Tədqiqatlar

Yeni imtahan modeli: problemlər, gözləntilər

              

TƏDQİQATIN ƏHƏMİYYƏTİ VƏ AKTUALLIĞI

 

1991-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikasında təhsil sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycanın iqtisadi-siyasi sahədə sistem transformasiyası prosesinə başlaması bütün sahələrdə olduğu kimi, təhsildə də köklü islahatları zəruri etmiş və onun yeni cəmiyyətin tələblərinə uyğun yenidən qurulmasını qarşıya vəzifə kimi qoymuşdur. Qeyd edək ki, ölkənin təhsil sistemində aparılan islahatların başlıca missiyası təhsilin koqnitiv funksiyasını yeni dünya nizamına uyğunlaşdırmaq və texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyanın təhdidlərini özünəməxsus yaradıcı “filtr”dən keçirə bilmək olmuşdur.

 

Azərbaycanda təhsil sistemində köklü dəyişikliklərə 15 iyun 1999-cu il tarixində Heydər Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, mahiyyətində "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçidi saxlayan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə təkan verildi. 90-cı illərdə ümumi təhsil sahəsində yerli və beynəlxalq ekspertlərin birgə apardıqları tədqiqatlar nəticəsində Azərbaycandakı mövcud tədris proqramlarının hazırkı tələbləri ödəmədiyi, əsasən fənlər üzərində qurulduğu, şagirdlərin təfəkkür və düşüncə tərzini lazımi səviyyədə inkişaf etdirmədiyi, dərsliklərin lüzumsuz materiallarla yükləndiyi, uşaqlarda həyati bacarıqların, tədqiqatçılığın, müstəqilliyin formalaşdırılmasına zəif diqqət yetirildiyi, əzbərçiliyə üstünlük verildiyi və s. bu kimi məsələlər nəzərə alınaraq yeni təhsil proqramının (kurikulumların) tətbiqinə başlanıldı. 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildi, həmin sənəd 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirildi. Ümumi təhsilin fənn kurikulumları (I-IV siniflər üçün) isə 2007-ci ildə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqləndi və pedaqoji ictimaiyyətin istifadəsinə verildi.

 

Yeni tədris proqramı və təlim üsulları əsasında şagird qəbulu ilk dəfə 2008-ci ildə həyata keçirildi. Beləliklə, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramlarının (kurikulumların) tətbiq olunması ilə yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilməyə başlanıldı və təbii ki, tədris prosesində yeni qiymətləndirmə vasitələrinin tətbiq olunması zərurəti yarandı.

 

2012-ci ildə ölkə prezidentinin müvafiq Sərəncamına əsasən o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə daxil edildi. Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) 2013-cü ildən başlayaraq (yeni təhsil sistemində təhsil alan ilk şagirdlər o zaman V sinifdə oxuyurdular) respublikanın ümumtəhsil müəssisələrində monitorinq imtahanları keçirməyə başladı. Bu illər ərzində respublikanın bütün coğrafi regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V–X siniflərdə təhsil alan 60 minə yaxın şagird üçün monitorinq imtahanları keçirildi. Qeyd dək ki, monitorinq imtahanlarının keçirilməsində əsas məqsəd yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması ilə yanaşı, təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi, şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərlərin aşkara çıxarılması idi. Monitorinq imtahanlarının nəticələri Təhsil Nazirliyi ilə müzakirə edildi, 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün hər iki qurumun mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradıldı. Bu işçi qrupunun iclas və müzakirələrində monitorinq imtahanlarının nəticələri və yeni modelin hazırlanması məsələləri müzakirə olundu. Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı DİM tərəfindən yeni qaydalar əsasında keçirildi. Bəzi ekspertlər bu imtahanları ümumtəhsil sistemi ilə bağlı 10 illik islahatların ilk rəsmi qiymətləndirilməsi hesab edirlər.

 

Daha sonra buraxılış imtahanlarının nəticələrinin kompleks təhlili aparıldı və informasiya bazası toplanıldı. 2017-ci ilin oktyabrında DİM-in məsul işçiləri ilə Təhsil Nazirliyinin nümayəndə heyəti arasında keçirilən görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirildi və yeni model ictimaiyyətə təqdim olundu. 2019-cu ildə tətbiq edilən yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına hesablanmışdı.  Belə ki, ilk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Beləliklə, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilirlər. Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur. Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verirlər. Abituriyentlərin imtahan yükü daha da azaldılmışdı. Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhləsini verir) verilməsini nəzərdə tutur. Bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunur. Yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub. Bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir və bizə abituriyentlərin yeni təhsil proqramlarında nəzərdə tutulmuş məzmun xətləri üzrə bacarıqlarını ölçmək imkanı verir.

 

Beləliklə, DİM tərəfindən buraxılış və qəbul imtahanlarında 2019-cu ildə tətbiq olunan model həm forma, həm də məzmunu ilə əvvəlki illərin qəbul modelindən fərqlənir. Buraxılış və qəbul imtahanları prosesində aparılan araşdırmalar sübut edir ki, bu modelin tətbiqinə cəmiyyətdə münasibət heç də birmənalı deyil, fikir müxtəlifliyi müşahidə edilir. Bu yeni modelin müsbət və mənfi tərəfləri ətrafında müzakirələr bu gün də davam edir. Belə bir məqamda bu amilləri nəzərə alaraq ictimai rəy sorğusunun keçirilməsi zərurəti aktuallıq kəsb edir. Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komissiyasının üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abitiriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında ictimai rəy sorğusu keçirməyi qərara almışdır. Nəticələr ölkəmizdə təhsilin səviyyəsini, imtahanların forma və məzmununu öyrənmək, təhlil etmək və konkret təkliflər əsasında təkmilləşdirmək üçündür.

 

TƏDQİQATIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

 

● Tədqiqatın əsas məqsədi seçilmiş 10 şəhər və rayonda (Bakı, Sumqayıt, Gəncə, Bərdə, Şəki, Şirvan, Xaçmaz, Göyçay, Lənkəran, Mingəçevir) müxtəlif hədəf qruplarının, maraqlı tərəflərin, peşə kateqoriyalarının nümayəndələrinin (abituriyentlərin, valideynlərin, müəllimlərin, millət vəkillərinin, Təhsil Nazirliyinin və DİM-in nümayəndələrinin, təhsil ekspertləri, psixoloq və sosioloqların) dövlətin sosial siyasətinin tərkib hissəsi olan təhsilin müasir vəziyyətini öyrənməyə əsas verən buraxılış və qəbul imtahanlarının yeni modeli ilə bağlı fikirlərini, bəzi vacib mövzular və məsələlər haqqında rəyini, qiymətləndirmələrini və münasibətini, baxış və təkliflərini öyrənmək, bunun əsasında təhlil aparmaq, müvafiq təklif və tövsiyələr hazırlamaqdır.

 

Sosioloji tədqiqatın xüsusi vəzifələri aşağıdakılardır:

 

1. Sorğuya cəlb edilmiş hədəf auditoriyanın buraxılış və qəbul imtahanlarının yeni modeli ilə bağlıməlumatlılıq səviyyəsini, yeni modelin mahiyyətinin anlaşılmasıvə bu sahədə biliklərin mövcud dərəcəsini öyrənmək.

 

2. Hədəf qrupların buraxılış və qəbul imtahanlarının forma və məzmunu ilə bağlı tətbiq edilmiş dəyişikliklərə münasibətini öyrənmək, cəmiyyət bu yenilikləri necə qavrayır və qiymətləndirir (dəyişikliklər yaxşılaşmaya, yoxsa pisləşməyə doğrudur)?

 

3. Azərbaycanın təhsil sistemi üçün yeni modelin faydalılıq səviyyəsini öyrənmək;

 

4. Yeni tədris proqramının (kurikulumların) abituriyentlər tərəfindən mənimsənilmə dərəcəsini öyrənmək: gözləntilər özünü doğrultdumu?

 

5. Buraxılış və qəbul imtahanlarının ayrı-ayrılıqda müqayisəli təhlilini aparmaq;

 

6. Yeni modellə əvvəlki modelin üstünlüklərini və çatışmazlıqlarını müəyyənləşdirmək;

 

7. DİM-in nəzdin fəaliyyət göstərən Apellyasiya Komissiyasının fəaliyyətinə respondentlərin münasibətini aydınlaşdırmaq;

 

8.İmtahan prosesinin abituriyentlərin mənəvi-psixoloji vəziyyətinə təsirlərini müəyyənləşdirmək və çıxış yollarını araşdırmaq.

 

TƏDQİQATIN METODOLOJİ PRİNSIPLƏRİ

 

Məlumatların toplanması və qiymətləndirilməsi prosesində kəmiyyət və keyfiyyət tədqiqat metodlarından istifadə ediləcək.

 

1. Respondentlərin seçimi

 

  • İctimai rəy sorğusunda ümumilikdə 550-ə yaxın respondentin iştirak edəcəyi nəzərdə tutulur.  

 

  • Respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə ediləcək.

 

  • Sorğu DİM-in regional mərkəzləri əsas götürülərək aşağıdakı şəhər və rayonlarda həyata keçiriləcək: Bakı, Sumqayıt, Gəncə, Bərdə, Şəki, Xaçmaz, Göyçay, Lənkəran, Mingəçevir.

 

  • Genişmiqyaslı tədqiqatdan öncə Bakıda 60 respondent arasında sınaq tədqiqatının keçirilməsi nəzərdə tutulur.

 

2. Sorğu anketi

 

Sorğu anketi abituriyentlər üçün 31, valideyn və müəllimlər üçün 29 sualdan ibarət olacaq. Suallar buraxılış və qəbul imtahanlarında bu il tətbiq edilən model haqqında məlumatlılıq səviyyəsi, təhsil sistemi üçün faydalılıq dərəcəsi, imtahan prosesi, məzmundakı yeniliklərə  münasibəti öyrənmək istiqamətində hazırlanacaq.

 

3. Təlimat

 

● İntervüyerlər üçün təlimat qaydaları hazırlanacaq.

 

● İntervüyerlər işə başlamazdan əvvəl Mərkəzin əməkdaşları tərəfindən müvafiq təlimdən keçiriləcək.

 

● Təlim zamanı intervüyerlər anket və təlimatlarla ətraflı tanış olaraq, sorğunun keçirilməsi üçün tam hazır olacaqlar.

 

4. Sorğunun aparılması üsulu

 

Sorğunun aparılmasında “üz-üzə” müsahibələr və ya anketin respondent tərəfindən doldurulması üsullarından istifadə olunacaq. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq ediləcək. Belə ki, sorğular ənənəvi üsul olan kağız formatında deyil, planşetlər vasitəsilə həyata keçiriləcək. Son illər ABŞ-da və Böyük Britaniyada daha geniş tətbiq olunan və müasir sorğu proqramı kimi qəbul olunan SurveyToGo proqramından istifadə ediləcək. 

  

5. Sahə işi

 

Sahə işi 2019-cu ilin iyun-iyul aylarında imtahan keçirilən günlərdə aparılacaq. Sorğunun 3 mərhələdə aparılması nəzərdə tutulur: 1-ci mərhələ əvvəlcədən hazırlanmış anket sualları əsasında iyunun 23-də (I və IV ixtisas qrupları üzrə ikinci imtahan) və iyulun 7-də (II və III ixtisas qrupları üzrə ikinci imtahan) abituriyentlər və valideynlər arasında; 2-ci mərhələ Google.doc proqramı vasitəsilə müəllimlər və valideynlər arasında əvvəlcədən hazırlanmış suallar əsasında; 3-ci mərhələ isə müsahibə (keyfiyyət intervüsü) metodundan istifadə etməklə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, təhsil ekspertləri, psixoloq və sosioloqlar arasında.

 

Bütün müsahibələrdə anonimlik və konfidensiallıq ciddi şəkildə təmin ediləcək.

 

6. Məlumatların işlənməsi və təhlili

 

Sorğu başa çatdıqdan sonra hər bir anket üzrə toplanılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS - Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil ediləcək.

 

TƏDQİQATIN NƏTİCƏLƏRİ

 

1.  Həyata keçirilmiş sorğunun yekunlarına əsasən qrafik, cədvəl, nəticə və praktik təkliflər olan əhatəli analitik hesabat hazırlanacaq (60-70 səhifə).

 

2. Habelə sorğunun nəticələrinin təqdimatı keçiriləcək.

 

3. Hesabat həm də Sosial Tədqiqatlar Mərkəzinin saytında dərc olunacaq.

 

4. Analitik hesabat Azərbaycan və ingilis dillərində broşür şəklində çap oluna bilər.

 

5. Sorğunun nəticələri televiziya və radio vasitəsilə təqdim oluna, qəzet və jurnal səhifələrində dərc edilə bilər.

 

 

 

PAYLAŞ

Oxşarlar

Miqrasiya fenomeninə ümumi baxış:  Daxili və xarici amillərin səbəbləri, fərqli faktorları və Azərbaycan

Miqrasiya fenomeninə ümumi baxış: Daxili və xarici amillərin səbəbləri, fərqli faktorları və Azərbaycan

12 Oktyabr 2019

Tarixən insanlığın, cəmiyyətin inkişafında və Avropa sivilizasiyasının bərpasında miqrasiya mühüm rol oynamışdır. Tarixin bütün dö… ƏTRAFLI

Qlobal istiləşmə ictimai rəydə

Qlobal istiləşmə ictimai rəydə

09 Oktyabr 2019

Son dövrlər dünya gündəmini zəbt edən qlobal istiləşmə və ekoloji məsuliyyət şüurunun hazırkı durumu ilə bağlı ictimai rəy sorğusu h… ƏTRAFLI

Kinolar bizə baxır?

Kinolar bizə baxır?

24 Sentyabr 2019

SSRİ-nin süqutundan sonra kino sahəsində də tənəzzül müşahidə olunmağa başladı. 90-cı illərdə İttifaqdan qalan avadanlıq v… ƏTRAFLI