Tədqiqatlar

Mühafizəkarlıq və yeni sağ

Etimoloji kökü latınca “conservare” sözünə əsaslanan mühafizəkarlıq qədim olana, ənənə və adətlərə bağlılığı ifadə edir. Bu anlayış gözlənilməz hadisələrə, qeyri-müəyyənliyə qarşı ətalət, sabitlik və nizam axtarma ehtiyacından irəli gəlir. Mühafizəkarlığın bir cərəyan olaraq formalaşmasında tarixi gedişatın üç əsas dönüm nöqtəsini – Fransa burjua inqilabı, Sənaye inqilabı və aydınlanma hərəkatı – qeyd etmək olar.

 

Mühafizəkarlığı üç anlayış əsasında – ənənəvi ağıl, yaxşı vətəndaş, ictimai nizam – qısa şərh etmək mümkündür. Bu sadalananlar eyni zamanda mühafizəkarlığın liberalizmdən ayrıldığı nöqtələrdir. Məsələn, liberallar ənənəni inkişafın qarşısında maneə olaraq görür və ictimai irəliləyişin bununla mümkün olmayacağını düşünürlər. Halbuki, mühafizəkarlar bəşəriyyətin hazırkı vəziyyətinin sirrini keçmiş ənənələrin müdrikliyində axtarırlar. Mühafizəkarların “inandığı” ağıl liberalların bütün problemlərin həlli olaraq gördükləri rasional ağıl deyil, ənənələrə bağlı və yanıla bilən “əskik” ağıldır. Mühafizəkar yanaşma rasional ağılı mövcud nizam üçün təhlükə yaradan faktor olaraq görür və ictimai nizamın varlığını sosial kontraktla əsaslandıranlardan fərqli olaraq adət və mirasla izah edir. Mühafizəkarlara görə cəmiyyət bir bütün olaraq təbii təkamülün nəticəsidir.

 

Ənənələrə bağlı, mülk sahibi, cəmiyyətə ayaq uyduran və ona qarşı məsuliyyət hiss edən, sosial öhdəlik götürən fərd mühafizəkarlara görə “yaxşı vətəndaş” nümunəsidir. Makridisin də ifadə etdiyi kimi, mühafizəkarlara görə, yaxşı vətəndaş ənənələrə itaət edəndir. Bu fərdin və ya vətəndaşın mövqeyi cəmiyyətdən üstün deyil, o öz kimliyini cəmiyyət içərisində, onunla birgə qazanır. Fərd özünü cəmiyyətdən, qurumlardan və ənənələrdən kənar görməsi ictimai nizamın sərhədlərindən kənara çıxması demədir. Fərdin cəmiyyət içərisindəki rolu, öhdəliyi malik olduğu mülkiyyətlə ölçülür və mülkiyyət qorunduğu müddətcə fərdi azadlıq təmin olunur.

 

Mühafizəkarlar ictimai sferadaki dəyişikliyi nizamın pozulması ehtimalı kimi dəyərləndirdikləri üçün mövcud vəziyyətin davamlılığını bilinməzlikdən, qeyri-müəyyənlikdən üstün tuturlar. Burada dövlətin rolu nizamı qorumaq və fərqliliyə qarşı birliyi, eyniməqsədliliyi təmin edərək ehtimal olunan hər hansı zərərin qarşısını almaqdır. Lakin bu yanaşma dəyişikliyi tamamilə inkar etmir. Belə ki, burada dəyişiklik tədrici olmaqla əsasən keçmişin restavrasiyasını nəzərdə tutur.

 

YENİ MÜHAFİZƏKARLIQ

 

Yeni-mühafizəkarlığı XX əsrin ikinci yarısının mühafizəkar yanaşma ilə dəyərləndirilməsinin nəticəsi kimi görmək mümkündür. İki böyük dünya müharibəsinin baş verməsi, yüksələn totalitar rejimlər və onların dünyanı öz fəlsəfələrinə uyğun formalaşdırma istəyi mühafizəkarlığı mövcud situasiyaya uyğun yeni bir ideoloji mahiyyətə daşıyıb. Bu mənada yeni mühafizəkarlığı mühafizəkarlığın günün tələblərinə uyğunlaşmış forması olaraq görmək mümkündür. Lakin yeni mühafizəkarlıq ənənəvi mühafizəkarlıqdan müəyyən fərqləri də istisna etmir. Buradaki bəlkə də əsas fərq yeni mühafizəkarlığın klassik liberalizmin başlıca prinsiplərinə olan “inamıdır”. Yeni mühafizəkarlıqda fərdin hüquq və azadlıqlarına təminat verilməsi, özəl sektorun təşəbbüskarlığının yüksək qiymətləndirilməsi və irəli çəkilməsi, bazara iqtisadi müdaxiləsi məhdudlaşdırılmış lakin güclü siyasi iradənin varlığı nəzərdə tutulur.

 

YENİ SAĞ

 

Yeni sağ 1980-ci illərdə iqtisadi və siyasi sferadaki mövcud bütün liberal tezislərin dövrün tələblərinə uyğun yeni formasının ümumi adıdır. Yeni sağ siyasət İngiltərədə M.Tetçer iqtidarı dövründə başlayıb 1980-ci illərdən etibarən sürətlə yayılıb. Yeni Sağ iqtidarların apardığı siyasətin konseptual əsası yeni mühafizəkarlıq və yeni liberalizmi ehtiva edən yeni sağ diskursudur. Başqa sözlə desək Yeni Sağ yanaşma fərqləri aşağıda göstərilən iki fundament üzərində inşa edilib: iqtisadi sərbəstliyə, azad bazar cəmiyyətinə bağlı neoliberalizm və ailə, din, millət əsasında ənənələrə dönüşü arzulayan neomühafizəkarlıq.

 

 

Yeni sağ yanaşma sosial dövlət modelinə qarşı bir alternativ olaraq meydana çıxıb. Yeni sağa görə dövlətin üzərinə götürdüyü öhdəliklər həddən artıq artdığı üçün onları təmin etmək imkanları məhdudlaşıb. Bu baxımdan Yeni sağ dövlətin iqtisadi sferaya müdaxiləsini və ya iqtisadi sferadan tamamilə çəkilməsini deyil, dövlətin bu sferayla əməkdaşlığını, tənzimləyici rolunu nəzərdə tutur.

 

Sosial Tədqiqatlar Mərkəzi

Sosial-İqtisadi Təhlil Departamenti



 

ƏDƏBİYYAT

MACRIDIS, Roy C., Contemporary Political İdeologies: Movements and Regimes,
               HarperCollins Publishers, New York, 1996.

SCHWARZMANTEL, John, Ideology and Politics, SAGE Publications Ltd; New York, 2008.

ERGİL, Doğu, “Muhafazakar Düşüncenin Temelleri”, AÜ SBF Dergisi, Yıl: 1986, Cilt: 41, Sayı:
               1, pp. 269-292.

 

PAYLAŞ

Oxşarlar

Azərbaycanın mobil və internetlə təminatına görə dünyadakı yeri (İnfoqrafika)

Azərbaycanın mobil və internetlə təminatına görə dünyadakı yeri (İnfoqrafika)

08 Noyabr 2019

Azərbaycanda XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, habelə iqtisadiyyatda mühüm yer tutan informasiya və kommunikasi… ƏTRAFLI

Ailə, karyera və sosial rol konflikti

Ailə, karyera və sosial rol konflikti

30 Oktyabr 2019

Dünyanın hər bir yerində peşəkar və təhsilli qadınlar sosial rollarının  balanslaşdırılması problemi ilə üzləşir və çox zaman rol … ƏTRAFLI

Hökumətlər - orta yaş neçədir?

Hökumətlər - orta yaş neçədir?

25 Oktyabr 2019

Müasir dövrdə inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrdə idarəetmə aparatında gənc kadrlara geniş yer verildiyi müşahid… ƏTRAFLI