalarda olmaqla, etimoloji mənşəyi yunanca "krisis" sözündən gəlir və əsasən qəfil ortaya çıxan xəstəlik əlaməti, yaxud ağır irəli mərhələyə daxil olmuş xəstəlik mənasını verir. Kapitalist iqtisadiyyata məxsus böhranlardan bəhs etməzdən öncə qeyd etmək lazımdır ki, bu sistem davamlı olaraq böhran yaradıcıdır və bu böhranlar arasında xüsusilə üç ümumi (struktural) böhran – 1870-ci, 1929-cu və 1970-ci il tarixli böhranlar – önə çıxmaqdadır. Bu böhranlar həm ortaq, həm ümumi, həm də xüsusi səbəblərdən irəli gəlir. Böhranların ümumiliyi və strukturluğu onların bir neçə ölkədə və oxşar səbəblərlə ortaya çıxmasına görədir. Böhranların izahı da liberal və marksist nəzəriyyələrə görə fərqlənir.

 

Məlum olduğu kimi, “kapitalist sistem, şəxsi ehtiyaca uyğun istehsal yerinə bazar üçün (satış məqsədilə) istehsal etməyi hədəfləyən bir sistemdir. Kapitalistləri bazar üçün istehsal etməyə təşviq edən əsas motiv mənfəət hədlərini maksimum dərəcədə artırmaqdır. Başqa sözlə, kapitalistlər xərcləri minimuma endirmək və mənfəəti artırmaq tələbi ilə istehsal edirlər.

Bu məqsədlə aparılan güc mübarizəsi rəqabət formasında özünü göstərir. Rəqabət istər beynəlxalq, milli, sektoral, istərsə də, firma, şirkət səviyyəsində olsun, burada əsas məqsəd, istehsal xərclərini azaldaraq mənfəəti artırmaq və kapital yığımına imkan yaratmaqdır. Beləliklə, kapitalist sistemində kapital yığımındakı axsaqlıq kapitalist sistemin inkişafının dayanmasına və böhrana yol açmaqdadır.

 

Liberal nəzəriyyədən bilindiyi kimi, iqtisadiyyat, qıtlıq və ya qeyri-tarazlıq (məhdud ehtiyat-sonsuz ehtiyac paradoksu) fərziyyəsinə söykənir və bu qeyri-tarazlığı qiymət vasitəsilə tənzimləməyə çalışır. Bazarın uzunmüddətli dövrdə yaşadığı gərginliyin tələb-təklif və qiymət elastikliyini təmin edən “görünməz əl” vasitəsi ilə tənzimlənəcəyi iddia olunur. Belə ki, Sey Qanunu kimi bilinən yanaşmaya görə, bazarda hər təklif öz tələbini yaradır. Bunu dəstəkləyən başqa bir fikir Rikardonun bazar mexanizmi daxilində işləyən tələb və təklifin avtomatik olaraq hər cür tələb çatışmazlığı problemini əvvəl-axır həll edə biləcəyinə dair iddiasıdır. Rikardonun müqayisəli üstünlüklər yanaşmasına görə, istehsal müxtəlifliyinə əsaslanan beynəlxalq ticarət bu səviyyədə tələb və təklif disbalansını aradan qaldıracaqdır. Yəni, klassik məktəbə mənsub liberal iqtisadçılar ümumilikdə iqtisadiyyatın tarazlıq içində olduğunu, vaxtaşırı yaranan böhranların isə müvəqqəti olduğunu və bu böhranların iqtisadiyyatın təbii axını içərisində öz-özünə yox olacağını iddia etməkdədirlər.

 

Lakin böhranlar, xüsusilə də tədqiqat predmetimiz olan 1929-cu ilin iqtisadi böhranı və böhrandan çıxış yolları bu yanaşmanı şübhə altına aldı. Əslində, feodal kənd təsərrüfatından kapitalist sənaye üsuluna keçidlə birlikdə ortaya çıxan həddən artıq kənd təsərrüfatı məhsulu 1870-ci il böhranını doğurmuş, böhranın  yol açdığı tənəzzül və bunun ardınca gələn Birinci Dünya müharibəsi müddətində ehtiyatların müharibə ehtiyacına yönəldilməsi ilə istehlak azalmış, artan xərc və inflyasiya Qərbi Avropada yoxsulluğun geniş yayılmasına yol açmışdır. Avropada idxalın artması səbəbindən pulun dəyərdən düşməsi, əvvəllər iqtisadiyyatı idxala əsaslanan digər ölkələrin öz ehtiyaclarını və idxal kəsirini ödəmək məqsədilə istehsalını artırması, gömrük divarları ilə öz sənayesini qoruması və zənginləşməsi bu dövrün əsas diqqət çəkən məqamları olmuşdur. Nəticədə 1922-ci ildə Genuya konfransı ilə Avropada başlayan yenidənqurma və sabitlik axtarışları 1925-ci ildə yekunlaşmış, Avropa ölkələrində 1925-ci ildə həddən artıq istehsal ("overproduction") haqqında danışmaq çətin olsa da, sonrakı illərdə istehsalda nəzərəçarpan artım yaranmışdır. Beləliklə, Avropanın sənaye istehsalına keçidlə birlikdə ortaya çıxan 1870-ci il böhranının yaratdığı durğunluqdan sonra 1914-1918-ci illər müharibəsi sosial irəliləyiş faktoru olub.

Elm və sənayenin inkişafı ilə əlaqədar istehsalatda texnologiyanın əmək qüvvəsini əvəz etməsi, buxar texnologiyası yerinə daxiliyanma mühərriklərinin geniş istifadəsi, Taylorist-Fordist üsullarla müəssisə miqyasını böyüdərək xərcləri azaldıb məhsuldarlığın artımı mənfəəti maksimumlaşdırma səyləri, bunun sayəsində sürətlənən kapital yığımı və istehsal artımı həm Avropa ölkələrində, həm də digər ölkələrdə məhsul bolluğuna yol açmış, beləliklə məcmu təklif məcmu tələbi üstələmişdir. Nerenin ifadə etdiyi kimi, o dövrdə Jacques Duboin kimi bir jurnalist bezmədən, usanmadan bunu təkrarlayırdı: Dünya artıq heç bir ənənəvi iqtisadi qanunun tətbiq olunmadığı bolluq çağına daxil olmuşdur.

 

İstehsal artımı, başqa sözlə, həddən artıq istehsal ("overproduction") fenomeni və bolluq, istehsal olunan məhsulların qiymətləndirilə bilməməsinə, bu da kapital mübadiləsinin ləngiməsinə və beləliklə yığılan məhsulların dəyərsizləşməsinə yol açırdı. Bu vəziyyət sektoral olaraq deyil, bütövlükdə iqtisadi sistemdə tarazlığın qoruna bilməməsinə və iqtisadiyyat tarixinin ən mühüm böhranı olaraq 1929 böhranına aparırdı. Bu, sənaye böhranının, dünyanın ən vacib kənd təsərrüfatı ölkələrində hər növ xammal və ərzaq istehsalını əhatə edən kənd təsərrüfatı böhranı ilə üst-üstə düşməsi baxımından da bir dünya böhranıdır. Həddən artıq istehsala baxmayaraq, istehsal olunan dəyərin reallaşa bilməməsi, yəni mübadilə olunmamasına görə dəyərsizləşməsi qiymətlərdə azalmaya, bu da öz növbəsində mənfəət azalmasına yol açırdı. Şirkətlərin bu situasiyada xərc amillərini azaltmaq və böhranın təsirindən qorunmaq məqsədilə işçiləri işdən çıxartma cəhdləri istehlak əskikliyini, yəni məcmu tələb azlığını dərinləşdirirdi. Böhranla birlikdə, “Avropa ölkələrində bəzi bankların maliyyə çətinliyi ilə qarşılaşması Nyu York birjasında səhmlərin qiymətlərinin qəfil enməsinə səbəb oldu və bu, bütövlükdə ABŞ iqtisadiyyatına təsir etdi. Bununla məhdudlaşmayan böhran dalğası digər ölkələrə də yayıldı. 1929-cu il böhranı ilə fond birjasında ciddi iflaslar başladı, ümumi istehlak və investisiyalarda ani azalmalar oldu və bütün bu proseslərin nəticəsində təkcə 1929-1933-cü illərdə ABŞ iqtisadiyyatında ÜDM 1/3 nisbətində azaldı.

 

Mövcud böhran mərkəzi kapitalist ölkələri ilə yanaşı onlara bağlı olan digər ölkələri də təsiri altına saldı, lakin dövrün sovet respublikaları üzərində ciddi təsiri olmadı. Stalin Qərbin böhranla üzləşdiyi bu illərdə Mərkəzi Komitənin Partiya Qurultayındakı nitqində mövcud böhranı belə şərh edirdi: Bugünkü iqtisadi böhran bir həddən artıq istehsal böhranıdır. Bu, bazarın ala biləcəyindən daha çox məhsul istehsal edildiyi deməkdir. Bu o deməkdir ki, əsas istehlakçıların, yəni gəlirləri aşağı səviyyədə olan xalq kütlələrinin əllərindəki pulla ala biləcəklərindən daha çox yanacaq, məhsul yaxud ərzaq istehsal edilmişdir. Kapitalist şərtlər altında xalq kütlələrinin alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan kapitalistlər hazır məhsul, ərzaq, taxıl kimi “artıqlarını” anbarlarda saxlamaqda, yaxud qiymətləri yuxarı səviyyədə saxlamaq onları üçün məhv etməkdə, istehsalı məhdudlaşdırmaqda, işçiləri işdən çıxartmaqda və xalq kütlələrini yoxsulluğa məruz qoymaqdadırlar, çünki həddən çox məhsul istehsal olunmuşdur. Nəticə etibarilə Stalinin də ifadə etdiyi kimi, bu böhran, müəyyən mənada liberal nəzəriyyənin əsas fərziyyəsinin etibarsızlığının konkret bir nümunəsi idi.  Belə ki, dövrün kapitalist ölkələrində hakim iqtisadi paradiqma Sey Qanunu idi. 1929-cu ildə yaşanan iqtisadi böhran bu mənada hakim paradiqmanın böhranı idi və "Ümumi Nəzəriyyə"nin yayımlanması ilə artıq yeni paradiqma dəyişikliyinə gedilmişdir. Keynesin 1929-cu il böhranından sonra bəzi ənənəvi neo-klassik mülahizələrə etinaslığı və bazar iqtisadiyyatının hər cür problemi öz-özlüyündə həll edə bilməyəcəyi fikrini qəbul etməsi onu digər neoklassik iqtisadçılardan fərqli bir mövqeyə gətirdi. Keynesə görə, Sey Qanunu kapitalist iqtisadi şərtlər altında deyil, "pul olmayan iqtisadiyyatlarda" ("non-monetary economy") keçərli ola bilərdi. Beləliklə, Keynes mövcud böhranın hər hansı dövlət müdaxiləsi olmadan bazarın “görünməz əli” tərəfindən öz-özünə həll edilməyəcəyini və böhranın getdikcə "içindən çıxılmaz bir vəziyyətə" çevriləcəyini düşünürdü. Həddən artıq istehsal və zəif istehlaka bağlı bu böhranın həll üsulu olaraq Keynes dövlətin müxtəlif siyasi alətlərlə əhalinin sosial vəziyyətini yaxşılaşdırmasını, yeni iş yerləri yaratmasını və bu yolla ümumi effektiv tələbi artırması fikrini irəli sürürdü. Keynesə görə, ümumi effektiv tələbi artırmaq, işsizliyi azaltmaq və iqtisadiyyatı stimullaşdırmaq üçün hətta büdcə kəsirlərinə gedərək dövlət xərclərini artırmaq lazımdır. Keynes konyukturanın istiqamətini yüksələn xətt üzrə müəyyənləşdirmək üçün dövlət xərclərinin (xüsusilə də infrastruktur xərclərinin) ciddi miqyasda artırılmasını və beləliklə, əhaliyə iş və gəlir yeri yaradılmasını tövsiyə edirdi.

 

Keynes tərəfindən ortaya qoyulan bu fikirlər əvvəllər ABŞ-da Ruzvelt hökuməti olmaqla digər kapitalist ölkələrində mövcud böhrandan çıxmaq məqsədilə tətbiq olunmağa başlanılmış və istehsal artımına paralel olaraq istehlakı dəstəkləyən dövlət siyasəti ilə rifah dövləti dövrünə keçilmişdir. Beləliklə, dövlətin məşğulluq siyasəti və qiymət artımına uyğun olaraq tələb artımını stimullaşdırması ümumi təklifi ödəmiş, nəticədə iqtisadi böhrandan çıxış yolu olaraq “məhdud dövlət” anlayışından “müdaxiləçi dövlət” mərhələsinə qədəm qoyulmuşdur.

 

PAYLAŞ

Oxşarlar

Cəmiyyətdə fərdi və kollektiv yaddaşı formalaşdıran  sosial, mədəni və tarixi faktorlar

Cəmiyyətdə fərdi və kollektiv yaddaşı formalaşdıran sosial, mədəni və tarixi faktorlar

11 Dekabr 2019

Giriş Mədəniyyət insan mövcudluğunun təməl şərtidir. Tarix boyu fərdi və kollektiv səviyyədə varoluş insanın özünün yaratdıqları… ƏTRAFLI

SSRİ dindən

SSRİ dindən "nə istəyirdi"?- İkinci Yazı/ ARAŞDIRMA

10 Dekabr 2019

SSRİ-nin islama qarşı mübarizəsinin I mərhələsi (1943-1958) Sovet rejiminin ümumilikdə dinə, əslində isə islama qarşı mübarizə dövr… ƏTRAFLI

Yeni idarəçilik

Yeni idarəçilik

09 Dekabr 2019

Программное выступление Президента 18 апреля 2018 года о грядущих реформах наполняется все н… ƏTRAFLI