Tədqiqatlar

Kinolar bizə baxır?

SSRİ-nin süqutundan sonra kino sahəsində də tənəzzül müşahidə olunmağa başladı. 90-cı illərdə İttifaqdan qalan avadanlıq və kino nəsli ilə müəyyən uğurlu işlər ortaya qoyulsa da, formalaşan reallıqlar və tələbatlara Azərbaycan kinosu adaptasiya ola bilmədi.
 
Çünki həm dəyişən istehsal texnologiyası, həm də yenilənən aktyor nəsli əvvəlki kino ənənəsi ilə aralarında böyük uçurum yaratdı. Nəticədə Azərbaycan kinosu üç istiqamətdə şəkillənməyə başladı:  Dövlət sifarişi ilə çəkilən filmlər;  Şəxsi vəsait hesabına çəkilən filmlər;  Kommersiya məqsədli filmlər.
 
Bu fərqlər həm də istehsalın məzmununda özünü göstərdi. 
 
Məzmun məhdudluğu, kommersiya düşüncəsinin hakimliyi ilə komediyanın ucuz harmoniyası və professionallıqdan uzaq, “kadrsız kadrlar”ın görüntüləri ekranları bürüdü.
 
 
   
 
Hazırda da bu proses davam edir, amma müəyyən istisnalarla... Dövlət proqramları və dövlət sifarişli filmlərdə mövzu Prezident İlham Əliyevin “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli sərəncamlarından sonra kinomuzda yeni mərhələ başladı. Bu baxımdan ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirildi, yeni filmlər çəkildi, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoydu.
 
Son 15-20 il ərzində “Azərbaycanfilm” kinostudiyasının müraciət etdiyi mövzulardan ən başlıcası müstəqillik və Qarabağ uğrunda müharibə mövzularıdır. Bu dövrdə “Ağ atlı oğlan”, “Haray”, “Ümid”, “Sarı gəlin”, “Biz qayıdacağıq”, “Yalan”, “Arxada qalmış gələcək”, “Girov”, “Dolu”, “Yarımçıq xatirələr”, “Nabat”, “Çölçü”, “Axınla aşağı”, “Nar bağı”, “Qırmızı bağ”, “İçəri şəhər”, “Dərs” kimi bədii filmlər çəkildi. 
 
 
   
 
Bu filmlərdə xalqımızın düşmənə qarşı mübarizəsi, doğma ocaqlarından didərgin düşən bir milyon azərbaycanlının faciəsi bədii əksini tapıb. Bu dövr həm də Azərbaycan kinosu əhəmiyyətli yaradıcılıq yüksəlişi ilə yadda qalıb. Kinostudiyada çəkilmiş “Məhkumlar”, “İstanbul reysi”, “Əlavə təsir”, “Buta”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Sübhün səfiri”, “Mahmud və Məryəm”, “Qala” və s. filmlər bu illərin kino məhsuludur. 
 
 
 
 
Qeyd: Son 10 ildə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilib), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı, ümumilikdə isə 341 adda film məhsulu istehsal edilib. Bu dövr ərzində çəkilən ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilən Kann, Venesiya, Berlin, Karlovi Vari, Tokio, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək 346 dəfə həmin festivallarda iştirak edib. Həmin ekran əsərləri 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə, 140 müxtəlif mükafat qazanıb.
 
 
 
Dövlət filmlərinin problemi:  
 
Hər il “Azərbaycanfilm”də azı 2-3 bədii film çəkilir. Hər film üçün isə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Lakin tamaşaçılar həmin filmləri televiziya ekranlarında, kinoteatrlarda görə bilmir. Belə anlaşılır ki, yeni çəkilən bədii filmlər sanki geniş kütlə üçün deyil, ya kino arxivi, ya da beynəlxalq festivallar üçündür.
 
Dövlət studiyasında çəkilən filmlər bütün televiziya ekranlarında nümayiş olunmur, təbliğatı aparılmır. Bunun əvəzində ekranlarda təbliğata ehtiyacı olmayan kommersiya tipli filmlər yer alıb. Dövlət filmləri kommersiya tipli olmadığı üçün bu filmlər haqqında daha dərindən düşünməyə dəyər. Kinoteatrlarda nümayiş olunan 5 filmdən 3-ü kommersiya əsaslıdır. Bu filmlərə baxanlar da ən çox gənclərdir.
 
Böyüyüən yeni nəsil daha çox əyləncə axtarır, ona görə də ciddi filmlərə baxmağa "vaxt itirmir". Yəni, ciddi filmlərin kommersiya və əyləncəli tərəfi o qədər də güclü deyil. Dövlətin çəkdirdiyi filmlərə kinoteatrlarda baxmaq istəməyən gənclər ona televiziya ekranlarından da baxa bilməz.
 
Məzmun
 
Məzmuna gəldikdə isə son dövr dövlət sifarişi ilə çəkilən kino istehsalı həm də məzmun baxımdan fərqlənərək, daha çox ictmai məsələlər və müharibə mövzusunda inkişaf edib. (Məzmun və reytinqə görə dəqiq say məlum olmasa da, birinci yeri komediya - kommersiya filmləri tutur). "Axırıncı yol" filmi son illər çəkilmiş ən yaxşı komediya filmlərindən hesab olunur. Film "Youtube" kanalında 8 190 000 dəfə izlənib.
 
 
 
 
"Oğlan evi" filmi "Youtube" kanalında 5 496 000 dəfə izlənib. "Oğlan evi 2" filmi isə 4 750 000 dəfə izlənib. Bunun müqabilində dövlət sifarişi ilə çəkilən filmlərdə baxış sayı arasında kütləvi fərq özünü göstərir. Məsələn, “Dolu” filminə “Youtube” platformasında 100 min baxış mövcuddur. 2015-ci ildə çəkilən “Yarımçıq xatirələr” filminə 25 min baxış var. 2012-ci ildə çəkilən “Çölçü” filminə “Youtube” sosial media platformasında 19 min baxış mövcuddur. Amma intibah dövrü hesab edilən 80-ci illərdə ölkədə kino hərbi, tarixi-qəhrəmanlıq, musiqili komediya, detektiv, macəra, psixoloji, qrotesk, sosial pamflet, nağıl və başqa janrlarda özünü təcəssüm etdirib.
 
Dövlətin film büdcəsi
 
Məlumat üçün qeyd edək ki, bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılıb.
 
 
 
 
 
Bu vəsaitə uyğun olaraq əvvəllər 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə, son 5-6 il ərzində "Ovsunçu", "Hacı Qara", "Küçələrə su səpmişəm", "Arxada qalmış gələcək", "Girov", "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Hökmdarın taleyi", "Manifest", "Biz qayıdacağıq" kimi 15 bədii film, habelə bir neçə sənədli və cizgi filmləri çəkilib. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2017-ci ilin dövlət büdcəsindən 1 milyon 300 min manat vəsait ayrılıb.
 
Halbuki, 2016-cı ilin dövlət büdcəsindən bu məqsədlə 5 milyon 869 min manat ayrılmışdı. Deməli, ötən illə müqayisədə bu il bu vəsaitlər 83% və ya 4 milyon 866 min manat azalıb. Bu il üçün isə kino sahəsinə büdcədən 1,5 milyon manat ayrılıb. Problem: Amma burada müəyyən cəhətlər, məsələn, dublyaj sənəti nəzərə belə alınmayıb. 
 
Müasir dövr və kommersiya filmlərindəki tendensiyalar
 
Kino sənətində son illər yaranan yeni nəfəs, komediya filmlərinin çəkilməsi, kinoteatrlarda xarici filmlərlə rəqabət aparma tendensiyası müşahidə edilir.
 
 
Ancaq bu kinoların keyfiyyəti, insanlara ötürdüyü mesajlar necə, yerindədirmi?
 
 
Ticarət mərkəzlərində yerləşən kinoteatrlarımızın yanından keçmək mümkün deyil. İnsanlar "Bozbaş"ları, "Fəlakət"ləri seyr üçün hətta növbəyə düzülürlər. Son illər kommersiya xarakterli filmlər çəkilir, kassaya hesablanan bu komediya janrında filmlərə tamaşaçı da maraq göstərir. Amma ciddi mənada birmənalı qarşılanmır.
 
 
Bu filmlərə əslində köklü və dərin sənət əsərləri kimi baxmaq düzgün deyil. Bu filmlər əslində kassa üçün çəkilən, sırf kommersiya maraqlarına hesablanan filmlərdir. Onları ciddi kino sənəti kimi qəbul etmək doğru olmaz. Acınacaqlı bir faktdır ki, bu gün bu filmlərə tələbat var. Tamaşaçı bu filmlərə gedir, zal dolu olur, kassa qazanır.
   
 
Məzmun: Amma eyni təəssüflə də qeyd edək ki, bu filmlər həddindən artıq bayağı, aşağı yumordan başqa bir şey deyil. Onları ciddi yaradıcılıq məhsulu adlandırmaq kino professionallarına doğru münasibət olmazdı. Sadəcə bir reallıq var. Bu kimi filmlərə tamaşaçı gəlir, kassa bu filmlərdən gəlir qazanır.
 
Məzmuna baxış: Hazırda təkrarçılıq, bəsit yanaşmalar və ideyanın olmaması səbəbindən, həm də tamaşaçının “doyma”sı ucbatından xarici filmlər yerli kommersiya istehsallarının üzərində hökmranlıq edir.
 
 
Amma buna baxmayaraq, kifayət qədər çox film çəkilməlidir ki, hazırda yaşanan məzmunsuzluq sindromu arxada qalsın və yeni ideyalar axtarışı ortaya çıxsın.
 
Cavabsız suallar:
 
Lakin millətin mənəvi ruhuna aramsız hücumlar edilir. Komediya janrında filmlər çəkmək üçün professional olmaq lazımdır. Əvvəllər senzura vardı, bu gün o da yoxdur. Senzuranın olmağı da yaxşı hal deyil, çünki onda da yaradıcılıq çərçivəyə alınır. Kimsə bu yerdə sual edəcək ki, bəs total nəzarətin və şəxsən yoldaş Stalinin nəzarəti altında dünya səviyyəli əsərlər necə meydana çıxırdı və bir imperiya quruluşunu vəsf edən tarixi epopeyalar hansı azadlıqlara dayanıb ərsəyə gəlirdi? Bu haqda ayrıca araşdırmalara ehtiyac var.
 
Amma sənət aləminə bu qədər bayağılıq toxumu səpmək cinayətdir. Bu prosesi saxlamaq demək olar mümkünsüz olub. Hətta kassaya yaxınlaşan cütlüklərə bəzən xəbərdarlıq edilir ki xanımla, ailə ilə bu filmə baxmaq məsləhət deyil.
 
Yaxşı, bəs onda məqsəd nədir və kameraların lentindən çıxıb cəmiyyətin qafasına taxılan və hər gün rastlaşdığımız obrazların psixikasına çökən  məhsullar saxta kooperaiv hərəkatları kimi haraya qədər şaxələnəcəkdir? Ağır "tonlu" sualdır. 
 
Bu filmlər tarixdə qalacaqmı?
 
Seçilən mövzuların verdiyi mesajlar nədən ibarətdir? Hadisələr aktuallıq kəsb edirmi və maarifləndiricilik baxımından o nə dərəcədə əhəmiyyətlidir? Filmlərdə yaradılan obrazlara sonra biz harada rast gəlirik?
 
Yaponiya ruhunu bütün xarici təcavüzlərdən hifz edən bədii sənətin gücü ilə müqayisədə biz milli-mənəvi dəyərlərimizi indi məhz qəlp əyarlı məhsullardan qorumalı oluruq.Tamaşaçı zövqünü korlamaq, elə milləti formalaşdırma prosesinin tərkib hissəsidir.
 
Kinoteatr:
 
Dövlət və kommersiya filmlərinin “müharibə meydanı”, 2018-ci ilin hesabatı.
 
Kino hər bir ölkənin və millətin tanınması üçün əvəzedilməz mədəni sərvətdir. Onu təbii resurslardan fərqli olaraq daha güclü resurs saymaq olar və işğalçılıq siyasətində bəddi əsərlər neftdən, qazdan geri qalan deyil.
 
Kino həm də insanların dünyagörüşünü formalaşdıran, tarixi, milli adət-ənənələri yaşadan, həyatın bütün sahələrinə nüfuz edən güclü ideoloji silahdır. Geridə qoyduğumuz 2018-ci ili və bu ilin ilk 6 ayı Azərbaycan kinosu üçün həm uğurlu, həm də uğursuz hesab etmək olar. İllərdir ki, yerli filmlərin istehsal olunmadığı və kinoteatrlarımızda xarici filmlərin hegemonluğundan daha danışmırıq. Telekanallarda yeni seriallar çəkildi, kinoteatrlarımızda isə müxtəlif səpkili, daha çox komediya janrının üstünlük təşkil etdiyi filmlər nümayiş olundu. 2018-ci ildə hər ay yeni komediya filmlərinin təqdimat gecələri keçirildi. Əslində yerli filmlərin istehsal olunması və onların kinoteatrlarımıza ayaq açması müsbət, təqdirəlayiq haldır. Statistikaya nəzər salaq. 2018-ci ildə Azərbaycan kinosunun 120 illik yubileyi çərçivəsində keçirilən 9-cu START Beynəlxalq Qısa Filmlər Festivalının müsabiqə proqramına 30 ölkədən 100 film təqdim olunub. Bu il 7 filmimiz dünyanın 13 ölkəsində keçirilmiş 17 beynəlxalq festivalda 20 dəfə iştirak edərək, 12 mükafat qazanıb. 2018-ci ildə çimərlik mövzusuna həsr olunmuş Almaniya-Gürcüstan-Azərbaycan birgə tammetrajlı filmimiz ərsəyə gəldi. Amma 2018-ci il Azərbaycan kinosu üçün qlobal anlamda götürəndə, heç bir hadisə ilə yadda qalmadı. Kinoya dair olan gözləntilər heç də özünü doğrultmadı. 2018-ci il ölkə prezidentinin 2008-2018-ci illər üçün nəzərdə tutulmuş "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamının bitdiyi il idi. 2008-ci ildə bu proqram hazırlanmışdı və onun həyata keçirilməsi barədə sərəncam verilmişdi.
 
 
Orada nəzərdə tutulan əsas proqramları icra etməli olan qurumların günahı ucbatından xalqın gözlədiyi baş vermədi və biz mədəni istila adlandırılan sehrli qüvvənin hücumuna məruz qalmaqda davam edirik. Hansı ki, onlar həyata keçirilsəydi, Azərbaycan kinosuna xeyli faydası ola bilərdi.
 
 
Orada keyfiyyətli filmlərin çəkilməsinə yardımçı olacaq şərtlər mövcud idi.
 
Kinoteatr: Azərbaycanda kinoteatrlar var, ancaq onlar ticarət mərkəzlərinin daxilində fəaliyyət göstərir və kommersiya filmlərini yayımlayırlar. Sənət kinosu dediyimiz dövlət filmlərinin yayımlanacağı bir məkanı yoxdur. Kino böyük ekran üçündür, bunun üçün kino zalları mütləqdir. Ticarət mərkəzlərində olan kino zalları isə pul qazanmaq üçün istifadə olunur. Əsl sənət filmlərinin tamaşaçısı az olduğundan, bu filmləri həmin kinoteatrlarda göstərmək onların sahiblərinə sərf etmir.
 
 
Bunun üçün də proqramda nəzərdə tutulmuşdu ki, kinoteatrlar şəbəkəsi yaradılmalıdır. Ancaq biz bunun əksini gördük, kinoteatrlarımız satıldı və… Kino haqqında qanun bu il də qəbul olunmadı.
 
 
Niyə məhz komediya? Son zamanlar yerli film istehsalı sahəsində xeyli aktivlik var. Lakin dalbadal çəkilən filmlər film olaraq ciddi uğur qazana bilmir. Yerli kinematoqraflar daha çox komediya filmlərinə üstünlük verir. Buna səbəb tamaşaçı kütləsinin yerli komediya filmlərini izləməyə maraq göstərməsidir. İnsanlar yeni ərsəyə gətirilən komediya filmlərini izləmək üçün kinoteatrlara üz tuturlar. Bir sözlə, belə bir fikir formalaşıb ki, komediya janrına üstünlük verilməsində tamaşaçının birbaşa rolu var. Bu səbəbdən də yerli kino istehsalçıları belə filmlər çəkməyə daha çox önəm verirlər. Beləcə, digər janrlar diqqətdən kənarda qalır. Tarixi serial, film müəyyən dövrü əks etdirən dekorasiyalar, kostyumlar, rekvizitlər və s. deməkdi. Bu isə xeyli vəsait tələb edir. Yəqin, bu cür filmlərə yer verilməməsinə səbəb budur. Təkcə Şah İsmayıl Xətai haqqıda deyil, Bəhram Gur və digər tarixi qəhrəmanlar, hadisələr haqqında da filmlər, seriallar çəkilə bilər. Yəqin ki, bununla bağlı istehsalçıların diqqətini cəlb edən sanballı layihə olmayıb. Amma bu, kommersiya filmidir və onun uğurlu olub-olmaması gətirdiyi gəlirlə ölçülür, sənət meyarları ilə yox. 
 
Film və biznes
 
Dövlət sifarişli filmlər heç bir halda gəlir əldə edə bilmir. Büdcəsinin miqyasına baxmayaraq, nə nümayişlərdən, nə də qastrollardan maddi qazanc götürmək mümkündür. Film bazarında çox az paya sahib olan xüsusi sifarişli, müəllif istehsalları da eyni aqibəti yaşamaqdadır. Amma komediya janrında çəkilən filmlər həm yerli şirkətlərdən yaxşı sponsor və reklam dəstəyi qazanır, həm də kinoteatrlardakı bilet satışından gəlir əldə edə bilirlər. Azərbaycanda alternativ janrda (elmi-fantastika, qorxu və sair) filmlərin çəkilməmə səbəbi izləyici kütləsinin formalaşa bilməməsi idi. Məsələn, gənc rejissor Elvin Abdullayevin çəkdiyi ilk qorxu filmimiz sayılan “Xənnas” filmi bu baxımdan uğursuzluğa düçar olub.
 
Problemi necə həll etməli?
 
Kino sahəsində qüvvədə olan qanun 1998-ci ildə qəbul olunub, o vaxtdan Azərbaycan xeyli inkişaf yolu keçib və bu baxımdan yeni hüquqi aktlara ehtiyac var. Problemlər isə davam edir. Milli film istehsalçıları kino texnikasının, texnoloji avadanlıqların və qurğuların idxalına görə rüsumdan azad edilməlidir. Milli film yaradıcılarının istehsalı və satışından əldə etdiyi mənfəətdən vergi verilməməlidir. Kino sənayesinin maliyyələşməsini sahibkarların ixtiyarına buraxmaq olar, ya da dövlətin müdaxiləsi ilə bu problemi müvəqqəti həll etmək olar. Eyni zamanda, dövlət hansısa kinoya aid digər fondun, mərkəzin vasitəsilə kommersiya filmlərinin də maliyyələşdirilməsini həyata keçirə bilər. Gəlirin 18 faizi vergi kimi tutulmamalı, avadanlığın vergisi də daxil ƏDV aradan qaldırılmalıdır.
 
 
Dünya təcrübəsi: Gürcüstanda Milli Kino Mərkəzi filmləri özü maliyyələşdirir, amma müsabiqə yolu ilə ən uğurlu ssenarini və heyəti özünün seçməsi şərtilə...
 
Nəticədə xərclənən maliyyənin də geridönərliliyi təmin edilir. Fransada Kino Mərkəzi bütün filmləri özü maliyyələşdirir. O filmi nümayiş etdirən bütün tərəflər - kinoteatrlar, intrenet resursları gəlirin müəyyən hissəsini Mərkəzə ödəyir. Azərbaycanda bu sahədə qanun olmadığına görə xarici kino sənayesi, fondlar tərəfindən dəstəklənərək çəkilən heç bir film yoxdur. Qonşu ölkələrin durumu son 10 ildə Rusiyada istər film, istərsə də serial çəkilişində böyük irəliləyişə nail olub. Dövlət tərəfindən filmlərin çəkilişinə böyük dəstək verilir. Bu filmlərin bir çoxunda yalnız Putin və siyasəti deyil, çarın və hətta komunizmin də tərifi yer alır.
 
 
Rusiyada çəkilən filmlərin bir çoxu sonradan dünyada mükafatlar qazandı və hələ də reytinq siyahılarında üst pillələrdə dayanır. “Солнечный удар” rus tarix kimliyini müxtəlif üsullarla anlatan ən maraqlı filmlərin başında dayanır. Film 1920-ci ilin təsviri ilə başlayır. Vrangelin məğlub edilmiş ordusunun qalıqları Sevastopolu tərk etməyə çalışarkən mühasirəyə alınan əsgər və zabitlər “qızıl ordu”ya təslim olur və gələcək talelərini layiqincə gözləyirlər.
 
Onların əksəriyyəti Rusiyanı itirmələrinin necə baş verdiyini anlamağa çalışırlar. Belə çətin vəziyyətdə olan kapitan hələ çox gənc, leytenant olduğu dövrlərdəki düşüncələri ilə uzaq 1907-ci ilə qayıdır.
 
Rusiya kinoşünasları tərəfindən bu filmə yüksək dəyər verilir. Son 10 ilin ən populyar rus filmləri «Географ глобус пропил» (2013) "Coğrafiyaşünas dünyanı uddu" (2013) – İlk növbədə sovet filmlərinin nostaljisi ilə yaşayan tamaşaçıları valeh edir. Uzun illərdir rus filmində olmayan lirik intonasiya və dərin psixologiya ilə doludur. Ən çox izlənənlər sırasında birincidir.
 
«Левиафан» (2014)  - Avropa festivallarının uzun müddət sevimlisi olan bu film həm “Oskar” qazanmağın bir addımından döndü, həm də rus kinosuna olan marağı ölkədə və dünyada bərpa etdi.
 
«Горько!» (2013)  - Rus milli adətləri ilə milli komediyanın hibridindən yaranan filmdir. Uzun müddət reytinq birincisi oldu. «Метро» (2012) - Qorxu filmi janrında ən güclü aksion filmidir.
Moskva metrosunun su altında qalmasından bəhs edir.
 
 
«Последняя сказка Риты» (2012)  - Renata Litvinovanın ölüm, sevgi və xoşbəxtlik mövzusunda düşünülmüş fəlsəfi ekran əsəri.
 
 
«Шапито-шоу» (2011)- “Top Show” (2011) - Sergey Lobanın dörd saatlıq filmi son dövrlərin ən qeyri-adi yerli komediyasına çevrildi. Moskvanın Krımdakı macəralarından danışılır. Texniki janrdadır, kiberterrodan bəhs edir. Bu sırada digər çox populyar rus filmləri də yer alır: «Класс коррекции» (2014), «Легенда №17» (2012), «Аритмия» (2017), «Как я провел этим летом» (2010), «Родина» (2015) «Хардкор» (2015), «Довлатов» (2018) və s. Son 10 ilin ən populyar rus serialları: “Молодежка” - 2013 — 2017. Hekayə ilk mövsümdə kluba yeni bir məşqçinin gəlməsi ilə başlayır.
 
 
“Чернобыль: Зона отчуждения” - 2014. Beş nəfər Pripyata yola düşür, orada müəmmalı hadisələrlə qarşılaşırlar. Digər maraqlı serialların sırasında isə çoxmilyonlu baxış sayına malik “Метод” - 2015, “Мажор” - 2014, “Прожектор перисхилтон” - 2008-2017, “Физрук” - 2014-2017, “Кухня” - 2012-2016, “Интерны” - 2010-2016 və s. seriallar yer alır.
 
Türkiyədə film və serial bumu
 
Qardaş ölkədə dövlət tərəfindən dəstəklənən filmlərin bir çoxu tarixi savaş filmləridir. Yeni osmanlıçılıq (neoosmanlıçılıq) ənənəsi olan seriallar da çəkilir və bunların çoxunun birbaşa Ərdoğanın iradəsi ilə çəkildiyi haqda mötəbər fikirlər var.
 
Türkiyədə ən çox izlənən tarixi məzmuna bağlı filmlər yer alır, həm də komediya janrına da çox baxılır. Son dövrlər siyahıya daxil olan ən diqqətçəkən film 5 milyon tamaşaçı baxışından keçərək Oskar namizədi olmağı bacaran “Ayla” filmi oldu. Azərbaycanda da maraqla qarşılanan bu film Koreya savaşı illərindən bəhs edir.
 
Filmin real hadisələr əsasında çəkilməsi isə baxımlılığına əhəmiyyətli dərəcədə təsir göstərir. Yenə 2018-ci ilin əvvəlindən yayıma daxil olan Cem Yılmazın iddialı filmi “Arif ve 216” da ilk onluğa girməyi bacaran filmlər arasındadır. “Recep İvedik 5” komediya filmi kinoteatrlardakı 7 milyon yarım izləyicisi və 86 milyon lirə gəlir ilə rekord qırdı. Türkiyə serialları da son illər həm Türkiyədə, həm də dünyada böyük maraqla qarşılanır. Xüsusən tarixi janrda çəkilən və başqa ölkələrdə də yayımlanan “Muhteşem Yüzyıl”, “Diriliş Ertuğrul” kimi Osmanlı tarixini yaşadan, siyasi iradə dəstəyi alan filmlər böyük coğrafiyalarda populyarlıq qazanır. Bütün bu reytinq rekordçusu tarix seriallarından əlavə “Bir Zamanlar Osmanlı KIYAM”, Payitaht Abdülhamit” və sair məzmunlu tarixi filmlər də maraqla qarşılanır. Həmçinin, Türkiyədə illərlə yayımlanan “Kurtlar Vadisi”, “Çocuklar Duymasın”, “Avrupa Yakası” kimi seriallar artıq kult halnı alıb.
 
Bu tip filmlər müxtəlif zamanlarda yeni versiyalarda dəfələrlə yayımlanıb.
 
Nəticəni tamaşaçı özü çıxarsın!
 
 
PAYLAŞ

Oxşarlar

Miqrasiya fenomeninə ümumi baxış:  Daxili və xarici amillərin səbəbləri, fərqli faktorları və Azərbaycan

Miqrasiya fenomeninə ümumi baxış: Daxili və xarici amillərin səbəbləri, fərqli faktorları və Azərbaycan

12 Oktyabr 2019

Tarixən insanlığın, cəmiyyətin inkişafında və Avropa sivilizasiyasının bərpasında miqrasiya mühüm rol oynamışdır. Tarixin bütün dö… ƏTRAFLI

Qlobal istiləşmə ictimai rəydə

Qlobal istiləşmə ictimai rəydə

09 Oktyabr 2019

Son dövrlər dünya gündəmini zəbt edən qlobal istiləşmə və ekoloji məsuliyyət şüurunun hazırkı durumu ilə bağlı ictimai rəy sorğusu h… ƏTRAFLI

Yeni imtahan modeli: problemlər, gözləntilər

Yeni imtahan modeli: problemlər, gözləntilər

24 Sentyabr 2019

               TƏDQİQATIN ƏHƏMİYYƏTİ VƏ AKTUALLIĞI   … ƏTRAFLI