Tədqiqatlar

SORĞU: BEŞİNCİ DALĞA – AZƏRBAYCAN / “ŞƏRQ TƏRƏFDAŞLIĞI”

Hesabatın qısa icmalı ilə buradan da tanış ola bilərsiz!


 

İLLİK NƏTİCƏ ÜZRƏ HESABAT

 

Avropa İttifaqının maliyyə dəstəyi ilə ECORYS beynəlxalq araşdırma və konsaltinq rəhbərliyində şirkət tərəfindən 2020-ci ilin fevral və mart aylarında aparılmış və hər il həyata keçirilməklə altı Şərq tərəfdaşlığı ölkəsini – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldovanı əhatə edən illik sorğuların yeni buraxılışı təqdim olunub. Beşinci dalğa adlı Azərbaycan üzrə təqdim olunan nəticələr bir sıra maraqlı məqamları əks etdirir. Sözügedən sorğunun həyata keçirilməsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ‘Açıq Qonşuluq — Daha güclü tərəfdaşlıq naminə ünsiyyət: Şərq Tərəfdaşlığı üzrə vətəndaşların birləşdirilməsi”  (Aİ Şərq Tərəfdaşlığı) layihəsi çərçivəsində baş tutub. Əsas hədəfi Avropa İttifaqına dair ictimai fikri inkişaf etdirmək olan həmin layihə effektiv kommunikasiya vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrində Aİ dəstəyi anlayışını artırmaq məqsədi daşıyır.

 

Yuxarıda qeyd edilən illik sorğuların keçirilməsinin ümumi məqsədi isə Şərq Tərəfdaşlığı ölkələri vətəndaşlarının Avropa İttifaqı haqqında formalaşmış fikirlərinin öyrənilməsi olmaqla, daha dəqiq prioriteti Aİ maliyyə dəstəkli əməkdaşlıq və inkişaf proqramlarına dair məlumatlılıq səviyyəsi və ictimai rəyin araşdırılmasıdır. Bu istiqamətdə müəyyən zaman kəsiyində ictimai rəydə özünü göstərən dəyişiklikləri izləmək məqsədilə, bu sorğular 2016-cı ildən etibarən illik əsasda aparılır. Belə sorğuların 2020-ci ili əhatə edən sonuncu buraxılış hesabatı çərçivəsində Azərbaycana aid nəticələr əsasən dörd bölmə üzrə məsələləri özündə birləşdirib ki, bunlar aşağıdakılardır:

 

1.      Avropa İttifaqına haqqında ümumi təsəvvürlər (İttifaqa dair formalaşmış ümumi rəy, quruma qarşı olan inam, ikitərəfli münasibətlər, digər xarici institutlarla müqayisədə Birliyin rolu haqqında fikirlər, İttifaqın maliyyə dəstəyi ilə həyata keçirilən proqramlar və onların fayda və səmərəliliyi kimi məsələlər əhatə olunur)

2.      Məlumat mənbələri (İttifaqa və onun həyata keçirdiyi proqramlara dair yerli və xarici dildə mənbələrin mövcudluğu, müxtəlifliyi və istifadə tezliyi haqda araşdırılır)

3.      Ölkə qiymətləndirməsi və gələcək gözləntilər (Burada vətəndaşların öz ölkələrinin, o cümlədən, şəxsi talelələri ilə bağlı qayğı və gözləntiləri sorğu edilməklə, daha çox, ölkədə demokratik dəyərlərin işləmə prinsipləri və səviyyə göstəriciləri, həmçinin, cəmiyyətdə əsas təzyiq amilləri və bu kimi digər məqamları əks etdirən rəqəmlər təsvir və təhlil olunur)

4.      Aİ-yə münasibətdə profil formalaşdıran yanaşmalar (İttifaqa dair müsbət və neytral mövqeyə malik respondentlərin fikirlərinin profil yanaşmalar müəyyənləşdirməsi)

 

Sorğunun əhatə etdiyi araşdırma dairəsinə daxil olan yuxarıda qeyd olunmuş bölmələr üzrə nəticələr builki hesabatda əvvəlki illərin nəticələri ilə müqayisəli şəkildə təqdim olunur. Qeyd edilən sorğu fevral və mart ayları ərzində aparılmaqla min nəfər 15 yaş və daha yuxarı yaş kateqoriyası üzrə şəxslər arasında üzbəüz intervyu formasında həyata keçirilib. Sorğunun həyata keçirilmə metodologiyası əvvəlki illər üzrə aparılmış eyni məzmunlu illik sorğuların metodoloji prinsip və qaydaları ilə əsasən eynilik təşkil edir. İki hissədə aparılan sorğunun birinci mərhələsi yerləşmə zonası, əhali və urbanizasiya səviyyə göstəriciləri nəzərə alınmaqla qruplaşdırılan ümumi 30 vahid dairəni (şəhər və qəsəbə) əhatə edib. Üç və ya dörd vahid üzrə nəzərə alınaraq qruplaşdırılan hər təbəqədə ərazi bölgüləri təsadüfi seçmə əsasında müəyyən edilməklə ümumilikdə min nəfər şəxslə müsahibə həyata keçirilib və sorğu çərçivəsində hər yaşayış bölgəsində iyirmi müsahibə aparılıb. İkinci mərhələdə ümumilikdə altı təbəqəni əhatə etməklə yaş və gender kateqoriyaları əsas götürülüb. Müsahibə aparılan şəxslər təsadüfi qaydada seçmə üsulu ilə sorğuya cəlb olunub ki, bu halda, şəhər və ya kənd/qəsəbə ərazisində hər klaster üzrə ilkin başlanğıc nöqtəsinin müəyyən edilməsi vacibdir. Bu baxımdan, istiqamətin müəyyən edilməsi və müsahibələri həyata keçirənlərin öncədən təlimləndirilməsi əsas şərtlərdəndir.

 

Nəticələrin qiymətləndirilmə prosesi respondentlərin cavablarına uyğun hədəf kütləsinin xarakterinin müəyyən edilməsi üzrə model tipli qiymətləndiricilərin ümumi kateqoriyası əsasında həyata keçirilib. Əvvəlki illərin sorğuları ilə eyni qaydada olduğu kimi ərazi ölçüsü, respondentlərin yaş və gender kateqoriyası, təhsil səviyyəsi, məşğulluq dərəcəsi, din, dil kimi dəyişənlər tədqiqat zamanı əsas götürülüb.

 

Sorğunun təşkil edilməsindən əldə olunan ümumi nəticələr onu göstərir ki, Azərbaycan əhalisinin Avropa İttifaqı və onun fəaliyyətinə dair məlumatlılıq səviyyəsi hər il artan xətt üzrə müsbət tendensiya göstəricilərinə malik olmaqla 2020-ci il üzrə nəticələrə əsasən cəmi 12% respondent bu məzmunlu suala “bilmirəm” cavabı ilə fikir ifadə edib (2017-ci ildən etibarən bu göstərici 7% geriləyərək 12%-ə doğru enib). Ümumilikdə, azərbaycanlıların Avropa İttifaqı haqqında 44% göstərici ilə əsasən müsbət, 35% olmaqla neytral və yalnız 9% etibarilə neqativ təsəvvür və mövqeyə malik olmaları 2020-ci ilin fevral-mart aylarında keçirilmiş sorğu nəticələrə əsasən müəyyən edilib.

 

 

 

İttifaqa dair əsas dəyərlər üzrə münasibət baxımından 2019-cu ilə nisbətdə yeni cavablarda cüzi şəkildə geriləmə müşahidə olunsa da, ümumilikdə bu mənada vətəndaşlar arasında əksər Aİ dəyərləri ilə bağlı müsbət düşüncə formalaşıb. Öncəki illərin nəticələrinə oxşarlıq nümayiş etdirməklə korrupsiyanın olmaması fikri üzrə azərbaycanlıların Avropa İttifaqına dair yanaşması 52% təşkil edir. Kontekstə əsasən, 75%-lə ən yüksək göstərici insan hüquqlarının təminatı üzrə olduğu halda, hüququn aliliyi və iqtisadi inkişaf amili üzrə - 74%, ifadə azadlığı və təhlükəsizlik, sülh və stabillik üzrə - 72%, fərdi azadlıq və media azadlığı üzrə olan göstəricilər isə 71% ətrafındadır. Şəxsi səviyyədə düşüncədə isə respondetlərin ən çox əhəmiyyət verdikləri Aİ dəyərləri sırasında 45%-lik göstərici ilə təhlükəsizlik, sülh və stabillik amili gəlməklə (yüksək ehtimal olmaqla, həllini tapmayan Dağlıq Qarabağ məsələsi ilə əlaqədar), o cümlədən, şəffaflıq və ləyaqətlilik prinsipi də 46%-lik göstərici ilə nəticələrdə əks olunub.

 

 

Ölkədə xarici təşkilatlara qarşı ümumi inam səviyyəsi yüksək olmasa da, bu baxımdan Avropa İttifaqına dair əhali yanaşmasında inam göstəricisi hətta ötən ilki nəticələrə münasibətdə 6% yüksəlməklə 2020-ci il üzrə respondentlərin cavablarına əsasən 41% təşkil edib. Bununla bağlı, NATO və Avrasiya İqtisadi Birliyi üzrə olan rəqəmlər əhalinin yalnız dördə birində inam formalaşmaqla müvafiq olaraq 25% və 26%-dir. Beynəlxalq təşkilatlara münasibətdə əhalinin aşağı inam səviyyəsi əsasən xarici təsisatların fəaliyyəti barədə məlumatlılığın az olması ilə əlaqədardır. Məlumatlılıq səviyyəsini müəyyən edən suallara verilən cavablarda beynəlxalq təşkilatlar haqqında heç bir fikrə malik olmadığını bildirən və ya suala cavab verməkdən çəkinən respondentlər Avropa İttifaqı üzrə yalnız 28% təşkil etdiyi halda, Avrasiya İqtisadi Birliyi üzrə isə 47%-lik nəticələr şəklində qruplaşır. Ümumilikdə, vətəndaşların İttifaqa dair düşüncəsi böyük şəhərlərə nisbətdə ölkə üzrə əsas sosio-demoqrafik qrupların cavablarında əksəriyyət etibarilə müsbət yanaşma əks etdirir.

 

Nəticələrə əsasən repondentlərin üçdə ikisindən çoxu, daha dəqiq isə, 69% azərbaycanlı respondent Avropa İttifaqı münasibətlərini yaxşı səviyyədə qiymətləndirir (Ötən ilə nisbətən bu göstərici cüzi şəkildə aşağı enib).

 

Respondentlər İttifaq tərəfindən dəyərlərin qorunması ilə bağlı siyasətə dair formalaşmış rəylər, o cümlədən,  “Aİ öz vətəndaşlarına gündəlik həyatda maddi təminat yaradır”, “Aİ korrupsiya ilə mübarizə aparır”, “Aİ xarici əlaqələrdə müstəqil aktordur” və “İttifaq ilə inteqrasiya ölkənin təhlükəsizlik və stabilliyini artırır” kimi irəli sürülən fikirlər üzrə 5 müxtəlif cavab variantına uyğun olaraq razılıqlarını ifadə ediblər. Ümumi olaraq, 47% (bu fikirlə tam və müəyyən qədər razılaşanların cəmi) azərbaycanlı respondent ənənəvi dəyərlərin öz cəmiyyətlərdə qorunub saxlanmasına Avropa İttifaqı tərəfindən dəstək verildiyini düşünür.

 

İttifaqın maliyyələşdirdiyi dəstək proqramları haqqında suala gəldikdə isə yalnız 30% respondent Avropa İttifaqının Azərbaycana maliyyə yardımı göstərməsi haqda xəbərdar olduğunu bildirir (2019-cu ilə nisbətən göstərici 2% yüksəlmişdir). Eyni zamanda, respondentlər bu proqramların icrasını effektiv hesab edirlər - 76% (ötən ilə nisbətdə göstərici 6% yüksəlmişdir). Avropa Birliyi haqqında daha məlumatlı olanlar isə spesifik proqramlar haqqında bilirlər (2020-ci il üzrə 48%; ötən ilə nisbətdə bu göstərici 5% yüksəlmişdir). Respondentlər hesab edirlər ki, Aİ tərəfindən dəstək alan sahələr sırasında isə ən çox təhsil (52%), turizm (69%) və ticarət (56%) yer alır. Onların cavablarına əsasən əksinə belə dəstəkdən ən az faydalanan sfera kimi demokratiya (36%), məşğulluq imkanları (33%), korrupsiyanın azaldılması üzrə fəaliyyəti (23%) hesab edirlər. Digər tərəfdən, repondentlər yenə turizm, daha yaxşı təhsil və məşğulluq imkanları yaradılması üzrə qurumun dəstəyinə daha çox ehtiyac olduğu qənaətindədirlər. Belə düşünən repondentlərin faiz göstəriciləri müvafiq olaraq 34 , 46 və 35 faizdir.

 

Məlumat əldəetmə mənbəyi olaraq mediadan istifadə

 

Hesabatın işıqlandırdığı nəticələrə əsasən demək mümkündür ki, televiziya ölkədə ən çox üstünlük verilən məlumat mənbəyi kimi 70% göstərici ilə hər gün izlənilən vasitə sırasındadır (yalnız 7% insan heç vaxt izləmədiyi bildirir). Alternativ və yeni media vasitələri kimi qəbul edilən internet və sosial media platformalarının gündəlik istifadəsi isə genişlənməkdə davam edir  (48% - 10 faiz artım və 42% - 11 faiz artım (2019/2020)). İnam baxımından da, bu vasitələrə etimad getdikcə daha artır: 44 faiz əhali ümumilikdə internetə, 35 faiz isə sosial mediaya güvənir. Avropa İttifaqının rəsmi vebsaytlarına baxış sayı isə olduqca aşağı faiz göstəricisinə malik olsa da, keçən ilə nisbətdə müəyyən qədər yüksəlmə müşahidə edilib: 5%-2019 / 8% - 2020.  Bu saytlara inam göstəricisi isə 9 faizdir.

 

Hesabata əsasən Azərbaycanda insanlar 66% göstərici ilə milli mediaya daha çox etibar edirlər və burada 60% pay sahibi televiziyadır. Beləliklə, Azərbaycanda yerli media istifadəsi üstünlük təşkil edir ki, respondentlərin 70%-i yerli mediaya hər zaman etibar etdiyini bildirdiyi halda, 10% tez-tez, 13% isə bəzən etibar etməsini bildirir. Xarici dildə media və ya xarici media mənbələrinin istifadəsi isə belə göstəriciyə malikdir – vətəndaşların üçdə ikisi rus dilində mediaya heç vaxt müraciət etmir, dördə üçü isə heç vaxt xarici dildə mediaya inam ifadə etmir.

Aİ haqqında informasiyaya dair məlumat mənbələri

Hesabatın nəticələrinə görə hər dörd azərbaycanlıdan biri (27%) son 3 ay müddətində (sorğu aparılmasından öncəki ayları əhatə edir) Avropa İttifaqı ilə əlaqədar hansısa formada məlumat əldə etdiklərini bildiriblər və həmçinin, göstəricilərə əsasən 73% insan belə məlumatları son 3 ay müddətində televiziyadan əldə etdiklərini bildirir. Bununla bağlı, 40% respondent bu məzmunda informasiyanı internet, 22% isə Avropa Birliyi ilə əlaqəli informasiyanı sosial media vasitəsilə qəbul etməsi barədə qeyd  edir.

Hesabatın keçənilki buraxılışında təqdim olunan göstəricilərlə müqayisədə demək mümkündür ki, azərbaycanlıların Avropa İttifaqına dair maraq səviyyəsi yüksəlməyə başlayıb. Belə ki, İttifaq barədə ötən ilə nisbətən artıq daha sıx tezliklə informasiya əlçatanlığına malik olduqlarını qeyd edənlərin sayı artıb – respondentlərin 1/3-i. Bu mənada, aktiv axtarışların əsas vasitəsi kimi yeni media ilk növbədə gəlir – Aİ ilə əlaqədar aktiv axtarış edənlər 59%-i vasitə kimi inernetdən istifadə edir (sosial media - 32%). Eyni zamanda, aktiv axtarış edənlərin 83%-i azərbaycan dilini, 11%-i  rus və yalnız 5%-i  ingilis dilini istifadə edir.

2019-cu illə müqayisədə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin səviyyəsinin yüksəlməsinə uyğun olaraq Aİ-yə dair aktiv axtarış deyənlərin faiz göstəriciləri bu il yüksəlmə əks etdirir. Belə ki, keçən ildən 18 faiz artaraq builki nəricələrə görə 30% respondent bu tipli məlumatlara dair axtarış həyata keçirib. Digər bir qrup insanlar Şərq Tərəfdaşlığı ölkələri ilə olan münasibətlərə dair axtarış həyata keçirir (keçən ilki müvafiq göstərici ilə müqayisədə 2020-ci ildə bu rəqəm 5%-lik artım ilə nisbətən yüksəlib: 10%).

 

Azərbaycanın hazırki vəziyyətinə baxış

 

Digər Şərq tərəfdaşlığı ölkələri ilə müqayisədə Azərbaycanda siyasi institutlara olan inam və etibar səviyyəsi orta göstəricidən yuxarı olsa da, son aparılan illik sorğu nəticələri və hazırki hesabata əsasən bu istiqamətdə nisbətən geriləmə müşahidə edildiyi görünür. Hökumətə inam 82%, siyasi partiyalara inam isə 48% təşkil edib. 

 

Aİ-yə münasibətdə profil formalaşdıran yanaşmalar: pozitiv və neytrallar

 

Keçirilmiş illik sorğunun Azərbaycan üzrə olan nəticələrini əks etdirən hesabatın təqdim etdiyi göstəricilərə əsasən demək mümkündür ki, ümumi olaraq Azərbaycanda respondentlərin yarısına yaxın qismi Avropa İttifaqı haqqında müsbət fikir və təsəvvürlərə malikdir (2019-cu il üzrə 46%-lik göstərici builki eyni məqsədli sorğu nəticələrinə əsasən müəyyən fərqlə 44%-dir). Belə düşüncəyə malik olanların 51%-i kişilərdən ibarətdir və onların əsasən 50%-ni gənclər təşkil edir ki, əksəriyyət (65%) əsasən paytaxt və cənub-şərq bölgələrində yaşayan əhalidir. Digər göstəricilərə görə, belə düşünənlərin 22%-i ümumilikdə böyük şəhərlərdə yaşayan və 35% etibarilə aktiv fəaliyyətlə məşğul olmayan və ya işsisiz insanlar olub, yalnız 15%-i yüksək təhsilə malik şəxslərdir. Müsbət mövqe ifadə edənlərin 15%-i qərb, 20%-i isə şimal-şərq bölgələri təmsil edir.

 

Avropa Birliyinə münasibətdə neytral baxışa sahib olan Azərbaycanlıların faiz göstəricisi bu hesabata əsasən əhalinin təxminən üçdə birini təşkil edir (35%). Neytral düşünənlər kiçik fərqlə əsasən qadınlardan (53%)  ibarətdir ki, onların əsas hissəsini orta yaşlı fərdlər təşkil edir (35%).  Aİ tərəfdarları üçün isə bu rəqəm 49% olub 32%-lə orta yaş qrupunu özündə birləşdirir.  Neytrallığa malik insanların 47%-i böyük şəhərlərdə yaşayanlardır  (bu rəqəm müsbət mövqeyə malik olanlar üçün 22 faiz təşkil edir)  və onlar əsasən şimal-şərq (23%) və o cümlədən, ölkənin qərb regionlarında (20%) məskunlaşan respondentlərdir. Neytral düşüncəli insanların 16%-i sorğudan əvvəlki üç ay ərzində Avropa İttifaqı ilə əlaqədar hər hansı məlumata rast gəlməsi və ya eşitməsi barədə bildirsə də (dəstəkləyənlər üçün son 3 aylıq məlumat əldə etmə baxımından bu rəqəm – 40%-dir), lakin özləri qurumla əlaqədar tez-tez və ya müəyyən zamanlarda axtarış etdiklərini də üeyd edirlər (yenə 40%).  Özləri axtarış edənlər qrupunda Aİ-ni dəstəkləyənlər isə 61% ilə təmsil olunur. Beləliklə, buradan belə nəticəyə gəlmək mümkündür ki, qurumu dəstəkləyənlər onun haqqında məlumatları daha çox eşitməsi və ya görməsi və həmçinin özləri axtarış etmələri barədə fikir ifadə etmişlər. Məlumat əldə etmə mənbələrinə gəldikdə isə hər iki qrup demək olar ki, eyni göstərici ilə - 64%, bu barədə informasiyanı internet və sosial mediadan qəbul etdiklərini qeyd edir. Bu baxımdan, neytral və pozitiv düşüncədə olanlar media məlumatlarını əsasən rus və digər xarici dillərdə qəbul edirlər: rus dilində - neytrallar/23%, pozitivlər/21% təşkil edir. Digər xarici dillərdə Aİ haqqında məlumat əldə edən quruma dair neytral və pozitiv düşüncəlilər isə – birincilər üçün 19%,  ikincilər üçün 24%-dir.

 

Neytrallığın əsas səbəbi kimi xarici qurum və təsisatlara olan aşağı inam və məlumatsızlıq səviyyəsi göstərilə bilər. Bu baxımdan, qurum haqqında neytral mövqeli respondentlər arasında əhalinin yalnız 28%-i ən etibar edilən təşkilat kimi Avropa İttifaqını qeyd edir (41% suala dəqiq cavab bildirməyib). Bu qurumu dəstəkləyənlər isə 57% göstərici ilə Avropa İttifaqını ən inamlı təsisat olaraq qəbul edir. Baxmayaraq ki, neytralların əksəriyyəti (65%) Aİ və Azərbaycan arasındakı münasibətləri “yaxşı” kimi qiymətləndirir (pozitivlərin isə 81%-i belə düşünür). Bu baxımdan, nəticələrə əsasən aydın olur ki, neytral düşüncəlilərin yalnız 17%-i Avropa İttifaqının Azərbaycana maliyyə dəstəyi ayırması barədə məlumatlıdır (pozitivlər 46% ilə bu barədə məlumatlıdırlar).

 

Ümumi düşüncəyə gəldikdə isə, Aİ-yə tərəfdar çıxanlar nəticə etibarilə bütün müsbət fikirləri bölüşən şəxslər olaraq bununla bağlı təqdim olunan əsas mülahizələri tamamilə - 59% və ya müəyyən formada - 65% olmaqla dəstəkləyərək bu haqda suallara razılıq ifadə edən cavablar təqdim ediblər. Neytral şəxslərin isə sorğu çərçivəsində əsas suallarda əks olunan fikilərlə razılaşma faiz göstəricisi – tamamilə razılaşanlar- 25%, müəyyən qədər razılaşanlar isə – 41% olmaqla qeydə alınıb. Eyni qaydada, müvafiq mövzuda fikirlərə dair “bilmirəm” cavabını isə neytrallar 43 və 55 faizlik göstərici ilə tam və ya müəyyən dərəcədə olmaqla ifadə ediblər.

 

 

Hazırki sorğunun gəldiyi nəticələrin analizinə əsasən nəzərə çarpan maraqlı məqamlardan biri odur ki, Aİ-yə qarşı neytral mövqedə olan vətəndaşlar (repondentlər) keçən ilə nisbətən və bu qurumu dəstəkləyənlərə münasibətdə ölkənin gələcəyi barədə daha çox pessimistik fikrə malikdirlər. Belə ki, keçənilki eyniməzmunlu sorğuda bu mövzuda suala narahatlıq ifadə edən cavablar verən neytralların faiz göstəricisi bu il yüksələrək (8%) 2020-ci il üçün illik sorğu nəticələrinə əsasən 35% təşkil edib. İtifaqı ümumi olaraq dəstəkləyənlər (pozitivlər) isə 24% göstərici ilə bu fikirdədir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, əslində neytralları iqtisadi məqamlardan daha çox ərazi bütövlüyü, müharibə və təhlükəsizlik məsələləri və əsasən Dağlıq Qarabağ münaqişəsi amili narahat edir (cavablara əsasən gəlinən nəticə bunu əks etdirir). Halbuki, bu halda onlardan fərqli olaraq, nisbətən aşağı göstərici ilə (24%) ölkənin gələcəyini pessimist görən Aİ-ni dəstəkləyən qrup daha çox iqtisadi amillərlə bağlı narahatlıq bildirərək bu barədə düşünməyə sövq edən cavablar veriblər. İttifaqa dair neytral mövqedə olan respondentlərin daha çox təhlükəsizlik amilinə önəm vermələri  onların əsasən coğrafi olaraq ölkənin qərb regionunda yerləşən sərhəd bölgələrinin sakinləri olması faktı ilə əlaqədar belə yanaşmaya malik olmalarına dair mülahizəni qüvvətləndirir. Belə ki, həmin qrup respondentlərin bu mövzuda onlara ünvanlanan müvafiq suallara belə istiqamətdə narahatlıq əks etdirən cavablarının üstünlük təşkil etməsi öz növbəsində yuxarıdakı nəticəyə gəlinməsinə əsas verir.

 

Yekun olaraq, hazırki hesabatın təqdim etdiyi nəticələrə uyğun belə qənaətə gəlmək olur ki, ümumi olaraq azərbaycanlılar hər il daha çox Avropa İttifaqı və onun fəaliyyəti ilə bağlı məlumatlanırlar. Ölkədə yalnız 12% respondent əvvəlki illərə nisbətən Aİ-yə dair məlumatlılıq səviyyəsini ölçən suallara cavab kimi bu barədə məlumatlılığa malik olmadıqlarını qeyd edir (əvvəl bu göstərici daha yüksək olub 2017-ci ildən etibarən 7% azalmaqla hazırki səviyyəyə çatmışdır). Nəticə etibarilə isə, respondentlər İttifaq haqqında 44% olmaqla pozitiv, 35% neytral və yalnız 9%-lik göstərici ilə neqativ yönümlü fikir daşıyıcılarıdır. Ümumi baxdıqda, ölkədə, xarici qurumlar haqqında məlumatlılıq səviyyəsinin kifayət qədər yüksək olmaması vətəndaşların onların effektiv fəaliyyəti və maliyyə dəstəyinin səmərəliliyi haqqında dəqiq fikir bildirmələrinə çətinlik yaratsa da,  aparılmış ənənəvi sorğunun nəticəyönümlü təhlilinə əsasən aydın olur ki, Şərq Tərəfdaşlığı proqramı üzrə tərəfdaş ölkə olan Azərbaycanda Avropa İttifaqı digər beynəlxalq təşkilat və qurumlar ilə müqayisədə ən çox inanılan və etibar edilən (41%) xarici tərəfdaş kimi çıxış edir. Ümumilikdə, respondentlərin 30%-i bu qurumun ölkəyə maliyyə dəstəyi haqqında məlumat sahibi olub daha çox təhsil, turizm və ticarət sahəsində maliyyə dəstək proqramları üzrə yardım alınmasını məqsədəuyğun hesab edirlər. Yekun olaraq qeyd etmək lazımdır ki, sorğu və müvafiq hesabat nəticələrinə görə, Azərbaycanda repondentlərin əksəriyyətində Avropa İttifaqında mövcud olan əsas dəyərlər haqqında müsbət düşüncə və təsəvvürlər mövcuddur.


Hazırladı: Aytən Babayeva

Hesabatın tam versiyası ilə tanış olmaq üçün: https://www.euneighbours.eu/sites/default/files/publications/2020-06/EUNEIGHBOURS_east_AS2020report_AZERBAIJAN_0.pdf

PAYLAŞ

Oxşarlar

Ermənistan vətəndaşları arasında Rusiyanın reytinqi kəskin şəkildə aşağı düşüb – Sorğunun nəticələri bunu deyir

Ermənistan vətəndaşları arasında Rusiyanın reytinqi kəskin şəkildə aşağı düşüb – Sorğunun nəticələri bunu deyir

15 İyul 2020

Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) tərəfindən doqquzuncu dəfə keçirilən “Qafqaz barometri” sosioloji sorğusunun nəticələri açıqlan… ƏTRAFLI

Dünyada və Azərbaycanda elmi tədqiqat və kadr potensialı: bəzi statistik müqayisələr

Dünyada və Azərbaycanda elmi tədqiqat və kadr potensialı: bəzi statistik müqayisələr

08 İyul 2020

COVID-19 böhranı elmi mübadilə və kollektiv sosiallaşmanın yeni formalarının zəruriliyini ortaya qoydu. Əslində, koronavirus pandemiyasına qədər digə… ƏTRAFLI

Epidemiyanın sosiologiyası – “Tale cəmiyyəti” konsepsiyası

Epidemiyanın sosiologiyası – “Tale cəmiyyəti” konsepsiyası

20 May 2020

Sosiologiyada epidemiyaların cəmiyyətdə yaratdığı təsir effektlərinə dair bir neçə yanaşma vardır. Birinciyə görə, epidemiya cəmiyyətdə anom… ƏTRAFLI